"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 29-12-2021, 11:59
Virtual qumarın qadağan olunmasının şok sirri - bəzi məmurlar və varlı balaları...

Dekabrın 27-də Azərbaycan parlamenti “Telekommunikasiya haqqında” Qanuna düzəlişi qəbul edib. Düzəliş virtual məkanda lotereya və idman mərc saytlarına girişi qadağan edir. Qanuna edilən düzəlişə əsasən, internet provayderləri və rabitə operatorları telekommunikasiya xidmətləri vasitəsilə azart oyunların təşkilinin və keçirilməsinin qarşısını almalıdırlar. Buraya azart oyunların təşkili və ya bilet satışı, azart oyunlarda iştirak, o cümlədən xarici lotereya təşkilatçılarına və idman mərc oyunlarının operatorlarına ölkədə virtual mühitə çıxış daxildir.

Ölkə əhalisinin böyük əksəriyyətinin heç bir məlumatı olmadığı virtual qumar oyunlarına girişin qadağan edilməsinin ciddi səbəbləri var. Belə ki, son illər bəzi məmurlar və varlı övladlarının ciddi maraq göstərdiyi bu oyunlarda xeyli pul uduzanlar var.

İddialara görə, bu gün də bəzi tanınan vəzifə sahibləri qumar və mərc oyunlarına ciddi maraq göstərirlər. Onların külli miqdarda pul uduzduqları hakimiyyətə də bəlli olub. Eləcə də varlı övladları internet üzərindəki qumar oyunlarında xeyli pul uduzublar. Sosial şəbəkələrdə və müxtəlif internet portallarında qanunsuz mərc oyunlarının geniş təbliğatı gedir.

Bəxt çarxını fırlatmaq tələsinə internetdəki “Milyonçu olmaq istəyirsən?” “İndi qeydiyyatdan keç, varlan”, “Oyna və qazan” kimi təşviqedici reklamlar üzərindən düşmək su içmək qədər asandır. İnternetdə “1xBet”, “MotsBet”, “Vulkanbet”, “22bet”, “PinUpbet” oyunlarının reklamları yetərincədir. İstifadəçi bu platformalara pul köçürərək, mərc etməyə başlayır. Qalanı isə texniki məsələdir. Pullar xaricdəki hesablara gedir və azart həvəskarı çox vaxt da udmuş olsa belə, hesabında olan pula sahib çıxa bilmir. Təhlükəsizlik məsələləri ilə əlaqəli hesabdan pul çıxarılması bloklanır. Belə saytların internetdə geniş yayılmasının da səbəbi sadədir. Dünyanın dörd bir tərəfindən axan pullar hesabına geniş reklam kampaniyası aparılır, aylıq reklam müqabilində səhifələrə müəyyən məbləğdə pul ödənilir.

Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub. O zamandan sonra ölkədə ara-sıra kazinoların “səsi” eşidilirdi, hüquq-mühafizə orqanları əməliyyat keçirib belə oyunları təşkil edənləri ifşa edirdilər. 2011-ci ildə isə ölkədə ilk və yeganə qanuni idman mərc oyunu “ToPaz” fəaliyyətə başlayıb. “Caspian Tech” QSC-nin ticarət nişanı olan “ToPaz” portalı dövlət təminatlıdır və qanuni hesab olunur. Digər bütün mərc və onlayn platformalardakı oyunlar isə qanundankənardır. Bu gün Azərbaycanda qumar oyunlarında külli miqdarda pul itirənlərin sayı kifayət qədərdir.

Bir neçə gün əvvəl Milli Məclisdə “Turizm haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin. Sitat: “Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir”.

Qüdrət Həsənquliyevin bu təklifini süngü ilə qarşılayanlar çoxluqdadır. Deputatın bu təklifindən 1 həftə sonra Azərbaycan parlamentində “Telekommunikasiya haqqında” Qanuna düzəliş edildi. Bəs bu düzəliş nəyi dəyişəcək?

Ümumiyyətlə, qumarxanalar ləğv edilməlidir, yoxsa müəyyən şərtlər daxilində belə oyunlara icazə verilməlidir?

