Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
29-04-2026, 20:55
Müharibə 25 milyarda başa gəlib

Müharibə 25 milyarda başa gəlib

Pentaqonun məlumatına görə, İrana qarşı hərbi əməliyyat ABŞ-yə 25 milyard dollara başa gəlib.
"Reuters" xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin maliyyə məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Culs Hörst Nümayəndələr Palatasındakı dinləmələrdə bildirib.
Onun sözlərinə görə, bu vəsaitlərin böyük hissəsi döyüş sursatlarına yönəldilib.

29-04-2026, 20:50
Gömrük limiti dəyişməyəcək

Gömrük limiti dəyişməyəcək

Elektron ticarət üzrə aylıq 300 dollarlıq limit saxlanılır, baxmayaraq ki, bir çox ölkələrdə bu güzəştlər azaldılıb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deputatların suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, Azərbaycanda vətəndaşların şəxsi istifadə üçün elektron ticarət vasitəsilə gətirdiyi mallara tətbiq olunan aylıq 300 dollarlıq limit qüvvədə qalır və bu məsələnin dəyişdirilməsi gündəmdə deyil.
Komitə sədri qeyd edib ki, qonşu ölkələrdə, o cümlədən Türkiyə, Avropa və Rusiya kimi ölkələrdə son dövrlər bu sahədə güzəştlər azaldılıb və ya məhdudiyyətlər tətbiq olunub. Buna baxmayaraq, Azərbaycanda sosial yanaşma qorunur və vətəndaşlar hər ay 300 dollar həcmində malları kumulyativ şəkildə il ərzində ölkəyə gətirə bilirlər.
Şahin Bağırov bildirib ki, hazırda Azərbaycanda 1 milyon 200 mindən çox insan elektron ticarətlə məşğuldur. Son 25 il ərzində isə bu sahə üzrə 18 milyondan çox bəyannamə təqdim olunub. Əvvəllər elektron ticarətlə məşğul olanların sayı təxminən 500 min nəfər idi ki, bu da son illərdə ciddi artımın olduğunu göstərir.
29-04-2026, 18:14
Dövlət Komissiyası Katibliyinin məlumatı

Dövlət Komissiyası

Katibliyinin məlumatı


Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb.
Aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.
Məmnunluqla qeyd olunub ki, komissiyaların 13-cü iclası növbəti dəfə tərəflərdən birinin ərazisində - Ermənistan Respublikasında, Ağverəndə baş tutub.
Görüş zamanı tərəflər delimitasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.
Tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair aşağıdakı təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər:
• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası haqqında Təlimat”;
• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında Təlimat”;
• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında Təlimat”.
Tərəflər bu təlimatların müvafiq qaydada təsdiq edilməsi üçün öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, Azərbaycan Respublikasının ərazisi ilə Ermənistan Respublikasına yüklərin tranziti uğurla həyata keçirilir və hazırda da davam edir.
Məmnunluqla vurğulanıb ki, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında iqtisadi-ticari əlaqələrin formalaşmasının göstəricisidir.
Həmçinin tərəflərin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə iqtisadi-ticari əməkdaşlığın inkişafı, malların və xidmətlərin qarşılıqlı tədarükü, həmçinin tranzit daşımaları məsələləri müzakirə olunub.
Xüsusi olaraq qeyd edilib ki, əldə olunan nəticələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın siyasi iradəsi sayəsində mümkün olub.
Komissiyaların görüşünün yekunlarına dair müvafiq Protokol imzalanıb.
Tərəflər komissiyaların Azərbaycan Respublikasında növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.
29-04-2026, 14:53
Urmuda 1500 işçi işsiz qaldı

