Səhra Rezayi
Yazar, jurnalist və tərcüməçiDünyaya əbədi
nurdur Məhəmməd«Dünyaya əbədi nurdur Məhəmməd» hər cümləsinin əvvəlində yer alan bu beyt, şairin ilahi ruhundan və ənbiyalara bağlılığından xəbər verir. Müasir dövrün Dədə Qorqudu kimi görünən şairimiz Mirəli Abbası illər sonra yenidən gördük və onun dərin mənalı, könül oxşayan qəzəllərinin qonağı olduq. İllər öncə nəşriyyatda tanış olduğum ağsaqqal şair, xəstələnib yatağa düşsə də, dili heç zaman haqq söz deməkdən, qələmi həqiqətləri yazmaqdan vaz keçməyib.
Türk dünyasına böyük hörmət və sarsılmaz inam bəsləyən Mirəli Abbas hər zaman türklərin birliyini dilə gətirib və ən böyük arzusu yazdığı ilahi kəlmələri və düşündürücü sözləri bütün türk millətinə çatdırmaqdır. Onlarla kitabın müəllifi olan bu böyük sənətkar, son əsəri «Mən sizinlə görüşə gəlmişəm»də bütün türk dünyasına müraciət edərək onları dürüstlüyə və birliyə çağırır. Atalar sözləri və gözəl qəzəllərlə bəzənmiş bu kitabın üz qabığı da məna yükü daşıyır: Türk xalqlarının bayraqları ilə işlənmiş, ay-ulduz işığında görünən qılınc və saz türklüyün iki əzəli rəmzi kimi bu müqəddəs dünyanı qoruyur və işiqlandırır.
Mirəli Abbas - 1950-ci il iyulun 2-də Ağsu rayonunun Şahbəyli kəndində dünyaya göz açıb. Tam orta təhsillidir. Şair öz bacarığı nəticəsində hərbi sirlərə, astronomik elmlərə, Qurani-Kərimə, islamşünaslıq elminə, əxlaqi-nasirə yiyələnib.
Uzun müddət Neft daşlarında, sonra DİN-nin orqanlarında və Ağsu rayonunda Su-meliorasiya idarəsində çalışıb. Hazırda təqaüdçüdür. Müdrik kəlamlar və gözəl qəzəllər müəllifi kimi tanınır. 6 kitab müəllifidir. AYB-nin və AJB-nin üzvüdür. "Atatürk", "Zira" və "Qızıl qələm" mükafatları laureatıdır. Mirəli Abbas hazırda Azarbaycanın Ağsu şəhərində yaşayır. Bu sadə insan dünyəvi dinlərin incəliklərindən məlumatlıdır və sərirəştəsi var. Çox maraqlı insandır.
Mirəli Abbasın yaradıcılıq həyatına qısa bir baxışYaradıcılığı ilə tanış olduğum şair Mirəli Abbas haqqında söz deməyə heç kəs çətinlik çəkə bilməz. Onun əsərlərindən məlum oldu ki şair öz dinini, islamını, türkçülüyünü, göz bəbəyi kimi qorumağı bacaran bir şairdir. Onun hər cümləsi millətini köməyə, səfərbərliyə çağırır. Şair bir sözlə dərdini dünyaya, millətinə öz oğlanlarına çatdırıb. "Oğul vətən əmanəti ha" bu cümlə ilə demək istəyir ki, yad ellərin bir məqsədi var. Mənim vətənimi, sərvətimi, dinimi və dilimi almaq istəyirlər. Yalnız məqsəd budur.
Birinci kitabı kimi ikinci kitabında da şair başqa bir müdrik cümlə ilə kitabının üz qabığını bəzəmişdir:
"Oğul sən məndən böyüksən səngər dalında" adlı ikinci kitabında, vətən səngərində dayanan oğulları vətənin ən böyük və cəsur oğulları adlandırıb, vəsf eyləmişdir. O oğul ata anasının qeyrətini və dövlət rəmzi olan bayrağını, ərazi bütövlüyünü qoruyur. Şairin bu kitabındakı yazılar birliyə çağırır. Islam dünyasına çağırışdır. Şairin "Mənim Allahım" poeması Allaha inanmayan insanlara işarədir.
