Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                        Rəşad Nəbiyev pakistanlı nazirlə görüş keçirdi .....                        Paşinyan İstintaq Komitəsinə yeni sədr tapdı .....                        Çovğun 70 min nəfəri işıqsız qoydu .....                        Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir .....                        Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın! .....                       
Tarix : 19-06-2014, 15:15

 

 

 

 

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi xalqın taleyində unudulmaz və yaddaqalan tarixi hadisə idi. Azərbaycan milli dövlətçiliyinin bərpası nəticəsində gənc respublika özünün parlamentini, hökumətini və s. dövlət atributlarını yaratmağa başladı. Şübhəsiz ki, ölkənin ərazi bütövlüyünün təmin edilməsi və müstəqilliyinin qorunması qarşıda duran ən prinsipial vəzifələrdən biri idi. Təbii ki, bunun üçün ölkənin Silahlı Qüvvələrinin təşkili ilə yanaşı, kəşfiyyat və əks-kəşfiyyat orqanlarının yaradılmasına da böyük ehtiyac vardı. Ümumiyyətlə, AXC dövründə kəşfiyyat və əks-kəşfiyyat orqanlarının fəaliyyəti ölkədə gedən ordu quruculuğu ilə birbaşa bağlı olmuşdur.

 

 

 

Bildiyimiz kimi, Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura müvəqqəti hökumətin təşkilini təcrübəli hüquqşünas Fətəli xan Xoyskiyə tapşırmışdı. Müvəqqəti Hökumətin birinci kabinetində Hərbi nazir vəzifəsi olsa da, ikinci kabinetdə bu vəzifə nəzərdə tutulmamışdı. Həmin dövrdə ölkədə hərbi nazir vəzifəsini faktiki olaraq Azərbaycana köməyə gəlmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa yerinə yetirirdi. Bu vəziyyət Qafqaz İslam Ordusu və xüsusi Azərbayçan korpusunun (keçmiş Müsəlman korpusu) zabit-əsgərlərinin Bakı və onun ətrafının daşnak-bolşevik təçavüzündən azad edilməsi gününə, yəni sentyabr ayının 15-dək davam etdi. Bakı ölkənin paytaxtı statusunu aldı. Fətəli xan Xoyski başda olmaqla Azərbaycan hökuməti Gənçədən Bakıya köçdü. Ölkədə vəziyyəti qaydaya salmağa çalışan gənc hökumət yeni ciddi problemlə üzləşdi. Birinci Çahan Savaşında Osmanlı imperatorluğu məğlub tərəf kimi 1918-ci ilin 30

oktyabrında Mudros müqaviləsini imzalamağa məcbur oldu. Müqavıilənin şərtlərinə uyğun olaraq, türk qoşunları bir həftə ərzində Azərbaycandan, bir ay ərzində Zaqafqaziyadan çıxmalıydı. Zaqafqaziya ingilislərin təsir dairəsinə düşdüyündən Bakıya ingilis qoşunları girməli idilər. Azərbaycan hökuməti çətin vəziyyətdə qalmışdı. Azərbaycan hökuməti və parlamenti yaranmış vəziyyəti müzakirə edərək Hərbi nazirliyin yaradılması barədə qərar qəbul etdi. 1918-ci ilin noyabr ayının 7-də Hərbi nazirlik təsis edildi. F.Xoyski eyni zamanda, Hərbı nazir vəzifəsini yerinə yetirməyə başladı. Nazir müavini vəzifəsinə tam artilleriya generalı Səməd bəy Mehmandarov təyin olundu. Səməd bəy və onun komandası Hərbi nazirliyin aparatının yaradılmasına calışır, Ordu hissələrinin qurulmasına tələsirdi. Lakin Bakıya gələn ingilis generalı Tomson türk qoşunları ilə birlikdə Azərbaycan qoşunlarının Bakıdan çıxmasını qəti şəkildə tələb edirdi. Beləliklə, Hərbi nazirlik və xüsusi Azərbaycan korpusu 22 noyabrda Bakını tərk edərək Gəncə şəhərinə köcdü. Azərbaycan hökumətinin Bakıda, Hərbi nazirliyin Gəncədə olmasını nəzərə alaraq, F.Xoyski özünün sərəncamı ilə 25 dekabr 1918-ci ildə Səməd bəy Mehmandarovu Hərbi nazir vəzifəsinə təyin etdi. 29 dekabrda isə tam artilleriya generalı Əliağa Şıxlinski Hərbi nazirin müavini vəzifəsini yerinə yetirməyə başladı. Sözün həqiqi mənasında, car Rusiyasının adlı-sanlı generallarından olan S.Mehmandarovla Ə.Şıxlinski olduqca mürəkkəb işə girişmişdilər. Onlar yorulmadan Azərbaycan Ordusunun formalaşdırılmasına çalışır, layihələr hazırlayır və müxtəlif təyinatlı hərbi hissələrin yaradılmasl üçün fikir mübadiləsi aparırdılar. Və belə gərgin bir vaxtda gənc Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini qoruyub saxlamaq, dövlətçiliyini möhkəmləndirmək və təhlükəsizliyini təmin etmək üçün yalnız öz güclü və etibarlı Ordusuna arxayın olmalı idi. Bununla yanaşı, Hərbi nazirliyi və Ordunu formalaşdıranlar yeni yaradılan hərbi strukturların tərkibində kəşfiyyat və əks-kəşfiyyat orqanlarının da təşkil edilməsini zəruri sayırdılar. Hazırlanmış layihələrdə bu sahə də öz əksini tapmışdı. Əldə edilmiş arxiv sənədlərindən biri bu fikri təsdiq edir. 28 yanvar 1919-cu ildə Gəncə şəhərində Azərbaycan Ordusu Baş Qərargahının general-kvartirmeyster idarəsinin kəşfiyyat bölməsinin podpolkovnik rütbəli əməkdaşı general-kvartirmeysterə göndərdiyi 4 saylı məxfi qrifli məktubunda yazırdı ki, əks-kəşfiyyat bölməsi üçün 7 ştatı təqdim edir və hələlik aşağıdakı adı çəkilən şəhər, dəmir yolu stansiyası və yerlərdə: Bakıda 2, Şuşada 1, Ağdam 1, Qazax 1, Gəncə 4, Nuxa 1, Zaqatala 1, Ağdaş 1, Biləcəri 1, Poylu 1, Tiflis 2, Qaryagin 1, Yevlax 1, Kürdəmir 1 agent məntəqələri yaradılmasını məqsədəuyğun hesab edirəm. İlk vaxtlar agentlərin bu sayda olması, yeni agentlər öyrədilənə qədər 15 nəfərdən ibarət agentlə kifayətlənə bilərəm, onların bir qismi yerlərdə olacaq, digərləri isə zərurət olanda ezamiyyətə gəndəriləcək.

