Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
13-04-2026, 22:14
Cənubda repressiyalar güclənib


Cənubda repressiyalar güclənib

Şərqi Azərbaycan vilayətinin mərkəzinin ümumi və inqilab prokuroru “son hadisələr” fonunda bu vilayətdə təhlükəsizlik məsələləri ilə bağlı 60-dan çox cinayət işinin açıldığını və bunlardan 10-nun “casusluq”la bağlı olduğunu bildirib.
Hüseyn Məhəmmədzadənin sözlərinə görə, bu işlərdən bəzilərində müəyyən edilmiş maksimum cəza casusluğa görə cəzaların sərtləşdirilməsi haqqında qanuna uyğun olaraq “müharibə (moharibə)” həddinə qədərdir.
O, əlavə təfərrüat vermədən qeyd edib: “Onlardan bir qismi artıq ittiham aktının verilməsi mərhələsindən keçib və vilayət məhkəmələrində yekun qərar çıxarıldıqdan və Ali Məhkəmədə təsdiqləndikdən sonra müvafiq hökmlər ən qısa zamanda icra olunacaq.”
Bu açıqlamalar saxlanılan şəxslərin kimliyi, onların nə vaxt və harada həbs edildiyi, həmçinin bu işlər üzrə məhkəmə iclasları barədə heç bir məlumatın açıqlanmadığı bir vaxtda səsləndirilib.
Hərbi gərginlik və müharibə şəraitində İranın məhkəmə sistemi görünməmiş şəkildə edam hökmlərinin verilməsini və icrasını sürətləndirib. Bu addımlar, çox vaxt məcburi etiraflara və qrup məhkəmələrinə əsaslanaraq, xarici münaqişələrlə paralel şəkildə daxili repressiya vasitəsi kimi istifadə olunur.
13-04-2026, 22:07
İranda səfirlik fəaliyyətini bərpa etdi

İranda səfirlik

fəaliyyətini bərpa etdi


Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi öz fəaliyyətini bərpa edib. Səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyət ilə fəaliyyət göstərəcək. Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, Səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır.
Azərbaycan Səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və iki həftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir.
Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir.
13-04-2026, 21:50
Hər qadının içində səssiz yazılan bir kitab var…

