53 mindən çox şagird imtahan verdi .....                        Doğuş zamanı körpə öldü - TƏBİB-dən AÇIQLAMA .....                        Türkiyədə 4,1 bal gücündə zəlzələ .....                        Bina uçdu - 11 ölü, çox sayda yaralı .....                        Türkiyədə uçuşlar ləğv edildi .....                        Trampa qarşı etiraz aksiyası .....                        Ermənistanda rüşvət əməliyyatı - Məmurlar saxlanıldı .....                        Oğlum həbs edilməyib, yanımdadır - Şərurlu İsfəndiyar .....                        İrəvanda kütləvi dava - Ölən və yaralananlar var .....                       
29-04-2023, 18:58
Elnur İRƏVANLININ söz dünyası


Elnur İRƏVANLININ söz dünyası

HAQQA ƏYİLƏNDƏ UCALIR İNSAN

Özünə inanıb özün tapanda
Yaradıb qurmaqdan bac alır insan.
Yer üzü bir taxtdı, bəşər də ki şah,
Onu yaradandan tac alır insan.

Göz niyə yaranıb? – Baxmaqdan ötrü.
Çay niyə qıvrılır? – Axmaqdan ötrü.
Haqqın zirvəsinə çıxmaqdan ötrü
Haqqa əyiləndə ucalır insan.

Dünyanın hikməti çoxdu, dərindi,
Ömür sevincin yox, dərdi-sərindi.
Vaxtın gətirdiyi yuxu şirindi,
Ona aldananda qocalır insan.

05.09.2007


ƏVVƏLİM AXIRA GƏLİB ÇATDI Kİ...

Bəxtimin üzünü ağartmaq üçün
Bir adam bir ovuc əhəngi verməz.
Rəssam dostlarımın getsəm üstünə,
Mənim axtardığım o rəngi verməz.

Bir yerdə yurd salıb qurmadım binə,
Öyrəşəm dumana, bağlanam çənə.
Bəxtimi çəkməyə bəxt yazan mənə
Nə fırçanı verməz, nə rəngi verməz.

Əvvəlim axıra gəlib çatdı ki,
Mürgü vuran günlər yatayatdı ki.
Sürdüyüm bu ömür elə atdı ki,
Ayağın qoymağa üzəngi verməz.

15.01.2008

YAŞAMADIM ÜRƏYİMCƏ

Ümidimi bu ömür, gün
Puç elər, puç elər, gedər.
Qorğa dərdlər ürəyimi
Sac elər, sac elər, gedər.

Yaşamadım ürəyimcə,
Ərimişəm incə-incə.
Kədər gözümü sevincə
Ac elər, ac elər, gedər.

Bu nə qurğu, bu nə kələk,
Yarı iblis, yarı mələk.
Bir dərdimi zalım fələk
Üç elər, üç elər, gedər.

Ümidlər dönüb qılınca,
Kəsər səbrimi alınca.
Gələn gedənin dalınca
Köç elər, köç elər, gedər.

15.12.2008, Uşaq Nevroloji Xəstəxanası

ÜRƏK SÖZÜMÜZƏ BAXMIR

Gözümüzə dik baxanlar
İndi üzümüzə baxmır.
Düzlər əyriyə baxsa da,
Əyri düzümüzə baxmır.

Olmuşları ananlar var,
Olacağı sananlar var,
Odumuza yananlar var,
Amma közümüzə baxmır.

Çağlar ola o çağ kimi,
Dayanaq, duraq dağ kimi.
Nadinc, şıltaq uşaq kimi
Ürək sözümüzə baxmır.

19.12.2008, Uşaq Nevroloji Xəstəxanası

SƏN DÜNYANI BİZDƏN OXU

Ürəyin aynası gözdür,
Ürəkləri gözdən oxu.
Dərinləri dərində gəz,
Dayazları üzdən oxu.

Çağlar özgə çağlar olub,
“Var”lar olub, “yox”lar olub.
Dağlar niyə dağlar olub?
Get, yamacdan, düzdən oxu.

Qorun kölə, müti hisdən,
Qaç dumandan, gizlən sisdən.
Ayırıb yaxşını pisdən,
Bacar, sözü sözdən oxu.

Bu nə rəngdir, nə boyadır,
Günəş gündüzə ziyadır.
Hər bir insan bir dünyadır,
Sən dünyanı bizdən oxu.
09.05.2009, Oğuz rayonu

BƏXTƏVƏR BAŞINA


Ucalmısan ərşi-əlaya,
Ey dağ, bəxtəvər başına.
Gətirmisən göydən yerə
Soraq, bəxtəvər başına.

Şam alışıb getdi bada,
Zülmət alov tuta-tuta.
Pərvanələr yandı oda,
Çıraq, bəxtəvər başına.

Köz olmuşuq ocağında,
Səsimiz var sorağında.
Çürüyürük qucağında,
Torpaq, bəxtəvər başına.
08.06.2009, “Bilgəh” Kardioloji Sanatoriyası


YÜZ YAŞ NƏDİR Kİ

Görkəmli oftalmoloq, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Averbax mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə

Tez-tez şəkillərin çıxar qarşıma,
Onda baxışlarım ayaq saxlayar.
Səni hamıdan çox neçə bəbəkdə
Nurunu itirmiş göz soraqlayar.

Bu gün uzaqları yaxın eləyən
Qoyduğun o yoldur, saldığın izdir.
Bəlkə, ona görə xalqa əzizsən,
Canparçan atanın adı Əzizdir.

Qəlbin güzgüsüdür, deyirlər ki üz,
Nura bələnibdir üzündə şəfqət.
Sanki yaranmışdın yaxşılıq üçün,
Amalın olmuşdu düzlük, sədaqət.

Yaşadığın ömür olsa da qısa,
Qaldı xoş əməllər səndən yadigar.
Qəlblərdə taxt quran, unudulmayan
İşıqlı xatirən, təmiz adın var.

Allahın sevdiyi yurd adamıydın,
İtmir el verdiyi qiymət, qədir ki...
Gələr əsrlərdən səsin, sorağın,
Ölümsüz adama yüz yaş nədir ki!


28.04.2023
"Bütöv azərbaycan" qəzeti
28 aprel 2023





25-04-2023, 05:37
“Ana ürəyi”


“Ana ürəyi”

Heç vaxt kitab haqqında yazılan hər hansı rəy və ya məqalə onun əsl dəyəri, müəllif ideyasının əhatə dairəsi, əsərlərin bədii səviyyəsi haqqında tam təsəvvür yarada bilmir. Deyiləsi vacib olan bir çox məqamlar istər-istəməz gözdən qaçır, kənarda qalır. Xüsusən şeirləri müxtəlif mətbu orqanlarında, almanaxlarda, poeziya antologiyalarında işıq üzü görən, 28,75 çap vərəqəsi həcmində “Dünyam mənim” və “Ana ürəyi” kitablarının müəllifi olan, iki ali-ədəbi mükafata, dörd diploma, iki medala layiq görülən eyni zamanda yaxşı həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə kimi hörmət qazanan Xaçmazlı şairə xanım Emfira Ərklidən söz açanda...
Onun həm ayrı-ayrı şeirləri, həm kitabları, həm də bütöv yaradıcılığı respublikamızın, ələlxüsus Qubanın, Xaçmazın və Qusarın ədəbiyyat bilicilərinin diqqət mərkəzindədir. Belə bir haqqı Emfira xanım öz zəhməti, öz sənətkar tərcümeyihalı ilə əldə etmişdir.
Ötən il “Borçalı” Nəşriyyat-poliqrafiya Müəssisəsində çap olunmuş “Ana ürəyi” kitabında şairənin poetik irsinin kiçicik bir hissəsi toplanmışdır. Buradakı şeir, povest və hekayələrdən açıq-aydın görünür ki, o doğma torpağa qırılmaz tellərlə bağlıdır. Odur ki, bu torpaq, bu yurd-yuva E. Ərkliyə zəhmətsevərlik, xeyirxahlıq, mərhəmət və genişürəklilik kimi yüksək mənəvi keyfiyyətlər bağışlamışdır.
Emfira xanımın şeir dünyası güclü romantik qanadlara malikdir. Onun poeziyasının lirik qəhrəmanları sanki dünyanın sahibidir, əzəmətli, güclü olduqları qədər də zərif və həssas ürəyə malikdir. Yerin, göyün, bəşəriyyətin taleyi haqqında düşünmək, narahatlıq keçirmək belə bir xanım üçün təbii haldır. Odur ki, Emfira xanım üçün həyəcansız, qayğısız bir an belə yoxdur.
O qədər etibarsız olub bu dünya,
Hasarlar çəkilir, dörd bir yanımız.
Mühitin havası elə dəyişib,
Gör necə inamsız olub insanlar?

(“Etibarsız dünya”)
Mənə belə gəlir ki, bu misralarda şairənin həyatı və poetik əqidəsi öz əksini tapmışdır. “Gör necə inamsız olub insanlar?” müəllifin yalnız qanadlı ilhamından xəbər vermir, həm də bu istedadın dərəcəsi, əhatə dairəsi haqqında dəqiq fikir yaradır. Emfira xanımın fikri əlvan poetik boyalarla oxucuya çatdırmaq bacarığı yalnız bir-iki şeirində özünü göstərmir. Bu cür gözəl söz oyunları onun ilhamlı qələminin əsas keyfiyyətlərindəndir.
Emfira Ərklinin yaradıcılıq üfüqləri genişdir, mövzu dairəsi rəngarəngdir. O, xalqımızın məhrumiyyətlərlə dolu keçmişini, doğma vətənin gözəlliklərini, şəhidlərimizi, bu günkü xoşbəxt həyatımızı vəsf etdiyi kimi, problemlərdən, ağrı-acılarımızdan da yorulmur, usanmır. Hər mövzuda da ciddi fəlsəfi ümumiləşdirmələr tapır. Bu düşüncələrdə Emfira Ərklinin təmiz insani hissləri, ömür yolunun eniş-yoxuşları açıq-aydın oxunur. Şairə özünün “Qəlbi yanan gözəlim” şeirində dediyi kimi:
Çox solğun görünür, bənizin sənin,
Niyə dikilibdi, yola gözlərin?
Bəlkə bir nisgil var, qəlbində sənin?
Baxışınla yandırırsan gözəlim,
Baxma həsrət ilə, dəyər nəzərin!


Şeirin ömrü həyatın ömrü qədərdir. Axı hər bir şeir həyatın nəfəsidir. Şeir insanın yaşamaq eşqi, yaşatmaq həvəsidir. “Əsmə külək” şeirində oxuyuruq:
Əsmə külək, səmti dəyiş,
Ürəyimi çox sıxırsan.
Qızma Günəş, sən sevgimi,
Alovunla yandırırsan.


Kifayət qədər həsrətlə, ürək yanğısı ilə yazılmış şeirlərdir Emfira xanımın şeirləri. Hər kəs öz dərdini ağladığı kimi, o, da şeirlərində özüdür. Amma bu dərdlər hamımıza tanışdır. Emfira xanım isə bu ağrıları sadəcə olaraq şairanə bir şəkildə sözə çevirir:
Sən elə bir vaxtda çıxdın qarşıma,
Dərdimi deməyə məqam tapmadım.
Məhəbbət dünyamdır, eşqim sevgidir,
Onu söyləməyə imkan tapmadım.

