Dəməşqdə iki güclü partlayış .....                        ABŞ Suriyanın şərqində hərbi varlığını saxlayacaq .....                        Mənbic əməliyyatı başladı - Suriya müxalifəti irəliləyir .....                        Paşinyan Qərbdən dəstək axtarışında: Parisdə Makron və Trampla görüş .....                        Suriyalılar artıq ölkələrinə qayıda bilər - Hakan Fidan .....                        Bəşər Əsəd təyyarə qəzasında öldü - ŞOK İDDİA .....                        Tükiyə və ABŞ rəsmiləri Suriyadakı durumu müzakirə ediblər .....                        Əsəd qaçıb, Rusiya Suriyaya marağını itirib - Tramp .....                        Dəməşqdəki İran səfirliyi qarət edildi .....                       
18-10-2024, 16:27
Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) İdarə Heyəti üzvləri və Qarabağ Universitetinin rəhbər heyəti arasında görüş keçirilib.



Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) İdarə Heyəti üzvləri və Qarabağ Universitetinin rəhbər heyəti arasında görüş keçirilib.

DAAB-ın təşəbbüsü ilə onlayn formatda baş tutan görüş tədris, elmi-tədqiqat, eləcə də Qarabağ Universitetinin beynəlxalq səviyyədə tanınması və nüfuzunun gücləndirilməsi istiqamətlərində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi daşıyıb.

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən alimlərin qatıldığı görüşdə DAAB-ın İdarə Heyətinin sədri, professor Məsud Əfəndiyev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov giriş sözü ilə çıxış ediblər.

DAAB-ın əsas fəaliyyət istiqamətləri və xaricdə yaşayan azərbaycanlı alimlərin birgə tədbirləri barədə məlumat verən M.Əfəndiyev görüşün önəmindən danışıb. Cari ilin sentyabrında Azərbaycanda keçirilən forum çərçivəsində Qarabağ Universiteti heyəti ilə bir arada olduqlarını xatırladan M.Əfəndiyev bu tipli görüşlərin davamlı keçirilməsinin əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib. Qeyd edib ki, reallaşdırılacaq birgə fəaliyyətlər həm Qarabağ Universitetinin elmi potensialının gücləndirilməsinə, həm də bölgənin inkişafına töhfə baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.

Möhtərəm Prezidentimizin "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir" sözləri ilə çıxışa başlayan rektor Ş.Bayramov işğaldan azad olunmuş əzəli yurdlarımızda belə bir müasir ali təhsil müəssisəsinin qurulmasında dövlətin yüksək diqqət və qayğısından danışıb. Xaricdə yaşayan azərbaycanlı alimlərin Qarabağ Universitetinə böyük maraq göstərməsindən məmnunluğunu ifadə edən Ş.Bayramov əməkdaşlığın potensial istiqamətləri barədə geniş təqdimat edib. Tədris, elmi-tədqiqat və beynəlxalq fəaliyyət sahəsində mümkün işbirliyindən danışan Ş.Bayramov DAAB ilə əməkdaşlığın universitetin strateji hədəflərinə çatma yolunda əhəmiyyətli rolunu vurğulayıb. Bildirib ki, tədqiqat əsaslı universitetə çevrilməyi hədəfləyən Qarabağ Universiteti dünyanın aparıcı universitetləri və elmi-tədqiqat institutlarında çalışan azərbaycanlı alimləri bir araya gətirən DAAB ilə əməkdaşlıqda maraqlıdır.

Müzakirələrlə davam edən görüşdə xaricdə yaşayan alimlər institusional və fərdi formatda reallaşdırıla biləcək konkret addımlar barədə təkliflər səsləndiriblər.

Qarabağ Universitetinin hərtərəfli inkişafına dəstək məqsədi daşıyan birgə elmi-tədqiqatların aparılması, ortaq elmi tədbirlərin təşkili, müasir laboratoriyaların və tədqiqat mərkəzlərinin qurulması, Universitetin tanıtımı, tələbələr və əməkdaşların müxtəlif təlim, təcrübə və mübadilə proqramlarına cəlb olunması və digər mövzularda fikir mübadiləsi aparılıb.

Sonda ilkin razılıq əldə olunmuş istiqamətlərdə müzakirələrin davam etdirilməsi və birgə fəaliyyət planı layihəsinin hazırlanmasına start verilməsi məqsədilə hər iki tərəfin müvafiq əməkdaşlarından ibarət birgə işçi qrup formalaşdırılıb.