Aygül Bağırova


Hər qadının içində səssiz

yazılan bir kitab var…

Həyat - hər səhər yenidən başlanan, hər axşam isə bir qədər daha sona yaxınlaşan, davamlı yazılan və bir gün mütləq tamamlanacaq bir kitabdır. Bu kitabın səhifələrində bəzən işıq saçan ümid dolu sətirlər, bəzən isə insanı dərin düşüncələrə qərq edən qaranlıq, ağrılı hekayələr yer alır. Mən bu kitabın həm yazarı, həm də oxucusuyam; hər səhifəsində öz izlərimi qoyaraq, hər səhifəsini ürəyimlə yaşayaraq, hər yeni günün sonunda bu yolun bir az daha başa çatmağa doğru irəlilədiyini dərk edirəm.Hər səhər gözlərimi açdıqda, həyatın mənə təqdim etdiyi yeni səhifəni yazmaq məsuliyyətini çiyinlərimdə hiss edirəm və hər axşam bu səhifənin bitdiyini qəbul edərkən içimdə yaranan tənhalığın nə qədər dərindən kök saldığını anlayıram.Güclü bir qadın olduğumu söylədikdə, bu gücün yalnız fiziki dayanıqlıq olmadığını, əksinə, ruhumun ən dərin qatlarında yaşadığım ağrılara, itkilərə və sınaqlara qarşı dayanıqlı qalmaq olduğunu vurğulamaq istəyirəm.Həyatın məndən alıb apardığı insanlara, arxamca bağlanan qapılara və bitən hekayələrə baxmayaraq, hər bir ayrılığın məni daha da gücləndirdiyini, hər bir göz yaşının məni daha da təmizlədiyini və hər bir sarsıntının məni yenidən qurduğunu öyrəndim.Gedənlərin arxasınca əl sallamağın, içimdə fırtınalar qopsa da, səssizcə və təmkinlə vida etməyin məni kiçiltmədiyini, əksinə, məni mənliyimə daha da yaxınlaşdırdığını dərk etdim.
Həyatın ən sərt sınaqlarından biri də, insanın yalnız öz gücünə güvənməyi öyrənməsidir. Düşdüyüm zaman, ətrafımda kömək gözlədiyim əllərin heç vaxt uzanmadığını, hər yıxıldığımda özüm qalxmağın yollarını tapmalı olduğumu, bu yolda öz iradəmə, öz cəsarətimə və daxili gücümdən başqa heç nəyə arxalana bilməyəcəyimi qəbul etdim. İnsanların çoxunun yalnız xoş günlərdə yanımda olduğunu, çətinliklər üzə çıxanda isə bir-bir uzaqlaşdığını gördükcə, həyatda öz ayaqları üstündə möhkəm durmağın necə vacib olduğunu anladım. Bu fərqindəlik, hər dəfə məni daha da sərtləşdirdi, amma eyni zamanda ruhumun daha incə, daha dərin qatlarını da üzə çıxardı.
Öyrəndim ki, həyat sona doğru irəlilədikcə, tənhalıq bir kölgə kimi insanın yanında yer alır və bu kölgə ilə barışmağı bacarmaq insanı daha da gücləndirir.Tənhalıqdan qaçmağa çalışmadım, əksinə, onunla dostlaşdım və onun içində öz səsimi, öz varlığımı tapdım. Ən qaranlıq gecələrdə belə, bir kiçik işığın insan ruhunu necə isidə biləcəyini kəşf etdim və anladım ki, qorxularımın üzərinə getdikcə, onlar mənim gözlərimdə kiçilərək yox olurlar. Yatağımın altında gizləndiyinə inandığım o xəyali canavarlardan daha qorxulusu insanların öz qəlblərində gizlətdikləri qaranlıq niyyətlər və dəyişkən duyğulardır.
Həyat mənə insanların nə qədər mürəkkəb, nə qədər gözlənilməz olduğunu göstərdi və mən bu təcrübələrin içində öz məni qorumağı öyrəndim.Heç kəsin mən olmadığını, heç kəsin mənim yaşadıqlarımı tam olaraq anlaya bilməyəcəyini dərk etdikcə, öz dəyərimi başqalarının fikirlərindən asılı etməməyi seçdim. İnsanların qəlbindəki zülmətə, bəzən özümə qarşı yönələn haqsızlıqlara və mənəvi zərbələrə qarşı dözümlü olmağı öyrəndim, amma bu dözümlülüyün içində həssaslığımı da qorumağa çalışdım.
Artıq mən bilirəm ki, həyatın mənə verdiyi hər yüksəlişin bir enişi də var və hər yıxılışda ayağa qalxmağın yeni bir yolunu tapmaq mümkündür. Mən güclü bir qadınam, çünki hər göz yaşı axanda içimdə bir gülüş gizləməyi, hər acını yaşadıqca özümü təskinliklə sarmağı öyrəndim. Həyat mənə sevginin gücünü öyrətdiyi qədər, sevdiyim yerdə incinməkdən qorxmamağı, lazım gəldikdə ayrılmağı və gedərkən arxaya baxmadan irəliləməyi də öyrətdi. Qüruruma məğlub olmamağı, amma öz dəyərimi qorumağı və özüm üçün savaşmağı bacardım.
Həyat hər gün birazda qısalır, amma bu sona doğru irəlilədikcə mənim gücüm daha da artır, mənliyim daha da möhkəmlənir. Hər səhər yeni bir səhifəni ümidlə açmaq, hər axşam isə minnətdarlıqla bu səhifəni bağlamaq mənim üçün yeni bir mərhələ, yeni bir fürsətdir. Həyatın sonunu dərk edərək, bu yolun hər anını dəyərləndirməyi, hər sətirdə öz izimi buraxmağı və xoşbəxtliyi layiqincə yaşamağı öyrəndim.
Ey həyat, mən sənin bütün dərslərini aldım, sınaqlarından keçdim və hər səhifəni yazarkən öz gücümü kəşf etdim. Sənin başa çatacağın gün gələcək, amma mən o günə qədər öz hekayəmi sevgi, ümid və qürurla yazmağa davam edəcəyəm.
Gecə düşüncələri silsiləsindən…
13-04-2026, 20:24
Farsın Hikkəsi

Nəsib Nəsibli yazır:


Farsın Hikkəsi

Ölkəsi darmadağın edilmiş Fars hakimiyyəti özünü qalib yerinə qoyub təzminat, Hörmüz boğazını, nüvə proqramının davamını, Hizbullaha toxunulmamasını, zənginləşdirilmiş uranı özündə saxlamağı... istəyir. Bunun adı gerçəklik hissini itirməkdir. Nədən? Çünki Farsın yerə-göyə sığmayan hikkəsi gerçəkliyi görməyə mane olur.
“Farsın hikkəsi” dedik, “İranın” deyil. Çünki 1925-dən bu yana bu çoxmillətli coğrafiya Fars dövləti xarakteri alıb. Prezidentinin, hətta ali rəhbərinin kimliyindən asılı olmadan.
Bu xəstəlik indi yaranmayıb. Tarixi kökləri var. Bu köklərdən bəzilərini deyək.
Sultan Bayəzid zamanında oğlu saydığı Şah İsmayıla yazdığı məktubunda bu Perslərə güvənmə deyirdi, onlar özlərindən olmayan hökmdarlara itaət etməyən xalqdır, iddialılar deyirdi.
Onlar Sünni çoxluğunda əriməmək üçün Şiəliyi özünüqoruma mexanizmi kimi istifadə etdilər. İslam dünyasını parçaladılar (Əhməd Ağaoğlu gözəl izah edir).
Quranı deyil, Şahnaməni ana kitabı saydılar, tərbiyə sistemini bu əsərə dayandırdılar. Bu kitab Fars ünsürünə etnik şüur vermiş olsaydı, nə əla! Onlarda etnik üstünlük xəstəliyi yaratdı. Ərəbi, Türkü aşağıladı.
1000 illik Türk hökmdarları Fars dilini, şeirini, katibini-məmurunu himayəsi altına aldı. Rəsmi İran tarixçiliyi isə onları yad, dağıdıcı, işbilməz ünsür olaraq yerdən yerə vurur (halbuki bu hökmdarları qınamağa qalırsa, buna bizim daha çox haqqımız çatır).
İrqçiliyin Avropada yayıldığı dönəmdə Farslar üzə çıxarıldı. Hindistanla Avropa arasındakı körpü kimi, daha çox da Avropanı təhdid edən Türklərə qarşı qullanmaq üçün. Əhəmənilər, Sasanilər tarixi o qədər şişirdildi ki, yeni ayaq açan Fars millətçiliyi İranı dünyanın mərkəzi sandı (Fuller’in “Center of the Universe” kitabına baxın).
XİX yüzildə İngilislər bunları o qədər öyməli idilər ki, hədəf, bu miflərə inanmış olsun. Qədimdə böyük imperiyalar qurmuş, böyük mədəniyyət yaratmış bu xalq Türk hakimiyyətini (Qacarları) qəbul etməyi özünə yaraşdırmamalı idi. Elə də oldu.
1919-da savaşda iştirak etməyən İran nümayəndələrinin müstəqil Quzey Azərbaycanı, Şərqi Gürcüstanı, Ermənistanı tələb etmələrini Paris Sülh Konfransındakı dünya böyükləri acı gülüşlə qarşıladılar.
1925’də hakimiyyətə yiyələnən bu xalq havalandı. Çoxmillətli İranı özününküləşdirdi. İran, Fars milli dövləti oldu. Türkə eşşək, Giləyə balıq başı sömürən, Ərəbə kərtənkələ yeyən... adı qoydu. Onları lətifə qəhrəmanı etdilər, aşağıladılar. Onların dili, mədəniyyəti, varlığı inkar edildi. Son illərdə stadionlarda “Türkə ölüm!” deyə bağırmağa başladılar.
Pəhləvi XX əsrin sonunda İranı dünyanın dördüncü qüdrətli dövlətinə çevirəcəyini vəd edirdi.
Farslar, Pəhləvi şovinizminin tarix olmasından sonra bu dəfə dini alət etdilər. Müsəlman dünyasının hamisi iddiasında bulundular. Halbuki bu haqqı onlara heç kim verməmişdi. Əslində bunların islamçılığı da, şiəçiliyi də Fars/İran dövlətinin genişlənməsinə xidmət etməli idi. Daha böyük əzmlə Şiələri silahlandırdılar. Livan, İraq, Yəmən, Fələstində əlaltı qüvvələrini yaratdılar. Türkiyədə, Azərbaycanda, Gürcüstanda, Rusiyada və başqa ölkələrdə dini təşkilatlar qurdular...
Bu arada İranın şərqində ona düşmən olan Taliban (2001), qərbində Səddam rejimini (2003) Amerikanın devirməsi əlini- qolunu açmış oldu. Genişlənən, böyüyən Fars dövlətinin (yəni İran İslam Cümhuriyyətinin) iddiaları yerə-göyə sığmaz oldu. Bircə atom bombasına sahib olmaq xəyalı qalırdı. Amerikanın israrlarına, İsrailin saçını yolmasına baxmayaraq, danışıqlar adı ilə zaman qazanmağa çalışdılar.
Olmadı.
12 Günlük Savaşda (2025) Fars dövlətinə (Farsların özgüvəninə) tərs şapalaq dəydi. Bu da kar etmədi. Nüvə araşdırmaları davam edəcək dedilər. Dinc məqsədlə istifadə edəcəksənsə, uranı 60%-dək zənginləşdirməyə nə ehtiyac soruşulanda yenə içiboş izahlar verildi.
Savaşın ilk mərhələsi 40 gün çəkdi. Elə birinci gün ali rəhbərini və 40’dan artıq komandanını itirdi. Fars dövlətinin artıq nə hərbi hava gücü, nə havadan müdafiə sistemi, nə donanması var. Hərbi sənayesinə böyük zərbə dəyib. Güvəndiyi raketləri atmalı olan qurğuları qorxa-qorxa deşikdən çıxarda bilirlər. Önəmli sənaye müəssisələri dağıdılıb. İqtisadiyyatı çöküb...
İslamabad danışıqları pozuldu. “İslam Cümhuriyyəti” rəhbərləri yekə-yekə bəyanatlar verirlər. Yenə də asarıq-kəsərik deyirlər. Niyə? Çünki hikkə deyilən bir xəstəlik var. Bu xəstəliyin də cərrahi əməliyyatdan başqa çarəsi yoxdur.
P.S. Lütfən, yazının müəllifini Amerikan imperializminin, İsrail qəssablığının müdafiəçisi sanmasınlar. Bu, ayrı mövzudur.
P.P.S. Yazını “Bütöv İrançılar”, “Türklərin İranı” deyənlər daxil, bütün İran heyranlarının oxuyub düşünmələri arzu edilir.
Azərbaycanın İrandakı keçmiş səfiri, professor.
13-04-2026, 20:16
Tramp hədələdi