(“Xətasız-bəlasız”)
Emfira Ərklinin məhəbbət lirikasından söz açarkən bu lirikanın çox gözəl xüsusiyyətlərini onun daxili vəhdətini bir insanın taleyini və hisslərini əks etdirən şeirlər təsiri bağışladığını xüsusi qeyd etmək lazımdır. Çünki lirik qəhrəman özünü məhəbbət həyəcanlarında axtarır və dərk edir. Onun Lirikası insanı öz səmimiliyi, daxili zənginliyi və hər şeydən öncə poetikliyi ilə diqqəti cəlb edir. Məhəbbət mövzusunda yazdığı bütün şeirləri lakonikliyi, aktuallığı və yığcamlığı ilə seçilir. “Sevgi payımsan”, “Uduzma sən...”, “ Niyə unuduldun gözəl”, “ Sevgi tüğyan edər, gələr lərzəyə”, “Sevgi bayatıları”, “Barışdırmasa”, “Ülvi məhəbbət” və s. şeirlərində şair məhəbbətə ən ülvi, müqəddəs bir hiss kimi yanaşır.
Bu dünyanı mən səninlə, qarış-qarış gəzəydim,
Qönçələrin saplağından, bircə-bircə üzəydim.
Dəstələrə bağlayaraq, mən qarşına gələydim,
Ətirindən bihuş olub, xoşlanaydım, güləydim,
(“Öpəydim”)
Emfira Ərkli öz şeirlərini heca, həm də sərbəst vəzndə yazmışdır. Bu şeirlər həcmcə o qədər böyük olmasalar da, o, qələmə aldığı hər hansı mövzuya yeni rəng çalarları qatmaqla şeirin məna yükünü, onun bədii siqlətini daha da artırmaq olur. Şairə az sözlə dərin mənalar ifadə etməyi bacarır. Sözün alt qatına asanlıqla enə bilir. Şeirlərində daha çox tənha qaldığı zaman taleyindən, keçirdiyi daxili hisslərdən söhbət açır, duyğu və düşüncələrini, sevinc və kədərini poetik bir dillə oxucularla bölüşməyi bacarır.
Əlbəttə, bu kiçik məqalədə Emfira xanımın şeirlərinin hamısını təhlil etmək, onu hərtərəfli açıqlamaq və geniş fikir yürütmək imkan xaricindədir. Biz burada sadəcə olaraq müasir həyatımızda baş verən irili-xırdalı problemlərə öz münasibətini şeirlə ifadə edən narahat insanın misralarında qanadlanaraq gah təbiətə qonaq gedirik, gah bəşəri məhəbbət duyğusunun şahidi oluruq, gah da öz şirin canından keçməyə hazır olan əsgərlərimizə qol-qanad verərək hər an düşmən üstünə getməyə çağıran mübarizə ruhunun sədalarını eşidirik.
İnanıram ki, oxucular Emfira Ərklinin “ Ana ürəyi” kitabını da bəyənəcəklər. Bu əminliyi mənə verən onun gərgin yaradıcılıq axtarışları, sözə tələbkar münasibətidir. Sonda Emfira xanıma cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Şixəmməd Seyidməmmədov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba
Filialının “Təbiət elmləri” kafedrasının baş
müəllimi, A.A.Bakıxanov adına “Gülüstan”
elmi-ədəbi məclisinin sədri.
22-04-2023, 02:34
ARXADA   QALAN   48   İL
ARXADA QALAN 48 İL


Az ömür deyil. Bu illər həm qısa oldu, həm də üzun. Sevimli müəllimlərimizdən, şagird yoldaşlarımızdan ömürlük ayrılmağımız üzun yol olmaqla bərabər, qısa ömürlər bu yolu qısaltdı. Nə yaşadılar. Qaçqınlıq, köçkünlük, Vətən, yurd itgisi, doğulduğu eli, obanı itirmək bir çox ömür yollarını daha da qısa etdi. Ancaq buna baxmayaraq bu xalq ayaqda durmağı bacardı . Nə isə. Qayıdıram 48 il öncəyə, 1975-ci ilə. Bu il bir qurup şagird yoldaşlarımız oxuduqları Gığı kənd orta məktəbinin onuncu sinfini bitirdilər. Hərə öz həyat yolunu seçdi. Kimisi müəllim, kimisi həkim, kimisi polis və s. ixtisaslar seçərək ölkənin müxtəlif güşələrinə səpələndilər.

Elə bununla da ayrılıqlar başladı və hər şey xatirələrə döndü. Xatirələr, xatirələr!. Elə bu xatirələrin işığı ilə gedərək bu yaxınlarda, yəni mart ayının 26-sı bir araya gəlib Masazır qəsəbəsi, Yeni Bakı massivində yerləşən “Qədim Naxcıvan” ailəvi istirahət mərkəzində bir yerə toplanmağımız bizlərə nəsib oldu. Toplantıda şagird yoldaşlarımızdan Azadəliyev Sərvər, Hacıyev Tamxil, Bəxşəliyeva İradə, Quliyeva Zərqələm, Niftəliyeva Sahilə, Aslanova Sara, Quliyeva Tacirə, İsmayılov Muxdar, Şəkərəliyev Qəhrəman, Həsənquluyev Firudin, Ağalarov Kərəm və bir də mən- Bədəlov Xürrəm iştirak etdik. Onu da bildirim ki, gələcəyimiz olan Zərqələmin oğlu və Sahilənin nəvəsi də görüşümüzə bambaşqa rəng qatdılar. Görüşümüzü ilk olaraq Sərvər müəllim açdı və məclisi idarə etmək üçün Tamxil müəllimə həvalə etdi.

Əvvəlcə şəhidlərimizi, dünyasın dəyişən müəllimlərimizi və sıralarımızı bizdən qabaq tərk etmiş şagird yoldaşlarımızı sükutla yad etdik. Məktəb illərini yada salıb hərə öz təəssuratlarını bölüşməyə başladı. Həm kövrəlmişdik, həm də üzlərdə sevinc var idi. İtirdiklərimizə görə kədərlənsək də, bu gün yaşayan şagird yoldaşlarımızla bir araya gəlməyimiz bizə sevinc verirdi. Bu sevinci mən də bir vaxt yazdığım “A Gığı məktəbim, doğma məktəbim” rədifli şerimlə sizlərə bir ərmağan etməyi özümə borc bildim.

A GIĞI MƏKTƏBİM, DOĞMA MƏKTƏBİM

İndi quşlar yuva salıb sinifdə,
Doğmaların səndən köçüb, sinib də,
Qonşuların dönük çıxıb, dönüb də,
A Gığı məktəbim, doğma məktəbim.

Baxış müəllim üstümüzə qışqırmır,
Mənzilə xala da qarşıya çıxmır,
Kimsə təmir etmir, üzünə baxmır,
A Gığı məktəbim, doğma məktəbim.

Qaçmayır bu başdan o başa heç kəs,
Heç kim deməyir ki, məktəbə tələs,
Bütün yollarını ot basıb əbəs,
A Gığı nəktəbim, doğma məktəbim.

Rasim qaçaraq zəngini vurmur,
Şakir də qapında növbətçi durmur,
Qabilsə oxumur, özünü yormur,
A Gığı məktəbim, doğma məktəbim.

Bax nə tələsən var, nə də gecikən,
Nə bağ belləyən var, nə də ki, əkən,
Nə vaxt ötürən var, nə dala çəkən,
A Gığı məktəbim, doğma məktəbim.

Həsən müəllim bir dərya bölgədə,
Ermənini saxlamışdı kölgədə,
Qalsaydı Nobel alar bəlkə də,
A Gığı məktəbim, doğma məktəbim.


Müəllimlik ən gözəl bir sənətdi,
Müslət müəllim də dili öyrətdi,
Məşqulat müəllim özü hikmətdi,
A Gığı məktəbim, doğma məktəbim.

Bəlkə də daşını söküb satıblar,
Bəlkə də uçurub yerdən atıblar,
Bəlkə də od vurub səni çatıblar,
A Gığı məktəbim, doğma məktəbim.

Tarixə baxanda neçə igidlər,
Səndə oxuyublar neçə şagirdlər,
Hərəsi bir yana səpələndilər,
A Gığı məktəbim, doğma məkrəbim.

Hər kəs o bulağın gözündən içib,
Özü həyat yolu arayıb, seçib,
Gör o gündən nələr, nə vaxtlar keçib,
A Gığı məktəbim, doğma məktəbim.

Xürrəm tapşırmışıq qoyunu qurda,
Bu el qayıdacaq o doğma yurda,
Yenə doğmalarım oxuyar orda,
A Gığı məktəbim, doğma məktəbim.


Bəli vaxt gələcək biz yenidən öz doğma ata- baba yurdumuza qayıdacağıq. Uşaqlarımız bizim yarımçıq qoyduğumuz işləri tamamlayacaq və yenidən o torpağı gülüstana çevirəcəyik.

Hörmətlə; Xürrəm Qafanlı.
16-04-2023, 08:35
“Əsgər nəfəsi”ndən – “Salam, ruhumuzun şəhəri Şuşam!”a gedən yol


“Əsgər nəfəsi”ndən – “Salam, ruhumuzun şəhəri Şuşam!”a gedən yol

Əməkdar jurnalist Rəşid Faxralı söz adamıdır. Daha doğrusu sözün adamıdır. Söz onun üçün dünyanın ən əziz və müqəddəs sərvətidir. Rəşid Faxralı tanınmış şairdir. Elə şairlər var ki, şeir yazanda uzun zaman fikirlərinə, düşüncələrinə əziyyət verməli olurlar. Bəzən isə heç istəklərinə çata da bilmirlər. Amma tam məsuliyytlə deyə bilərəm ki, Rəşid Faxralının söz, fikir sarıdan heç bir çətinliyi yoxdu. Mövzu qısa zamanda onun təfəkküründə genişlənir, adi sözlər dərin düşüncələrə, dəyərli fikirlərə, poetik misralara çevrilir. Şairin dilindən süzülən misralar oxucuları sehirləyir, onların qəlbinə sığal-tumar çəkir.
Rəşid Faxralının adı yəqin ki, oxuculara da yaxşı tanışdır. Çünki onun imzasına mətbuat səhifələrində tez-tez rast gəlinir. Həmişə sözə, qələmə sadiq qalan Rəşid Faxralı günümüzdə üz-üzə gəldiyimiz, narahatçılığımıza səbəb olan müxtəlif mövzulara üz tutur. Söz heç vaxt onun qələminin həndəvərindən uzağa getmir. Rəşid Faxralı yazdığı yazıların, şeirlərin mövzsuna uyğun formanı da tapmağı bacarır. Onun yaradıcılığında forma və məzmun bir-birini rahatca tamamlayır. Buna görə də onun yazıları da, şeirləri də qəlbləri fəth edir.
Elə qələm adamları var ki, əsərlərini oxumağa başlayan kimi təhkiyəsindən, mövzuya yanaşmasından müəllifini asanlıqla tanıyırsan. Hərbi jurnalist Rəşid Faxralı da belə xoşbəxt yaradıcı insanlardandır. Hansısa bir publisistik məqaləsini, şeirini oxuyanda dilinin şirinliyindən, sözlərinin ifadə tərzindən imzasına baxmadan da bilirsən ki, bunu Rəşid Faxralı yazıb. Hər misrasına, hər cümləsinə təfəkkürünün möhürünü vurub. Yəqin ki, bu, çoxlarının bacarmadığı bir sənətkarlıqdı, əli çatmadığı uca zirvədi.
Bu günə qədər hərbi jurnalist Rəşid Faxralının neçə-neçə şeir və publisistik kitabı işıq üzü görüb. 2021-2022-ci illər Rəşid Faxralı üçün çox uğurlu olub desək, yəqin ki, yanılmarıq. Çünki həmin illərdə müəllifin bir-birinin ardınca kitabları nəşr olunub. Şair 2021-ci ildə “Əsgər nəfəsi”, 2022-ci ildə isə “Salam, ruhumuzun şəhəri Şuşam!” kitablarını yazıb. Hər iki kitab müharibə mövzusuna, qələbə ovqatına köklənib. Kitablarda Birinci və İkinci Qarabağ müharibəsində ordumuzun qazandığı uğurlar, qələbələr vəsf olunub.
Əvvəlcə “Əsgər nəfəsi” kitabı haqqında fikirlərimi, oxucularla bölüşmək istəyirəm. Demək olar ki, Rəşid Faxralının bu kitab gözlərim önündə yazılıb, yaranıb. Cəbhəyə, səngərlərə, zabit və əsgərlərlə görüşə bir yerdə getmişik. Yurdumuzu qoruyan hərbçilərlə görüşlərimiz, söhbətlərimiz bir yerdə olub. Bu söhbət və görüşlərdən aldığımız xoş duyğuları, sevinci bir yerdə bölüşmüşük. Vaxt, zaman keçdikcə Rəşid Faxralı bu görüşləri, bu görüşlərdən doğan təəssüratları ağ vərəqlərə köçürüb, poetik fikrə çevirib sonra da kitabların səhifələrinə hopdurub. Yəni bu kitabdakı hər söz, hər hadisə mənim üçün də olduqca doğma və əzizdir.
Adından da göründüyü kimi Rəşid Faxralının kitabının hər sətrindən, hər cümləsindən, hər misrasından hamımıza doğma olan əsgər nəfəsi gəlir, əsgər nəfəsi duyulur. Müəllif hərbçilərimizi daim düşmən üzərində qələbəyə kökləyən “Əsgər nəfəsi” kitabındakı yazıları tarixi ardıcıllığa uyğun olaraq üç hissəyə ayırıb. “Vətən müharibəsindən əvvəl”, “Vətən müharibəsində” və “Vətən müharibəsindən sonra”. Bu çox düzgün bölgüdü, çox dəqiq yanaşmadı.
Vətən müharibəsindən əvvəl yazılmış publisistik məqalələrinin başlıqları əsgərləri qələbəyə səsləyir. Gəlin onların bir neçəsinə diqqət yetirək. “Cıdır düzünün çiçəklərinin də təravətini özünə qaytaracağıq”, “Böyük qələbə ərəfəsindəyik”, “Qələbə, qələbə, yalnız qələbə!”, “Vətən sənin vətənindir, Azərbaycan əsgəri!”, “Böyük qələbəyə az qalıb, Vətən!”, “Bu həsrətin son nəfəsi – Qələbə!” Bu və ya digər yazıların hamısında qələbəyə böyük bir ümid var. Başlıqlardan da göründüyü kimi, yazıların hamısı düşmən üzərinə qələbəyə, torpaqları işğaldan və işğalçılardan azad etməyə odlu, alovlu çağırışdı. Əminliklə demək olar ki, bu çağırışlar, bu yazılar, bu poetik fikirlər qələbənin qazanılmasına xeyli təkan verdi. Əsgərlərimiz bu yazılardan ruhlana-ruhlana qələbə ovqatına kökləndilər.

