Özündən gen düşmək .....                        Köhnəlməz tarixin əski yazısı .....                        Əməkdar artist dəfn olundu .....                        Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        İranın Azərbaycandakı səfiri ölkəni tərk edir .....                        Türkiyə XİN razılaşmaya dair bəyanat yaydı .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                       
30-05-2022, 22:07
Ələddin Allahverdiyevin 75 illik yubileyi qeyd olundu.

Ələddin Allahverdiyevin 75 illik yubileyi qeyd olundu.

29 may 2022-ci ildə Bakı şəhərində Ələddin Allahverdiyevin 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Tədbirdə "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin ən ali mükafatı "Aşıq Ələsgər-200" yubiley medalı, Dünya okeanı və kosmik fəzanın tədqiqatlarında, dəniz seysmik kəşfiyyatı, elektron, müdafiə və tibb sənayesində istifadə olunan cihazların və aparatların yaradılmasında dalğa və rəqs proseslərinin öyrənilməsi üçün riyazi modellərin və metodların yaradılması sahəsində Sovet, Rusiya və Azərbaycan alimi, professor Ələddin Allahverdiyevə ictimai birliyin sədri, Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli tərəfindən təqdim edildi və fəxri diplomla təltif olundu.

Eyni zamanda 29 may bir neçə əlamətdar təltiflərlə də yadda qaldı. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinin keçirilməsi ilə bağlı 18 fevral 2021-ci il sərəncamından sonra ölkəmizdə geniş miqyaslı tədbirlər keçirildi. Belə tədbirlərin Gəncə şəhərində keçirilməsində əvəzsiz xidmətləri olan Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova, Azərbaycan aşıq poeziyasının inkişafına verdiyi töhvələrə görə, iş adamı Ələsgər Mehdiyev və "Vətən" poeması ilə bütöv Azərbaycan deyən şair, publisist Ramiz Qusarçaylı da ictimai birliyin ən ali mükafatı olan "Aşıq Ələsgər-200" yubiley medalı və fəxri diplomu ilə təltif olundular.

Yubiley tədbirində tanınmış ictimai və elm xadimləri çıxışlar etmiş, yubilyarı səmimi qəlbdən təbrik etmişlər. Azərbaycanın musiqi xadimləri, aşıqlar və muğam ifaçıları bənzərsiz ifaları ilə yubiley tədbirini rövnəqləndirmişlər.

30-05-2022, 21:19
"Ağlama, könlüm ağlama"

"Ağlama, könlüm ağlama"

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Hənifə Şəbnəmin "Ağlama, könlüm ağlama" şeirlər kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri, şair-publisist Güllü Eldar Tomarlı bildirib ki, ictimai birlik olaraq fəaliyyətimizdə neçə-neçə yaradıcı şairlərin yaradıcılığı işıqlandırılır, bu gündə ənənəmizə sadiq olaraq, Hənifə Şəbnəmin "Ağlama, könlüm ağlama" şeirlər kitabını ictimaiyyətə təqdim etdik.

Hənifə Şəbnəm sözü gedən kitabında, real hadisələrdən təsirlənərək, acılı-şirinli günlərini bədii sözlərlə, ən gözəl şəkildə tərənnüm etmişdir. Şair Hənifə Şəbnəmə Mirvarid Dilbazi Poeziya Məclisi adından ipək baş örtüyü hədiyyə olundu. 24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmiş "Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması"dır. Beləliklə, 26 Noyabr Azərbaycan Kəlağayısı günüdür.

Qız nəvələrimiz nənələrindən dəstir götürər və səni yenə başlarına tac edərlər.
Qoy bütün dünyaya məlum olsun ki, səni bir bayraq kimi hər zaman başımız üzərində dalğalandıracaq və milli şərəf kimi yaşadacağıq. Mirvarid Dilbazi Poeziya Məclisi olaraq unudulmağa və tərk edilməyə qoymayacağımız milli sərvətlərimizdən biri olan kəlağayını ( butalı, yelənni, noxudu, qoşa butalı, şah butalı, ipək ) yaşatmağa çalışacağıq. Qoy dünyanın hər yerinə bir daha yayılsın ki, saz bizim olduğu kimi kəlağayı da bizimdi. Biz onu gələcək nəsillərə həm milli baş örtüyü kimi, həm də gözəllik simvolu kimi təqdim edirik.

Tədbirdə çıxış edən, QHT-nümayəndələri, saz-söz adamları Hənifə Şəbnəmin yeni işıq üzü görmüş kitabında müəllifin iç dünyasının nə qədər zəngin olmasına bir daha şahidi olaraq, onun yaradıcılıq xüsusiyyətləri haqqında danışılıblar.
Sonda Hənifə Şəbnəm yeni işıq üzü görmüş kitabını qonaqlara hədiyyə edərək, gələn bütün iştirakçılara və tədbirin təşkilatına görə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinə dərin təşəkkürlərini bildirib.

28-05-2022, 10:19
Birinci dərəcəli kapitanın monoqrafiyası

Birinci dərəcəli kapitanın monoqrafiyası
“Zabit kadr hazırlığında və Xəzər bölgəsinin hərbi-dəniz müdafiəsində Azərbaycanın rolu (1939–1945)” monoqrafiyası çapdan çıxıb

Monoqrafiyanın müəllifi Silahlı Qüvvələrin Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərb tarixi üzrə professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyevdir. Nəşrin hərbi məsləhətçisi Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, professor, general-leytenant Heydər Piriyev, elmi redaktoru – AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev, rəyçiləri - AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun tarix üzrə fəlsəfə doktoru, dosent Nərminə Əmirbəyovadır.

Azərbaycan tarixən coğrafi mövqeyinə görə Xəzər hövzəsində hegemonluq uğrunda mübarizə aparan əsas geosiyasi qüvvələrin maraq dairəsində olub. İkinci Dünya müharibəsi illərində də Azərbaycan bu bölgədə hərbi–siyasi hadisələrin mərkəzində olub və xalqımız faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakarlığını və cəsarətini bir daha nümayiş etdirdi.
Oxuculara təqdim olunan monoqrafiyada müharibə illərində Xəzər hövzəsi uğrunda böyük dövlətlərin apardıqları geosiyasi rəqabət bu bölgədə yaşanan tarixi hadisələr prizmasından təhlil olunub. Əsərdə Azərbaycan xalqının həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərməsi barədə də ətraflı məlumat verilib.
Zəngin arxiv sənədləri əsasında hazırlanmış monoqrafiyada bu dövrdə Azərbaycanın bölgənin hərbi-dəniz müdafiəsində rolu və Bakının hərbi-strateji əhəmiyyəti, onun Sovet Ordusu və Hərbi–Dəniz Qüvvələri üçün zabit kadrları hazırlanması mərkəzinə çevrilməsi barədə təhlillər aparılıb.
Kitabda İkinci Dünya müharibəsi dövründə Xəzər bölgəsində baş vermiş tarixi hadisələr ümumiləşdirilmiş formada və xronoloji ardıcıllıqla təqdim olunub. Nəşr Azərbaycanın mülki ali və xüsusi təyinatlı təhsil müəssisələrinin müəllimləri, tələbələri, dinləyiciləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabdan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində də istifadə oluna bilər.

28-05-2022, 07:56
DÜNYA ŞÖHRƏTLİ ALİM, GÖYÇƏ HƏSRƏTLİ POEZİYA VURĞUNU

ƏLƏDDİN ALLAHVERDİYEV – 75


DÜNYA ŞÖHRƏTLİ ALİM, GÖYÇƏ HƏSRƏTLİ POEZİYA VURĞUNU

2016-cı ilin əvvəlləri idi. Feysbukdakı “Ulu Göyçə” qrupunun aktivi Fəridə Qədimovadan messengerimə bir mesaj daxil oldu: “Salam, Araz Yaquboğlu. Sizin vikipediyadakı fəaliyyətinizi alqışlayır, alimlərimiz, şairlərimiz, tarixi şəxsiyyətlərimiz haqqında yaratdığınız məqalələrə görə şəxsim adından sizə təşəkkür edirəm. Əgər mümkün olarsa, mənim qardaşım haqqında da səhifə yaratmaq olarmı?”
Açığı deyim ki, Fəridə xanımın qardaşını tanımadığımdan: “Qardaşınız haqqında əldə olan məlumatları göndərin baxım, ensiklopedik olarsa yaradaram”, – dedim. O, bir neçə gün sonra qısa da olsa bir məlumat göndərdi. Baxdım ki, Fəridə xanımın qardaşı professordur. Bu ilkin olaraq onun ensiklopedikliyinin bariz sübutu idi. Və beləcə professor Ələddin Allahverdiyevlə qiyabi tanışlığımız başladı. Ələddin Allahverdiyev haqqında ciddi araşdırmalar apardım. Düzdür, Ələddin müəllimin bir çox elmi işləri məxfi olduğundan müəyyən çətinliklər də vardı. Buna baxmayaraq, etibarlı mənbələrə əsaslanaraq 2 aprel 2016-cı ildə vikipediyada məqaləni yazmağa başladım. Bu haqda Fəridə xanım qardaşı Ələddin müəllimə məlumat verdikdən sonra o mənə mesaj yazaraq minnətdarlığını bildirdi və hətta qeyd də etdi ki, bəlkə də lazım deyildi. Mən isə ona bildirdim ki, Ələddin müəllim, təvazökarlıq etməyin, sizin haqqınızda mən artıq çox məlumatlıyam. Siz işlədiyiniz institutda birinci prorektorsunuz, sizin tətbiqi riyaziyyat, fizika, mexanika sahəsində elmi nailiyyətləriniz, elmi adınız, ixtiralarınız, dövlət təltifləriniz var.
2016-cı ilin 3-4 iyun tarixlərində Bakı şəhərində Dünya Azərbaycanlılarının IV qurultayı keçirilirdi. Ələddin Allahverdiyev də 50 ildən çox yaşadığı Moskva şəhərindən bu qurultaya dəvət olunmuşdu. 50-yədək ölkədən 500-dən çox qonağın qatıldığı bu qurultayda, eləcə də bundan əvvəlki bütün qurultaylara Ələddin Allahverdiyev hər zaman dəvətli olub. Bir gün öncədən danışdığımız kimi, qurultaydan sonra “Alov qüllələri” kompleksinin qarşısında görüşdük. Bu görüşü hərdən yada salır, unudulmaz bir gün kimi xatırlayıram. Bir az gəzişib söhbət etdikdən sonra Ələddin müəllimin bacısı oğlu Elvin Musayev (Allah rəhmət eləsin, çox nurlu insan idi, sonralar, 2020-ci ildə Elvin 35 yaşında koronavirusdan vəfat edəcəkdi) gəlib bizi maşınla Hüseyn Cavid bağına apardı. “Yaşıl kafe”nin həyətindəki iri şam ağaclarının kölgəsində əyləşib pürrəngi çay içə-içə müxtəlif mövzularda şirin söhbətlər etdik. Hüseyn Cavidin heykəli qarşısında xatirə şəkli çəkdirdik. Bu Ələddin müəllimlə ilk görüşümüz idi.

