Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 20-04-2017, 13:59
Akif Səmədsiz keçən günlər

XX əsrin ortalarından başlayaraq bir qrup şairlər özlərinə məxsus gözəl şeirləri ilə oxucularını ovsunlamışdır. Belə şairlərdən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Musa Yaqub, Qabil və s. şairlər öz əsərləri ilə oxucu kütləsini vaxtaşırı sevindirirdi.
XX əsrin 70-80-ci illərində isə bir qrup gənc şairlər özlərinə məxsus şeirləri ilə oxucularını sevindirdi. Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Rüstəm Behrudi, Nizami Saraçlı, Barat Vüsal (Əliyev), Sabir Sarvan, Akif Səməd və s. gənc yazarlar və şairlər oxucu kütləsi tərəfindən daim izlənən gənc şailərimizdən idilər.
Belə gənc şairlərimizdən biri də Akif Səməd idi. Akif Səməd 1959-cu il iyul ayının 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Uşaqlıq illərini doğma kəndlərində keçirmiş, orta məktəbi doğma kəndlərində oxuyub qurtarandan sonra Akif Səmədin yolu ADU-nin jurnalistika fakültəsinə qədər gəlir. Gənc Akif ADU-nin jurnalistika (1976-1982) fakültəsində oxuyan zamandan şeirləri dövri mətbuatda daim izlənən yazarlardan olub.
Akif Səmədsiz keçən günlər

Akif Səmədin şeirləri “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Qalibiyyət bayrağı” (Qazax) qəzetlərində dərc olunmağa başlamışdır. Universiteti bitirəndən sonra APİ-nin “Gənc müəllim” qəzetində gənc bir jurnalist kimi işə başlamışdır.
Akif Səmədlə mənim ilk tanışlığım 1984-cü ilin yayında olmuşdur. APİ-nin filologiya fakültəsinin II kursunda oxuyurdum. “Gənc müəllim” qəzetində dərc olunması üçün bir neçə bayatı və bir məqalə gətirmişdim. Bayatıları və məqaləni yoxlamaq üçün Akif Səmədin yanına göndərdilər. Akif Səməd yazını oxudu, gülə-gülə dedi ki, gələn həftə birlikdə gedib nəşriyyatdan qəzeti götürərik. Bəli, elə də oldu. Qəzetləri götürüb qayıtdıq APİ-nin əsas binasına. Elə ilk tanışlığımız da həmin gündən başladı. Bu tanışlıq bizi ən yaxın dostluğa çevirdi. Boş vaxtlarımızda bir yerdə oturardıq. Çay içə-içə Səməd Vurğundan, Hüseyn Arifdən, Osman Sarıvəllidən danışardıq. Onların şeirlərindən parçalar deyərdik. Akif Səmədlə hər görüşəndə bu sözü deyirdi: “Mən Səməd Vurğun və Osman Sarıvəlli ilə nəfəs alıb yaşayıram”. Akif Səməd hər iki dahi Xalq şairini özünün ustadı sayırdı.
Akif Səmədin həmin vaxtlar xalq şairi Osman Sarıvəlliyə yazdığı “Ələsgər sazıdı, Vurğun sözüdü” qoşmasını öz dəsti-xətti ilə yazıb mənə vermişdi.

Ələsgər sazıdı, Vurğun sözüdü,
Üzündə, gözündə nur Osman qağa.
Təzətər nərgiz dər, dəstə bağla,
Qoşmaya, təcnisə hör, Osman qağa.

Sözlərin dolanır eldə-obada,
Yolunu gözləyir el də, oba da.
Yaman nigarandı Avdı baba da,
“Havaxdı gəlməyir gör Osman qağa”.

Torpaq hənirindən buludlaşarsan,
Göy ürkə üstündə dağlar aşarsan.
Elə bu yaşda da uşaqlaşarsan,
Sənə laylay deyər Kür, Osman qağa.

Eh… Sən də qocaldın, könlüm talandı,
Elə bil şah misram oda qalandı.
Az qaldı dinəm ki, hamı yalandı,
Qoşmada at çapıb bir Osman qağa!

