Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 10-12-2016, 16:31
Əyalət şairi


XX əsrin ortalarından, yəni 50-60-cı illərdən başlayan Azərbaycan ədəbiyyatı yeni dövrlə başlamışdır. Həmin illərdə gələn şairlər özlərindən əvvəlki şairlərdən fərqli olaraq Azərbaycan ədəbiyyatına öz təsirini göstərdi. 50-60-cı illərin gənc şairlərindən Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə, Qabil, Xəlil Rza Ulutürk, Nəbi Xəzri, Cabir Novruz, Hüseyn Arif və başqaları həmin illərin gözəl yazarları idilər. Onların ardınca isə Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Nizami Saraclı, Akif Səməd, Əlizadə Nuri, Barat Vüsal, Əbülfət Novruz, Ramiz Qusarçaylı, Rüstəm Behrudi, Adil Şamiloğlu və başqaları 80-ci illərdən sonra öz şeirləri ilə dövri mətbuatda tanınmağa başladı. Belə şairlərdən biri də Adil Şamil oğludur.
Adil Şamil oğlu Sadıqov 1961-ci ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. İlk təhsilini böyüyüb boya-başa çatdığı Sarxan kənd orta məktəbində aldıqdan sonra hərbi xidmətə yola düşmüşdü. İki il hərbi xidmətdə borcunu verəndən sonra doğma Sarxan kəndinə qayıtmışdır.
Adil Şamiloğlu 1980-ci illərdən başlayaraq rayon və mərkəzi mətbuatda öz şeirləri ilə tanınmağa başlayır. Onda ədəbiyyata, şeirə olan bu maraq 1983-cü ildə V.İ.Lenin adına APİ-nin (ADPU-nin) filologiya fakültəsinə gətirir.
1988-ci ildə ADPU-ni bitirib gənc müəllim kimi Sarxan kənd orta məktəbində "Azərbaycan dili və ədəbiyyatı" müəllimi kimi işə başlamışdır.
Adil Şamiloğlu eyni zamanda "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri", "Kommunist", "Sovet kəndi", "Ədəbiyyat və incəsənət" qəzetlərində və "Ulduz", "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında oxucularını daim sevindirirdi. Demək olar ki, bu günün özündə də oxucularını vaxtaşırı yeni-yeni şeirləri ilə sevindirməkdədir.
Adil Şamiloğlu hal-hazırda da Şəmkir rayonunun Sarxan kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi və direktor müavini işləyir.
Adil Şamiloğlunun bir əyalət şairi kimi şeirlərindən bir neçəsini oxuculara təqdim edirəm.

Əyalət şairləri

Hərdən ağ kağızlara boşalarlar, dolarlar,
Bəxtinin bir küncündə sakit-sakit qalarlar.
Könül rübablarını həzin-həzin çalarlar,
Əyalət şairləri.

Özünə, həm sözünə bir az diqqət istəyər,
Bu tərsməzhəb dünyada düz, həqiqət istəyər.
Bir az sevgi, şəfəqqət, saf məhəbbət istəyər,
Əyalət şairləri.

Yazarlar həm əruzda, həm sərbəstdə, hecada,
Cavan şair olarmı əlli yaşlı qocadan?
Onsuz da eşidilməz, danışmazlar ucadan
Əyalət şairləri.
Əyalət şairi

Mərkəzdən uzaqsa da, uzaq deyil özündən,
Mərkəz çap etməsə də, el danışar sözündən.
Bezikib bu dünyanın yalanından, düzündən
Əyalət şairləri.

Dünyanın gərdişini yaxşı görür uzaqdan,
Seçir qurd sürüsünü tək qalmış yalquzaqdan.
Həqiqəti riyadan, gerçəkliyi tuzaqdan
Əyalət şairləri.

Bu yerləri unutmaq, atmaq ona ar gələr,
Geniş şəhər ruhuna, ovqatına dar gələr.
Üç gün, beş gün, bir həftə dönər, qayıdar gələr
Əyalət şairləri.

Dünyadan, zəmanədən almaq üçün heyfini,
Bir orman qucağında alar hərdən keyfini.
Bəşər oğlunda tapar bu dünyanın eybini
Əyalət şairləri.

Şamiloğlu dediyim şairlərdən biridir,
Bu dağlarsız ölüdür, bu dağlarla diridir.
Bir az qəribanədir, təbiətən sirlidir
Əyalət şairləri.

Kişi kimi

Düşmə onun-bunun ayaqlarına,
Kişisən, yerini bil kişi kimi.
"Ağlamaq kişini qeyrətsiz edər",
Gözünün yaşını sil kişi kimi.

Dünyanın dərdini daşı tək özün,
Elin ürəyində qala tik özün.
Sinəndə qəmini gizli çək özün,
Sevinci dostunla böl kişi kimi.

Şamiloğlu, qalar dünyada adın,
Çökmədin önündə namərdin, yadın.
Yaşayanda kişi kimi yaşadın,
Yaşa, öləndə də öl kişi kimi.

Zəlimxan

(Şeiri şairin 50 illik
yubileyinə həsr edib)


Bir müjdə yetişdi anamız Kürə,
Şərqdən qərbə doğru axdı Zəlimxan.
Səfalar gətirib bizim Şəmkirə,
Axır üzümüzə baxdı Zəlimxan.