Tələbəlik illəri

Professor Ələddin Allahverdiyevlə sonralar əlaqələrimiz daha da sıxlaşdı. Bizi biri-birimizə daha çox Göyçə mövzusu bağladı desəm, heç də yanılmaram. Ələddin müəllim üçün Göyçə mövzusu ən ali, ən vacib məsələdir. 2017-ci ildə görüləcək işlərin yazılı planı ilə o, Göyçəliləri bir araya gətirə bildi. 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunmasının, bunun yüksək səviyyədə keçirilməsinə gecikmədən başlanılmasının vacibliyini, sosial şəbəkələrdə, mətbuatda, televiziyada təbliğata başlanılmasını lazım bildi. Elə son nəticə də onun dediyi kimi oldu. Keçən il Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi ilə bağlı respublika prezidenti İlham Əliyev sərəncam imzaladı. Pandemiya olmasına baxmayaraq, tədbirlər qaydalara uyğun yüksək səviyyədə keçirildi. Bakı şəhərində Aşıq Ələsgərin heykəlinin də ucaldılması üçün ayrıca sərəncam verildi.
2017-ci ilin 29 mayında Ələddin Allahverdiyevin 70 illik yubileyi anasının və bir çox doğmalarının yaşadığı qədim Gəncə şəhərində təntənəli qeyd olunmuşdu. Bundan sonra iyunun 3-də Bakı şəhərində də yubiley mərasimi Monte Kristo restoranında keçirildi. Tədbirdə Ələddin Allahverdiyevin yaxınları, həmkəndliləri, ürək dostları iştirak edirdi. Tədbir çox möhtəşəm keçdi. Hamı ürək dolusu Ələddin müəllimdən söz açdı, sağlıq dedi, köhnə xatirələr çözələndi. Xoş bir gün yaşadıq.
Bu günlərdə artıq Ələddin müəllimin 75 illik yubileyi qeyd olunacaq. İstədim onun haqqında nəsə yazım. Yazmağa çətinlik çəkirəm. Çünki onun haqqında yazmaq bir məsuliyyətdir. Asan deyil.
Elvin Musayev, Araz Yaquboğlu və Ələddin Allahverdiyev
2017-ci ildə Ələddin Allahverdiyevdən 70 illik yubileyi ərəfəsində çalışdığım “karabakhmedia.az” saytının baş redaktoru Ramil Cəbrayıl ilə birlikdə müsahibə götürmək fikrimiz olsa da, bu müxtəlif səbəblərdən 2018-ci ildə baş tutdu. “Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı” başlıqlı müsahibə Azərbaycanın bir neçə aparıcı saytlarında və “Türk dünyası ağsaqqalları” qəzetində dərc olundu. 2019-cu ilin sonlarında isə şair-jurnalist Arif Məmmədli ilə Ələddin müəllimin Bakıda qonaq olmasından istifadə edib onunla görüşdük. Bu görüşün nəticəsi də “Azərbaycanı ləyaqətlə təmsil edən böyük alim” adlı maraqlı bir məqalənin yaranmasına səbəb oldu. Bu məqalə “Xalq qəzeti”nin 12 yanvar 2020-ci il tarixli sayında çap olundu. Hər iki yazıda Ələddin müəllimin həyat və fəaliyyəti ilə bağlı xeyli açıqlamalar vermiş, keçmiş SSRİ və Rusiya kimi dövlətlərin elmi ictimaiyyətində kifayət qədər tanınan bir alim haqqında Azərbaycan cəmiyyətinə az da olsa məlumat verməyə çalışmışıq.
Ələddin müəllimin maraqlı həyat tarixçələri var. Məsələn, o, IV-V siniflərdə oxuyarkən Moskva Dövlət Universitetinin (MDU) qülləli binasının şəklini görmüş, xoşuna gəlmiş, “Mən burada oxuyacam” fikri xəyalından keçmiş və bu arzusu illər sonra reallaşmışdır. Digər bir nüans. Göyçədə ataya müraciətin ən çox işləndiyi müraciət forması Qağa və Dədə idi. O da atasına Dədə deyə müraciət edərmiş. Birinci sinfə, özü də yaşıdlarından da bir il tez orta məktəbə gedərkən əlifba dərsliyində oxuyur ki, valideynə ata deyirlər. O həmin gündən başlayaraq dədəsinə ata deyə müraciət edir. Bu dediklərim kiçik detallar olsa da, onun iti zəkasından, gələcəkdə böyük bir şəxsiyyət olacağından xəbər verirdi.
Hələ orta məktəbdə oxuyarkən şeir yazmağa başlamış, şeirləri “Bolluq uğrunda” adlı Basarkeçər rayon qəzetində dərc olunmuşdur. Özü də ilk şeiri IV sinifdə oxuyarkən çap olunub. Sonralar ədəbiyyat müəllimi olan Qəşəm Aslanovun məsləhəti ilə o da rayon qəzetinin redaksiyasında keçirilən ədəbi məclislərin ən kiçik yaşlı üzvü olur. Poeziya vurğunu Ələddin müəllimin Moskvada oxuyarkən yataqxana otağından iki şeir dəftəri oğurlanır. Bu hadisə ona pis təsir edir, şeir yazmaq həvəsini “öldürür”. Poeziyanın vurğunu Ələddin müəllimin son illərdə Göyçəyə həsr etdiyi şeirini oxuculara təqdim etmək istədim:

Nur alıb nurundan işıqlanmışam,
Səndən başlayıbdır talem, a Göyçə!
İllərdi qürbətdə səni anmışam,
Hicrinlə inləyir naləm, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Sən ömür bəzəyim – müqəddəs Anam,
Mən sənin övladın, qərib oğlunam.
Daim səcdəndəyəm, sadiq qulunam,
Adım çağrılsa da alim, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Qartal yaraşığı əngin göylərin,
Dağın əzəmətli, bulağın sərin.
Saz sənin zinətin, söz sənin zərin,
Onlarla açılıb dilim, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Dillərdə əzbərdi SÖZ ərənlərin,
Halal zəhmətiylə bar dərənlərin.
Dosta süfrəsini gen sərənlərin,
Onlarla tanınır elim, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Tarix dalğalanır Göyçə gölündə,
Qəlb coşur Ələsgər adı gələndə.
Alının sazlarda sözü güləndə,
Min rəngə boyanır halım, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Güc alıb gücündən pöhrələnmişəm,
Sazından, sözündən bəhrələnmişəm.
Adınla daima qürrələnmişəm,
Çətin anlarımda Qalam, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Gecələr yuxumun həmdəmi sənsən,
Qərib həyatımın gündəmi sənsən.
Nisgili, sevinci, sitəmi sənsən,
Sənsən gərdişimdə haləm, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Qəlbimdə izi var hər günün, ayın,
Başı qarlı dağın, çağlayan çayın.
İlkin göz açdığım ətirli mayın,
Bir an xəyalına dalım, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Cismim qucağından uzaq olsa da,
Hicran qəm sazında hava çalsa da.
Ələddin yad eldə yuva salsa da,
Daim səninlədir, könlüm, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!


Ələddin Allahverdiyevin Bakıda keçirilən 70 illik yubileyində mənə iki nüans çox maraqlı gəldi. Bu onun Azərbaycan musiqilərinə çox qəşəng rəqs etməsi və danışarkən bir kəlmə belə qeyri dildə olan sözləri işlətməməsi oldu. Təxminən o tədbirdən bir il sonra ondan müsahibə alanda o mövzuda da ona sual verdik. O isə sualı belə cavablandırdı: “Hər bir insanın, xüsusən elm adamının bir neçə dil bilməsi yaxşıdır, bəlkə də zəruri və vacibdir, bu onun şəxsi qazancı, inkişafı, qarşıya qoyduğu məqsədin reallaşması üçün köməkdir. Öz ana dilini olduğu kimi qoruyub saxlamaq isə onun özünü olduğu kimi saf, tərtəmiz qoruması deməkdir. Əks halda, dilini unutması, qarışdırması milli mənsubiyyətini itirməsi deməkdir. Bağışlayın, bir qədər pafosla səslənsə də, mənim üçün ana dilim, dinim və milli mənsubiyyətim qanıma keçərək həyatımın varlığının mənasına çevrilmişdir. Ana dilimizdə danışarkən əcnəbi sözlər işlətməmək dilimizin çox zəngin olduğunu göstərir, sübut edir. Musiqi və rəqsə gəlincə, elə dünyanın ən gözəl musiqisi də, rəqsi də bizim xalqa məxsusdur. Ad günümdə iştirak edən bütün dostlara bir daha təşəkkür edirəm. Deyim ki, bir çox yuvarlaq ad günü məclisləri Moskvada həm qohum-tanışlarla, həm də qeyri dostlarla, həmkarlarla birgə qeyd olunub, orda da elə bizim milli musiqi və rəqslərimiz və sözsüz ki, saz havaları olub. Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında prorektor işlədiyim dövrdə keçirilən ayrı-ayrı bayram şənliklərində iştirak edən həmkarlarım həmişə məclisin kulminasiya zirvəsini – Azərbaycan oyun havalarının səslənməsini gözləyərdilər. Bu anda məclis xeyli canlanar, xüsusi bir rövnəq alardı. Mən isə qürur içində hər bir həmkarımla, xüsusilə qadın həmkarlarımızla rəqs etməkdən və onların gündən-günə bizim oyun ritmlərini öyrənmələrindən zövq alardım”.
Ələddin müəllim ilk növbədə böyük alimdir. MDU-nu bitirdikdən sonra elə həmin universitetin aspiranturasında saxlanılmışdır. Bundan sonra çox ciddi elmi yeniliklərə imza atıb. Özü də onun bir çox elmi işləri məxfi sayılır və onların geniş ictimaiyyətə açıqlanması yasaqdır. O, məxfi elmi-texniki işləri də daxil olmaqla 450-dən çox monoqrafiya, ixtira, elmi məqalə, dərslik və dərs vəsaitinin müəllifidir. Dərslikləri Rusiya Federasiyası Ali Təhsil Nazirliyi tərəfindən dərslik kimi qəbul edilmişdir. Bu əsərlər Moskva Dövlət Universitetinin, Rusiyanın digər müvafiq ali təhsil məktəblərinin nüfuzlu alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu dərsliklər əsasında uzun illər professor Ələddin Allahverdiyev özü də işlədiyi Akademiyada tələbələrə mühazirə oxumuş, məşğələlər aparmışdır. Ələddin müəllim 30-a qədər beynəlxalq, ümumittifaq elmi konfrans, simpozium və qurultaylarda 60-dan çox, o cümlədən 12 sifarişli, plenar məruzələrlə çıxış etmişdir. Oxucularımıza professor Ələddin Allahverdiyevin elmdə əldə etdiyi bir neçə yenilik haqqında qısaca məlumat vermək istərdim.

Professor Ələddin Allahverdiyev dostlarla.

