ABŞ Ukraynanın təbii sərvətlərini ələ keçirmək istəyirABŞ Ukraynanın təbii sərvətləri üzərində nəzarət əldə etmək istəyir, lakin bu prosesdə Ukraynanın təhlükəsizliyinə zəmanət verilmir.
Bu barədə “Financial Times”, “Bloomberg” və “Reuters” kimi nüfuzlu media orqanları məlumat yayıb.
Yeni layihəyə görə, ABŞ Ukraynanın bütün təbii sərvətləri, o cümlədən neft və qaz yataqları üzərində geniş nəzarət əldə etmək istəyir. Layihə ABŞ-ın təbii sərvətlərin istismarına aid infrastruktur, dəmir yolları, avtomobil yolları, limanlar, mədənlər və emal zavodları üzərində də nəzarət əldə etməsini nəzərdə tutur.
Ukrayna tərəfi bildirir ki, ABŞ-ın təklifi ölkənin suverenliyinə təhlükə yaradır və Kiyevin Vaşinqtondan asılılığını daha da gücləndirir. Bir neçə Ukrayna rəsmisi ABŞ-ın yeni təklifini "ədalətsiz saziş" və "talan" kimi xarakterizə edib.
Amerikanın təqdim etdiyi təklifə əsasən, Ukrayna təbii sərvətlərin istismarı və infrastruktur layihələrindən əldə etdiyi gəlirin yarısını ABŞ-la birgə yaradılmış xüsusi investisiya fonduna köçürməlidir. Bununla yanaşı, ABŞ fondun bütün mənfəətini və illik 4% gəliri əldə edəcək, bu da ABŞ-ın Ukraynaya göstərdiyi 100 milyard dollarlıq "hərbi borcu" geri qaytarmaq məqsədilə nəzərdə tutulub.
ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyası (DFC) fondun idarəçiliyini həyata keçirəcək və beş müşahidə şurası üzvündən üçünü təyin edəcək. Bu isə Ukraynanın fond üzərində nəzarət imkanlarını məhdudlaşdırır.
Həmçinin, sazişə görə, ABŞ Ukrayna təbii sərvətlərini, xüsusən də neft və qazı, digər potensial alıcılardan əvvəl almaq hüququna malik olacaq. Vaşinqton həmçinin Ukraynanın təbii sərvətlərini ABŞ-ın "strateji rəqibləri"nə satmasını qadağan edir.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, saziş layihəsi hələ də müzakirə mərhələsindədir və rəsmi Kiyev ABŞ-la əməkdaşlığa açıqdır. Lakin o, ABŞ-ın hərbi yardımını dayandırmasından və ya kəşfiyyat məlumatlarının mübadiləsini məhdudlaşdırmasından ehtiyat etdiyini qeyd edib.
ABŞ rəsmiləri bildirirlər ki, təklif olunan saziş Ukrayna üçün iqtisadi cəhətdən əlverişli olacaq və iki ölkə arasındakı əlaqələri gücləndirəcək. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ceyms Hyuitt deyib ki, bu saziş uzunmüddətli sülhün və təhlükəsizliyin təməlini qoyacaq.
ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, saziş yaxın həftələrdə imzalana bilər. Lakin Ukrayna rəsmiləri sazişin bu formada qəbul ediləcəyinə şübhə ilə yanaşırlar.
ABŞ Prezidenti Donald Tramp isə deyib ki, saziş ABŞ-a Ukraynaya edilən milyardlarla dollarlıq investisiyaları geri qaytarmağa kömək edəcək. Onun sözlərinə görə, Avropa ölkələri Ukraynaya yalnız kreditlər təqdim etdiyi halda, ABŞ ona təmənnasız yardım göstərib.
Ümumilikdə, ABŞ-ın əsas məqsədi Ukraynanın təbii sərvətlərini nəzarət altına almaq və eyni zamanda Vaşinqtona sərf edilən maliyyə vəsaitlərini geri qaytarmaqdır. Lakin bu təklifin Ukrayna tərəfindən qəbul ediləcəyi hələ ki, qeyri-müəyyəndir.