İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                       
31-01-2022, 11:12
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

Bütöv.az
31-01-2022, 10:49
İlham Əliyev Gəncədə Heydər Əliyevin abidəsini ziyarət edib

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Bütöv.az
31-01-2022, 10:47
İlham Əliyev Gəncədə müsahibə verib - TAM MƏTN - FOTO

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

Müxbir: Cənab Prezident, öncə suallarımızı cavablandırdığınız üçün minnətdarlığımızı bildiririk. Cənab Prezident, dəfələrlə Gəncə şəhərində olmusunuz, şəhərdə xeyli işlər görülüb. Bu işlər barədə fikirlərinizi bilmək istərdik.

Prezident İlham Əliyev: Bu, mənim Gəncəyə Prezident kimi 18-ci səfərimdir. Belə çıxır ki, orta hesabla hər il Gəncədə səfərdə oluram. Elə illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub. İkincisi, ona görə ki, bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. On səkkiz ildir ki, mən ölkə Prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam.

Son illərdə biz Gəncənin əsas infrastruktur layihələrini icra etməyə çalışdıq və bu layihələrin böyük əksəriyyəti öz həllini tapdı. Elektrik enerjisi ilə təchizat tam öz həllini tapmışdır. Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir. Eyni zamanda, şəhərin artan tələbatı, o cümlədən sənaye potensialı da nəzərə alınacaqdır.

Qazlaşdırma layihəsi tam icra edilibdir. İçməli su layihəsi hələ ki, icra edilir. Əfsuslar olsun ki, bu layihə bir qədər uzandı. Düzdür, çox genişmiqyaslı layihədir, həm də maliyyətutumlu layihədir, təqribən 800 milyon manat dəyərində olan bir layihədir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Mənə verilən son məlumata görə, hazırda bu layihənin icrası 42 faiz səviyyəsindədir. Əlbəttə, əlavə tapşırıqlar veriləcək ki, bu layihənin icrası sürətləndirilsin, Gəncə şəhərinin bu problemi də öz həllini tapsın.

Avtomobil yollarının çəkilişi ilə bağlı deyə bilərəm ki, indi bütün ölkədə olduğu kimi, Gəncəyə gedən yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. İndi biz bu yolu iki zolaqdan dörd zolağa genişləndiririk. Eyni zamanda, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılmışdır.

Bildiyiniz kimi, Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Bu, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. İndi xəttə sürətli qatarlar da buraxılıb. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Bu, əlbəttə ki, insanların rahatlığı üçün də çox önəmli bir məsələdir. Həm avtomobil yolu ilə rahat gəlmək olur, həm də hava məkanı qonaqlar üçün, Azərbaycan vətəndaşları üçün indi tam müasir səviyyəyə uyğundur. Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl mənim təşəbbüsümlə yenidən qurulmuşdur.

Yəni, bunlar əsas infrastruktur layihələridir. Bunlar həll olunmadan şəhərin inkişafından söhbət gedə bilməzdi. Bununla paralel olaraq, əlbəttə ki, həm səhiyyə, həm təhsil sahəsində bütün sosial infrastruktur yenilənib. Baxın, indi Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası demək olar ki, yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Təhsillə bağlı. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini tapıb. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Mən hər ikisinin açılışında iştirak etmişəm və tədris korpusu yenidən qurulub. Nəzərə alsaq ki, hazırda ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatı xüsusi önəm daşıyır, bu təhsil mərkəzinin müasirləşdirilməsi, əlbəttə, çox böyük əhəmiyyətə malik idi.

Eyni zamanda, Gəncənin mədəni həyatı çox zəngindir. Həm Dövlət Filarmoniyasının yeni binası tikilib, həm də Dram Teatrının. Yəni, Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir.

Bir də ki, İkinci Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı ilə bağlı öz sözünü deyir və deməlidir. Çünki hazırda bizim Kəlbəcərə yeganə, yəni, rahat gedə biləcəyimiz yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Rahat deyəndə, biz ancaq yaz-yay mövsümlərində o yoldan rahat istifadə edə bilərik. Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz, həm də çox təhlükəli olur. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Biz qısa müddət ərzində o cığırı genişləndirdik və mən özüm də keçən il o yolla Kəlbəcərə getmişdim, Murov aşırımından keçərək. Hazırda Murov dağının altından böyük - uzunluğu təqribən 12 kilometr olan tunel çəkilir. Yəni, Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zamanda, Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcəkdir. Ona görə Gəncə və bu zona azad edilmiş torpaqların bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda bizim hərbi postlarımıza, bizim sərhəd boyunca yerləşən postlara da əsas təchizat buradan gedir. Ona görə Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaqdır.

Əlbəttə ki, şəhərin əhalisi artır. Əhalinin bu artımına və müasir tələblərə uyğunlaşmaq üçün biz, əlbəttə ki, əlavə addımlar atırıq və atacağıq. Eyni zamanda, hazırda Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da böyük dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq. Çünki orada həm qızıl yataqları, həm də dəmir filizi yataqları mövcuddur. Bu işlərin sürətləndirilməsi üçün əlavə göstərişlər verilib. Dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün zəncirvari sənaye klasteri yaradılmalıdır. Əlbəttə ki, Gəncənin də burada xüsusi rolu olacaqdır. Bir sözlə, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası nəticəsində Gəncə şəhəri həmişə xüsusi yerə malik olubdur. Bu gün də belədir, sabah da belə olacaq.

- Cənab Prezident, bu gün də bir neçə mühüm obyektin açılışını etdiniz. Bu açılışlar nəyi göstərir? Bu açılışlar barədə nələri deyə bilərsiniz?

- Əslində, bu açılışlar onu göstərir ki, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Həm də, onu göstərir ki, baxmayaraq, bizim əsas diqqət mərkəzimiz azad edilmiş torpaqlara - Qarabağa və Zəngəzuradır, eyni zamanda, bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur. Əgər mənim təkcə bugünkü proqramıma nəzər salsaq, görərik ki, bir çox önəmli obyektin açılışı oldu, təməlqoyma mərasimi oldu. Onların içində, əlbəttə ki, “ASAN xidmət” Mərkəzinin açılışını xüsusilə qeyd etmək istəyirəm. Bir neçə il bundan əvvəl Gəncədə “ASAN xidmət” Mərkəzi açılmışdır. Ancaq tələbat o qədər böyükdür ki, növbələr yarandı. Əlbəttə ki, “ASAN xidmət”in xüsusiyyətlərindən biri həm şəffaflıqdır, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır. Ona görə biz xidmətin adını “ASAN” qoymuşuq. Əgər növbə yaranırsa və insanlar saatlarla növbədə dayanırsa, bu, artıq “ASAN xidmət” olmadı. Ona görə mənim göstərişimlə ikinci “ASAN xidmət” Mərkəzi yaradıldı, birincidən daha böyük. Bu xidmət artıq bu gün rəsmən açıldı və bir neçə gündən sonra öz qapılarını vətəndaşların üzünə açacaq. Beləliklə, növbələr artıq aradan götürüləcək.