Nəhayət, 25 fevral 1919-cu ildə Hərbi nazirliyin strukturunun yekun layihəsi Azərbaycan parlamentinə qapalı müzakirə üçün təqdim olunmuşdu. Elə həmin gün parlament "Hərbi nazirliyin ştatları haqqında" xüsusi olaraq qanun qəbul etmişdir. Qanunda Hərbi nazirliyin 38 istiqaməti üzrə ştatlar təsdiq edilmişdir. Burada müxtəlif istiqamətlərlə yanaşı, nazirliyin general-kvartirmeyster idarəsinin nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması da nəzərdə tutulmuşdu. Bu bölmənin əhəmiyyətini AXC hakimiyyəti dövründə rəhbər vəzifə tutan hökumət üzvləri, millət vəkilləri, peşəkar generallar S.Mehmandarov, Ə.Şıxlinski, M.Sulkeviç və başqaları çox yaxşı başa düşürdülər.

Parlamentin təsdiqindən sonra Hərbi nazirliyin digər strukturları kimi kəşfiyyat və əks-kəşfiyyat bölməsi də öz işini qurmağa çalışırdı. Xatırladıram ki, Hərbi nazirliyin general-kvartirmeyster idarəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi işini adından da göründüyü kimi, iki istiqamət üzrə qurmuşdu.

Qanunun qəbulundan az müddət keçməsinə baxmayaraq bölmənin əks-kəşfiyyat sahəsində müəyyən işlər görülmüşdü. Bunu əldə edilmiş arxiv sənədləri deməyə əsas verir. Həmin sənədlər əks-kəşfiyyat sahəsinin fəaliyyətini aydınlığı ilə göstərir. Bölmənin əməkdaşları Hərbi nazirliyin, eləcə də ölkə rəhbərliyini müvafiq qabaqlayıcı məlumatlarla təmin etməyə çalışırdılar. Özü də bu məlumatlar ölkənin müxtəlif bölgələrini, strateji ərazilərini, hərbi birləşmələrin dislokasiya yerlərini əhatə edirdi.

12 mart 1919-cu ildə general-kvartirmeyster idarəsinin əks-kəşfiyyat bölməsinin rəisi kornet (AXC dövründə süvari hissələrində ilk zabit rütbəsi) Ağalarov özünün 5 saylı məxfi qrifli raportunda Baş Qərargah rəisindən xahiş edirdi ki, əks-kəşfiyyat işləri üçün ona məsləhət bildiyi məbləğdə avans verilməsi barədə sərəncam versin. Həmin ayın 13-ü və 17-də kornet Ağalarov Baş Qərargahın rəisinə Cavanşir qəzasından mühüm əhəmiyyət kəsb edən iki əməliyyat məlumatı göndərmişdi.

