Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 9-06-2016, 15:23
Vəfalı dost

Hüseyn Məmmədov,
müəllim
[/center]


Vəfalı dost ünvanımdı, adımdı,
Şirin-şəkərimdi, ağız dadımdı.
Ürəyimdə atəşimdi, odumdu,
Əsl dosta canı qurban verərlər.
İdris Hacızadə

Əlizadə Nuriyev (Əlizadə Nuri) 1962-ci ildə Cəlilabad rayonunun Adnalı kəndində anadan olub. Orta məktəbi doğma Adnalı kəndində oxuyub qurtarandan sonra hərbi xidmətə getmişdir. Sovet ordusu sıralarında hərbi xidmətini başa vurandan sonra 1983-cü ilin iyun ayında Bakıya qayıtmışdı. Bütün sənədlərini ali məktəbə vermək üçün qulluq etdiyi hərbi hissədən gətirmişdi.
1983-cü ilin isti iyun ayı idi. V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul imtahanları üçün sənədlərin qəbulu idi. Hər bir şəxs növbəyə dayanıb gözləyirdi. Bizimlə növbədə dayanan uşaqlardan biri hamının diqqətini özünə cəlb etmişdi. Həmin gənc əsgər paltarında idi. Filologiya fakültəsinin dekanı Bilal Muradov sənədləri yoxlayıb gözucu bu gənci süzdü və sənədlərini qəbul edib, imtahanlarda müvəffəqiyyətlər arzuladı.
İyul ayının bazar günləri imtahanlar başladı. Mən o əsgər paltarında olan gənci hər imtahanda axtardım, ancaq tanıya bilmirdim. İmtahanlardan sonra qəbul olunan tələbələr qruplara bölündük, dərslər başladı, elə gözüm axtarırdı ki, əsgər paltarında olan oğlan kimdi. Görəsən o oğlan qəbul olub.
Birinci kursun ilk semestr imtahanları başlamışdı. Sinif nümayəndəsi imtahan kitabçalarını yığırdı. Fürsətdən istifadə edib imtahan kitabçalarına baxıb həmin gənci, əsgər paltarında olan şəkilindən tanıdım. Bəli, həmin gənc tələbə bizlə bir qrupda oxuyan Əlizadə Nuriyev (Əlizadə Nuri) idi. Həmin vaxtdan bizim dostluğumuz başladı.
Əlizadə gözəl şeirlər yazırdı. Belə demək olar ki, ilk oxucuları da biz, tələbə yoldaşları olurdu. Əlizadə Nurinin imzasına “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Bakı”, “Sovet kəndi” və Cəlilabadda çıxan “Yeni gün” qəzetlərində və eyni zamanda “Azərbaycan” və “Ulduz” jurnallarında tez-tez rastlaşırdım. İnstitutda keçirilən bütün tədbirlərdə fəal iştirak edirdi.
1985-ci ilin yay semestr imtahanları idi. Türk dünyasının böyük şairi Xəlil Rza Ulutürklə APİ-nin filologiya fakültəsinin professor, müəllim və tələbələri ilə görüşü keçirilirdi. Filologiya fakültəsinin dekanı Bilal Muradov şair tələbələrə də yer ayırdı. Bir neçə tələbə şairlər çıxış etdilər. Onlardan biri də Əlizadə Nuri idi. Əlizadə Nurinin söylədiyi “Durna köçü, apar məni özünlə” şeiri Xəlil Rza Ulutürk tərəfindən çox yüksək səviyyədə qarşılandı.


Durna köçü, apar məni özünlə

Durna köçü, apar məni özünlə,
Qismətimə bu daşürək qız çıxıb.
Durna köçü, apar məni özünlə,
O qız niyə belə insafsız çıxıb?

Durna köçü, apar məni özünlə,
Suç yiyəsi məni günahkar bilər.
Bu sevgini özü üçün ar bilir,
Sevən könül yer üzünü dar bilir.