Urmuda 1500 işçi

işsiz qaldı


“Kar və Kargar” qəzeti yazıb ki, Urmuda yerləşən “Maral Sənaye” müəssisəsi fəaliyyətini dayandırdıqdan sonra təxminən 1500 müqaviləli işçi qeyri-müəyyən vəziyyətdə qalıb. Məlumata görə, Urmu yolunun 10-cu kilometrliyində yerləşən və özəl sektor tərəfindən idarə olunan, treyler, ox və ehtiyat hissələrinin istehsalı üzrə ən böyük istehsal zənciri hesab edilən bu müəssisə fəaliyyətini dayandırıb.
Hesabatda bildirilir ki, işdən azad olunma barədə bildiriş alan bəzi köhnə işçilər üç ay müddətinə işsizlik müavinəti almaq üçün əmək idarəsinə yönləndirilib. Digər tərəfdən, əsasən sürücü olan bir sıra yeni işçilər isə birbaşa işdən çıxarılıb.
Son bir ayda bu sənaye müəssisəsində xammalın (dəmir və polad lövhələr) təminatında yaranan problemlər işəgötürəni müvəqqəti bağlanma və işçi ixtisarına məcbur edib. Eyni zamanda, işçilərin əlavə iş saatları və istifadə olunmamış məzuniyyət haqları da daxil olmaqla bəzi ödənişləri gecikdirilib.
İşçilər bildirirlər: “Bundan əvvəl şirkətin vəziyyəti çox yaxşı idi və maaşlar demək olar ki, vaxtında ödənilirdi, lakin son bir-iki ayda yaranan xammal və maliyyə çatışmazlığı bu müəssisənin fəaliyyətinin dayanmasına və işçilərin işsiz qalmasına səbəb olub.”
Onların sözlərinə görə, “Maral Sənaye”nin hazırkı rəhbərliyi problemlərin həlli üçün addımlar atır və müəssisənin yenidən fəaliyyətə başlaması üçün dövlətin dəstək kreditlərini almağa çalışır.
İşçilər əlavə ediblər ki, məsul şəxslərin problemlərdən xəbərdar olmasına və dəfələrlə müraciət edilməsinə baxmayaraq, Urmu şəhərində heç bir rəsmi qurum bu məsələyə ciddi yanaşmır və bir aydan artıq vaxt keçməsinə baxmayaraq, istehsalın bərpası üçün heç bir addım atılmayıb.
Bu hadisələr ABŞ və İsrailin İranla müharibəsindən sonra iqtisadi böhranın dərinləşməsi fonunda baş verir. Son aylarda ölkədə işsizlik artıb, bir çox istehsal müəssisəsi xammal çatışmazlığı, enerji problemləri və maliyyə çətinlikləri ilə üzləşib. Bu vəziyyət əmək bazarına əlavə təzyiq yaradır və müxtəlif sahələrdə ixtisarların davam edəcəyi ilə bağlı narahatlıqları artırır.

29-04-2026, 14:44
Qəzvində xəstəxana tikintisi yarımçıq qalıb

Qəzvində xəstəxana

tikintisi yarımçıq qalıb


Qəzvin şəhərində 700 çarpayılıq xəstəxananın inşası layihəsi yarımçıq qalıb.
Bu barədə əyalət valiliyi məlumat yayıb.
Təməli 2017-ci ildə qoyulan xəstəxananın inşa işlərinin yalnız 37 faizi yerinə yetirilib.
Bunun vəsait çatışmazlığı ilə bağlı olduğu bildirilib.
29-04-2026, 14:30
Daha 175 nəfər yurda qayıtdı

Daha 175 nəfər yurda qayıtdı- FOTO

Aprelin 29-da Xocalı rayonunun 6, Ağdərənin isə 1 kəndinə növbəti köç oldu. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, köç prosesi çərçivəsində Xocalı rayonunun Xanabad kəndinə 46 nəfərdən ibarət 10 ailə, Badara kəndinə 59 nəfərdən ibarət 16 ailə, Xanyurdu kəndinə 25 nəfər (4 ailə), Seyidbəyli kəndinə 3 nəfər (1 ailə), Şuşakəndə 5 nəfər (1 ailə), Təzəbinə kəndinə 15 nəfər (3 ailə), Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 22 nəfərdən ibarət 6 ailə qayıdıb. Ümumilikdə 175 nəfərdən ibarət 41 ailəyə Xocalıda yeni mənzillərinin açarları təqdim olunub. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev iştirak edib. S. Qəhrəmanov çıxışında sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edərək, bölgədə aparılan genişmiqyaslı quruculuq, abadlıq və bərpa işləri barədə məlumat verib. Köçürülən sakinlər üçün bütün zəruri sosial infrastrukturun yaradıldığını, onların rahat yaşayışı üçün şəraitin təmin edildiyini bildirib.