Akif Səməd Osman Sarıvəllinin yaradıcılığına elə vurulmuşdu ki, deyirdi Osman qağadan Səməd Vurğunun ətrini alıram. Akif Səmədin Səməd Vurğunun “Bahar” şeirinə yazdığı nəzirədən də aydın görünür.

Bahar, istəklimsən başdan-binadan.
S.Vurğun.


Təpədən dırnağa ürək olmuşam,
Toxunur ayağım, əlim bahara.
Bu gecə bahara gərək olmuşam,
Bu gecə məhrəməm gəlin bahara.

O qədər doğmayam, o qədər əziz,
Titrədir dilimdə meh misraları.
O qədər bülluram, o qədər təmiz,
İsladır qəlbimdə şeh misraları.

İydə çiçəkləri, haça qafiyə,
Çarpaz bənzətmədi nar düymələri,
İlhamım, inanma güllü bahara,
Bahar köynəyini qar düymələyir.

Bənövşə mənimdi, kimsə dəyməsin,
Gör harda açılıb, gör harda mənsiz.
Təngiyər nəfəsim, təntiyər səsim,
Darıxar, qəribsər bahar da mənsiz.

A kövrək baharım, ürkək bülbülüm,
Bir az baş-ayaqdır sözüm bilirəm.
Məndən inciməyin ağrınız alım,
İlhamla söhbəti özüm bilərəm.

Başa düşmədim

Zər ilə qoşa atıldım,
Nərdi başa düşmədim.
Namərdi başa düşdüm,
Mərdi başa düşmədim.

Nə ağırmış söz işi,
Söz işindən göz işi.
Sevinc qaçdı öz işi,
Dərdi başa düşmədim.

Yolları daşa düşdüm,
Bir ömür qısa düşdüm.
Eh… bir də başa düşdüm,
Bir də başa düşmədim.

Hardasan?


Könlümə baxdım, görmədim,
Əfəndim, xocam, hardasan?
Ömür binamı hörmədim,
Yüksəyim, ucam, hardasan?

Bir dağı aşıb qalmışam,
Eşqə yanaşıb qalmışam.
Yollarda çaşıb qalmışam,
Ələməm, xaçam, hardasan?

Eşqlə sərsəri gəzirəm,
“Mən”dən içəri gəzirəm.
Adəmdən bəri gəzirəm,
Buddayam, hacam, hardasan?

Akifəm, qəlbimdə ahım,
Qoy ahım olsun pənahım.
Bilmirəm nədi günahım,
Ay məndən qaçan, hardasan?

Gəzirəm

Mən məni hardan itirdim,
Mən məni kimdə gəzirəm?!
Mən məni barda itirdim,
Bilməyib gendə gəzirəm.

Bir sınıq könül yappadım,
Kimsədən tikə qappadım.
Günəşli gündə tappadım,
Dumanda, çəndə gəzirəm.

Bəlkə də simdə itirdim,
Ara him-cimdə itirdim.
Özümü kimdə itirdim,
Qayıdıb səndə gəzirəm.

Gəlsin

Ya rəb adamam… adıma,
Sanıma yazığın gəlsin.
Bu dünya xandı, mən qulu,
Xanına yazığın gəlsin.

Bir ulu, bir qədim səsdim,
Bilmirəm niyə tələsdim.
Qılıncam qınımı kəsdim,
Qınıma yazığın gəlsin.

Ay qaranlıq, qar işıq,
Gecə-gündüz yaraşıq.
Qanım qanlara qarışır,
Qanıma yazığın gəlsin.

Nə oxuyur bu saz, bu tar?
Canımda qoymadı tutar.
Canımnan canımı qurtar,
Canıma yazığın gəlsin,
Canıma yazığın gəlsin.

Şuşaya gedə bilmirəm

Bu halal yolnan, yoldaşnan,
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan,
Şuşaya gedə bilmirəm.

Qazağıq, özbəyik, türkük,
Tarixdə çoxuna görkük.
Həsrətdə, dözümdə bərkik,
Şuşaya gedə bilmirəm.