Şairlər səfində yeri bəllidir,
Bu gün gəlişi də xoş təsəllidir.
Mübarəklər olsun, yaşı əllidir,
Hələ ki, cavandır, toxdur Zəlimxan.

Məhəbbət, səadət sənə yar olsun,
Yaşın milyon olsun, başın qar olsun.
"Gözəl dünya, Zəlimxanlar var olsun",
Yaxdı qəlbimizi, yaxdı Zəlimxan.

Yayılır qəlblərə sözü yağ kimi,
Qara-qara rəngdə, ağı-ağ kimi.
Özü dağ kimidir, sözü dağ kimi,
Düşmənin gözünə oxdu Zəlimxan.

Vətənə bağlayıb hər bir anını,
Qoyubdur yolunda şirin canını.
Şöhrət nişanı, şan nişanı,
Şərəflə döşünə taxdı Zəlimxan.

Titrəyir dağlar da od nəfəsindən,
Sənin qələbənlə fəxr edirəm mən.
Şairin, şeirin qədrinin bilən
Ana Şəmkirimdə çoxdu, Zəlimxan.

Şamiloğlu deyir: bilirəm ki, mən,
Hələ öz sözünü deyəcək qələm.
Şeiri qəlblərdə yaşayır, nə qəm,
Bir gün desələr ki, yoxdu Zəlimxan.

Yaşadım

Söz mülkündə külüng çalan çoxuydu,
Mən də sözü ilmə-ilmə toxudum.
Bu dünyanı kitab kimi oxudum,
Bir ömürdə yüz ömürü yaşadım.

Döndüm oda, atəşlərə, közə mən,
Haqqı tutdum, diz qatladım düzə mən.
Vurulmuşam şeirə mən, sözə mən,
Saz ömrümü, söz ömrümü yaşadım.

Olum-ölüm dediyimiz qoşadır,
Kimi sevinc, kimi kədər daşıdı.
Bu həyatı hərə bir cür yaşadı,
Mən də elə öz ömrümü yaşadım.

Ölürəm

Ay insafsız, necə rəva görürsən,
Görmürsənmi səndən ötrü ölürəm?
Yaxılıram hər yanımdan keçəndə,
Aləm batır gülə, ətrə, ölürəm.

Səni mənə urcah etdi qədərim,
Bu dünyada sənsiz heçəm, hədərəm.
Yeri, göyü bürüyübdür kədərim,
Sığışmayır şeirə, sətrə, ölürəm.

Ay dolanır, girdələnib cam kimi,
Göz çuxurum atəş kimi, qan kimi,
Gecə, gündüz əriyirəm şam kimi,
Zərrə-zərrə, qətrə-qətrə ölürəm.

Ölən ki deyil


Gözlər o gözlərdir, qaşlar da həmin,
Ancaq baxışların həmənki deyil.
Get, get bu gözəllik sənə də qalmaz,
Həyat öz hökmündən dönən ki deyil.

Sevdim, bir gözəlin sevdim özünü,
Atalar, babalar deyib düzünü.
Namərdə sirr açma, demə sözünü,
Dərdini səninlə bölən ki deyil.

Bir yeni sevdayla aşıb-coşaram,
Pisə-pis, yaxşıya-yaxşı qoşaram.
Bir qədirbilənlə min il yaşaram,
Yanar səndən ötrü ölən ki deyil.

Azərbaycanım

Qış qarsız olmasın, bahar çiçəksiz,
Qəlb bədəndən ayrı, bədən ürəksiz.
İnsan nəyə lazım yurdsuz, vətənsiz?
Ey mənim vüqarım, şöhrətim, şanım,
Azərbaycanım!

Qədimdən qədimdir torpağın, daşın,
Tarix özü desin neçədir yaşın.
Nələr çəkməyibdir dünyada başın?
Mənə ilham verən sənsən, nə danım,
Azərbaycanım!

Bir may səhərində qalxıb oyandın,
Günəşin al şəfəqinə boyandın.
Şimşəkdən doğuldun, oddan yarandın,
Alov ver qəlbimə, alışım, yanım,
Azərbaycanım!

İlk gündən mən sənə anam demişəm,
Pozulmaz bu əhd heç zaman demişəm.
Canımı canına qurban demişəm,
Olmasın dünyada sənsiz bir anız,
Azərbaycanım!

Sözümdən, vədimdən heç vaxt dönmədim,
Günəş söndü, ulduz söndü, sönmədim.
Sən yaşadın, mən yaşadım, ölmədim,
Sənsən mənim ömrüm, mənim öz canım
Azərbaycanım!

Adil Şamiloğlunun 2011-ci ildə "Ömürün Vurğun yaşında" adlı ilk kitabı işıq üzü görüb. Bu yaxınlarda oxucularını daha bir kitabı ilə sevindirəcək.
Mən də öz tələbə yoldaşım, gözəl insan, gözəl şair qardaşım Adil Şamiloğluna uğurlar arzulayıram.
Əyalət şairi

Hüseyн Мəммəдов,
мüəlliм


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!