Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 23-01-2023, 23:36
Ramiz Novruz: “Taleyimə Həzi Aslanovu yaşatmaq düşməliymiş”


Ramiz Novruz: “Taleyimə Həzi Aslanovu yaşatmaq düşməliymiş”

Həmsöhbətimiz Akademik Milli Dram Teatrının aktyoru, respublikanın Xalq artisti, “Mən sizi dünyalar qədər sevirdim” filminin qəhrəmanı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları komandiri, general-mayor Həzi Aslanov rolunun ifaçısı Ramiz Novruzdur.
- Ramiz müəllim, məlumdur ki, teatr aktyorusunuz. Sizə şöhrət gətirən “Mən sizi dünyalar qədər sevirdim” filminin baş qəhrəmanı Həzi Aslanov rolunu oynayana qədər başqa filmlərə çəkilmişdinizmi?
- “Qorxma, mən səninləyəm”, “Nizami” və başqa bir neçə fılmə çəkilmişdim. Həmin rollarım o qədər də yaddaqalan olmamışdılar.
- Həzi Aslanov roluna çəkilişiniz necə oldu?

- Burda bir təsadüf də var, qanunauyğunluq da. Günlərin birində kinostudiyaya getmişdim. Dublyaja çağırmışdılar. Bir dostum mənə demişdi ki, Həzi Aslanov haqqında fılm çəkilir, rollar çoxdur, siz də gəlin. Dublyajdan çıxanda bu söz yadıma düşdü. Düşündüm ki, kinostudiyaya həmişə gələn deyiləm. Gəlmişkən elə bir şəkil də çəkdirim. Kinostudiyaya giriş buraxılış vərəqəsi ilə olduğundan tez-tez gedə bilmirdik. Kinostudiyaya bir yerdə getdiyim dostum Salehə fikrimi bildirdim. O, çəkdirmədi. Mən isə çəkdirdim. Salehi qınamalı deyildi. Bizim hər birimizdə belə bir sterotip yaranmışdı ki, onsuz da baş rola çəkiləcək aktyoru qabaqcadan bilirlər. Sadəcə plan doldurub quş qoymaq xətrinə bizi də çəkirlər ki, beş-altı aktyoru sınadıq.
- Amma deyəsən, iş plan doldurub quş qoymaq xətrinə olmadı. Bu rol sanki sizin boyunuza biçilmişdi.
- Bir həftə sonra məni kinostudiyaya çağırdılar. Gördüm Ramiz Fətəliyev (ssenari müəllifi) və Rasim İsmayılov (rejissor) mənim şəkillərimə baxırlar. Ramiz müəllim şəkillərə baxa-baxa söylədi ki, Hamlet Xanızadə deyib ki, Ramiz Novruzov çox istedadlı oğlandır, onu da yoxlayın. Xeyirxah münasibətinə görə Hamlet Xanızadənin ruhuna bu gün də dualar oxuyur, rəhmət diləyirəm. Sınağa iyirmi aktyor çəkildik. Ələndi, beş-altı nəfər qaldı. Qalan beş-altı aktyordan biri Belarusiyada yaşayan azərbaycanlı idi. Çəkilişlərdə hiss edirdim ki, rejissorun gözü artıq məni tutub. O birilər təcrübəli aktyorlar idilər. Bilirdilər ki, kamera qarşısında necə dayanmaq lazımdır. Kino qanunlarını bildiklərinə görə bir az sıxıntılı oynamışdılar. Mən isə bunları bilmədiyimə görə təbii oynamışdım. Sonra dedilər ki, səni göstərəndə zalda hamı əl çaldı.
- Dediyiniz kimi, burda bir qanunauyğunluq da var axı. Məlumdur ki, biz qəhrəmanı yalnız şəkillərindən tanıyırıq. Filmdə sizi görəndə elə bilirik ki, gördüyümüz elə Həzi Aslanovun özüdür. Hərəkətlərinizdə, danışığınızda, səsinizin tonunda da hərbçi xarakteri aydın seçilir. Mən bu dəqiqə elə bilirəm ki, canlı Həzi Aslanovun özü ilə söhbət edirəm.