Vətən müharibəsinin getdiyi günlərdə yazılmış yazılarda da qələbə ruhu, qələbə ovqatı var. Torpaqlarımızın azadlığı uğrunda döyüş gedən günlərdə müəllif hərbçilərimizi qələbələrə ruhlandıraraq, “Qələbənin tarixini siz yazırsınız!”, “Döyüşünüz işğaldan qurtuluş döyüşüdü!” “Qalibiyyət bayrağısan, Azərbaycan əsgəri!”, “Sərhədləri səngərlərə köçürdün, Azərbaycan əsgəri!” və başqa başlıqlı publisistik məqalələr yazır. Yazır ki, Vətən uğrunda döyüşən zabit, əsgər düşmənə qalib gəlsin. Yazır ki, Azərbaycan Ordusu erməni qəsbkarlarını iyirmi səkkiz ildən bəri işğalda saxladığı torpaqlardan qovsun! Yazır ki, Azərbaycan əsgəri qələbəsi ilə xalqı sevindirsin. Həmin günlərdə Rəşid Faxralının yazdığı publisistik məqalələr də, şeirlər də düşmən üzərində qələbənin qazanılmasına xidmət edirdi. Vətən üçün narahat olan həmin günlərdə sanki şair də qələmi ilə səngər qazırdı, sözü ilə döyüşürdü.
“Vətən müharibəsindən sonra” adlandırdığı hissədə müəllif şeirləri ilə, publisistik yazıları Azərbaycan zabitinin, Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsindəki qəhrəmanlığı vəsf edir. Hərbçilərimizin 44 gün ərzində keçdikləri qəhrəmanlığını yolundan yazır. Artıq şairin qələmi rahat nəfəs alır, dil açıb qələbəyə, zəfərə alqış deyir.
Bir-birindən maraqlı olan publisistik məqalələri ilə yanaşı Rəşid Faxralı “Əsgər nəfəsi” kitabında “Torpağım bəsdi mənə!”, “Salam, ruhumuzun şəhəri Şuşam!”, “Qələbəyə salam olsun!” poemalarını da geniş yer ayırıb. İnanıram ki, kitabı oxuyanlar həmişə Qələbə ovqatında olacaq.
Yaradıcı insanlar daim irəliyə – onu qarşıda gözləyən sabahlara doğru baxır, gələcəyi düşünür. Rəşid Faxralı da sabahlara boylana-boylana “Əsgər nəfəsi” kitabından “Salam, ruhumuzun şəhəri Şuşam!”a doğru uğurlu addımlar atıb. Yaradıcılığının yeni mərhələsində bu kitaba ömür verib. Bənzərsiz sözlərdən elə bənzərsiz də bir kitab ortaya qoyub, sanki sözü ilməyə çevirib ölməz bir sənət əsəri toxuyub.
Yaradıcılıq su kimidir. Bir yerdə göllənib qalmır, daim ruha qida verib yeni məhsullar yetişdirir. Bir yerdə dayanmayan yaradıcılıq ideyaları müəyyən zaman keçəndən sonra yeni əsərlərə çevrilir. Rəşid Faxralı da yaradıcılığına ara vermədən 2022-ci illə “Salam, ruhumuzun şəhəri Şuşam!” kitabı ilə sağollaşdı. Oxuduqca hiss edirsən ki, şairin yeni kitabı “Əsgər nəfəsi”nin davamıdı. O mənada davamıdı ki, “Əsgər nəfəsi”ndəki arzular, “Salam, ruhumuzun şəhəri Şuşam!”da çiçək açıb, istəklər bu kitabda reallığa çevrilib. İkinci Qarabağ müharibəsində erməni qəsbkarları məhv edildi, başqa yaşayış məntəqələrimiz kimi Şuşa da işğaldan azad olundu. Arzular reallığa qovuşandan sonra Rəşid Faxralının da ayağı Şuşa torpağına dəydi. Şuşanı azad gördü, düşmənsiz gördü. Sevincinə sevinc qatdı, həyatının xoş anlarını yaşadı. “Salam, ruhumuzun şəhəri Şuşam!”da bu sevincdən, bu xoş təəssüratdan doğuldu.
Kitab oxucularını “Əsgər andı” şeiri ilə salamlayır. Şair yazır:
“Azərbaycan – Ana Vətən!”- deyənlərin,
Bir ömrü bu ada tən deyənlərin
Yerə-göyə sığışmayan
Məhəbbəti - əsgər andı...

Beləcə, kitab bu gözəl şeirlə oxucusunun əlindən tutub onu səhifə-səhifə sona doğru aparır. “Salam, ruhumuzun şəhəri Şuşam”ı vərəqləyib irəli gedən oxucuları qarşıda daha da mənalı şeirlər, publisistik məqalələr gözləyir.
Müəllif kitabının ilk səhifələrində şeirlərə geniş yer ayırıb. Şeirlərdən sonra isə poemalar gəlir. Bu poemalarda yurdumuz, onun gözəlliyi, işğaldan yenicə qirtulmuş ərazilərimiz, həmçinin, bu yerləri düşməndən azad edən zabit və əsgərlərimizin qəhrəmanlığı nəzmə çəkilir. Nəzmə çəkilən bu əsərlərdən oxucunun ürəyinə qəhrəmanlıq və vətənpərvərlik süzülür. Adlarından da göründüyü kimi poemalar ağrı-acılarını yaşadığımız Qarabağ müharibəsinə həsr olunub. “Lələtəpə”, “Bayraqtəpə”, “Qələbəyə salam olsun!”, “Vətən boyda sədaqətin əsgəriyik!”, “Bəşəriyyət bayrağıdır bayrağımız” və başqa poemaların xəmiri vətənpərvərlik duyğularından yoğrulub.
Yaradıcılığı ilə daha da yaxından tanışlıq bizə əsas verir deyək ki, Rəşid Faxralı başdan-ayağa vətənpərvər şairdir. Əgər belə olmasaydı, şairin yaradıcılığında vətənpərvərlik mövzusu ilə bu qədər aydın, bu qədər parlaq nəzərə çarpmazdı. Əməkdar jurnalist Rəşid Faxralının kitablarını oxuyanlar vaxtlarının necə də səmərəli keçdiyini hər misrada, hər sətirdə açıq-aydın hiss edəcəklər.

Vahid MƏHƏRRƏMOV
"Bütöv Azərbaycan" qəzeti
14 aprel 2023-cü il
14-04-2023, 20:52
Xəyalım qanadlandı - Zəngəzuru gəzib dolaşdım...


Xəyalım qanadlandı - Zəngəzuru gəzib dolaşdım...

Onu 40 ildən artıq tanıdığım bir həmkar və dost kimi deyil, alim kimi “Bütöv Azərbaycan”a təqdim edəcəyimi bilməzdim. Budur, Natiq Babayevin (Qubadoğlu) AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuş monoqrafiyası qarşımdadır. Kitabın adı araşdırmaların yetərincə ciddi mahiyyət daşıdığına bəri başdan dəlalət edir: “Şərqi Zəngəzur Oykonimlərinin coğrafiya, tarix və dilçilik baxımından tədqiqi”. Əvvəlcə dostumun yeni uğuruna sevindiyimi bildirərək, ardınca monoqrafiya barədə bəzi fikirlərimi bölüşmək istəyirəm.
Görün, Natiq müəllim necə dərin elmi (həm də publisistik) fəhmə malikdir ki, Zəngəzur adının diləzbərimizə çevrildiyi, soydaşlarımızın Qərbi Zəngəzura zəruri qayıdışının gündəmə gəldiyi və Prezident fərmanı ilə, erməni işğalından azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası ilə bağlı iqtisadi rayonların tərkibinə yenidən baxılaraq, beş ulusun Şərqi Zəngəzur adı altında birləşdirildiyi tarixi bir dövrdə daha da aktuallaşan mövzuya üz tutub və sanballı bir tədqiqata imza atıb. Doğrusu, onun gənclik illərimizdə tapışdığımız və şəxsi, həm də ədəbi yaxınlığımıza ünvan olmuş Sumqayıtdan Bakıya köçməsi üzündən son illərdə bir qədər aralı düşdüyümüzə görə Natiqin elmi uğurlarından elə də ardıcıl xəbərim olmayıb. Dissertasiya müdafiə edərək, coğrafiya üzrə fəlsəfə doktoru adı aldığını da xeyli sonra bilmişəm. (Yəqin, o qədər sevincək olub ki, bu uğuru daha sıx ünsiyyətdə olduğu dostlarla qeyd edərkən mən də yadına düşməmişəm. Eybi yox, təki dostların sayı daim piramidik şəkildə artsın və hansısa gözəl tədbir zamanı kimsə unudulsun).

Natiqlə AzTV-də birlikdə çalışmışıq. Tale qismətimiz olan jurnalistika, eləcə də poeziya barədə çoxlu söhbətlərimiz, mübahisələrimiz olub. Beləcə, mötəbər sözün qədirbilən qulluqçusu olmuş, bişə-bişə bərkimişik. Sonra o, İTV-yə transfer edib, mənsə “Xalq qəzeti”nə keçmişəm və əlaqələrimiz bir qədər zəifləyib. Ara-sıra onun “Torpaq”, “Bir kəndin nağılı”, “Toponimlər”, “Danışan tarix” kimi verilişlərinə də baxmışam. Dönə-dönə əmin olmuşam ki, zəhmətdən qorxanlardan, öyrənməkdən usananlardan deyil. Amma, sən demə, bölgələrə ezamiyyətə təkcə maraqlı teleproqramlar hazırlamaq üçün getmirmiş, həm də qədim ünvanlarımızın tarixi adları haqqında bilgilər toplayırmış və bu da sonda elmi iş üçün əsas “xammal” olub. Hər bir halda, fədakar yurdsevərlik örnəyidir.
Şəxsi kitabxanamda Natiq Qubadoğlunun “Bəlkə bir də görüşdük”, “Mənsiz dözə bilsən”, “Ömür doyumluq deyil” adlı şeir topluları yer alır. Artıq bir neçə gündür ki, oykonimlər haqqında elmi monoqrafiyası da bu sıraya iddialıdır. O mənada ki, hələ oxunma mərhələsindədir, beş-altı günə digərləri ilə çiyin-çiyinə duracaq.
Hələliksə, fikrimcə, özlüyündə böyük dəyər daşıyan yeni nəşrin mütaliəsi gözümü, könlümü sevindirir, zəkamı nurlandırır. Əslən qədim türk oylağı Yardımlıdan olsam da, monoqrafiyanın bəhs etdiyi Şərqi Zəngəzur ərazisi qəlbimdə uşaqlıqdan “taxt” qurmuş bir yerdir. Natiq də bilir ki, mənim anam laçınlıdır və o yerlərdə çox dincəlmiş, çox gəzib-dolanmışam. Bir də ki, mənsubiyyət bölgəsi vacib deyil, hamımızın Azərbaycan adlı bütöv bir diyarı var və hər qarışı canımızın bir parçası kimi çox dəyərlidir.
Müəllifin tarixinə və ad mənşəyinə aydınlıq gətirdiyi yer adlarından bir neçəsini yada salım: Ağanus, Ağoğlan, Alxaslı, Cicimli, Fərəcan, Baldıqğanlı, Bozlu, Əhmədli, Fətəlipəyə, Güləbird, Hocaz, Qazıdərəsi, Mığıdərə, Malxələf, Məlikpəyə, Səfiyan, Suarası, Şəlvə, Tərxanlı, Zabux... Əksəriyyətində olmuşam. On-on iki yaşımda ilk dəfə Mığıdərədə dayım uşaqları ilə quzu da otarmışam, at da minmişəm. (Bu sıraya üzünü görmədiyim Ağcakəndi də əlavə edərdim. Çünki xatirələrimin bir ucunun gedib bağlandığı ana nənəmin adını daşıyır, elə bilirəm ki, məhz o kənddə yedditaxta tuman geyinmiş Ağca nənəmin dizinin dibində oturub söhbətlərini dinləmiş, ətirli dovğasından içmişəm).

