Mən də bir döyüşçüyəm…18 iyul 2004-cü ildə Lerik rayonu Noda kəndində anadan olmuşam. Tam orta təhsil almışam. 18.07.2022-ci ildə hərbi xidmətə çağrılmışam. 3 ay ərzində gənc əsgər kimi hazırlıq mərhələsindən keçməklə Avqustun 27-də N saylı Hərbi hissəyə göndərilmişəm. Vəzifəm kəşfiyyatçı olub. Həmin ərəfələrdə öz vəzifəmdən əlavə digər vəzifələri də yerinə yetirirdim. Belə ki, rabitəçi, kəşfiyyatçı və s. kimi digər istiqamətlərdə də qulluq etmişəm. Hərbi qulluq zamanı inanırdım ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün torpaqlarımız düşmən işğalından azad olunacaq.
2023 ilin iyul ayında mənə baş kəşfiyyatçısı vəzifəsi tapşırıldı. Antiterror əməliyyatları başlamamışdan bir gün əvvəl biz çöl şəraitində qaldıq. Kəşfiyyatçı olduğuma görə, kamando heyətinə dəstək kimi təyinat almışdım. Ayın 18-i günorta vaxtlarında leytenantlar Cəbrayılov Kamran və Əliyev Şəhriyar, sıravi əsgərlər Abuzərov Qalib, Xəlilov Kamal və məni müvafiq əməliyyatları və xüsusi tapşırıqları yerinə yetirmək üçün Ağdama göndərildik.
Mən bir gənc əsgər olaraq digər silahdaşlarımızla birlikdə ön cəbhədə əlimizdə silah qanımızın son damlasına kimi Ana Vətəni qorumağa hazır idik.
19 Sentyabr səhər tezdən hərəkətə keçdik və Ağdam ilə Ağdərə arasındakı postun yuxarı hissəsindəki dağda mövqe tutduq. Əməliyyatın başlamasını gözləyirdik. Saat 12:50-də Artilleriya qurğuları hərəkətə başladı. 5-10 dəqiqə sonra biz hərəkətə keçdik, müəyyən qədər irəlilədikdən sonra cəbhəni yardıq. Qüdrətli ordumuz tərəfindən istənilən vaxt işğalda olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu bilərək rəşadətlə vuruşurduq.
Artıq antiterror əməliyyatları başlanmışdı və biz hərbi komando heyyəti ilə birgə irəliləyirdik. Naməlum mövqelərdən bizə ağır toplardan və mina atanlardan atəş açmağa başladılar. Mən düşmənin top və mina atış nöqtələrinin koordinatlarını xüsusi cihazlarla aşkar edib rabitə vasitəsilə arxaya ötürdükcə, düşmənin mövqeləri bizim artilleriyanın dəqiq və sərrast atəşləri ilə məhv edilirdi. Hərbi qulluqçularımızdan şəhid olanlar və yaralılar varı idi. Biz rabitə vasitəsilə yardım çağırdıq. Dərhal hərbi-tibbi dəstək gəldi və yaralıları maşınlara mindirdik. Həmin yerdən 5-10 metr uzaqlaşmışdıq ki, yaralılarımızı daşıyan təcili tibbi yardım avtomobili ermənilər tərəfindən vuruldu. Bu zaman biz 3 nəfər də ermənilər tərəfindən atılan D30 topunun mərmisinin təsiretmə zonasına düşdük və beləliklə, çox ciddi xəsarət aldıq. Ayılıb özümüzə gələndən sonra bizim üçün çətin olsa da yaralı vəziyyətdə irəliləyirdik. Xeyli döyüşçümüz qəhrəmancasına vuruşaraq şəhid oldu. Biz neytral adlandırılan ərazidə qalmışdıq və Narlıq adlanan əraziyə yaxın yerdə özümüzü qorumaq üçün səngərə düşdük. Bu zaman ermənilər bizi gördülər və ağır texnikarla atəş açmağa başladılar. Yenidən üstümüzdə olan cihazlarla ermənilərin bir neçə mövqelərini təyin edərək hərbi qulluqçulara ötürdük. Onlar da həmin koordinatlara əsasən düşmən mövqelərini məhv etdilər. Düşmənə layiqli cavab vermək, onların bütün həmlələrini dəf etmək üçün bütün gücümüzlə vuruşurduq.
Artıq gecə düşmüşdü, biz rabitə qurğuları vasitəsilə digərləri ilə əlaqəyə çıxdıq və onlara dəstək olmaq üçün yerlərini soruşduq. Onlar da Narlıq adlı ərazinin sonunda olduqlarını dedilər. Gecə heç bir işıqdan istifadə etməyərək irəlilədik. Bir qədər getdikdən sora ermənilər 5,45 kalibrli işıqlandırıcı güllələrlə atəş açdılar. Düşmən faqotla yaxınlığımıza atəş açdığına görə yerə yatmalı olduq. Gecə idi, heç nə görmürdük. Rabitə vasitəsilə dəstək istəmək cəhdlərimizə baxmayaraq heç bir əlaqə yaratmaq mümkün olmurdu. Əlaqə tamamilə kəsilmişdi. Ona görə də əvvəlki yerə qayıtmalı olduq və beləliklə, ac- susuz səhərə kimi neytral zonada qaldıq.
Səhər saatlarında ermənilərin ağ bayraq qaldırdıqlarını bildik. Ümumi vəziyyət sakitləşmişdi. H/h kömək qurupu şəhidlərimizi ərazidən çıxarmağa gəldilər və bu işdə biz onlara kömək etdik. Öz postumuza irəliləyərkən postun yanında dayanan tanımadığımız Polkovnik antiterror əməliyyatlarında yaxşı istirak etdiyimizə görə bizə təşəkkür etdi və yaralı olduğumuza görə öz h/h-nin həkimləri tərəfindən üçümüzü də Ağdamda yerləşən hospitala yolladı. 2 gün müalicə aldıqdan sonra bizi yoxlanışa - Ağdaş Rayon Mərkəzi xəstəxanasına göndərdilər. Bədənimdə ağrılar və başımda şiddətli səs-küy varıydı. Həkimlər kontuziya aldığımı dedilər. Orda bir neçə gün qaldım və müalicə aldıqdan sora h/h-yə yollandıq. Səhhətimdə ciddi problem olduğu üçün yenidən Müdəfiə Nazirliyinin Bakı şəhərində (Papanindəki) olan Baş Hərbi Hospitalına göndərildim.
Hərbi xidmətdə xüsusi fəallıq və rəşadət göstərdiyimə, eləcə də antiterror əməliyyatlarında fəal iştirak etdiyimə görə Təşəkkür məktubu və Təltifnamə, Ali Baş Komandanın əmri ilə " Şücaətə görə" medalı təltif olundum. Həmçinin hərbi hissə komandanlığı valideynlərimə zəng edərək onlara xüsusi qaydada təşəkkür etmişlər.
Fəxr edirəm ki, mən də Qarabağda bayrağımızı dalğalandıran şanlı ordumuzun on minlərlə əsgərindən biriyəm. Bundan sonra da şərəfli Azərbaycan əsgərinin formasını geyinərək Vətənimizin müdafiəsinə həmişə hazıram.
Yaşasın Ali Baş Komandan!
Var olsun Azərbaycan əsgəri!
Qarabağ Azərbaycandır! N saylı hərbi hissənin əsgəri Elmar Elxan oğlu Ağayev
20.05.2024-cü il