Qeyd edək ki, Qarabağ Universitetinin tədqiqat əsaslı universitet modelində inkişaf etdirilməsi məqsədilə xaricdə yaşayan azərbaycanlı alimlərlə əməkdaşlıq diqqət mərkəzində saxlanılır.

#QarabağUniversiteti #KarabakhUniversity #Xankəndi #Khankendi #Qarabağ2024 #Karabakh2024 #Azerbaijan #Alimlər #Görüş #Onlayn
18-10-2024, 11:50
Başlanğıcdan sona doğru: mənim səyahətim



Başlanğıcdan sona doğru: mənim səyahətim

Məzuniyyətə doğru irəlilədikcə, belə həssas anlarda, universitet həyatımı formalaşdıran təcrübələrimə geri dönərək düşünürəm. Universitet illəri, yalnız akademik biliklərin əldə edildiyi bir dövr deyil, eyni zamanda dostluqların qurulduğu, yeni maraqların kəşf olunduğu və şəxsi inkişafın baş verdiyi bir zaman dilimidir. Yaşadığım hər an — istər həyəcan dolu olsun, istər əyləncəli anlar mənim bugünkü kimliyimi formalaşdırıb. Bu yazıda yadımda qalan sevinclərimi, kədərlərimi, öyrəndiyim dərsləri və qurduğum dostluqları sizinlə paylaşacağam. Çalışacağam ki, universitet macəramın canlı mənzərəsini sizin üçün "çəkim". Təəssüf ki, mən universitet həyatıma pandemiya vaxtı başladım. İlk semestr dərslərimiz hibrid formada keçirilirdi. Bu səbəbdən bəzi müəllimləri çox az tanıdım. Bu müddətdə həm yaxşı, həm də müəyyən mənada qəliz müəllimlərlə qarşılaşdım (yəqin ki, ifadəmə görə inciməzlər). Yaxşı müəllimlərim, dərsləri maraqlı və mənalı edən mənə motivasiya verən insanlar oldu. Univerisitet illərimdə xüsusilə Mübariz Göyüşlü və Qərənfil Dünyaminqızı kimi sevimli müəllimlərimin rəhbərliyi və dəstəyi mənim üçün böyük bir ilham mənbəyinə çevrildi. Mübariz müəllim sadəcə mənim yox, demək olar, fakültədəki bütün tələbələrin ən sevimli müəllimidir. Deyərdim ki, hər dərsi bir-birindən maraqlı idi. Bu yaxınlarda Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Mübariz Göyüşlünün "II Qarabağ müharibəsinin Türk ölkələrinin mətbuatında əks olunması" mövzusunda elmi seminarı keçiriləcək. Bu səbəbdən müəllimimizə uğurlar diləyirəm. Digər əziz müəllimim Qərənfil Dünyaminqızının mühazirələrindəki təqdimatı və tələbəlik illərindəki jurnalistika fəaliyyəti ilə bağlı xatirələrindən bəhs etməsi məni təhsil aldığım sahəyə çox həvəsləndirdi. Yeri gəlmişkən qeyd edim ki, ötən həftələrdə Türk dünyası üçün əlamətdar hadisələrdən biri — Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunan və Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi baş tutdu. Və bu əlamətdar hadisə içində digər bir tarixi ana fakültəmiz timsalında cəmiyyətimiz, xalqımız şahidlik etdi. Əli bəy Hüseynzadənin 160 illiyinə həsr olunan "Füyuzatçılar" kitabının təqdimetmə mərasimi baş tutdu. Əlbəttə, müəllif bizim dəyərli müəllimimiz Qərənfil Dünyaminqızı idi. Tədbirdə iştirak etdim və müəllifin kitabını imzalı şəkildə əldə etmiş oldum. Qarşıda bizi sonuncu semestr imtahanı gözləyir. Və hər dəfə təqvimdə yanvar ayını gördükdə tanış bir gözləmə və narahatlıq hissi içimi bürüyür. Mənə görə bu ay sadəcə qiymətlərdən ibarət deyil; biliklərimi, vaxtımı düzgün idarə etmək üçün bir dövrdür. Hər il bu dövr gecə-gündüz dərs hazırlığı və məsuliyyətli anlarla dolu olur. İmtahandan "A" aldığımda yaşadığım sevinc, bütün zəhmətimin qarşılığının simvoludur. Universitet illərimdə klassik dünya ədəbiyyatına marağım artdı. Dünya ədəbiyyatını daha çox mütaliə etdikcə müxtəlif mədəniyyətlər ilə tanış oldum. Hər bir klassik mənə yalnız fərqli dövrlər və cəmiyyətləri tanıtmadı, eyni zamanda sevgi, mübarizə və kimlik kimi mövzular üzərində düşündürdü. Bu əsərlərin zamansızlığı, həyatımın növbəti mərhələsinə hazırlıq görərkən mənə ilham verməyə davam edir.
Tələbəlik müddətində qrup yoldaşlarımla o qədər də yaxın olmasam da ilk illərdə bir neçə qrup yoldaşımla dərsdən sonra bəzən kinoya və ya restorana getmək üçün bir araya gəlirdik. Bu qeyri-rəsmi qarşılıqlı əlaqələr, dərindən şəxsi olmasa da, universitet təcrübəmə əyləncə qatdı və dostluqlarımı, necə olursa-olsun, qiymətləndirməyimə kömək etdi. Gələcəkdə bu anları yanımda daşıyacaq, sadə, amma mənim üçün dəyərli anların verdiyi sevinci unutmamağa çalışacağam.

