UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
8-07-2022, 17:35
HEÇ ZAMAN SÖNMƏYƏN ULDUZ

HEÇ ZAMAN SÖNMƏYƏN ULDUZ

20 Yanvar Şəhidimiz Ülvi Bünyadzadənin əziz xatirəsinə
Səmada parlayan bir ulduz var. Elə bir ulduz ki, illər keçir... Sönən sönür, solan solur... O ulduzsa heç zaman sönmür, əksinə, tükənmək bilməyən ziyası ilə qəlblərə yol tapır, çünki Ana Vətənə olan sonsuz sevgisindən alır öz nurunu o ulduz. Məğrurluğu ilə ürəkləri vəcdə gətirir, bə'zən də ağladır o ulduz...
Hər bir insanın öz dünyası, mənəvi qidası var: birinin valeh olduğu hər hansı bir şey, başqasına adi görünə bilər – insanların özünəməxsusluğu da elə bundadır. Zatən təbiət əzəldən belə qurulub: bizi əhatə edən hər şeyin məntiqi izahı var...
Lakin həyatda elə möcüzələr də var ki, onları heç cür izah etmək mümkün deyil, belə möcüzələri sadəcə qəbul etmək lazımdır. Ülvi Bünyadzadə dünyasının gücü də elə bundadır: bir dəfə tilsiminə düşdünmü, bil ki, ömürlükdür!
Ülvi Bünyadzadə sadəcə şair deyil, vicdanına, mənəviyyatına söykənən, öz düşüncə tərzi olan əsl filosof idi! Və Ülvi fəlsəfəsinin özünəməxsusluğu, yaratdığı bütün əsərlərdə şair kimi yox, bir insan kimi, həqiqətə tabe olmasıdir. Hətta sevgi şeirlərində belə həqiqətdən qaça bilmir Ülvi ...
Qocalmaz, sevgi qocalmaz,
Ürək, ümid qocalmasa.
Qocalmaz, sevgi qocalmaz,
Onu qocaldan olmasa.

Altı yaşında yazdığı ilk şeirlə milli ədəbiyyatımızda öz cığırını açdı Ülvi. Bu cığır uzandı, getdikcə, bir yol oldu – ümidlərə, arzulara doğru aparan enişli-yoxuşlu, sonsuz bir yol. Bu yolda məğrurluq, yenilməzlik, həqiqət vardı. Bu yolda Vətənə sonsuz sevgi və bir də... tükənmək bilməyən Göyçə həsrəti vardı...
Ucu – bucağı görünməyən bir dənizə bənzədirəm mən Ülvi Bünyadzadəni: sevgi şeirlərində, köksündə ayın ecazkar nurunu əks etdirən, eşq dolu ürəklərə həzin layla deyən sakit dənizdirsə, vətənpərvərlik ruhunda yazdığı əsərlərində, əksinə, təlatümlü dalğaları ilə əsib-coşan sonsuz bir ümmandır. Başqa cür ola da bilməzdi, çünki Ülvi Bünyadzadə ruhən mübariz şair idi!
Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!

“Sən bu həyata gəlmisənsə və bu həyatda yaşayırsansa, havasını udduğun, suyunu içdiyin, nəhayət, torpağında gəzdiyin məmləkəti sevməli, onu göz bəbəyin kimi qorumalısan! Yaşamaqdırsa – vicdanla yaşayacaqsan, sevməkdirsə – saf sevgi ilə sevəcəksən, mübarizə aparmaqdırsa – son nəfəsinə qədər mübariz olacaqsan, ölməkdirsə - başını dik tutub, ölümün üzünə gülərək öləcəksən!” – həyatının əsas qayəsi də elə bu idi Ülvinin.

Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun
şaxtasından, soyuğundan mən qorxmuram.
Mən qorxmuram uzaq yola çıxmaqdan.
Bu yolun
acısından, ağrısından.
“Ölüm” adlı yuxusundan mən qorxmuram...


Dərin fəlsəfi düşüncələrindən bəlli olur ki, Ülvi Bünyadzadə həyatın qaranlıq tərəfindən qorxmurdu. Nədən qorxacaqdı ki?.. Büdrəməkdən? Ya yıxılmaqdan? Əsla! Əksinə, içindəki təlatümü ilə həyatın özünə meydan oxuyurdu Ülvi. “Qoç doyüşünə qoç gərək!” axi... Həyatı “qoç” eləyən də, elə onun eniş-yoxuşlarıdır...
Ana yurdun başı qarlı dağlarına, yaşıl meşələrinə sonsuz aşiq olan Ülvi, Vətənin susuz, quru çöllərinin belə vurğunu idi. Və bu saf eşqi ilə də günlərin bir günü....and içdi – “Azərbaycan” adlı sevgisinə əbədi sadiq qalacağına, onu son nəfəsinədək qoruyacağına döyünən ürəyi, düşünən beyni, danışan dili ilə söz verdi. Sözünə də sadiq qaldı, müqəddəs Andını pozmadı Ülvi!
Və hər dəfə qanlı 20 Yanvar faciəsinin günahsız qurbanları – Şəhidlərimizi anarkən, onların ruhları qarşısında baş əyərkən, Vətənə olan sevginin rəmzi kimi, Ülvi Bünyadzadənin müqəddəs Andını da xatırlayırıq.
Heç vaxt unudulmayacaq bu And, çünki ana lay¬lası kimi, çoxdan canımıza hopub, qanımıza qarışıb. Yanardağın alovu kimi, Ülvinin Andı da əbədidir – əbədi olan isə yaddaşlardan silinməz!
Doğma Azərbaycanımızın azadlığı uğrunda canından keçdi və ölümsüzlüyə qo¬¬vuş¬du Vətən oğlu Ülvi Bünyadzadə. And içdi və andına da sadiq qaldı! Başqa cür ola da bilməzdi – o zaman Ülvi Ülvi olmazdı!
Səmada parlayan bir ulduz var. Elə bir ulduz ki, illər keçir... Sönən sönür, solan solur...O ulduzsa heç zaman sönmür.


Aytən SAQİF
Moskva şəhəri, 20.02.2022
5-07-2022, 14:55
Əgər Nikol Zəngəzur dəhlizinə imkan verməsə..

Əgər Nikol Zəngəzur dəhlizinə imkan verməsə...

Ermənistan müxalifəti vitse-spiker postuna yeni namizədini irəli sürməyəcək və deputatlarının Ermənistan parlamentində postlardan və mandatlardan imtina edəcəyini elan edəcək. Bu, Paşinyanın müxalifət üzərində növbəti qələbəsidir. Çox güman ki, onunla bu məsələlərdə siyasi texnoloqlar çalışır.
Bu fikirləri Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bölüşüb.
“Bütün bunları Paşinyan erməni xalqının dəstəyi hesabına edə bilir. İnsanlar anlayırlar ki, revanşist qüvvələr hakimiyyətə gəlsə, Ermənistan yeni məğlubiyyətə düçar olacaq. Bundan başqa, əhali təxminən 20 il hakimiyyətdə olmuş Qarabağ klanı, Robert Köçəryan, Serj Sərkisyandan yorulub. Bu, Ermənistanın Baş nazirinin siyasi dominantlığını rəsmiləşdirməsinə imkan verən əsas səbəblərdir”, - deyə rusiyalı ekspert bildirib.
Zəngəzur dəhlizindən danışan politoloq qeyd edib ki, Azərbaycan ondan imtina etmək niyyətində deyil, üstəlik, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşması hələ də qüvvədədir.
“Lakin Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən yola gəldikdə, əgər bu yol tikilsə, Zəngəzur dəhlizinə real alternativ olacaq. Əslində, Bakı Zəngəzur dəhlizilə Ermənistana əməkdaşlıq təklif edir. Bakının Tehranla alternativ yolun tikintisi ilə bağlı razılaşmasında da bir siqnal var – əgər Ermənistan bundan sonra da ikili oyunu davam edəcəksə və Zəngəzur dəhlizinin inşasına tam dəstək olmayacaqsa, onu, sadəcə, İran ərazisindən tikəcəklər. Mənim fikrimcə, bu yol tamamilə tamdəyərli alternativ ola bilər. Əgər Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına yenə də maneə olacaqsa, bundan ən çox zərəri elə özü görəcək. Bakı və Tehran alternativ tikəcək, İrəvan isə yenə ofsaytda qalacaq, yenə uduzacaq, məğlub olacaq”, - Markov bildirib.
29-06-2022, 15:44
Milli Məclisin komitə sədri Tahir Mirkişili ilə göruş keçirilib

