Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 29-01-2022, 17:55
Bacılar, daha mənə bacın qurban deməyin!

Mənim beş bacım vardı. Amma indiyədək nə qədər zəngin bir xəzinəyə sahib olduğumun fərqində deyildim. Böyük bacım Bahar ailə ömrümüzün ilk baharı oldu. Ata ocağımıza uşaq səsi, övlad nəfəsi gətirdi. Beş bacı, iki qardaşın böyüyü oldu. Bizlər böyüdükcə də o müdrikləşdi, yolumuzu aydınlatdı, bəzən taleyimizə işıq tutdu.


Bəs sən neylədin, ikinci bacım-Elmira?! Ailə sarayımızdan bir “kərpic” saldın. Həm də elə saldın ki, onu nə yerinə qoymaq, nə də yerini doldurmaq olar. Ata ocağından pərən-pərən düşmüş qardaş bacıların qürbətlərdə həyatın hər cür ağrı-acısına sinə gərib duruş gətirdiyi bir vaxtda qəfil gedişinlə qəddimizi əydin, hərəmizin ürəyində bir yara açdın. Elə bir yara ki, nə qaysaq bağlayar, nə sarğı tutar.
Sənin ölümünü heç ağlıma belə, gətirmirdim. Gizlicə arzulayırdım ki, döğmalarımın arasından birinci mən gedim və bu bir bəxtəvər gediş olsun. Bacılarım-Bahar, Elmira, Zeynəb, Əzizə, Nəzifə cənazəmin başında halay çəksin. Qardaşım Neyman el-obanın, dost-tanışın başsağlığını qəbul eləsin. Bacım oğlanları-Şahin, Əleyman, Asif, Əşrəf, Aydın, Ayaz, Kamal, Elçin, Əfranla Əfqan tabutumu qaldırsın, qızlarım isə anaları ilə arxamca baxsın. Gəray gözümə torpaq atsın. Beləcə dünyamızla urvatlı vidalaşım…

Amma sən ömrümün xəzanın gətirdin. Əlimi işdən, dizimi təpərdən, gözümü nurdan saldın. Vallah, sənin qədər mənə zülm eləyən olmadı. Hər səhər çayıma göz yaşı qatdın. Ürəyimin yaşamaq eşqini söndürdün. Çünki son vaxtlar ürəyimdən çox keçirdi ki, sizi başıma yığım, o illərə qayıdaq. Od -ocaqlı, yurd-yuvalı günlərimizi xatırlayaq. Çimənyurda, Musuyurduna yaylağa köçdüyümüzü, Meşəbaşına, Kövşənə binə düşdüyümüzü yada salaq. Yığdığınız kəkotunun, çaşırın, əvəliyin, zərisin, yemliyin, cacığın, talalardan topladığınız çiçəklərin ətrindən danışaq. Əksimizi dəryalara daşıyan ayna bulaqlarımızın axarına düşək, Kurud kəndimizin min cür nemətinin həsrətindən köks ötürək. Qış günləri soba üstünə döşədiyiniz kartofdan, bir az da mən şuluq eləyəndə əlinizə keçəni alıb qovarağımı götürməyinizdən deyib, gülək. Bir sözlə, o bəxtəvər- bacılı günlərimə qayıtmaq istəyirdim. Sən məni qabaqladın. Bizi məzarının başına yığdın. Burda peşman-peşman ağlar qoyduğun bacılarımın, balalarının, gəlinlərinin üzünə baxıram. Bilmirəm hansını ovudum, hansının göz yaşın silim…
İndiyə qədər məndən bir şey istəməyən Səriyyə bu gün qarşıma dikilib dayı, anamı ver,- deyir,-mən anamı istəyirəm! Çarəsizlikdən ona qoşulub ağlamaq, hönkürüb ürəyimi boşaltmaq istəyirəm. Amma sənin taleyin o qədər keşməkeşli, dərdlərin o qədər dözülməz olub ki, səni rahatlıqla ağlamaq olmur. Ağlamaq tutanda ürəyim az qalır yerindən çıxa…

Belə məqamlarda adamı dərdin əlindən xatirələr alır. Bizim də acılı-şirinli xatirələrimiz var. Elə lap sənin uşaq vaxtlarından, yaşıdlarınla “Çatı-çatı”, “Axsaq qıçı”, “Top çəmən”, “Beşdaş” oynadığın, oyununuz pozulanda qardaşın ölsün deyən qızlarla saçyolduya çıxdığın günləri xatırlayıram. Yeni ildə Bahar bacımla, Zeynəblə birlikdə bizə “Yolka” bəzəyərdiniz. O vaxtlar indiki kimi zənginlik olmadığından Ardıc ağacına pambıq dolayıb, konfet, şokolad asmaqla gözəlləşdirərdiniz. Neymanla ikimiz xəlvətcə şokolatı soyub içini yeyər, kağızını olduğu kimi asılı saxlayardıq. Bu əməlimizdən “Yolka”nı sökəndə xəbər tutardınız. Növbəti bayramda-“Novruz” ərəfəsində isə bizə səməni cücərdər, yumurta boyayardınız. Beləcə xoşbəxt günlərimiz gəlib keçərdi…

