Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
26-04-2026, 20:03
Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi


Nurbay CABBAROV
Professor, nəvaişünas,
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və
Ədəbiyyatı Universitetinin prorektoru,
Özbəkistan Yazıçılar Birliyinin ədəbi tənqid şöbəsinin müdiri


Siracəddin Səyyid yaradıcılığında
ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi



Klassik Şərq poeziyasında dini-irfani məzmunun bədii ifadəsi xüsusi bir ənənə kimi formalaşmışdır. Bu ənənənin mühüm qollarından biri olan ərbəinçilik – yəni qırx hədisin poetik şərhi – əsrlər boyu həm mənəvi, həm də estetik dəyər daşıyan janr kimi inkişaf etmişdir. Müasir dövrdə bu ənənənin yenidən işlənməsi və yeni məzmunla zənginləşdirilməsi xüsusi yaradıcılıq potensialı tələb edir. Siracəddin Səyyid bu istiqamətdə klassik irsə sadiq qalmaqla yanaşı, onu müasir düşüncə ilə uzlaşdıran sənətkarlardandır. Onun yaradıcılığında ərbəinçilik yalnız dini motivlərin təkrarı deyil, insanın mənəvi kamillik axtarışının poetik ifadəsi kimi təqdim olunur.
Ərbəinçilik ənənəsinin yenilənməsi – İnsan ömrünün real dəyəri təqvimlərlə deyil, antoloji həqiqəti dərketmə səviyyəsi, vətənə və xalqa xidmət dərəcəsi ilə ölçülür. Siracəddin Səyyid yaradıcılığının ilk mərhələlərindən etibarən bu hikməti yaradıcılığının ana xəttinə çevirmiş, bədii ustalığını irfani biliklərlə zənginləşdirmişdir. Bu xüsusiyyət özünü xüsusilə "Ərbəin" (qırxlıq) ənənəsinin bərpası ruhunda qələmə alınan nümunələrdə büruzə verir. Türkdilli poeziyada bu janrın fundamental əsasları məhz Əlişir Nəvai tərəfindən qoyulmuşdur.
Müasir özbək poeziyasında hədislər əsasında poetik silsilələr yaratmaq ənənəsini yeni bədii zirvəyə ucaldan ustad şair Abdulla Aripovdur. Onun "Hikmət səsləri" silsiləsi bu sahədə bir növ ədəbi məktəb funksiyasını yerinə yetirmişdir. S.Səyyidin "Qırx hədis" toplusu həmin ədəbi məktəbin dərslərindən bəhrələnən, lakin özünəməxsusluğu ilə seçilən uğurlu bir bədii təcrübədir. Toplu Yaradana edilən xüsusi bir münacatla açılır:

Gözlərim yaşlı, dərgahına gəldim,
İndi artıq yolum mənə bəllidir.
Atamın günahlarını bağışla, ey Rəbbim,
Anama uzun ömür ver, ey Allahım.


Mövzu arealından asılı olmayaraq, şair öz varlığının və ömrün mahiyyətini anlamaq prosesini lirik bir fəlsəfə kimi təqdim edir. Klassik ədəbiyyat nəzəriyyəçisi Şeyx Əhməd Tərazi münacatı "İlahinin hüzurunda səmimi yalvarış" kimi xarakterizə edir. Siracəddin Səyyid bu janrda saleh bir övlad prizmasından çıxış edərək valideyn amilinə xüsusi yer ayırır. Şairin poeziyasında "bacı" obrazının tez-tez xatırlanması və onların "payız reyhanı"na bənzədilməsi isə milli-mənəvi dəyərlərin poetik inikasıdır:

Böyük hikməti dərk etdiyim zaman,
Göz yaşlarım axdı, qəlbim qan ağladı,
Ey Rəbbim, onları Özün qoru –
Payız reyhanları tək bacılarımı.


"Qırx hədis" toplusunun girişində yer alan "Zamanın sahibi" şeiri – “Zamandan şikayət etməyin, çünki zamanın sahibi Allahdır” – hədisinin poetik şərhidir. Şair zaman və insan münasibətlərini belə ifadə edir:

Allahın sizə bəxş etdiyi aylar və illər üçün,
Hər an qiymətlidir, əgər iz qoya bilsəniz.
Əzəldən bəri zaman pis insanlara sərt olub,
Amma yaxşılar üçün zaman həmişə xeyirlidir.
Zamanın sahibidir Uca Allah,
Ondan giley etmək qəflət nişanıdır.