Qubadliya Qayidiş İB uzvləri Milli Məclisdə , Milli Məclisin komitə sədri Tahir Mirkişili ilə göruşüblər. Göruşdə Qubadliya Qayidiş İB sədri İlham Ilham Nerimanoglu, sədrin muavini Asif Talıboğlu, İdarə heyətinin uzvləri Elbrus Qayalı və Şukur Quliyev iştirak edirdi.
Göruş yuksək səviyyədə, işgüzar şəraitdə keçdi.
Tahir muəllim bizləri dinlədi, təkliflərimizlə maraqlandi, görduyumuz işlərlə taniş oldu...
Yaxin gələcəkdəki planlarımızı açiqladiq. Tahir muəllim öz növbəsində işğaldan azad edilmiş ərazilərdə görülən işlər barədə bizə məlumat verdi və yaxin gələcəyin dövlət proqramları, investisiya, kənd təsərrüfatı, ağıllı kəndlərin salınması, infrastruktur layihələri, yol tikintisi və basqa məsələlərdən danışdı. Bir sözlə göruşumuz çox maraqli və məhsuldar oldu...
Sonda Milli Qəhrəman Bəylər Ağayevin qardaşının iş problemini Tahir muəllimə çatdirdiq...Bu məsələnin araşdırılacağına söz verildi.
Qubadlıya Qayıdış İB olaraq yaxin gələcəkdə başqa Millət vəkilləri ilə də belə görüşlərin keçirilməsini davam etdirəcəyik.
Şükür Quliyev
28-06-2022, 14:15
Ermənistan sərhədə muzdluları yerləşdirir


Ermənistan sərhədə muzdluları yerləşdirir

Ermənistanda çağırışçılar mərhələli şəkildə ön xətdə döyüş növbətçiliyindən azad ediləcək, onları müqaviləli hərbçilər əvəz edəcək. Bunu Ermənistan Baş Qərargahının Səfərbərlik və Təşkilat İdarəsinin rəis müavini Saak Saakyan deyib.
Onun sözlərinə görə, ordu korpuslarından birində ön xəttin mühafizəsi indi demək olar ki, tamamilə müqaviləli əsgərlərə həvalə olunub.
“Müdafiə naziri və Baş Qərargah rəisinin vəzifələrindən biri də çağırışçıların cəbhə xəttində xidmətdən mümkün qədər azad edilməsini təmin etməkdir. Çağırışçılar yalnız döyüş hazırlığı ilə məşğul olacaqlar və zəruri hallarda döyüş növbətçiliyinə cəlb olunacaqlar”, - Saakyan bildirib.
28-06-2022, 09:28
Paşinyan: Azərbaycan müharibəyə hazırlaşır

Paşinyan: Azərbaycan müharibəyə hazırlaşır

Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi haqda rəy yaratmaqla Azərbaycan yeni müharibəyə legitimlik qazandırmağa çalışır. Belə bir iddianı Ermənistan Baş naziri Nikol Paşinyan dünənki onlayn mətbuat konfransında səsləndirib.
Baş nazir delimitasiya və demarkasiya komissiyasının iclasının keçirilməsi ilə bağlı ilkin razılığın əldə edildiyi iki halı qeyd edib. Hər iki halda Bakı ya imtina edib, ya da təxirə salınmasını tələb edib:
“Eyni hal nəqliyyat kommunikasiyası ilə bağlıdır: Azərbaycan elə bir görüntü yaradır ki, Ermənistan üştərəfli bəyanatı pozur və nəqliyyat kommunikasiyalarının açılmasına qarşı gedir”.
Paşinyan iddia edib ki, əslində reallıq başqadır: Bakı 30 ildir Ermənistanın blokada siyasətini aparıb və bunu hazırda effektli hesab edir, ona görə də kommunikasiyaların açılmasını ləngidir.
O bildirib ki, İrəvan kommunikasiyaların açılmasında maraqlıdır, çünki bu halda İran və Rusiya ilə dəmiryol əlaqəsi qurulacaq, həmçinin, Mehri-Arazdəyən istiqamətində Ermənistan alternativ yol əldə edəcək.
Qeyd edək ki, Paşinyan tamamilə yalan danışır. Məsələ budur ki, delimitasiya və demarkasiyanın hansı xəritələrlə aparılması barədə Ermənistan mövqeyini tez-tez dəyişir: gah anklavların “hər iki ölkədə” qalmasını istəyir, gah isə 1986-87-ci illərdə otlaq sahəsi kimi Ermənistana icarəyə verilən torpaqları geri qaytarılmamasına çalışır.
Digər tərəfdən, Ermənistan Azərbaycanın ərazi bütövlüyü məsələsində də manipulyasiya edir. Nikol Paşinyan “Azərbaycanın ərazi bütövlüyünün Qarabağa dəxli yoxdur” kimi absurd, riyakar və həyasız bəyanat verməkdən çəkinmir.
Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev rəsmən elan etdi ki, 10 noyabr 2020-ci il bəyanatı ərəfəsində şifahi razılıq əldə olunub və Ermənistan “dqr”, “status” adı çəkməyəcəyinə söz verib.
Ancaq N.Paşinyan məhz bu müsahibəsində belə “Azərbaycan Ermənistana və Qarabağa qarşı müharibəyə hazırlaşır” kimi ifadə ilə həyasızcasına yenə də Qarabağdakı rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdən “ayrıca qurum” kimi danışmağa səy göstərir.
Onun Lavrovun əleyhinə çıxması isə onu göstərir ki, Paşinyan yeni oyunu yenə Avropanın bəzi dövlətlərinin sifarişi ilə oynamaq istəyir.
27-06-2022, 16:51
50 KİV Paşinyanın bugünkü brifinqindən imtina etdi

50 KİV Paşinyanın bugünkü brifinqindən imtina etdi

Baş nazir Nikol Paşinyanın bugünkü mətbuat konfransına sual göndərməkdən imtina edən erməni media redaktorlarının sayı 50-ni keçib. Ermənistan KİV xəbər verir ki, bu günə kimi 30-dan çox KİV rəhbəri sual göndərməkdən imtina etdiklərini bildirmişdi.
Mətbuat konfransından imtina edən erməni redaktorlar bildiriblər ki, belə “onlayn brifinq”lər əvvəldən hazırlanmış ssenari üzrə keçirilir, suallar əsasən hökumətyönlü media tərəfindən verilir.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 20:00-da Paşinyan onlayn qaydada KİV və QHT-lərin suallarını cavablandıracaq. Mətbuat konfransı Facebook üzərindən yayımlanacaq. Hər media orqanından və ya QHT-dən bir sual qəbul ediləcək.
Sualları İctimai Televiziyanın şərhçisi Tatev Danielyan canlı yayımda səsləndirəcək.
27-06-2022, 12:07
Prezidentdən Ermənistana XƏBƏRDARLIQ