Eyni zamanda, bu gün Gəncə Dram Teatrının açılışı oldu. Təəssüf edirəm ki, pandemiyaya görə teatrın truppası ilə görüşə bilmədim. Ancaq yadımdadır ki, mən bir neçə il bundan əvvəl Gəncədə olarkən teatrın truppasının nümayəndələri şəhərdə dram teatrının tikilməsi ilə bağlı mənə müraciət etmişdilər. Mən də onlara söz vermişdim ki, bu müraciəti nəzərə alacağam. Həm memarlıq, həm də funksionallıq baxımından çox gözəl, möhtəşəm Dram Teatrı açıldı. Yenə də deyirəm, ölkə qarşısında bir çox problemlər var və bu problemlər təxirəsalınmaz həllini gözləyir. Amma buna baxmayaraq, mədəniyyətə, şəhərin, Gəncənin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dəstəklənməlidir. Neçə ki, bir neçə il bundan əvvəl Gəncə Filarmoniyası açıldı. Baxın, bu Filarmoniyanın açılması Gəncə şəhərinin mədəni həyatına nə qədər töhfə veribdir, eyni zamanda, şəhərin ümumi görünüşünə gözəl töhfə olubdur. Çünki memarlıq baxımından çox gözəl bir binadır. Dram Teatrı da çox möhtəşəm binadır və orada artistlər, truppa üzvləri və tamaşaçılar üçün gözəl şərait yaradılıb.

Bu gün, eyni zamanda, Gəncə İdman Sarayının tikintisi ilə tanış oldum. Bu sarayı da mənim təşəbbüsümlə inşa etməyə başlamışıq. Bu, çox böyük layihədir. Deyə bilərəm ki, Azərbaycanda bu boyda idman sarayı yoxdur, hətta Bakı şəhərində. Baxmayaraq ki, Bakı şəhərində bir çox idman sarayları var, - ancaq bütün əsas idman növlərinin bir yerdə cəmləşməsi Bakıda yoxdur. Burada isə həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel. Yəni, bir daha demək istəyirəm ki, bu, ölkəmizin ən böyük idman sarayıdır. Bu sarayı Gəncədə inşa etmək gəncəlilərə edilən bir hədiyyədir. Onu da bildirməliyəm ki, hələ mən Prezident olmadığım dövrdə, Milli Olimpiya Komitəsinin prezidenti kimi Gəncədə Olimpiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüslə çıxış etmişdim və o idman qurğusu o vaxt inşa olunub. Ancaq illər keçdikcə, əlbəttə ki, bu idman obyekti həm fiziki, həm mənəvi cəhətdən köhnəlib və orada normal məşq etmək üçün şərait o qədər də uyğun deyildi. Amma bu idman sarayı əminəm ki, gələn ilin sonuna qədər istifadəyə veriləcək, həm idmançılar, həm də şəhər sakinləri üçün çox faydalı olacaq. Çünki mən hesab edirəm və haqlıyam ki, hər bir insan idmanla məşğul olmalıdır. Yəni, bu obyektlərin açılması və təməlinin qoyulması, əlbəttə ki, şəhərə olan qayğının təzahürüdür.

Gəncədə lokomotiv deposunun yaradılması artıq başa çatıb. Buna da çox böyük ehtiyac var. Çünki qeyd etdiyim kimi, Gəncədən Şərq-Qərb nəqliyyat dəhlizi keçir. Bakıda bu yaxınlarda lokomotiv deposu açılmışdır, ikinci depo isə Gəncədə açıldı. Görün, bugünkü proqramın nə qədər böyük əhatə dairəsi var. Bütün bu açılışlar və təməlqoyma mərasimləri göstərir ki, ölkəmizin hər bir yerində inkişaf getməlidir, davam etməlidir, biz əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik, yalnız irəliyə getməliyik və bütün gücümüzü səfərbər edib insanlar üçün daha yaxşı həyat şəraiti yaratmalıyıq.

- Cənab Prezident, bu gün Siz, eyni zamanda, Vətən müharibəsi ərzində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlini qoydunuz. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Bilirsiniz, bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır. Necə ki, vaxtilə ermənilər deyirdilər, azərbaycanlılar özləri Xocalı soyqırımını törədiblər. Bu dəfə də ermənilər öz yalanlarının, necə deyərlər, qurbanlarına çevrilib. Çünki ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik. Gəncə və digər şəhərlər - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir.

Ermənistan isə döyüş meydanında məğlub olaraq, 10 min fərari verərək, tamamilə biabır olaraq, görün, hansı çirkin əməllərə əl atıb bizi dayandırmaq istəyirdi. Amma Azərbaycan xalqı, hətta bu dağıntılar altından çıxan insanlar, qanın içində olan insanlar, öz yaxınlarını itirmiş insanlar da deyirdilər ki, biz ancaq qabağa getməliyik. Bizi heç kim və heç nə dayandıra bilməzdi. Biz bu günahsız insanların, şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Ermənistanı diz çökdürdük, məğlub etdik. Erməni faşizmini məğlub etdik və ədaləti bərpa etdik.

Bu gün, burada təməlini qoyduğum Memorial Kompleks böyük ərazini əhatə edəcək. Bu Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın.

- Cənab Prezident, bildiyimiz kimi, bu günlərdə Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımı dayandırıldı, aradan qaldırıldı. Bu məsələni Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin nəticəsi kimi dəyərləndirmək olarmı? Bu barədə də fikirlərinizi bilmək istərdik?

- Mən hesab edirəm ki, ilk növbədə, Rusiya ictimaiyyəti bundan xəbərdar oldu və Rusiya ictimaiyyətinin təkidi nəticəsində bu biabırçı aksiya baş tutmadı. Ancaq o da həqiqətdir ki, ilk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən mən olmuşam. Mən əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarımda məsələ qaldırmışdım. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Cəllad Njde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz çıxışımda məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Bu Njde faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir. Əgər bu, təkcə əvvəlki faşist hakimiyyətlə bağlı olsaydı, dərd yarı idi. Ancaq əfsuslar olsun ki, indiki Ermənistan hakimiyyəti faşistləri təbliğ edir, onları müdafiə edir. Moskvada ermənilərin diaspor təşkilatının xətti ilə bu dözülməz aksiyanın keçirilməsi heç bir çərçivəyə sığmır. Çünki Rusiya özü faşizmin qəhrəmanlaşdırılmasına qarşı gedən mübarizədə ön sıralardadır, Azərbaycan kimi. Bu məsələ ilə bağlı Rusiya tərəfi ilə dəfələrlə fikir mübadiləsi olub. Prezidentlər səviyyəsində, digər vəzifəli şəxslər səviyyəsində, ictimai təşkilatlar səviyyəsində biz həmfikirik. Faşizmin baş qaldırmasına yol vermək olmaz. İkinci Dünya müharibəsinin tarixi ilə bağlı təhrifetmə cəhdlərinə son qoyulmalıdır. Bu siyasət dünyanı uçuruma aparacaq. Faşizmi qəhrəmanlaşdırmaq olmaz. Amma bir tərəfdən Ermənistan rəsmən bu fikirlərə qoşulsa da, faktiki olaraq Njde kimi faşistin qəhrəmanlaşdırılması ilə bağlı konkret addımlar atır. Bu günə qədər Ermənistanda, İrəvanda faşist Njdenin adını daşıyan küçələr, meydanlar, metro stansiyası var, ona böyük - altımetrlik abidə qoyulub. Bu abidə bu günə qədər sökülməyib.

Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, erməni faşizmi yaşayır. Bəli, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində biz erməni faşizmini məğlub etmişik. Deyə bilərəm ki, erməni faşistlər indi əvvəlki illərdəki qədər fəal deyillər. Ancaq biz görürük ki, faşizm baş qaldırır, Ermənistanda baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Biz onları məğlub etmişik. Onlar bizim qabağımızda diz çöküblər. Onlar tarixdə fərari kimi qalacaqlar. O cümlədən erməni xalqının tarixində Serjik Sarkisyan və Robert Köçəryan fərarilər kimi qalacaqlar. Çünki Azərbaycan Ordusu Şuşaya yaxınlaşdıqca onlar Xankəndidən qorxaqcasına, dovşan kimi qaçmışdılar. Amma indi Ermənistanda baş qaldırırlar, Rusiyada baş qaldırırlar. Rusiyanın paytaxtında erməni diaspor təşkilatının xətti ilə belə biabırçı aksiyanın təşkili dediyim sözlərin sübutudur. Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşixislətli qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir.

- Cənab Prezident, AZƏRTAC-ın suallarını ətraflı cavablandırdığınız üçün Sizə təşəkkür edirik, minnətdarıq.

- Sağ olun.



Bütöv.az
30-01-2022, 23:12
“Şərqlə Qərb arasında türk dünyası” adlı XXII Beynəlxalq elmi simpozium keçirilib.


29 yanvar 2022-ci ildə “ELGER” Elm-Tədris Mərkəzi Özbəkistanın Andijan və Türkiyənin Qars Dövlət Universitetinin təşkilatçılığı, Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyinin dəstəyi ilə “Şərqlə Qərb arasında türk dünyası” adlı XXII Beynəlxalq elmi simpozium keçirmişdir. Simpoziumun plenar iclası youtube kanalı ilə canlı yayınlanmış, plenar iclasdan sonra simpozium öz işini bölmələr üzrə davam etdirmişdir. Plenar iclası giriş sözü ilə açan Türkiyə Qars Universitetinin professoru İlkin Qulusoy iştirakçıları salamlayaraq simpoziumun təşkilinə dəstək göstərən Özbəkistanın Andijan Universitetinin əməkdaşlarına və Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyinin Səbail RT-nın sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Qəhrəmanovaya təşəkkürünü bildirdi. Simpozium iştirakçılarını salamlayan Özbəkistanın Andijan Universitetinin doktoru Mahbuba Temirova və Atatürk Mərkəzinin direktoru,
millət vəkili akademik Nizami Cəfərov belə simpozimların gələcəkdə də keçirilməsinin vacibliyindən, türk dünyasının yaxınlaşması istiqamətində aparılan işlərdən danışdılar. Daha sonra plenar iclas məruzəçilərin çıxışları ilə davam etdi. BDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Arzu Məmmədova “Türk dünyası dünəndən bu günə: tarixi retrospektivdə baxış” mövzusunda məruzəsində türk və Azərbaycan tarixinin əzəmətli səhifələrindən, türklərin bəşər mədəniyyətinə verdiyi töhfələrdən söz açdı. Daha sonra ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru, TAQ Səbail RT-nın sədri Yeganə Qəhrəmanova iştirakçıları həm öz adından, həm də Türkiyə-Azərbaycan Qardaşlıq İB adından salamlayaraq bugünkü beynəlxalq elmi simpoziumun bütün təşkilatçılarına, xüsusilə Türkiyə Qars Universitetinin professoru İlkin Qulusoya və Ellada xanıma öz dərin minnətdarlığımı bildirdi. Belə çoxtərəfli simpozium və elmi konfransların keçirilməsinin, onların mütəmadi xarakter daşımasının əhəmiyyətini vurğulayan Y.Qəhrəmanova bildirdi ki, bu cür tədbirlər türk dünyası alimlərini bir-birinə daha da yaxınlaşdırır, onların dünyagörüş və düşüncə tərzinin, ən əsası ilə elmi axtarışlarının lazımi səmtə yönəlməsinə təsir göstərir. Bu mənada TAQ İB dünyada gedən proseslər fonunda qaçılmaz zərurətə çevrilmiş türk birliyinin daha real və görünər xarakter alması, böyük Turana gedən yola dəstək və təkan vermək məqsədilə yaradılmışdır. Türkiyə Azərbaycan qardaşlığının nümunəsində bütövlükdə türk dünyasının sosial-iqtisadi, elmi-mədəni, idman və digər sahələrdə bir-birilə münasibətlərinin daha sıx və intensiv hala gəlməsinə nail olmaq, dünyanın ən qədim və ilkin mədəniyyəti olan türk mədəniyyətinə, türk tarixinə aid təhrif olunmuş tarixi-elmi faktların düzgün araşdırılması, bu istiqamətdə ayrı-ayrı türk cümhuriyyətlərində elm adamlarının apardığı işlərin əlaqələndirilməsi işinə dəstək olmaq məqsədi daşıyır. Ona görə belə elmi tədbirlərin təşkilinin əhəmiyyətini bir daha vurğulayır, həm Türkiyə, həm Özbəkistan, həm də Azərbaycan tərəfindən təşkilatçıların hər birinə dərin minnətdarlığımı bildirirəm.

Daha sonra Y.Qəhrəmanova dosent Arzu Məmmədovanın türk adı ilə bağlı sovet dövründə aparılan siyasi işlərə münasibətinə əlavə olaraq “türkdilli xalqlar” ifadəsinin siyasi məqsədlə ortaya atıldığını, bu ifadənin “türksoylu xalqlar” və ya “türk cümhuriyyətləri” ifadələri ilə əvəz edilməsinin vacibliyini bildirdi. O qeyd etdi ki, Türkiyə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hamıya məlumdur. 44 günlük Vətən müharibəmizdə isə bu qardaşlıq bir daha ən nümunəvi şəkildə isbat edilmişdir. Bir ictimai birlik kimi digər türk cümhuriyyətləri və xalqlarından da bir-birinə eyni münasibət və dəstəyi görmək arzusundayıq. Bu yaxınlarda sosial şəbəkələrdə gənc bir özbək jurnalistinin türk bilyinə, Qarabağı unutmamağa və unutdurmamağa yönəlmiş çağırışını, yəqin ki, çoxlarınız eşitmisiniz. Biz məhz bu birliyin arzusundayıq, türk dünyasının, türk düşüncə və amalının bütövləşməsi istiqamətində fəaliyyət göstəririk. Fürsətdən istifadə edib dəyərli akademikimiz Nizami Cəfərova da TAQ rəhbərliyi adından öz dərin təşəkkürümü bildirirəm. Onun uzun illərdən bəri türk dünyasının birliyi istiqamətində gördüyü əvəzsiz xidmətləri dəyərləndirməmək olmaz.
Dosent Yeganə Qəhrəmanova “Avesta”, Şumer və Orxon-Yenisey əlifbalarının mənşəyi və genetik bağlılığı” mövzusunda elmi məruzəsi ilə fikirlərini dinləyicilərə çatdırdı. O bildirdi ki, “Avesta” haqqında uzun müddətdən bəri formalaşan yanlış meyilləri təhlil etdikdə açıq-aydın məlum olur ki, bu qədim türk-Azərbaycan abidəsinə qarşı yönəlmiş qərəzli fikirlər bir tərəfdən abidənin yaşının azaldılması, abidənin dili və əlifbası haqqında yanlış məlumatların verilməsi, digər tərəfdənsə onu hörmətdən salan, həqiqətdən kənar, uydurma faktların əlavə edilməsi ilə bağlı olmuşdur.