Bir-birindən şirin, bir-birindən əziz olan o günlər geridə qaldı. Böyüdün. Ailə qurdun, ana oldun. Elə bir ana ki, övladların üçün kömür külünə dönəcək qədər yandın. Sovet dövründə bizim tərəflərdə görünməmişdi ki, hansısa valideyn neçə günlük yola çıxıb əsgər yanına getsin. Sən onu da etdin. İki illik ayrılığa dözə bilmədin. 1987-89-cu illər arasında bibimiz oğlu Əbülfəti bələdçi götürüb, Sverdlovsk vilayətinə-Asifin xidmət elədiyi hərbi hissəyə gedərək çəkdiyin bala həsrətinə son qoydun.
Qəribədir ki, ikimiz də martın 20-də doğulmuşuq. Sən ikinci bacı, mən ikinci qardaşam və sən nədənsə həmişə düşünürdün ki, bizi bir-birimizə bağlayan nəsə var. O qədər ibadətə bağlanıb, axirətə köklənmişdin fikirləşirdim ki, ya bacım məni bir qardaşı istəyəcəyindən çox istəyir, ya da bu bir fanatizmdir. Ona görə də hər şeyi İlahi mühakiməyə verir. Amma 2021-ci ilin dekabrında sənin haqlılığına əmin oldum. Belə əmin oldum ki, məni bir anın içində öldürücü həyəcan bürüdü. O cür dəhşətli həyəcanı heç zaman hiss etməmişdim. Nə müharibə bölgəsində, nə də 1988-ci ildə valideynlərimizi Qafandan gətirərkən erməni quldurları üstümə silah çəkəndə. Sən demə məni həyəcan basanda sən haqqa yürüyüb aramızdakı o İlahi bağı qoparırmışsan.
Bəli qopardın, həm də hamı ilə bütün bağları qopardın. İndi əzizlərin, səni sevənlər, tanıyanlar, xətrini əziz tutanlar xəyalınla danışır, səni xatirələrlə anırlar. Qayının oğlu Bəylər onu qollarının üstündə necə layla çalıb yuxuya verdiyindən, Vüqar isə onu oğlanlarından heç ayırmadığından ürək dolusu danışır. Övladların ana qayğını, şəfqətli əl işlərini, güzəranınızın ağır vaxtlarında uşaqlara şərf, əlcək, corab, papaq, palto toxuduğun günləri yada salırlar. Sonbeşiyin Ayazın dostu-Şahinin isə xatirələri qurtarmaq bilmir. Gah qızı Nərgizə, gah ailəsinə, gah da özünə olan analıq münasibətindən söz açır:

“Elmira xala bambaşqa idi,- deyir. Ayazla mənə heç fərq qoymazdı. Hətta bəzən mənə daha çox ərk edər, ona demədiklərini mənə deyər, mənə ürək qızdırardı. Mən də onun qulluğunda anam qədər sevə-sevə durardım, buyruqlarını can-başla yerinə yetirərdim. Əlinin duzunu, bişirdiyi yeməklərin ləzzətini də süfrəsinə qonaq olan hər kəs bilir. Onun bişirdiyi şirniyyatları, pirojkiləri xoşladığımı bildiyindən hər gələndə, iki daşın arasında olsa belə, mənim üçün bir şey bişirər, evə də pay göndərərdi. Həm də bizə üç pay qoyurdu. Birin yoldaşıma, birin anama, birini də qaynanama. Elə bizimkilər də onu o ki var əzizləyirdilər. Çox həssas olduğu üçün çalışırdıq ki, bütün hərəkətlərimiz ürəyincə olsun. Elmira xalanın yeri bizim ailədə hələ çox görünəcək”.
Bacı, xatirələrinlə bağlı söhbətimizi can bacım, sirrim, sirdaşım bacım, zəhmətkeş, cəfakeş bacım, hamının dərdini öz içindən keçirən bacım, tənhalara bacılıq edən mərd bacım, kişi tinətli bacım, süfrəsi boş analara süfrə açan bacım, -deyə- qulaqlarıma çığlayan bir səs pozdu. Uşaqların yerbəyerdən qalxıb qucaqlayanda öyrəndim ki, o səs 40 illik iş yoldaşın, 50 illik sirdaşın, dərddaşın olan Gəncə xanımın səsidir. O da qara xəbərin qanadında gəlib, səfi pozulan bacılarımıza qoşuldu və onu sənin yerinə qoydum. Qoydum ki, yenə 5 bacım olsun. Sənin üçün darıxanda ona zəng eləyim. Elədim də. Səsimi eşidib, adımı duyanda Tamxil, sənə qurban olum,- dedi. Ətim ürpəşdi. İstədim qışqıram, haray çəkəm ki, bacılarım, daha mənə bacın qurban deməyin! Bacı qurbanlığı çox acıymış…
Mənim bacım- Elmira Ziyəddin qızı Hacıyeva Zəngəzur mahalının Kurud kəndində doğulmuşdu. Kənddəki 8 illik məktəbi bitirdikdən sonra ailə qurmuş, bir müddət sonra Rabitə Texnikumunda təhsilini davam etdirmişdir. Bundan sonrasını onun hər sirrinə bələd olan Gəncə bacımdan dinləyək:

“40 ilimiz birgə keçdiyinə görə, aramızda sabahın xeyir, gecən xeyirə sözü olmayıb. Mən 1971-ci ildən Sumqayıt şəhərində Mərkəzi poçtda işləyirdim. Elmira bacım da 1975-ci ildə gəldi. Mən onda briqadir işləyirdim, o da poçtalyon işinə düzəlmişdi. Bildiklərimi ona da öyrətdim. 5-6 ay poçtdaşıma şöbəsində işlədi. Texnikumu bitirəndən sonra əməliyyatçı işlədi. Daha sonra işinə məsuliyyətini və diplomunu nəzərə alıb onu o vaxtlar Stansiya Sumqayıt adlanan qəsəbədəki poçt şöbəsinə müdir təyin elədilər. Orda bir neçə il işlədikdən sonra 9-cu mikrorayonda böyük bir poçtçatdırma şöbəsi yaradıldı. Demək olar ki, şəhərin bütün poçtlarını, poçtalyonlarını ora birləşdirdilər. Bir növü mərkəzləşdirilmiş poçt oldu. Hardasa 150-dən artıq işçisi vardı. Elmira bacımı həmin poçta rəis təyin elədilər. Eyni vaxtda həm oxumaq, həm işləmək, həm də 5 uşaq böyütmək hünər istəyirdi. Belə ağır şəraitinə baxmayaraq çox məsuliyyətli, tələbkar, işinin öhdəsindən gələn idi. Verilən bütün tapşırıqları, iş öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirirdi. Yoldaş olduğumuz illər ərzində kiminsə ona işinə görə irad tutduğunu görmədim. Çünki o qüsurlu iş görməzdi. Sonra həmin şöbə iş prinsipinə, plan tapşırıqlarını ödəməkdə fərqləndiyinə, bir sözlə öncüllüyünə görə onu 1 saylı şöbə elan elədilər. Elə bacımız da pensiyaya çıxana qədər orda işlədi. 25 ildən sonra mən də onun müavini oldum.
Hansı şöbəki geri qalırdı, işləri yaxşı getmirdi bacımı ora göndərirdilər. Gedib 2-3 aya işləri qaydasına qoyub, şöbəni qabaqcıllar sırasına çıxarıb geri dönürdü. Belə gördüm mən onu. İşcilər arasında həmişə birinci olub. Əmək veteranı idi. Dəfələrlə mükafat, fəxri fərman almışdı. Deyim ki, təkcə işin nəticəsini fikirləşirdi yox, işçilərin də qayğısına qalan, kimin nə problemi olsa həll etməyə çalışan gözəl insan, cəfakeş ana idi. Uşaqlarının hamısı gözümün qabağında böyüyüb. Ürəklə deyə bilərəm ki, nə yaxşı xasiyyət varsa Elmira bacımda cəmlənmişdi. Bizim münasibətimiz işçi-müdir münasibəti deyildi. Biz sirdaş idik. Mənim 3 bacım var, onlarla bir o qədər sirdaş olub dərdləşə bilməmişəm. Onunla bütün dərdimizi, sirrimizi bölüşürdük. Ona çox isnişmişdim. Pensiyaya çıxıb işdən ayrılsaq da, bir- birimizdən ayrıla bilmirdik.
O, məni həmişə qoruyurdu. Ayaz Bakıya köçəndə onu da apardı. Ondan sonra görüşə bilmirdik. Bir dəfə 9-cu mikrorayondan əşyaların aparmağa gəlmişdi, mənə zəng elədi. Tez taksi tutub gəldim. Görüşdük, dərdləşdik. Neçə dəfə qapının kandarına çıxıb geri qayıtdım. Heç ayrıla bilmirdik. Bir-birimizə sarılıb ağlaşıb ayrıldıq. Bu son görüşümüz oldu. “Korona” bəlası çıxandan bəri, ancaq telefonla danışırdıq. Mənə deyirdi, heç yana getmə. Vaksin də vurdurmamısan, özünü qoru!
Can bacım, o, məni qorudu, mən onu qoruya bilmədim, qardaş, 50 illik xatirə danışmaqla bitən deyil. Konturun qurtarır. Bircə onu da deyim ki, səndən çox danışırdı. Səninlə nəfəs alırdı, deyirdi ürəyim Tamxilnən döyünür.