O, tələb olunan tezliklə rəqs edən və əvvəlcədən müəyyən olunmuş ayrı-ayrı fiziki xarakteristikalara cavab verən, minimum kütləyə və ya həcmə malik olan pyezoelektrik elementlərin optimal formasını təyin etmək məsələsini həll edən ilk alimdir. Bu tipli məsələlərin həllində Ələddin Allahverdiyev riyaziyyatda məşhur olan Pontryaginin maksimum prinsipini ilk dəfə tətbiq etmişdir. Bu məsələlərin həlli süni peyk və kosmik gəmilərdən vacib elmi-texniki məlumatların uçuşları idarəetmə mərkəzinə verilməsi üçün yaradılan pyezoelektrik ötürücülərdə uğurla istifadə olunmuşdur. O, elektroelastiqiyyət nəzəriyyəsinin iki və üçölçülü dinamika məsələlərinin həllinə ümumiləşmiş variasiya prinsipi əsasında sərhəd və sonlu elementlər metodlarını ilk dəfə uğurla tətbiq edən alimlərdəndir. Variasiya prinsipinin tətbiqi pyezoelektrik elementlərin rabitəli rəqslərinin çoxsaylı məsələlərinin həllinə də uğur gətirmişdir. Disk formalı pyezokeramik membranlarda mexanikanın dinamika məsələlərində çox mühüm olan “kənar effekti”nin mövcudluğunu nəzəri cəhətdən ilk dəfə Ələddin Allahverdiyev aşkar etmişdir.
Ələddin müəllimin insani keyfiyyətlərini, mənəvi dünyasını əks etdirən bir nüansa da xüsusi diqqət yetirmək istərdim. Yüksək elmi nəticələr əldə etmiş, böyük həyat təcrübəsinə malik alim öz memuarlarını ona orta məktəbdə dərs keçmiş müəllimləri haqqında xatirələrdən başlayıb. Belə ki, “Müəllimlərim haqda xatirələr” silsiləsindən olan 3-4 məqalədə 10-dan çox müəllimi ilə olan xatirələrini peşəkar publisist kimi axıcı bir dillə qələmə almışdır. Bu xatirələrin hər biri özü-özlüyündə çox informativ məqalələrdi.

Məsələn, məktəb direktoru İskəndər Hacıyevlə olan dialoqunu bir nəfəsə oxumamaq olmur. Yazını oxuduqca adamın ürəyinə yağ kimi yayılır. Digər müəllimləri Musa Kərimov-Şair Musa, eləcə də Murğuz Novruzov haqqında olan xatirələr də eyni ruhla qələmə alınıb. Doğulduqları kənddə və Moskvada dostluq, yoldaşlıq etdiyi Məmmədhəsən Qafarovla bağlı xatirələri də səmimi qəlbdən yazılıb. Məhz bu səmimiyyətdəndir ki, xatirələr şirin alınıb. Ələddin müəllimin xatirələr seriyasının zirvəsi Qəşəm Aslanov haqqında olanıdır desəm, səhv etmərəm. Bu bir oxucu fikri olsa da, xatirəni oxuyan digər şəxslər də mənimlə həmfikir olarlar. Çünki, bu xatirədə hələ sovetlər birliyinin kəshakəs dövründə o cür fikirlərin olması və bu fikirlərin Bakı ilə Moskva arasında məktubla göndərilməsinin nə qədər qorxulu olduğunu çox yaxşı anlayıram.
Ələddin müəllim kimi şəxsiyyətlərin hər zaman maraqlı memuarları olur. Belə memuar-xatirələr geniş oxucu kütləsinin mütəmadi diqqət dairəsində olub. Bir neçə dəfə Ələddin müəllimlə söhbətlərimizdə təklif etmişəm ki, bu mövzuda bir kitab yazsın.

Professor Ələddin Allahverdiyev haqqında nə qədər danışılsa, nə qədər yazılsa da hesab edirəm ki, azdır. Ələddin müəllim elmi fəaliyyətinə görə dəfələrlə Rusiya dövləti tərəfindən mükafatlandırılıb. “Moskvanın 850 illiyi” dövlət medalı, Ümumrusiya Sərgi Mərkəzinin qızıl medalı, “M.V. Lomonosov adına MDU-nun 250 illiyi” yubiley medalı və digər çoxsaylı təltiflər bu qəbilbəndir. Professor Ələddin Allahverdiyev 2019-cu ildə daha iki möhtəşəm medalla təltif olunmuşdur. Bunlar, elm və texnika sahəsində yüksək nəticələr əldə etmiş alimlərə verilən Rusiya Elmlər Akademiyasının nəzəri və tətbiqi mexanika komitəsinin təsis etdiyi Sosialist Əməyi Qəhrəmanı, akademik Xəlil Əhmədoviç Raxmatulin adına və Rusiya Kosmonavtika Federasiyasının təsis etdiyi Sosialist Əməyi Qəhrəmanı, kosmik proqramlar rəhbəri, general-leytenant, professor Georgi Aleksandroviç Tyulin adına medallardır.

Ələddin müəllim böyük alim olmaqla yanaşı, həm də nümunəvi ailə başçısıdır. O, 1978-ci ildə Məhsəti xanımla ailə həyatı qurub. MDU-nun məzunu Məhsəti xanım kimya elmləri namizədidir. Onların Toğrul və Aytən adlı bir oğlu, bir qızı var. Toğrul iqtisad elmləri namizədidir, Amsterdamda öz ixtisası, riskləri idarəetmə üzrə, “Eurasian Resources Group” kompaniyasında icraçı direktor vəzifəsində çalışır. Qızı Aytən isə həkimdir, Qətərin paytaxtı Doha şəhərində cərrah işləyir. Ələddin müəllimin hər iki övladı ailəlidir, dörd nəvəsi var.
Bu yazını professor Ələddin Allahverdiyevin 2022-ci il may ayının 29-da qeyd olunacaq 75 illik yubileyi münasibətilə qələmə aldım. Onu bu yubileyi ilə əlaqədar səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı arzulayıram. İnanıram ki, Göyçə bulaqlarının gözündən su içən, Göyçənin təmiz havasını udan Ələddin müəllim sağlıqlı və uzun bir ömür yaşayacaq.

Araz Yaquboğlu,
Tədqiqatçı-jurnalist





27-05-2022, 09:35
“PARAM-PARÇA İLLƏRİM...”

“PARAM-PARÇA İLLƏRİM...”

Mayın 25-də Bakı şəhərinin, Suraxanı rayonundakı 226 nömrəli tam orta məktəbdə Azərbaycan xalq şairi Vahid Əzizin “Param-parça illər...” kitabının təqdimatı keçirildi.

Təqdimatda Suraxanı Rayon İcra Hakimiyytinin başçısı Əziz Əzizov, Suraxanı Rayon YAP sədri Vüqar Seyidov, RİH başçısının müavini Könül Axundova, məktəbin şəhid məzunu Nazim Kirxlarovun anası Sultanxanım Kirxlarova, Vətən müharibəsi qazisi, məktəbin məzunu Ülvi Hüseynov, RİH-nin şöbə müdirləri, F.Köçərli adına Uşaq kitabaxanasının direktoru, əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, F.Köçərli adına Uşaq kitabxanasının direktor müavini, əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova, şagirdlər, valideynlər və pedaqoji kollektiv iştirak etdi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Tədbiri giriş sözü ilə məktəbin direktoru Arzu Məmmədova açdı. O, “Param-parça illər” kitabı haqqında məlumat verərək, bu topluda şairin Ali Baş Komandan İlham Əliyevə, 44 günlük Vətən müharibəsinə, igid oğullarımıza, Böyük Zəfərə həsr etdiyi şeirlərin toplandığını bildirdi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyytinin başçısı Əziz Əzizov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərlə şəhidlərimizin qisasının alındığını, bu qələbə ilə hər bir vətəndaşın Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi olduğunu bildirdi. Sonra Əziz Əzizov şair Vahid Əzizlə olan görüşün şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edəcəyini, yaradıcı ziyalılarla olan görüşlərin digər təhsil ocaqlarında da davam etdirilməsinin vacibliyini diqqətə çatdırdı.

Tədbirin aparıcısı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Güldanə Xalıqova xalq şairi Vahid Əzizin müəllifi olduğu “Param-parça illər...” kitabında poetik obrazın güclü olduğunu, şairin bütövlükdə şeirlərində yurd təəssübkeşliyinin, Vətənə olan sonsuz məhəbbətin tərənnüm olunduğunu bildirdi. Müəllifin “Dəmir yumruq” silsiləsində isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığından bəhs olunduğu qeyd olundu. Vurğulandı ki, kitabda müəllifin Vətən müharibəsi günlərində Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sarsılmaz dostluğuna, Qarabağın tacı Şuşaya həsr olunduğu şeirlər, “Heyrət səcdəsi” adlı poema və "Şəhidlik zirvəsi", "Naməlum şəhid məzarı", "Şəhid məzarına məktub", "Vətən", "Qarabağda", "Qarabağ", "İrəvana qədər", "Yaşatdılar” və s şeirlər daxil edilib.

Xalq şairi Vahid Əziz alqış sədaları altında səhnəyə dəvət olundu. Vahid Əziz çox şaxəli ədəbi yaradıcılığından, tarixi yurd yerlərimizdən, “Param-parça illər...” kitabında yazdığı bəzi şeirlərdən danışdı. Vətənpərvərlik mövzusunda yazdığı yeni şeirini söylədi. Şair “Param-parça illər” kitabındakı aşağıdakı misraları da dilə gətirdi.
Dən səptik – bitən oldu,
Ormanlara tən oldu,
Buralar torpaq idi,
Can verdik, Vətən oldu...

Həmin gün məktəblilər şairin keçdiyi mənalı ömür yolunu vərəqlədilər, yazdığı şeirləri söylədilər. Vahid Əzizin “Param-parça illər” kitabının dövlət mükafatına təqdim olunması xəbəri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Xalq şairi 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizi, Azərbaycan əsgərinin qəhrəmanlığını böyük ürək çırpıntısı ilə qələmə aldığını, o sevincli Zəfər gününün yaddaşlardan silinməyəcəyini qeyd etdi. Şagirdlərin ona ünvanladığı sualları da əhatəli cavablandırdı. Musiqi çələngini 3 nömrəli uşaq incəsənət məktəbinin müəllimi Rəşidə İskəndərova fortopianoda bəstəkar Faiq Sücəddinovun “Vətən balladası” əsərini ifa edərək tədbir iştirakçılarına ərməğan etdi.

Məktəbin direktoru Arzu Məmmədova çıxışında şagirdlərin istəyi ilə məktəbə dəvət olunan Azərbaycanın xalq şairi Vahid Əzizə, eləcə də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova, Suraxanı Rayon YAP-nın sədri Vüqar Seyidova pedaqoji kollektiv adından təşəkkür etdi. Təqdimatın sonunda xatirə şəkli çəkildi.