Tədqiqatçılar şumer dili, “Avesta” və müasir Azərbaycan dili sözləri arasında müqayisələr aparmış, tamamilə məntiqli bir nəticə əldə etmişlər ki, bir zamanlar uydurulmuş “Pəhləvi dilinə yaxın “Avesta dili” heç zaman mövcud olmamışdır. “Avesta” abidəsi dedikdə söhbət “Pəhləvi dilinə yaxın” uydurma bir dildən yox, bu dilin öz sözlərindən gedir ki, həmin dilin sözləri də prototürkcə-protoazərbaycancadır. “Avesta”şünaslar onun yaradıcısı olan Zərdüştün məşhur Troya müharibəsindən azı 6000-7000 il əvvəl yaşadığını, bəzi tədqiqatçıların iddia etdiyi kimi, “Avesta”nın Şumerdən bəhrələndiyini yox, əksinə Şumer mədəniyyətinin məhz şifahi “Avesta” mərhələsinin görüşləri əsasında formalaşdığını təsdiq edirlər. Bu da onu göstərir ki, indiyə qədər “Avesta”nın cəmi 2500 il əvvələ aid olması, pəhləvi əlifbasına yaxın İran dillərinin birində yazılması haqqında fars tədqiqatçılarının uydurmaları məqsədli xarakter daşımış, abidəyə qardaşın bacısı, atanın qızı ilə evlənməsi kimi iyrənc əlavələr etməklə bir yandan onu gözdən salmağa çalışmış, digər tərəfdən də bu böyük abidənin əzəməti qarşısında tab gətirməyərək onu öz adlarına çıxmaqdan çəkinməmişlər. Əslində isə “Avesta”-Şumer-“Dədə Qorqud” ardıcıllığı elmi dəlillər və araşdırmalar əsasında sübut olunmuş, “Avesta”nın İran abidəsi deyil, ən qədim Azərbaycan-türk abidəsi olduğu öz isbatını tapmışdır.

Daha sonra plenar iclasın üçüncü məruzəçisi Azərbaycan Texniki Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, TAQ Səbail RT-nın elm, təhsil, mədəniyyət məsələləri üzrə sədr müavini Afaq Əsgərova iştirakçıları salamlayaraq TAQ İB-nin türk dünyasının birliyi, elm adamlarının bu birliyin daha da güclənməsində rolu məsələlərindən, türklərin tarix boyu qazandıqları uğurlardan, bu uğurların təbliğinin zəruriliyindən danışdı. Sonra Afaq Əsgərova “Türkiyə Azərbaycan ədəbiyyatında qardaşlıq mövzusu” adlı elmi məruzə ilə çıxış etdi.
Plenar iclasdan sonra simpozium öz işini bölmə iclasları ilə davam etdirdi.
30-01-2022, 05:24
Özbəkistanın Andijan Universitetinin evsahibliyilə  XXII Beynəlxalq Elmi Simpozium keçirilib


Yanvarın 29-da Özbəkistanın Andijan Universitetinin evsahibliyi, Türkiyənin Qars Universiteti və Türkiyə-Azərbaycan Qardaşlıq İctimai Birliyinin birgə iştirakı ilə XXII Beynəlxalq Elmi Simpozium keçirildi. Yüksək səviyyədə təşkil olunmuş simpozimun plenar iclasını açıq elan edən Qars Universitetinin dosenti İlkin Qulusoy iştirakçıları salamlayaraq simpoziuma qatılan iştirakçılara minnətdarlığını bildirdi. Plenar iclasda Özbəkistandan olan təşkilatçı və Atatürk mərkəzinin direktoru, millət vəkili akademik Nizami Cəfərov simpoziumun keçirilməsinin əhəmiyyətini vurğulayaraq günümüzdə belə tədbirlərə xüsusi ehtiyac olduğumu bildirdilər. Daha sonra plenar iclasın əsas məruzəçiləri BDU-nun dosenti Arzu Məmmədova, ADPU-nun dosenti Yeganə Qəhrəmanova və ATU-nun dosenti Afaq Əsgərova məruzə ilə çıxış etdilər.

Yeganə Qəhrəmanova və Afaq Əsgərova məruzəyə başlamazdan əvvəl Türkiyə Azərbaycan Qardaşlıq İB-nin salamını iştirakçılara çatdırıb ümumtürk birliyinin təmin olunmasında alim və elm adamlarının düşüncə və məslək birliyinin əhəmiyyətini, indiyə qədər türk tarixi, elm və mədəniyyəti sahəsində məqsədli şəkildə ortaya atılan saxta fikirlərin araşdırılmasının vacibliyini vurğuladılar.
Youtube vasitəsi ilə canlı yayınlanan plenar iclasından sonra simpozium öz işini bölmələrdə davam etdirdi.
29-01-2022, 19:08
Doktor Sadiq Xərazinin Təbriz xatirələri:


Bu yazını fars dilində bu gün səhər ABŞ-dan əslən Marağalı olan məşhur qəlb cərrahı dr.Şapur Ənsari vətənpərvər alimimiz Səməd Bayramzadəyə göndərmişdir. O da onu Azerbaycan Türkcəsinə çevirib redaksiyamıza göndərib. Saytımızın oxucularının da diqqətini çəkər deyə təqdim edirik:
İranda islahatçılara yaxınlığı ilə tanınan məşhur diplomat və İranlıların Səsi Partiyasının şura rəhbəri doktor Sadiq Xərazinin Təbriz şəhəri haqqında xatirələri:
"Cənab Seyid Məhəmməd Hatəminin prezidentliyi dövründə mən (Sadiq Xərazi) və cənab Hatəmi Davos Sammitinə getmişdik. Bilirsiniz ki, Davos Sammiti dünyanın ən mühüm iqtisadi sammitidir və bu sammitdə dünya dövlətlərinin yüksək siyasi və iqtisadi xadimləri iştirak edirlər.
Bizi bu görüşün kənarında nahara dəvət etdilər. Mənim oturduğum masada İspaniyanın Baş naziri və Microsoft-un prezidenti Bill Qeyts də daxil olmaqla, tanınmış siyasi, iqtisadi və elm xadimləri vardılar. Bill Qeyts və mən yanaşı oturmuşduq. Söhbət zamanı Bill Qeyts məndən soruşdu ki, hansı ölkədənəm.
Mən də cavab verdim ki, İrandanam.
O, mənim hansı şəhərdən olduğumu da soruşdu və mən də cavab verdim.
Bill Qeyts dedi: İranın bir şəhərdən başqa heç bir şəhərini tanımıram!
Soruşdum: O hansı şəhərdir?
Cavab verdi: Təbriz!

Bill Qeyts dedi: Mən Təbrizi yaxşı tanıyıram!
Mən çox təəccübləndim və ondan soruşdum: Necə, niyə Təbriz??
O da sualıma sualla cavab verdi: Görəsən, bu kiçik şəhər necədir?
Məni daha çox maraq bürüdü və yenə soruşdum: Niyə məhz Təbriz?
"Mən çox təəccüblənirəm", deyə Bill Qeyts sözünə davam etdi: Hazırda Microsoft şirkətində işləyən on yeddi, on səkkiz ən yaxşı dünya riyaziyyatçısı var ki, onların hamısı Təbrizdəndirlər! Bütün bu elm dahilərini yetişdirən bu şəhər görəsən, necə bir yerdir??!!
Bill Qeytsin bu maraqlı sözləri məni çox təəccübləndirdi!
Bəli, Təbriz torpağı dünya şöhrətli tarixçilər, alimlər və dahilər yetirib.
O gün gördüm ki, Bill Qeyts Təbriz qapısından İranı, hətta Yaxın Şərqi də tanıyır!
Mən də sizə təklif edirəm ki, bu qürurlu diyar üçün bir Təbrizşünaslıq mərkəzi yaradasınız və Təbriz ensiklopediyasını İslam dünyasına və İran sivilizasiyasına hədiyyə edəsiniz".
29-01-2022, 17:55
Bacılar, daha mənə bacın qurban deməyin!

