Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 10-03-2016, 13:22
Unudulmaz bir gecə

Hüseyn Məmmədov,
müəllim


Tanınmış ictimai xadim, Azərbaycanın xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, gözəl insan Zəlimxan Yaqubun 3 mart 2016-cı ildə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşəbbüsü ilə Heydər Əliyev adına sarayda “Zəlimxan özü var xatirələrdə” adlı ədəbi-bədii gecə keçirildi.
Gecəni Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev açdı. Əbülfəz Qarayev Zəlimxan Yaqubun həyat və yaradıcılığı haqqında geniş, əhatəli danışdı. Nazir qeyd etdi ki, Zəlimxan Yaqub Azərbaycan poeziyasında özünəməxsus yer tutur. Zəlimxan Yaqub poeziyasının zirvəsi ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət dastanı” poemasıdır.
Əbülfəz Qarayev onu da qeyd etdi ki, Zəlimxan Yaqubun indiyə qədər 50-dən çox kitabı nəşr olunub. 2013-cü ildə isə şairin 13 cildlik əsərləri isə ədəbiyyatımız üçün böyük bir töhfədir. Nazir onu da vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın mədəni sərvətinə, aşıq sənətinə, ədəbiyyatımıza daim böyük qayğı göstərib. Zəlimxan Yaqubun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Zəlimxan Yaqub dövlətimizin ən ali mükafatlarına layiq görülüb. “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunmuşdur. Eyni zamanda, Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə də təltif olunmuşdur. Nazir onu da qeyd etdi ki, Zəlimxan Yaqubun əsərləri bir çox dillərə tərcümə olunub.
Zəlimxan Yaqub 2003-cü ildən ömrünün sonuna qədər Aşıqlar Birliyinə rəhbərlik edib və bu illər ərzində aşıqlıq sənətində çox böyük işlər görüb. Xəstəliyinə baxmayaraq, 2010-cu və 2014-cü illərdə keçirilən Beynəlxalq Aşıq Festivallarına rəhbərlik etmişdir.
Unudulmaz bir gecə

Əbülfəz Qarayev son olaraq dedi ki, Zəlimxan Yaqub xalqın dilində yazıb yaradıb. Çox heyif ki, o, bu gün bizim aramızda yoxdur.
Əbülfəz Qarayevin çıxışından sonra video lent yaddaşından Zəlimxan Yaqubun səsi verildi. Lent yazısının ardınca bədii qiraətçi, Əməkdar artist Ağalar Mirzənin səsində Zəlimxan Yaqubun Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət dastanı” poemasından bir parça səsləndirdi. Sonra səhnəyə Aşıq Cahangir Quliyev gəldi. Aşıq Cahangir şairin “Gözəldi” qoşmasını oxudu.
Bir gözəldə min gözəllik cəmlənib,
Duruşu da, ədası da gözəldi.
Sularında üzüb gedən qəvvasam,
Dalğası da, adası da gözəldi.
Özü nurdan, sözü haqdan gəlibdi,
Şahımız da, enib taxtadan gəlibdi.
Qulaqlara səsi çoxdan gəlibdi,
Bizə çatan sədası da gözəldi.
Göy üzündə durnaları saxladıb,
Yer üzündə qayaları laxladıb.
Zəlimxanın anasını ağladıb,
Mənə gələn qadası da gözəldi.

Söz muğam üçlüyünə verildi. Gənc xanəndə, əməkdar artist Ehtiram Hüseynov şairin sözünə yazılmış gözəl bir muğam parçası oxudu. Sonra səhnəyə Aşıq Ədalət Dəlidağlı gəldi, “Kərəm köçdü” havası üstündə şairin “Bir gözəl öldürdü məni”.
Qəfil ölmək istəmirdim,
Bir gözəl öldürdü məni.
Səfil ölmək istəmirdim,
Bir gözəl öldürdü məni.
İncə ruhnan, şirin səsnən,
Göz baxışnan, od nəfəsnən.
Alov dilli bir həvəsnən,
Bir gözəl öldürdü məni.
Döndü gülün butasına,
Saldı gözün xatasına.
Xəbər verin Atasına,
Bir gözəl öldürdü məni.
O, xəzinədir, mən bir sayıl,
Baxdım, oldum hayıl-mayıl.
Nə Allahdı, nə Əzrayıl,
Bir gözəl öldürdü məni.
Qəlbi kaman, dili neymiş,
Aman Tanrım, bu qız nəymiş?
Gözəl ölmək, gözəl şeymiş,
Bir gözəl öldürdü məni.