Təranə CƏBİYEVA
20-05-2022, 22:14
Qərib dünyamızın Sevinci

Qərib dünyamızın Sevinci

Poeziya min illərdir ki, söz səltənətində öz hakimi-mütləqliyini qoruyub saxlamaqdadı. Çünki insan qəlbinin ən mübhəm hisslərini, könül duyğularını lirik-estetik ruhda dilə gətirməkdə nəsrin hələ ki bu qədər qüdrəti və imkanı yoxdur. Həm də poeziya hər sətrində musiqi dili ilə danışdığından insan duyğularına daha tez hakim kəsilir. Bu həqiqəti də unutmaq olmaz ki, milli nəsrimizlə müqayisədə poeizyamız daha qədim köklərə və ənənələrə malikdir.
Tarixən Azərbaycan poeziyasının inkişafında və formalaşmasında kişi yazarlarla yanaşı qadın şairlərimiz də çox önəmli rol oynamışlar. Məhsəti Gəncəvi, Ağabəyim ağa, Xan qızı Natəvan, Fatma xanım Kəminə, Heyran xanım, Aşıq Bəsti, Aşıq Pəri və digər adlarını çəkmədiyim ünlü söz adamları Azərbaycan şeir sənətinin çiçəklənməsində öz silinməz möhürlərini vurmuşlar. Bəzən kişilərin belə dilə gətirə bilmədikləri gerçəklikləri, haqqı-ədaləti, ağrılı məqamları qadın yazarlar daha cəsarətlə, uca səslə bəyan etmişlər. Bu da tarixi həqiqətdir ki, bütün zamanlarda söz meydanında olsalar da, qadın şairlərin səsi XX əsrdə daha gur eşidilməyə başlamışdır. Müasir poeziyamızda da qadın yazarlar daha böyük bir inamla və cəsarətlə boy göstərməkdədirlər.
Sevinc Qərib imzasına bir neçə il öncə rast gəlmişəm. İlk təəssüratdan bu xanımın şeirlərindəki kövrək deyim tərzi, sözün məna çalarlarından böyük ustalıqla yararlanmaq bacarığı, onun ən dərin qatlarına varmaqla fikrin azad, aydın şəkildə çatdırmaq cəsarəti məndə onun yaradıcılığına böyük hörmət və ciddi maraq oyadıb. O zamandan da başlayaraq Sevinc Qərib imzasını ardıcıl olaraq izləməyə başlamışam. Vaxt keçdikcə onun şeirlərinin gündən-günə, ildən-ilə necə bir dinamika ilə ətə-qana dolub, pöhrələndiyinin şahidi olmuşam.
Ayrılıqdan vüsala salınıb bu körpülər,
Eh... hələ də uzaqlar yetimlik çəkir orda.
Qorxuram bu yolların etibarı qırıla,
Həsrət yerin bərkidir, təzə ev tikir burda...

Sevinc Qərib. Adla təxəllüs arasındakı kövrək bir təzad onun şeirlərində sanki iki əks duyğunu bir axarda birləşdirir. İnsanın ürəyindəki sevinci ilə daxili dünyasındakı qəribliyi söz aləminə də sirayət edir. Hər iki hiss bu fani aləmdə insan övladına xas bir-birini dabanqırma izləyən sirli bir ovqatdır ki, Sevinc Qərib bu iki barışmaz duyğunu öz bədii yaradıcılıq müstəvisində poetik ucalıqda birləşdirməyi bacarır.
Bəzən adama elə gəlir ki, Sevinc Qərib uzaq keçmişlərdən günümüzə yol tutub gələn söz karvanının tənha və qərib bir yolçusudur. Sanki çiyninə atdığı söz heybəsinə xalqın ən qədim və zəngin hikmət baxçasından dərdiyi inci sözləri çin-çin yığaraq onları zərgər dəqiqliyi ilə məna sapına düzür.
Körpülərin tağları qırıq bəndə söykənib,
Bir qara əl oynayır sevincimin içində.
Gün təzə boylanırdı duman özün yetirdi,
Yenə yollar üşüyür yiyəsizlik biçimdə.

Sevincin kövək sətirlərindəki duyğular insanı elə bil Simurq quşunun qanadlarına alıb təhtəlşüurumuzda uyumuş uzaq keçmişimizə aparır. O keçmişimizə ki, ucu-bucağı görünməyən bozqırlarda ərən babalarımızın meydan açıb şahə qaldırdıqları meydangir atların kişnərtiləri bir-birinə qarışıb. Adama elə gəlir ki, lap uzaqlardakı yovşan ətrinə bürünmüş qıpçaq çöllərində yurdundan illərlə ayrı düşmüş bir bahadır son ümidin işığına doğru illər öncə qoyub getdiyi doğma obasına yetişmək üçün haçadil atına süvar olub, gecə-gündüz bilmədən yerin damarını qıraraq batıdan doğuya yol gedir.
Yoldumu izimi çəkib aparan,
Mənəmmi bu yolun inadın qıran?
Kimiydi yanımdan ötdü çaparaq,
Kimiydi uzaqdan əl edib duran?
Yol məni, mən yolu gedib bitirdik,
İndi ayrılırıq bir tin başnda.
O məndə, mən onda itib gedirdik,
Fərqində deyildik yayın, qışın da.

Sevinc Qərib təpədən dırnağacan ruh adamıdı. Ağacda yarpağın tərpənməsi də, çəməndə insanı bihuş edən çiçəklərin ətri də, bir payız axşamı pəncərəni döyəcləyən meh də onun duyğularını yerindən oynadıb qəlbini ehtizaza gətirə bilir. Bu kövrək hiss, lirik ovqat da incə bir deyimə çevrilib, nəğməyə dönür. O, məcazlardan, epitetlərdən və digər bədii detallardan yerində və ustalıqla yararlanaraq yeni bir poetik lövhə yarada bilir.
Mənim ruhum başqa, düşüncəm başqa,
Quşun dimdiyində yem sevinciyəm.
Könlümə dost olur bəzən qarışqa,
Kimdi bu qəribdən küsüb inciyən.

Söz adamları nə qədər toplumun diqqət mərkəzində olsalar da, hamı tərəfindən hörmət göstərilib adları urvatlı tutulsalar da, həmişə özlərinin söz dünyalarında tənhadılar. Onların ən böyük könül sirdaşı, ürəkdən inanıb söykənəcək bildikləri də elə sözdən başqa digər bir varlıq deyil.
Hisslərim yaman ağrıyır,
Üstündən ağır söz keçib.
Ürəyim məni qarğıyır-
Deyirəm yenə döz, keçib.
Yorub bu tale, bəxt məni,
Dilim ağzımda süst düşüb.
Ruhum cismimdən eymənib
Bir ayrı cana dəst düşüb.

Ürəyi bənövşə yarpağından da zərif, kövrək və yumşaq olar söz adamının. Bəni insan övladına tez inanar, onu güvənc yeri bilib bu inamın işığında yol gedər. Vay o gündən ki, bu inama, bu ümidə hansısa naşı, ürəksiz zərrə qədər kölgə sala. Bax, onda başlayar söz adamının haqq-hesab saatı, məşhər günü.
Bircə adam saxlayaydın gözümdə,
Kiçiltməzdin ucaltdığım “dağları”.
Bircə ümid, bircə inam, tək güvən...
Qaraltmazdın dürr bildiyim “ağları”.

Sevinc Qəribin şeirləri formaca sadə olduğu qədər də mənaca dərindi. O, hər sözdən yerli-yerində yararlanaraq canlı, emosional təbii lövhələr yarada bilir. Sözlərin aydın və lirik bir ovqatda bir-birini izləməsi fikrin dolğun fəlsəfi-estetik tutumu ilə vəhdət təşkil edir.
Gətirməzdin gözlərimə payızı,
Başlamazdı yarpaq-yarpaq xəzanlar,
Yalanına bulaşmazdı taleyim,
Yıxılmazdı ürəyimdən adamlar.

Tale belə gətirib ki, Laçının başı buludlardan su əmən dağları qoynundakı cənnətmisal qucağında doğulub, uşaqlığını və həyatının sonrakı dönəmini qəriblikdə, şəhərin tozlu-paslı küçələrində keçirməyə məcbur olan şairənin bütün yurd niskilləri və ağrıları da sözün zərif çiyinlərinə yüklənir.
Sən şoran torpaqda ümidlər göyərt,
münbit torpağında yağı oynasın.
Sən vaqonda yaşa, qamışdan ev qur,
sənin xanimanın yad əldə qalsın.
Sən dərdlərə bələn, qəmlərə bükül,
düşmən at oynatsın sənin obanda.
Ürəyindən göynə, içindən sökül,
yağı büsat qursun isti yuvanda.

Hiss olunur ki, Sevinc şeir yazanda heç vaxt onun növünü, janrını, qafiyəsini, rədifini və digər detallarını gözə alıb duyğularını çərçivəyə salmır. Əvəzində duyğular onu ağuşuna alıb öz sirli dünyasına aparır. O dünyaya ki, orada hər şey sevgidən yoğrulub, hər zərrə məhəbbətdən boy tutub. O dünyanın ayrılmaz sakini olan kövrək qadın ürəyində narahat dünyamızın taleyindən nigarançılıq ağrıları keçir, insanlığın qaranlıq sabahına gözlərindən kədər selləri daşdanır.
Mənim ürəyimin divarları sevgidən hörülüb
içində olanlar sevgiylə qorunur.
Kasıb komalarının köhnəlmiş damından
yağış daman kimi
göz yaşı damar, ağrı damar mənim
ürəyimdən hərdən.
Hər gecə yuxuları aldadıb ürəyimə köçürəm,
səliqəyə salıram dağınıq eşq süfrəsini,
gündüz tökdüklərimi yığıram öz yerinə.
Sonra öpüb gözündən enirəm yatağıma,
Gecə də layla çalır dizlərində uyuyan
o bəxtəvər qadına...

Sevincin sözlə yaratdığı çeşidli bədii fikir lövhələri poeziyanın imkanlarının nə qədər geniş və hüdudsuz olduğunu bir daha bütün əzəməti ilə gözümüz önündə canlandırır. Az sözlə böyük məna yaratmaq, fikrin fəlsəfi-estetik tutumunda poetik lövhə nəqş etmək gənc şairənin böyük söz potensialına malik olduğundan xəbər verir.
Getdiyim yolun kəsəsi
Qəmin izinə calanır.
Kimim var umub küsəsi,
Kölgəm dizimə dolanır.

Sevinc Qərib bu gün bədii yaradıcılığının ən qaynar və çiçəklənən dövrünü yaşayır. O, ədəbi mühitdə siyasi-ictimai konyukturanın tələb etdiyi şəkildə qalaq-qalaq kitablar yazmaq, mətbuatda və radio-televiziyada özünü reklam elətdirmək düşüncəsindən uzaq bir ovqatda sadə bir şair ömrü yaşayır. Başları başlarında dayananların tərifinə, mədhinə qarışmış ədəbi orqanlar və yaradıcılıq qurumları hələ ki, bu istedadlı söz adamını görməzdən gəlirlər. Lakin sözün qüdrətinə, ilahi gücünə öz varlığı qədər inanan və tapınan Sevinc Qəribin heç bu “xala xətrin qalmasın” münasibətlərə ehtiyacı da yoxdu. Çünki o, şeirin və sənətin təmənnasız söz ömrünü yaşayır. O ömrü ki, əsrlərin və nəsillərin təlatümləri, kataklizmləri belə bir ləyaqətli söz ömrü yaşayan insanın adını sözün yaddaşından silmək gücündə belə deyil.
Qavalı neynirəm, dəfi neynirəm
İçimdə inləyən saz havası var.
Sırası pozulmuş səfi demirəm
Qərib durnaların öz cəfası var.

Dinər könlümdəki yaralı nəğmə
Susar göy üzünün “kişnəyən atı”
Qəmim qol qaldırıb oynayan nəğmə
Sevdamın dərd adlı toyu büsatı.