20 mart 1919-cu ildə kornet Ağalarov Baş Qərargahın rəisinə yazdığı məxfi raportunda qərargahın zabiti Pavel Bolotinin axtarış zamanı yaşadığı mənzilindən tapılmış əşyalarını göstərir və bu məsələnin razılığa əsasən dayandırıldığını bildirir. Digər sənəddə bölmənin mart ayı üçün ayrılmış aylıq smeta xərci göstərilir. Kornet Ağalarov 25 mart 1919-cu il tarixli 12 saylı raportunda əks-kəşfiyyat işi üçün aylıq smetanı təqdim edir və agentlərin saxlanılması üçün 9600 rubl məbləğində pulun buraxılmasını xahiş edirdi. Sənədlərdən aydın olur ki, Baş Qərargahın general-kvartirmeyster idarəsinin əks-kəşfiyyat və kəşfiyyat bölməsinin rəisi kornet Ağalarov idi.

Daha bir sənəddə isə Baş Qərargahın general-kvartirmeyster idarəsinin nəzdində əks-kəşfiyyat qurumunun ştatının sxemi verilmişdir. Sxemdən aydın olur ki, əks-kəşfiyyat qurumunun ştatı bütövlükdə 28 nəfərdən ibarətdir. 1 nəfər rəis, 2 nəfər rəisin köməkçiləri ober-zabit, 2 kargüzar, 23 nəfər əməliyyatçı agentlər. Sxemin ştatın rublla saxlanması hissəsində yemək, mənzil və s. xərclər barədə olan qrafalar doldurulmayıb. Qeyd yazılan qrafada isə əks-kəşfiyyatın rəisi vəzifəsinin alay komandiri vəzifəsinə, köməkçilərin batalyon komandiri vəzifəsinə bərabər tutulması göstərilmişdir. Yazının sonunda, yəni vərəqin aşağı hissəsində daha bir qeyd verilmiş, sonra isə üstündən pozulmuşdur. Ancaq qeyddə verilənlər oxunur: İlk vaxtlar, əmrlər verilənə və agentlərin öyrədilməsinə qədər 12 nəfərlə də kifayətlənmək olar.

26 mart 1919-cu ildə Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan Ordusunun Baş Qərargahının Baş İdarəsi yaradıldı. General-leytenant Məmməd bəy Sulkeviçə Azərbaycan Ordusunun döyüş qabiliyyətini və bacarığını yüksəltmək məqsədilə Baş Qərargahın Baş İdarəsinin strukturunu yaratmaq həvalə edilmişdi. M.Sulkeviç xüsusi xidmətin (kəşfiyyat və əks-kəşfiyyat nəzərdə tutulur) yaradılmasını vacib hesab edirdi. Eyni zamanda, M.Sulkeviç bu sahədə dünya dövlətlərinin təcrübələrindən istifadə etməyi məqsədəuyğun sayırdı. O, öz düşüncələrini Hərbi nazirə belə yazırdı: "Nəinki rus, həm də Avropa ordusunun təcrübəsi müharibəyə hazırlıq, xüsusi orqanların yaradılması ilə bağlı mülahizələrin araşdırılmasına dair bütün məsələlərin zəruri olduğunu göstərdi...". S.Mehmandarov isə bu vacib xidmətin vəzifəsini belə görürdü: "Labüd rəqiblər haqqında məlumatın toplanılması, xaricdə hərbi kəşfiyyat, ölkə daxilində casusluqla mübarizə... Azərbaycanın gənc ordusunun döyüş qabiliyyətinin yüksəlməsinə xidmət göstərəcəkdir".

Beləliklə, M.Sulkeviçin təqdimatı ilə Baş Qərargahın Baş İdarəsinin general-kvartirmeyster şöbəsində dörd bölmə təşkil edildi. Həmin bölmələrin sırasında əks-kəşfiyyat və kəşfiyyat bölməsi vardı. Bu barədə Hərbi nazir tam artilleriya general-leytenantı S.Mehmandarov və Baş Qərargah rəisi general-leytenant M.Sulkeviç 28 martda müvafiq əmr imzalamışdılar. Onu da deyim ki, arxiv materialları arasında tapılmış iki sənəd də diqqəti daha çox cəlb edir. Birinci sənəddə göstərilir ki, kornet Ağalarov Baş Qərargahın general-kvartirmeyster idarəsinin tapşırıqlar üzrə ober-zabiti - həm də Baş Qərargahın əks-kəşfiyyat bölməsinin rəisidir İkinci sənəd isə Hərbi nazirin Baş Qərargah üzrə 156 saylı, 29 mart 1919-cu il tarixli əmridir. Əmrdə göstərilir: "Keçmiş 2-ci Cavanşir alayının korneti 1915-ci ildə hərbi idarənin 681 saylı əmrinə əsasən poruçik rütbəsinə keçirilmiş, 19 aprel 1917-ci ildən baş poruçik rütbəsi almış Ağalarov Azərbaycan hökumətinin 28 avqust 1918-ci il tarixli 7 saylı sərəncamına əsasən əks-kəşfiyyat bölməsinin rəisi vəzifəsini müvəqqəti olaraq icra edir".

"Bütöv Azərbaycan" qəzeti

 

(davamı gələn sayımızda)



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!