...Hərdən anamdan zarafatla soruşardım ki, məgər kəndinizə ad tapılmayıb, Mığıdərə deyirlər? O da cavab verərdi ki, əslində bizim kəndimiz Çinarlı olub, sonra camaat ordan bura köçüb. Amma bu barədə heç bir mənbə yoxdur, - demişəm. Anam da qayıdıb ki, yəqin, yazmayıblar. Buna görə Natiqin kitabında da “Çinarlı” adını axtardım, yenə də heç nə tapmadım. Görünür, tarixi mənbələr yoxdur.
Nə isə, dediyim odur ki, dostumun monoqrafiyasının mütaliəsi məni qanadlarına alıb çox uzaqlara apardı. Buna görə ona böyük minnətdarlıq düşür.
Kitab bir-biri ilə tarixi bağlılığı olan, Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan, habelə uzun müddət 1861-ci ildə yaradılmış Zəngəzur qəzasında birləşən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayılın söz abidələri haqqında bitkin, dolğun bir əsərdir. Bu qədim yurd yerləri öz coğrafi mövqeyi, saf təbiəti, gözəl iqlimi, igid və mərd oğulları ilə hər zaman diqqətdə olsa da, Zəngəzur toponimiyasının əsas fondunu Azərbaycan (türk) mənşəli adlar təşkil etsə də və ədalət naminə desək, yetərincə tədqiq olunsa da, mövzuya dönə-dönə qayıdılması zəruridir. Çünki, araşdırdıqca, necə deyərlər, üstünü toz basmış nə qədər bilgilər üzə çıxır. O da var ki, Şərqi Zəngəzur regionu 30 il ərzində erməni nankorların işğalı altında olan zaman toponim soyqırımına da məruz qalıb və adları erməniləşdirilib.

Aşkar gerçəkdir ki, işğal faktı yer adlarımızın haylar tərəfindən kütləvi saxtalaşdırılmasına zəmin yaratmışdı. Laçın şəhəri – Berdzor, rayonu isə Kaşataq, Kəlbəcər – Karvaçar, Cəbrayıl – Djrakan, Zəngilan – Kovsakan, Qubadlı – Sanasar, Ağdərə - Mardakert, Şuşa – Şuşi, Xankəndi – Stepanakert, Füzuli – Varanda, Xocavənd – Martuni, Ağdam – Akna, Xocalı – İvanyan və sair və ilaxır... Dilə da, ağıla da yatmır. Haqqında bəhs etdiyimiz, milli qeyrət timsallı tədqiqatlarla yer-yurd adlarımızın öyrənilməsi isə həm dünyaya əsl həqiqətləri çatdırmaq, həm də Azərbaycana qarşı ərazi iddialarında olan haramzadə qonşularımıza tarixi faktlarla cavab vermək baxımından önəmlidir. Müəllif müxtəlif komponentli oykonimləri də qruplaşıdrıraq ətraflı izahını verib. Üstəlik, İrəvan xanlığında qeydə alınmış əsas Azərbaycan-türk tayfaları barədə bilgiləri də paylaşıb. Budaq Budaqov, Əlövsət Quliyev, Qiyasəddin Qeybullayev və digər alimlərin bu sahədəki araşdırmalarını da qədirşünaslıqla dəyərləndirib.
Mən dostumun monoqrafiyası haqqında ətraflı elmi təhlilə söykənən resenziya yazmaqdan uzağam. Bu, baş redaktor Zakir Eminov, elmi redaktor Mahirə Abbasova, rəyçilər Qasım Hacıyev, Nazim Tapdıqoğlu kimi alimlərin, coğrafiyaşünasların missiyasıdır. Yalnız onu deyə bilərəm ki, etnotoponimlərin bu cür hərtərəfli öyrənilməsi, oğuzların bu ərazilərin aborigen sakinləri olduğunun sübuta yetirilməsi təbii iftixar duyğusu yaradır. Bu, milli-mənəvi dəyərlərimizə sayğı baxımından xüsusilə zəruri bir işdir.
Bir də onu deyim ki, Natiq qardaşım “Babayev” soyadı və“Qubadoğlu” təxəllüsü ilə tanınır. Mənsə onu illərdir ki, “Babasoy” deyə çağırıram. İndi bu kitabının nəşri bir daha sübut etdi ki, gerçəkdən soykökünə sıx bağlı ziyalı, milli kimliyi ilə canı-dildən fəxr edən alim-publisistdir.
Deməli, səhv etməmişəm.
Əli NƏCƏFXANLI,
Əməkdar jurnalist

"Bütöv Azərbaycan" qəzeti
14 aprel 2023

14-04-2023, 20:02
Qürbətdə “Ev dustağı”


Qürbətdə “Ev dustağı”

Aprelin 7-də Qərbi Azərbaycan İcmasının binasındakı böyük zalda Qafan Rayonu İcması üzvlərinin və respublikada tanınmış ziyalıların, söz, sənət adamlarının iştirakı ilə Şah Səlimi Türkayın “Ev dustağıyam” romanının təqdimatı keçirilib. Qərbi Azərbaycan İcmasının şöbə müdiri Qalib Qasımov İcmanın sədri, millət vəkili Əziz Ələkbərlinin salamını çatdırdıqdan sonra bu günkü kitab təqdimatının icmanın binasında keçirilməsinin rəmzi mənası olduğunu bildirdi.

Qafan Rayon icmasının sədri, tibb elmləri doktoru, professor Eldar Abasov kitabı diqqətlə, həyəcan içində oxuduğunu bildirərək əlavə etdi ki, romanın mövzusundan, bədii məziyyətlərindən, onun nə dərəcədə əhəmiyyət kəsb etdiyindən danışmayacağam. Ən vacib odur ki, bizim gənc xanım öz istedadının bəhrəsini görüb və əsərin öz ata yurdundan qovulmuş bir məllimin taleyinə həsr olunması ayrıca təqdirəlayiqdir. Həm də Qərbi Azərbaycana- dogma yurdlarımıza qayıdış konsepsiyasının gerçəkləşməsində də əsas yük belə istedadlı, vətənpərvər gənclərimizin üzərinə düşür. Gələcək strateji mübarizəmizin avanqardları da bu gənclərdir. Bizi hədəfimizə onlar çatdıracaqlar.
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid Bakı Kitab Mərkəzində də Türkay xanımın kitabının təqdimatının keçirildiyini xatırlatdı. Qeyd etdi ki, bu kitabı müəllif İngiltərədə ingiliscə yazaraq çap elətdirib, sonra da Azərbaycan dilinə tərcümə eləyib. Kitabı oxuduqca insanda bir əminlik yaranır ki, doğrudan da biz müəllifin məharətlə tərənnüm etdiyi o dogma yerlərə mütləq qayıdacağıq.

Şair, oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, filologiya elmləri namizədi, dosent, Cəsarət Valehov və başqaları Şah Səlimi Türkayı təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
Sumqayıt şəhər 39 nömrəli orta məktəbin direktoru Bəxşeyiş Ələmşahov gənc yazara uğurlar diləməklə bərabər, təklif etdi ki, Qərbi Azərbaycanda doğulan, yaxud əslən oralı olan müəlliflərin hərəsinin kitablarından bir nüsxə icmanın kitabxanasına təqdim edilsin.
Beləcə xeyli müzakirələrdən, fikir mübadiləsindən sonra gənc müəllif ünvanına deyilən xoş sözlərə, yaradıcılığına verilən qiymətə görə hər kəsə minnətdarlığını bildirdi:

“Doğrusu, sizin qarşınızda yaşadığım hissi ifadə etməyə söz tapmıram. Bu gün o qədər həyəcanlı olmuşam ki, şəkil çəkdirməyi belə unutmuşam.Həyatda heç tanımadığım, üzünü görmədiyim insanların saçımı oxşaması, mənimlə şəkil çəkdirməyə tələsməsi, əlimi sıxan isti əllər… Dahasını bilmirəm, sevincimin həddi-hüdudu yoxdur. İlk dəfə qarşınıza çıxanda mən özümü sizə təqdim edirdim, amma bu gün siz məni mənə təqdim edirdiniz. Çox sağolun, var olun! Sevgi ən böyük azadlıq, ən tapılmaz sərvətdir. Bu gün ruhum sizinlə toxluq tapdı. Hər qəlbdə, hər ürəkdə xırdaca yer belə qazanmaq, bir ömrə dəyər! Hamınıza minnətdaram!
Təqdimat müəllifdən imza almaqla və xatirə şəkillərinin çəkilməsilə yekunlaşdı.