Hərdən mənə elə gəlir ki, Sevinc Qərib qatarından ayrı düşmüş qərib bir durnadır. Sözün işığına doğru əbədi bir yola çıxıb. Öz səfini və qatarını yaratmaq üçün ucsuz-bucaqsız səmalarda gecə-gündüz qanad çalır. Bu əzablı, uzun yolda ona möhkəm can sağlığı, yorulmaz fəaliyyət, uğurlar və elə söz ömrü arzulayırıq.

İlham Məmmədli
filologiya üzrə fəlsəfə doktoru, dosent
13-05-2022, 07:38
NƏZAKƏT MƏMMƏDOVA YARADICILIĞINDA VƏTƏNPƏRVƏRLİK DUYĞULARI

NƏZAKƏT MƏMMƏDOVA YARADICILIĞINDA VƏTƏNPƏRVƏRLİK DUYĞULARI
(“Müasir poeziyamızda Qarabağ ağrıları” silsiləsindən)

Nəzakət xanımla ilk görüşümüz Əlyazmalar İnstitutunda keçirilən bir yığıncaqda olub. Sonralar “Xatirə kitabı” redaksiyasında bir neçə dəfə görüşüb söhbətləşmişik. Mənə özünün iki şeir kitabını və haqqında yazılmış kitabları verdi. Elə həmin gün şeir toplularını oxudum. Sadə, səmimi insan təsiri bağışlayan, əsl qadın xarakterinə malik bu xanımın şeirlərini oxuyanda bir qədər çaşdım. Xüsusilə də vətənpərvərlik mövzusunda yazdığı şeirlərdəki siqlət bir qadının qaldıra biləcəyi yükə bənzəmirdi. Elə diqqətimi çəkən və bu yazını yazmağıma səbəb olan da bu oldu. Müəllifin “Qarabağ qoxusu” adlı şeirində bir haray, bir hayqırtı var.

Gözüm arzu dolu körpülər salır
Üzü Qarabağa gedən yollara.
Qəlbimdə sönməyən ümid əl edir
Bizdən ayrı düşüb itən yollara.

Könlüm daşa basır ayrılıqları,
Ruhumdan Qarabağ qoxusu gəlir.
Adını çəkdikcə Mübarizlərin,
Vətən ağrısının yuxusu gəlir.


İllərlə sönmüş ocaqların həsrətini çəkən, qəlbinin odunu yığıb o ocaqları qalamağa, yenidən alışdırmağa gedəcəyi günü gözləyən, Xarı bülbülün ağlar gözünü silməyə Allahdan ümid diləyən, Qarabağ yollarını misra-misra gəzən şair sonda fikrini belə yekunlaşdırır: “Hər vətən övladı qarabağlıdır”. Sona Vəliyeva Nəzakətin “Yurd dediyim bu torpaq” kitabına yazdığı “Ruhun poetik yaddaşı” adlı yazısında şairin Qarabağ ağrı-acısını dindirərək yazır: “Nəzakət xanımın misraları yol olub Şuşadan, Xankəndidən, Xocalıdan, Daşaltıdan keçib, yol alıb Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Ağdam döyüş meydanlarından keçir, içimizin ağrısına bələnərək ümid-ümid çiçəkləməyə tələsir...”.

İrəvanda gur səsiniz döyünə,
Qarabağda bayrağımız öyünə.
Ayaqyalın gedim o toy-düyünə,
Öpsün Vətən torpağını gözlərim,
Dəysin Vətən torpağına dizlərim.


İllərlə haray çəkib, vətən ağıları yazan, qaçqının, köçkünün yurd dərdini, ataların, anaların oğul dərdini, körpələrin ata dərdini qələmə alan şairin gözləri ağlayır, qəlbi sızlayır. Üst-üsə qalanan dərdlərin dərdini çəkən şair sonda bu dərdləri misralara əkir: “Qayada, daşda da dərdin izi var”, “Yatmış vicdanların qeyrət dərdi var”, “Qanın axıb, bu qan yerdə qalınca, Vətən, bizi bağışlama!”, “Cıdır düzü” deyib könül dağladım”, “Çatlayır nar kimi sinəmdə ürək”, “Ana layla deyir qəbir daşına”, “Sığal çəkib dərd könlünün barına”, Ocağını söndürübsə fələklər, Nə umursan bəxt dediyin çıraqdan”, “Dözməkdən bezmişəm, ruhum ağrıyır”...
Barat Vüsal”Sözdən düşən işıq, yaxud ağrıyan ruh” adlı məqaləsində Nəzakət sözünün işığına bələnib, bu işıqda şairin ağrıyan ruhuna təsəlli verə-verə onun bütün xarakterini açıb göstərir və bir şair kimi bir şair dərdini, bir insan kimi bir insan dərdini, bir vətəndaş kimi bir vətəndaş dərdini açıqlayaraq yazır:
“Nəzakək Göyün Yer dərdini, Yerin Göy dərdini çəkə-çəkə cadar səhraları yağışa, cadar dodaqları neyə həsrət qoymayan şairlərdəndir. Dərdlər içində ən ağır dərdlərdən biri də əlbəttə ki, Yurd həsrətidir, Yurd dərdidir.
Şair dərdlərə laqeyd, biganə qalan, necə deyərlər, şiniyə-şiniyə baxan gözlərin də dərdimiz üstünə dərd gətirdiyinə dözmür...”.

Əliyalın qalan yaralı yurdum,
Boylandı özündən-özünə sarı.
Milli qeyrətimin möhür yeridir
Torpaqda ucalan şəhid məzarı.


Deyən Nəzakətin ağrıları hələ 1988-ci ilin fevralında başlayıb, 1990-cı il yanvarrında dərinləşib, hər rayon alındıqca, yara üstdən yara alan şair qəlbi Allahın verdiyi şair ilhamına üz tutub, şair qələminə sarılıb, misra-misra, şeir-şeir, kitab-kitab yanıb:
“Şəhid qızı” şeirində həm atasız bir körpəyə təsəlli var, həm də ordan şairin atasızlıq dərdi boylanır.

Ağlama, şəhid qızı,
Dərdin mənə tanışdır.
Ürəyim paramparça,
Qəmim naxış-naxışdır.
Ağlama, şəhid qızı,
Mən də ata itirdim;
Atamı itirəndə
Elə sən yaşda idim...


Nəzakətin dərdi illər öncə çiçəkləyib, şair illərlə bu dərdi içində daşıyıb, gizlicə ağlayıb-sızlasa da, yazıb-yaratmağı, ayaq üstdə durmağı bacarıb. Atasız böyüyən, özünü-aldada-aldada təsəlli tapan, ümidin, təsəllinin əlindən tutan şair şəhid qızına da təsəlli verir. Nəzakətin şəhid ağrısını digər şeirlərində də görürük. “Şəhidim” adlı şeirdə qisası alınmayan şəhidlərin ruhunun narahat olduğunu, gerçəklərin yalan olduğunu, gül-çiçəklərin solduğunu, illərdir anaların qara ləçəyini açmadığını, göz yaşlarının sel olduğunu, Vətənə gedən yolların bağlı olduğunu, şəhidlərin ruhu qarşısında xəcalətli olduğumuzu misralayan şair şeiri belə yekunlaşdırı:

Nə qədər ağrın var, ağrınla varam,
Yaramdı köksünün altdakı yaran.
Sən göyddən enəsən, mən burdan duram,
Gələ zəfər günü, gələ, şəhidim.


Hikmət Məlikzadə “Nəzakət Məmmədovanın yaradıcılığında Vətən kodları” adlı kitabında şairin poeziyasını hərtərəfli araşdırmış, şeirləri həm mövzu cəhətdən, həm də bədiilik cəhətdən təhlilə çəkmiş, şairin poetik düşüncələrini, şeirlərdəki obrazları, əsərlərin bədii siqlətini, bədii təsvir və ifadə vasitələrini sitatlar verməklə əyani şəkildə oxucuya çatdırmışdır. Müəllif yazır: “Nəzakət xanım “Yurd dediyim bu torpaq” kitabında mənfi ilə müsbətin çarpışdığı vadilərə, haqqa doğru səmt tapan arzulara boya sürtmək, lirik-ictimai çək-çevirlərində isə poetik ruhunu işığa batırıb oxucu könlünə nur çiləmək israrındadır. Əsas odur ki, o, çılğın fırtınasında da, dəli rüzgarında da hədd gözləyir, duyğularını çağdaş həyatın ən səciyyəvi məqamına yüksəldir”.
Nəzakət xanım həm də gözəl anadır. Üç övlad böyüdüb ərsəyə çatdıran bu xanım həm də zabit anasıdır. Milli duyğulara bələnən, vətənpərvərlik hisslərilə yaşayan, yazıb-yaradan şairin oğlu Ramilə ünvanladığı “Mən zabit anasıyam” adlı şeirdə də analıq hissi ilə yanaşı vətəndaşlıq hissi görürük.

Şükür, sənin yanında alnım açıqdır, Vətən,
Bir cəsur, bir qəhrıəman oğul böyütmüşəm mən.
Bir qarış torpaq üçün canını fəda edən,
Bayrağına, himninə, şərəfinə and içən
Zabit anasıyam mən!


Düşmən oyaq olduğu üçün rahat yuxu yatmadığını, içində intiqam hissinin çoşub-çağladığını qeyd edən şair sonda oğluna müraciət edərək “Səni Vətənə verdim, Sən Vətənin oğlusan” deyir.
Nəzakət Məmmədovanın Xocalı faciəsinin 25 illiyinə həsr etdiyi, vətənpərvərlik duyğularının zirvəsi olan poeması elə “Şəhid zirvəsi” adlanır. Şəhidlik zirvəsini ən uca məqam hesab edən müəllif bu poemada xalqımızın qarabağ ağrılarını poetik obrazlarla qələmə almışdır. Əsərin proloqunda “Elə bil səngər tək qazılıb sinəm”, “Ruhu Qan ağlayır Molla Pənahın”, “Böyük Pənah xanın ruhu göynəyir”, “Həsrətdən üşüyür Bülbülün səsi” deyən şair Şuşa, Laçın nisgilinin millətin köksündə dağ olduğunu qeyd edərək fikrini belə yekunlaşdırır:

Boylanır yaddaşın binələrindən
Bir ovuc bayatı, bir yarpaq ağrı.
Vətən ağrısını duymayan ömrü
Heç vədə isitməz Vətən torpağı.

Poemada müəllifin Qarabağ ağrıları, Xocalı harayı, vətənpərvərlik duyğuları, ürək çırpıntıları poetik boyalarla öz ifadəsini tapmışdır. Burada maraqlı obrazlar diqqəti çəkir: “Didərgin naləsi yurd yerlərində Matəm bayrağı tək dalğalanırdı”, “Qana bələnmişdi şirin arzular, Ümid çəkilmişdi dara saçından”, “Qisməti elə bil gəlmişdi qara Vətənin ömründən keçən yolların”, “oğullar yazırdı ürək qanıyla Tarixə millətin hesabatını”, “Hönkürə-hönkürə axırdı sular, Yolların üzündən kədər yağırdı”, “Barıt tüstüsündə, mərmi odunda Göz yaşı içirdi körpə arzular”, “Xəyanətkəsmişdi bəndi, bərəni, Hünər körpə kimi iməkləyirdi”.
Poemanın V hissəsi və epiloqunu oxuyanda adama elə gəlir ki, müəllif bu hissələri “Zəfər günü”ndən sonra yazmışdır:

Vətənin ağrılı, çətin anında
Ömrün qapısından çıxdı şəhidim.
Əsgər hünərini, əsgər andını
Düşmənə güllə tək sıxdı şəhidim.