Nuranə İsmayılova

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
18-10-2024, 09:33
ODLAR ÖLKƏSİYƏM

ODLAR ÖLKƏSİYƏM
Qafqazın qoynunda ulu bir diyar,
Zəngin bir məmləkət tutubdur qərar,
Azərbaycan, tarixlərdə yeri var!
Ucalıq bəxş edib ona Yaradan,
Varlığnı eyləyib aləmə bəyan.

Burda qəhrəmanlar haqdan güc alıb,
Keşməkeşli tarix şanlı iz salıb,
Müdriklik, alilik pak miras qalıb.
Hər kəs bir-birinə olarlar həyan,
Varlığnı eyləyib aləmə bəyan.

Odlar ölkəsiyəm, gücəm, qeyrətəm,
Hürriyyət eşqiylə yanan millətəm,
İstiqlal himnindən doğan hikmətəm.
Həqiqət atəşi inam və iman,
Varlığnı eyləyib aləmə bəyan.

Soranlar qoy bilsin ağırdır çəkim,
Oğuzlar mülkünə bağlıdır köküm,
Elm dəryasından İncidir yüküm,
Müqəddəs nurlardan çağlayan ümman,
Varlığnı eyləyib aləmə bəyan.

Zəkiyyəyəm, candan əziz bir canım.
Ruhumun qidası şərəfim, şanım,
Milyonlara qucaq açan ünvanım,
Cənnətin özüdür bil, Azərbaycan!
Varlığnı eyləyib aləmə bəyan!

Bayramınız mübarək olsun əzizlərim 👏
Zəkiyyə MUSAQIZI
18-10-2024, 08:43
Zəfər Yolu

