SƏN YARATDIN ŞEİRİMİZİN VƏTƏNİNRamiz Qusarçaylının səs-küyə səbəb olan, hadisəyə çevrilən yeni yazdığı “VƏTƏN” poeması kitabı taleyimizin və tariximizin qan yaddaşı və ruhunu əks etdirən vətənçiliyin anatomiyasıdır.Oxucu auditoriyasının böyük marağına səbəb olan bu kitab yüksək tiraj və satış sayına görə son illərin nəşrləri sırasında ən çox oxunan və reklam olunan çap məhsuludur.Nəfis tərtibat və yüksək poliqrafiya üsulu ilə nəşr olunan “Vətən” poemasını geniş anlamda həm də türklüyün İbrət Manifesti adlandırmaq olar! İbrət dərslərindən qazandıqlarımız qədər də gələcək nəsillərə verəcəklərimizin fövqündə yalnız və yalnız bir amil dayanır: Türkün yol xəritəsi!
Üçüncü min ilin fiziki varlığının yuxarı “sam” hissəsində, yəni baş qafasında yerləşən sağlı-sollu, habelə onurğa beyinlərində ən çox çaşdırılmış Saq türklüyü və Ata kultunu xilas eləmək...Çünki hər birimizin üzərində “Tarix” adlanan provokasiyalar həyata keçirirlər. Ən əsası onlardan xilas olmaqdır. Xilas olmağın yollarını isə Ramiz Qusarçaylı öz poemasında Tanrıdan gələn ilahi şeir misralarıyla böyük həvəslə qələmə almışdır. Bu mənada müəllif bizlərə çox ağır və şərəfli missiyanı daşımağı, o cümlədən, üzərimizə düşən yükü sona qədər çəkə biləcəyimizə And içməyimizi tövsiyə edir.
O, qaladığı Türk ocağını öz şeirləriylə sönməyə qoymur.Onu alovlandırır, qızışdırır, şölələndirir. Nə yaxşı ki, bu ocağın közü təkcə özümüzü yox, dünyanın hər tərəfinə səpələnmiş milyonlarla soydaşımızın Vətən sevgisini sönməyə qoymur. Bu gün o sevgini Günəş işığı qədər qəlblərdə şölələndirən Ramiz Qusarçaylı taleyimizin yeni poeziya vətəninin təməlini qoyur. Ürəklə deyə bilərəm ki, dahi söz peyğəmbərimiz Məhəmməd
Füzulinin yaratdığı vətən fəlsəfəsinin bir közü də məhz Ramiz Qusarçaylının elə özüdür.Gəl, gəzək tarixin mənbələrini,
Gəzək Vətən-Vətən türbələrini,
Gəzək kitab-kitab kitabələri,
Gəzək yazı-yazı sərdabələri,
Keçək Midiyadan, Mannadan bir də,
Dolaşaq tarixin ucqar yerini,
Açıb günə sərək arxivlərini...İdeologiya hər bir xalqın tarix boyu düşüncələrinin yekunu və fəlsəfi tamlığıdır. Bu tamlıq isə bir xalqın poetik düşüncə tərzini və gen yaddaşında bəşəri hissin anatomiyasını formalaşdırır. Azərbaycan xalqının milli ideologiya və vətənçilik ideyasının kökündə poeziyanın rolu mən deyərdim ki, siyasi dünyagörüşün rolu qədərdi. Daha doğrusu, bir az da ondan üstündür.
Absurd həyat həqiqətlərini hər bir xalqın öz dilində təhdəlşüur məna qatlarına o dilin gücü ilə yerləşdirmək şairdən böyük məharət, ustalıq, sərrastlıq və səliqəlilik tələb edir. Əgər Azərbaycan türk dili Xl –ci əsrdən vətənçiliyin əsas qayəsi sayılırsa Ramiz Qusarçaylının bu dilin imkanları çərçivəsində qələmə aldığı “Vətən” poeması dediklərimizi mütləq mənada təsdiq etmiş olur.