Prezidentdən Ermənistana XƏBƏRDARLIQ - "Dəmir yumruq" yerindədir

Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxış edərkən bildirib:
“Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir və öz orduları haqqında olmayan şayiələri yayırdılar. Biz göstərdik ki, onlar Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməzlər. Onlar bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt silahlı yollarla ala bilməz. Çünki həm qurulmuş istehkamlar, həm 30 il ərzində mühəndislik işlərinin aparılması, həm də ki, bu bölgənin coğrafiyası onlar üçün çox əlverişli idi. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”.
24-06-2022, 07:29
Rəna Əlyarın şəhid Ceyhuna ağısı

Nizami Məmmədov Tağısoy
Bakı Slavyan Universiteti
filologiya elmləri doktoru, professor


Rəna Əlyarın şəhid Ceyhuna ağısı

Üç onillikdən çox davam edən Ermənistan-Azərbaycan müharibəsi Ermənistan üçün istila, anneksiya, Azərbaycan üçün müstəqilliyinin tam bərpası uğrunda ölüm-dirim savaşı idi. Bu savaşda ermənilərin havadarları çox olsa da, Azərbaycan xalqının, onun qəhrəman oğullarının torpaq uğrunda döyüşü igid övladlarımızın yenilməz qələbəsi ilə başa çatdı. Maşallah, xalqımız elə bir şücaət göstərədi ki, erməni separatçıları və faşistləri bu triumf qarşısında diz çökdülər, boyun əydilər. Bu qələbə minlərcə Azərbaycan qəhrəmanının şəhidlik zirvəsinə yüksəlməsi ilə daşlaşdı. Mərd oğullarımız şəhidlik zirvəsinə ucaldılar.
Əlbəttə, şəhidi olmayan xalqın vətən məhəbbətindən, yurd sevgisindən danışmaq da olmaz. Şəhid verməyən xalqın kimliyi bilinməz, torpağının bərpasını qanı ilə həyata keçirməyənin başı uca olmaz, onun digər uca xalqlar sırasında adı çəkilməz. Odur ki, İkinci Qarabağ savaşının dünya hərb tarixinə şəhidlərimizin qanı ilə yeni səhifələr yazdığını gərəyincə dərk etməliyik. Axı bu zəfərin dəyəri ölçuyə gəlməz. Axı bu qələbənin dəyəri, Azərbaycan oğullarının triumfal qəhrəmanlığı ilə göz qamaşdırdı. Onların şan-şöhrəti bütün ölkələri, kontinentləri tutdu. Azərbaycanımız dillərdə dastan oldu. Şəhidlərimizlə bağlı neçə-neçə kitablar bağlandı. Bu kitablar şəhid analarının, şəhidlərin həyat yoldaşlarının dilləri ilə oxudu, ağı dedi, şəhidlərə yas saxladı. Bu dastanların əvvəlkilərdən fərqi isə onda idi ki, onların hamısının real tipi, yaxud prototipi, döyüş meydanları, onların şücaəti real hadisələrin gedişindən qaynaqlanırdı. Hamısında da realist təsvirlər o qədər canlı, o qədər inandırıcı idi ki, bu qələbənin yaradıcıları olan şəhidlərimiz sanki bizlərlə üz-üzə, göz-gözə mükalimə etməkdə, qələbədən söz salmaqdadırlar...
Mən bu yazıda Vətən uğrunda şəhid olmuş bir qəhrəmanımız və onunla bağlı qələmə alınmış bir əsər haqqında söhbət açacağam, bu əsərin müəllifindən, onun təhkiyə bacarığından bəhs edəcəyəm.

Bu müəllif Rəna Əlyardır. Odur ki, onun haqqında əvvəl müxtəsər məlumat vermək istəyirəm. Çünki Rəna Əlyarın (Rəna Əlyar qızı Məmmədovanın) elmi-pedaqoji fəaliyyəti neçə illərdir ki, gözlərim qarşısında inkişaf edib, formalaşıb, özünəməxsus bir mərtəbəyə çatıb. Müasir Azərbaycan və rus dili qrammatikasının, leksikologiyanın, leksikoqrafiyanın, frazeologiyanını çeşidli problemlərini əsaslı şəkildə izah etməyi bacarıb, bu sahədə qələm işlədən məsuliyyətli biri pedaqoq kimi Rəna xanım özünə reputasiya qazanmış dilçi mütəxəssislərdəndir. Buna görə də onun bu sahədəki səriştəsi bizdə daim rəğbət hissi yaratmışdır. Lakin Rəna xanım bu dəfə qarşımızda tamamilə fərqli ampluada özünü təsdiqləməyə çalışmışdır. Beləliklə, o, bir gün mənə zəng vurub deyəndə ki, Nizami müəllim, İkinci Qarabağ müharibəsində şəhid olmuş bacım oğlu, Vətənini canından artıq sevən Ceyhunla bağlı bir əsər yazmışam, fikrinizi bilmək isfərdim, düzü belə təklifə bir az şübhəli yanaşdım. Lakin söhbət şəhid adından getdiyindən bir – mənalı olaraq “Baş üstə” deyib, ondan kitabın mənə çatdırılmasını xahiş etdim.
Beləliklə, Rəna Əlyarın “Şəhid Ceyhunla bağlı yazdığı” povestini götürüb, onunla operativ tanış olmağa basladım. Buradaca onu da etiraf edim ki, əsərin ilk səhifələrı ilə tanış olduqda bir qədər yanıldığımı hiss etdim. Ona görə ki, Rəna xanım bu dəfə bizdə dilşünas alim, leksikoloq və frazeoloq kimi yox, sözün doğru mənasında bədii əsər müəllifi təsəvvürü yaratdı.
Əlbəttə, belə qənaətə gəlməyimizin səbəbi isə ilk növbədə aşağıdakılarla bağlı idi:
1. Məlum olduğu kimi, bədii əsər yazmaq üçün ilk növbədə qələmə aldığın mövzunun uğurlu maketini – süjet xəttini, fabulasını, kompozisiyasını bədii baxımdan yarada, qura bilmək bacarığına malik olmalısan;
2. Əsərin bədiiliyini təmin etmək üçün rəvan dil imkanlarından gərəyincə yararlanmalısan;
3. Bədii əsər mövzusuna çevirdiyin materialda obrazın əksər tərəflərinin ortaya qoyulmasına nail olmalısan;
4. Əsərdə yer almış aparıcı bədii obraza, baş qəhrəmana bu və ya digər cəhətdən bağlı olan personajların uğurla yerləşdirilmisini təmin edə bilməlisən;
5. Nəhayət əsərin dolğunluğuna yetişmək üçün obrazlı bədii-ifadə vasitələrindən yerli-yerində istifadə etməyə kifayət qədər müvəffəq olmalısan və s. və i.a.