Hünər qanad açdı onun ruhunda,
Dilləndi qanında bir ulu “Cəngi”.
Əsgər qeyrətindən həvəslənərək,
Üçrəngli bayrağın açıldı rəngi.


Eləcə də müxtəlif məqamlara diqqət edəndə poemanın sonunda müəllif sanki zəfər himni çalır: “Bir vətən oğlunun döyüşçü ömrü Açdı qapısını ölümsüzlüyün”, “Ölməzlik nəğməsi hopub ömrünə Torpağı Vətənə döndərənlərin”, “Qürurla söyləyir şəhid anası: Ey müqəddəs Vətən, başın sağ olsun”, “Baxıb hünərinə öyünür vətən, Zəfər ünvanısan, Vətən əsgəri”, “Oğlun heykəlləşib yurd yaddaşında, Sil göz yaşlarını, şəhid anası”, “Şəhid ucalığı düşüb baxtına, Ana layla deyir şəhid oğluna”, “Oğlunun yetdiyi Şəhid zirvəsi Ananın yeganə təsəllisidir”...
Nəzakət xanıma yeni yaradıcılıq uğurları arzulayırıq...

Sona XƏYAL
11-05-2022, 06:41
Oxucu ilə görüş üçün xoş bəhanə

Oxucu ilə görüş üçün xoş bəhanə
Azad Müzəffərlinin "Mənə dəniz verin" kitabı işıq üzü görüb.
Ötən əsrin 90-cı illərində ədəbiyyatda sanki taqətsizlik və duruxma dövrü başlandı. Bu ötəri halsızlıq dönəmində ədəbiyyat öz oxucularından məhrum oldu. Oktavio Pas “Müasir ədəbiyyatın xəstəliyi” essesində bu keçid məqamlarına doğru və dəqiq diaqnoz qoyur: “Elələri də var ki, həqiqətən yeni əsərlərin qıtlıq və azlığını taqətsizliklə izah edirlər: deyirlər ki, bütün o ənənəni dağıtmaqdan və novatorluqdan, bütün o estetik inqilablardan, ədəbiyyat anlayışının özünü sual altına alan bütün o şeirlər və romanlardan sonra, bu, təbii bir fasilədir. Nəfəsi dərmək üçün bir qədər dayanmaq lazımdır”.
Bu dayanma müddəti çox çəkmədi, 90-cı illərin sonlarından ədəbiyyata yeni dalğa gəldi. Bu dalğa özüylə yeni paradiqma gətirdi, modern estetikanın təmsilçiləri bütün qəlibləri qırdılar, dünyaya yeni baxış bucağından yanaşmaqla insanın daxili dünyasına eniş prosesi başlandı. Forma və məzmin axtarışları, eksperimentlərə meyl bəzən oxucuların da duruxmasına səbəb oldu. Düzxətli ədəbi mətnlər oxumağa alışmış oxucular bu qəfil dəyişməni həzm etməkdə çətinlik çəkdilər.
Obyektiv gerçəkliyi adekvat şəkildə əks etdirən nəsr nümunələri isə oxucuya kəsə yollar vəd edir. Ədəbiyyatımızda realist nəsrin görkəmli ustadlarından bir neçə yazıçımızın adını çəkə bilərik ki, onların əsərləri bu gün də sevilə-sevilə oxunur. Mirzə Cəlildən başlayan bu ənənə Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Tağı Şahbazi və Mir Cəlaldan üzübəri bir sıra görkəmli yazıçılarımızın yaradıcılığında mühüm yer tutub. Bu ənənə müasir ədəbiyyatımızda da dominantlıq edir.

Telejurnalist Azad Müzəffərli məhz bu qəbil yazıçılarımızdandır. Onun nəsrində telejurnalistikadan gələn lakonizm, zərif yumor hissi, təsvirin yüyrəkliyi, görüntü effektinə üstünlük verilməsi hekayələrinə özəllik qazandırır. Hekayəni sanki oxumursan, görürsən. Süjet içində ekspressiyalar çevik ovqat yaratmaq gücündədir. Azad Müzəffərli ictimai mərəzlərə, sosial bəlalara birbaşa sarkastik münasibət sərgiləmir, onun təhkiyəsində oxucunu yoran didaktik tondan əsər-əlamət yoxdur. O, sadəcə, situasiyanı lakonik tərzdə təsvir edir, nəticə çıxarmağı oxucunun öhdəsinə buraxır. Onun yaradıcılığında 60-cılar ədəbi nəslindən gələn modern nəsr ənənəsi özünü göstərir.
Məsələn, “Yuxu kimi yuxu” hekayəsi sanki presslənmiş bir romandır. Hekayənin adsız qəhrəmanı uzaq Amerikada yaşayan bir azərbaycanlıdır. O, hər cəhətdən təmin olunmuş bir həyat yaşayır, amma vətənsizdir. Azərbaycandan getmiş yaşlı bir kişi onunla Nyu-Yorkda qarşılaşır, ona vətənini xatırladır, təklif edir ki, öz yurduna baş çəksin, doğmalarını ziyarət etsin. Adam uzun ayrılıqdan sonra vətəninə gəlir, həmin tanışı onu doğulduğu kəndə aparır, baxımsız qalmış yurd yeri, valideynlərinin ot basmış məzarları qonağın genetik kodlarını oyadır. Yazıçı kimsəsiz həyət-bacada pişikləri, iti təsvir edir. Onlar bu həyətin pişikləriydi, it də adamsız həyət-bacaya sadiq qalmışdı.
“ -Tanımadın, sizin ev heyvanlarının nəslindəndilər. Yarı ac, yarı tox olsalar da, buranı hələ də doğma bilirlər... Bir parça yem üçün min bir əziyyətə qatlaşsalar da, buradan ayrılmaq fikrində deyillər... Düzü, bunlara heyvan deməyə adamın heç dili də gəlmir...”
Bu, qoca bələdçinin “qonağ”a dediyi sözlərdir. Bundan o yana oxucu özü nəticə çıxarsın. Necə deyərlər, şərhsiz...
Təhkiyə oxucunun kövrək duyğularına təmas edir, onda dərin təəssürat oyadır. Müəllif oxucu ilə məhz görüntülər vasitəsilə əlaqəyə girir. Bu da bir narrativ üsuldur. Azad Müzəffərlinin üslubu budur, onu başqalarından fərqləndirən özəlliklərdən biridir. İnsan həyatı hadisələrlə zəngindir, yazıçı bu hadisələr bolluğunda seçim edəndir və onu təxəyyül süzgəcindən keçirib bədii mətn formasına sala bilirsə, bu, onun uğuru hesab olunur.
Əməkdar jurnalist, Prezident təqaüdçüsü Əli Nəcəfxanlının redaktorluğu ilə oxucuların ixtiyarına verilən bu yeni kitabda “Hay-Tekin tənhalığı” kimi bənzərsiz bir hekayə də var ki, bu mətni daha çox alleqorik pamflet kimi təqdim etmək olar. Bu hekayə də həyatın köndələn çalarlarıyla zəngindir. Qədimliklə müasirliyin simbiozu, köhnə ilə təzənin dialoqu, uzlaşması yazıçı təfəkküründən süzülərək gözəl bir hekayəyə çevrilib. Göydələnlərin əhatəsində özlərini tənha, kimsəsiz hiss edən qədim qalalar, şəhər mədəniyyətinin hibrid qoxulu yad elementləri və bu situasiyada şəhərin gözə görünməyən ağrısı bu hekayədə bədii ifadəsini tapır.
“Robtex” hekayəsi texnikanın əsirinə çevrilmiş və beləcə, bütün hislərdən məhrum olmuş insanların faciəsini özündə əks etdirir. Avtobioqrafik elementlərlə zəngi “60-la göz-gözə” hekayəsi isə esse ilə hekayənin sintezi kimi memuar dadında bir mətndir. Bu hekayədə yazıçının ədəbiyyata, nəsrə, yaradıcılığa münasibəti açıq-aydın ortaya qoyulur və həm də mətnin yaranmasıyla bağlı maraqlı nüanslar diqqəti çəkir. Əksər yazıçılar mətn üzərində necə işlədiklərini, “mətbəx”in sirlərini açıqlamağı xoşlamır. Azad Müzəffərli isə bu mətniylə öz oxucusuna müəyyən ipucları verir.
Bu kitaba toplanmış hekayələr haqqında bir-bir danışmaq fikrim yoxdur. Hər hekayənin öz dadı-duzu var. “Qovlardan gələn Çəmənli sədası” povesti də ibrətamiz həyat hekayətləriylə zəngin bir əsərdir. Müəllif bir insanın həyat hekayətinə sözlərdən naxış vuraraq onu özünəməxsus üslubda bədii mətnə çevirib.
Bu kitab 60 yaşın hesabatıdır. Hərçənd müəllifin 60 rəqəmiylə hər hansı bir əlaqəsinə inanmaq imkan xaricindədir. Rəqəmsal dünya ilə heç cür barışmayan ədəbiyyat üçün yaşın elə bir önəmi olmamalıdır. Əsas məsələ yaradıcı enerjinin ahəngdarlığı qoruyub saxlamasıdır. Düşünürəm ki, bu da Azad Müzəffərlinin oxucularla görüş üçün bir xoş bəhanəsidir. Məhsuldar bir ömrün barlı-bəhrəli söz boxçasından siz də faydalanın, əziz oxucular!
Kənan HACI
Şair, yazıçı, jurnalist, tərcüməçi
Redaksiyadan: Həmkarımız Azad Müzəffərlinin həm də 60 yaşı tamam oldu. Onu yaradıcı kollektivimiz adından ürəkdən təbrik edirik. Sağlamlıq, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
6-05-2022, 08:09
Elimizin baçucalığı, üzağlığı

