Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 16-04-2025, 00:13
KÖVRƏK DUYĞULAR

KÖVRƏK DUYĞULAR


(Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə)

Həyat hər kəsə eyni cür ola bilmir. O, kimə şirin, kimə acıdır. İnsan ilkin fəaliyyətindən çalışır ki, həyatı özünə şirin etsin. Həssas qəlbli insanlar həyatın sərt tələblərinə tab gətirməyəndə taleyindən, həyatından şikayət edir və bədbinləşirlər. Belə insanlar içində şairlər və yazıçılar ön sıradadırlar. Hegelin təbirincə desək, "əsl sənətin başlandığı sahənin hüdudlarına girişmək üçün böyük fitri bədii istedad gərəkdir" ki, qarşısına qoyduğu məqsədə nikbinliklə nail olsun, bədbinliyə uğramasın.
Son dövr nəfis şəkildə çap olunmuş şeir kitablarını nəzərdən keçirməli oldum. Bu kitabların arasında gürcü əsilli üç xalqın şairi (ifadə Qarabağ qazisi, çair Maşallah Məftuna məxsusdur) kimi tanınan tərcüməçi, publisist, ləyaqətli vətəndaş Giya Paçxataşvilinin özünün yazdığı “Doğum şəhadətnaməsi”, yaxından tanıdığım və yaradıcılıqlarına dərindən bələd olduğum Zemfira və Qiymət Məhərrəmlilərin yazdıqları “Givinin Qarabağnaməsi” Məhərrəmlilərin söz yükündə” və Qənbər Ağayevlə Nizami Tağısoyun (Məmmədov) müəllif olduqları “Azərbaycan ədəbiyyatında Giya Paçxataşvilinin yeri” adlı kitablar bu qəbildəndir. Bir-birindən gözəl tərtib edilmiş bu kitablarda insanı düşündürən, ovqatını oxşayan şeirlər diqqətimi daha çox cəlb etdi. Söz yığımından ibarət olmayan bu kitablarda insan zövqünü oxşayan, qəlbə nüfuz edən şeirlər tapmaq mümkünsüzdür.
"Doğum şəhadətnaməsi" adlı kitabında söz, sənət meydanına atılan şairin bəhrələndiyi əsas qaynaqlar müasir həyatımız, siyasi mühitimiz, vətən və onun insanlarıdır. Onun poeziyasında sevgi, sədaqət, hicran, vüsal, Vətənə, yurda məhəbbət, insanlara hörmət mövzuları əsas yer tutur. Şairin qəlbi həzin duyğularla zəngin olub doğma xalqımızla bağlıdır. Onun lirik yaradıcılığı sanki nəğmə çələngini xatırladır. Müəllif bu kitabında ömür-gün yoldaşı Xatirə xanımla bağlı sevgisini, məhəbbətini, ülvi düşüncələrini ön plana çəkib. Onun kitabında gah sevib-sevilmə, vüsal, gah da yar həsrətilə üzləşirik.
Givinin şeirləri ilə tanış olarkən onun həssas, incə, eyni zamanda kövrək qəlbi gözlərimiz önünə gəlir. O, özünün Xatirə xanımla uğurlu taleyindən, sevincindən, ömür-gün yoldaşına rast gələnədək həyatın ona ağır təsirindən şikayətlənir, problemlərdən çıxmaq üçün yollar axtarır, mümkün imkanların olduğunu sözün gücü ilə oxuculara təqdim edir.
G.Paçxataşvili müxtəlif dövrlərdə qələmə aldığı “Can-can”, “Sən-mən”, “Mübarək”, “Qoru”, “Sən gələli”, “O – sənsən”, “Xəstəxana zarafatı”, “Xatirə - 45”, “Doğum günün”, “Yenə sənə” və bu kimi xeyli şeirini ömür-gün yoldaşı Xatirə xanıma həsr edib.
Givinin ən böyük varı,
Yeni ömrünün memarı.
Ürəyinin şah damarı,
Xatirəm, o – sənsən.
Və yaxud:
Mərdanə sevgili, sadiq həbibim,
Aşbazım, xəttatım, könül təbibim.
Şeir müəllifi, ömür sahibim,
Xatışım, doğulan günün mübarək!
Həyatın təsirli anları onun həssas qəlbini titrədir, çox ağrıdır.
Sevgi Giya üçün hər şeydən üstündür. O, insanın ali əxlaqi keyfiyyətlərinə sevgi prizmasından baxır, onunla qiymət verir:
Ehtiyac ard-arda problemlər düzür,
Reseptlər pulsuzluq gölündə üzür…
Bu olay Xatışımı yamanca üzür.
Qəlbində yurd salıb, qorxu, həyəcan,
O isə gülərək söyləyir: “Can-can”.
Bu iki cütlüyün sevgi dünyasında hər şey pakdır, səmimidir. Mərkəzdə olan insan onlar üçün gerçək varlıqdır, onların nəzərində sevgidən küsmək dünyadan küsmək deməkdir:
Əvəzlənsin
Minalanmış sahələri,
Savaşın “doğduğu” qəbirləri
Solmayan Gülüstan…
Yazılsın
“Sən – Mən” adlı
Əbədi dastan.
“Sən gələli” şeirində deyildiyi kimi:
Saf eşq şərbəti içildi,
Kələ-kötür yol keçildi.
Bayramdayam düz 3 ildi,
Sən gələli…