Rəna Əlyarın bu yazısında İkinci Qarabağ müharibəsinin cəngavər döyüşçülərindən biri Ceyhunun olduqca görümlü, oxucu diqqətini cəlb edən, bir şəhidin həyat və döyüş yolunu ən incə detalları ilə izləyən, onun qəhrəmanlığa getdiyini, Vətəni özündən, anasından, qardaşından, qohum – əqrəbasından öndə görən bir əsgərin ömür və döyüş salnaməsi ortada dayanır.
Rəna xanımın əsərinin iki baş qəhrəmanı var onlardan biri ömrü nakam qırılmış, Vətən yolunda canından keçmiş cəngavər ürəkli Ceyhun Şalıyevdirsə, digəri şəhid Anası Sədaqət xanımdır. O ana ki, özünün də, Ceyhunun usaqlığı, orta məktəb dövrü Rusiyadakı Voronej səhərində keçsə də, Qarabağ bəlasını dərk etdiyi dövrlərdən daim fikri, zikri, düşüncəsi Vətənlə bağlı olmuşdur. Müəllimlərinin sevimlisi olsa da, Ceyhunun orta məktəbi orada qurtarmağa səbri də çatmamış, bütün varlığı ilə Azərbaycana can atmışdır. Paytaxtda orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, prestijli ixtisasa yiyələnmişdir. Böyük həvəslə hərbi xidmətə yollanmış, özünü yalnız müsbət tərəflərdən göstərmiş, xidmətini başa vurub adi həyat ritminə qayıtmışdır. Müxtəlif yerlərdə işləyib, ləyaqətli vətənoğlu kimi formalaşmışdır. Qeyrəti ilə, fəaliyyəti ilə Vətən və Xalq təəssübü çəkən vətəndaş kimi ortaya çıxmışdır.
2020-ci ilin sentyabrında Ermənistan hərbi birləşmələrinin yenidən Azərbaycana müharibə elan etməsi ilə əlaqədar təlimlərə qoşulub, erməni dığalarının burnunu əzmək, onlara qan uddurub, iti qovan kimi Vətəndən qovmaq haqqında düşünmüşdür. Rəna Əlyarın təqdim etdiyi yazıda Ceyhunun bütün həyatı oğul itirmiş Ananın dili ilə təsirli naxışlarla təsvir olunur. Əsərdə mükəmməl Ana və Vətənini hər şeydən uca tutan qəhrəman Ceyhunun obrazı bütün tərəfləri və keyfiyyətləri ilə təsvir obyektinə çevrilmişdir. Müəllifin yeri gəldikcə bayatılardan, ağılardan, ibarəli ifadələrdən uğurlu istifadə etməsi povestin bədii-estetik təsir gücünü artırmaqdadır. Ananın Şəhidlik zivəsinə ucalmış oğlu ilə mükalimələri, Voronejdə, Azərbaycanda, əsgərlikdə, təlimlərdə, şəhid olduğu məqamlarda, məzarıstanlıqda, şəhərdə, evdə yatanda, duranda, həyatla bağlı düşüncələrə dalanda, xəyalən Gəncədə olanda, barelyefinə, xatirə-bulaq kompleksinə baxanda, pandemiya dövründə oğlunu ziyarət etməkçün piyada Fəxri xiyabana üz tutanda, Ceyhunun əsgərlik gündəliyini “vərəqləyəndə”, oradakı yuxugörmələri dilə gətirəndə, Ceyhunun Puşkindən, Lermontovdan bəhs edən gündəliyinə yanğı ilə baxanda, cənnətdəki 26 yaşını “təbrik edəndə”, oğlunun yatdığı, üz qoyduğu soyuq məzardan qoxusunu alanda, Ceyhun həyatı tərk etsə də, Ananın daim onun nəfəsini yanında hiss etdiyi məqamlarda və s. Ana və Oğul obrazı bütün tərəfləri ilə oxucunun nəzərlərini dərindən məşğul etməkdədir.
Rəna Əlyarın əsərin bəzi yerlərində yadda qalan, məsələn, “Həsrətin səndən vəfalıymış” və s. kimi ibarələrdən istifadə etməsi, povestin birnəfəsə oxunulması ilə yanaşı, həm də oxucuda yetərincə ovunmayan açı, faciə, müsibət effekti buraxmaqdadır. Rəna Əlyarın adını çəkdiyimiz bu əsərinin bədii-sənədli məziyyətləri ilə bağlı çoxlu fikirlər dilə gətirmək olar. Eyni zamanda povestin gənclərimizin, gələcək nəslin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasında roluna inanmaqdayıq. Rəna xanımın bu əsəri İkinci Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş uğurlu bir nümunə kimi öz bədii-estetik təsir gücü ilə seçilməkdədir. Əsərdən gələn ən başlıca fikir “Şəhidlər ölməz! Vətən bölünməz!”dir idayasının dominant olaraq ortada dayanmasıdır.
Şəhid balamız, qəhrəman Ceyhun Şalıyevə və müsibət içində yanan Sədaqət Anaya həsr olunmuş bu əsərə görə Rəna Əlyarı ürəkdən təbrik edir, ona bu gərəkli təşəbbüsündə yeni yaradıcılıq uğurları diləyirik.

24-06-2022, 07:12
UNUTMAYIN TƏVƏKKÜL GORUSLUNU!


UNUTMAYIN TƏVƏKKÜL GORUSLUNU


Təvəkkül (Goruslu) Məmməd oğlu Məmmədov 1962- ci ildə, iyulun 1-də Zəngəzur bölgəsinin Gorus rayonunun Ağbulaq kəndində anadan olub. 1984- cü ildə Azərbaycan Neft Kimya institutunu mühəndis- mexanik ixtisası üzərə bitirib.
Təyinat müddətini indikı Sankt-peterburqda işləmiş, sonra vətənə dönmüşdür.
“Xaraba kəndim”, “Bu sevgi bir əbədiyyət”, “Gözlərinə qısılaydım” , “Məni misralarda qələm assa da” ,“Ömrüm, Çiçəyim”, “Qisas yağmuru”, “Kağıza şeirimin qanı tökülür” kitablarının müəllifidir. AYB üzvüdür, “Qızıl qələm” və “ARAZ” ədəbi-bədii media mükafatı laureatıdır.