Zəfər Yolu


Qədim tarixə, mədəniyyətə malik olan Azərbaycan yeni əsrin ən böyük “Zəfər yolunu” başa vurmuş və qızıl hərflərlə tarixə düşmüşdü. Bəli, bu tarix digərlərindən çox fərqli idi. Çünki bu tarix Azərbaycan əsgərinin qanı ilə yazılan və yaddaşlara həkk olan tarix idi. Bu tarix namus, əqidə üstündə qurulan, öz canlarını torpağa bağışlayan, sevinc və kədəri bir gətirən “Zəfər Yolu” tarixi idi.
Xalq olaraq belimizdə çox ağır bir yük var idi, sanki Himalay dağları üstümüzə çökmüşdü. Bəs nə idi bu yük? Bəli, bu yük 30-illik düşmən taptağı altında olan Qarabağ yükü idi. Kimisi o torpaqların həsrəti ilə canını tapşırdı, kimisi isə bu acı reallıq ilə həyatına davam etdi. Lakin ümid var idi üç rəngli bayrağımızın Qarabağda dalğalanmasına. 2020-ci il – Ermənistan tərəfi yeni təxribatlara əl atmağa davam edirdi. Artıq Azərbaycan xalqı, Azərbaycan dövlətinin səbri tükənmişdi. Həmin ilin iyulunda Ermənistan hərbi birləşmələri Azərbaycanın dövlət sərhədində, Tovuz istiqamətdəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə hücuma cəhd etdilər. 11 gün davam edən şiddətli döyüşlər nəticəsində düşmən geri oturuldu. Döyüşlərdə 3- cü ordu birliyinin qərargah rəisi general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə yanaşı, Azərbaycan ordusunun 12 hərbiçisi və bir mülki şəxs həlak oldu. Ermənistan tərəfi bununla kifayətlənməyib yeni təxribatlara əl atdı. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistan hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi.
Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırdı. Rusiya, Fransa və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi. Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyev, Rsuiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00- dan etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı.
Müqaviləyə əsasən Azərbaycan müharibə zamanı işğaldan azad etdiyi ərazilərə nəzarəti əlində saxladı. Ermənistan isə işğal altındakı keçmiş DQMV ətrafı əraziləri Azərbaycana qaytardı. 2 minə yaxın rus əsgəri Ermənistan və Dağlıq Qarabağ arasındakı Laçın dəhlizi boyunca və keçmiş DQMV-nin Azərbaycanın nəzarətində olmayan hissəsində ən azı 5 il müddətinə sülhməramlı qüvvələr olaraq yerləşdirildi. Artıq müharibə bitmişdi. Qəribə bir ab-hava var idi, Azərbaycanda. Sevinc və kədər göz yaşları dəli Kürlə sakit Arazın birləşdiyi kimi qarışmışdılar bir- birlərinə. Bütün Azərbaycan üçrəngli bayrağa bürünmüşdü.
Bəli, müharibə göz yaşı, kədər gətirir. Gedənlər bir də qayıtmayacaq. Onlardan bizə xatirə olaraq ailələri və yaxınlarının o ürək dağlayan sözləri qalacaq. -Bir ali təhsilli əsgər yoldaşım var idi. Mənə söz vermişdi ki, tərxis olandan sonra yanına gələcəm. Tərxisinə 3 ay qalmışdı ki, şəhid xəbərini eşitdim. Həmin gecə yuxuma gəlmişdi. -Müharibə vaxtı döyüş yoldaşım qollarımda şəhid oldu. Son sözü isə “Atama deyin ki, mən yaramaz, tənbəl deyildim, vallah, deyildim !”
Baş gizir rütbəsində olan bir qardaşı hospitala gətirdik. Əməliyyatxanada çarpayıya yatırdıq. İki ayağı dizdən aşağı yox idi. Gözümün içinə baxdı, “qoymayın ölüm, üç balam var”,- dedi və şəhid oldu. Unutmayın ki, əgər rahat nəfəs alıb, gəzib, istədiyiniz hər şeyi rahat edə bilirsinizsə, bunların hamısını bu dünyadan köçən şəhidlərə borclusunuz.
Bir gün çiyinlərdə bir tabut gedər,
Bir cəsəd sevdası yandırar səni,
Yoxluğum qar kimi yağar üstünə,
Təpədən dırnağa dondurar səni.

Daha ulduzlara tənha baxarsan,
Tənhalıq bıçaqtək tökər qanını.
Qaranlıq otaqda dəli olarsan
Səssizlik kar edər qulaqlarını.


Payız daha gözəl görünməz sənə
Yağan yağışlar da ovutmaz artıq,
Gözünün yağıştək yağan yaşını,
Min günəş çıxsa da qurutmaz artıq.

Qalarsan əllərin yanaqlarında,
Axan göz yaşını silib gedərsən.
Ürəyin istəsə, açıqdır qapım,
Hərdən məzarıma gəlib-gedərsən.

Gəlib baş ucumda durarsan səssiz,
Ruhum səni görüb sevinər bəlkə.
Onda nə çəkmişəm bilərsən sənsiz,
Buz kəsmiş ürəyin isinər bəlkə.

Sonra baş daşımda rəsmimə baxıb,
Xəyala dalarsan, gülərsən bir az.
Məni öldürdüyün azdır, əzizim,
Bacarsan özün də ölərsən bir az.

Mayıl SOLTANOV,
BDU Jurnalistika fakültəsinin tələbəsi
18-10-2024, 07:52
Çiçək ananın çiçək açmayan arzuları

Çiçək ananın çiçək açmayan arzuları

Nakam taleyim, şəhidim Rəşadım, ümidsiz Ümidim. Bu dəfə söz açdığım qəhrənanım tək şəhid deyil, eyni zamanda onun anası Çiçək xanımdı. Tanışlığımız qeyri adi oldu. Yaşadığım Culfa rayon şəhidləri haqqında olan araşdırmalarım davam edirdi. Hər zaman axtarışda idim ki, bəlkə hansısa qəhrəmanımız diqqətdən yayınar. Tale elə gətirdi ki, şəhid tədbirlırinin birində elə məqamı şəhidlərimizin məqamı qədər uca olan o şəhid anası Çiçək xanımla tanış oldum. Arzuları çiçək açmayan, Çiçək ana. Çiçək ananın şəhid oğlu Sahib haqqında yazdığım şeiri ailəsinə təqdim etmək istəyərkən anası ilə söhbətim bir az geniş oldu. Anaya bir neçə sual ünvanladım…
Arada kövrəldik də, ağladıq da. O, mənə dua edirdi, mən isə ananın könlünü almaq istəyirdim. Amna bu təskinlədici cümlələrimin içərisində həqiqətlər var idi. "Şəhidlər ölməyir, sağdır" və s. Anaya dəstək olmağa çalışsam da doğrusu həmin gecə demək olar ki, gözümə yuxu getmədi. İki gün sonra Çiçək xanıma yenə zəng etdim. Həm Ananın halını soruşmaq, həm də mövzunu tamamlamaq üçün. Ananın dedikləri heyrət doğururdu.Hətta söhbət əsnasında belə bir ifadə işlətdi:
"Qızım, görürəm, sən mənimlə çox maraqlanırsan. Mənim dərdim çoxdur. Tək şəhidimin dərdini çəkmirəm" Bu sözləri eşidəndə fikirləşdim ki, yəqin Sahibin üç qız övladının atasız qalmağını nəzərdə tutur. Söhbət etdikdən sonra ananın bu məqamla bərabər digər narahatlığı aydın oldu. Çiçək xanım arada üç il fasilələrlə ard-arda ağır niskillər yaşamışdı. Əvvəlcə həyat yoldaşı 51 yaşında avtomobil qəzasında dünyasını dəyişmişdi. Sahib hərbiçi olduğu üçün ailənin bütün çətinlikləri Sahibin qardaşı Ümidin üzərinə düşür. Çox əziyyətlər çəkir. Ailə özünü tam toparlamamış Çiçək xanımın ailəsində ikinci bədbəxtlik baş verir. Ümid 21 yaşında dünyasını dəyişir. Çiçək xanımın bütün dünyası alt-üst olur. Təbii ki, bir hərbiçinin ailəsində baş verən çətin məqamlar Sahibin də dünyasını alt-üst edir. Əvvəlcə atasını, üç il sonra isə qardaşını itirmək Sahib üçün ağır olur. Bütün bunlara rəğmən Sahib, yenə də öz hərbi vəzifəsini laiqincə davam etdirir. 26.06.2020-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunur.
Qısa arayış: Baş cavuş Məmmədov Sahib Yaşar oğlu 1989-cu ildə noyabr ayının 13-də NMR-nın Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur.1996-2007-ci illər ərzində Yaycı kənd 1 saylı orta məktəbdə təhsil almış, 2008-ci ilin yanvar ayından 2009-cu ilin iyul ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. 2011-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. 2020-ci ildə sentyabr ayının 27-də torpaqlarımızın bütövlüyü uğrunda əks hücum nəticəsində başlanan Vətən müharibəsində qəhrəmanlıqla iştirak etmişdir. Lakin 19 oktyabr 2020-ci ildə Fizuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 24.10.2020-ci ildə Yaycı kənd qəbristanlığında dəfn olunmuşdur. Ölümündən sonra Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə mükafatlandırılmışdır.
Beləliklə Ümidin vəfatından üç il sonra Sahib şəhidlik zirvəsinə yüksəlir. Çarəsiz qalan Çiçək ananın dərdi böyük olsa da taleyin uğursuzluqları ilə barışaraq ailənin yükünü tək çəkməli olur. Onun mətin olmaqdan başqa yolu yox idi. Çünki onu həyata bağlayan üç qız nəvısi var. Şəhidimizin üç qız övladı anaya əmanət qalmışdı. Təbii ki, şəhid xalqın şəhidi olduğu kimi, onun övladları da xalqındır. Onlar bizim də övladımız sayılır. Çiçək xanımdan gəlini barədə soruşduqda belə cavab verdi:
"Rəqsanə qızım, bu qədər çətinliklərimə rəğmən, Allahıma o qədər şükürlərim var ki...Çünki gəlinim çox yaxşıdır. Qızım kimidir. O laqeyid olsa idi bəlkə də mən yaşaya bilməzdim. Şükürlər olsun ki, gəlin barədə çox razıyam."
Şəhidimizdən dəyanətli anası, sədaqətli həyat yoldaşı və Mələk kimi üç qız övladı Vətənə əmanət qaldı. Bu yazımın sonunda Çiçək xanımla söhbətimizə nöqtə qoymuram...
Məğrur şəhid qızları (Culfa rayon Yaycı kənd şəhidi Məmmədov Sahibin əziz xatirəsinə)
Yenə bir ananın gözləri yaşlı,
Atanın arzusu tükəndi, yandı.
Yolunu gözləyən üç qız övladı,
Ata sığalına həsrətdə qaldı.

Baba nəvazişi fəqət yetərmi?!
O körpə qızlara, aman, İlahi...
İzdiham, gözlərdən gedib, bitərmi?!
Tanrım bağışlama düşmən günahın.

Vətən üçün hər kəs dözəcək dərdə,
İgidin qanıdır torpağa halal.
Sahib baş əymədi zalım namərdə,
Sinəsinə bəzək vermişdi Hilal.

Övladları məğrur şəhid qızları.
Qürur ilə, başı uca gəzəcək.
Qeyrət ilə əzəcək haqsızları,
Sahib kimi igidlə fəxr edəcək.

Sən şəhid anası, dik tut başını.
Sənin övladındır, sənin qamətin.
Vətənçün böyütdün vətəndaşını,
Qorudu torpağın, elin qeyrətin.


Rəqsanə TAPDIQLI,
"Aşıq Pəri məclisi"nin və "MŞM-nın üzvü"
18-10-2024, 07:13
AŞIQ HÜSEYN CAVANIN MILLI HÖKUMƏT DÖVRÜ  YARADICILIĞI

AŞIQ HÜSEYN CAVANIN
MILLI HÖKUMƏT DÖVRÜ YARADICILIĞI

Ədəbiyyatımızın ayrılmaz bir qolu olan aşıq poeziyası Cənubi Azərbaycanda baş verən ictimai-siyasi dəyişikliklərə, sosial ədalətsizliyə, ana dili məsələsinə, insanların hüquq və azadlıqları kimi problemlərə heç vaxt biganə qalmamış, bütün bunlar saz və söz sənətində öz əksini tapmışdır.
Bu mənada məhz belə bir missiyanı öz çiyinlərində daşıyan cənublu aşıqlardan biri də Hüseyn Cavan olmuşdur. Onun taleyinə bir neçə dəfə Vətəndən-Vətənə mühacir həyatı yaşamaq məcburiyyəti yazılmışdır. Belə ki, o, 1916-cı ildə Cənubi Azərbaycanın Gərməduz mahalının Ut kəndində anadan olduğu halda, atasının erkən vəfatı ilə bağlı kiçik yaşlarında ikən anası ilə Şimali Azərbaycana, Ağdamın Şərəfxanlı kəndinə gəlmiş daha sonra (Qasım İsmayılov) indiki Goranboy rayonunun Dəliməmmədli kəndində yaşamışdır. Uşaqlıq illərində aşıq sənətinə olan marağı, Aşıq Ələsgərin qardaşı oğlu Musadan, 1927-1935-ci illərdə Aşıq Ələsgərin kəndi Ağkilsədə müxtəlif aşıqlardan dərs alması ona çox şey əxz etdirmişdir. Hüseyn daha sonra – 1937-ci ildə yenidən Cənubi Azərbaycana dönmüşdür.
Gənc yaşlarında ara-sıra şeir yazsa da, Hüseyn yaradıcılığa əsasən 1940-cı ildən başlamışdır. İlk şeirləri “Gül Azərbaycan”, “Oyan vətəndaş”, “Ana vətən” və s. Təbrizdə çıxan “Vətən yolunda” qəzetində dərc olunmuşdur. Cavanın Cənubi Azərbaycanda yaşadığı 40-cı illərdə ictimai-siyasi durum çox acınacaqlı idi. Gərginliklərlə dolu günlər bir-birini əvəz edirdi. Həmin zaman kəsiyində Azərbaycan xalqının milli azadlıq hərəkatını nəinki boğmağa səy göstərilir, hətta doğma ana dilində yazıb-oxuması qadağan edilirdi.
Ümumiyyətlə, 1941-ci ildən etibarən milli azadlıq hərəkatı yüksəldikcə başlıca tələblərdən olan İranın tərkibində muxtariyyətin verilməsi, ədəbiyyat, incəsənət və mədəniyyətin Azərbaycan dilində inkişaf etdirilməsi barədə mətbuatda da çıxışlar olurdu.
Pəhləvi rejiminin sonuncu nümayəndəsi olan Məhəmmədrza şahla üz-üzə duran Hüseyn, “şah, mən unutmamışam, sən də unutma sabunlu kəndiri, dar ağacını” deyərkən, heç şübhəsiz öz doğma xalqının şahları taxtdan sala bilən qüdrətinə ürəkdən inanırdı. O, bu inamla da Təbrizdə milli azadlıq hərəkatının həm nəğməkarı, həm də fədaisi kimi çıxış edirdi.
Daim şah rejiminin amansız təzyiqi altında əzilən xalq özünün azadlığa qovuşacağı günü səbirsizliklə gözləyirdi. Cavan “Məndədir” şeirində bu hissləri belə ifadə edirdi:

İndi üzümüzə gülən bu elin
Qışı düşməndədir, yayı məndədir,
O döyüb döşünə heç öyünməsin,
Oxu ondadırsa, yayı məndədir.

Bu təzə dünyadan kim doyar, bezər?
Azadlığın nuru hər yanı bəzər.
Hüseyn bundan sonra asudə gəzər,
Ölkəmin Günəşi, Ayı məndədir.

Alman qoşunlarının cəbhədəki məğlubiyyətləri haqqında gələn xəbərlər Cənubda demokratik qüvvələrin daha da möhkəmlənməsinə və fəallaşmasına səbəb olmuşdu.

3 sentyabr 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bu qurumun qarşısında duran əsas vəzifə azərbaycanlıların bir millət kimi tanınması və muxtariyyətə nail olması idi.
1945-ci ildə vətənin azadlığı uğrunda mahnılar qoşan aşığın əsl sınaq günü gəldi. Bu zaman Demokratik Firqənin başladığı inqilabi mübarizə Cavanın poeziyasına yeni məzmun, yeni ahəng gətirdi, şair sazı və sözü ilə səngərlərə, fədailərin içərisinə gedir, Koroğlunun, Qaçaq Nəbinin igidliyindən, Səttarxanın əyilməzliyindən nəğmələr oxuyur, vətənpərvərləri azadlıq uğrunda mübarizəyə çağırırdı:
Biz şairik, sözün düzün yazırıq,
Əhrimənə dərin quyu qazırıq.
Yurdumuza can verməyə hazırıq,
Qurban yaranmışıq Azərbaycana.

Cavanın inqilabi hərəkatın coşqulu illərindəki fəaliyyətini təsvir edən İman İrani İntizarın yazdıqlarından oxuyuruq: “Yaxşı yadımdadır. 1946-cı ilin “Novruz bayramında S.C.Pişəvəri yerli əhali ilə görüş keçirirdi. İllərdən bəri azadlığı uğrunda mübarizə aparan xalq öz rəhbərlərini görüb ilk azadlıq bayramını təbrik etmək üçün hər tərəfdən sel kimi axışırdı.
Mən də dayım A.H.Cavanla ora getdim. S.C.Pişəvəri onu görcək yanına çağırdı, üzündən öpüb bayramını təbrik etdi. Əlini çiyninə qoydu, üzünü camaata tutub dedi: “Mənim A.H.Cavan kimi beş nəfər təbliğatçım olsaydı, silaha əl atmadan bütün İranı çoxdan azadlığa çıxarardım”.
Məhz öz xalqı qarşısında fədakar xidmətlərinə görə S.C.Pişəvəri ona “Xalq şairi” adı vermişdi.
Cənubi Azərbaycanın ədəbi mühitinə nəzər salarkən belə nəticəyə gəlmək olar ki, 1941-1946-cı illər qələm sahiblərinin yaradıcılığında yeni və çiçəklənən dövrdür. Bu dövr ədəbiyyata vətənpərvərlik, millilik kimi yeni məzmunlu mövzular gətirdi. Azadlıq carçısı kimi çıxış edən A.H.Cavan vətənin xoş halına sevinərək onu belə təsvir edir:
Təbriz, al bayrağın ucada dursun!
Ellər səadətdən nişanə qursun.
Hüseyn də saz çalsın, zəngulə vursun,
Baharda oxuyan bir bülbül kimi.
A.H.Cavan odlu-alovlu mübarizə illərində inqilabi hərəkatda iştirak edən sinfi mənsubiyyətindən asılı olmayaraq kəndlini də, fəhləni də, ziyalını da azadlıq fədaisi adlandırırdı. Vətən sevgisilə döyüşə atılan hər bir fədai məsləkinin, iradəsinin, arzularının fədaisi kimi döyüşür, üzərindəki düşmən xofunu birdəfəlik dəf etməyə can atırdı.
Şairin “Fədailər” adlı şeiri deyilən fikirləri özündə bariz şəkildə əks etdirir:

Bir soraq gətirdi könül tərlanı:
Təbrizin dövrəsin aldı fədai!
Sel kimi kəndlilər kəsib hər yanı,
Şir kimi meydana gəldi fədai.
Verdilər canların yelə, sazağa,
Batdılar səngərdə toza, torpağa,
Sozaldı yağılar döndü yarpağa,
Düşmənin bağrını dəldi fədai.