Uduzduq nədə, bilirəm,
Bilirəm, dədə, bilirəm.
Evimə gedə bilirəm,
Şuşaya gedə bilmirəm.

Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi?
Kimə söyləyim dərdimi?
Şuşaya gedə bilmirəm.

Şuşada güllər gülürmü?
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi?
Şuşaya gedə bilmirəm.

Türk olmaq günahmı oldu?
Günahkar segahmı oldu?
Təbrizdən uzaqmı oldu? -
Şuşaya gedə bilmirəm.

Nə fərqi, yerə, ya göyə

Su kimi çəkilib getdim,
Nə fərqi, yerə, ya göyə.
Dərdimi tapşırıb getdim,
Saza, kamana, ya neyə.

Ağlamaynan mən öləndə,
Elə bil olmamışam heç.
Sevgi kimi, duyğu kimi,
Qəlbinə dolmamışam heç.

Mənli günləri yuxu bil,
Bir yuxuydu gəldi, getdi.
Nərgizdən gələn qoxu bil,
Bir qoxuydu gəldi, getdi.

Atilayım, Çilənayım,
Sorsalar atamız hanı?
Çaşma, ləngimə, təngimə,
Göstər baş-altı qoşmamı.

Dünyaya sözü olmadı,
Söylə ki, ürəkdən getdi.
Heç nədə gözü olmadı,
Gəlmişdi ürəknən getdi.

Yazıram

Hər dəfə də şeir yazmıram, canım,
Canım canda ağrıyanda yazıram.
Bu bürküdə, bu tünlükdə, bu gündə
Mən səndən oğruyanda yazıram.

Səmənitək bitmişəm ləyəndə,
Daş atılıb, mənə dəyib dəyən də.
Qızılgüllər bülbül bağrı yeyəndə,
Şimşək göyü doğrayanda yazıram.

Akif Səməd qol-boyundu dərmanla,
Yenə səni qarşılayar qurbanla.
Bəxt adlanan bir nanəcib fərmanla,
Səni məndən qarğıyanda yazıram.

Beşdimi

Məni səhv yazdığım misra yandırır,
O misra görəsən birdi, beşdimi?
Dağın o üzündə noğul paylanır,
O üzə tələsən birdi, beşdimi?

Çaxır çox qalanda, sirkə yaranıb,
Pələngdən əvvəlcə tülkü yaranıb,
Dünya gözəllərlə birgə yaranıb,
Sayasan, dərəsən, birdi, beşdimi?

Dünya yaranışdan, Akif, sirdi sirr,
Sirləin əlində olmuşuq yesir.
Güllü gözəllərin telinə bir-bir,
Gülləri hörəsən, birdi, beşdimi?

***

Yarəb, günahım çox, görəni sənsən,
Avandım dönməsin astara mənim.
Xatalı qulların kərəmi sənsən,
Salmaynan işimi dostlara mənim.

Boynum bükülməsin söz qapısında,
İlhamım yar olsun yüz qapı sanda.
Minnətli baxışla öz qapısında,
Yazığam, çəkməsin dost dara məni.

Yad qapı döyərəm, ya təpiklərəm,
Yadı ya söyərəm, ya təpiklərəm.
Akif, dost əlində mis qəpiklərəm,
Aparıb çıxarmaz bazara məni.

Akif Səmədin şeirlərini oxuduqca oxumaq istəyirsən. Ancaq amansız ölüm Akif Səmədi coşub-çağlayan vaxtında bizdən ayırdı.
Akif Səməd 06 iyul 2004-cü ildə 44 yaşında haqq dünyasına qovuşdu. Qəbri doğma kəndi Aslanbəyli kəndindədir. Allah rəhmət etsin.
Akif Səmədin bəzi şeirlərinin tapılmasında mənə köməklik edən gözəl insan, gözəl şairə bacım Çiçək Mahmudqızına öz təşəkkürümü bildirirəm.
Akif Səmədsiz keçən günlər

Hüseyn Məmmədov,
“Bütöv Azərbaycan” qəzeti
20 aprel 2017-ci il


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!