AMEA- nın Ədəbiyyat İnstitutunun Müasir ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vaqif Yusifli yazır:
UNUTMAYIN TƏVƏKKÜL GORUSLUNU
Təvəkkül Goruslu Zəngəzur bölgəsinin Gorus rayonunun Ağbulaq kəndində dünyaya gəlib. Bu il onun 60 yaşı tamam olur. Amma o, bu yaşını öz doğma kəndində keçirəcəkmi?
Könlümüz, ruhumuz Ağbulaq deyir,
Gedib ocağına od alaq deyir,
Şurnuxu gözləyir, Qurddalaq deyir,
Şamsıza girmədik Gorus, ay Gorus,
Cismini sarmadıq, Gorus, ay Gorus!
O şairdir və «şair olan qəm də yeyir». Təvəkkül Goruslu da şeirlərində doğma kəndi Ağbulağı, Gorusu tez-tez xatırlayır.
HƏSRƏT ŞAİRDİR O!
Onun bundan əvvəl çap olunan yeddi şeirlər kitabında da Ağbulaq həsrətinin ifadəsini görürük. Hətta birinci kitabının adı «Xaraba kəndim» adlanır. Onun keçirdiyi hisslər təbiidir, insan doğulduğu, göz açdığı kəndindən, evindən-eşiyindən cavankən ayrılıb yaşı altmışa çatana qədər bu həsrətin alovunda yana-yana qovrulursa, onu dərk edək, anlayaq və bu həsrət təkcə Təvəkkül Goruslunun yox, həm də bizim içimizdən keçir.
Təvəkkül Goruslunun şeirləri mənə qəlbi Vətən məhəbbəti ilə çırpınan bir şairin duyğularını, bu duyğuların şeirlərə necə çevrildiyini bəyan etdi. Bizim hamımızın qəlbində o duyğular yaşayır, amma şairlər bunları poeziya dililə ifadə edir. Təvəkkül Goruslu son iyirmi ildə, ondan da əvvəl keçirdiyimiz, yaşadığımız hissləri şeirə gətirir. Hamı böyük intizar içindəydi, işğal olunmuş torpaqlarımız, şəhərlərimiz, kəndlərimiz bizi gözləyirdi. Və o gün gəldi, Azərbaycan oğulları Ali Baş Komandanın əmri ilə silaha sarıldılar və 44 günə düşmən işğalına son qoyuldu. Bir vaxt gələr Təvəkkül Goruslunun Ağbulaq kəndi də qovuşar ana Azərbaycana!
Hər 44 gecəni, 44 gündüzü,
Adlayıb dağları, meşəni, düzü,
İgidlər tutdular verilən sözü,
Bu gün yaddaş günü, anım günüdür!


Köksündən torpağa qarışan qanla,
Şəhidlər yüksəlib hər keçən anla,
Qovuşmuş, can olmuş Azərbaycanla,
Bu gün yaddaş günü, anım günüdür!

Bu poetik misralar bəyan edir ki, Vətənpərvər şairdir o! Mən Təvəkkülün şeirlərini mövzulara bölüb təhlil etmək fikrində deyiləm. Onun hər bir şeiri təbiilikdən, səmimiyyətdən və poeziyadan yoğrulub. O, bir şair ömrü yaşayır.
İllər ötüşdükcə dəyişir zaman,
Ömür qum saatı…quma yox güman!
Ruh da ki, bədəndə bir ilğım, duman,
Misrada qocalır bir şair ömrü!

Ürəyə yükləyib kədəri, qəmi,
Şeirdi əkdiyi, biçdiyi zəmi,
Vərəqi çevrilən kitablar kimi,
Gün-gündən azalır bir şair ömrü!

Xəyalı ulduzda, gündə, aydadı,
İlhamı dağlarda, düzdə, çaydadı,
Sevgisi bu cahan, dünya boydadı,
Eşqindən güc alır bir şair ömrü!

Təvəkkül Goruslu məhz belə bir şair ömrü yaşayır.. Onun şair ilhamı doğma kəndi üçün həsrət notlarından tutmuş Qarabağa, Vətən yolunda, azadlıq uğrunda şəhid olmuş oğullarımızın xatirəsinə, üçrəngli müqəddəs bayrağımızın vəsfinə qədər dönür, dolaşır. Öz ifadəsiylə desək, kağıza şeirinin qanı tökülür. Milli-mənəvi dəyərlərimiz uğrunda da döyüşür Təvəkkül Goruslu.
Onun şeirlərində payızın təsvirinə də tez-tez rast gəlirik. İnsan öz ömrünün «ekvator» xəttini keçəndə payızı daha çox sevir. Çünki onun ömrü də payıza oxşayır. Payız bütün fəsilləri özündə əks etdirir, əvvəli baharı xatırladır, sonra yayı, sonra öz payız ömrünü yaşayır və sonda qışa doğru yol alır. Təvəkkül Goruslu bir şeirində payızın rəsmini çəkir, onu sözlərinin rənginə boyayır payızı. Amma o, payızla insan ömrü arasında bir bənzəyiş görür:
Açılmış kitabdı, varaq-varaqdı,
Varaqda titrəyir payız özü də.
Dərdləri üst-üstə yarpaq-yarpaqdı,
Yarpaqda titrəyir payız özü də.
Şəhid anasıdı, baxışı nəmli,
Titrəyən kamandı, sədası bəmli,
Məhzun bir bulaqdı, gözləri nəmli,
Bulaqda titrəyir payız özü də.

Buludu səmada yellənən ələk,
Günəşi niqabla keçinən mələk,
Qanadın gərincə, əsincə külək,
Budaqda titrəyir payız özü də.

Bu şeir Təvəkkül Goruslunun ən seçimli təbiət şeirlərindən biridir, desəm, yanılmaram.
TƏBİƏT ŞAİRİDİR O!
Təvəkkül Goruslu yaşadığı həyatın, gerçəkliyin müxtəlif hadisələrinə də öz münasibətini bildirir və şairlərin ictimai-siyasi hadisələrə həssaslıqla yanaşdığını bir daha sübut edir. O, Qarabağ hadisələrindən söz açır, məkrli ermənizmi ifşa edir, dünyada baş verən hadisələrə də münasibətini bildirir, yaşadığı cəmiyyətdə və mühitdə haqsızlıq görürsə susmur. Bəzən nəsihətə də keçir, yaşının hökmü ilə gəncliyə tövsiyələrini də əsirgəmir. Amma onun əksər şeirlərində İnsan amili ön plandadır. Şeirlərinin lirik qəhrəmanı onun özüdür, desəm, yanılmaram. Özü də hər bir şeirində kövrəklik, həssaslıq notları ilə üzləşirik. Özü də bir şeirində deyir ki: «»Allahım, sən məni kövrək yaratdın!». Bəzən isə kövrəklik həddini aşır, haqsızlığa üsyan edir:
Yalançı dilində «Allah» kəlməsi,
Qardaşı qardaşdan edirsə xəbis,
Ürək bulandırır üzə gülməsi,
Yeganə adı var, o da ki İblis!

Nəhayət, onun sevgi şeirləri barədə bir neçə kəlmə. Sevgi elə bir duyğudur ki, o, insanı həmişə cavan saxlayır. İnsan yaşa dolanda bu sevgi hissləri heç də korşalmır rəngini itirmir müşahidə etmişəm ki, insan yaşa dolanda daha çox sevir, ya keçmiş sevgi dolu günləri bir işıqlı xatirə kimi qəlbinə dolur, ya da təzədən sevir. Təvəkkül Goruslunun bir sevgi şeirindən misal gətirəcəyəm:
Sevgidən, sevdadan bəhs etmə mənə,
Gözümün önündə sevgi rəsmi var.
Elə vurulmuşam, aşiqəm sənə,
Məcnunun, Kərəmin yalnız ismi var,
Bu kövrək, həzin poetik misralar pıçıldayır:
MƏHƏBBƏT ŞAİRİDİ O!
Onun ən yaxşı sevgi şeirlərindən biri «Öpsün ləçək ləçəyi»dir. Bu şeirdə də Təvəkkül Goruslu gözəl bənzətmələrlə diqqəti cəlb edir:
Sevgi bir kəpənəkmi,
Qondu qəlbim tacına.
Ürək gülmü, çiçəkmi
Əllə düşdü ovcuma.
Kəpənəkli budağın.
Olaq gülü, çiçəyi.
Qucsun yarpaq yarpağı
Öpsün ləçək ləçəyi.