Burada zamanın "yaxşı" və ya "pis" olması subyektiv deyil, insanın qəlbindəki niyyət və əməlləri ilə əlaqəli bir reallıq kimi təqdim olunur. Xeyirxah məqsədlər insanın həyat yolunu işıqlandıran əsas amil kimi vurğulanır.
S.Səyyid mübarək hədislərin mahiyyətini dərin fəlsəfi məzmun və bədii zərifliklə nəzmə çəkir. "Allah gözəldir və gözəlliyi sevir" hədisi şairin interpretasiyasında belə səslənir:

Parlayan dünyanın zahirinə bax:
Onun sübhü və şamı sadəcə bir bəzəkdir.
Hər şey keçici, hər şey fanidir,
Sadəcə Allah baqi, Allah gözəldir.
O, zahiri cah-calalı deyil, səmimi əməli sevər,
Əgər qəlbin və əxlaqın pak olarsa,
Haqqın nəzərgahına yüksələrsən.


Şairin bu misraları dini-etik dəyərlərin bədii təfəkkürlə vəhdətini nümayiş etdirməklə yanaşı, oxucunu zahiri bəzəklərdən uzaqlaşıb daxili təkamülə səsləyir.
Cəmi beş sözdən ibarət olan mübarək hədisin semantik tutumu bu poetik mətndə yüksək bədii sənətkarlıq, dərin fəlsəfi təfəkkür və xalq şeiri üslubunun sintezi vasitəsilə bənzərsiz bir ədəbi hadisəyə çevrilmişdir. Şeirin strukturundakı mənəvi enerji oxucunu ruhani bir oyanışa sövq edir; maddi dünyanın keçiciliyi, səhər və axşamın zahiri bər-bəzəyinin fani olduğu və yalnız İlahi varlığın əbədi qaldığı həqiqəti qəlbən hiss edilir. Şair hədislər aləmindən seçdiyi nurani inciləri poetik mirvarilərə çevirərək, ədəbiyyatsevərlərin mənəvi xəzinəsini zənginləşdirir. Silsilənin qırxıncı şeiri "Sözün sehr, şeirin isə hikmət olduğu" barədə mübarək hədisin mənzum şərhi ilə tamamlanır:

Söz – insan qəlbinin bəzəyi, libasıdır,
Əgər söz gözəl olarsa, içində mərhəmət olar.
Allah heç bir sözü səbəbsiz yerə könüllərə salmaz,
Demək ki, sözdə bir sehr var.
Bu dünya yaxşılıqlarla çiçəklənər,
Yetər ki, insanlarda qəlb və himmət olsun.
Şeir də əsla boş yerə yaranmaz,
Çünki şeirdə Peyğəmbərin söylədiyi hikmət vardır.

Siracəddin Səyyid, xalq şairi
Özbəkistan Yazıçılar Birliyinin sədri


Siracəddin Səyyid sözdəki sehri və şeirdəki hikməti öz yaradıcılığının mənəvi-fəlsəfi fundamentinə çevirmiş, poeziyaya sadiqliyini ömrünün hər anında nümayiş etdirmişdir. Onun əsərlərini orijinal edən cəhət şeirlərdəki maarifçi nurun oxucunu dərin təfəkkürə və həyat fəlsəfəsini dərk etməyə yönəltməsidir.
Böyük Əlişir Nəvainin qəzəllərinə təxmis yazmaq sənətkardan misilsiz məsuliyyət və klassik poetika qaydalarına dərindən vaqiflik tələb edir. Nəvai yaradıcılığının ədəbi-estetik konsepsiyasını, dilin bəlağət və fəsahət incəliklərini mənimsəmədən bu janra müraciət etmək yalnız müəllifin elmi və bədii səriştəsizliyini büruzə verə bilər. Müxəmməs janrının sərt qanunlarına görə, əlavə edilən üç misra orijinal qəzəlin fəlsəfi yükü, əruz vəzni və bədii təsvir vasitələri ilə elə bir vəhdət təşkil etməlidir ki, beşlik bütöv bir yaradıcılıq aktı təsiri bağışlasın.
Siracəddin Səyyid klassik poeziyanın bu mürəkkəb janrında da yüksək məharət nümayiş etdirmişdir. Onun Sabir Tirmizi, Lütfi, Hafiz Şirazi, Ətayi, Əlişir Nəvai, Babur və digər ustad şairlərin qəzəllərinə yazdığı təxmislər, eləcə də Çolpanın misralarına etdiyi təzminlər müəllifin klassik poeziya ənənələrinə hakimliyini təsdiqləyir.
S. Səyyidin müxəmməslərində klassik təxmisçilik meyarları – şairin müxəmməsləri klassik janrın tələbləri ilə tam uzlaşması baxımından xüsusi elmi və ədəbi əhəmiyyət kəsb edir. Nəvainin məşhur bir qəzəlinə bağlanan müxəmməsin son bəndi bu fikri əyani şəkildə nümayiş etdirir:

Ömür bir gəmi kimidir, hər an onun səsi eşidilər,
Səfər qəfildən bitəcək, istər axşam olsun, istər səhər.
Ən gözəli budur ki, şüur və düşüncə yaxşılıqla dolsun,
Əgər Nəvai yaxşıların içində vətən tapsa, bunda qəribə bir şey yoxdur,
Çünki pis insanlarla oturan, özü də pis olar.

Həmçinin, Nəvainin "Bizim məcnun könlümüz biçarə olmuş" matlalı qəzəlinə yazılan təxmisin son bəndi bədii tamlığı ilə seçilir:

Ömür boyu tikdiyin sarayı dağıt,
Bu üç günlük səfərin mənasını dərk et,
Qəlbindən tamamilə əl çək,
Nəvai, başqalarından çarə umma,
Çünki dərdinə çarəsizlik çarə olmuşdur.

Nəvainin "Dərdinə çarəsizlik çarə olmuşdur" misrasındakı lirik faciənin miqyası S. Səyyidin əlavə etdiyi misralarla daha da dərinləşir. Burada "çarə" və "çarəsizlik" antonimiyası taleyin amansız ziddiyyətlərini bütün mürəkkəbliyi ilə açır. "Ömür boyu tikdiyin sarayı dağıt" və "Qəlbindən tamamilə əl çək" kimi radikal bədii kəşflər Nəvai fəlsəfəsi ilə elə bir uyğunluq yaradır ki, sanki qiymətli bir üzük öz daşı ilə tamamlanır.
Müasir şeirimizdə Nəvai dühasına layiq təxmis qoşmaq ənənəsində Siracəddin Səyyidin mövqeyi müstəsnadır. Şairin "Gözün nə bəla, qara olub" misrası ilə başlayan məşhur tərmin qəzəlinə bağladığı təxmisin ilk bəndi klassik poeziya səviyyəsindədir:

Kim qaşına mübtəla olub?
İki qılınc arasında qalıb,
Qəlbində iki yara açılıb,
Gözün nə bəla, qara olub,
Ki, canıma qara bəla olub.

Aşiqin sevgilinin qaşları qarşısında özünü "iki qılınc arasında" hiss etməsi təsviri tamamilə Nəvai üslubuna xas olan möhtəşəm bir obrazdır. Belə bir bədii təfəkkür səviyyəsi yalnız dərin irfani ilhamın və ustad sənətkarlığın vəhdəti nəticəsində mümkündür.
Beləliklə, Siracəddin Səyyidin “Qırx hədis” silsiləsi və ümumilikdə ərbəinçilik ənənəsinə yanaşması klassik poeziyanın müasir interpretasiyasının uğurlu nümunəsidir. Şair dini mətnlərin mahiyyətini qorumaqla yanaşı, onları yeni bədii-estetik çalarlarla zənginləşdirərək oxucunun mənəvi dünyasına təsir göstərir. Onun poeziyasında hədislər sadəcə dini kəlam kimi deyil, həyat fəlsəfəsinin, əxlaqi dəyərlərin və insanın daxili kamillik yolunun bədii ifadəsi kimi çıxış edir. Bu baxımdan Səyyidin yaradıcılığı klassik irslə müasir təfəkkür arasında körpü rolunu oynayır və ərbəinçilik ənənəsinin yaşarlığını bir daha təsdiqləyir.