Elimizin baçucalığı, üzağlığı
Mayın 5-də ziyalımız, əsl insan Eldar Hüseynqulu oğlu Məmmədovun doğum günüdü. Mirvarid Dilbazi Məclisi adından ürəkdən təbrik edirik. Can sağlığı, yaradıcılıq uğurları diləyirik. Ədəb- ərkan, mərifət sahibi, elm adamı, elimizin baçucalığı, üzağlığı fəxrimiz Eldar müəllimə Dədə Ələsgər, Dünyamalı Kərəm, Şirəli baba ömrü arzulayırıq.
Eldar Hüseynqulu oğlu Məmmədov 1949-cu il may ayının 5-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1955 – 1965-ci illərdə orta məktəbi bitirmişdir. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki ADNA) qəbul olmuş, 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1969-1991-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, qrup rəhbəri, bölmə və şöbə müdiri vəzifəsində işləmişdir. 1987-ci ildə iqtisad elmləri namizədi elmi dərəcəsi almaq üçün “Pedaqoji kadrların hazırlanmasının, planlaşdırılmasının və istifadəsinin təkmilləşdirilməsi məsələləri” mövzusunda dissertasiya müdafiə etmişdir. Eldar Məmmədov “2000-ci ilə qədər Azərbaycan SSR-nin məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi” iki cildliyinin (Bakı 1982), “1985-2005-ci illərdə Azərbaycan SSR-də elmi-texniki tərəqqinin Kompleks Proqramı (regional bölmə)” (Moskva 1989) və s. Dövlət əhəmiyyətli fundamental elmi-tədqiqatların müəlliflərindən biri olmuşdur. Eldar Məmmədov Bakı, Moskva, Kiyev, Minsk, Alma-Ata, Tbilisi, Yerevan, Riqa şəhərlərində keçirilən simpozium və konfranslarda elmi mə’ruzələrlə çıxış etmişdir. Azərbaycan, rus, ingilis və erməni dillərində 80 elmi əsərin (o cümlədən bir kitab) müəllifidir.O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisinin müavini vəzifəsinədək yüksəlmişdir.
ALİM XALQIN SƏSİ, ƏSRİN SƏSİDİR
İstedad, qabiliyyət çox adamda ola bilər. Amma istedadın, qabiliyyətin üzə çıxması üçün lazım olan şərtlərdən biri və birincisi mühitdir. Bizim hörmətli Eldar əmioğlu da həmin əlverişli mühitdə formalaşmış, püxtələşmiş, savadlı, səviyyəli bir ziyalıdır.
Haqqında söz açdığım şəxs 1949-cu ilin may ayının 5-də Borçalı mahalının ağır ellərindən Faxralı kəndində müəllim ailəsində anadan olan istedadlı iqtisadçı alim Eldar Hüseynqulu oğlu Məmmədovdur.O, 1955-ci ildə Faxralı orta məktəbinin 1-ci sinfinə gedib. 1962-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb və təhsilini Bakı şəhərinin 208 saylı məktəbində davam etdirib. 1965-ci il­də ekstern yolu ilə Bakı şəhərinin 190 saylı məktəbini bitirib. Hə­min il M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İns­ti­tutuna daxil olub. 1966-cı ildə D.Bünyadzadə adına Azər­bay­can Xalq Təsərrüfatı İnstitutu təşkil edildikdən sonra II kursdan təhsilini həmin institutda davam etdirib və 1969-cu ildə oranı müvəffəqiyyətlə bitirib. İnstitutda oxuduğu dövrdə Xalq Təsər­rüfatının planlaşdırılması fakültəsinin tələbə elmi cəmiyyətinin sədri olub.
İnstitutu bitirdikdən sonra təyinatla Azərbaycan SSR DPK nəzdində Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna (ETTİ) işə gön­dərilib. 1991-ci ilin oktyabr ayına kimi həmin institutda ki­çik elmi işçi, baş elmi işçi, qrup rəhbəri, sektor və şöbə müdiri vəzifələrində işləyib.
1971-1972-ci illərdə ETİİ-nin Komsomol komitəsinin katibi olub. İnstitutda işlədiyi müddətdə İnstitutun “Ən yaxşı gənc elmi işçisi” adı uğrunda müsabiqədə 1979-cu ildə I yeri, 1980-ci ildə II-ci yeri tutduğuna görə mükafatlandırılıb və həmin illər Azərbaycan LKGİ-nin Oktyabr RK-nin Fərmanları ilə, 1981-ci ildə isə məhsuldar elmi-tətdiqat fəaliyyətinə və ictimai həyatda aktiv iştirak etməsinə görə Azərbaycan LKGİ-nin MK-nin Fəxri fərmanı ilə təltif edilmişdir.
1987-ci ildə “Pedaqoji kadrların hazırlanmasının planlaş­dı­rıl­masının və istifadəsinin təkmilləşdirilməsi məsələləri” möv­zusunda dissertasiya müdafiə edərək Azərbaycan SSR EA İq­ti­sa­diyyat İnstitutu Elmi Şurasının 22 aprel 1987-ci il tarixli qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görül­müşdür. SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komisiyasının 1991-ci il 2 oktyabr tarixli qərarı ilə ona “Əməyin iqtisadiyyatı və elmi təşkili” ixtisası üzrə baş elmi işçi elmi dərəcəsi verilmişdir.
1991-ci ilin oktyabr ayından 1993-cü ilin mart ayına kimi Azərbaycan Həmkarlar İttifaqının Mərkəzi Şurasında məsul vəzifədə çalışmışdır.
1993-1997-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisi vəzifəsində çalışmış, hal-hazırda isə həmin nazirlikdə şöbə müdirinin müavini vəzifəsində işləyir. Nazirlikdə işlədiyi müddətdə Res­publika NK tərəfindən təsdiq edilmiş 30-dan artıq dövlət əhə­miyyətli proqram, qərar və digər normativ səndələrin lahiyə­lərini hazırlamışdır.
Gəlin görək Eldar müəllimi savadlı, səviyyəli, ziyalı kimi yetişdirən o mühit hansı mühit idi: Eldar müəllimə ziyalılıq atasından gəlib. Atası Hüseynqulu müəllim uzun müddət Faxralı orta məktəbinin direktoru və Bakı şəhərinə köçdükdən sonra 1963–1980-ci illərdə Azərbaycan SSR Maarif Nazirli­yi­nin aparatında məsul vəzifədə işləyib. O, gözəl ziyalı, qorqud­şünas alim idi. Allah rəhmət eləsin! Qorqud Ataya həsr olunmuş bir neçə sanballı kitabın müəllifidir.
Eldar müəllim nəinki iqtisadiyyatı, elə ədəbiyyatı da gözəl bilir, mədəniyyətimizi də, folklorumuzu da, tariximizi də. Həm də sazımızın-sözümüzün vurğunudur. Ona ədəbiyyatımıza, folklorumuza məhəbbətin ulu nənəsi, el içərisində sözü mə­qamında deməyi bacaran, sinəsi sözlə dolu, dili bayatılı Səkinə xanım Alməmmədlidən və onun qızı, hamımızın nənəsi ağzı xeyir-dualı Yetər nənədən keçdiyini desək, yanılmarıq.
Onu da qeyd etməyi özümə borc bilirəm ki, Eldar müəllimin ədəbiyyatımıza, folklorumuza, tariximizə məhəbbəti bir də ondan irəli gəlir ki, o, gözəl ziyalı – alim Hüseynqulu müəl­limin, əmisi – şair Əli Səngərlinin və böyük qardaşı Respub­li­kanın Əməkdar Mədəniyyət işçisi, folklorşünas alim, sazımızın-sözümüzün keşiyində kişi kimi dayanan Elxan Məmmədlinin əhatəsində böyüyüb.
Eldar Məmmədovun bir iqtisadçı alim kimi fəaliyyəti barədə qeydlərimi axıra saxlamağıma səbəb bu yöndə sadalaya bilə­cəklərimin kifayət qədər geniş olmasıdır. Bu sırada ən əvvəl qeyd etmək istərdim ki, E.Məmmədov külli miqdarda (Azər­baycan, türk, rus, ingilis, erməni dillərində nəşr olunmuş 120-dən çox) elmi əsərlərin, hesabatların, məqalələrin müəllifidir. O, ETİİ-də işlədiyi dövrdə “2000-ci ilə qədər Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemin iki cildliyinin, “Azərbaycan SSR-in məhsuldar qüvvələrinin yerləşdirilməsinin inkişafının müasir vəziyyətinin təhlili (1971-1985)” (Bakı,1982), ”Azərbaycan SSR-in məhsuldar qüv­və­lə­rinin yerləşdirilməsi və prespektiv inkişafının əsas istiqa­mətləri və sosial-iqtisadi şəraitin kompleks qiymətləndirilməsi” (Bakı, 1982), ”1985-2005-ci illərdə Azərbaycan SSR-də elmi-texniki tərəqqinin kompleks Proqramı” (Moskva, 1983) və “1991-2010-cu illərdə SSRİ-də elmi-texniki tərəqqinin kompleks Proqramı (Regional bölmə)” (Moskva, 1989) dövlət əhəmiy­yətli fundamental elmi tədqiqatların müəlliflərindən biri olmuş­dur. Doğrudur, alim üçün öz elmi əsərlərinin başqası tərə­findən əhəmiyyətinə görə birinci və ikinci dərəcəliyə bölün­məsi xoşagələn deyildir. Amma mən bu cəsarət tələb edən ad­dımı atıram, ona görə ki, əmioğlum tərəfindən nəhayətdə bağışlanacağımı qabaqcadan bilirəm. Üstəgəl, bu əsərlərin siyahısı bir kitab məqaləsinə sığışan deyildir. Bundan başqa, mən iqtisadçı alim deyiləm. Ən nəhayət, belə bir bölgünü tarix özü aparmışdır. Belə ki, ictimai-siyasi, sosial-iqtisadi forma­siya dəyişmiş, Sovet İttifaqı süqut edəndən sonra yeni iqtisadi münasibətlər yaranamışdır. Böyük könül sultanı M.Şəhriyar şerlərinin birində deyir:

Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçalı sərkərdəsidir.
Hökümüylə ordular ayağa qalxar,
Şerin nəhrində daşlar da axar.


Alimlər də şairlər kimidir. Elm və milli maraqlar naminə gecə-gündüz düşünür, yazıb-yaradır. Alim də xalqın səsi, əsrin səsidir. E.Məmmədovun yazılarına, çıxışlarına nəzər salanda adamın gözləri qaralır. Bütün bunlar xalqa, millətə, dövlətə, döv­lətçiliyə sədaqətlə xidmətin bariz nümunəsi, canlı göstə­ri­cisidir. Bir şeyi də qeyd etmək istəyirəm ki, Eldar Məmmədov elmi fəaliyyətlə məşğul olduğu və dövlət qulluğunda çalışdığı müddət ərzində Bakı, Ankara, Moskva, Minsk, Almata, Tbilisi, İrəvan, Riqa, Kiyev, Saratov, İtalyanın Turin, Almaniyanın Berlin və Şervin, Bolqarıstanın Borobes, Qırğızıstanın Çolpa-Ata, Kiprin Nikosya şəhərlərində 50-dən artıq Beynəlxalq elmi simpozium, konqres, konfrans və seminarlarda iştirak edərək mə­ruzə ilə çıxış etmişdir. Ona görə də Eldar Məmmədovun el­mi əsərləri sırasında indiki iqtisadi, sosial münasibətlər kon­tekstində də cazibədarlığın və əhəmiyyətini itirməyən az bir his­səsinin, eləcə də müstəqillik dövründə yazılanların altını cızmaq istəyirəm.
E.H.Məmmədovun iştirak etdiyi və məruzə ilə çıxış etdiyi konqres, simpozium, konfrans və seminarların göründüyü kimi, siyahısı böyükdür. Bu sıradan bəzilərini sadalayıram:
“Elmi-tətdiqatların və işlərin planlaşdırılması və idarə edil­məsi problemləri üzrə IV Ümumittifaq simpoziumu.” Moskva-Zveniqorod, 27-28 noyabr, 1977-ci il.“Xalq təhsilinin aktual sosial-iqtisadi problemləri” Ümum­ittifaq konfransı. Moskva,14-16 noyabr 1979-cu il.