Türkün Tanrı dili öz dili idi,
Qopuz dili idi,
saz dili idi,
O boyda cövlanın,
cəngin içində,
O boyda ləngərin,
rəngin içində,
Türkün təlim dili müqəddəs savaş,
Türkün savaş dili dərs dili idi,
Ancaq...
dövlət dili fars dili idi...(?!)
Vətən məsələsini ədəbiyyatda ilk dəfə qabardan Abasqulu ağa Bakıxanov olub. O, “Gülüstani-irəm” əsərində vahid Vətən problemini qoyub və bölünmüş Vətənin faciəsini göstərib.
XlX əsrdə Azərbaycan tarixi ədalətsizlik nəticəsində ikiyə bölünərək Rus və Fars imperiyaları tərəfindən işğal edildi. Vətənçilik Azərbaycan ziyalılarının təfəkküründə bu işğaldan sonra gündəmə gəldi. Əslində vətənimiz ikiyə yox, ona qədər bəlkə də iki yüz yerə parçalanmışdı. Bir ucu Arazdan yuxarı Arran (Kürün şimalındakı Şirvan, cənubundakı Albaniya – Ərsaq) Arazdan aşağıdakı Midiya (Mada-Batı) Arran-İran və Midiyanın qərbindəki qədim Borçalı (indiki Gürcüstan, Ermənistan və Urmiya –Rum mahalı) nəzərdə tutulur. Dərbəddən Börü (pers) körfəzinədək olan bir hissə böyük Cavidin xarakterizə elədiyi kimi “atəşlə suyun öpüşdüyü” müqəddəs məkana qədər hissə-hissə alınaraq 2 milyon 800 mim kv.k. dən 114.000 kv.k. qədər azalmışdı. Söylədiklərimiz əsərdə şeirin diliylə diqqətdən yayınmır.
Arazdan bu tayda,-
Azərbaycanda,
Damarı Dərbənddə,
qanı Şirvanda,
Bir əli dənizdə, bir əli dağda,
Ruhu göy üzündə,
canı torpaqda,
Sığınıb bir halal ocağa, oda,
Tarıxi qədim bir coğrafiyada,
Gözündə qığılcım,
cəngində vüqar,
Tayfalar varıydı,-
Cəsur tayfalar.“Kəşkül”, “Əkinçi” qəzetlərində, ”Molla Nəsrəddin və “Füyuzat” jurnallarında ilk olaraq Azərbaycançılıq və Türkçülük ideyalarının təbliği vətənçilik epoxasının ilk təməl daşlarıni qoydu. Ramiz Qusarçaylının tarixi ədalətsizliyə münasibəti olduqca maraqlıdır.
Yeni rəng gəlirdi, çalar gəlirdi,
İctimai rəyə, siyasi rəyə,
Gəlirdi “Əkinçi”,
“Molla Nəsrəddin”,
“Müsəlman xeyriyyə cəmiyyətləri”,
Dövlət binaları,
“İsmayilliyyə”...
Dahi Firudin bəy Köçərli 1901-ci ildə özünün rusca ilk ədəbiyyat tarixini yazanda onun adını “Azərbaycan tatarlarının tarixi” adlandırır. O vaxt ruslar Azərbaycanlı sözünü çıxardıb “tatar” yazmışlar. Nəinki Azərbaycan sözünü, hətta XlX əsrin sonunda bu sözü xəritələrdən belə çıxardıb Qafqaz sözü ilə əvəz etmişdilər.
“Vətən” poemasında tariximizin keşməkeşli yollarına yeni baxış və analitik təhlil oxucunu vətənçilik qayəsində bir yerə toplayır. Bu birlik və həmrəylik çağrışı Vətənə səslənən şair harayıdır. Çünki Vətənin tarixi qudsal ruhların və kainatın tarixi qədərdir.