Mirəli Abbas islam dininin banisi Məhəmməd peyğəmbəri əsas götürərək İslamı qəbul edən millətlərə qardaşdır və qardaş da olacaq deyərək, bütün İslam dunyasını birliyə, ədalətə, paklığa, biri-birinə arxa olmağa və olmuş səhvləri güzəştə getməyə çağırır. Şairin yaradıcılığına baxanda fikirləri peyğəmbərin fikirlərinə, Qurana, islamşünaslıq elminə söykənir. İslam dünyası, Məhəmməd Peyğəmbər (s)dən sonra İslam ölkələrində Quran-Kərimdən bəhrələnmiş dahi şairlərin əsərlərini oxumuş, onların dünya ədəbiyyatına verdiyi xeyri açıqlamağı bacarır.
Şairi zaman özü yetişdirmişdir. Onda ilahi qüvvəsinin öz köməyi var. Onun yaradıcılığında fəlsəfi dəyərlər tapıntılar çoxdur. Bir şeirinə baxaq:
Peyğəmbər elmindən mən dərs almışam,
Böyük Nizamidən cilalanmışam.
Səməd Vurğun sadə dilimdi mənim,
Cavid sərkərdəm, elimdi mənim.
Şəhriyar soy köküm, belimdi mənim,
Ustadlar dilində bir Allahım var.
Dünya həqiqətdən tutubdu qərar,
Axtarsan, oxusan həqiqətim var.Günəş Nurdur, Torpaq Məhəbbət
İslam dininin mahiyyətini dərk edib onu qəbul edən insan əvvəlcə öz əxlaqi tərbiyəsini nəzərdən keçirməlidir. Analıq tərbiyəsi isə daha da kamilləşdirilməlidir. Müəllif bu mövzuya aydınlıq gətirmək üçün iki yüzdən artıq atalar sözünü nümunə olaraq toplamışdır. Məsələn, o, müxtəlif məna çalarlarına sahib atalar sözlərini diqqətlə araşdırmış və əsərdə yer vermişdir.
«Atalar Sözü» Mirəli Abbasın ədəbi irsinin ən nurlu səhifələrindən biridir. Bu kitabda şair, əsrlərin yaddaşından süzülüb gələn türkməişətli məsəlləri yeni bir nəfəs, yeni bir hikmətlə yenidən dirildir. Lakin «Atalar Sözü» yalnız toplanmış deyimlərin kitabı deyil; o, bir el ağsaqqalının – Mirəli Abbasın – həyatın dərin qatlarından süzülüb gələn söz sınaqlarının göstəricisidir.
Mirəli Abbas, öz müdrikliyinin, el sevgisinin və illərin müşahidəsinin bəhrəsi olan bir çox məsəlləri özünün yaratdığı kimi, onları türk dünyasının ədəbi xəzinəsinə də əbədi yadigar etmişdir. Bu kitabda yer alan hər söz, bir nəsihət işığı, bir yol göstəricisi, bir ömür dərsidir. O, xalqını doğru yaşamağa, düz yol tutmağa, insanlığın və mərifətin həqiqi mənasına qovuşmağa çağırır.
Günəş nurdur, torpaq məhəbbət.
Nəfsi çox olan oğru olar, ya dilənçi.
Falçı gəzən qadın şeytanın bacısıdır.
Çox ağac əkən cənnətə gedər.
Bir yalanın bəlasın bir el çəkər.Qəzəllər və Gözəllər», klassik şeir nəfəsinin müasir duyğularla qovuşduğu nadir bir əsərdir. Bu kitabda söz, həm könülün sirlərini açır, həm də gözəlliyin ən incə çalarını naxış-naxış oxucuya bəxş edir. Şairin qələmində hər qəzəl bir pıçıltı, hər misra bir nəfəs, hər obraz isə həyatın içindən süzülüb gələn bir nur kimidir.
«Vicdan lövhələri», sözün qəlbin dərinliyinə düşdüyü, insanın içində gizlənən sükutun səsini oyatdığı poetik bir yolçuluqdur.
Şeirlərdəki sadəliklə dərinlik bir-birinə qarışır: bəzən bir kəlmə bir ömürlük düşüncəyə açar verir, bəzən bir misra unudulmuş duyğuları oyaq salır.
Şairin Iranda çap olunan əsərləri«Mənim Allahım» kitabı 2017-ci ildə Təbriz, Tehran və Zəncan şəhərlərində nəşr edilmişdir. Kitabın ön sözü onun uzun poeması- «Mənim Allahım»dır.