Sonra söz Gənc Tamaşaçılar Teatrının aktyorları Hikmət Rəhimov, Fidan Axundova, Şəhla Əliqızı və Şövqi Hüseynovun söylədikləri şeirdən parçalar gurultulu alqışlarla qarşılandı.
Unudulmaz bir gecə
Unudulmaz bir gecə

Səhnəyə Azərbaycanın xalq artisti Mələkxanım Əyyubova gəldi. Mələkxanım Əyyubovanın “Gözəl dünya, gözəllərin var olsun” şeirini muğam üstə çox gözəl ifa etdi. Sonra səhnəyə qardaş Türkiyədən olan Aşıq Maqsud Qoca dəvət edildi. Aşıq Maqsud Qoca şairin “Döyüşən türk, oyanan türk, qalxan türk” şeirini dedi:
…Gülqamışdan, Alpamışdan, Manasdan
Geri qalmaz dastan olsun bu dastan.
Qurtar bizi bu həsrətdən, bu yasdan,
Dəniz kimi dalğalan türk, çalxan türk,
Döyüşən türk, oyanan türk, qalxan türk!
Hardan hara getdiyini bilən yol,
Üfüqlərə qovuşanda gülən yol,
Atilladan Atatürkə gələn yol,
Qalxan olsun, başın üstə qalxan türk!
Çanaqqala Malazgirdin davamı,
Türk deyil ki, öz qanından qorxan türk!
Təmiz süddən mayalansın, doğulsun,
Mete kimi, Oğuz kimi bir xan, türk!
Yaddaşında sıralansın, anılsın,
Ərtoğrul bəy, Osman qazi, Orxan türk!
Yenə Tanrı dağlarını qucaqla,
Dağlar olsun səngərin türk, arxan türk!
Döyüşən türk, oyanan türk, qalxan türk!!!

Aşıq Maqsud Qocanın söylədiyi bu şeir parçası tamaşaçılar tərəfindən bir neçə dəfə alqışlandı.
Səhnəyə gənc aktyor Şövqi Hüseynov çıxdı və şairin “Of” şeirini səsləndirdi:
Arılar, gül mənəm, qonun üstümə,
Məndən nə çəksəniz, saf çəkərsiniz.
Başına götürər ətrim dünyanı,
Sözün gülşənində kef çəkərsiniz.
Durnalar, yeri göylərə qatdım,
Sizinlə uçmağa hər gün can atdım,
Elə ki, torpağın altında yatdım,
Məzarım üstündə səf çəkərsiniz.
İnsanlar, ürəyim quzu tək mələr,
Başım nələr çəkdi, dünyada, nələr,
Hansı gün Zəlimxan ölüb desələr,
O gün bircə dəfə “of” çəkərsiniz…

Unudulmaz bir gecə
Unudulmaz bir gecə

Söz yenə saza verildi. İncəsənət Universitetinin fəlsəfə üzrə professoru Fəzail Misginlinin ifası dinlənildi və İranın Təbriz şəhərindən gələn aşıqlara söz
verildi. Aşıq Səlcuq Şahbazi, Aşıq Abülfəz Qayabaşı və Şəhbaz Süleymaninin çıxışları da olduqca gözəl oldu.
Unudulmaz bir gecə

