Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə pilotların uçuşun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanıb, daha sonra uçuş heyətləri təlimatlandırılıb. Məlumata görə, təlim-məşq uçuşları zamanı bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə havaya qalxma və yerə enmə, komanda-qərargah məntəqələri ilə qarşılıqlı əlaqədə hava və yerüstü hədəflərin aşkar edilməsi və digər fəaliyyətlər üzrə tapşırıqlar yerinə yetirilib. Qeyd edilib ki, təlim-məşq uçuşlarının əsas məqsədi aviasiya bölmələrinin döyüş hazırlığının və hərbi pilotların praktiki vərdişlərinin daha da artırılmasıdır.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!