29-04-2026, 07:42
Birinci sinfə qəbulla bağlı yenilik

Birinci sinfə qəbulla bağlı yenilik

Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib. Qaydalarda I sinfə qəbul üzrə müsahibənin hansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb. Belə ki, I sinfə qəbul üzrə müsahibə zamanı uşağın tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
dinləyib-anlama bacarığı
Uşaq sadə tapşırıqları dinləyib yerinə yetirməli, qısa (3-5 cümlədən ibarət) mətni dinləməli və suallara cavab verməli, sualı diqqətlə dinləyib uyğun cavab verməlidir.
rabitəli danışma bacarığı
Uşaq özünü təqdim etməli, ailəsi və vətəni haqqında danışmalı, şəkil əsasında sadə cümlə qurmalıdır.
söz ehtiyatı
Uşaq əşyaların adlarını düzgün adlandırmalı, heyvan, bitki, meyvə-tərəvəz, peşə adları kimi ümumi anlayışları tanımalı, xüsusiyyət bildirən sözlərdən istifadə etməli (rəngləri adlandırmalı, ölçü və keyfiyyət bildirən sözləri bilməli), ətraf aləmdə baş verən hadisələri, təbiətdəki mövsümi dəyişiklikləri təsvir etməlidir.
hərf və səsləri anlama və tələffüz etmə
Uşaq səslərdən söz düzəltməli, hərfi formasına görə tanımalı (böyük və kiçik), danışıqda eşitdiyi səsi müvafiq hərflə əlaqələndirməli, sözləri aydın tələffüz etməlidir.
Qeyd edək ki, Komissiya üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək yekun bal müəyyən edilir. Müsahibədən 12 və daha çox bal toplamış şagird müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 iş günü müddətində elektron kabinetə göndərilir.

(Trend)
29-04-2026, 07:21
İqtisadiyyatın yeni “boss”u”


