Hikmət Hacıyev Ukrayna səfiri ilə bu məsələni müzakirə etdi
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşərək strateji tərəfdaşlığı müzakirə edib. Bu barədə səfir "X" hesabında yazıb. Bildirilib ki, görüş çərçivəsində 2025-ci il nəticələri və 2026-cı ildə strateji tərəfdaşlığı daha da gücləndirmək üçün addımlar müzakirə edilib. "Azərbaycanın Ukraynaya davamlı dəstəyinə görə minnətdarıq",-Y.Qusev qeyd edib.
Paytaxtın Səbail rayonunda dələduzluq faktı qeydə alınıb. Zərərçəkən əvvəlcədən tanıdığı şəxsdən “brend marka” adı altında 2 ədəd qol saatı alıb və sonradan həmin məhsulların orjinal olmadığı ortaya çıxıb. Bu yolla vətəndaşın 5200 manatı ələ keçirilib. Polis əməkdaşları qeyd olunan əməli törətməkdə şübhəli bilinən 41 yaşlı R.İsmayılovu saxlayıb. Rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində isə talama cinayətinin qarşısı alınıb. Müştərinin mağazadan oğurluq etməyə cəhd göstərdiyindən şübhələnən satıcılar dərhal polisə məlumat verib və şübhəli bilinən 42 yaşlı A.Abışova saxlanılıb. Araşdırmalar aparılır.
Dövlət televiziya və radio arxivləri tam rəqəmsallaşdırılacaq
2040-cı ilə qədər milli kino fondu, dövlət televiziya və radio arxivlərinin tam rəqəmsallaşdırılması nəzərdə tutulub. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub. Məlumata əsasən, milli kino fondunun azı 60 faizinin, dövlət televiziya və radio arxivlərinin hər birinin isə azı 50 faizinin rəqəmsallaşdırılması planlaşdırılıb. Bununla yanaşı sözügedən dövrdə mədəniyyət sahəsində dövlət informasiya resurslarının birləşdirilməsi və ya əlaqələndirilməsi, vahid kommunikasiya siyasətinin həyata keçirilməsi məqsədilə "e-culture" platformasının yaradılmasının təmin edilməsi nəzərdə tutulub.
"Şuşa Otel-Konqres Mərkəzi Kompleksi" idarəetməyə verilir
Prezident İlham Əliyev "Şuşa Otel-Konqres Mərkəzi Kompleksi"nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərində yerləşən, İqtisadiyyat Nazirliyinin balansında olan Kompleksin müqavilə əsasında idarəetməyə verilməsi barədə Nazirlər Kabinetinin təklifi qəbul edilib. Azərbaycan hökuməti nazirliyin bununla bağlı müqaviləni iki ay müddətində bağlamasını təmin etməli, sonra onu təsdiq etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. İqtisadiyyat Nazirliyi isə sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
İşğaldan azad edilmiş Xocavənd rayonunun Tuğ kəndində infrastrukturun yenidən qurulması çərçivəsində mühüm mərhələyə start verilib. Kəndin xarici su təchizatı və tullantı su şəbəkəsinin inşası ilə bağlı irimiqyaslı tender elan olunub. "Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi tərəfindən elan edilən müsabiqənin dəyəri 4 867 314,74 AZN-dir. Layihə Tuğ kəndinin müasir standartlara uyğun bərpası və sakinlərin dayanıqlı kommunal xidmətlərlə təmin olunması məqsədini daşıyır. Kəndə qayıdacaq əhalinin içməli su və kanalizasiya ehtiyaclarını tam qarşılanacaq.
Azərbaycan 4 məhkumu Ermənistana təhvil verib. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, Gevorq Sujyan, David Davtyan, Vigen Euljekjyan və Vaqif Xaçatryan müvafiq Azərbaycan hakimiyyət orqanlarının nümayəndələri tərəfindən Həkəri körpüsü vasitəsilə Ermənistan rəsmilərinə təhvil verilib və hazırda Ermənistandadırlar. Xatırladaq ki, Vaqif Xaçaturyan Birinci Qarabağ Müharibəsi zamanı Meşəli kəndində törədilən soyqırımında iştirak etməkdə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç casusluğa görə təqsirli bilinərək hər biri 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. Livan ermənisi Vigen Euljekyan isə 2020-ci ildə imzalanmış 10 noyabr tarixli bəyanatdan sonra Şuşada saxlanılmışdı. O, Azərbaycan ərazisinə qanunsuz daxil olmuş və ölkəmizin qanunvericiliyini pozan digər hərəkətlərə yol vermişdi. Vigen Euljekyan Azərbaycana qarşı müharibədə Ermənistan tərəfindən iştirak etmişdi. Viqen Euljekyan 20 il müddətinə azadlıqdan məhrum edilib.
Ermənistan İrana düşmən qüvvələrin mərkəzinə çevrilir. Bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqulami deyib. O, 10 yanvardan bəri İrəvandakı İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarını şərh edərkən bunu vurğulayıb. Diplomat xatırladıb ki, Tehran çətin anlarda həmişə İrəvana kömək əli uzadıb. Şirqolami həmçinin ABŞ-ın İrana qarşı istismar edə biləcəyi TRIPP-nin yaradılması ilə bağlı İranın narahatlığını bir daha təkrarlayıb. və narahatlığın erməni həmkarlarına çatdırıldığını əlavə edib.