“Bütöv Azərbaycan! qəzeti
14 aprel 2023-cü il



8-04-2023, 10:28
İNSAN OLMAQ XOŞBƏXTLİYİ


İNSAN OLMAQ XOŞBƏXTLİYİ

Türk dünyasının böyük filosofu Asif Ata deyir: “İnsanlaşın- insanlaşdırın!”. Neçəki insan yer üzünün əşrəfidir dünya əmin-amanlıqda yaşayacaq. Nə vaxt ki, dünyada haqq öz yerini nahaqqa verir-səsini çıxarmayıb onunla barışırsan, həyatın gedişi mənfiyə doğru gedir susursan, ürəyinin və evinin qapısını doğmalarının, yaxınlarının üzünə bağlayırsan, yalana, böhtana, həqarətə laqeyd qalırsan və s. Bax bu vaxt sən insanlıqdan uzaqlaşıb adam olursan. Sən sürətlə biganəlik, diqqətsizlik, laqeydlik sindromuna yoluxursan. Uçuruma düşənin əlindən tutub ona kömək etmirsən, korun qoluna girib yoldan keçirmirsən, ”mənə nə” deyib yanından keçirsən. Və beləcə sənin laqeydliyin, biganəliyin, qalınqabırğalılığın ucbatından uçuruma düşən uçurumda ölür, koru yol keçəndə maşın vurur.
Dəyərli dostum yazıçı-jurnalist Hüseyn Məmmədov “Yaralı durna” adlı povest və hekayələr kitabını xeyli vaxtdır ki, avtoqrafla mənə hədiyyə edib. Mənim də borcum idi ki, onun sadiq dostu və oxucusu kimi “Yaralı durna”kitabını “isti-isti”oxuyub, fikirlərimi yazmalıydım. Doğrudur, kitabı “isti-isti”oxudum, amma müəyyən səbəblərdən fikirlərimi yazıb nə özünə, nə də oxuculara çatdıra bilmədim. Nəhayət ki, buna gec də olsa imkan tapdım.
Son vaxtlar oxuduğum nəsir kitablarından, qəzet və jurnallarda çıxan hekayə, povestlərdən məndə belə bir fikir yarandı ki, bu gün nəsrimizdə bir canlanma, bir irəliləyiş var. Bir vaxtlar özünü dahi sayanlar, ədəbiyyatın boşluğundan istifadə edib “meydan sulayıb, at oynadanlar” vardı. Onların əlindən (oxu, zor, xoş sırıdığı kitablardan) hazırlıqlı oxucu bezmişdi, təngə gəlmişdi. Hətta deyərdim ki, iyrənmişdi. Çox şükürlər olsun ki, onlar yavaş-yavaş da olsa ədəbiyyat meydanından çıxmaqdadırlar. Axı söz meydanında söz adamları olmalıdır. Mənim fikrimcə hay-küylü müəlliflər oxucu qazanmırlar, əksinə onu itirirlər. Bu gün intellektual oxucuya bədii zövqün məhsulu olan əsərlər lazımdır.
Hüseyn Məmmədov dəst-xətti özündə həm xalq yaradıcılığını dərindən bilməsilə, həm də yazıçı istedadını birləşdirir. ”Yaşamaq istəyirəm” povestindəki həssaslıq, insan münasibətlərinin ən məhrəm nöqtələrinə, məqamlarına toxunmaq onun əsl insanlığından irəli gəlir. Bir fərd olaraq Hüseyn Məmmədov ünsüyətcildir, diqqətlidir, qayğıkeşdir, mehirbandır, dostun sevincinə sevinən, kədərinə şərik olandır.
Povestin qəhramanı Vaqif qərb rayonlarının birində -ucqar dağ kəndində dünyaya gəlib. Və o da bütün uşaqlar kimi dağ yamacında, onun quzeyində, güneyində qoyun-quzu otarıb, at minib, odun doğrayıb, ot biçib, uşaqlarla deyib, gülüb. Böyük arzularla orta məktəbi yaxşı qiymətlərlə başa vurub. Ali təhsil almaq üçün Bakıya gəlib. Amma onun müəllim olmaq arzusu reallaşmır. Kəndlərinə-valideyinlərinin yanına qayıdır. Müəyyən işlərdə onlara əl yetirib kömək edir. Bir müddətdən sonra yenidən Bakıya gəlir və fabrikdə işə düzəlir. Qəbul vaxtı yenidən sənədlərini instituta verir və bu dəfə qəbul olunur. Quş qanadlı illər bir-birini əvəz edir və Vaqif ali məktəbi bitirib Bakı məktəblərinin birinə ədəbiyyat müəllimi təyin olunur.
Məsəl var deyirlər: “Sən saydığını say, gör fələk nə sayır”. Amma bu dəfə fələk yox, siyasət və siyasi rəhbərlər sayır. 70 il ömür sürən “qardaşlıq birliyi”adlı zorən yaradılmış məmləkət sabun köpüyü kimi dağılır. Xalqlar həbsxanasından ayrılıb müstəqillik qazanan hər bir respublika və onun vətəndaşları ilk vaxtlar böyük çətinliklərlə üzləşirlər. Artıq müəllimliklə, ziyalılıqla ailə saxlamaq mümkün olmur. Maddiyyət mənəviyyatı üstələyir. Dolanışıq vəziyyəti ağır olan Vaqif müəllimlik peşəsindən ayrılıb tikintiyə üz tutur. Həyatdan küskün və incik bir ömür yaşayır. Bu azmış kimi bir gün işdən evə gedəndə dəhşətli bir mənzərəylə rastlaşır. Respublika Klinik Xəstəxananın həyətində iki tibb bacısı meyiti üstü açıq şəkildə arabayla morqa aparır. Vaqif bundan bərk sarsılır. Və sonralar bunun nəticəsi olaraq onun ayaqlarında kəskin ağrılar baş qaldırır, tədricən ayaqları tutulmağa başlayır. Həkimə getmək, özünü müainə etdirmək istəyir, ancaq içindəki ruh düşkünlüyü buna imkan vermir. Bir gün işə gələndə qəfildən avtobusda üzüstə salona yıxılır. Ətrafdakılar ona kömək etmək əvəzinə, onu səhər-səhər içməkdə suçlayırlar. Lakin o, içmədiyini, ayaqlarının sözünə baxmadığını deyir. Kim idi ona inanan. Yaxşı ki, növbəti dayanacaqda avtobusa tələbə qızlar minir və onlar hələ də yerdə halsız halda uzanıb qalan Vaqifi ayağa qaldırıb, yardım göstərirlər. Axırıncı dayanacaqda onu avtobusdan düşürüb xəstəxanaya aparırlar. Qəbul şöbəsinin müdiri həkim Sərdar Bədəlov qızlara Vaqifin və özünün adından minnətdarlığını bildirir. Dünyanın bu qarışıq və çətin vaxtında insanlığın yaşadığına sevinir, qızların hərəkətini təqdir edir. Və eyni zamanda Vaqifə əsl həkim qayğısı göstərib onu müainə edir.
Bu yerdə Asif Atanın sözləri yada düşür. Böyük filosof deyir: “Adam ölümə layiqdir. Ancaq Adamın İnsan olmaq imkanı var. Ölüm insana yaraşmır”. Burdan da belə bir nəticəyə gəlmək olur ki, daxili aləmi bulanıq, çirkin olan, cılız duyğularla yaşayan adamlar insan ola bilməzlər. Avtobusdakı sərnişinlər adamdılar, onların insan olmaq ehtimalı da sıfıra bərabərdir. Çünki hamsı laqeyidlik, biganəlik sindromunun daşıyıcılarıdır.
Həyat yaxşı insanlarıyla gözəl və yaşamalıdır. Hüseyn Məmmədovun qəhramanları-Nazim Mollazadə. Aydın Əliyev, Kəmalə həkim, Sərdar Bədəlov, tibb bacıları Rəfiqə, Mirvari xanımlar kimi bir dünyada yaşamaq necə gözəl və şirindir. Bu insanlar Hippokrat andına sadiq qalan həkimlər və tibb işçiləridir. Onlar üçün insan həyatı hər şeydən dəyərlidir.”... bəşər övladı məxluq kimi dünyaya gəlir, Adam kimi mövcud olur, İnsan kimi yenidən doğulur”, deyib,- Asif Ata. Bu məntiqdən yanaşdıqda insan olmaq xoşbəxtliyi elə budur.
“Yaşamaq istəyirəm” povestindəki surətlərin içində böyük Allah sevgisi var. Əgər insanın içində Allah sevgisi yoxdursa, onda insanlığını itirir, ölür adam. Və beləliklə incə, mərhəm hisslərdən, duyğulardan məhrum olur.
Çox vaxt biri digəri haqqında məlumat almaq istəyəndə soruşur: “Nə təhər adamdı”?. O, da incik halda deyir ki, adamdı də. Demək adamdı, ancaq insanlıq mərtəbəsinə yüksəlməyib. Dad belələrinin əlindən. Cəmiyyət belələrinin ucbatından gözdən düşür. Belələrində nəinki insan sevgisi, heç millət, vətən sevgisi də olmur.
Povestin əsas obrazlarından biri olan Sərdar həkim müqəddəsliyi dəyərləndirə bilən, sevgiyə, sədaqətə duyarlı olan, dostunu qardaşından ayırmayan bir insandı. Sərdar həkim həm də söz adamıdır, incə qəlbli şairdir. İlhamı gələndə qələmə sarılır, içindəki duyğuları, hissiləri kağıza köçürür. İlk şeirlərini xalası oğlu, bacanağı Vaqifə oxuyur. Vaqif tikintidə fəhlə işləməyinə baxmayaraq ali təhsilli ədəbiyyat müəlimidir. Sözə dəyər verməyi bacarır, ona görə də Sərdar həkimə bu yolda uğurlar diləyir.
Kəmalə xanım Vaqifin palata həkimidir. O,bu günün həkimlərindən köklü surətdə fərqlənir, xəstənin cibinə girmir, yalançı nüsxələr yazıb, dərmanları yalnız şərik olduğu aptekdən almağı tələb etmir, bir bacarıqlı həkim və vicdanlı insan kimi xəstəsini tezliklə sağaldıb ayağa qaldırmağa çalışır. İş o yerə çatır ki, Kəmalə xanım Vaqif üçün öz cibindən pul verib dərman alır. Bu təmənasızlıq onu oxucu gözündə ucaldır.
Povestin aparıcı surətlərindən biri də qəbul şöbəsinin müdiri Sərdar Bədəlovdur. Vaqif əsər boyu Sərdar həkimə xala oğlu, bacanaq kimi müraciət edir. Elə xəstəxanadakı həkimlər, tibb bacıları, Vaqiflə bir palatada yatan xəstələr də onları xala oğlu kimi tanıyırlar. Amma həqiqətdə isə onlar xala oğlu yox, sadiq dost və qardaşdılar. Bu dostluq ən yüksək zirvədə dayanan dostluqdur. Mahnıda deyildiyi kimi “dost ya bir olar, ya iki”. Vaqifin ürək dostu bir, iki deyil, daha çoxdur. O, bu dostları elə-belə qazanmayıb. İnsanlara qarşı olan sevgisi, diqqəti, mehirbançılığı, daxili təmizliyi ona çoxlu dost qazandırıb.
Qardaşın qardaşa eləmədiyi yaxşılığı Sərdar həkim Vaqifə eləyir. Onun xəstəxanadan çıxması şərəfinə qurban kəsib bütöv bir cəmdəyi onun ailəsinə verir. Belə insanlar yaşayıb, yaşadanlardır. İnsanın dahiliyi, həyatın qaranlıq yollarına çıraq tutub yolgöstərənlik Tanrı sevgisindən qaynaqlanır. Sərdar həkim insanlığın əbədi, dəyişməz, davam edən xarakterini özündə əks etdirib yaşadır.
“Yaşamaq istəyirəm” povestində müəllif ailəcanlılığı, qardaşlığı, dostluğu və nəhayət əsil insanlığı peşakar yazıçı bacarığı ilə ortaya qoyur. Və oxucu sevgisi qazanır. Hüseyn Məmmədov bu əsəriylə yaşamağın necə gözəl olduğunu, hansı fədəkarlıqlardan keçdiyini, dostun necə olduğunu obrazlı şəkildə təsvir edir.
Əsəri oxuyanda böyük türk şairi Nazim Hikmətin “Yaşamaq gözəldir, qardaşım!” və Qulu Xəlilovun “Yaşamaq istəyirəm” əsərlərini xatırladım. İnsanın yaşamaq üçün nələr etdiyi, hansı ağrılardan, acılardan keçdiyini göz önünə gətirdim. Vaqifin xəstəliklə necə mübarizə apardığına, ondakı fədəkarlığa heyran oldum. Tanrı yaratdığına yaşamaq haqqı da verir. Bu haqqı insanın əlindən heç kim və heç nə ala bilməz, Tanrıdan başqa. Tanrının lütvündən, həkimlərin fədəkarlığından, qohum-əqrabanın qayğısından Vaqif yenidən yaşamaq haqqını qazanır və yeni həyata başlayır. Bu yerdə deyirlər ey,: “Həyat gözəldir qardaşım!” Yaşa, yaşa!
Hüseyn Məmmədovun “Yaralı durna”kitabındakı başqa povest və hekayələr haqqında danışmağa lüzum görmədim. Çünki qabaqlar bu haqda mətbuatda çıxış eləmişəm.
Mən tam əminəm ki, dəyərli dostumun bu kitabı qabaqkı kitabları kimi oxucuların həvəslə oxuyacağı kitabların davamı olacaq. Uğurlar dostum!

Məhərrəm Şəmkirli
AYB-nin və AJB-nin üzvü.
18-03-2023, 17:55
Qafan Rayon İcma üzvlərinin daha bir görüşü


Qafan Rayon İcma üzvlərinin daha bir görüşü

Martın 18-də Qərbi Azərbaycan İcmasında Qafan Rayon icma nümayəndələrinin növbəti toplantısı olub. Tədbiri giriş sözü ilə açan Qafan Rayon İcmasının sədri, professor Eldar Abasov tədbir iştirakçılarını “Novruz” bayramı münasibətilə təbrik etdikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verib. Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələrin həyata keçirilməsində qafanlıların üzərinə düşən öhdəliklərdən söz açıb.
Tədbirdə rayon icmasının strukturunun formalaşdırılması və təşkilati məsələlər müzakirə olunub. İcmanın ideoloji məsələləri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyevə, icmadaxili mədəni-kütləvi tədbirlərin təşkili isə Aşıq Pəri Məclisinin sədri Pərvanə Zəngəzurluya həvalə edilib.
Qərbi Azərbaycan İcmasının şöbə müdiri Qalib Qasımov tədbir iştirakçılarına QAİ sədri, millət vəkili Əziz Ələkbərlinin “Novruz” təbriklərini çatdırıb. Qafan Rayon İcmasının sürətlə təşkilatlandığını xüsusi eyd edən natiq Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın siyahıya alınması və görəcəyimiz digər işlər barədə məlumat verib. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına qayğısından danışıb. Onu da bildirib ki, Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə Şəhid olanlarla bağlı 3 cilddən ibarət kitab hazırlanır. Əziz Ələkbərlinin rəhbərliyi altında hazırlanan, kitabın 630 şəhidimizi əhatə edən ilk cildi artıq çapa hazırdır.

