Nağdsız ödənişlər iqtisadi
artımı necə formalaşdırır? –
MüsahibəRəqəmsal transformasiya fonunda nağdsız ödəniş sistemlərinin genişlənməsi həm qlobal, həm də milli iqtisadiyyatlarda mühüm dəyişikliklərə səbəb olur. Bu prosesin iqtisadi artıma təsiri, üstünlükləri və mümkün riskləri ilə bağlı suallarımızı iqtisadçı ekspert e.ü.f.d Gündüz Camalzadə cavablandırır:-
Nağdsız ödəniş sisteminə keçidin iqtisadiyyata əsas təsirləri necə qiymətləndirilə bilər?- Nağdsız ödəniş sistemləri qlobal maliyyə strukturunda köklü dəyişikliklərə səbəb olub. Tədqiqatlar göstərir ki, bu keçid yalnız rahatlıq təmin etmir, həm də iqtisadi artıma ciddi töhfə verir. Məsələn, Avropa İttifaqı ölkələri üzərində aparılan araşdırmalarda nağdsız ödəniş metodlarının (kart ödənişləri, elektron pul və s.) iqtisadiyyata təsirinin uzun müddətdə daha qabarıq nəzərə çarpdığını göstərir. Qısa müddətdə bu ödəniş növləri arasında qarşılıqlı əvəzetmə müşahidə olunsa da, uzun müddətdə ÜDM-ə mənfi təsiri olmayan, əksinə, iqtisadi fəallığı artıran bir dinamika formalaşır. İndoneziya nümunəsinə əsasən COVID-19 pandemiyası dövründə e-pul (e-money) vasitəsilə nağdsız ödənişlərin iqtisadi artıma təsirinin əhəmiyyətli dərəcədə artdığı sübut edilib. Bu o deməkdir ki, rəqəmsal iqtisadiyyatın inkişafında nağdsız ödəmə vasitələri xüsusilə böhran dövrlərində iqtisadi sabitliyin təminatçısına çevrilir.
-
Nağdsız ödəniş vasitələrinin rəqəmsal iqtisadiyyata müsbət və mənfi tərəfləri nələrdir?- Tədqiqatlar göstərir ki, nağdsız ödənişlər nağd pulun daşınması risklərini azaldır, bank xidmətlərinin xərclərini aşağı salır və korrupsiya ilə mübarizədə mühüm rol oynayır. Bundan əlavə, bu sistemlər maliyyə daxilolmalarının -financial inclusion artmasına şərait yaradır, yəni bank xidmətlərinə çıxışı məhdud olan əhali qrupları da iqtisadi dövriyyəyə cəlb olunur. Lakin mənfi tərəfləri də nəzərə almaq lazımdır. Əsas risk məlumat təhlükəsizliyi və kiberhücumlar ilə bağlıdır. Rəqəmsal sistemlərə keçid, texnoloji imkanlardan məhrum və ya rəqəmsal savadı aşağı olan əhali qruplarının iqtisadi fəallıqdan kənarlaşmasına səbəb ola bilər. Bu, “rəqəmsal bölünmə” adlanan vəziyyəti dərinləşdirərək, sosial bərabərsizliyi artırmaq potensialına malik risk faktorudur.
-
İstifadəçilərin bu sistemləri qəbul etməsində hansı amillər daha çox rol oynayır?- Burada maraqlı bir nüans var. Bir qrup tələbələr ilə aparılan tədqiqatlar göstərir ki, “Sosial Təsir” və ya “Asanlaşdırıcı Şərtlər” kimi amillər bəzən texnalogiyanın qəbulunda həlledici rol oynamır. Əsas həlledici amillər “Gözlənilən Performans” və “Texnologiya Təhlükəsizliyi” hesab olunur.
Yəni insanlar bu sistemləri yalnız rahat və təhlükəsiz hesab etdikləri təqdirdə qəbul edirlər. Digər tərəfdən, istehlakçı davranışlarına təsir edən “etibar” amili də kritik əhəmiyyət kəsb edir. Onlayn alış-verişdə etibarın formalaşması, nağdsız həyata keçirilən rəqəmsal iqtisadiyyatın uğurunun açarıdır.
-
Azərbaycanda rəqəmsal və alternativ ödəniş alətlərinin inkişafını necə qiymətləndirirsiniz?- Azərbaycanda qlobal tendensiyalara uyğun olaraq, “Rəqəmsal Ödəniş Ekosistemi”nin formalaşması istiqamətində qətiyyətli addımlar atılır. Hindistan kimi inkişaf etməkdə olan iqtisadiyyatlar üzərində aparılan tədqiqatlar göstərir ki, kiçik pərakəndə satış mağazalarından tutmuş böyük ticarət platformalarına qədər geniş spektrdə rəqəmsal ödənişlərin tətbiqi mümkündür. Azərbaycanda da son illərdə “pərakəndə satış nöqtələri”nin (POS) sayının artması, mobil tətbiqetmələrin və QR-kod vasitəsilə ödənişlərin geniş yayılması bu istiqamətdə irəliləyişin bariz nümunəsidir. Lakin Azərbaycan üçün əsas çağırış, “təhlükəsizlik” və “etibar” amillərinin maksimum təmin edilməsidir. İndoneziya təcrübəsindən göründüyü kimi, nağdsız ödənişlərin ÜDM-ə təsiri pandemiya şəraitində daha da artıb. Azərbaycanda da pandemiya sonrası dövrdə vətəndaşların rəqəmsal ödənişlərə marağı artıb. Gələcəkdə hökumətin nağdsız ödənişləri daha da təşviq etməklə yanaşı, kiber-təhlükəsizlik infrastrukturunu gücləndirməsi və rəqəmsal savadın artırılması istiqamətində addımlar atması, iqtisadiyyatın şəffaflığı və effektivliyi üçün strateji əhəmiyyət daşıyır.
-
Yekun olaraq, Azərbaycan üçün hansı tövsiyələri vermək olar?- Azərbaycan iqtisadiyyatı üçün nağdsız ödənişlər, pul dövriyyəsinin sürətlənməsi və vergi bazasının genişləndirilməsi baxımından böyük fürsətdir. Lakin bu keçid təkcə texnoloji infrastrukturun yaradılması ilə məhdudlaşmamalıdır. Təhlükəsizliyin gücləndirilməsi və cəmiyyətin bütün təbəqələrinin bu sistemlərə inteqrasiyası vacibdir. Qlobal təcrübə, o cümlədən Nigeriya və Hindistan nümunələri göstərir ki, doğru tənzimləmə və təhlükəsizlik tədbirləri görüldükdə, nağdsız ödəniş alətləri rəqəmsal iqtisadiyyatda korrupsiyanın azalmasına və iqtisadi artıma mühüm töhfə verir.
Qəmər Qurbanova,
Aysun Hüseynova,BDU Jurnalistika fakültəsinin tələbələri