Vüsala yetmək şair üçün təskinlik deməkdir. Kitabdakı poetik nümunələrlə tanışlıqdan sonra deyə bilərəm ki, Givinin Xatirə xanımla bağlı sevgi dünyasına həsr olunmuş şeirləri insana xoş bir ovqat bəxş edir. Ümidvaram ki, şair nikbin şeirlər də yazacaq, həyatın gözəlliklərini tərənnüm edəcək, onun kövrək duyğuları doğma vətən torpağında getdikcə möhkəmlənəcək.
Giya Paçxataşvili ədəbiyyata coşqun bir ilhamla gəlib. Onun şeirlərində yüksək bədiilik, dərin məzmun və özünəməxsus üslub keyfiyyətləri var. Oxucular G. Paçxataşvilinin şeirlərini həmişə rəğbətlə qarşılayır.
İstedadlı şairin bu yaxınlarda buraxılmış şeirlər kitabı – “Doğum şəhadətnaməsi” qarşımızdadır. Kitabı vərəqlədikcə sanki mənalı keçən bir ömrün şeir dolu səhifələrini oxuyursan. Gecə-gündüz şeir-sənət eşqi ilə yanan, həyata, insanlara qırılmaz tellərlə bağlanan, həmişə narahat olan, daim sonsuz və intəhasız axtarışlarda keçən şair ömrünün səhifələrini...
“Doğum şəhadətnaməsi”. Şeirlər kitabının adı da mənalıdır. Səmimi hisslərlə, kövrək duyğularla yazılmış həmin şeirlər şairin bədii yaradıcılığa, sənətə olan məhəbbətini müəyyənləşdirmək üçün də çox maraqlıdır.
Giyanı
Erkən yetimlik haqladı,
Yoxluğu
Nənəsini “bıçaqladı”…
Tanrı onu
Pənahında saxladı,
Gələcəyi
Gülə-gülə ağladı…
“Doğum şəhadətnaməsi”
Şair Giya Paçxataşvilinin şeirdən, bədii söz sənətindən tələbi böyükdür. Ona görə şeir həyata möhkəm bağlanmalı, həyatın nəbzini tutmalı, əsrin yüksək ideallarına vaxtında cavab verməlidir.
Kitabda verilmiş bir sıra şeirlərdə şairin özünə olan tələbkarlığı qabarıq şəkildə ifadə edilib. Şair şeirin daşlı-kəsəkli yoluna düşərək uzaqlara baxmaq istəyir. Görəsən, onun nəğməsi dillərə düşə biləcəkmi? O, yaxşı bilir ki, əsrin imtahanları hələ qabaqdadır:
Tanrı
İnsanları suyla
Çəkib imtahana,
Mesaj göndərdi Cahana…
Hamını səsləyərək
Vicdana
Göydən Yerə
Həyəcan təbili yüksəldi –

Tanrı dilə gəldi:
“Qatqılı qidaları yığışdırın,
Haramzadaları sıxışdırın…
Yoxsa gələrəm odla,
Küləklə,
Sınayaram Sizləri Çörəklə…”
Giyaya belə gəlir ki, şairin ömrü yaratdığı nəğmələrin ömründədir. Əsl ömür odur ki, o, nəğmələrdə yaşasın. Buna görə də şair narahatdır, həmişə axtarır, düşünür, yadda qala biləcək şeirlər yaratmaq eşqi ilə yaşayır.
… Şeirlərin xətrinə dəyməyin,
Şeirlərin qamətini əyməyin.
Sözümüzü həqiqətə dikin –
“Şeir binaları” tikin!