QAİ Zəngəzur bölgəsi üzrə kurator Ələsgər Məmmədov və Polad Poladov Qafan rayonundan deportasiya olunanların siyahıya alınması ilə bağlı vəziyyət barədə məlumat verdikdən sonra Nazim Qasımov, Bəxşeyiş Ələmşahov və digərləri ürək sözlərini söyləyib, təkliflərini səsləndiriblər.
Yekunda qərara alınıb ki, Qafan Rayon İcmasının ilk geniş tərkibli tədbiri aprel ayında, Heydər Əliyev ili çərçivəsində, Ümummilli liderin 100 illiyinə həsr edilsin. Tədbir “Zəngəzur Azərbaycandır” şüarının sədaları altında başa çatıb.
“Bütöv Azərbaycan”



17-03-2023, 07:44

Mikayıl Müşfiq poeziyası yaşayır və yaşayacaq

Mikayıl Müşfiq-115


Mikayıl Müşfiq poeziyası yaşayır və yaşayacaq
(1908-1938)
Əsərlərində Vətəni, gözəlliyi, məhəbbəti tərənnüm edən M. Müşfiq qısa, lakin mənalı bir ömür yaşamışdır. M. Müşfiqin simasında ədəbiyyatımız parlaq bir şəxsiyyəti qüdrətli sənətkarı, romantik ruhlu şeirlər, poemalar müəllifi olan istedadlı bir şairi itirdi. 30-cu illərin repressiyası zamanı coşğun təbiətli şair saxta ittihamlarla həbs olunaraq 1938-ci ilin yanvar ayının 6-da güllələnmişdir.
Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Müşfiq) 1908-ci ilin iyun ayının 5-də Bakı şəhərində müəllim ailəsində anadan olmuşdur.
Atası Mirzə Əbdülqədir Vətən balalarının oxumasına can yandıran maarifçi idi. O müəllimliklə yanaşı yaradıcılıqla da məşğul olurdu, şeirlər yazırdı.
Nənəsi Qızqayıt Mikayılın zəngin xalq yaradıcılığı ilə tanış olmasında mühüm rol oynayır ona nağıllar, atalar sözləri, bayatılar söyləyirdi.
M.Müşfiq ibtidai təhsil alır. Sonra Bakı darülmüəllimində oxuyur və Azərbaycan Dövlət Pedaqoji İnstitunun dil və ədəbiyyat şöbəsini qurtarır. Müəllimlik etməyə başlayır.
Xəlqilə titrəyən, xəlqilə gülən,
Vətənçin yaşayan, vətənçin ölən,
Səmimi bir insan nə bəxtiyardır!

misralarında Müşfiq özünün səmimi insan və vətəndaş şairlərdən biri olduğunu təsdiqləyir. Xalqımız Vətəni üçün yaşayan vətən üçün ölən səmimi bir insan olan Mikayıl Müşfiqin xatirəsini əziz tutur qəlbində yaşadır.
Şairin ilk şeiri 1926-cı ildə mətbuatda dərc olunur. “Bir gün” adlanırdı ilk şeiri. İlk kitabı “Küləklər” adlanırdı və 1930-cu ildə çap olunmuşdur.
Sonra Müşfiqin “Vuruşmalar”, “Günün səsləri”, “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” və başqa kitabları nəşr olunur.
Şairin “Çağlayan” adlı kitabı da çapa hazırlanmış, müəllifin ən yaxşı şeir və poemaları bura daxil edilmişdi. Ancaq kitabın nəşrini görmək M.Müşfiqə qismət olmur...
M.Müşfiqin poeziyası mövzü baxımından zəngin və rəngarənqdir: İnsanpərvərlik, qadın azadlığı, ailə gözəlliyi, analıq şərəfi, övlad məhəbbəti, vətənpərvərlik, insanların arzu və istəkləri... Mövzu məhdudluğu yoxdur. Əməyi sevmək onu həmişə əziz tutmaq insanın nəcib sifətlərindəndir. Şairə görə “hər şeyin anası, qaynağı” olan torpağı da “hər addımda dəyişdirən” insanın əməyi, alın təri və əməlləridir.
Şairin qısa, ancaq məhsuldar yaradıcılığında poemaları da əsas yer tutur.
“Buruqlar arasında”, “Çoban”, “Əfşan”, “Sındırılan saz”, “Azadlıq dastanı” poemaları epik əsərlərdir.
Şair poeziyasında qoşma, gəraylı, bayatı, məsnəvi, beşlik və s. şifahi xalq şeirinin, eləcə də klassik poeziyanın janrlarının çoxunu işlətmişdir.
M.Müşfiq Qərb şeirinin janrı olan sonetə də biganə qalmamış, yeri gəldikcə sonetlər də yazmışdır.
M.Müşfiq poeziyasında qəribə cazibə qüvvəsi var:
Yazmaram ürəyim sizi anmasa,
Sizin eçqinizlə alovlanmasa;
Burdaca el durub məndən sordu ki:
Gözdən yaş çıxarmı ürək yanmasa?

Qönçə açılarmı, bahar olmasa?
Şölə titrəyərmi, rüzgar olmasa?
Bu nəğmə ruhumdan qoparmı bilməm,
Mənə ilham verən dostlar olmasa?

Səmimiyyətlə doludur bu misralar. Şair cəsarətli idi, vətəndaş şair idi. Həm də uzaqgörən idi. Tarın konservatoriyada tədris olunması qadağan olunanda M.Müşfiq məşhur “Tar” şeirini yazdı:
Oxu, tar, oxu tar!...
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar...
Nəğməni su kimi alışan ruhuma
çiləyim.
Oxu, tar!
Səni kim unutar?
Ey geniş kütləmin acısı, şərbəti-
alovlu sənəti.
“İnqilab və mədəniyyət” jurnalı özünün 1929-cu il ikinci nömrəsindəki “Tar konservatoriyadan çıxarıldı” sərçövhəli xəbərində: “Azərbaycan Dövlət konservatoriyasını qüvvətləndirmək məqsədilə AXMK bir çox qərar qəbul etmişdir. Bu qərarlara görə məcburi dərs kursu olan tarın öyrənilməsi konservatoriyanın bütün dərəcələrində tədris planlarından götürülür və konservatoriya yanında olan şərq orkestrosu ləğv olunur “yazanda Müşfiq “Tar” şeirində yazırdı:
Çoxları üzünə durdular,
Könlünü qırdılar
... Üstündən bir qara yel kimi əsdilər,
Səsini kəsdilər.
Daşlandı çəkənlər nazını
Beləcə qırdılar aşığın sazını.

Milli musiqi alətlərimizi göz bəbəyi kimi qorumaqla yanaşı M. Müşfiq maarif müəllim nüfuzu, səfil həyat keçirən uşaqların himayəyə alınaraq, məktəblərə cəlb olunması, onun düzgün tərbiyə olunması, sənət və sənətkar həyat eşqi, tənhalıq, təmiz və saf məhəbbət haqda da yazmışdı: “Bir də baxsan mənə şeirində belə bənd var:
Baxışın qəlbimi incitmişdir,
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir,
Bir də baxsan mənə, fikrim dönəcək.

Emosional, musiqili, şairanə ifadə! Qısqanclıq haqda da yazılıb, yazılır və yazılacaq. “Yenə o bağ olaydı”! şeirinə nəzər salaq:

Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan dalğalara dolaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı:
Cumub alaydım səni dalğaların əlindən...


M.Müşfiqin lirik qəhrəmanı da sevdiyini qısqanır, dalğalara qısqanır.
M.Müşfiq poeziyasında aforistik ifadələr kimi səslənən elə mənalı misra və beytlər var ki, bunların daşıdığı poetik fikir oxucular tərəfindən yaxşı və sevinclə qəbul olunur. Belə aforistik misra və beytləri oxuyanda bədii sözün kəsərinə çox inanırsan:
Həyat ondan küsənləri incidər.
Bədbəxt bu dünyada tək yaşayandır.
Heyf, ömür qısa, arzu genişdir,
Kim bu qayğı ilə titrəməmişdir?
Zaman bir dərədir axıb dolanır,
Bəzən durulursa, bəzən bulanır.


...Tar”ı “Zəfər səsləri”, “Gecə çeşməsi” şeirlərini tam heca vəznində yazılan şeirlər kimi götürmək olmur, zahiri görünüşünə, misralarda hecaların qeyri-bərabərliyinə görə bu şeirlər sərbəstə oxşasalar da, sərbəst də deyillər. Bəs onda bu şeirlər hansı vəzndə yazılmışdır?
Bu Müşfiq vəznidir, Müşfiq icalığıdır. Heca ilə sərbəsti yaxınlaşdıran bir vəzndir.
Müşfiqə qədər heca vəznində və sərbəst vəzndə yazılan əsərlər arasında belə nümunələrə təsadüf olunmayıb.
M.Müşfiq sözü məharətlə yerində işlədir:
Atamız dünyadan eh dedi getdi,
Tez sönən ömrünə meh dedi getdi.
Gül əkdi, vay dərdi cahan bağından,
Tökdüyü yaşlara şeh dedi getdi.


M.Müşfiq uşaqlar üçün də şeirlər yazmışdır. “Coğrafiya”, “Məktəbli sərqisi”, “Zəhra üçün” şeirləri diqqəti cəlb edir..
Vaxtilə M.Müşfiqin şagirdi olmuş tibb elmləri doktoru Zəhra Salayeva 5-ci sinifdə oxuyarkən sevdiyi müəllimlərinə xatirə üçün avtoqraf yazdırarmış.
11 mart 1934-cü ildə Müşfiq dərsə gələrkən Zəhra utana-utana ona da belə bir xahişlə müraciət edir. Müşfiq albomu gözdən keçirərək:
-Yaxşı, qızım, sən get sinif jurnalını gətir, mən də səninçin bir şey yazaram,-deyir.
Zəhra müəllimlər otağından jurnalı gətirənəcən şair də bir neçə dəqiqənin içində həmin şeiri yazır:
Uca dağlardan atlan,
Hər çətinliyə qatlan,
Bir quş kimi qanatlan
Göylərə yüksəl, qızım!...

M.Müşfiq poeziyası həmişə yaşardır. O yaşayır və yaşayacaq.

Şixəmməd Seyidməmmədov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Quba filialının “Təbiət elmləri” kafedrasının baş müəllimi.

15-03-2023, 17:20
Nə xoş ki sizinlə müasirəm...


Anar – 85


Nə xoş ki sizinlə müasirəm...

