Kəlbəcər sakinləri artıq öz dədə-baba yurdlarına qovuşub. Bu həftə sakinlərin ilk qrupu 30 ildən artıq müddətdən sonra geri qayıdıblar. Prezident İlham Əliyev və Birinci vitse-president Mehriban Əliyeva Kəlbəcərə köçən sakinlərlə görüşüb, söhbət ediblər. Milli Məclisin Kəlbəcərdən olan sabiq deputatı, Kəlbəcər Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov bu münasibətlə danışıb. O, özü və şəhər sakinlərinin adından Prezidentə təşəkkür edib: “Kəlbəcər işğaldan azad olunandan sonra bura gəliş-gediş olub, eləcə də təsərrüfatla məşğul olan, müvəqqəti olsa da,mal-heyvanlarını saxlayanlar var. Amma bugünkü köç daimi yaşayış üçün ilkin addımdır. Kəlbəcər işğaldan azad olunandan bu yana ərazidə infrastruktur yenilənir, su və qaz çəkilişlərində, yaşayış binaların tikilməsində çox uğurlu layihələr icra olunub. Kəlbəcərlilər qayıdışı çox səbirlə gözləyirdilər. Biz bilirdik ki, cənab Prezident ilk qayıdış zamanı kəlbəcərlilərlə görüşəcək, onlara öz xeyir duasını verəcək. Bunu alqışlayırıq, sevinirik. Bu günə görə şükürlər olsun. Cənab Prezidentin fəaliyyəti dövründə uğurlarını saymaqla bitirmək olar. Kəlbəcərə ilk qayıdış növbəti bir uğur və inkişafla bağlı atılan addımdır. Bütün dünyaya mesajdır ki, hansı söhbətlər, proseslər gedirsə-getsin Azərbaycanda işğaldan azad olunmuş ərazilərlə bağlı dövlət proqramları gecikmədən öz həllini tapır. Mən cənab Prezidentə öz camaatımız adından minnətdaram. İlk köç Kəlbəcər şəhərinə oldu. Burada 3,4 və 5 mərtəbəli binalar tikilir. Bu binalarda camaatımız yaşayacaq. Çox enli, böyük prospekt salınıb. İnşallah o prospekti "Heydər Əliyev" prospekti qoyacağıq. Mən buna əminəm. İnsanlar artıq bu günü gözləyirlər. Yerdə qalan camaatımızın qonaq qismində Kəlbəcərə gediş-gəlişi artıq asanlaşacaq. Uğurlar arzulayıram. İnşallah, ikinci qayıdış planı uzun zaman almayacaq. Artıq bu gün Zar kəndində tikinti-quruculuq işləri gedir. Əminəm ki, yaxın vaxtlarda Zar kəndinə də köç başlayacaq. Kəlbəcərliləri təbrik edirəm". A. Məmmədov vurğulayıb ki, Kəlbəcərə yerləşdirilən insanların işlə təmini məsələsi aidiyyəti qurumların nəzərindədir: "Kəlbəcərə köçənlər arasında gənc ailələr də var. Eyni zamanda qayıdışın olduğu yerlərə seçib salmırlar. Köçürülməsi nəzərdə tutulan məntəqələrdə istər gənc, istərsə də Kəlbəcərdən məcburi köçkün düşmüş köhnə ailələr olsun, hər kəs siyahıya alınıb. Orada neçə nəfər yaşlı və ya gənc ailə var onu konkret olaraq deyə bilmərəm. Lakin burada gənclər üçün iş imkanları var. Burada "İstisu" zavodu fəaliyyət göstərir. Orada artıq sanatoriya tikilib təhvil verilib. Sosial obyektlər, məktəb, bağça, eyni zamanda xəstəxana fəaliyyət göstərir. Ora yerləşdirilən insanların işlə təmini məsələsi aidiyyəti qurumların nəzərindədir. Onların hər birinin işlə təmin olunması ilə bağlı lazımi addımlar atılacaq".
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, tərəflər arasında Azərbaycan-Rusiya ikitərəfli və çoxtərəfli gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi və humanitar əməkdaşlığın müxtəlif aspektləri də müzakirə olunub. Nazirlər Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının cari ilin 22 avqust tarixində Həştərxan şəhərində keçirilmiş son iclası barədə fikir mübadiləsi apararaq iclasın nəticələrini yüksək qiymətləndiriblər. Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Suriyanın daxili işlər naziri Ənəs Xəttab Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov ilə görüşüb. Bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını, o cümlədən təhlükəsizlik və daxili işlər orqanlarının fəaliyyətini müzakirə ediblər. Tərəflərin fikrincə, sabitliyin möhkəmləndirilməsinə və iki ölkənin ümumi maraqlarına nail olunmasına töhfə verəcək təcrübə mübadiləsinə xüsusi diqqət yetirilib.
Quba rayonu, Gədikqışlaq kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan ABŞ-nin birinci xanımı Melaniya Trampa məktub ünvanlayıb. Məktubda Ərdoğan Melaniya Trampın Ukrayna uşaqlarına göstərdiyi dəstəyə toxunaraq, eyni həssaslığın Qəzzadakı uşaqlara da göstəriləcəyinə ümid etdiyini bildirib. Əminə Ərdoğan vurğulayıb ki, uşaq hüquqları universaldır və əziyyət çəkənlərdən üz çevirmək humanitar məsuliyyətin itirilməsi deməkdir.
Paytaxtın Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 2025-ci il Çin istehsalı olan “Yutong” markalı 4 müasir, komfortlu və iritutumlu avtobus avqustun 23-dən daşımalara cəlb edilib. Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək.
Ümid edirik, Rusiya da Minsk Qrupunun ləğvini dəstəkləyəcək - Bakıdan REAKSİYA
8 avqust Vaşinqton görüşü zamanı Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin şahidliyi ilə ATƏT Minsk Qrupunun və əlaqədar strukturların buraxılması ilə bağlı qərar qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyi artıq iki ölkənin ATƏT katibliyinə birgə müraciət etdiyi barədə ictimaiyyətə məlumat verib. ATƏT-dən isə bildirilib ki, qurumun fəaliyyətdə olan sədri kimi Finlandiya Minsk prosesi və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciətinə cavab olaraq iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edəcək. Prezident İlham Əliyev ötən gün Kəlbəcər şəhər sakinləri ilə görüşdə də Minsk Qrupu ilə bağlı məsələyə toxunub. “Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”, - Dövlət başçısı vurğulayıb. Qeyd edək ki, Fransa da Minsk Qrupunun ləğv edilməsinə dəstək verəcəyini bəyan edib. Artıq qrupun ləğvi ilə bağlı proses başlayıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov bildirib ki, ATƏT-in Minsk Qrupu və əlaqəli orqanlarının ləğvi ilə bağlı prosesə start verilməsi çox mühüm hadisədir: "Nəzərə alaq ki, Prezident İlham Əliyevin misilsiz liderliyi, sərkərdəliyi sayəsində regionda yaranan yeni reallıq nəticəsində bu prosesə start verilib. Artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi istiqamətində mühüm addımlar atılıb. Vaşinqton görüşü bunun bariz nümunəsidir. Görüş çərçivəsində imzalanmış birgə bəyannamə, eyni zamanda sülh sazişinin mətninin paraflanması qeyd etdiyim kimi bu istiqamətdə irəli atılmış addım kimi qiymətləndirilə bilər. Sülh sazişi təşəbbüsü Prezident cənab İlham Əliyevə məxsusdur. Sülh sazişinin layihəsi əsasən Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında hazırlanıb. Maddələr Azərbaycanın maraqlarına xidmət edir. Sülh sazişinin imzalanması ilə bağlı qarşıda duran manelər - Minsk Qrupunun ləğvi və Ermənistan konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı məsələlər, artıq Ermənistan tərəfinin diqqətinə çatdırılıb. Artıq bu məsələlərdən biri - Minsk Qrupunun və əlaqəli orqanların ləğvi ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT rəhbərliyinə məktub ünvanlayıblar. ATƏT katibliyi üzv dövlətlərə fərdi qaydada məlumat ötürüb. Prosesə artıq start verilib. ATƏT-in daxili prosedurlarına əsasən bu kimi məsələlər təşkilatın daimi nümayəndələr şurasının iclasında baxılır. Həftədə bir dəfə daimi nümayəndələr toplaşır. Növbəti mərhələdə ATƏT-in xarici işlər nazirləri şurasının iclasının gündəliyi müəyyən olunur. ATƏT-in xarici işlər nazirləri şurasının iclası bu ilin dekabrında keçiriləcək. Həmin iclas çərçivəsində digər məsələlərlə yanaşı ATƏT-in Minsk Qrupunun və əlaqəli orqanlarının ləğvi ilə bağlı məsələnin gündəliyə çıxarılması gözlənilir. ATƏT-in prosedurlarına uyğun olaraq, konsensus əsasında qərarlar qəbul olunur. Minsk Qrupunun həmsədr ölkələri Fransa və ABŞ bu prosesə dəstək olacaqlarını, artıq bəyan ediblər".
Z.Şükürov vurğulayıb ki, Minsk Qrupunun digər üzvü olan Rusiyanın da prosesə dəstək verəcəyinə ümid edilir: "Aparıcı dövlətlər, həqiqətən də, regionda sülhün bərqərar olmasında maraqlıdırsa, Minsk Qrupunun və əlaqəli orqanlarının ləğvi ilə bağlı prosesə dəstək verməlidirlər. Əks münasibət,heç şübhəsiz, regionda sabitliyə, sülhə inkişafa xələl gətirən addım ola bilər. Unutmayaq ki, bu məsələ xüsusi olaraq ABŞ Prezidenti cənab Trampın diqqətdindədir. ABŞ Dövlət Departmeninin sözçüsü razılaşdırılmış məsələlərdə ABŞ Prezidentinin ciddi olduğunu açıqlayıb. Bu məsələlərin həllini çox vacib hesab edir. Bu baxımdan, Rusiya da ABŞ-nin bu mövqeyini nəzərə alıb, Minsk qupunun ləğvi prosesinə müsbət yanaşacaq və nəhayət konsensus əldə etmək mümkün olacaq. ATƏT-in Minsk Qrupunun üzvləri, həqiqətən, regionda sülhün, inkişafın, sabitliyin olmasında maraqlıdırsa, Minsk Qrupunun və əlaqəli orqanlarının ləğvi ilə bağlı müsbət cavab verəcəklər".
Onlar dəqiq bilirlər ki, Ukrayna öz torpaqlarını verməyəcək. Bunu Prezident Volodimir Zelenski Dövlət Bayrağı Günü münasibətilə keçirilən şənliklərdə çıxışı zamanı deyib. Zelenskinin sözlərinə görə, Ukrayna ən yaxşıları birləşdirir: "Yalnız Ukrayna ilə birlikdə demokratik millətlərin təhlükəsizliyinə zəmanət verilə bilər".
Bakının Yasamal rayonu ərazisində avqustun 23-də 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluq məlumat yayıb. İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emil Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Avropada 5-ci, MDB-də birinci: Kəlbəcərə daha qısa YOL - FOTO+VİDEO
Azərbaycanın ən çətin relyeflərindən birində, Murovdağ silsiləsinin altında nəhəng infrastruktur layihəsi başa çatmaq üzrədir. Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun inşası ilə tanış olub, 11,7 kilometr uzunluğa malik Murovdağ tunelinin texniki açılışını ediblər. Tunel Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib.
Murovdağ tuneli yalnız Azərbaycanın deyil, həm də dünyanın ən uzun avtomobil tunellərindən biridir.
Uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB məkanında isə birinci yeri tutur. Tunel dörd hərəkət zolağından ibarətdir, sağ və sol hissələri birləşdirən 38 keçid tuneli ilə təchiz olunub. Tunelin açılışı gələn ilə nəzərdə tutulub. Avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 87 faizi icra olunub.
Qeyd edək ki, Avropada və dünyada uzun avtomobil tunelləri strateji əhəmiyyətə malikdir. Norveçdəki "Lerdal" tuneli (24,5 km) hazırda dünyanın ən uzun yol tunelidir. İsveçrənin "Gotthard" yol tuneli (16,9 km) Alp dağlarının altında yerləşir və Avropanı şimal–cənub xətti üzrə birləşdirir. Avstriyanın "Arlberg" tuneli (13,9 km) və Fransa–İtaliya sərhədindəki "Frejus" tuneli (12,8 km) də qitənin mühüm dağ keçidlərində nəqliyyatın təhlükəsizliyini təmin edir.
Murovdağ tuneli isə bu siyahıya qoşularaq regionda ən uzun avtomobil tuneli statusunu qazanır. MDB ölkələrində bu miqyasda heç bir yol tuneli yoxdur. Layihə çərçivəsində əlavə olaraq ümumi uzunluğu 2636 metr olan dörd tunel də inşa olunur. Bu yol bölgənin kənd təsərrüfatı, turizm və ümumilikdə sosial-iqtisadi həyatına yeni nəfəs gətirəcək. Belə çətin coğrafi şəraitdə tunel inşası Azərbaycanın gücünü, iradəsini və yenidənqurma prosesinə verdiyi prioriteti nümayiş etdirir. Dünya təcrübəsi göstərir ki, uzun yol tunelləri yalnız nəqliyyat rahatlığı deyil, həm də strateji təhlükəsizlik, iqtisadi inteqrasiya və regional inkişaf üçün mühüm vasitədir.