Mən Təvəkkül Gorusluya yeni yaradıcılıq uğurları arzulayıram.
Redaksiyadan: İyulun 1-də qəzetimizin təəssübkeşi və daimi oxucusu, şair Təvəkkül Goruslunun 60 yaşı tamam olur. Biz də şair qardaşımzı yubileyi münasibətilə təbrik edir, ona sağlam ömür və yeni yaradıcılıq uğurları arzulayır, bir neçə şeirini oxucularımızın diqqətinə çatdırırıq. Redaksiya heyəti adından hörmətlə: Tamxil Ziyəddinoğlu

CAN SƏNƏ TÜRK BAYRAĞI
Ax, necə qürurluyam, görüncə səni gendən,
Azərbaycan vətənsə, Anadolu da vətən.
Türkün başı üstündə əbədi dalğalan sən,
Sinən üstdə al rəngin, azadlıq, uğur rəmzi,
Can sənə Türk bayrağı, can sənə qürur rəmzi!

Ax, necə də parlaqdı üstündə ay, yıldızın,
Sənlə fəxarət duyur hər oğulun, hər qızın,
İstiqlal, istiqbaldır Tanrıdan tale yazın,
Sinən üstdə al rəngin azadlıq, uğur rəmzi,
Can sənə Türk bayrağı, can sənə qürur rəmzi!

Ax, necə zövq alıram bayraqlar yarışından,
Köksüm körük kimidi vüqarlı duruşundan,
Ellər dastanlar qoşdu vuruşdan, barışından,
Sinən üstdə al rəngin azadlıq, uğur rəmzi,
Can sənə Türk bayrağı, can sənə qürur rəmzi!

Sən türkün simvolusan, öndə dalğalan, dayan,
Bütün türk bayraqları yanında, sənə həyan,
Göydə "Türk yıldızları" olsun daim parlayan,
Sinən üstdə al rəngin azadlıq, uğur rəmzi,
Can sənə Türk bayrağı, can sənə qürur rəmzi!

Mən sənlə vüqarlıyam, mən sənlə qürurluyam,
Bir Allahım bilir ki, necə də onurluyam,
Mən mənən Sibiriya Kiprlə sınırlıyam,
Sinən üstdə al rəngin azadlıq, uğur rəmzi,
Can sənə Türk bayrağı, can sənə qürur rəmzi!

Burda üçrəngli bayraq göy qurşağı, göy üzü,
Orda sənlə tikildi göylərə türkün üzü,
Şəninə qurban dedim hər sətiri, hər sözü,
Sinən üstdə al rəngin azadlıq, qürur rəmzi,
Can sənə Türk bayrağı, can sənə türkün rəmzi!


NURU ALTMIŞIN

İndi də altmışın qapısındayam,
Əlim tutqacında, özüm müntəzir.
Dindirmə, urfani havasındayam,
Ruhumu şeirə etmişəm nəzir!

Qədərim himindən, kökündən ağır,
Bir kimsə çəkəmməz mən çəkənləri.
Keçmişdən yaddaşa ümmanlar sığır,
Sahilin çığnayır lal təkanları.

Tərifin deyimmi, ömür nə demək?
Olumla ölümün etdiyi vuruş!
Cisminlə ruhuna verdikcə əmək,
Ruhun da cismində gətirər duruş.

Adamı yaşadar iman dediyin,
Günahlar ömürün sərt dolanbacı.
İnsansan, halalsa tapıb yediyin,
Canına nuş olar, olsa da acı...

Goruslu demə ki, yalın eyləyib,
Saçına əl çəkib qoru altmışın.
Bax illər kölgəni qalın eyləyib,
Üzündə, gözündə nuru altmışın!

TOY DA ÇALDIRSAN
Yüzlə ötüşürdü keçən illərim,
İndisə radarlar altmışdı deyir.
Şükür ki, sükanı tutur əllərim,
İn şə Allah, yoluma çıxacaq xeyir.
Deyirlər çətindi yetmişlə getmək,
Ağrısı, azarı cərimə istər.
Qəti qadağandır başqasın ötmək,
Çarığın deşilər, olarsan müstər.
Sən hələ səksəndən, doxsandan danış,
Sükanın yerini əsa doldurur.
Çəkilir əqrəba, həm də dost- tanış,
Yol-iriz gözlərin nurun soldurur.
Ayağın dirəyib həyat gedişin
Oğulsan Goruslu yüzə qaldırsan.
Bu dünya vallahi pozmaz gərdişin,
Yasında lap belə toy da çaldırsan.

MƏZAR ALAR
Baxıb-baxıb dünyaya,
Güzgüsün əyri gördüm.
Gözümə ləl göründü,
Yerində şeiri gördüm.
Kasıbın qarnı acdı,
Varlının şüuru ac.
Heç biri doyan deyil,
İstərsən yüz qapı aç.
Sən də doydur beynini,
Nəfsin tox olsun, amma,
Gözdən salma əynini,
O yetirər tamama.
Qədəri nur olanın,
Gözü, könlü tox olar.
Qədəri gor olanı,
Sərvətsiz məzar ALAR!


TANIMADINMI
Sən kimsən söyləyib soranım mənim,
Eşqiylə könlümü saranım mənim,
Qəlb olub köksümdə vuranım mənim,
Sevdanın qulunu tanımadınmı?
Sevgidən biçmisən misranı, sözü,
Manqal ürəyimin alışdı közü,
Yuxusuz, " yol çəkən " dolanan, gözü
Yollarda qalanı tanımadınmı?
Ay mənim sevdalım, vücudu zərif,
Sözlər də gücsüzdü, eyləsin tərif,
Hüsnünü bilibən qurani- şərif,
İtaət qılanı tanımadınmı?
Könlün yuvasından düşüncə pərən,
Ömür çiçəyimi mən oldum dərən.
Əlimi götürüb əlinə verən,
Tanrının qolunu tanımadınmı?

BƏŞƏR
Nəhəng ağacdı dünya,
Buludlar yarpaqları.
Ulduz-ulduz çiçəklər
Bəzəyir budaqların.
Qürub edincə günəş,
Buludları saraldır.
Yetişən qaranlıqlar,
Göy üzünü daraldır.
Sıxılınca üfüqlər,
Toparlanır ulduzlar.
Durna kimi səmada,
Qaratlanır ulduzlar.
Saymaq olmur, sayı yox,
Ölçüləri müxtəlif.
Gözəllikdə tayı yox,
Çiçəklərə müxalif.
Tanrı tale saatın
Qurunca yerə düşər.
İlahi bir ağacın,
Meyvəsimi bu bəşər?


VAR
Dünyanın əzəldən iki rəngi var,
Gündüzü bəyazdır, gecəsi qara.
Amma ki, işığın yüz ahəngi var,
Nuruyla aləmə biçir zərxara.
Dünyanın əzəldən iki halı var,
Biri xeyirdirsə, biri də şərdi.
Amma ki, hər kəsin öz amalı var,
Birində çöplükdü, birində zərdi.
Dünyanın əzəldən iki yönü var,
Gələnlər ağlayar, gedəni gülməz.
Arxası ləpirli, izsiz önü var,
Arxa xatirədi, önünü bilməz.
Dünyanın əzəldən iki cinsi var,
Biri kişidirsə, biri də qadın.
Əməllə bilinər içdə hansı var,
Həm hörmət qazanar qorusa adın.
Dünyanın əzəldən iki sayı var,
Biri mənfidirsə, biri də müsbət.
Həm onun, həm bunun özcə tayı var,
Ortada qalmaqsa başqa müsibət!
Dünyanın əzəldən iki dadı var,
Biri nifrətdirsə, biri məhəbbət.
Nifrət səmum kimi ömrü qurudar,
Məhəbbət həyatda ən böyük sərvət.
Dünyanın əzəldən iki anı var,
Biri bədbəxtlikdi, biri xoşbəxtlik.
Anlar ötərisə sərbəst yanı var,
Desinlər insandı köçən rəhmətlik.
Dünyanın əzəldən iki üzü var,
Göy üzü, yer üzü - bütöv kainat.
Ruhumuz göylərə, cismimiz yerə,
Bax burdan başlayıb bitir bu həyat.