Nurboy Cabbarovun
“Əmir Əlişir Nəvainin İrfani dünyası”
monoqrafiyasından tərcümə etdi:

Almaz Ülvi Binnətova,
Nəvaişünas
26-04-2026, 07:10
Şərəfli Yapon Komutanı

Şərəfli Yapon Komutanı
Qafqaz cəbhəsində rusların əsir götürdüyü 1012 türk əsgəri Sibirdən İstanbula göndərilərkən Yunanıstan donanması tərəfindən dayandırılıb və ələ keçirilməsi istənilib. Lakin yapon komandiri Yukiçi Tsumura bu tələbi rədd edərək türk əsgərlərini Yunanıstana təhvil verməyib.
"Türklər üçün canımı verərəm" deyən Yaponiya komandiri
Yarbay Yukiçi Tsumura bütün təzyiqlərə baxmayaraq qərarından əl çəkmədi.
Bu münasibət türk məhbusların qorunmasını təmin etmiş və Türkiyə-Yapon münasibətləri baxımından mühüm nümunə kimi qeydə alınmışdır.
26-04-2026, 06:47
40 yaşlı fəlakət


40 yaşlı fəlakət

Bu gün Ukraynanın şimalında, Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 40-cı ildönümüdür.
XX əsrin ən böyük texnogen fəlakətlərindən biri kimi tarixə düşən bu hadisə atom elektrik stansiyasında təhlükəsizlik sınağı aparılarkən baş verib. Reaktorun gücünün yoxlanılması məqsədilə keçirilən test zamanı ciddi texniki səhvlərə yol verilib, eyni zamanda təhlükəsizlik sistemləri bilərəkdən deaktiv edilib. Bunun nəticəsində reaktor idarəetmədən çıxaraq partlayıb.
Stansiyanın dördüncü enerji blokunda baş verən partlayış ətraf mühitə böyük həcmdə radioaktiv maddələrin yayılmasına səbəb olub. Partlayışın gücü Xirosimaya atom bombası atılması zamanı istifadə edilən bombanın təxminən 500 qatına bərabər qiymətləndirilir. Fəlakətin ilk günlərində partlayış, yanğın və yüksək dozalarda radiasiya səbəbilə 50 nəfər həyatını itirib.
Sonrakı illərdə isə radiasiyanın təsiri nəticəsində ölənlərin dəqiq sayı məlum olmasa da, müxtəlif hesablamalara görə bu rəqəm 50 mindən 100 minə qədər dəyişir.
Qəza nəticəsində Ukrayna, Rusiya və Belarus ərazilərində 145 min kvadrat kilometrdən artıq sahə radioaktiv çirklənməyə məruz qalıb. Hadisədən dərhal sonra stansiyanın ətrafındakı 30 kilometrlik zonadan 115 mindən çox insan təxliyə edilib. Ümumilikdə isə 586 min nəfər bu fəlakətin təsirlərini yaşayıb. Onların 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini birbaşa Çernobıl bölgəsində yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış digər rayonlarının sakinləri olub.
Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında azərbaycanlılar da fəal iştirak ediblər. Ümumilikdə 7 min azərbaycanlı bu prosesə cəlb olunub və onlardan 2 minə yaxını sonrakı illərdə müxtəlif xəstəliklər səbəbilə vəfat edib. Hadisədən sonra 2 mindən artıq azərbaycanlı uşaq müxtəlif sağlamlıq problemləri ilə dünyaya gəlib, bir çoxu isə doğuş zamanı həyatını itirib.
Çernobıl Atom Elektrik Stansiyası 2000-ci il dekabrın 15-də tam şəkildə fəaliyyətini dayandırıb.
Birləşmiş Millətlər Təşkilatı aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Günü elan edib.
26-04-2026, 06:38
Çanaqqala zəfəri ilə bağlı PAYLAŞIM