Mənim beş bacım vardı. Amma indiyədək nə qədər zəngin bir xəzinəyə sahib olduğumun fərqində deyildim. Böyük bacım Bahar ailə ömrümüzün ilk baharı oldu. Ata ocağımıza uşaq səsi, övlad nəfəsi gətirdi. Beş bacı, iki qardaşın böyüyü oldu. Bizlər böyüdükcə də o müdrikləşdi, yolumuzu aydınlatdı, bəzən taleyimizə işıq tutdu.


Bəs sən neylədin, ikinci bacım-Elmira?! Ailə sarayımızdan bir “kərpic” saldın. Həm də elə saldın ki, onu nə yerinə qoymaq, nə də yerini doldurmaq olar. Ata ocağından pərən-pərən düşmüş qardaş bacıların qürbətlərdə həyatın hər cür ağrı-acısına sinə gərib duruş gətirdiyi bir vaxtda qəfil gedişinlə qəddimizi əydin, hərəmizin ürəyində bir yara açdın. Elə bir yara ki, nə qaysaq bağlayar, nə sarğı tutar.
Sənin ölümünü heç ağlıma belə, gətirmirdim. Gizlicə arzulayırdım ki, döğmalarımın arasından birinci mən gedim və bu bir bəxtəvər gediş olsun. Bacılarım-Bahar, Elmira, Zeynəb, Əzizə, Nəzifə cənazəmin başında halay çəksin. Qardaşım Neyman el-obanın, dost-tanışın başsağlığını qəbul eləsin. Bacım oğlanları-Şahin, Əleyman, Asif, Əşrəf, Aydın, Ayaz, Kamal, Elçin, Əfranla Əfqan tabutumu qaldırsın, qızlarım isə anaları ilə arxamca baxsın. Gəray gözümə torpaq atsın. Beləcə dünyamızla urvatlı vidalaşım…

Amma sən ömrümün xəzanın gətirdin. Əlimi işdən, dizimi təpərdən, gözümü nurdan saldın. Vallah, sənin qədər mənə zülm eləyən olmadı. Hər səhər çayıma göz yaşı qatdın. Ürəyimin yaşamaq eşqini söndürdün. Çünki son vaxtlar ürəyimdən çox keçirdi ki, sizi başıma yığım, o illərə qayıdaq. Od -ocaqlı, yurd-yuvalı günlərimizi xatırlayaq. Çimənyurda, Musuyurduna yaylağa köçdüyümüzü, Meşəbaşına, Kövşənə binə düşdüyümüzü yada salaq. Yığdığınız kəkotunun, çaşırın, əvəliyin, zərisin, yemliyin, cacığın, talalardan topladığınız çiçəklərin ətrindən danışaq. Əksimizi dəryalara daşıyan ayna bulaqlarımızın axarına düşək, Kurud kəndimizin min cür nemətinin həsrətindən köks ötürək. Qış günləri soba üstünə döşədiyiniz kartofdan, bir az da mən şuluq eləyəndə əlinizə keçəni alıb qovarağımı götürməyinizdən deyib, gülək. Bir sözlə, o bəxtəvər- bacılı günlərimə qayıtmaq istəyirdim. Sən məni qabaqladın. Bizi məzarının başına yığdın. Burda peşman-peşman ağlar qoyduğun bacılarımın, balalarının, gəlinlərinin üzünə baxıram. Bilmirəm hansını ovudum, hansının göz yaşın silim…
İndiyə qədər məndən bir şey istəməyən Səriyyə bu gün qarşıma dikilib dayı, anamı ver,- deyir,-mən anamı istəyirəm! Çarəsizlikdən ona qoşulub ağlamaq, hönkürüb ürəyimi boşaltmaq istəyirəm. Amma sənin taleyin o qədər keşməkeşli, dərdlərin o qədər dözülməz olub ki, səni rahatlıqla ağlamaq olmur. Ağlamaq tutanda ürəyim az qalır yerindən çıxa…

Belə məqamlarda adamı dərdin əlindən xatirələr alır. Bizim də acılı-şirinli xatirələrimiz var. Elə lap sənin uşaq vaxtlarından, yaşıdlarınla “Çatı-çatı”, “Axsaq qıçı”, “Top çəmən”, “Beşdaş” oynadığın, oyununuz pozulanda qardaşın ölsün deyən qızlarla saçyolduya çıxdığın günləri xatırlayıram. Yeni ildə Bahar bacımla, Zeynəblə birlikdə bizə “Yolka” bəzəyərdiniz. O vaxtlar indiki kimi zənginlik olmadığından Ardıc ağacına pambıq dolayıb, konfet, şokolad asmaqla gözəlləşdirərdiniz. Neymanla ikimiz xəlvətcə şokolatı soyub içini yeyər, kağızını olduğu kimi asılı saxlayardıq. Bu əməlimizdən “Yolka”nı sökəndə xəbər tutardınız. Növbəti bayramda-“Novruz” ərəfəsində isə bizə səməni cücərdər, yumurta boyayardınız. Beləcə xoşbəxt günlərimiz gəlib keçərdi…

Bir-birindən şirin, bir-birindən əziz olan o günlər geridə qaldı. Böyüdün. Ailə qurdun, ana oldun. Elə bir ana ki, övladların üçün kömür külünə dönəcək qədər yandın. Sovet dövründə bizim tərəflərdə görünməmişdi ki, hansısa valideyn neçə günlük yola çıxıb əsgər yanına getsin. Sən onu da etdin. İki illik ayrılığa dözə bilmədin. 1987-89-cu illər arasında bibimiz oğlu Əbülfəti bələdçi götürüb, Sverdlovsk vilayətinə-Asifin xidmət elədiyi hərbi hissəyə gedərək çəkdiyin bala həsrətinə son qoydun.
Qəribədir ki, ikimiz də martın 20-də doğulmuşuq. Sən ikinci bacı, mən ikinci qardaşam və sən nədənsə həmişə düşünürdün ki, bizi bir-birimizə bağlayan nəsə var. O qədər ibadətə bağlanıb, axirətə köklənmişdin fikirləşirdim ki, ya bacım məni bir qardaşı istəyəcəyindən çox istəyir, ya da bu bir fanatizmdir. Ona görə də hər şeyi İlahi mühakiməyə verir. Amma 2021-ci ilin dekabrında sənin haqlılığına əmin oldum. Belə əmin oldum ki, məni bir anın içində öldürücü həyəcan bürüdü. O cür dəhşətli həyəcanı heç zaman hiss etməmişdim. Nə müharibə bölgəsində, nə də 1988-ci ildə valideynlərimizi Qafandan gətirərkən erməni quldurları üstümə silah çəkəndə. Sən demə məni həyəcan basanda sən haqqa yürüyüb aramızdakı o İlahi bağı qoparırmışsan.
Bəli qopardın, həm də hamı ilə bütün bağları qopardın. İndi əzizlərin, səni sevənlər, tanıyanlar, xətrini əziz tutanlar xəyalınla danışır, səni xatirələrlə anırlar. Qayının oğlu Bəylər onu qollarının üstündə necə layla çalıb yuxuya verdiyindən, Vüqar isə onu oğlanlarından heç ayırmadığından ürək dolusu danışır. Övladların ana qayğını, şəfqətli əl işlərini, güzəranınızın ağır vaxtlarında uşaqlara şərf, əlcək, corab, papaq, palto toxuduğun günləri yada salırlar. Sonbeşiyin Ayazın dostu-Şahinin isə xatirələri qurtarmaq bilmir. Gah qızı Nərgizə, gah ailəsinə, gah da özünə olan analıq münasibətindən söz açır:

“Elmira xala bambaşqa idi,- deyir. Ayazla mənə heç fərq qoymazdı. Hətta bəzən mənə daha çox ərk edər, ona demədiklərini mənə deyər, mənə ürək qızdırardı. Mən də onun qulluğunda anam qədər sevə-sevə durardım, buyruqlarını can-başla yerinə yetirərdim. Əlinin duzunu, bişirdiyi yeməklərin ləzzətini də süfrəsinə qonaq olan hər kəs bilir. Onun bişirdiyi şirniyyatları, pirojkiləri xoşladığımı bildiyindən hər gələndə, iki daşın arasında olsa belə, mənim üçün bir şey bişirər, evə də pay göndərərdi. Həm də bizə üç pay qoyurdu. Birin yoldaşıma, birin anama, birini də qaynanama. Elə bizimkilər də onu o ki var əzizləyirdilər. Çox həssas olduğu üçün çalışırdıq ki, bütün hərəkətlərimiz ürəyincə olsun. Elmira xalanın yeri bizim ailədə hələ çox görünəcək”.
Bacı, xatirələrinlə bağlı söhbətimizi can bacım, sirrim, sirdaşım bacım, zəhmətkeş, cəfakeş bacım, hamının dərdini öz içindən keçirən bacım, tənhalara bacılıq edən mərd bacım, kişi tinətli bacım, süfrəsi boş analara süfrə açan bacım, -deyə- qulaqlarıma çığlayan bir səs pozdu. Uşaqların yerbəyerdən qalxıb qucaqlayanda öyrəndim ki, o səs 40 illik iş yoldaşın, 50 illik sirdaşın, dərddaşın olan Gəncə xanımın səsidir. O da qara xəbərin qanadında gəlib, səfi pozulan bacılarımıza qoşuldu və onu sənin yerinə qoydum. Qoydum ki, yenə 5 bacım olsun. Sənin üçün darıxanda ona zəng eləyim. Elədim də. Səsimi eşidib, adımı duyanda Tamxil, sənə qurban olum,- dedi. Ətim ürpəşdi. İstədim qışqıram, haray çəkəm ki, bacılarım, daha mənə bacın qurban deməyin! Bacı qurbanlığı çox acıymış…
Mənim bacım- Elmira Ziyəddin qızı Hacıyeva Zəngəzur mahalının Kurud kəndində doğulmuşdu. Kənddəki 8 illik məktəbi bitirdikdən sonra ailə qurmuş, bir müddət sonra Rabitə Texnikumunda təhsilini davam etdirmişdir. Bundan sonrasını onun hər sirrinə bələd olan Gəncə bacımdan dinləyək:

“40 ilimiz birgə keçdiyinə görə, aramızda sabahın xeyir, gecən xeyirə sözü olmayıb. Mən 1971-ci ildən Sumqayıt şəhərində Mərkəzi poçtda işləyirdim. Elmira bacım da 1975-ci ildə gəldi. Mən onda briqadir işləyirdim, o da poçtalyon işinə düzəlmişdi. Bildiklərimi ona da öyrətdim. 5-6 ay poçtdaşıma şöbəsində işlədi. Texnikumu bitirəndən sonra əməliyyatçı işlədi. Daha sonra işinə məsuliyyətini və diplomunu nəzərə alıb onu o vaxtlar Stansiya Sumqayıt adlanan qəsəbədəki poçt şöbəsinə müdir təyin elədilər. Orda bir neçə il işlədikdən sonra 9-cu mikrorayonda böyük bir poçtçatdırma şöbəsi yaradıldı. Demək olar ki, şəhərin bütün poçtlarını, poçtalyonlarını ora birləşdirdilər. Bir növü mərkəzləşdirilmiş poçt oldu. Hardasa 150-dən artıq işçisi vardı. Elmira bacımı həmin poçta rəis təyin elədilər. Eyni vaxtda həm oxumaq, həm işləmək, həm də 5 uşaq böyütmək hünər istəyirdi. Belə ağır şəraitinə baxmayaraq çox məsuliyyətli, tələbkar, işinin öhdəsindən gələn idi. Verilən bütün tapşırıqları, iş öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirirdi. Yoldaş olduğumuz illər ərzində kiminsə ona işinə görə irad tutduğunu görmədim. Çünki o qüsurlu iş görməzdi. Sonra həmin şöbə iş prinsipinə, plan tapşırıqlarını ödəməkdə fərqləndiyinə, bir sözlə öncüllüyünə görə onu 1 saylı şöbə elan elədilər. Elə bacımız da pensiyaya çıxana qədər orda işlədi. 25 ildən sonra mən də onun müavini oldum.
Hansı şöbəki geri qalırdı, işləri yaxşı getmirdi bacımı ora göndərirdilər. Gedib 2-3 aya işləri qaydasına qoyub, şöbəni qabaqcıllar sırasına çıxarıb geri dönürdü. Belə gördüm mən onu. İşcilər arasında həmişə birinci olub. Əmək veteranı idi. Dəfələrlə mükafat, fəxri fərman almışdı. Deyim ki, təkcə işin nəticəsini fikirləşirdi yox, işçilərin də qayğısına qalan, kimin nə problemi olsa həll etməyə çalışan gözəl insan, cəfakeş ana idi. Uşaqlarının hamısı gözümün qabağında böyüyüb. Ürəklə deyə bilərəm ki, nə yaxşı xasiyyət varsa Elmira bacımda cəmlənmişdi. Bizim münasibətimiz işçi-müdir münasibəti deyildi. Biz sirdaş idik. Mənim 3 bacım var, onlarla bir o qədər sirdaş olub dərdləşə bilməmişəm. Onunla bütün dərdimizi, sirrimizi bölüşürdük. Ona çox isnişmişdim. Pensiyaya çıxıb işdən ayrılsaq da, bir- birimizdən ayrıla bilmirdik.
O, məni həmişə qoruyurdu. Ayaz Bakıya köçəndə onu da apardı. Ondan sonra görüşə bilmirdik. Bir dəfə 9-cu mikrorayondan əşyaların aparmağa gəlmişdi, mənə zəng elədi. Tez taksi tutub gəldim. Görüşdük, dərdləşdik. Neçə dəfə qapının kandarına çıxıb geri qayıtdım. Heç ayrıla bilmirdik. Bir-birimizə sarılıb ağlaşıb ayrıldıq. Bu son görüşümüz oldu. “Korona” bəlası çıxandan bəri, ancaq telefonla danışırdıq. Mənə deyirdi, heç yana getmə. Vaksin də vurdurmamısan, özünü qoru!
Can bacım, o, məni qorudu, mən onu qoruya bilmədim, qardaş, 50 illik xatirə danışmaqla bitən deyil. Konturun qurtarır. Bircə onu da deyim ki, səndən çox danışırdı. Səninlə nəfəs alırdı, deyirdi ürəyim Tamxilnən döyünür.