Durna köçü, apar məni özünlə,
Qoyma dönə sinəm üstə selə qəm,
Sən apar ki, ölə kədər, ölə qəm.
Durna köçü, aparmasan ölərəm,
Durna köçü, apar məni özünlə.

Xəlil Rza Ulutürk şeirin yazılma vaxtını soruşanda Əlizadə Nuri dedi ki, şeiri 15 yaşımda yazmışam. Xəlil Rza Ulutürk Əlizadə Nuriyə yaxınlaşıb, onun alnından öpüb təbrik etdi və dedi: “Mətbuatda imzasına tez-tez rast gəldiyim, amma özünü görmədiyim Əlizadə Nuri ilə nə xoş təsadüf görüşdüm”.
Xəlil Rza Ulutürkun xahişi ilə bir neçə şeir parçaları söylədi. Bunlardan biri “Bir parça çörək” şeiri idi.

Bir parça çörək

Bu nədir, çörəyi yerə atıblar,
Qarışıb torpağa, qarışıb toza.
Qollarım yorulub yanıma düşdü,
Bilmədim, nə deyim bu insafsıza?!

Yerin də, göyün də göynəyir qəlbi,
Durnalar səmada qanad saxlayır,
Zəmilər dəniztək dalğalandıqca
Sanki yaxasını cırıb ağlayır.

Çətin günümüzdə, dar günümüzdə
Qızılı çovdara dəyişmişik biz.
Bəs niyə, bu xoşbəxt, var günümüzdə
Çörəyi atmağa gəlir əlimiz?!

Və sonra “Torpaq” şeirini söylədi:

Torpaq


Torpaq dövlətimiz, torpaq varımız,
O bizdən gizlətməz qəlbindəkini.
Torpaqdan göyərib ayaqlarımız,
Torpaqdan göyərib qoşa şiv kimi.

Torpağa bağlıdır bütün yer üzü,
Torpaqsız bir şeyə dəyərmi bəşər?
Torpaq çörək olub yaşadar bizi,
Torpaq vətən olub müqəddəsləşər…

Ömrünü torpağa bağlayanların
Şöhrət özü gəlib yoluna çıxdı.
Torpağı ovcunda saxlayanların
Üzünə torpağın əli açıqdı…
[center]Vəfalı dost

Əlizadə Nurinin söylədiyi bu şeirlərdən sonra gözəl insan, müəllimimiz olan xalq yazıçısı İsmayıl Şıxlı bu sözləri dedi:
“Bu gənc oğlan - sevimli tələbəm Əlizadə Nuri inanıram ki, gələcəyin böyük şairi olacaq”.
Bəli, dahilərin dediyi kimi, Əlizadə Nuri bu gün o böyük şairlərdən biridir.
Əlizadə Nurinin XXI əsrin əvvəllərində yazdığı “Uzaqda olasan da yaxınsan mənə” şeiri çox gözəl fəlsəfi bir şeirdi. Şeirdən görünür ki, şair şeiri özünə həsr edib.

Uzaqda olsan da, yaxınsan mənə

Uzaqda olsan da, yaxınsan mənə,
Sənintək sirdaşım olmayıb, Allah.
Əynimə tikdiyin dəri paltarı,
Qırx ildi geyirəm, solmayıb, Allah.

Səndən yüz il ömür istəmirəm də,
Nə olsun əlimdə yüz işim qalıb?
Mənə ayırdığın bir ağ gün də var,
Bir qara sevdaya ilişib qalıb…

Qırx ildi qazıram bir quyunu mən,
Yoxsa bu kənkanın naşı göründü?
Qazdım bu quyunu su çıxsın deyə,
Dibində gözümün yaşı göründü…

Və yaxud “Hər il ömrümüzdən bir ağac sınır” şeirində yazdığı kimi:

Ürəkdə tac sınır, başda tac sınır,
Sındırır adamı ehtiyac, sınır…
Hər il ömrümüzdən bir ağac sınır, -
Bir də görəcəyik bu meşə yoxdu…

Saralır sən qoyan çiçək sinəmdə,
Neçə qəm at çapır bu tək sinəmdə…
Nar kimi çatlayıb ürək sinəmdə, -
Bir vaxt sən gördüyün gülöyşə yoxdu…

Bizim sirrimizi gilənar bilir,
Hər cana dəyməyi güllə ar bilir!
Qoltuqda qalmağı gül də ar bilir -
Daha kol dibində bənövşə yoxdu…

Əlizadə Nurinin son vaxtlarda yazdığı şeirlərdən bir neçəsini də oxuculara təqdim etməyi mən özümə borc bilirəm.