Çanaqqala zəfəri ilə

bağlı PAYLAŞIM


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala döyüşlərinin ildönümü ilə bağlı paylaşım edib. Ərdoğan bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Çanaqqala quru döyüşlərinin 111-ci ildönümündə başda Qazi Mustafa Kamal olmaqla istiqlalımız və gələcəyimiz uğrunda dastan kimi mübarizə aparan bütün qəhrəmanlarımızı hörmətlə anır, şəhidlərimizi və əbədiyyətə qovuşan qazilərimizi rəhmətlə yad edirəm", - paylaşımda bildirilib.
Xatırladaq ki, Çanaqqala döyüşü Birinci Dünya müharibəsi dövründə Osmanlı ilə Antanta dövlətləri arasında baş verib. İttifaq üzvləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazları idarə etmək hüququnu özlərində saxlamaq istəyiblər. Lakin onlar türk xalqının dəmir iradəsini sarsıda bilməyiblər. Səkkiz ay davam edən və böyük itkilərin qeydə alındığı döyüşlərdə məğlub olan ittifaq dövlətləri geri çəkilmək məcburiyyətində qalıblar. Bu döyüş məhv olmaq vəziyyətindəki ölkənin möhtəşəm qələbəsi kimi əfsanələşib və Çanaqqala zəfəri adı ilə tarixə düşüb. Türklər bu qanlı mübarizədə 250 mindən çox şəhid verib. Bir o qədər hərbçi itirən müttəfiq qüvvələr üçün isə bu döyüş hərbi fəlakət rəmzi kimi qiymətləndirilir.
Çanaqqala zəfərinin əldə olunmasında azərbaycanlılar da yaxından iştirak ediblər və üç mindən çox soydaşımız şəhid olub.
26-04-2026, 06:31
SEPAH quru müharibəsi ssenarisini hazırlayır

SEPAH quru müharibəsi ssenarisini hazırlayır

Gunaz TV-nin məlumatına görə, SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) son bəyanatında sərt və təhdidedici tonla bildirib ki, “düşmən”lə qarşılaşma üçün hətta əsir düşərgələri belə əvvəlcədən hazırlanıb.
Bəyanatda deyilir: “SEPAH-ın əməliyyat və müdafiə planlarının qiymətləndirilməsi və proqnozlaşdırılması düşmənin müxtəlif addımları, o cümlədən quru əməliyyatları ilə üzləşmək səviyyəsindədir ki, hətta mümkün təcavüzkarları qəbul etmək üçün əsir düşərgələri də hazırlanıb.”
Bu iddia regionda gərginliyin misli görünməmiş şəkildə artdığı bir vaxtda səsləndirilib və İranın hərbi strukturları genişmiqyaslı müharibə ssenarilərini gündəmə gətirərək qarşıdurma ritorikasını gücləndirir.
SEPAH-ın son açıqlamaları yalnız bu qurumun aqressiv və təbliğat xarakterli yanaşmasını deyil, həm də artan hərbi və siyasi təzyiqlər fonunda güc nümayişi cəhdi kimi qiymətləndirilir.
Müşahidəçilərin fikrincə, bu cür bəyanatlar real hərbi hazırlıqdan çox psixoloji müharibənin bir hissəsi olmaqla ictimai rəyə və regional balanslara təsir göstərməyə yönəlib.

26-04-2026, 06:26
İslam Bazarqanov Avropa çempionu oldu

İslam Bazarqanov

Avropa çempionu oldu


Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatının qalibi adını qazanıb.
57 kq çəki dərəcəsində yarışan təmsilçimiz Musa Mextixanovu (UWW) 8:6 hesabı ilə üstələyib.
Beləliklə bu Avropa çempionatında Azərbaycanın üçüncü qızıl medalı olub.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub. Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar.
26-04-2026, 06:23
Qulu Məhərrəmli yazır:

Qulu Məhərrəmli yazır:

Bu paylaşma Rusiya və İrandakı rejimin aşiqlərinin yuxusunu qaçıra bilər, amma reallıq budur ki, hazırda Ukrayna dünyanın ən döyüşkən ordusuna malikdir. Putin Ukaynanı 3-4 günə işğal edib öz əsarətinə salmaq istəyirdi, amma indi 4 ildir ki, onunla bacara bilmir. Hazırda Ukrayna dron savaşı və texnologiyası üzrə ən öndə gedən olkə kimi öz təcrübəsini ABŞ-a və onun müttəfiqlərinə öyrədir. Bu kontekstdə Ukrayna prezidenti V.Zelenskinin Azərbaycana işgüzar səfəri çox vacib hadisədir. Qəbələdə iki ölkə başçısı arasında keçirilən görüşdən sonra Bakı ilə Kiyev arasında təhlükəsizlik və ticarət də daxil olmaqla 6 saziş imzalanıb. Xeyirli olsun!!!

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!