Sevimli Anar müəllim!
Doğum günüzü və yubiley yaşınızı təbrik edirəm. 80 illiyinizə həsr etdiyim yazını Şuşaya qovuşmaq arzusuyla bitirmişdim. Nə xoş ki, o arzumuza yetişdik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə cəngavər ordumuzun dünyanı heyrətdə qoyan fədakarlığı sayəsində Şuşada, bütövlükdə Qarabağda qan ağlayan torpaqlarımızın həsrətinə son qoyuldu. Şuşamız yenə çal-çağırlıdır, yenə qonaq-qaralıdır. Xarı bülbül festivalı, Vaqif Poeziya günləri yenə Şuşada baş tutur.
Son 30 ildə ilk dəfə olaraq qalib ölkənin vətəndaşı, yazarı kimi yubileyinizi qeyd edirsiniz. Sizə-sevimli xalq yazıçımıza uzun ömür, sağlam canla yaradıcılıq uğurları arzulayıram.
80 illiyinizdə Sizə ünvanladığım təbriki yenidən oxucuların ixtiyarına verirəm.
Çox hörmətli Anar müəllim!
Elə bilirəm ki, Sizinlə müasir olmasaydım, ədəbi dünyamda bir boşluq olacaqdı. Mənim üçün yaşadığım dövrün ən qiymətli milli sərvətlərindən birisiniz. Özü də yüzillər keçəndən sonra daha qiymətli olaraq istifadə olunacaq milli sərvət...
Biz zahirən o qədər də yaxın deyilik. Qəlbimə yaxın olan ən əziz ziyalılardan olsanız da, tədbirləri nəzərə almasaq, Sizi tanıdığım uzun illər ərzində qapınızı heç 5-10 dəfə döyməmişəm. Qıymamışam. O mənada ki, Sizin üçün ən qiymətli nəsnələrdən olan vaxtınızı almaq istəməmişəm. Yazıçılar Birliyinin üzvü təkcə mən deyiləm axı... Hər gələn qayğısı, problemi ilə Sizi nə qədər yükləyir? Lazım oldu-olmadı ilhamlı anlarınızı əlinizdən alanların sayı bir deyil, beş deyil... Yaxşı yadımdadır. Nədən ötrüsə qəbulunuza gəlmişdim. Söhbət əsnasında Yazıçılar Birliyinin üzvü olmadığımı biləndə təəccübləndiniz. – Ədəbi jurnalın baş redaktoru çoxdan Birliyin üzvü olmalıydı, yazılarınızı da oxuyuram, – dediniz. – Anar müəllim də Birliyin üzvü, mən də... utana-utana söylədim. Güldünüz.
Həmin il qəbul müvəqqəti dayandırılmışdı. Amma məni Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə növbəsiz qəbul etdiniz. Buna görə hər zaman Sizə minnətdaram. Həmin gün Sizin təşəbbüskarlığınız olmasaydı, yəqin ki, bu günə kimi Birliyin üzvü deyildim.
Hörmətli Anar müəllim!
Nə yaradıcılığınıza qiymət vermək səlahiyyətindəyəm, nə də oxuduqlarımı təhlil etmək fikrində... Dəfələrlə haqqınızda nəsə yazmaq istəmişən. Cürətim çatmayıb. Bu yazını yazmağa isə məni yubiley yaşınız sövq etdi. Öncədən deyim ki, kitabla, bədii ədəbiyyatla təmasda olduğum zamandan oxuduğum nasirlər sırasında birincilərdənsiniz. Neçə onillərdir ki, fikir dünyamı zənginləşdirənlər arasında Sizin öz yeriniz var. İstər nəsr, istər dramaturji, istər publisistik əsərlərinizin hər birini neçə dəfə oxuduğumu xatırlaya bilmirəm. Amma hər dəfə ilk dəfə oxuyurammış kimi başlayıram. Bu yazını yazanda nə Sizin kitablarınızı vərəqlədim, nə də haqqınızda yazılanları. Açığı, təsir altına düşməkdən qorxdum. Öz tanıdığım Anarı yazmaq istədim. Amma bu ərəfədə hörmətli qələm sahibi Arif Əmrahoğlunun Sizin haqqınızda yazdığı “Mən xoşbəxtəm ki, anlamağa qadirəm” kitabı əlimə düşdü. Qələminə qüvvət, mənim ürəyimdən keçənləri istədiyimdən də yüksək səviyyədə yazıb çap etdirib. İstər-istəməz yazdıqlarının təsiri altına düşdüm. Bu mənada Arif Əmrahoğlundan dönə-dönə üzr istəyirəm. Fikirlərimizin üst-üstə düşməsi hər ikimizin Sizə hörmət və məhəbbətdən irəli gəlir. “İstedadlı bədii əsər yazmaq sevincdir, amma sağlığında əsərinin, əməlinin bənzərsizliyi ilə tarixə çevrildiyinə müasirlərinin etirafına şahid olmaq xoşbəxtlikdir.”
Nə qədər haqlı fikir!
Hələ yazıb-oxumağı bacarmadığım zamanlarda Sizin hekayələrinizin ləzzətini radio dalğalarından duyurdum. Yazıb-oxumağı öyrəndim. İbtidai sinfi də bitirdim. Səməd Vurğundan, Şəhriyardan, Rəsul Rzadan, Mikayıl Müşfiqdən, Nigar Rəfibəylidən, Mirvarid Dilbazidən, Bəxtiyar Vahabzadədən, Nəriman Həsənzadədən, Məmməd Arazdan ... bir az aralandım. Nəsrə keçdim. Bu sırada İlyas Əfəndiyev, Elçin və Siz öndə idiniz. Ədəbiyyatda mühüm bir mərhələni təşkil edən altmışıncı illərdən bu yana mənim üçün canlı bir epoxasınız. Radioda telefonla bağlı bir hekayənizin radio tamaşasını tez-tez verərdilər. O qədər təsirlənmişdim, sonralar mən də bir hekayə yazdım (Siz Allah, “hekayə yazdım” ifadələrinə görə məni bağışlayın). Hətta Sizdən bir epiqraf da gətirdim: “Dünən sənin telefonun öldü.”
Hötmərli Anar müəllim!
Təəssüf ki, yaradıcılığınız elə ilk gündən istedadsızların əbədi mövzusudur. İstedadlılar istedadsızlara hər zaman əlçatmaz zirvə olduğundan gücləri yalnız paxıllıq hissləri ilə ürək bulandırmağa çatır. Günahkarsınızmı, zamanına sığmayan, sözü ötkəm Rəsul Rzanın, ipək kimi yumşaq Nigar Rəfibəylinin ailəsində dünyaya göz açmısınız?! İki böyük istedadın başqa cür barı ola bilərdimi?! Doğulduğunuz ailə mühitinə uyğun olaraq yəqin ki, uşaqlığınız da, gəncliyiniz də başqalarından fərqli keçib. Ədəbi, yaradıcı mühit, hər zaman nəinki Azərbaycanın, dünya xalqlarının, keçmiş SSRİ məkanının tanınmışları ilə zəngin ünvan. Ata-ananızın əbədi ayrılığından sonra ürək ağrısı ilə qələmə aldığınız “Sizsiz”in yazılıb dərc olunma tarixi mənim tay-tuşlarımın yaxşı xatirindədir. Jurnal variantından sonra əl-əl gəzən kitab hər ailənin stolüstü kitabına çevrilmişdi. Sənədli xatirələrlə dolu “Sizsiz”də belə valideynlərin övladı – özü də oğul övladı olmaq məsuliyyətini daşıdınız. “Sizsiz”də mənim fikrimcə, Rəsul Rza və Nigar Rəfibəyli Sizin valideynləriniz olmaqdan daha çox, Rəsul Rza və Nigar Rəfibəyliyə oğulluq missiyyasını daha çox yerinə yetirmisiniz. Arif Əmrahoğlunun fikirlərinə yenə istinad edirəm: “Doğmaların itkisi insanı silkələyən fərdi bir ağrıdır, faciədir. Hərənin öz dərdi var, insanın insanlığı bir də öz dərdinə hörmət etməsilə ölçülür. Gözlənilməyən və çağrılmayan itki Anarın şəxsi dərdilə yanaşı həm də bütün Azərbaycan xalqının dərdidir. “Sizsiz” şəxsi itki haqqında elegiya deyil, valideynlərin ölümü haqqında göz yaşları deyil. “Sizsiz” həyat, insan ömrünün mənalılığı, ölümün qaçılmazlığı haqqında düşüncələrdir.
Anarın Nigar Rəfibəyli haqqında xatirələri öz həyatı haqqında xatirələrə çevrilir. Xatirələrlə tanışlıq göstərir ki, ölümlü insanlar kimi R.Rza və N.Rəfibəylinin poeziyadan başqa, ANAR adlı başqa sevimli əsərləri varmış.”
Hörmətli Anar müəllim!
Yazını yazdıqca qəlbimdə yaxın-uzaq xatirələr, xəyalımda quş kimi uçan illər... 1981-ci ilin aprelin ikisində Rəsul Rzanın vida mərasimi və dəfni... Tələbə idim. Ömrümdə ilk dəfə belə nəhəng izdiham görürdüm. Sonralar da vida və dəfn mərasimlərində iştirak etmişəm. Amma o izdihamın əzəməti hələ də yaddaşımda yaşayır.
Anar müəllim!
Sizin haqıqnızda yazdığım anlarda unudulmaz Həsənağa Turabovun 75 illiyi ilə əlaqədar televiziyada verilişlər gedirdi. Yaşıd olduğunuzu bilmirdim. Ruhu şad olmuş Həsənağa Turabovu niyə xatırladım?... 1982-ci illərin əvvəlləri idi. Milli Dram Teatrında aktyorun yaradıcılıq gecəsi keçirilirdi. O zaman belə görüşlərə təşnə idik. Dəvətnamə tapmaq müşkül məsələ idi. İndi dəvətnamələri də rahat tapırıq, biletləri də. Təəssüf ki, həmin ovqatda deyilik... Dəvətnaməni bizə unudulmaz yazıçı-publisist Mailə xanım Muradxanlı vermişdi. Yoldaşımla getdik. İki ildi ailəliydik. Hər ikimiz tələbəydik... Yaradıcılıq gecəsində çoxları söz dedi. Amma etiraf edirəm ki, heç biri yadımda qalmayıb. Amma Sizin dedikləriniz indiyə kimi xatirimdədir. Gecəni indi xalq artisti olan Firəngiz Mütəllimova aparırdı. Ağ paltarda idi. Sizin dediklərinizdən: “Həsənağa Turabovun yaradıcılıq gecəsini məhz Firəngiz xanım aparmalıydı. Özü də beləcə ağ paltarda... “Şəhərin yay günləri”nin məşqləri gedirdi. Rejissor Tofiq Kazımov Həsənağa Turabovun oyunundan necə riqqətə gəldisə, ani olaraq məşqi dayandırdı. Hamımız onun nə deyəcəyini gözləyirdik. Tofiq müəllim vəcdə gələrək: “Həsənağa, qayıt gəl teatra, bu səhnə sənə yaraşır, sən bu səhnəyə,” dedi.
Bu həmin illər idi ki, Turabov teatrdan uzaqlaşmışdı.
İlk kitabım olan daxili xidmət general-mayoru Aydın Məmmədovun ömür yolunu yazırdım. Nədənsə bir-iki gün fasilə verdiyimdən fikirlərimi toplaya bilmirdim. Ağ vərəqlər qarşımda, qələm əlimdə... Səssizliyin bu yerində unudulmaz maestro Emin Sabitoğlu haqqında televiziyada veriliş başlandı. Siz danışdınız. Dost itkisinin ağrı-acıları içinizi göynədirdi. Hər kəlməniz iliyimə işləyirdi...
Gəl qoşulaq durnalara,
Vətən sarı uçaq, uçaq...

Göy boşluqdan gəmi üzər,
Yada düşər mavi Xəzər.
Altmış yaş necə yaxın
On beş yaşım necə uzaq.

Sözləri Sizin, musiqisi Emin Sabitoğlunundur. Maestronun öz səsiylə, öz müşaiyətilə mahnı səsləndi. Mahnı bitdi. Siz isə xatirələrinizi davam etdirdiniz.
Hər ikisinin taleyinə 63 illik ömür qisməti yazılıbmış. Kitabın elə yerində qalmışdım ki, 15 yaşında artıq Astaraya sığmayan Aydın Məmmədov evdən xəbərsiz qatara oturub Bakıya gəlmişdi. Adi dəniz matrosluğundan daxili işlər nazirinədək yüksəldi, ləyaqətli, şərəfli bir ömür yaşadı.
Sizin televizyadakı söhbətinizdən, daha doğrusu, “On beş yaşım necə uzaq...” misrasından sonra sanki itmiş açarı tapdım. Kitabı böyük həvəs və sürətlə yazıb başa çatdırdım.

Anar müəllim!
“Söz” jurnalında müsahibələrdən birinə verdiyiniz cavab belə idi. “Ən çox sevdiyim iş yaradıcılıqdır”. Bakıda 10-15 il əvvəl baş verən sonuncu (təki sonuncu olsun) ağır zəlzələ zamanı evdən çıxanda kimi pullarını, kimi qızıllarını götürüb qaçıb. Siz isə əlyazmalarınızı. Nə dərəcədə həqiqətdir, deyə bilmərəm, çünki gözümlə görməmişəm. Amma yüz faiz inanıram.
Sevimli Anar müəllim!
Son illər çoxlarının düçar olmuş yaddaşsızlıq problemindən mən də əziyyət çəkirəm. Amma Sizinlə olduğum tədbirlərdə və ya televiziya verilişlərində mübaliğə olmasın, bütün dedikləriniz yaddaşıma yazılıb. Yəqin ki, bu deyim tərzinizin orijinal, duzlu olmasından irəli gəlir. Çoxları Sizi qaraqabaq kimi qiymətləndirir. Amma elə bir çıxışınız olmur ki, ora incə yumorunuz qatılmasın. Ciddi adamların yumoru da ciddi olur axı... “Poeziya” verilişinin növbəti sayı poeziya nəhəngi Rəsul Rzaya həsr olunmuşdu. Qonaqlarınız xalq şairi Fikrət Qoca və akademik Rafael Hüseynov idi. Yaşdan, müdriklikdən söz düşdü. Üçünüz də qeyd etdiniz ki, Rəsul Rza hələ cavanlığından yaşından böyük, müdrik olub. Rafael müəllim Fikrət Qocanın “Qoca”sı ilə əlaqədar nəsə dedi. Siz “Fikrət işini vaxtında tutub” dediniz. Başqası bu sözləri söyləsəydi, bəlkə də dodağım qaçmazdı. Amma Sizin dediyinizə ləzzətlə güldüm.

