Neftlə bağlı vacib qərar
OPEC+ ölkələri neft hasilatının artırılmaması ilə bağlı qərar veriblər.
Təşkilatın səkkiz üzv ölkəsinin nazirləri keçirilən iclasın yekununda 2026-cı ilin birinci rübündə neft hasilatının 2025-ci ilin dekabr ayı səviyyəsində qalacağını təsdiqləyiblər.
Bu barədə OPEC+-in yaydığı kommünikedə bildirilib.
Qərara əsasən, mövsümi dalğalanmalar nəzərə alınaraq 2026-cı ilin fevral və mart aylarında hasilatın mərhələli şəkildə artırılması planı dayandırılıb. Qeyd olunub ki, bu qərar 2025-ci il noyabrın 2-də səkkiz ölkə tərəfindən razılaşdırılıb.
Eyni zamanda, nazirlər 2025-ci ilin noyabr ayının əvvəlində əldə olunan əvvəlki razılaşmanı da xatırladıblar. Həmin razılaşmaya görə, 2025-ci ilin dekabr ayında OPEC+ çərçivəsində neft hasilatının ümumi kvotası sutkada 137 min barel artırılıb.
Mövcud razılaşmalara əsasən, 2026-cı ilin birinci rübü üçün maksimal neft hasilatı səviyyələri belə müəyyən edilib: Rusiya üçün sutkada 9,57 milyon barel, Səudiyyə Ərəbistanı üçün 10,103 milyon barel, İraq üçün 4,273 milyon barel, Birləşmiş Ərəb Əmirlikləri üçün 3,411 milyon barel, Küveyt üçün 2,580 milyon barel, Qazaxıstan üçün 1,569 milyon barel, Əlcəzair üçün 971 min barel və Oman üçün 811 min barel. Bu göstəricilər kompensasiya qrafiki nəzərə alınmadan hesablanıb.