… Şeirlə gözəldir ölkə,
“Şeir binaları” tikilsə.
Şeirlərin ömrü
Uzandı bəlkə…
“Şeir gəldi imtahana”

“Doğum şəhadətnaməsi” kitabında şairin ithaflarına da rast gəlirik. Hamımızın yaxşı tanıdığımız mərhum hüquqşünas, jurnalist, publisist Əyyub Kərimovun müqəddəs ruhuna həsr etdiyi “Qanun öldü” şeirində dostunun mübarizliyindən söz açaraq kiçik bir parçada onun ölümünün səbəbini açıqlayır:
… Beləcə “Qanun” elegiyası,
Dəm qazında bitdi.
Yerdən qanunu götürüb,
Qoltuğuna vurub…
Səmanı hifz etmək üçün
Əyyub göylərə getdi…
getdi….

Başqa bir dostumuz “Yeni təfəkkür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimovanın sevgisini bədii sözün qüdrəti ilə dilə gətirir:
Tovuzdan qanadlanan,
Torpağına bağlanan.
Kədərlənən, şadlanan,
Şəmsiyyənin sevgisi.

Yerdən, göydən halidir,
Alidir, kamallıdır.
Pətəklərin balıdır,
Şəmsiyyənin sevgisi.
49-cu baharını onsuz qarşıladığımız mərhum millət vəkili Qənirə Paşayevaya həsr etdiyi şeirində də onun xarakterik xüsusiyyətlərini diqqət mərkəzində saxlayır və sonda deyir:
Ahu-zarın yoxdur yeri,
Qayıtmayacaqsan geri…
Givinin əbədi şeiri,
Qənirə, ah Qənirə.

Görkəmli alim, istedadlı jurnalist və dəyərli söz adamı Qiymət Məhərrəmliyə həsr etdiyi şeirlərində isə o bambaşqadır. Qiymət xanıma bir neçə şeir yazıb. Giya Qiymət xanımı həyat yoldaşı Gülməmməd bəylə belə vəsf edir:
Mələkdilər, gözəlliyə təndilər,
Eşq adlı bir bütöv bədəndilər.
Azadlığa can atan vətəndilər,
Vətənpərvər Qiymət ilə Gülməmməd.


Şeirə, sənətə çox gərəkdilər,
Bir-birinə söykənən kürəkdilər…
Giviyə qaytarılmış ürəkdilər –
Bərk vururlar Qiymət ilə Gülməmməd,
Bərq vururlar Qiymət ilə Gülməmməd.

Mən Giyanın mənə təqdim etdiyi Zemfira və Qiymət Məhərrəmlilərin yazdıqları “Givinin Qarabağnaməsi” Məhərrəmlilərin söz yükündə” və Qənbər Ağayevlə Nizami Tağısoyun (Məmmədov) müəllif olduqları “Azərbaycan ədəbiyyatında Giya Paçxataşvilinin yeri” adlı kitabları haqqında bir kəlmə belə söz açmadım. Qismət olsa, yaxın gələcəkdə bu əsərlər barəsində də fikrimi bildirərəm.
Və sonda deyim ki, “Doğum şəhadətnaməsi” şeirlər kitabı oxucunu düşündürən, ona poetik hisslər aşılayan bir əsərdir. Oxucular şair Giya Paçxataşvilidən daha sanballı sənət inciləri gözləyirlər. Şairin ən yaxşı töhfəsi urəklərə yol tapan şeirləridir. Oxucuları gözəl və mənalı yaşamağa və yaratmağa çağıran şeirlər.

Daşdəmir ƏJDƏROĞLU


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!