Hacıqabul rayonunun Muğan qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb. Butov.az xəbər verir ki, “Azərsu” ASC-nin daxili imkanları hesabına icra olunan layihənin birinci mərhələsində Kür-Bakı magistral su kəmərindən 3 km uzunluğunda əsas daşıyıcı su xəttinin tikintisi və 270 ünvünü birləşmənin verilməsi layihələndirilib. Artıq 160 mm diamterli polietilen borularla 2 km xəttin çəkilşi başa çatıb. “Azərsu” ASC-nin 4 saylı Regional Sukanal İdarəsi tərəfindən birinci mərhələ üzrə həyata keçirilən tikinti-quraşdırma işlərinin noyabr aynda başa çatdırılması nəzərdə tutulur. Layihənin növbəti mərhələlərində isə Muğan qəsəbəsinin digər ərazilərində də yeni şəbəkə yaradılaracaq və hər bir abonent sayğacla təmin olunacaq. Ümumilikdə Muğan qəsəbəsində 10,6 km uzunluğunda paylayıcı su xətləri tikiləcək. Layihənin icrası nəticəsində qəsəbə sakinləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq, dəqiq uçot qurulmaqla su itkiləri minimuma endiriləcək və israfçılığım qarşısı alınacaq. Qeyd edək ki, Hacıqabul rayonunun Muğan qəsəbəsində istismar olunan su şəbəkəsi 1970-ci illərin əvvəllərində inşa olunub. Mövcud şəbəkənin istismara yararsız olması, eləcə də sakinlər tərəfindən tikinti normalarına uyğun olmayaraq özbaşına çəkilmiş xətlər normal su təchizatı aparmağa imkan vermir və ciddi su itkilərinə səbəb olurdu. Yeni mərkəzləşdirilmiş şəbəkənin yaradılması içməli su təchizatındakı problemlərin aradan qaldırılması ilə yanaşı, yeni abonentlərin də su təchizatı sisteminə qoşulmasına imkan verəcək.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 70 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 819 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 050 nəfər müalicə olunaraq sağalıb, 9886 nəfər vəfat edib, aktiv xəstə sayı 1652 nəfərdir. Son sutka ərzində 1788, hazırkı dövrədək isə 7 217 551 test aparılıb.
Pelosinin səsləndirdiyi fikirlər qəbuledilməzdir - Vitse-prezident
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfərində tarixi və aktual həqiqətlərlə əlaqəsi olmayan, xoş niyyətdən tam uzaq, qərəzli baxışı əks etdirən və diplomatik səyləri sabotaj edən açıqlamaları qəbuledilməzdir. Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib. Onun sözlərinə görə, Ağ Ev erməni diasporunun səslərinə göz qırpdığı açıqca bəlli olan Pelosi və lobbi tərəfindən dəstəklənən bir neçə siyasətçinin Qarabağ məsələsinə dair açıqlamalarının ABŞ-ın rəsmi mövqeyini əks etdirib-etdirmədiyinə aydınlıq gətirməlidir. "Regionda davamlı sülh və sabitliyə ehtiyac duyulan bir vaxtda bütün beynəlxalq aktorları soyuqqanlı, ədalətli və məsuliyyətli davranmağa dəvət edirəm. 30 ildir haqsız və hüquqsuz bir şəkildə işğal altında saxlanılan torpaqlarını azad etmək üçün mübarizə aparan Can Azərbaycanın yanında durmağa qətiyyətlə davam edəcəyik", - deyə F.Oktay əlavə edib.
Saxta arayış satan şirkət rəhbərinə 9 il həbs verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində sənəd saxtalaşdırmaqda təqsirləndirilərək həbs olunan “Vest Corporation” MMC-nin rəhbəri Orxan Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Butov.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə O.Ələkbərov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, Orxan Ələkbərov pandemiya ilə əlaqədar ölkədə xüsusi karantin rejimi dövründə (bölgələrə gediş-gəlişdə məhdudiyyət zamanı) rüşvət müqabilində direktoru olduğu şirkətin adından icazə arayışları verməkdə ittiham olunur. İddia olunur ki, Orxan Ələkbərov 60-80 manata saxta sənədlər əsasında vətəndaşları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib, adına saxta əmək müqavilələri tərtib edib. 33 yaşlı Orxan Ələkbərov 2020-ci ilin aprelində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə təqsirli bilinib.