Uzun illər köməkçiniz işləyən Tovuz Teymurovanın Tacmahal şadlıq sarayındakı toy məclisinə astaralı rəfiqəm Sakitə Ülvi ilə gəlmişdim. Bizdən bir qədər sonra Siz ömür-gün yoldaşınız Zemfira xanımla gəldiniz. Qonşu stollarda idik. Sakitə xanım sizinlə şəkil çəkdirmək istədiyini bildirdi. Durub Sizə yaxınlaşdım. Daha doğrusu, Zemfira xanıma. Həmin ərəfədə yenicə akademik seçilmişdi. Təbrik elədim və sizlərlə şəkil çəkdirmək istədiyimizi bildirdim. Zemfira xanım etiraz etmədi. Siz isə – sizə heç nə demir, davası mənimlə evdə olacaq – söylədiniz.
Zarafatınıza hamımız güldük. Belə yumor və zarafatlarınızla iştirakçısı olduğunuz tədbirlərdə çox rastlaşmışam. Xüsusilə Yazıçılar Birliyinin Natəvan klubunda. Haqqında tədbir olan yubilyarın və ya hər kimsənin ən orjinal dəst-xəttini xarakterini açmaqla tədbirdə xoş əhval-ruhiyyə yaradırsınız.

Anar müəllim!
Bəlkə də, tay-tuşlarınız olan digər qələm adamları kimi ehtiyacın, kasıbçılığın nə olduğunu bilməmisiniz (Deyim ki, təmtəraqlı, qeyri-adi geyiminizi də heç vaxt görməmişik). Amma istər ata, istər ana – Məmmədxanlılar və Rəfibəylilər tərəfindən acı repressiyalar, nigaran ömürlər, üzüntülər, faciələr Sizin nəslin taleyindən yan keçməyib. Nəslin sağalmayan ağrı-acıları bu günədək ürəyinizi göynədir.
Sadə geyim tərzi şəxsiyyət üçün o qədər də önəmli deyilmiş. Önəmlisi odur ki, hər hansı bir oxucunuz Sizinlə adi kostyumda rastlaşsa belə, Sizi sevən digər dost tanışına fəxarətlə bildirir: “Mən bu gün Anarla rastlaşdım” (Əvvəllər belə hallar tez-tez olurdu. Çünki çox zaman piyada gəzirdiniz).
Anar müəllim!
Ömrü boyu əyalətdə yaşayıb-yaradan şair-dramaturq Şəkər Aslana xüsusi diqqət göstərirdiniz. 1985-ci ilin fevral ayı idi. O zaman yerli qəzetdə işləyirdim. Siz xalq şairi Fikrət Qocayla Lənkərana Şəkər Aslanı görməyə gəlmişdiniz. Şəkər müəllim qəzetin yaradıcı kollektivini çağırıb sizinlə görüşdürdü. Yadigar olaraq şəkil də çəkdirdik.
1995-ci ilin yayında Şəkər Aslanın 60 illik yubileyinə hazırlaşərkən şair qəflətən dünyasını dəyişdi. Lakin bir neçə ay sonra indi haqq dünyasında olan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Dilruba xanım Camalova yubileyi keçirməyə nail oldu. Bakıdan xeyli qonaq gəlmişdi - bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, Milli məsələlər üzrə dövlət müşaviri Hidayət Orucov, Mədəniyyət və İnformasiya nazirini əvəz edən xalq şairi Nəriman Həsənzadə, xalq artisti Canəli Əkbərov, professor Gülrux Əlibəyli və başqaları. Şəkər Aslanın yubiley gcəsində də, qəbri üstündə də kövrək xatirələr söylədiniz.

Müəllifi və aparıcısı olduğunuz "Poeziya" verilişinin bir sayını Şəkər Aslana həsr etmişdiniz. Xatirə söyləmək üçün şair İltifat Salehlə məni dəvət etmişdiniz. Xatirələrimiz çox uzandı. Düşündüm ki, dediklərimizi kəsib doğrayacaqlar. Narahatlığımı Sizə də bildirdim. Dediniz, darıxma, 2 veriliş edərlər.
Belə də oldu.
Sevimli Anar müəllim!
XX əsrin altmışıncı illərindən XXI əsrə pərvazlanan sənət nurunuz yarım əsrdən artıqdır ki, milyonların qəlbini işıqlandırır.
“Qobustan” dərgisini – gözəl sənətlər toplusunu 1969-cu ildən yaratsanız da, mən dərgini 1979-cu ildən izləməyə başlamışam və o zamandan “Qobustan”ın orbitindəyəm. İtirdiyim illərin saylarını sonralar əldə edib istədiyim yazıları oxumuşam. Rafael Hüseynovun və digər sevdiyim qələm sahiblərinin yazılarını məhz “Qobustan”ın səhifələrində tapmışam. Fərqli dərgi olan “Qobustan”da fərqli üslubunuz nəzərə çarpırdı. Dərgi elə bir dörvdə nəşrə başlamışdı ki, mətbuatın hökmü məhkəmə hökmünə bərabər idi. Təzyiqlərə məruz qalsanız da, jurnalın orijinal yazı tərzini, mövzu orijinallğını qoruyub hifz edirdiniz.
Məlumdur ki, altmışıncılar nəsli arasında öncüllərdən biri Siz olmusunuz. Sizin nəslin yazarları sığmadığınız üfüqləri yeni yaradıcılıq tərzində tapırdı. Siz də özününzdən əvvəlkiləri bəyənmirdiniz. Fəqət bəyənmədiklərinizi nə söyür, nə də təhqir edirdiniz. Fikirlərinizin sübutu üçün yeni formalı, yeni deyim tərzi olan əsərlər qoyurdunuz meydana. Tarix boyu heç zaman gənclik keçmişi bəyənməyib. İndiki nəsil isə həddən ziyadə azad, sərbəst bir mühitdə yaşayıb yaratsalar da, xəbis hisslərindən əl çəkmir. Şöhrətinizi qısqanırlar. Onların qərəzli mövqelərinə dözsəniz də, bütün bunlar içinizdən keçir, səhhətinizə təsirsiz ötüşmür.
Anar müəllim!
Azərbaycan xalqının ana kitabı olan “Dədə Qorqud” dastanına əbədi ekran həyatı bəxş etməyiniz bütöv türk dünyasına ən böyük töhfədir.
Doğma yurd haqqında bundan gözəl nə demək olar!?
Vətəni sevmək və ya qorumaq əlinə silah alıb təkcə düşmənlə döyüşməkmi? Qarabağ göynərtisi, Qarabağ ağrısı, bütövlükdə vətən obrazı yazılarınızda, filmlərinizdə elə yüksəkdədir, sözünüzün qüdrəti, sözünüzün hökmü milyonları ardıyca apara bilər.
Yaradıcılığını yüksək qiymətləndirdiyiniz mətbuatımızın Molla Nəsrəddini – Mirzə Cəlili “Qəm pənəcərəsi”ndə necə də ağrılı məhəbbətlə əbədiləşdirmisiniz.
Səbuhi (M.F.Axundzadə) ömrünü «Sübhün səfiri»ndə əbədiləşdirdiniz.
Cavid əfəndini “Cavid ömrü”ylə yenidən xalqımıza qaytardınız.
Bütün teleflim, teletamaşalarınınzın ərsəyə gəlməsində xalq artisti Ramiz Həsənoğlunun xidməti danılmazdır.
“Dantenin yubileyi” – Kəbirlinskinin saflığından doğan sadəlövhlüyünə hər baxanda ürəyim göyüm-göyüm göynəyib.
“Otel otağı”nı “Azərbaycan” jurnalından oxuyub ağlamışdım. Hətta Sizə bir məktub da yazdım. Amma göndərmədim. Sonra film... Müasir ziyalının real portreti...
Hər birimizin uşaqlığını, gəncliyini əks etdirən nostalji hisslərlə dolu “Gün keçdi”...
Ömrü boyu, hətta ölümündən sonra da böhtanlara, dedi-qodulara məruz qalan, qəlbi büllur kimi saf Təhminə...
“Ötən ilin son gecəsi” ən azı hər il elə yazıldığı tarixdə göstərilir. Hər dəfə kövrək, nostalji hisslərlə duyğulanırıq. “Evləri köndələn yar” otuz ildən artıqdır, ruhumuzu saflaşdırır. Dəfə-dəfə baxsaq da, aktuallığını, reallığını, yumor hissini itirmir. Obrazların hər kəlməsi artıq aforizmə, zərb-məsələ çevrilmişdir... Bu yaxınlarda çox tanınmış bir şəxsin qırx mərasimində iştirak edirdim. Sanki “Evləri köndələn yar” tamaşasının elçilik səhnəsinin yas mərasiminə düşmüşdüm. Çoxları “məhzı” bu məclisə düşdüklərinə görə, axtardıqlarıyla burda rastlaşdıqlarına görə necə sevinirdilər.
***
Bəlkə də, bu mənim səhvimdir? – Ömrümdə nə bir xarici filmə baxmışam, nə seriala... Amma “Üzeyir ömrü”nü əzbər bilirəm. Əgər bir gündə film televiziyanın 2-3 kanalından göstərilsə, heç birini ötürmərəm.
Yüz yaşayın, Anar müəllim!
Şuşa əvvəl-axır bizim olacaq. Amma həmin cənnətməkan olmayacaq axı... Qarabağın şah tacı Şuşa nankor erməni vandalizminə məruz qalmış bir şəhərə çevrilib. Nə yaxşı ki, o cənnətməkan diyarı vaxtında filmdə əbədiləşdirmisiniz. Deyərdim ki, bu gün əlçatmaz olan Şuşanı lentə alıb əbədiləşdirmək yüzlərlə döyüşən əsgərin qəhrəmanlığına bərabərdir.
Filmə baxıram... saralıb solmuş fotolar, qədim Şuşa, yerli şuşalılar... Üzeyir bəyin canlı görüntüləri, canlı səsi... Balaca Üzeyir Şuşadan gedir. Faytona oturur, Qori şəhərinə yola düşür. Şuşanın şöhrətini daha uzaqlara yaymaq üçün...
Sonralar yenə də Şuşaya qayıdır. Lakin qonaq kimi. Qulaqlarında Şuşa nəğmələri, göz yaddaşında Şuşa mənzələri. Ömrü boyu bütün yazıb-yaratdıqlarının qəhrəmanları bu şəhərin sakinləri oldular. Uşaqlıqdan yaddaşına əbədi yazdığı nəvalar üzərində kökləndi. İstər dramaturji, istər publisistik, ən başlıcası musiqi istedadının püxtələşməsi üçün məhz Şuşada boya-başa çatmalıydı Üzeyir bəy. Gövhər ağa məscidindən uzaqlara yayılan azan səsi, məhəccərli eyvanlardan körpələrin muğam üstə ağlamaları, İsa bulağının ətrafında ən məşhur ifaçıların oxumalarına heyranlıqla tamaşası, Xan qızı Natəvanla söhbətləri...
Sevimli Anar müəllim!
Sizə yubiley təbriki ünvanlayanda xəyalıma gəlməzdi ki, yazını Şuşa həsrətilə, Şuşa nisgililə bitirəcəyəm. Nə yaxşı ki, belə alındı. İnanıram ki, lap yaxın yubileylərinizin birində “Üzeyir ömrü”nə Şuşada baxacağıq. Amin!
Sevda Əlibəyli,
“SÖZ” Jurnalının baş redaktoru
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!