BU BOZ DÜNYADA
Tutub ətəyindən boz xəyalların,
Bozarıb yaşadıq bu boz dünyada.
Dalınca qaçdıqca cah- cəlalların,
Kar olduq, kor olduq bu toz dünyada.
Duymadıq varlığın səssizliyini,
Görmədik əbədi var olanları.
Dünya da dərd etməz sənsizliyini,
Köçüncə unudar kar olanları.
Pəncərə önündən baxdığın dünya,
Əbədi dünyana pəncərə qoymaz.
Ləllərin üstünə taxdığın dünya,
Ləlli də, ləlsiz də aparar, doymaz.
Goruslu deyildir sözün hakimi,
Söyləmir Tanrıdan vəkil seçilib.
Bəs onda çalışmaq ölümsüz kimi,
Zehniyyət quluna hardan biçilib?

DAMCI İZİ VAR
Təbrikim mərmərə döşənən çiçək,
Əksinə yapışan nəmli dodaqlar!
Qol açıb nisgildən üşənən çiçək,
Göylərdən sallanan ruhun qucaqlar!
Səma da uzadıb matəm çadırın,
Analar gününə sədəqəsimi?
Kimsəyə əyilməz haqqı Qadirin,
Üfüqlər imanın hədəqəsimi?
Yanında yer etsə ayağın ucun,
Bu canım əbədi rahatlıq tapar.
Ruhumu özüylə aparıb köçün,
Cismimdə həsrətdən tutanlar qopar!
Oğlundu, ay ana, yanına gələn,
Tanrıdan görüşün geci, tezi var.
Əzizim, ay anam, göz yaşım silən,
İndi sinən üstdə damcı izi var!

QUYLAMASINMI
Baxırlar, görürlər qapqara rəngdə,
İmanlı əmələ saxta deyirlər.
Qarpızı çıxardıb bürünc səhəngdən,
Hövsələn basginən, toxta deyirlər.
Başları koldadı, quyruqlarını,
Gizlədə bilmirlər, aylbdan- ayıb.
Əli qalınların buyruqlarını ,
Anında edirlər, aylbdan-ayıb!
Dondurub ilhamın heyrətdən ruhum,
Bağrının üstünə daş etməsinmi?
Donunu geyməsin nifrətdən ruhum,
Qələmi bunlara tuş etməsinmi?
Yazsınmı kağlza təəssüflərin,
Qələmi qəzaya hoylamasınmı?
Çəkib də saxtakar təbəssümlərin,
Bir qara dördlüyə quylamasınmı?…



NİGARANDI
Düşünmə ki, ürəyinin səhrası,
Məcnunsuzdur, gəzəni yox sərgərdan.
Nə olsun ki, gülümsəyir çöhrəsi,
Şair eşqdən nigarandı nigaran!
Siyah həsrət məskən edib ürəyi,
Axşam əsir, səhər susur küləyi.
Qarğıdıqca dara çəkir fələyi,
Şair eşqdən nigarandı nigaran!
Fəqət doğru, barxanları qum deyil,
Qanla çağlar, altı üstü nəm deyil,
Qəmi yüksək, elə belə qəm deyil,
Şair eşqdən nigarandı nigaran!
Məcnun xəyal gəzər xəyal səhralar,
Diqqət çəkməz Aişələr, Zəhralar,
Göz yaşından xəyal səhra nəhr olar,
Şair eşqdən nigarandı nigaran!

ƏTİR SAÇILDI
Nə gözəl açılıb puçurun ağzı,
Bir dodaq bahardı, bir dodaq yazdı.
Həm ordan duyulur həyatın məğzi,
Bir dodaq oğlandı, bir dodaq qızdı.
Yaradan yaratmış nə gözəl dəhan,
Boyasın təbiət əliylə çəkmiş.
Budağa qonubdu ufacıq cahan,
Cahanlar içində hər biri təkmiş.
Baxdıqca, duyduqca gözüdolusu,
Könlümün budağı göz- göz açıldı.
Goruslu gözəllik, həyat dəlisi,
Ruhuna bir başqa ətir saçıldı.

DARIXMAĞIN
Qapıdasa qışdan ötə yaz darıxır,
Darıxmaqdan həm də alır həzz darıxır,
Goruslu da elə bilmə az darıxır,
Aşiqidi indi həm də darıxmağın.
Darıxmaqsa dərdə salan hər yazarı,
O fərqlidir, həm də sevir intizarı,
Dəyişibdi həm baxışı, həm nəzəri,
Aşiqidi indi həm də darıxmağın.
Üzülməyə, darıxmağa könül verib,
Çiçəyindən çələng hörüb, dəstə dərib,
Yağış yuyub, yel qurudub, günə sərib,
Aşiqidi indi həm də darıxmağın.


VARMI

Elə bir yerdəyəm dörd yanım bomboş,
Zamanmı keyflidir, dövranmı sərxoş,
Cismim qov kimidi, ruhum əliboş,
Həyatın ortası, mərkəzi varmı?
Düşüncə özümün, bir qədər də yad,
Əski xatirələr lent kimi bərbad,
Hissim, duyğularım eyləmir fəryad,
Hiss ölçən, ruh çəkən tərəzi varmı?
Bu nə həyatdır ki, ətalət içrə,
Bu cana, bu ruha olubdu hücrə,
Simurq qanadında eyləyib hicrət,
Getməli bir behişt ərazi varmı?

DƏYMƏ
Elə bil manqalam, közlə pörtmüşəm,
Dünəndən yüz məzar üstü örtmüşəm.
Tanrımı yanılıb...deyir dördmüşəm,
Üçüm sənin olsun, birimə dəymə!
Üfləyib o yandan azar- bezarı,.
Əzrayil salmasın burdan güzarı,
Allahım, itibdi sayı məzarın,
Seçim sənin olsun, dirimə dəymə!
Bəlkə düşünürsən, qışda güləm mən,
Ocağım sönübdü, daşda küləm mən?
Ay canım, Goruslu Təvəkküləm mən,
Özümə toxunma, şeirimə dəymə!)

SANIR
Dərya, dəniz dalğalarla qovrulsa,
Dərddaşımdı, təlatümlə oyanır.
Baxın dağa, zirvəsində qar varsa,
Qardaşımdı, əzəmətlə dayanır.
Bu dünyanı tərk eylədi neçəsi,
Çoxu bundan sonra hələ köçəsi,
Gün keçincə gəlir yenə gecəsi,
Sirdaşımdı, siyah rəngə boyanır.
Görürsənmi gün gətirən günəşi,
Həyat verir kainata atəşi.
O olmasa sürüyəmməz yer nəşin,
Od daşımdı, qayğı ilə hey yanır.
İnsan oğlu ömr eyləyir cəbr ilə,
Mütləqdir ki, sonu gəlir qəbr ilə,
Yükü ağır, yolun yortur səbr ilə,
Adaşımdı, dərddən, qəmdən usanır.
Tanrıyasa insanların sevgisi,
Vecə gəlməz dərdin, qəmin təpgisi.
Təvəkkülün varsa şair yetkisi,
Yaddaşımdı, bütün bunu eşq sanır.