Bacı, mən daha çox dinləmək, ürəyinin döyüntülərini duymaq istəyirdim. Amma Gəncə bacım konturun bitər,- deyib ara verdi. Nə deyim? Bütün bacılar belədir. Hamınız qardaşların qəhrin çəkir, özünüzü qurban deyir, amma malına, puluna qıymırsınız.
Xatirələri dinləyə-dinləyə 45 il əvvələ getdim. Hərbi komissarlıqdan çağırış vərəqəsi gəlmişdi. Bir neçə gündən sonra əsgər gedəcəkdim. Anam hazırlıq görürdü, mən yatırdım. Elə təzə yuxuya getmişdim ki, üzümə damcı düşdü. Gözümü açanda gördüm Elmira başımın üstündə durub ağlayır. Onda bir az arıq, çəlimsiz idim. Həmin il məni xidmətə aparmadılar. Sən demə, Elmira atama yalvarıb ki, komissarlığa get, onu heç olmasa bircə il saxlat, bir az muğayat olaq, ətə-qana dolsun!
45 il sonra dumanlı, çiskinli havada bacımı torpağa tapşırıb evə gəlmişdim. Təsvir edə bilməyəcəyim duyğularla, əzgin vəziyyətdə çarpayıya uzandım. Gördüm yenə bacım başımın üstündədir, amma bu dəfə ağlamırdı. Gözlərimi sığallayırdı. Bir xeyli sığal çəkəndən sonra gözümü açdım. Ətrafa baxdım, kimsə gözə dəymirdi…
Elmira, o gündən xəyalın əlimdən tutub məni gəzdirir. Hara getsəm gözümün önündəsən. Baxdığım hər yer, gördüyüm hər şey səni xatırladır. Geyindiyin paltarın heç birinin rəngi yadımda deyil. Səni hər yerdə ağ geyimdə görürəm. Bəlkə havalanmışam, bəlkə dəli olmuşam, bilmirəm. Onu bilirəm ki, dekabrın 22-dən sonra ilk dəfə yanvarın 22-də başımı qaldırıb göy üzünə baxdım. Bircə ulduz görünürdü. O da səni xatırlatdı, sənin kimi ağ geyimdə bərq vurur, göy üzündə cilvələnirdi. Baxmaqdan doymadım. Gözlərimin dəryasında qərq olunca baxdım. Və uşaqlar nəvələrin Billurla Elmiranı inandırdıqları kimi, mən də özümü inandırdım. İnandırdım ki, o göy üzündə gördüyüm sənsən…

Bacı, hər bahar gələndə, hər torpaq oyananda, hər “Novruz” yaxınlaşanda qəbir ziyarətinə gedirdim. Nakam qardaşı ilə həddi buluğa çatmamış balalarını başına yığan atamın ziyarətinə. Baxırdım ki, məndən qabaq biri gəlib. Qarayaşlı Şərəfxanımın, 3 yaşına çatmamış haqqa qanadlanan Məshətimin qəbri üstünə bayram səmənisi qoyub, ətrafını qərənfillərlə bəzəyib. O, sən idin. Gəlişindən, gedişindən bilirdim. Nə mən deyirdim, nə də sən eşitdirirdin. Hər kəs bildiyini özündə saxlayırdı. Budur, yenə “Novruz” yaxınlaşır, yolunu gözləyirlər, yəqinki bu dəfə gələ bilməyəcəksən. Amma əminəm ki, ruhun gələcək, nə vaxt gəldiyini, necə gəlib getdiyini bilən olmayacaq. Mənimlə halallaşmağa gəldiyin kimi…
Son gəlişin çox həzin, çox hüznlü idi. Ağrıdığın üçün heç maskanı da çıxarmadın. Danışmaq da istəmirdin. Həmişə sənə pay qoyanda hay-həşir qoparırdın, bir çöpümüzü, belə, aparmağa qıymırdın. Amma bu dəfə Allah verəndən nə qoydularsa dillənmədin, götürdün. Gedəndə də Allah gözümü kəsməsin,- dedin. Qal dedim,- səhər səni həkimə aparım. Qalmadın. Həmişə səni darvazadan özüm yola salırdım. Bu dəfə getməyini istəmirdim, deyə-qüssə məni basmışdı. Dalınca çıxa bilmədim. Uşaqlar yola saldı və bu son gedişin oldu. Xəstəxanaya getdin. Nigaran olanlara deyirdim,- Elmira mənimlə halallaşmadan getməz, siz narahat olmayın! Amma sonradan anladım ki, sən o gün xəstə halınla elə mənimlə halallaşmağa gəlibmişsən. Payımız da axır payın olduğu üçün xətrimizə dəyməmisən…
Oturub şəkillərinə baxırdım. Həmidənin toyunda qoluma girib çəkdirdiyin son şəkildə o qədər bəxtəvər görünürsən ki. Kaş mən yanında olanda nə qədər bəxtəvər olduğunu sağlığında bilərdim. Bilsəydim səndən heç ayrılmazdım…

Bacı, mənsiz keçən ağır günlərində yanında ola bilmədiyim üçün məni bağışla! Onsuz da özüm bağışlaya bilməyəcəyəm, heç olmasa sən bağışla!
Sən məni bağışla, qurbanın olum,
Dar gündə yanında ola bilmədim.
Səndən əsirgədim, qırılsın qolum,
Qolumu boynuna sala bilmədim.

Qocalmamış tor ələndi gözümə,
Titrəyir əllərim, baxmır sözümə.
Sən gedəndən yer tapmıram özümə,
Bir yer elə gələcəyəm yanına.

Cismimdə canım yox, ruhum da uçub,
Gecələr yatmıram, yuxum da qaçıb.
Qırx günün içində dərdim dil açıb,
Fikir verən yoxdu ah-fəğanına.

Göz yaşımla xatirəni yazıram,
Misra-misra məzarımı qazıram.
Ağ kəfəndə görüşünə hazıram,
Qıyarsanmı Tamxil qıya canına?!

Bilirsən könlümə nə düşüb? İstəyirəm Kurutda-ata evimizdə olaq. Mən nadinclik eliyəm, sən də odun sobasının qırağından maşanı götürüb məni gözdən itənə qədər qovasan. Amma qayıdanda səni evimizdə görəm…
Bacı, bilirəm, ruhun da mənimlədir. Ona görə sənə bir sirr verəcəm. İlk rekviyemi Sumqayıtdakı “Uşaq məzarlığı”nda yazmışdım. Deyəsən mənə yazı qabiliyyəti verənə xoş getməmişdi. İki körpə balamı əlimdən aldı. Sonra əzizlərimi, dostlarımı aldı, mən yenə yazdım. Axırda məni cəzalandırmaq üçün səni əlimdən aldı. Budur, yenə Sumqayıt məzarlığındayam. Bu dəfə səninlə təkbətək, baş-başa. Elə burdaca sənə bir söz verirəm, daha rekviyem yazmayacağam…

Sonuncu sözümü də deyim biləsən ki, sənə görə yüzlərlə bəlkə də minlərlə dost-tanışım, əqidədaşım, el-oba adamı, Bütöv Azərbaycan sevdalısı dərdimə şərik olub. Üzbəüz, telefonla, qəzet, social şəbəkə vasitəsilə mənə başsağlığı verib, səbr diləyiblər. Onlardan bircəsinin adın şəkəcəm, Əntiqənin. Məni özünə qardaş sayan Əntiqə Rəşid bircə kəlmə dedi. Dedi qardaş, “keşkə” Allah sənə o dərdi verməyəydi.
Bacı, bu “keşkə”nin ifadə tərzi mənə madar qardaşını faciəli şəkildə itirmiş bir bacının fəryadı, naləsi kimi gəldi. Heç deyə bilmədim ki, bəli, kaş ki, Allah heç birimizə bu dərdi verməyəydi. Bu dərddən bitməyən həsrət doğur.