Yenə yalvarram, - elə yalvarram!

Yalvardım, - tez açılsın,
Yazda tumurcuqlara…
Vaxtı bağlı, elləri,
Açılmış cocuqlara…

Üşütməsin saçını, -
Yalvardım yağışlara.
Yalvarmışam Şuşanı,
Deyib-uçan quşlara…

Sən yatdığın yuxuya,
Mürgünə yalvarmışam.
Heç vaxt solmasın deyə,
Bir gülə yalvarmışam.

…Üzü Şuşayadursa,
Əsirsə o ellərə, -
Şaha əyilməyən sən,
Yalvar indi yellərə…

Səni bir kədər soruşdu

Özümü tuta bilmədim, -
Yenə də tutdum adını!
Ürəyimin sularında,
Yuyub qurutdum adını…

Kim deyirdi: sevgi “suçdu”, -
O özü də eşqə uçdu…
Səni bir kədər soruşdu, -
Yaxşı unutdum adını!

Sevgi adlı bir quş vardı,
Onunla qurtuluş vardı…
“Oyun”da yüz uduş vardı, -
Yaxşı ki, uddum adını!

Ay Allah, bu çiçək nə yumşaq yatıb?!

Bir ümid can verir mənim içimdə,
Dərdi zəmanədi, loğmanı kimdi?
Bir kədər hıçqırır dodaqlarımda,
Bir ağac ağlayır - bağbanı kimdi?

Qəmi mənə verib şad eyləyiblər,
Hələ körpə ikən ad eyləyiblər…
Bütün doğmaları yad eyləyiblər,
Kimdi yad eyləyən doğmanı, kimdi?

Millət oyanıbsa, demək, şah yatıb…
Ay Allah, bu çiçək nə yumşaq yatıb.
Orda top oynayan bir uşaq yatıb,
Kimdi topa tutan daxmanı, kimdi?

Bu yar eşqdən açan gül-çiçəkdi ki…
Bu gül də darıxır - O da təkdi ki?!
Bu sevgi acından öləcəkdi ki, -
Hardansa uzadan “loxma”nı kimdi?!

Gələndə payızı özünlə gətir…

Deyirsən payızda dönəcəm geri,
Bilirəm, vaxt uzaq, ayrılıq çətin.
Geri qayıdanda tək darıxarsan,
- Gələndə payızı özünlə gətir.

Payızla bir yerdə darıxmazsınız,
Yağışı başlasa, başlasın, nə qəm?
Sarı yarpağını çətir eyləyib,
Başının üstündə tutar bilirəm…

…Çiçək bitirəcək getdiyin o yol, -
Hər gün suvaracam saldığın izi.
Payız da uzaqda, sən də uzaqda,
Durub gözləyirəm hər ikinizi…
Vəfalı dost

Uzaqdan yaxına buraxma qəmi,
Çağır xəyalları, sən qalanda tək.
Payıza qoşulub qayıdarsınız,
Sarışın hörüklü rəfiqələr tək…

…Bu ömür deyilən nə uzun imiş,
Günləri günlərə satıram indi.
Özün qürbətdəsən, səsin burdadı,
Səsinlə başımı qatıram indi…

Dostum, tələbə yoldaşım Əlizadə Nurinin indiyə qədər 8 kitabı işıq üzü görüb.
Mən də dostum Əlizadə Nuriyə yaradıcılıq uğurları arzulayıram. Kitablarının sayı o qədər çox olsun ki, sayını bilməsin.


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!