"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 18-04-2026, 05:53
Başlıbel faciəsini unutmadıq

Başlıbel faciəsini unutmadıq

Bu gün – 18 apreldə Kəlbəcərin işğalı zamanı Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi kütləvi qətliamın növbəti ildönümüdür.
Qətliam 1993-cü il aprelin 18-də törədilib.
Rəsmi məlumata görə, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib və tamamilə yandırıb. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Həmin 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub.
Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin avtomat və iriçaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 1993-cü il aprelin 18-də silahsız mülki şəxslərin doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkarlayıb, köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları həmin gün saat 15-dən 21 radələrinədək atəşə tutmağa başlayıblar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1-i 12 yaşlı uşaq, 1-i 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın və 6 kişi olmaqla) – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə amansızlıqla öldürülüblər.
Hücum nəticəsində 14 nəfər - 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu girov götürülüb. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9-u aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər.
Cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər.
Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 1993-cü il mayın 12-də gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.
1993-cü il aprelin 19-dan sonrakı tarixlərdə isə sağ qalmış 29 nəfər 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər.
Faktlar Azərbaycan Baş Prokurorluğunun apardığı istintaqla rəsmi təsdiqini tapıb. Cinayət işinin istintaqı zamanı kənddə mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirildiyi sübuta yetirilib.
Başlıbeldə qətlə yetirilənlərdən 12 nəfərin cəsədi 44 günlük müharibədən sonra, ötən ilin aprelində ekshumasiya edilərək Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilərək müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizləri əsasında aparılmış ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib.
Dörd ay davam edən istintaqdan sonra ekshumasiya edilmiş cəsədlər əvvəlki yerinə qaytarılaraq orada dəfn edilib.


Paylaş



Bölmə: Kriminal / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!