Bacı, mən daha çox dinləmək, ürəyinin döyüntülərini duymaq istəyirdim. Amma Gəncə bacım konturun bitər,- deyib ara verdi. Nə deyim? Bütün bacılar belədir. Hamınız qardaşların qəhrin çəkir, özünüzü qurban deyir, amma malına, puluna qıymırsınız.
Xatirələri dinləyə-dinləyə 45 il əvvələ getdim. Hərbi komissarlıqdan çağırış vərəqəsi gəlmişdi. Bir neçə gündən sonra əsgər gedəcəkdim. Anam hazırlıq görürdü, mən yatırdım. Elə təzə yuxuya getmişdim ki, üzümə damcı düşdü. Gözümü açanda gördüm Elmira başımın üstündə durub ağlayır. Onda bir az arıq, çəlimsiz idim. Həmin il məni xidmətə aparmadılar. Sən demə, Elmira atama yalvarıb ki, komissarlığa get, onu heç olmasa bircə il saxlat, bir az muğayat olaq, ətə-qana dolsun!
45 il sonra dumanlı, çiskinli havada bacımı torpağa tapşırıb evə gəlmişdim. Təsvir edə bilməyəcəyim duyğularla, əzgin vəziyyətdə çarpayıya uzandım. Gördüm yenə bacım başımın üstündədir, amma bu dəfə ağlamırdı. Gözlərimi sığallayırdı. Bir xeyli sığal çəkəndən sonra gözümü açdım. Ətrafa baxdım, kimsə gözə dəymirdi…
Elmira, o gündən xəyalın əlimdən tutub məni gəzdirir. Hara getsəm gözümün önündəsən. Baxdığım hər yer, gördüyüm hər şey səni xatırladır. Geyindiyin paltarın heç birinin rəngi yadımda deyil. Səni hər yerdə ağ geyimdə görürəm. Bəlkə havalanmışam, bəlkə dəli olmuşam, bilmirəm. Onu bilirəm ki, dekabrın 22-dən sonra ilk dəfə yanvarın 22-də başımı qaldırıb göy üzünə baxdım. Bircə ulduz görünürdü. O da səni xatırlatdı, sənin kimi ağ geyimdə bərq vurur, göy üzündə cilvələnirdi. Baxmaqdan doymadım. Gözlərimin dəryasında qərq olunca baxdım. Və uşaqlar nəvələrin Billurla Elmiranı inandırdıqları kimi, mən də özümü inandırdım. İnandırdım ki, o göy üzündə gördüyüm sənsən…