Həsrətlə: qardaşın
Tamxil Ziyəddinoğlu


P.S. Fürsətdən istifadə edib dərdimizə şərik olan, bizə başsağlığı verib, səbr diləyən hər kəsə ailəmiz adından minnətdarlığımızı bildiririk. Hər birinizə xeyir işlər arzulayırıq!

29-01-2022, 16:23
Təbrizdə “Koroğlu” tamaşasının afişası asılıb.


Təbrizdə Yaqub Sadiq Camalinin quruluşunda “Koroğlu” tamaşasının afişası asılıb.

"Təbriz-e Bidar" (Oyaq Təbriz) saytının məlumatına görə, "Koroğlu" tamaşasının yazıçısı və rejissoru Yaqub Sadiq Camali media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında deyib: "Bu tamaşa 2000-ci ildə Təbrizdə tanınmış sənətkarların iştirakı ilə səhnəyə qoyuldu və tamaşaçılar tərəfindən böyük maraq və o dərəcədə rəğbətlə qarşılandı ki, səhnədə 58 dəfə ifa edildi".
Bu tamaşanın Naxçıvan Muxtar Respublikasında və Türkiyədə səhnəyə qoyulmasına toxunan Sadiq Camali bildirdi ki, həmin ildə Koroğlu tamaşası Təbrizi ölkənin teatr sahəsində ən populyar şəhərinə çevirdi.
"Koroğlu" tamaşasının müəllifi müsahibəsində əlavə olaraq dedi: “İllər keçəndən sonra biz hiss etdik ki, tamaşanın yenidən nümayişi üçün məkan hazırdır və onu səhnəyə çıxara bilərik”.
O, daha sonra qeyd etdi: "Təbrizdə teatr tamaşaları üçün böyük ixtisaslaşdırılmış zal yoxdur.
İranda teatr iki ilə yaxın idi ki, bağlanmışdı. Teatr və musiqi nümayiş edilən salonlarında bütün sağlamlıq protokollarına əməl olunur, çünki bütün yaxınlarımızın sağlamlığı bizim əsas prioritetimizdir".
"Koroğlu" tamaşasının aktyorlarından Camal Saqinejad bunu belə izah edib: "Korona olmasaydı, məncə, bu tamaşa 3-4 ay səhnədə olacaqdı. Ümid edirik ki, media yenə bizə kömək edəcək ki, insanlar yenə də əsəri yaxşı qarşılasınlar”.
"Koroğlu" tamaşasının xoreoqrafı Pedram Nazer Ədl deyib: “Bu tamaşada biz Azərbaycan xalqına Azərbaycanın tarixini və mədəniyyətini göstərəcəyik. Gözəl milli musiqi, rəqs və məharətli aktyor hərəkətlərindən istifadə etməklə səhnəyə yaxşı bir tamaşa gətirəcəyik".
Rejissorun müşaviri Səidə Hamed sözünə belə davam edib: “Bir çox problemlərə baxmayaraq, biz komanda olaraq 120 tamaşa səhnələşdirə bildik və ümid edirik ki, bu tamaşa ilə mədəniyyətimizi gənc nəslə ötürə biləcəyik”.
Tamaşanın bəstəkarı Qulamrza Mirzəzadə bildirmişdir: Musiqinin hərəkət və rəqsləri tamaşa ilə uzlaşdırılaraq əvvəlki tamaşaya nisbətən yenilənmiş və Koroğlunun musiqisini ifa edərkən biz də tardan, qara neydən, qarmondan bəhrələnmişik".
Tamaşanın digər aktyorlarından Solmaz Haşimi sonda dedi: “Bir neçə ildən sonra professorların və dostların köməyi ilə bu möhtəşəm əsəri səhnəyə çıxara bildik”.

“Koroğlu” tamaşası yanvar ayının 27-dən fevralın 19-a kimi Təbrizin "29 Bəhmən" Mədəniyyət-Bədii Kompleksində səhnəyə qoyulacaq.
28-01-2022, 20:10
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 30 887 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 065, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 319 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 936 475, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 225 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 738 970, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 972 436 təşkil edir.

Bütöv.az
28-01-2022, 20:06
Zakir Sultanova HÖKM OXUNDU

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bütöv.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Cavanşir Süleymanov müdafiə çıxışı edib.

Vəkil müvəkkili barəsində hökm qəbul olunarkən onun səmimi peşmanlığı, cinayət otaqlarının ifşa olunmasına kömək göstərməsi və 5 milyon 338 min 615 manat məbləğində dəymiş ziyanın tam ödənilməsini yüngülləşdirici hal kimi nəzərə atmağı təklif edib.

Müdafiəçi qeyd edib ki, bu miqdarda vurulmuş ziyanın tam ödənilməsi Azərbaycanda ilk haldır:
" Dövlət ittihamçısı 12 il azadlıqdan məhrum edilməsini istəyib.Belə alınır ki, dövlətə dəymiş ziyanın ödənilməsi təşviq edilmir, əksinə cəzalandırılır və qanun bu hissədə əməl olunmur, bu isə qanunvericinin göstərişlərini və hüquq-mühafizə orqanlarının onlara əsaslanan iddialarını inamını pozur. Əgər Z. Sultanov yüngülləşdirici hallar nəzərə alınmadan aldadılıb məhkum olunsa, dövlətə nə faydası olacaq və bu, başqalarına necə örnək olacaq?
Bundan başqa Z.Sultanovun büdcəyə ziyanın əlavə ödəməsi barədə vəsatətinə baxmağınızı xahiş edirəm.Qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və 70-ci maddəsinin müddəalarını Z. Sultanova tətbiq edəsiniz və cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarasınız."
Təqsirləndirlilən şəxsin digər vəkili Vüqar Babayev də eyni məzmunlu çıxış edib.

Prosesdə Mədəniyyət Nazirliyi tərəfindən məhkəməyə göndərilən məktub elan olunub. Məktubda bildirilib ki, cinayət işi üzrə dəymiş ziyan ödənilib və onların əlavə iddiası yoxdur.
Zakir Sultanov məhkəmədki son sözündə hakimlərdən humanist hökm etməyi xahiş edib.

Prosesdə hökm oxunub. Hökmə əsasən Z. Sultanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il azadlıqdan məhrum edilib.

Qeyd olunub ki, Yapı Kredit Bankda olan 600 min avro və üzərinə həbs qoyulmuş sikkələr və digər qızıl-zinət əşyaları dövlət müfünə müsadirə olunmalıdır.

Xatırladaq ki, prokuror Zakir Sultanova 12 il həbs cəzası istəmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!