Gənc aktyor Hikmət Axundov şairin “Məni sevə-sevə öldür, İlahi!”
Sevgidən doğuldum, sevdim, sevildim,
Məni sevə-sevə öldür, İlahi!
Allahın gücünü sevəndə bildim,
Məni sevə-sevə öldür, İlahi!
Sellərə çevrilim, kükrəyim, axım,
Buluda çevrilim, gurlayım, çaxım,
Ətəkdən boylanım, zirvədən baxım,
Məni sevə-sevə öldür, İlahi!
Şirindi sevilən hər gün, hər saat,
Dünya gözəlitək, gəl mənə naz sat.
Kül olmaq ölümdü, köz olmaq həyat,
Məni sevə-sevə öldür, İlahi!
Çəmənin üstündən əsən meh elə,
Çiçəyin gözündən öpən şeh elə,
İstər nökər elə, istər şah elə,
Məni sevə-sevə öldür, İlahi!
Qara saçlarıma sevgi dən olsun,
Mən bir sünbül olum, sevgi dən olsun.
Elə ölümüm də sevgidən olsun,
Məni sevə-sevə öldür, İlahi!
Həvəsim önündə əsrlər azdı,
Eşqimin yanında sular dayazdı,
Məni sevə-sevə yaşatmaq azdı,
Məni sevə-sevə öldür, İlahi!
Bəli, söz yenə şairin özünə verildi. Son sözü də özü dedi. “Ay Zəlimxan” şeiri səsləndirildi.
Ayrılıq anları gəldi, yetişdi,
Vaxtı zərrə-zərrə böl, ay Zəlimxan!
Çox qala bilməzsən bu şəhərdə sən,
Göz yaşın olsa da göl, ay Zəlimxan!
Mən kimə yalvarım, kimə diz çöküm,
Sərhədi nə qədər dağıdım, söküm?
Başıma haranın daşını töküm,
Nə qədər bağlanar yol, ay Zəlimxan?!
Hicran sinən üstə çökər quş kimi,
Göynədir qəlbini buz baxış kimi,
Yaman qaralmısan, yağ yağış kimi,
Qara bulud kimi dol, ay Zəlimxan!
Sevinc yanımızdan sallanıb ötər,
Yandır Füzulidən, Sabirdən betər,
Min ildən sonra da hamıya yetər,
Boldu həsrətimiz, bol, ay Zəlimxan!
Yenə gözündə yaş, qəlbində kədər,
Gəlişin hədərmiş, gedişin hədər.
Sənin ki, dərdin var Təbriz qədər,
Niyə yaşayırsan, öl, ay Zəlimxan!
Zəlimxan Yaquba anım gecəsini təşkil edən hər bir şəxsə öz adımdan, Zəlimxansevərlər adından təşəkkür edirəm. Bu gecə uzun illər xatirələrdən silinməyən bir iz qoydu.
Allah rəhmət etsin.

Taymaz Taymazlı
Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun təbrizli dostumuz Zülfüqar Abdullahiyə həsr etdiyi “Zülfüqar” şeirinə təbrizli şair Taymaz Taymazlının cavabı
Sən o taydan, mən bu taydan hayqıraq,
Birlik olsun harayımız, Zəlimxan.
Dünənimiz şanlı keçib bilirik,
Şanlı keçər sabahımız, Zəlimxan.
Yağı bizi iki bölüb aradan,
Bir yaradıb bizi Ulu Yaradan.
Bir ürəyik bölünsək də yarıdan,
Sökülər hasarımız, Zəlimxan.
Berlindəki beton divar bəs hanı,
Sovetlərdə dəmir qəfəslər hanı?
Doğrulacaq ərgənəgun dastanı,
Ulayacaq qurdlarımız, Zəlimxan.
Kəlbəcər də, Borçalı da doğmadı,
Yağı bizi qovuşmağa qoymadı.
Aramızda bu çal-çəpər qoymadı,
Qurulacaq sarayımız, Zəlimxan.
Sınıq körpü bizə keçid verəcək,
Ayrılıqlar sona çatıb gedəcək.
Ellərimiz gül-gülə ötəcək,
Yetişəcək baharımız, Zəlimxan.
Qucaq açıb qızqalası, ərkimiz,
Yetişəcək yəqin buna dərkimiz.
Mum olacaq barışacaq bərkimiz,
Ulduzumuz, aylarımız, Zəlimxan.
Taymaz deyir, nisgillərin özləyin,
Sevinc verən acıları gözləyin.
Özgürlük var yarınları izləyin,
Qırılacaq qandalımız, Zəlimxan,
Qırılacaq qandalımız, Zəlimxan.

"Bütöv Azərbaycan" qəzeti
Mart 2016-cı il


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!