Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.
ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!!Atalar, qızlara siz ad verəndə,
Elə ad vein ki, bəxti yar olsun!
Ya Humay çağırın, ya Sona deyin,
Elə ad verin ki, bəxti yar olsun!
Sükeydə, Fəğanə, adı verməyin,
Bəxtinin yoluna “cadu” hörməyin,
Uğurlu bir adı əsirgəməyin,
Elə ad verin ki, bəxti yar olsun!
Adı elə seçin, Aydan bac alsın,
Ayağı zəmində, göyə ucalsın,
Adıyla qarıyıb, xoşbəxt qocalsın,
Elə ad verin ki, bəxti yar olsun!
Əridib gözünün, nurun qarəsin,
Zaur “Ustac” ilə tapıb çarəsin,
Hamı xoşbəxt istər ciyərparəsin,
Elə ad verin ki, bəxti yar olsun!04.05.2020 – Bakı.
MUSTAFA(
…Mustafanın doğum gününə…)
Talelər müxtəlifdir;
Kimi “Dayandur” olur,
Kim isə “Sevinc”, “Vüsal”…
Bəxti Yaradan verir,
Adı ata, analar…
Nə qədər “Bəsdi”, “Arzu”,
“Sevindik”, “Kifayət” var…
“Yetər”lər sevindiyi
Dünyadır bizim dünya;
Bilirlər ki, nə qədər
Hələ “Qızyetər” də var!
Övlad Allah payıdır,
“Ruzisin Allah verir,
Yükünü Yer götürür…”
Kimi oğlan olanda,
Kim isə qıza görə,
Bəzən köksün ötürür…
Dünya saysız, hesabsız
Misallara səhnədir.
Qız, oğul fərq eləməz,
Biganə, biganədir…
İstiqanlı, sevəcək…
Adın soyuq etməyin,
Övlada ad verənlər!
“Fidan”, “Humay” ya “Ucal”
Nə çoxdur ismi-şərif…
Bu gün elə ad verin,
Sabah gətirsin tərif!02.03.2022 – Bakı.AĞ ADAM(Rəşad Məcidə)Tanrı mayasını tutubdu “ağ”la,
Torpağı ağ, sümüyü ağ, sözü ağ.
Sən bu hekayətə ya gül, ya ağla,
Bu adamın əyrisi ağ, düzü ağ.
Ağoğlanda göz açıbdı dünyaya,
Ağ doğulub, nur saçıbdı dünyaya,
Ağ qalacaq, and içibdi dünyaya,
Sözün tutub; alnı açıq, üzü ağ.
Ağdam adlı məmləkətin uşağı,
Burda çözüb min-bir türlü tuşağı,
Çox dinləyib “dastan” deyən “aşığı”;
Hekayətin mini qara, yüzü ağ.
Ağcabədi, mədəniyyət beşiyi,
Yurd yeridi, çəkilibdi keşiyi,
Sadə olub daim evi, eşiyi,
Məqamında kürsüsü ağ, mizi ağ.
Ustac deyir; tam arınıb bu adam,
Ağayana, mərd tanınıb bu adam,
Yaranandan ağ yaranıb bu adam,
Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.10.03.2022. – Bakı.
VAQİF DÜNYASI(
Vaqif Mustafazadənin barelyefi önündə )
Vaqifin barmağından doğulan bir dünya var,
Səmədin qələmindən doğulan dünya kimi.
Yeddi qat, yeddi arğac mayası sirr dünya var,
Səttarın fırçasından doğulan dünya kimi.
Vaqifin barmağından doğulan bir dünya var,
Ana laylası kimi, nənə bayatısıtək.
Onun barmaqlarında dilə gəlir arzular,
Ata duası kimi, baba hayqırtısıtək.
Vaqifin barmağından doğulan bir dünya var,
Ta qədimdən bu günə, ilmə-ilmə toxunur.
Anamın hanasında olan sirli naxışlar,
Vaqifin barmağında kəlmə-kəlmə oxunur.
Vaqifin barmağından doğulan bir dünya var;
Azərbaycandır adı, – mənim yurdum bu diyar!16.03.2022. Bakı-İçərişəhər.
BAHAR TƏNHALIĞIDemişdin, alçalar çiçəkdən çıxsın,
Gələcəm, ilk gələn qaranquşla mən.
Deyir, heyvalar da ta çiçək açıb…
Hardasan, vəfasız, bəlkə gələsən!?
İndicə bir foto aldım dostlardan,
Bu günə, sabaha açar yasəmən…
İtib bu sevdanın qibləsi, səmti…
Kim azdı bu yolda, mənmi, yoxsa sən?
Bahar çiçəkləri arı görmədi,
Arımı gecikir, gülmü tez açıb?
Sənin olmadığın hər ana heyif,
Sənsiz bu dünyanın ləzzəti qaçıb…
Sənsiz bu dünyanın ləzzəti qaçıb…
13.04.2022. – Bakı.
AĞLARAM(
…müharibə qurbanlarına ithaf…)
Yenə də dolmuşam yaz buludutək
İndi bıldır-bıldır töküb ağlaram…
Tabu qalasında dustaq ruhumun
Buxov, zəncirini söküb ağlaram….
Bu bahar yasəmən büründü qara,
Bənövşə boynundan çəkildi dara,
Qaranquş gəlmədi, düşübdü tora,
Onların dərdini çəkib ağlaram…
Ustacam, inandım haqqa, gərdişə,
Düşmən də olanda bəxtə ər düşə,
Dünyanın mərəzi dönüb vərdişə,
Bağrına lalələr əkib ağlaram…
Bağrına lalələr əkib ağlaram…23.04.2022. – Bakı.