İqtisadiyyatın yeni “boss”u

Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə insan ilk dəfə olaraq özünə bənzər başqa bir insanla deyil, görünməz bir rəqiblə - alqoritmlərlə üz-üzə qalıb. Bu rəqib yorulmur, səhv etmir, maaş istəmir və ən əsası, getdikcə daha çox işi insanın əlindən alır. Avtomatlaşma artıq yalnız zavodları deyil, ofisləri, media sahəsini, hətta yaradıcılıq tələb edən peşələri belə əhatə edir.
Bir vaxtlar minlərlə insanın saatlarla gördüyü işlər indi bir neçə saniyəyə həll olunur. Bu dəyişiklik sadəcə texnoloji yenilənmə deyil - bu, “iş” anlayışının kökündən dəyişməsidir.
Əmək bazarında dəyər ölçüləri səssizcə yenidən yazılır. Əzələ gücü, mexaniki təcrübə, illərlə formalaşan rutin bacarıqlar artıq əvvəlki çəkisini itirir. Amma burada maraqlı bir ziddiyyət yaranır. Texnologiya insan əməyini ucuzlaşdırdıqca, insanın özünə məxsus xüsusiyyətləri bahalaşır. Empatiya, yaradıcılıq, hiss etmək və anlamaq qabiliyyəti - bunlar artıq sadəcə insani keyfiyyətlər deyil, bazarda nadir tapılan dəyərə çevrilir. Sanki
insan olmaq özü bir peşəyə çevrilir. Bugünkü reallıqda sual artıq belədir:
Gələcəkdə bir çox peşənin avtomatlaşması fonunda insan əməyi nadir bir lüksə çevrilə bilərmi? Maaş rəqibi artıq insanlar yox, alqoritmlər olduqda, insanın yaradıcılığı və emosional zəkası iqtisadiyyatın yeni əsas valyutasına çevrilə bilərmi?
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir deyib ki, gələcəkdə bir çox peşənin avtomatlaşması fonunda insan əməyi bəzi sahələrdə nadir bir lüksə çevrilə bilər: “Ümumilikdə, mövcud texnoloji proseslər əmək bazarında ciddi struktur dəyişikliklərinə səbəb olur. Bu dəyişikliklər bir tərəfdən yeni məşğulluq imkanları yaradır. Hesablamalara görə, 2027-ci ilə qədər dünyada təxminən 97 milyon yeni iş yerinin yaranacağı proqnozlaşdırılır. Digər tərəfdən isə, bu yeni iş yerləri işçi qüvvəsindən daha yüksək səviyyədə bilik və bacarıqlar tələb edir.Texnoloji transformasiyanın təsiri ilə əmək bazarında tələb və təklif arasında uyğunsuzluq dərinləşir. Belə ki, 2023-cü ildə işəgötürənlərin 77%-i ixtisaslı kadr tapmaqda çətinlik çəkmiş, işçi qüvvəsinin təxminən 50%-nin isə yenidən ixtisaslaşmaya ehtiyac duyduğu müəyyən edilmişdir.”
Ekspertin sözlərinə görə, avtomatlaşma və süni intellekt artıq rutin, təkrarlanan və qaydalara əsaslanan funksiyaları sürətlə öz üzərinə götürür: “Bu tendensiya davam etdikcə, bəzi sahələrdə insan əməyinə tələbat azalacaq. Daha real ssenari isə əmək bazarının ikiqütblü xarakter almasıdır: bir tərəfdə yüksək yaradıcılıq, strateji düşüncə və sosial bacarıqlar tələb edən peşələr, digər tərəfdə isə avtomatlaşdırılması çətin olan fiziki və xidmət yönümlü fəaliyyət sahələri. Bu kontekstdə “lüks” anlayışı bütün əmək növlərinə deyil, məhz yüksək ərdiləşmiş və nadir kompetensiyalara malik insan əməyinə aid edilə bilər.Yaradıcılıq və emosional zəkanın iqtisadiyyatın yeni “valyutası”na çevrilməsi məsələsinə gəldikdə isə, bu proses artıq qismən müşahidə olunur.
Alqoritmlər məlumatın emalı və optimallaşdırılması sahəsində insanlardan üstünolduqca, insanın fərqləndirici xüsusiyyətləri (estetik və orijinal yaradıcılıq, kontekst qurmaq bacarığı, qeyri-müəyyən şəraitdə çevik qərarvermə qabiliyyəti) daha çox iqtisadi dəyər qazanır. Bununla belə, süni intellektin artıq yaradıcılığın bəzi formalarını təqlid edə bilməsi göstərir ki, elementar yaradıcılıq kifayət etmir. Dəyər daha çox dərin, orijinal ideyalarda, fərdi təcrübəyə əsaslanan baxış bucağında və insanlarla birbaşa qarşılıqlı təsirdə (məsələn, liderlik, psixoloji dəstək, təhsil və s.) formalaşır.
Beləliklə, gələcəkdə iqtisadiyyatın “valyutası” yalnız yaradıcılıq və emosional zəka ilə məhdudlaşmayacaq, daha doğrusu, bu bacarıqların yüksək keyfiyyətli və fərqləndirici formaları ön plana çıxacaq. Nəticə etibarilə, rəqabət modeli “insan-insan” müstəvisindən “insan-alqoritm” müstəvisinə keçəcək, dəyər isə məhz insana xas olan xüsusiyyətlərin daha dərin və nadir təzahürləri üzərində qurulacaq”.

Çinarə Tarverdiyeva,
İlhamə Nurəhmədova,

BDU Jurnalistika fakültəsinin III kurs tələbələri
29-04-2026, 07:01
Süni intellektin yayılması: Azərbaycanda iqtisadi   təsirlər və gözləntilər

Süni intellektin yayılması:

Azərbaycanda iqtisadi

təsirlər və gözləntilər


Süni intellekt artıq yalnız texnologiya sahəsinin deyil, eyni zamanda iqtisadiyyatın gələcəyini müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirilir. Dünyada olduğu kimi, Azərbaycanda da bu texnologiyaya maraq sürətlə artır. Bununla yanaşı, onun əmək bazarına, biznes mühitinə və ümumi iqtisadi göstəricilərə təsiri ilə bağlı suallar aktuallığını qoruyur.
Mövzu ilə bağlı iqtisadi ekspert Elşən Bağırzadə mövcud vəziyyəti və gözləntiləri dəyərləndirib. Ekspertin sözlərinə görə, əsas məsələ texnologiyanın mövcudluğu deyil, ona uyğunlaşma səviyyəsidir:
“Süni intellekt Azərbaycanda ilk növbədə xidmət sektorunda- xüsusilə təhsil, səhiyyə, bank-maliyyə, dövlət xidmətləri, ticarət və media sahələrində dəyişikliklərə səbəb olacaq. Bu sahələrdə məlumatların emalı, analiz və qərarvermə proseslərinin çoxluğu süni intellektin tətbiqini sürətləndirir. Əmək bazarında kütləvi işsizliyin yaranması gözlənilmir. Əsas dəyişiklik iş yerlərinin yox olması deyil, onların mahiyyətinin transformasiyası olacaq. Rutin və təkrarlanan tapşırıqlar avtomatlaşdırılacaq, insanın analitik düşüncəsi, yaradıcılığı və qərarvermə bacarıqları isə daha çox ön plana çıxacaq. Gələcəkdə uğur qazananlar süni intellekti əvəz edən yox, onunla işləməyi bacaran insanlar olacaq”.
Azərbaycanda bizneslərin süni intellektdən istifadəsinə toxunan ekspert bildirib ki, maraq yüksək olsa da, tətbiq hələ geniş yayılmayıb: “Daha çox iri şirkətlər və maliyyə sektoru bu istiqamətdə addımlar atır, kiçik və orta biznesdə isə istifadə məhduddur. Bu, bir sıra amillərlə bağlıdır. İxtisaslı kadr çatışmazlığı, keyfiyyətli və sistemləşdirilmiş məlumat bazasının olmaması, idarəetmə səviyyəsində tərəddüdlər və texnoloji infrastrukturun qeyri-bərabər inkişafı. Bu, sadəcə texnologiyanın tətbiqi deyil, bütövlükdə biznes modelinin dəyişməsini tələb edir”.
Süni intellektin ÜDM artımına təsiri ilə bağlı danışan ekspert daha realist yanaşmanın vacibliyini qeyd edir: “Yaxın 1–2 ildə kəskin iqtisadi sıçrayış gözləmək düzgün deyil. Süni intellektin təsiri adətən dolayı olur və zaman tələb edir. Əvvəlcə şirkətlər texnologiyanı mənimsəyir, sonra məhsuldarlıq artır və bu artım tədricən makroiqtisadi göstəricilərə təsir edir. Bununla belə, süni intellektin qeyri-neft sektorunda məhsuldarlığın artırılması üçün yeni imkanlar yaratdığını və düzgün tətbiq olunduğu halda orta müddətdə ÜDM artımına müsbət təsir göstərə bilər. Süni intellekt sahəsinə investisiyaların cəlb edilməsi üçün əsas prioritet texnologiyanın sadəcə idxalı deyil, ekosistemin qurulmasıdır. İnvestorlar bazarla yanaşı, həmin bazarın hazırlıq səviyyəsini də qiymətləndirir. Bu baxımdan rəqəmsal infrastrukturun gücləndirilməsi, insan kapitalına — xüsusilə süni intellekt bacarıqlarına — investisiya qoyuluşu, məlumatların idarə olunmasının təkmilləşdirilməsi və aydın tənzimləyici mühitin formalaşdırılması vacib hesab olunur.
Bununla yanaşı, müsahibimiz süni intellektin yalnız startap səviyyəsində deyil, real sektor layihələri üzərindən inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb: “Səhiyyə, təhsil, logistika və kənd təsərrüfatı sahələrində konkret tətbiqlər investorlar üçün daha cəlbedicidir. Əsas məqsəd texnologiyanı yalnız idxal edən deyil, onu tətbiq edən və inkişaf etdirən ölkəyə çevrilməkdir”.
Fatimə Məmmədli,
Selcan Əhmədli,

BDU Jurnalistika fakültəsinin III kurs tələbələri
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!