Sosial şəbəkələrdə ünvanlı yardım verilməsinə dair saxta məlumatlar yayılır
Son günlərdə fişinq xarakterli müxtəlif saxta domenlər yaradılaraq sosial şəbəkələr və messengerlər vasitəsilə əhali arasında dövlət tərəfindən ünvanlı sosial yardımların verilməsi ilə bağlı dezinformasiya yayılmaqdadır. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb. Bildirilir ki, xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə məxsus "myGov" portalının adından istifadə olunmaqla saxtalaşdırılmış saytlar yaradılaraq vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi hədəflənir. Sözügedən saxta saytlar vasitəsilə kimlik məlumatlarının, istifadəçi hesablarının və bank kartları kimi mühüm məlumatların ələ keçirilməsinə cəhd edilir. XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi bu kimi saxta domenlərin bir neçəsini müəyyən edərək müvafiq qurumlarla birgə ölkə üzrə bloklanmasını təmin edib. Eyni zamanda, həmin saxta domenlər Mərkəzin "Blacklist.gov.az" - vətəndaşların saxta domenlərdən qorunması platforması vasitəsilə də ictimaiyyətə təqdim olunub. Dövlət Xidməti vətəndaşlara saxta domenlər aşkar etdikdə bu barədə məlumatı Blacklist.gov.az platformasına əlavə etmələrini, saxta saytlardan qorunmaq məqsədilə öz brauzerlərində platformanın müvafiq genişlənməsindən istifadə etmələrini, eləcə də şübhəli sayt və keçidlərə qarşı diqqətli olmalarını tövsiyə edir.
Nazirlik bəzi dərmanlarla bağlı əhaliyə çağırış etdi
"İnternet üzərindən alınan dərmanların mənşəyi məlum olmur. Bu məhsullar, əsasən, bioloji aktiv əlavələrdir və dünyanın heç bir ölkəsində rəsmi olaraq dərman kimi qəbul edilmir". Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Nahid Məhərrəmov deyib. O bildirib ki, həkim məsləhəti olmadan hər hansı dərman və ya əlavə qəbul etmək düzgün deyil: “Bu cür hallar bu gün kifayət qədər geniş yayılıb və ciddi narahatlıq doğurur. İnternetdən əldə edilən preparatlardan istifadə risklidir və sağlamlıq üçün təhlükə yarada bilər. İnsanlar bəzən “immuniteti gücləndirən” adı altında müxtəlif vasitələr alırlar. Halbuki hazırda dünyada immunitet sistemini birbaşa və möcüzəvi şəkildə “qaldıran” konkret dərman mövcud deyil. Bu səbəbdən bu məsələyə ciddi yanaşmaq və yalnız həkim tövsiyəsi əsasında müalicə vasitələri qəbul etmək vacibdir”.
Qəbələdə nəhəng su anbarının tikintisi davam edir - VİDEO
Qəbələ rayonunun "Yengicə" kəndi ərazisində, Qara çayın məcrasında ən müasir standartlara cavab verən Yengicə su anbarının tikintisi davam etdirilir. Layihə üzrə işlərin artıq 70 faizdən çoxu tamamlanıb. Uzunluğu 450 metr olan bənd inşa edilib, bəndin maksimum eni təxminən 300 metr, dürlüyü isə 45 metrdir. Su hövzəsinin formalaşacağı ərazidə yer bərkitmə və torpaq işləri aparılır. Su anbarı mövcud su ehtiyatları nəzərə alınmaqla planlaşdırılıb. Layihənin əsas məqsədi əkin sahələrinin davamlı suvarılmasının təmin edilməsi, əhalinin içməli su təchizatının yaxşılaşdırılması və daşqın risklərinin minimuma endirilməsidir. Yengicə su anbarının istifadəyə verilməsi ilə minlərlə hektar əkin sahəsində su təminatının stabilləşməsi gözlənilir. Bu, kənd təsərrüfatında məhsuldarlığın artmasına, itkilərin azalmasına və yerli əhalinin gəlir imkanlarının genişlənməsinə şərait yaradacaq. Eyni zamanda, kəndlərdə su probleminin aradan qaldırılması daxili miqrasiyanın azalmasına da müsbət təsir göstərə bilər. Məlumata görə, Yengicə su anbarının layihələndirilməsi zamanı müasir mühəndislik yanaşmalarından istifadə olunub, su səviyyəsinin tənzimlənməsi, itkilərin qarşısının alınması və təhlükəsizlik mexanizmləri beynəlxalq standartlara uyğun şəkildə qurulub. Su anbarə ətraf mühitə təsirin minimuma endirilməsi prinsipi əsasında inşa olunub. Qeyd edək ki, oxşar layihələr ölkənin digər bölgələrində də həyata keçirilir. Yengicə su anbarından təxminən 70 kilometr qərbdə, Oğuz rayonunun ərazisində Əlcan çayı üzərində yeni su anbarının inşası davam edir. Layihə yekunlaşdıqdan sonra 16 kəndin içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Həmçinin Şəki və Oğuz rayonlarında ümumilikdə 33 min hektara yaxın ərazi suvarma suyu ilə təmin ediləcək. Ətraflı AzTV-nin sujetində:
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!