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bu barədə mətbuata açıqlamasında bildirib ki, qanunvericiliyə görə, ölkədə bu tip fəaliyyətlər qadağandır: “Kimlərsə onlayn mühitdə qumar, mərc, müxtəlif kazino oyunları ilə bağlı reklam yayır və təbliğat aparır. İstər onlayn, istərsə də oflayn mühitdə belə hərəkətlər qanunvericiliyə ziddir. Burada cinayət məsuliyyəti yaradan məqamlar var. Xüsusən internet azyaşlılar üçün əlçatan olduğuna görə belə oyunların reklamı daha ciddi məsuliyyət yaradır”.

Osman Gündüz qeyd edib ki, bu məsələ Azərbaycanda bir sıra aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməlidir: “Azərbaycan Reklamçılar İttifaqı, Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi monitorinqlər aparmalıdırlar. Xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi monitorinq aparıb nəticəni bəlli qurumlara təqdim etməlidir ki, Azərbaycan qanunvericiliyi ilə belə fəaliyyətlərin qarşısı alınsın. Bu fəaliyyət gizli deyil və aşkar formada aparılır. Hesab edirəm ki, aidiyyəti orqanlar bu cür onlayn oyunların, eləcə də reklamların fərqindədirlər”.

DİA.AZ-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Prezidentin 25 oktyabr 2016-cı il tarixli, 1086 saylı fərmanının icrası ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır: “Bildiyim qədər bu monitorinqləri Daxili İşlər Nazirliyi aparır və Azərbaycanda akkreditasiya olunmadan idman mərc oyunlarını təşkil edən şəxslər ətrafında tədbirlər həyata keçirilir. İnternet şəbəkəsində akkreditasiya olunmadan idman mərc oyunlarını təşkil edən şəxslər müəyyən edildikdə barələrində Cinayət Məcəlləsinin Lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanır. Bu maddənin 1.2-ci bəndinə əsasən, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədilirsə, məsuliyyətə cəlb olunmuş şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 3 misli miqdarında cərimə və ya 1 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Hüquqşünas deyir ki, internet üzərindən kazino oyunları təşkil edən saytların serverləri xarici ölkələrdə yerləşir və internet üzərindən idarə olunur. Bu baxımdan həmin oyunları təşkil edənlərin cəzalandırılması çətin məsələdir: “Qanuna edilən düzəlişlərdən sonra ”Lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması" maddəsində cərimələrin miqdarı kəskin şəkildə artırılıb. Qumar oyunlarının təşkilinə və keçirilməsinə görə inzibati xətanın törədilməsinə alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanın yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (ya) satışına görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürülməsi, ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletlə bərabər tutulan digər iştirak hüququnun) satışı, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək".

Hüquqşünas deyir ki, cərimələrin artırılması belə oyunlara marağı azaltmır: “Deputat Qüdrət Həsənquliyevin kazinoların müəyyən məkanlarda açılması təklifinə neqativ yanaşılması cəmiyyətin buna hazır olmaması ilə əlaqəlidir. Dünyada bir çox turizm sahələri olduğu kimi qumar turizmi də var. Yəni varlı insanlar var ki, dünyanın gəzməli-görməli yerlərini görmək arzusu ilə azartlı oyunlara maraqlarını bir arada həyata keçirmək istəyirlər. Qonşu Gürcüstanda bu istəklər nəzərə alınır və müəyyən şərtlər daxilində kazinolara icazə verilir. Əgər ölkədən bu istiqamətdə pul axınının qarşısını almaq istəyiriksə, bu məsələyə bir qədər fərqli yanaşma ortaya qoyulmalı idi. Cərimələr, qadağalar vəziyyətdən çıxış yolu deyil, üstəlik, müəyyən mənada ziyanlı tərəfləri də var. Məmurlar, onların övladları qumar oynamaq istəyirlərsə, niyə Gürcüstana getməli və orada uduzmalıdırlar? Bu baxımdan məsələyə bir daha baxılması zərurəti var”.

Qeyd edək ki, ölkədə bəzi mərc saytları bloklansa da, hazırda “MostBet” və “1xBet” kimi geniş istifadəçi kütləsi olan saytların girişinə heç bir məhdudiyyət yoxdur.

Bütöv.az


Paylaş



Bölmə: Ana seife / Xəbər / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!