19 sentyabr 2022-ci il tarixində Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib. Bu barədə XİN-dən məlumat verilib. Bildirilib ki, görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov, Fransadakı erməni diasporunun radikal ekstremist qüvvələrindən ibarət qrupun Azərbaycan Respublikasının Paris şəhərindəki səfirliyinə hücumunun nümayişkaranə surətdə Fransa qanunlarının və ümumtanınmış beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib. Nazir müavini Xələf Xələfov tərəfindən radikal erməni qruplarının bu hərəkətlərinə şəraitin yaradılması və vaxtında qarşısının alınmamasına görə qəti etiraz bildirilib, diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qəbul edən ölkə tərəfindən təmin edilməsi öhdəliyinin Fransa tərəfindən yerinə yetirilməməsinə görə dərin təəssüf ifadə edilib. Həmçinin, diplomatik nümayəndəliyə və onun heyətinə təhlükə yaradan vandalizm aktının Fransanın hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli araşdırılması, müvafiq hüquqi qiymətin verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və vurulmuş ziyanın ödənilməsinin təmin olunması tələb edilib. Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib. Azərbaycan tərəfinin müraciətinə müvafiq olaraq, hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağı qeyd edilib.
Tacikistanın xarici işlər naziri Sodik İmomi sərhəddəki hadisələrlə bağlı brifinq keçirib. Butov.az xəbər verir ki, XİN başçısı brifinqdə Qırğızıstanla sərhəddə baş verən toqquşmada həyatını itirənlərin sayını açıqlayıb. "Qırğızıstanın aqressiv hərəkətləri nəticəsində hazırda 41 nəfərin öldüyünü təsdiqləyə bilərik", - nazir deyib. Qırğızıstan tərəfindən isə ötən gün ölənlərin sayının 60 nəfər olduğu açıqlanmışdı.
“Şəhidlərin dəfnində xoşagəlməz hallarla rastlaşırıq” - Deputat
Milli Məclisdə şəhidlərin dəfni zamanı rast gəlinən xoşagəlməz hallarla bağlı məsələ qaldırılıb. Bu barədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov danışıb. Onun sözlərinə görə, son zamanlar şəhdilərin dəfnində xoşagəlməz hallara rast gəlinir: “Biz görürük ki, bu hallardan istifadə olunur. Şəhidlərin dəfn mərasimlərini bəziləri sanki şouya çevirmişdilər. Mən bir neçə şəhidimizin dəfnində iştirak etdim. Orada bu halların şahidi oldum”. Komitə üzvü Sevinc Fətəliyeva da şəhidlərin dəfni zamanı xoşagəlməz hallardan danışıb. O bildirib ki, bu halların qarşısının alınması üçün Komitənin işləri artır: “Bizim cəmiyyətimizə, gənclərə deyiləcək sözlərimiz çoxdur”.
İran şahının arvadı: “Tehran gənc qızın ölümünə görə cavab verməlidir”
İranda hicab qaydalarına əməl etmədiyinə görə polis tərəfindən saxlanıldıqdan sonra döyülən və komaya düşərək həyatını itirən 22 yaşlı Mehsa Əmin adlı qızın ölümü xaricdə yaşayan iranlıları hiddətləndirib. Hadisə həm də İran daxilində etirazlara səbəb olub. Butov.az xəbər verir ki, İranın devrilmiş şahının həyat yoldaşı, “Şahbanu” titullu Fərəh Pəhləvi hadisəni qınayan açıqlama yayıb. “Mehsa Əmin adlı gənc qız İran hakimiyyətinin əlində faciəli şəkildə həyatını itirdi. Bir iranlı ana olaraq bu böyük və acı faciəyə görə Mehsanın valideynlərinə və sağ qalanlarına ürəkdən başsağlığı verirəm. Rejimin qadınları sıxışdırmaq üçün bütün səylərinə baxmayaraq, onların azadlıq uğrunda yorulmaz mübarizələri tərifə və təqdirəlayiqdir”. Qeyd edək ki, Fərəh Pəhləvidən əvvəl oğlu Reza Pəhləvi də Mehsa Əminin ölümünə görə İran rejiminin cavab verməli olduğunu bildirmişdi.
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, sentyabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 58, tank əleyhinə 143 mina və 98 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 563 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xəbər verdiyimiz kimi, 12-14 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralanan 282 hərbi qulluqçudan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Butov.az XəzərXəbər-in yaralı hərbçilərimizin müalicə aldığı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından hazırladığı süjeti təqdim edir: