“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
1-01-2026, 23:47
Avropada Rusiya gəmisinin heyəti saxlanıldı – Azərbaycanlı da var


Avropada Rusiya gəmisinin heyəti saxlanıldı – Azərbaycanlı da var

Finlandiya sərhədçiləri Helsinki–Tallin arasında sualtı telekommunikasiya kabelinin zədələnməsi ilə bağlı Rusiyaya gedən yük gəmisini saxlayıb.
Bu barədə Reuters məlumat yayıb.
Saxlanılan gəmi Fitburg adlanır. Gəmi Sent-Vinsent və Qrenadanın bayrağı altında üzür. "MarineTraffic" məlumatına görə, gəmi Sankt-Peterburqdan çıxıb və İsrailin Hayfa limanına gedirmiş.
Gəminin heyətində Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları olub. Ümumilikdə heyətdə 14 nəfər var.
Gəmi Estoniyanın müstəsna iqtisadi zonası yaxınlığında, lövbər salmış vəziyyətdə aşkarlanıb.
Gəmidə axtarış aparılıb. Heyət üzvləri dindirilib. Finlandiya polisi bildirib ki, iki nəfər saxlanılıb. Daha iki nəfərə ölkədən çıxış qadağası qoyulub. Saxlanılanların vətəndaşlıqları açıqlanmır.
Gömrük orqanları daşıdığı yükləri yoxlamaq üçün müsadirə edib. Sanksiyaların pozulub-pozulmadığı araşdırılır.
Finlandiya polisi istintaqın davam etdiyini bildirir.
1-01-2026, 22:53
Göldən qadın meyiti tapıldı


Göldən qadın meyiti tapıldı

Tovuzda göldə qadın meyiti aşkarlanıb.
Hadisə rayonun Vahidli kəndində yerləşən göldə (Tovuzçay su anbarı) qeydə alınıb. Belə ki, sözügedən göldən orta yaşlı qadın meyiti tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Hazırda qadının kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
1-01-2026, 22:22
Bakıda məşhur restoranın administratoru qətlə yetirildi


Bakıda məşhur restoranın administratoru qətlə yetirildi

Yanvarın 1-də Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Səbail rayonu ərazisində qeydə alınıb.
Ərazidə yerləşən "Purple Karaoke" restoranında müştərilər arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib. 36 yaşlı H.Məcidov münaqişə zəminində paytaxt sakini 32 yaşlı Emil Rəcəbliyə bıçaqla xəsarət yetirib. E.Rəcəbli xəstəxanaya aparılarkən yolda ölüb. H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.
Qeyd edək ki, qətlə yetirilən E.Rəcəbli sözügedən restoranda administrator vəzifəsində çalışıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
1-01-2026, 22:09
İranda güclü etirazlar - Rəisinin heykəli aşırıldı


İranda güclü etirazlar - Rəisinin heykəli aşırıldı

İranda etirazlar dördüncü gündür davam edir və azı 36 şəhəri əhatə edir.
Aksiyalar ölkənin müxtəlif bölgələrinə yayılıb.
Etirazçılar helikopter qəzasında həlak olan keçmiş prezident İbrahim Rəisinin bir neçə gün əvvəl qoyulan heykəlini də aşırıblar.
İran dövlət televiziyasının məlumatına görə, yüksək inflyasiyaya qarşı kütləvi etirazlar zamanı təhlükəsizlik qüvvələrinin bir əməkdaşı ölüb. İran mediası və hüquq-müdafiə təşkilatları bildirir ki, cümə axşamı ölkənin müxtəlif vilayətlərində baş verən iğtişaşlarda bir neçə nəfər həyatını itirib. Bu, son üç ildə İranda baş verən ən iri sosial etiraz dalğası kimi qiymətləndirilir.
Etirazlara səbəb isə kəskin bahalaşmadır və bəzi bölgələrdə hadisələr zorakılığa keçib.
Fars agentliyi “məlumatlı mənbə”yə istinadla xəbər verir ki, cümə axşamı səhər qərbdə yerləşən Lurdaqan şəhərində polis və silahlı olduqları iddia edilən etirazçılar arasında toqquşmalar baş verib, ölənlər var.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cümə axşamı səhər qərbdə yerləşən Kuhdeşt şəhərində Korpusla əlaqəli “Bəsic” könüllü yarımhərbi dəstəsinin bir üzvünün öldürüldüyünü açıqlayıb. Məlumata görə, ölən şəxs Amirhossam Xodaiyari Fərd olub, daha 13 “Bəsic” üzvü yaralanıb.
Etirazlar İran hakimiyyəti üçün mürəkkəb bir dövrə təsadüf edir. Ölkə iqtisadiyyatı Qərb sanksiyalarının təzyiqi altındadır, inflyasiya təxminən 40 faiz səviyyəsinə çatıb. Bundan əlavə, iyun ayında İsrail və ABŞ-ın İranın nüvə infrastrukturu və hərbi rəhbərliyinə yönəlmiş zərbələri də gərginliyi artırıb.
Rəsmi Tehran aksiyalara təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə yanaşı dialoq mesajları ilə cavab verir. Hökumət nümayəndəsi Fateme Möhadcerani bildirib ki, hakimiyyət həmkarlar ittifaqları və ticarət nümayəndələri ilə birbaşa danışıqlar aparmağı planlaşdırır, lakin detallar açıqlanmayıb.
Son günlərdə ticarətçilər, mağaza sahibləri və bir sıra universitetlərin tələbələri aksiyalar keçirir, iri bazarlar bağlanır. Çərşənbə günü hakimiyyət soyuq hava şəraitini əsas gətirərək ölkə üzrə istirahət günü elan edib.
Qeyd edək ki, İran rialı 2025-ci ildə ABŞ dollarına nisbətdə təxminən 50 faiz dəyər itirib, dekabr ayında illik inflyasiya isə 42,5 faizə çatıb.
1-01-2026, 20:04
“KIĞI GÜNÜ” üçüncü   dəfə qeyd olunub


“KIĞI GÜNÜ” üçüncü

dəfə qeyd olunub



Böyük bir mahalın bir qərinədən çoxdur perik salınmış övladları, doğulduğu torpağa ayaq basa bilməyən oğulları yaddaşlarında daşlaşmış xatirələri bölüşmək üçün yenə bir araya gəliblər. Çünki iki il əvvəl Zəngəzur mahalının Gığı Kənd İcmasının fəalları hər il 30 dekabrın “KIĞI GÜNÜ” kimi qeyd olunması barədə razılığa gəliblər. Elə içma üzvlərinin dekabrın 28-də keçirilən görüşü də həmin razılığa hər il əməl olunmasının təsdiqidir. Ellilər hər görüşə fərəh hissilə, sevinclə qatılırlar.

Növbəti tədbiri giriş sözü ilə Kığı Kənd İcmasının rəhbəri Ələmdar Piriyev açaraq qonaqları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik etdikdən sonra məclisin idarə olunmasını təşkilatçı- koordinator Bəhruz Piriyevə həvalə edib. Bəhruz Piriyev də öz növbəsində tədbir iştirakçılarını hər iki bayram münasibətilə təbrik edərək xoş arzularını bildirib. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün, Dövlət müstəqilliyinin bərpası uğrunda şəhid olanların əziz xatirəsi ehtiramla yad olunub.

Kəndin ziyalıları və ağsaqqallarından Azərbaycan Dövlət Neft Akademiyasının müəllimi, Ukrayna Respublikası Tikinti Akademiyasının akademiki Aydın Piriyev, Azərbaycan Texniki Universitetinin dekanı, texnika elmləri üzrə fəlsəfə doktoru Yədullah Babayev, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Radioquraşdırma İnstitutunun hüquq şöbəsinin müdiri Baris Piriyev, Əbülfət Babayev, Mənsurə Məşqulatqızı, Məryəm Gəncəliyeva, Sara Aslanova, Füzuli Gəncəliyev, Sabunçu rayonu 192 nömrəli məktəbin müəllimi, idman ustası Afiq Gəncəliyev, Xuraman Aslanova, Şəhid qardaşı Emil Aslanov, koordinator Sərvaz Həsənxanov və başqaları doğma yurdla bağlı şirin xatirələrini bölüşüblər.

Türkiyədə hərbi təhsil alan, Azərbaycan Ordusu sıralarında zabit kimi şərəfli xidmət yolu keçən Vəkil Piriyev Qərbi azərbaycanlı soydaşlarımızın ordu quruculuğundakı xidmətlərindən ürəkdolusu söhbət açıb.
Polis polkovnik- leytenantı, koordinator Tacəddin İmanov, ədliyyə polkovniki Nadim Babayev, ədliyyə polkovnik- leytenantı - koordinator Altay Tanrıverdiyev yurddan ayrı düşdüyümüz illər ərzində müstəqil Azərbaycanımızın dövlət quruculuğunda, müstəqilliyimizin möhkəmlənməsi istiqamətində keçilən çətin, şərəfli yollardan söz açıblar. Belə görüşlərin nə vaxtsa ata yurdumuzda keçirəcəyimizə inam ifadə ediblər.
Tədbirin rəsmi hissəsindən sonra bayram süfrəsi arxasında maraqlı əhvalatlar yada salınıb, kəndin müdriklərinin kəlamları, baməzələrin lətifələri könül açmaq üçün dilə gətirilib.
Yekunda üstünə “KIĞI GÜNÜ” həkk olunmuş tort kəsilib və xatirə şəkilləri çəkdirilib.






Qafan Rayon İcmasının mətbuat xidməti
1-01-2026, 13:38
ƏLİYƏDDİN MÜƏLLİM,   TƏBRİK EDİRİK!


75 İLLİK YUBİLEY

ƏLİYƏDDİN MÜƏLLİM,


TƏBRİK EDİRİK!


Bu gün-2026-cı ilin ilk günü ailəmiz üçün ikiqat bayramdır. Həm yeni il, həm də 1951-ci il yanvarın 1-də Zəngəzur mahalının Mahmudlu kəndində doğulan qaynatam Əliyəddin müəllimin doğum günüdür. Ona görə də mən- Sarıyev Rəhim Nurəli oğlu qaynatam Ələddin müəllimi 75 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ona Allahdan sağlamlıq, uzun ömür, ailəsi və əzizləri ilə birlikdə xoşbəxt günlər arzu edirəm . Əliyəddin müəllim çox gözəl, qəlbigeniş insandır, mehriban qaynatadır, hər zaman mənə və ailəmizə, öz imkanları daxilində, dəstək olub.

Üçəm qız nəvələri - Sarılı İnci, Sarılı Ümid, Sarılı Sevgi, Əliyəddin babalarını çox sevdiklərini bildirirlər, ad gününü təbrik edirlər. Həmçinin nəvələri Nigar xanım və Akşin də babalarını çox sevdiklərini bildirirlər, Allahdan ona can sağlığı arzu edirlər.
Quliyeva Diləfruz xanım ömür - gün yoldaşının daha bir il qocaldığından gileylənsə də, yanında olduğuna Şükr edir. Allah, səni başımızın üstündən əskik eləməsin deyir- yaxşı ki, varsan, yeni yaşın mübarək!

Kiçik qızı Sarıyeva Sevil xanım: Ata söykəndiyin dağ deməkdir! Əziz atam, nə qədər ki, sən varsan, mən ayaqdayam. Allahdan sənə sağlam canla uzun ömür yaşamı arzu edirəm. Canım atam o gün olsun ki, 100 yaşını qeyd edək. Ad günün mübarək olsun!
Böyük qızı Şərifova Kəmalə xanım: Ata adı, övlada arxa dayaq, tutunacaq liman deməkdi. Allah atama verdiyi ömrü, sağlam canla və hüzurlu yaşamasını nəsib eləsin. Hər zaman ailəsinin başı üzərində sağlam durmağını diləyirəm.
1-01-2026, 09:48
70 İLLİK YUBİLEY YAMAN AĞIR İMİŞ ATASIZ DÜNYA!


KƏLBİYEV NURƏLİ


SARI OĞLU



Anım

70 İLLİK YUBİLEY
YAMAN AĞIR İMİŞ ATASIZ DÜNYA!
01.01.1956 - 19.04.2016


Mən Sarıyev Rəhim Nurəli oğlu, atam haqda ürəyimdən keçənləri qələmə almaqda əsas məqsədim elimizdə- obamızda yaşamış yüksək mədəniyyət sahibi olan dahi şəxsiyyətlərin yaşayıb-yaratdığını gələcək nəsillərə çatdırmaqdır.
Hər bir insanın dünyaya gəlişi, həyat və fəaliyyəti müəyyən missiya ilə əlaqədardır… Bu mənada hər kəs yaşadığı dövrdə Tanrı tərəfindən ona həvalə olunmuş missiyanı həyata keçirmiş olur. Bəşəri duyğularla yaşayan, xalqına, millətinə layiqli övlad olmağa çalışan, onun yolunda hər cür fədakarlığa hazır olan insanlar Tanrı tərəfindən ona həvalə olunmuş missiyanı səssiz - küysüz icra edir və bundan xüsusi zövq alır...
Belə insanlardan biri atam Kəlbiyev Nurəlidir. O, çox böyük qabiliyyət sahibi idi, böyükruhiyyəli insan idi, hər xırda işə, çətinliyə görə qohumla, dostla əlaqəni kəsməzdi, duz çörəyə, qohumluğa böyük önəm verərdi, qiymətli tutardı, hər yerdə qazandığı hörmətə - izzətə görə, bu gün başımı dik tuturam, açdığım hər qapıda, getdiyim hər bir məkanda atamın adına olunan hörmət, ünvanına deyilən xoş sözləri eşidirəm, görürəm və Allahıma şükür edirəm ki, bu cür böyük şəxsiyyətli atanın oğluyam və bu səbəbdən atamı qürurla, fəxrlə anıram. Əlində bir parça çörəyi olsa belə, onu paylaşan insan idi. Neçə ailələr, qəlblər sevindirdi, könüllər oxşadı. Atam kəndimizdə el ağsaqqalı adına layiq görülmüşdü. Ona görə də tək bizim evdən deyil, elimizdən getdi. Elimizin - obamızın xeyir- şər məclislərinin yaraşığı idi, gözəl idarəçilik qabiliyyəti, qeyri-adi gözəl səlis nitqi, şeirləri, xeyir duaları və başsağlıqları ilə onu sevənlərin qəlbinə oxşamış və qəlblərində daim yaşayacaq.

Atam istiqanlı, qohumcanlı idi. Heç bir qohumla əlaqəni kəsmirdi, hər zaman qohumlara gediş - gəlişli idi, hər kəsin dadına yetirdi. Özündən böyüklərə, kiçiklərə hər zaman hörmətlə yanaşardı, çalışardı heç kəsin qəlbinə dəyməsin, əlindən ancaq yaxşılıq gəlirdi, heç kəsə pislik etməzdi, dünya malına görə heç kəslə münaqişəyə girməzdi. Böyüklük göstərib güzəştə getməyi üstün tuturdu. Yaltaq, ikiüzli adamlarla məsafə saxlayardı. Hamıya qarşı dürüst idi, daxilən- zahirən eyni insan idi. Dilində yalan olmazdı, geniş qəlb sahibi idi. Atamdan çox maddi və mənəvi kömək istədilər, məsləhətə gəldilər, heç kəsi naümid qaytarmadı. Onun leksikonunda “yox” demək yox idi. Həmişə haqqın tərəfində olduğu üçün insanlar ona yüksək dəyər verirdilər. Atam insan övladının xeyirxahlıq üçün yarandığını özünə deviz edərək pisliyə yaxşılıqla cavab verirdi. Bir müəllim olaraq təlim-tərbiyə işlərində ona pislik edənin övladı ilə özününkünə fərq qoymazdı. Hamıya düz yol göstərər, təmənnasız xidmət edər, dəyərli məsləhətlər verərdi. Yaxşılıq etməkdən, xeyirxahlıqdan zövq alırdı. Atam bu fani dünyada xeyirxah əməlləri, ağsaqqalığı, mərdliyi mərdanəliyilə ad qoyub getdi.
Mən onun vədəsiz gedişilə tək atamı deyil, dostumu, sirdaşımı, arxa- dayağımı, itirdim. Atam çox zəhmətkeş, ailəcanlı, övladları üçün canını verməyə hazır ata idi. Kaş atam sağ olardı, qalan ömrümü, gözümü qırpmadan ona qurban verərdim.

Atam 01.01.1956- cı ildə Qərbi Azərbaycanın gözəl guşələrindən olan Zəngəzur mahalının Gığı kəndində anadan olmuşdur. O,1963- cü ildə Gığı kənd orta məktəbinin 1- ci sinfinə getmiş və orta məktəbi bitirdikdən sonra, 1974- cü ildə 18 yaşında Azərbaycan Pedaqoji Universitetinə qəbul olmuşdur. Babam Sarı Çapan oğlu 1900-cü ildə anadan olmuş, çox qüvvəli, canlı adam olduğundan" gücünə - qüvvəsinə, cəsarətinə görə " pəhlivan Sarı ləqəbi" qazanmışdır. Sarı babam çox zəhmətkeş insan olub, çörəyini öz biləyinin gücü, alın təri ilə qazanaraq, özünə və ailəsinə halal çörək yedirtmişdir. O, 09 avqust 1974- cü ildə Gığı kəndində öz evinə 2 kisə un alıb gətirir, unu evə qoyduqdan sonra, yorğunluğunu çıxarmaq üçün divanda uzanır. Rəhmətlik nənəm Bilqeyis Məhərrəm qızı görür ki, günortadır, amma Sarı kişi heyvanları çölə buraxmayıb. Evə girib babamı səsləyir və bu an onun ruhsuz bədənini görür, dünyası qaralır. Sarı babam artıq əbədi dünyaya qovuşmuşdu…
Atam Nurəli Bakı şəhərində tələbə adının sevincini yaşayarkən, ata-anasını öz sevincinə şərik etmək xəyalı qurarkən, Sarı kişinin vəfatından xəbərsiz idi. Bilqeyis nənəmin fikri ilə Sarı babamın kiçik qardaşı rəhmətlik Paşa babanın oğlu rəhmətlik İlqar əmim (alim idi) və atamın qardaşı mərhum Nurəddin əmim həm atamın tələbə sevincinə şərik olmağa, həm də acı xəbəri demək üçün Bakıya gedirlər. Onlar birgə qatarla kəndə qayıdarkən, yol boyu xeyli söhbət edirlər, amma Sarı babamın ölüm xəbərini, heç cürə ürək edib, atama deyə bilmirlər. Onlar Gığı kəndinə çatırlar, atam evlərinin yaxınlığında anasını pərişan görür və nə baş verdiyini soruşur, acı xəbəri anası verir və valideynlərini sevindirməyə gələn atamın dünyası qaralır, sinəsinə ata dağı çəkilir.
Kəlbiyev Sarı Çapan oğlu 09.08. 1974-ci il tarixdə Gığı kəndinin qəbiristanlığında dəfn olunmuşdur. Mən özümü tanıyandan bəri, hər il 9 sentyabrda atam, rəhmətlik Bağman müəllimi (anamın atası Loğman babamın qardaşı) evimizə dəvət edərdi və atası Sarı babamın ruhuna quran oxutdurardı. İndi heç biri həyatda yoxdur. Allah hamısına rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun.
Atam Sarı babamın sağlığında, evin, həyət-bacanın əziyyətli işlərində hər zaman atasına kömək etmiş, zəhmətkeşliyi ilə hər zaman babamın qəlbində özünəməxsus yeri olmuşdur. Eyni ilə Nurəli də atasına çox bağlı olmuşdur. Sarı babamın vəfatından sonra, evin, həyət-bacanın ağırlığı atamın üzərinə düşmüş və atam alın açıqlığı ilə evin bütün əziyyətlərinə qatlaşmış, anası Bilqeyisə hər zaman arxa-dayaq olmuşdur.
Həyat öz sərt üzünü, atama çox gənc yaşlarından göstərməyə başlamışdır. Atam, elə tələbəlik illərindən öz xərclərini idarə etmək üçün həm fiziki işdə işləyir, həm də ali təhsil alırdı.
1978- ci ildə Universiteti bitirib, Gığı kənd orta məktəbində Azərbaycan dili və Ədəbiyyat fənni üzrə müəllim işləmişdir. Öz peşəsinə vicdanla yanaşmış, peşəkar, ciddi və tələbkar müəllim olmuşdur. Onun nəticəsidir ki, dərs dediyi savadlı şagirdləri bu gün Dövlətimizin müxtəlif qurumlarında yüksək vəzifələrdə işləyirlər.
1979- cu ildə anam Piriyeva Xalidə Loğman qızı ilə ailə həyatı qurmuş və bu evlilikdən 5 övladı, iki oğlu, 3 qızı dünyaya göz açmışdır.

1988- ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar doğma yurdundan - Gığı kəndindən ayrı düşür və ailəsi ilə birgə Bakı şəhərində, Böyükşor adlı məkanda Nurəddin əmimin evində 1 ilə yaxın yaşayır, 1989- cu ildə Bakının Xutor qəsəbəsində anası Bilqeyis və ailəsi ilə birgə özünə məxsus fərdi yaşayış evinə yerləşir və orada yaşamağa başlayır.
Nənəm Bilqeyis Məhərrəm qızı 1913- cü ildə anadam olmuşdur. Gığı kənd tam orta məktəbində texniki işçi kimi çalışmışdır. 1989 cu ildən - ömrünün son gününə kimi, 13 il ailəmizlə birgə atamın himayəsində yaşamış, anam Xalidə xanıım, həmin illər ərzində nənəmin hər zaman qulluğunda dayanmış, böyük qayğı- diqqət göstərmiş, övladı kimi nazını çəkmişdir. Bilqeyis nənəm 2001- ci ildə 88 yaşında Xutor qəsəbəsində, yaşadığımız evdə ürək dayanmasından vəfat etmiş və Abşeron rayonunun Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur.
Atam öz müəllimlik vəzifəsini, 1989- cu ildə Bakı şəhəri Nərimanov rayon 45 saylı tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənni üzrə davam etdirir və ömrünün son gününə qədər həmin məktəbdə müəllim və Həmkarlar Təşkilatının sədri vəzifəsində işləyir. Müəllim işlədiyi illərdə, kollektivdə böyük nüfuz sahibi olur, şagirdlərln ən hörmətli, sevimli müəllimlərindən biri olur, valideynlər tərəfindən böyük hörmətlə qarşılanır, kollektivdə nüfuz qazanır, sədr olaraq şəhid və qazi ailələrinə, ailə başçısın itirənlərə, ehtiyac içində olan ailələrə dövlət yardımı yazmış və həmin ailələr bu yardımdan yararlanmışdır. Atamın fədakarlığı və xeyriyyəçiliyi barədə vəfatından sonra müəllim kollektivindən, məktəbin direktoru Nazilə xanımdan eşidib qələmə almışam.

Atam, elmə - təhsilə çox önəm verdiyi üçün 3 qız övladına müəllim, müalicə işi və əzzaçılıq sahələri üzrə, qardaşımla mənə isə hüquqşunas, nəqliyyatçı sahələri üzrə təhsil almağımızda və işlə təmin olunmağımızda çox zəhmət - əziyyət çəkmişdir. Bir əlində qələm, digərində dəmir tutmuş, heç kim tərəfindən dəstəyi olmamış, öz gücü və iradəsi ilə gecəsini - gündüzünə qatmış, ailəsinə alın təri ilə halal çörək yedirtmiş, bolluq içərisində yaşatmış, ailəsini heç kimə möhtac etməmiş, öz rahatlığını, sağlamlığını ailəsinə qurban vermişdir. Anam Xalidə xanım həmçinin çörək sexində və sonra üzüm bağlarında işləmiş, övladlarının təlim-tərbiyəsində, ailənin maddi çətinliyində böyük zəhmət çəkmiş, atama mənəvi və maddi dayaq olmuşdur.
2015- ci ilin yanvar ayında, 59 yaşında ağır xəstəliyə tutuldu, həkimlər 6 ay ömrünün qaldığını bildirdilər, əgər müalicə olunarsa 1 il yaşaya biləcəyini dedilər. Mən bu müalicənin məsuliyyətini öz üzərimə götürdüm və müalicə 15 ay davam etdi, atamın 60 illik yubileyini ailəmizlə birgə qeyd etdik. 15 ay müalicə dövründə atamla həm ata -oğul münasibətində, həm daha yaxın dost kimi olduq və həmin 15 ay mənim yaddaşımda, qəlbimdə həm acı, həm xoş bir xatirə kimi qaldı.
19 aprel 2016- cı ildə 60 yaşında uzun sürən xəstəlik nəticəsində ürək dayanmasından vəfat etdi. Allah atama rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun, qəbri nurla dolsun!
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!