Tramp hədələdi

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının blokadası ilə bağlı xəbərdarlıq edib. "Reuters" xəbər verir ki, Tramp bu barədə “Truth Social”da yazıb. Qeyd edib ki, İran gəmiləri blokadanı yarmağa çalışacağı təqdirdə, dərhal məhv ediləcəklər.
İranın 158 gəmidən ibarət hərbi donanmasını məhv etdiklərini vurğulayan Tramp yerdə qalan sürətli hücum qayıqları ilə bağlı da xəbərdarlıq edib. Sitat: “Bu gəmilərdən hər hansı biri blokadamızı yarmağa çalışsa, dərhal məhv ediləcək – dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni üsulla. Bu, sürətli və amansızdır”.
Qeyd: ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib. İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-ın hərbi blokadası ilə üzləşəcək. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus olmayan limanlar arasında hərəkət edən gəmilərin Hörmüz boğazından keçməsinə icazə veriləcəyini bildirib.
13-04-2026, 14:06
“Xankəndi” kitabı işıq üzü görüb


“Xankəndi” kitabı işıq üzü görüb

“Təhsil” nəşriyyatı tərəfindən Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Hikmət Xudiyevin (Hikmət Cəmilzadə) yüksək poliqrafik keyfiyyətlə “Xankəndi” kitabı nəşr olunub.
Əslən xankəndili olan müəllifin kitabı Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə ithaf edilib.
Kitab “Xankəndi: 1918-ci ilədək”, “Qədim kərkicahan”, “Xankəndi Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər), “Xankəndi 1920-1945-ci illərdə - sovetləşmə dövrü”, “Xankəndi 2-ci dünya müharibəsindən sonraki illərdə”, “Nizami gəncəvi adına 4 nömrəli məktəbi tarixi”, “Xankəndi Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə”, “Xankəndi Pedaqoji İnstitutunun tarixi”, “İşğala gedən yollar”, “Xankəndinin işğalı - Qəhrəman Kərkicahan”, “Xankəndi və Kərkicahanın şəhidləri”, “Azad Xankəndi” kimi fəsillərdən ibarətdir.
Kitabda Xankəndi şəhərinin formalaşması və Qarabağ problemi fonunda cərayan edən hadisələr, XVIII əsrdən başlayaraq ermənilərin Qarabağa yerləşdirilməsi siyasəti ilə əlaqədar Azərbaycan xalqının milli maraqlarına zidd tarixi proseslər, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması və bundan sonra onilliklər boyu Xankəndinin "erməniləşdirilməsi” istiqamətində həyata keçirilən şovinist siyasət, ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə Xankəndidə erməni millətçilərinin separatçı fəaliyyətinin qarşısının qətiyyətlə alınması, şəhərin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlər, həmçinin Xankəndi, qədim türk yurdu Kərkicahanın I və II Qarabağ müharibəsı zamanı ermənilərin törətdiyi cinayətlər nəticəsində həlak olmuş sakinləri haqqında bioqrafik məlumatlar, 44 günlük müharibə və antiterror əməliyyatı, işğaldan azad edilmiş Xankəndidə aparılan bərpa-quruculuq işləri geniş işıqlandırılıb.


Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!