Bacı, hər bahar gələndə, hər torpaq oyananda, hər “Novruz” yaxınlaşanda qəbir ziyarətinə gedirdim. Nakam qardaşı ilə həddi buluğa çatmamış balalarını başına yığan atamın ziyarətinə. Baxırdım ki, məndən qabaq biri gəlib. Qarayaşlı Şərəfxanımın, 3 yaşına çatmamış haqqa qanadlanan Məshətimin qəbri üstünə bayram səmənisi qoyub, ətrafını qərənfillərlə bəzəyib. O, sən idin. Gəlişindən, gedişindən bilirdim. Nə mən deyirdim, nə də sən eşitdirirdin. Hər kəs bildiyini özündə saxlayırdı. Budur, yenə “Novruz” yaxınlaşır, yolunu gözləyirlər, yəqinki bu dəfə gələ bilməyəcəksən. Amma əminəm ki, ruhun gələcək, nə vaxt gəldiyini, necə gəlib getdiyini bilən olmayacaq. Mənimlə halallaşmağa gəldiyin kimi…
Son gəlişin çox həzin, çox hüznlü idi. Ağrıdığın üçün heç maskanı da çıxarmadın. Danışmaq da istəmirdin. Həmişə sənə pay qoyanda hay-həşir qoparırdın, bir çöpümüzü, belə, aparmağa qıymırdın. Amma bu dəfə Allah verəndən nə qoydularsa dillənmədin, götürdün. Gedəndə də Allah gözümü kəsməsin,- dedin. Qal dedim,- səhər səni həkimə aparım. Qalmadın. Həmişə səni darvazadan özüm yola salırdım. Bu dəfə getməyini istəmirdim, deyə-qüssə məni basmışdı. Dalınca çıxa bilmədim. Uşaqlar yola saldı və bu son gedişin oldu. Xəstəxanaya getdin. Nigaran olanlara deyirdim,- Elmira mənimlə halallaşmadan getməz, siz narahat olmayın! Amma sonradan anladım ki, sən o gün xəstə halınla elə mənimlə halallaşmağa gəlibmişsən. Payımız da axır payın olduğu üçün xətrimizə dəyməmisən…
Oturub şəkillərinə baxırdım. Həmidənin toyunda qoluma girib çəkdirdiyin son şəkildə o qədər bəxtəvər görünürsən ki. Kaş mən yanında olanda nə qədər bəxtəvər olduğunu sağlığında bilərdim. Bilsəydim səndən heç ayrılmazdım…

Bacı, mənsiz keçən ağır günlərində yanında ola bilmədiyim üçün məni bağışla! Onsuz da özüm bağışlaya bilməyəcəyəm, heç olmasa sən bağışla!
Sən məni bağışla, qurbanın olum,
Dar gündə yanında ola bilmədim.
Səndən əsirgədim, qırılsın qolum,
Qolumu boynuna sala bilmədim.

Qocalmamış tor ələndi gözümə,
Titrəyir əllərim, baxmır sözümə.
Sən gedəndən yer tapmıram özümə,
Bir yer elə gələcəyəm yanına.

Cismimdə canım yox, ruhum da uçub,
Gecələr yatmıram, yuxum da qaçıb.
Qırx günün içində dərdim dil açıb,
Fikir verən yoxdu ah-fəğanına.

Göz yaşımla xatirəni yazıram,
Misra-misra məzarımı qazıram.
Ağ kəfəndə görüşünə hazıram,
Qıyarsanmı Tamxil qıya canına?!

Bilirsən könlümə nə düşüb? İstəyirəm Kurutda-ata evimizdə olaq. Mən nadinclik eliyəm, sən də odun sobasının qırağından maşanı götürüb məni gözdən itənə qədər qovasan. Amma qayıdanda səni evimizdə görəm…
Bacı, bilirəm, ruhun da mənimlədir. Ona görə sənə bir sirr verəcəm. İlk rekviyemi Sumqayıtdakı “Uşaq məzarlığı”nda yazmışdım. Deyəsən mənə yazı qabiliyyəti verənə xoş getməmişdi. İki körpə balamı əlimdən aldı. Sonra əzizlərimi, dostlarımı aldı, mən yenə yazdım. Axırda məni cəzalandırmaq üçün səni əlimdən aldı. Budur, yenə Sumqayıt məzarlığındayam. Bu dəfə səninlə təkbətək, baş-başa. Elə burdaca sənə bir söz verirəm, daha rekviyem yazmayacağam…

Sonuncu sözümü də deyim biləsən ki, sənə görə yüzlərlə bəlkə də minlərlə dost-tanışım, əqidədaşım, el-oba adamı, Bütöv Azərbaycan sevdalısı dərdimə şərik olub. Üzbəüz, telefonla, qəzet, social şəbəkə vasitəsilə mənə başsağlığı verib, səbr diləyiblər. Onlardan bircəsinin adın şəkəcəm, Əntiqənin. Məni özünə qardaş sayan Əntiqə Rəşid bircə kəlmə dedi. Dedi qardaş, “keşkə” Allah sənə o dərdi verməyəydi.
Bacı, bu “keşkə”nin ifadə tərzi mənə madar qardaşını faciəli şəkildə itirmiş bir bacının fəryadı, naləsi kimi gəldi. Heç deyə bilmədim ki, bəli, kaş ki, Allah heç birimizə bu dərdi verməyəydi. Bu dərddən bitməyən həsrət doğur.

Həsrətlə: qardaşın
Tamxil Ziyəddinoğlu


P.S. Fürsətdən istifadə edib dərdimizə şərik olan, bizə başsağlığı verib, səbr diləyən hər kəsə ailəmiz adından minnətdarlığımızı bildiririk. Hər birinizə xeyir işlər arzulayırıq!



Paylaş



Bölmə: Sosial / Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!