Süni intellektin yayılması: Azərbaycanda iqtisadi
təsirlər və gözləntilərSüni intellekt artıq yalnız texnologiya sahəsinin deyil, eyni zamanda iqtisadiyyatın gələcəyini müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirilir. Dünyada olduğu kimi, Azərbaycanda da bu texnologiyaya maraq sürətlə artır. Bununla yanaşı, onun əmək bazarına, biznes mühitinə və ümumi iqtisadi göstəricilərə təsiri ilə bağlı suallar aktuallığını qoruyur.
Mövzu ilə bağlı iqtisadi ekspert Elşən Bağırzadə mövcud vəziyyəti və gözləntiləri dəyərləndirib. Ekspertin sözlərinə görə, əsas məsələ texnologiyanın mövcudluğu deyil, ona uyğunlaşma səviyyəsidir:
“Süni intellekt Azərbaycanda ilk növbədə xidmət sektorunda- xüsusilə təhsil, səhiyyə, bank-maliyyə, dövlət xidmətləri, ticarət və media sahələrində dəyişikliklərə səbəb olacaq. Bu sahələrdə məlumatların emalı, analiz və qərarvermə proseslərinin çoxluğu süni intellektin tətbiqini sürətləndirir. Əmək bazarında kütləvi işsizliyin yaranması gözlənilmir. Əsas dəyişiklik iş yerlərinin yox olması deyil, onların mahiyyətinin transformasiyası olacaq. Rutin və təkrarlanan tapşırıqlar avtomatlaşdırılacaq, insanın analitik düşüncəsi, yaradıcılığı və qərarvermə bacarıqları isə daha çox ön plana çıxacaq. Gələcəkdə uğur qazananlar süni intellekti əvəz edən yox, onunla işləməyi bacaran insanlar olacaq”.
Azərbaycanda bizneslərin süni intellektdən istifadəsinə toxunan ekspert bildirib ki, maraq yüksək olsa da, tətbiq hələ geniş yayılmayıb: “Daha çox iri şirkətlər və maliyyə sektoru bu istiqamətdə addımlar atır, kiçik və orta biznesdə isə istifadə məhduddur. Bu, bir sıra amillərlə bağlıdır. İxtisaslı kadr çatışmazlığı, keyfiyyətli və sistemləşdirilmiş məlumat bazasının olmaması, idarəetmə səviyyəsində tərəddüdlər və texnoloji infrastrukturun qeyri-bərabər inkişafı. Bu, sadəcə texnologiyanın tətbiqi deyil, bütövlükdə biznes modelinin dəyişməsini tələb edir”.
Süni intellektin ÜDM artımına təsiri ilə bağlı danışan ekspert daha realist yanaşmanın vacibliyini qeyd edir: “Yaxın 1–2 ildə kəskin iqtisadi sıçrayış gözləmək düzgün deyil. Süni intellektin təsiri adətən dolayı olur və zaman tələb edir. Əvvəlcə şirkətlər texnologiyanı mənimsəyir, sonra məhsuldarlıq artır və bu artım tədricən makroiqtisadi göstəricilərə təsir edir. Bununla belə, süni intellektin qeyri-neft sektorunda məhsuldarlığın artırılması üçün yeni imkanlar yaratdığını və düzgün tətbiq olunduğu halda orta müddətdə ÜDM artımına müsbət təsir göstərə bilər. Süni intellekt sahəsinə investisiyaların cəlb edilməsi üçün əsas prioritet texnologiyanın sadəcə idxalı deyil, ekosistemin qurulmasıdır. İnvestorlar bazarla yanaşı, həmin bazarın hazırlıq səviyyəsini də qiymətləndirir. Bu baxımdan rəqəmsal infrastrukturun gücləndirilməsi, insan kapitalına — xüsusilə süni intellekt bacarıqlarına — investisiya qoyuluşu, məlumatların idarə olunmasının təkmilləşdirilməsi və aydın tənzimləyici mühitin formalaşdırılması vacib hesab olunur.
Bununla yanaşı, müsahibimiz süni intellektin yalnız startap səviyyəsində deyil, real sektor layihələri üzərindən inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb: “Səhiyyə, təhsil, logistika və kənd təsərrüfatı sahələrində konkret tətbiqlər investorlar üçün daha cəlbedicidir. Əsas məqsəd texnologiyanı yalnız idxal edən deyil, onu tətbiq edən və inkişaf etdirən ölkəyə çevrilməkdir”.
Fatimə Məmmədli,
Selcan Əhmədli,BDU Jurnalistika fakültəsinin IV kurs tələbələri