Sinəsində telli sazı, coşub-çağlayan avazı ilə xalqın azadlığına qovuşmaq istəyinə, arzusuna qoşulan aşıq, onun istiqlaliyyət əldə etməsində müsəlləh əsgər kimi sazıyla, qələmi ilə döyüşürdü, yurdunun tezliklə firavan həyata nail olacağına inanırdı:
Cavan Hüseynəm, ölməmişəm,
Əziz vətən, sağam mən.
Arxayın ol, yatmamışam
Səngərdə oyağam mən.
Yel titrətməz, külüng batmaz,
Çapılmaz, bir dağam mən,
Vətən üçün öz sinəmi
Eyləmişəm nişana.

1945-ci il dekabrın 12-də (21 Azər) Milli Hökumətin yaradılması nəticəsində bir sıra siyasi, iqtisadi və mədəni sahələrdə baş verən islahatlar sırasında Azərbaycan dili mühüm yer alırdı. Ana dilində yazılan əsərlərin, çıxan qəzet və məcmuələrin sayı durmadan artırdı. Həmin dövrdə digər şairlər kimi A.H.Cavan da Milli Hökumətin uğurlarını tərənnüm edirdi:
Firqənin fərmanı xalqın qüdrəti,
Gətirdi xalqına xoş səadəti.
Göylərin bəzəyi, yerin ziynəti
Al bayraq nurunu salsın hər yana.
Sinəm yazılmamış bir ağ varaqdır,
Qəlbim həqiqətdən qaynar bulaqdır
Cavan Hüseyn şən ölkədə xoşbaxtdır,
Azaddır qələmi, sənəti dostlar!

Milli Hökumət Cənubi Azərbaycanda xalq inqilabı hərəkatı illərində sazı və sözü ilə göstərdiyi xidmətlərinə görə A.H.Cavan “21 Azər” medalı ilə təltif etmişdi.
Son olaraq A.H.Cavanın “21 Azər” gününə həsr etdiyi “Bu gün həm fəxrimdir, həm vüqarımdır” şeiri haqqında bir neçə kəlmə danışmaq yerinə düşərdi. Şair həmin günün tarixi bir gün olduğunu qeyd edərək, onun xalqa verdiyi ictimai-siyasi, sosial-mədəni azadıqdan, dil və vicdan azadlığından bəhs edir.
Bax, bu gün xalqımız azad dil açıb,
Bax, bu gün ellərdə taza il açıb,
Bax, bu gün gülşənlər solmaz gül açıb,
Bu gün tazə ilim, xoş baharımdır.

Şeirin misralarını oxuduqca “21 Azər” gününün, yəni xalqın öz istiqlaliyyətinə qovuşmasının şair üçün nə qədər əhəmiyyətli və sevindirici bir hal olduğunun şahidinə çevrilirik. Onun fərəhinin, qürurunun həddi, hüdudu yoxdur. Həmin tarixi hadisənin bilavasitə iştirakçısı olmuş el aşığı bundan məmnunluq hisslərini ifadə edir. Onun qəlbindən qopan Azərbaycan, Vətən, azadlıq kəlmələri ilə ifadə olunan hissləri şeirin əsas qayəsini təşkil edir:
Müqəddəs Vətənə əziz günlərə
Söz açıb oxumaq iftixarımdır.
Azər adlı Azərbaycan kəlməsi,
Ulu babalardan yadigarımdır.

Sonda şair, nə vaxtsa belə bir günün yenidən bərqərar olacağına inam bəsləyir:
Mən Cavan Hüseynəm, sazım döşümdə,
Yağılar tab etməz mərd döyüşümdə,
Təbrizdə dostlarla ilk görüşümdə
Saz çalıb oxumaq arzularımdır.

A.H.Cavanın yaradıcılıq mövzusu çoxşaxəlidir: sevgi, vətənə məhəbbət, yurd həsrəti və s. Lakin bunların sırasında “21 Azər” hərəkatına xüsusi önəm verməsi onun bütün yaradıcılığı boyu özünü göstərir.
Zəminə Zeynalova
Nizami Gəncəvi aadına Ədəbiyyat İnstitutu
Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinin elmi işçisi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!