“Qazaxıstan SSR-in regional inkişafı” respublika konfransı. Alma-Ata, 22-28 noyabr 1989-cu il.
“Qafqaz: tarix, müasirlik və geosiasi prespektivlər” Bey­nəlxalq konfransı, Bakı, 15 aprel, 1998-ci il.
“Əməyin mühafizəsi üzrə Beynəlxalq Konqres.” Moskva, mart 1997-ci il.
“Uluslararası İş Sağlığı və Güvənliyi Simpoziumu”. Ankara şəh., 5 may 2000-ci il.
“Əmək müfəttişliyinin funksiyasının inteqrasiyalaşdırıl­ması, təlimin effektivliyi” beynəlxalq konfransı. Bolqarıstan, Boro­vets şəhəri, 21-23 sentyabr 2003-cü il.
“Əməyin təhlükəsizliyi və mühafizəsi-2004” Beynəlxalq Konqresi. Moskva 3-4 noyabr 2004-cü il.
IV Uluslararası İş Sağlığı və Güvənliyi Bölgesel Konfrans. Ankara şəh., 15-17 noyabr 2005-ci il.
“Qarşılıqlı maraq doğuran sosial problemlərin həlli yönündə MDB iştirakçı dövlətlərinin əlaqələrinin aktivləşdirilməsi” elmi-texniki konfransı. Qırğızıstan Respublikası, Çolpon-Ata şəhəri 5-7 iyun 2008-ci il.
Beynəlxalq Əmək Təşkilatının “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində istehsalat zədəsindən sosial təminat sistem­ləri: islahatlar üçün meyllər, məsələlər və strategiyalar” mövzusunda üçtərəfli seminarı. İtaliya, Turin, 11-17 fevral 2008-ci il.
Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin koordinatorları üçün “NIV/AIDS və iş dünyası” mövzusunda seminar, Moskva, Bekasovo, 21-23 oktyabr 2008-ci il.
Beynəlxalq Əmək Təşkilatının “Mərkəzi Asiya və Qafqaz ölkələrində maliyyə və iqtisadi böhran şəraitində əmək haqqının müəyyən edilməsi” mövzusunda üçtərəfli seminarı. Kipr Respublikasının Nikosiya şəh. 2-3 noyabr 2009-cu il.

Almanyanın Berlin və Şevrin şəhərlərində Qafqaz Təraf­daşlıq Lahiyəsi çərçivəsində “Sosial dialoq” mövzusunda seminar. 17-23 yanvar 2010-cu il.

Bütün bunlar Eldar müəllimin gördüyü işlərin canlı mənzə­rəsini yaradır. Eldar müəllimin gördüyü işlərin az bir qismidi bunlar. Bu yazılar, çıxışlar həm də Eldar müəllimin savadının və səviyyəsinin göstəricisidir. Müdriklərimizdən biri yazır:

“Həqiqi alimlərin ömür və zəkalarının, həyat təcrübələrinin və ağır sınaqlarının məhsulu olan kitablar əbədi olaraq bütün bə­şəriyyəyin ixtiyarına verilmişdir. Hər kəs bu süfrədən istə­diyini götürə bilər”. Biz inanırıq ki, Eldar müəllimim gərgin zəh­mətinin, yuxusuz gecələrinin hesabına yaratdığı süfrədən çox insanlar yararlanacaq. “Fikir dənizinnən incilər çıxaran” be­lə ziyalılar xalqımızın tarixində əbədi olaraq qalacaqdır. El­dar müəllim həm də əqidəli və vicdanlı ziyalıdır. Ona yol gös­tə­rən və rəhbərlik edən də təmiz vicdanıdır. Xalq heç vaxt pak­lıq zirvəsinə doğru gedənləri unutmur. Çünki Xalqın da dayağı di­­rilər və durulardır.
Eldar müəllim həm də gözəl yol yol­daşıdır. Dəfələrlə Bor­ça­lının əsrarəngiz, füsünkar guşələrində, bulaqlar başında əylən­mişik.
Bizim Faxralı kənd orta məktəbinin direktoru Söhbəddin Məmmədov, mən, bir də Eldar əmioğlu bir yerdə çoxlu tarixi səfərlərimiz olub. Onlardan bir neçəsi mənə unudulmaz təsir bağışlayıb. Faxralının Təhməzbulağı deyilən yerində, Qarasu, Qızılqaya, Qoşabulaq və digər bu kimi əsrarəngiz təbiət guşələrində sürdüyümüz səfa cənnətə bərabərdir.
Allah-Təala Eldar müəllimi yaradanda ona, maşallah olsun, gözəl boy-buxun, yeriş, duruş, baxış, ağıl-kamal verib. Eldar müəllim gözəl ailə başçısıdır. İki oğlu var. Eldar müəllimin həm elmi dünyagörüşünün genişlən­mə­sində, həm də cavan qalmasında onun ömür-gün yoldaşı Mirvari xanımın zəhməti ölçüyəgəlməzdir.

Böyük şairimiz Zəlimxan Yaqub yazır:

…Ümid ölür xeyir şərə dönəndə,
Könül gülür yanaq zərə dönəndə.
İnsan oğlu peyğəmbərə dönəndə
Yol cənnətə, yol meraca açılır.


Eldar müəllim! Sizə cansalığı, yaradıcılıq uğurları arzula­yıram. Və arzu edirəm yolunuz cənnətə və meraca açılsın.

Güllü Eldar TOMARLI
6-05-2022, 06:37
ZAUR USTAC YENİ ŞEİRLƏR

Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.




ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!!

Atalar, qızlara siz ad verəndə,
Elə ad vein ki, bəxti yar olsun!
Ya Humay çağırın, ya Sona deyin,
Elə ad verin ki, bəxti yar olsun!

Sükeydə, Fəğanə, adı verməyin,
Bəxtinin yoluna “cadu” hörməyin,
Uğurlu bir adı əsirgəməyin,
Elə ad verin ki, bəxti yar olsun!

Adı elə seçin, Aydan bac alsın,
Ayağı zəmində, göyə ucalsın,
Adıyla qarıyıb, xoşbəxt qocalsın,
Elə ad verin ki, bəxti yar olsun!

Əridib gözünün, nurun qarəsin,
Zaur “Ustac” ilə tapıb çarəsin,
Hamı xoşbəxt istər ciyərparəsin,
Elə ad verin ki, bəxti yar olsun!

04.05.2020 – Bakı.

MUSTAFA
(…Mustafanın doğum gününə…)
Talelər müxtəlifdir;
Kimi “Dayandur” olur,
Kim isə “Sevinc”, “Vüsal”…
Bəxti Yaradan verir,
Adı ata, analar…
Nə qədər “Bəsdi”, “Arzu”,
“Sevindik”, “Kifayət” var…
“Yetər”lər sevindiyi
Dünyadır bizim dünya;
Bilirlər ki, nə qədər
Hələ “Qızyetər” də var!
Övlad Allah payıdır,
“Ruzisin Allah verir,
Yükünü Yer götürür…”
Kimi oğlan olanda,
Kim isə qıza görə,
Bəzən köksün ötürür…
Dünya saysız, hesabsız
Misallara səhnədir.
Qız, oğul fərq eləməz,
Biganə, biganədir…
İstiqanlı, sevəcək…
Adın soyuq etməyin,
Övlada ad verənlər!
“Fidan”, “Humay” ya “Ucal”
Nə çoxdur ismi-şərif…
Bu gün elə ad verin,
Sabah gətirsin tərif!

02.03.2022 – Bakı.

AĞ ADAM
(Rəşad Məcidə)
Tanrı mayasını tutubdu “ağ”la,
Torpağı ağ, sümüyü ağ, sözü ağ.
Sən bu hekayətə ya gül, ya ağla,
Bu adamın əyrisi ağ, düzü ağ.

Ağoğlanda göz açıbdı dünyaya,
Ağ doğulub, nur saçıbdı dünyaya,
Ağ qalacaq, and içibdi dünyaya,
Sözün tutub; alnı açıq, üzü ağ.

Ağdam adlı məmləkətin uşağı,
Burda çözüb min-bir türlü tuşağı,
Çox dinləyib “dastan” deyən “aşığı”;
Hekayətin mini qara, yüzü ağ.

Ağcabədi, mədəniyyət beşiyi,
Yurd yeridi, çəkilibdi keşiyi,
Sadə olub daim evi, eşiyi,
Məqamında kürsüsü ağ, mizi ağ.

Ustac deyir; tam arınıb bu adam,
Ağayana, mərd tanınıb bu adam,
Yaranandan ağ yaranıb bu adam,
Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.

10.03.2022. – Bakı.
VAQİF DÜNYASI
(Vaqif Mustafazadənin barelyefi önündə )
Vaqifin barmağından doğulan bir dünya var,
Səmədin qələmindən doğulan dünya kimi.
Yeddi qat, yeddi arğac mayası sirr dünya var,
Səttarın fırçasından doğulan dünya kimi.

Vaqifin barmağından doğulan bir dünya var,
Ana laylası kimi, nənə bayatısıtək.
Onun barmaqlarında dilə gəlir arzular,
Ata duası kimi, baba hayqırtısıtək.

Vaqifin barmağından doğulan bir dünya var,
Ta qədimdən bu günə, ilmə-ilmə toxunur.
Anamın hanasında olan sirli naxışlar,
Vaqifin barmağında kəlmə-kəlmə oxunur.

Vaqifin barmağından doğulan bir dünya var;
Azərbaycandır adı, – mənim yurdum bu diyar!

16.03.2022. Bakı-İçərişəhər.
BAHAR TƏNHALIĞI
Demişdin, alçalar çiçəkdən çıxsın,
Gələcəm, ilk gələn qaranquşla mən.
Deyir, heyvalar da ta çiçək açıb…
Hardasan, vəfasız, bəlkə gələsən!?

İndicə bir foto aldım dostlardan,
Bu günə, sabaha açar yasəmən…
İtib bu sevdanın qibləsi, səmti…
Kim azdı bu yolda, mənmi, yoxsa sən?

Bahar çiçəkləri arı görmədi,
Arımı gecikir, gülmü tez açıb?
Sənin olmadığın hər ana heyif,
Sənsiz bu dünyanın ləzzəti qaçıb…
Sənsiz bu dünyanın ləzzəti qaçıb…
13.04.2022. – Bakı.
AĞLARAM
(…müharibə qurbanlarına ithaf…)
Yenə də dolmuşam yaz buludutək
İndi bıldır-bıldır töküb ağlaram…
Tabu qalasında dustaq ruhumun
Buxov, zəncirini söküb ağlaram….

Bu bahar yasəmən büründü qara,
Bənövşə boynundan çəkildi dara,
Qaranquş gəlmədi, düşübdü tora,
Onların dərdini çəkib ağlaram…

Ustacam, inandım haqqa, gərdişə,
Düşmən də olanda bəxtə ər düşə,
Dünyanın mərəzi dönüb vərdişə,
Bağrına lalələr əkib ağlaram…
Bağrına lalələr əkib ağlaram…

23.04.2022. – Bakı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!