Bu kitab şairin dərin dini, fəlsəfi və ilahi düşüncələrini əks etdirən müxtəlif şeirlərdən, qəzəllərdən və rübailərdən ibarətdir. Eyni zamanda vətən sevgisi və milli ruh da əsərin əsas mövzularındandır.
2022-ci ildə nəşr olunmuş «Oğul, sən məndən böyüksən səngər dalında» şeir toplusu vətən sevgisi, qürur və şərəf mövzusunda ilhamverici əsərdir. Şair bu əsərdə tarixə iz qoymuş qəhrəmanların ruhunu oxucuya çatdırır, vətənə bağlılığı, gənclərin gələcəyə inamını və sönməyən ümidini ön plana çıxarır.
Şairin son əsəri “Mən Sizlə Görüşə Gəlmişəm”, 2025-ci ildə Təbriz və Tehranda nəşr olunmuşdur və tezliklə onun bir nüsxəsini səbrlə gözləyən əziz şairə çatdıracağam.
«Mən sizinlə görüşə gəlmişəm» son nəfəs kimi içdən, səmimi bir əsərdı.
Mir Əli Abbasın yeni kitabı oxucunu ilk sətrindən özünə çəkən, insanın iç aləminə açılan bir pəncərə kimidir. Bu kitabda müəllif illərin süzgəcindən keçmiş duyğularını, yaddaşın dərin qatlarında qalmış insanları, görüşə gəlmiş bir qonaq təmizliyi ilə oxucusunun qarşısına çıxarır. Bu kitab, müəllifin oxucusuna «mən burdayam, sizinlə danışmağa, bölüşməyə gəlmişəm» deyən sakit, dərin və poetik bir salamıdır.
Bu dəyərli kitabın əhəmiyyəti təkcə ədəbiyyat çevrəsi ilə məhdudlaşmır. «Mən sizinlə görüşə gəlmişəm» artıq böyük bir mənəvi yol keçərək Şəhriyar Ev-Muzeyinin rəflərində öz yerini alıb. Bu, Mir Əli Abbasın söz dünyasının ustad Şəhriyarla eyni məkanda nəfəs alması, iki sənət nəfəsinin bir araya gəlməsi kimi simvolik və dərin mənalı bir hadisədir.
Kitabın yaxın günlərdə İstanbulda Dünya Türklüyü Həmrəylik Muzeyinə də hədiyyə ediləcəyi xəbəri isə onun sözlərini sərhədlərdən kənara aparacaq bir körpü kimidir. Bu addım, həm müəllifin yaradıcılığına verilən dəyərin, həm də türk dünyasının mədəni bağlarının daha da möhkəmlənməsinin gözəl bir işarəsidir.
Nəhayət, son söz...İllər əvvəliydi… Arazın o tayından uzaqlardan bir qonaq gəlmişdi evimizə. Qapını açanda qarşımızda uca boylu, nurüzlü bir qoca dayanmışdı -sanki günəşin ilk şüaları onun üzündə əriyib evimizi işıqlandırmışdı. Onu Azərbaycan nəşrlərində tanımışdım; indi isə Ağsudan, Zəngandan kilometrlərlə uzaq bir yerdən, ürəyi dolu səmimiyyətlə evimizin qonağı olmuşdu. Atamla anam bu görüşdən sevinc içində idi; sevincləri qəlblərində çırpınır, gözlərindən parlaq işıq saçılırdı. Arazın bu tayındakı adət-ənənələrə uyğun olaraq, qonağa səmimi ev sahibliyi etməyə hazırlaşırdılar. Şair isə, sanki hər bağdan bir gül gətirmiş, şeirlər oxuyur, hikmət dolu sözlər söyləyirdi - hər sözündə həyatın mənası və insanlığa sevgisi əks olunurdu.
Bəli, o Mirəli Abbas idi - illər boyu söyləmədiklərini bağçamızın torpağına əkmiş, hər gül və hər yarpaq ilə bizə xatirə qoymuşdu. Bizi tərk edən şair Məşhəd ziyarətinə müşərrəf oldmuşdu. Zaman keçsə də, anam bu dünyanı tərk etsə də, biz və Arazın bu tayındakı bütün azərbaycanlılar sevimli qonağımız, şairimiz Mirəli Abbası səbrsizliklə gözləyirik. Xəstə yatağında yatan şairə uca rəbbimdən şifalar diləyib gözəl ve təmiz urəkli şairimizə yeni-yeni uğurlar arzulayırıq!..