İlahi, zülmümüş Vətəni sevmək,
İlahi, ölümmüş Vətəni sevmək,
Sevən ürəklərə qara çəkiblər,
Vətən deyənlərin dili kəsilib,
Vətən deyənlərin başı kəsilib,
Vətən deyənləri dara çəkiblər,
Vətən deyənləri ağlar qoyublar,
Gözünün içində od qalayıblar,
Vətən deyənləri şaqqalayıblar.Onu da qeyd etməliyəm ki, Azərbaycançılığı ilk dəfə Azərbaycan qayəsi adı ilə ictimai təfəkkürə Məhəmməd Əmin Rəsulzadə gətirmişdir. Müəllif əsərində bu məqamı da nəzərdən qaçırmamış, saf əxlaqına və təmiz vicdanına sadiq qalaraq tarix qarşısında öz münasibətini bildirmişdir. Gələcəkdə böyük və vahid Azərbaycan Cümhuriyyətinin yaranma nüvəsinin ilk poetik qığılcımı olan “Vətən” poeması əminəm ki, yeniliyin Ana yasası kimi misilsiz dəyərə layiq görüləcəkdir.
Böyük Məhəmməd Əmin Rəsulzadənin
Vətən harayından,
Vətən səsindən,
Vətənin Türk-islam iradəsindən,
Süzülüb gəlirdi ilk partiyalar,
İlk milli qurumlar,
milli şuralar,
Öndə “Müsəlman Gənclik Təşkilatı”ydı,
İlk milli azadlıq hərəkatıydı.Tarixin dərin qatlarını vərəqləyən şair türkün söykökünü və yaranış bünövrəsinin rişələrini poetik duyğularla kəlmə-kəlmə, misra-misra qafiyələndirir.Şumer,-
Altı min il eradan qabaq,
Tarixdə ən qədim sivilizasiya,
Qədim mədəniyyət, qədim od-ocaq,
İkiçayarası,-
Mesopotamiya.
Gəl,
gəzək Akkadi. Babilistanı,
Daş cizgilərində, gilyazılarda,
Yaşanır tarixin Şumer dastanı
Basma qəliblərdə. Mil yazılarda...
Şirin dili və axıcılığı olan bu poema tarixi-fəlsəfi baxımdan Azərbaycan ədəbiyyatının ən samballı poeziya nümunələrindən biri sayıla bilər. Keçmişlə bugünü və gələcəyi eyni istehkamda canlandıran şair yatmış tarıxın alt qatlarının psixoloji subyektlərini cəsarətlə açıb göstərmişdir. Şair alternativləri sevməyən tarixin doğru və düzgün, açıq və gizli sirlərini oxucuların müzakirəsinə verməklə yalanın həqiqət olmadığı qənaətini ortaya qoyaraq özünün sevdiyi Vətən idealına sadıq qalmışdır. Bu sadiqlikdə Ramiz Qusarçaylının tənhalığını və Vətən içində özünü qürbətdəki kimi hiss etməyini də qeyd etməmək insafsızlıq olardı. Əllbəttə, bu əlahəzrət tənhalıq Ramizin sözün həqiqi mənasında Ana Vətən hesab etdiyi müqəddəsliyə qanı və canı qədər rahib olmasından irəli gəlir.
Poeziya tükənəndə İnsan təklənir. İnsan təklənəndə cəmiyyət təklənir. Cəmiyyət təklənəndə isə Vətən təklənir. Ramiz poeziyanı Ruhun ehtiyacından daha çox “Vətən yaşasın”- deyə iliyinə qədər sevdiyi vətəni belə vəsf eləyir. Onun yolunda son nəfəsinədək əlindəki qələmlə vuruşmağa and içir.
Nə xırman bir, nə dən birdi,
Döyən min-min, bədən birdi,
Mən ha deyim Vətən birdi,-
İkidi Araz dilində”.Əmir PƏHLƏVAN