NƏDƏN
Ayazmı gətirir saçın bəyazı,
Qışamı dönübdü ömrünün yazı,
Unutdun qəmzəni, unutdun nazı,
Təbəssüm üzünə yad gəlir , nədən?
İçində ağrı var , üzün buz kimi,
Elə bil seyr edir məhkum hakimi.
Qul olsan dəyişməz talenin hökmü,
Təbəssüm üzünə yad gəlir, nədən?
Dilbərdi, mələkdi qadın deyilən,
Nə güclər önündə oldu əyilən.
Kipriklər nəm çəkmiş, qaşlar düyülən,
Təbəssüm üzünə yad gəlir, nədən?
Bəşərin gözüdü qadın əzəldən,
Hüsnünə don geymiş şeir, qəzəldən,
De, şair nə üzlə yazsın gözəldən,
Təbəssüm üzünə yad gəlir , nədən?

GƏTİRSİN
Qarşıdan yeni gün, yeni il gəlir,
Hər şeyin yenisi könlü dindirir.
Köhnə il təqvimdən adını silir,
Masadan, divardan alıb endirir.
Xəstəlik qayğılar köhnədə qalsın,
Təzə könüllərə sevinc gətirsin.
Toy- büsat, şadlıqlar səhnədə qalsın,
Qəm, kədır nəhayət izin itirsin.
Yarasın sarısın yaralı Vətən,
Xaraba yurd yerim cənnətə dönsün.
Birləşsin hələ də paralı vətən,
Yanan ürəklərin atəşi sönsün.
Xocalı, Xankəndi altına girsin,
Kölgəsin sallasın üçrəngli bayraq.
Dostlar da, düşmən də hər yandan görsün,
Asılmış müzəffər çələngli bayraq.
Var olsun millətim, Azərbaycanın,
Xalqları qardaşlar çiyin- çlyinə.
Hər biri uğrunda verincə canın,
Qələbə kiteli geydi əyninə.
Uğurlar gətirsin gələn yeni il,
Ölkəmdə asayiş bərqərar olsun.
Komando qalxınca, vurunca təbil,
Terrorçu çətəsi cəm firar olsun.
Şəhidlər qanına hopan torpağım,
Hər daşda, qayada güllər bitirsin.
Küləklər əyməsin zərif yarpağın,
Ruhlara təravət, qeyrət gətirsin.
Ədalət keşiyi çəkən Turanım,
Birləşib zülümə versin nəhayət.
Qürurla, onurla keçsin hər anım,
Təzə il gətirsin yeni fəxarət!

QAR YAĞIŞI
Kəpənək- kəpənək fırlanan qarın,
Sonucda, torpaqdır, yerdir hədəfi.
Torpağın sinəsi istidir hələ,
Soyucaq bərq vurar bəyaz, sədəfi.
Pəncərə önündən qarın yağmasın,
Seyr etmək bir başqa əhval yaradır.
Düşüncə anidən ərisə belə,
Göy otlar yolüstdə bax, sırsıradır.
Elə bil bir sürü kəpənək uçur,
Külək də çalışır yerə qonmasın.
Torpaq da minlərcə ağzını açır,
Nəfəslə isidir, üzü donmasın.
Əlimi uzatdım, əlimə düşən,
Dənəcik can verdi, əlimə hopub.
Yoxsa tələsirdi yerlə görüşə,
Bəlkə də sevindi əlimi tapıb.
22-06-2022, 20:47
Zəfər tarixinin qəhrəmanları ilə möhtəşəm görüş

Zəfər tarixinin qəhrəmanları ilə möhtəşəm görüş

2022-cil il 18 iyun tarixdə 44 günlük zəfər tarixini yazan Laçın rayonunun Minkəndli qəhrəmanları ilə möhtəşəm görüş keçirildi. 41 nəfər Minkənd kəndinin sakinlərindən 44 günlük Vətən Müharibəsində iştirak edən döyüşçülərdən 29 nəfəri Prezident İlham Əliyevin sərəncamı ilə medallarla təltif olunmuşdur.

Müəllifi olduğum “Zəfər Tarixinin Qəhrəmanları” kitabını da tədbirdə qəhrəmanlara təqdim elədik. Xatırladım ki, “Zəfər Tarixinin Qəhrəmanları” kitabında görüşünə gəldiyimiz hər bir qəhrəman haqqında geniş məqalə var. Həmçinin kitabda Minkənddən olan birinci Qarabağ savaşında şəhid olmuş 17 nəfər və həmin illər qızğın döyüşlərdə şücaət göstərmiş 43 nəfər döyüşçü, Laçının ermənilər tərəfindən vandalizmə məruz qalmış tarixi abidələri haqqında yazılar yer almaqdadır.

Tədbiri kəndimizin ziyalısı, uzun illər ŞƏHİD Bayram Məmmədov adına orta məktəbin direktoru və Minkənd icra nümayəndəliyinə rəhbərlik eləmiş Əsəd İsmayılov açaraq, şəhidlərimizin ruhuna ehtiramla 1 dəqiqəlik sükut elan elədi. Tədbirdə çıxış edən Millət vəkili Mahir Abbas Qarabağda aparılan quruculuq işlərindən söz açaraq, böyük qayıdışın tezliklə baş tutacağını əminliklə ifadə etdi. Qazilərimizlə qürur duyduğunu , onlarla görüşdən məmnun olduğunu bildirdi.

Yeni Azərbaycan partiyası Laçın rayon təşkilatının sədrii İlqar İlyasov da tədbirdə çıxış edərək bir daha torpaqlarımızı işğaldan azad edən döyüşçülərə Laçın rayon YAP kollektivi adından təşəkkürünü bildirdi. Tədbirdə Səfər Səfərov, tarix elmləri doktoru Ələmdar Şahverdiyev, ŞƏHİD Bayram Məmmədov adına Minkənd tam orta məktəbinin direktoru İlqar Şahverdiyev, Fəxrəddin Əliyev, Abdulla Səfərov, Yusif Əliyev, Varaşil Məmmədov, Vidadi Şahsuvarov və seyid Mirələm çıxış etdilər. Bu tədbirdə qazilərimizin ataları Xanoğlan, Əfəndi, Seyfəddin, Cəmil, Allahverdi, şəhid İsrafil Hümbətovun oğlu Vasif, Nəsir də ürək sözlərini söylədilər. Əliabbas müllimin kövrək çıxışı xüsusi ilə yaddaqalan oldu. İş adamı Hafiz Rüstəmov əsgərlərimizlə qürur duyduğunu ifadə etdi.

Tədbirdə çıxış edən Yasamal rayon YAP-ın sədr müavini, “İnsan Hüquqları Müdafiəsi və Ekologiyanın Qorunması” mərkəzinin sədri Elşən Ağayev, Millət Vəkili Mahir Abbas və Minkənd ziyalıları fəxri fərmanları qazilərə təqdim etdilər.
Görüşün sonunda Minkənd kəndinin ziyalıları qazilərlə xatirə şəkili çəkdirdi. Bu görüşdə hər kəs qürurlu idi. Torpağı vətən edənlərlə bir arada olmaqdan şərəf duyduq.

Subut Mehdiyev
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!