- Çox sağ olun. Bunu çoxları deyir. Həzi Aslanov rolu bu dərəcədə inandırıcı alınıbsa, mənim üçün bundan böyük sevinc nə ola bilər?! Yolda gedərkən kimsə ayaq saxlayıb: “Həzi Aslanov rolunda oynayan aktyordur” deyəndə sanki dünyanı mənə bağışlayırlar.
- Siz filmə çəkiləndə cəmi 35 il yaşamış Həzi Aslanovdan xeyli gənc idiniz. Bu rolun məsuliyyəti sizi qorxudurmu?
- Generalın roluna təsdiq olunmağım məni nə qədər sevindirirdisə, məsuliyyət hissi bir o qədər qorxudurdu. Axı, mən ümumiləşdirilmiş bir şəxsin rolunu oynamırdım. Az qala, dünyanın yarısının tanıdığı tarixi bir şəxsin rolunu oynayırdım. Bir də ki, fılmin çəkildiyi ötən əsrin səksəninci illərinin ortalarında onu tanıyanların əksəriyyəti - həyat yoldaşı, oğlanları, bacı-qardaşları, döyüş yoldaşları... sağ idilər. Odur ki, hər ştrixdə reallıq, inandırıcılıq əsas amillərdən idi.
Ssenari müəllifı də, rejissor da qərarlaşdırmışdılar ki, elə film çəkək, təkcə Azərbaycan, Rusiya yox, bütün dünya bəyənsin və bütün dünya görsün ki, bir Azəri balası sovet dövlətində öz millətini necə təmsil edib. Film SSRİ üçün alındı. O vaxt fılmə ümumittifaq primyerası elan olundu. Belə primyeralar nadir hallarda olurdu. SSRİ-nin bütün müttəfiq respublikaları və on dörd sosialist ölkəsi baxıb rəy söyləməliydi. Çox qəribədir ki, ən çox məktub Almaniyadan gəlirdi.
- Məlumdur ki, film sovet dönəmində çəkilmişdir. Müstəqillik dövründə çəkilsəydi, yəqin ki, başqa cür olacaqdı.
- Bəli, sovet rejimi çox mətləbləri açmağa imkan vermirdi. İki seriyalıq material var idi. Təəssüf edirəm ki, çoxunu kəsdilər, imkan vermədilər. Dövrə uyğun cəsarətsizlik vardı. Cəsarət çox şeyi həll edə bilərdi. Cəsarətsizliyin ucbatından fılmin nə qədər lazımlı kadrları çəkilmədi və ya qayçılandı. Bu günün prizmasından baxanda düşünürəm ki, onlar adi şeylər idi.
- Şəxsən siz özünüz hər hansı maneələrlə üzləşirdinizmi?
- Maneələr ümumi idi. Filmi çəkəndə bizə erməni millətindən olan Aslanyan soyadlı bir məsləhətçi göndərdilər. O zaman SSRİ məkanında qardaş xalqlar olsaq da, bu, qondarma qardaşlıq idi. Erməni tarix boyu bizə düşmən gözüylə baxıb. Generalın ömür yolu o qədər də hamar olmayıb. Azərbaycanlı, müsəlman övladının iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi, general-mayor rütbəsinə qalxması şübhəsiz ki, çoxlarında paxıllıq, qısqanclıq hissləri oyadırdı. Həzi Aslanov sonuncu dəfə Baqramyanın briqadasında olub. Bu faktın üstündən sükutla keçdilər. Baqramyanın adını hətta yaxşılığa çəkməyə belə icazə vermədilər. O ki qaldı Aslanyana, bu barədə Azərbaycanın ədəbiyyat adamlarına xəbər verdim. Onlar da bu adamın dəyişdirilməsi üçün özlərini oda-közə vurdular. Mümkün olmadı. Yalnız ona nail olduq ki, adı titrlərdə ötəri göründü.
- Çəkiliş zamanı yəqin ki, yadda qalan məqamlar da olub...

- Belə məqamlar olurdu. Mənim üçün ən maraqlısı Aslanovun sürücü-mexaniki işləmiş Kurkovun söhbətləri idi. Kurkov fılmin ikinci məsləhətçisi idi. Generalın xarakterik xüsusiyyətlərindən tez-tez söhbət açırdı. Deyirdi ki, Aslanov rus dilində ləhcəylə danışırdı. Çətin söylədiyi sözlərdən biri “general” idi, “gernal” deyirdi. Nə qədər irad tutsaq da, yenə “gernal” deyirdi.
- Filmdə çəkilməyən hissələrdən təəssüflə xatırladığınız varmı?
- Nə qədər! Belə bir yer vardı: əsgərlə şəfqət bacısı söhbət edir. Qar sinədəndir. Yalnız bir cığır var. Həzi onlara baxır, onları utandırmamaq üçün əli ilə yol açır. Bu hissəni kəsdilər. Rusları başa sala bilmədilər ki, bu, azərbaycanlı kişisinə xas xüsusiyyətdir. Birini də xatırlamaq istəyirəm. Final səhnəsində tankın üstündə dayanıb Azərbaycan dilində “Getdik” deyəndə arxadan səs gəlir. Həzi dönüb baxır, amma heç kim yoxdur. Yenə səs, yenə dönüb baxır.
- Bu, xəyali səs idi?
- Əslində xəyali səs idi. Amma arxada kimsə var. Dönüb bir də baxır. Və sonra “Hazırlaşın!” əmrini verir. Bu anda gözləri önündən kimlər keçmir – ata-anası, həyat yoldaşı, oğlanları, uşaqlığı, general Mehmandarovla görüşü, cəbhədə olan əsgərlər, döyüş dostları... hamı ona baxır. Hamı da yay paltarındadır. Özünü itirən kimi olur. Sonra əmr edir: “Getdik e!” Bura kimi çox proseslər vardı, onlar çəkilmədi. Almanların təmas xəttinə xeyli qalmış komanda verə-verə gedəndə birdən sol tərəfdən - öz tərəfimizdən atəş açılır. Həmin döyüşdə ağır yaralanır.
- Nə yaxşı ki, qəhrəmanın ölüm səhnəsi filmdə yoxdur. Həzi Aslanov tamaşaçılar üçün əbədi olaraq sağ qalır.
- Ölümü barədə müxtəlif versiyalar vardı. Sovet dövrüydü. Bu versiyalar sovet hökumətinə sərf etmirdi.
- Sonradan filmə çəkilmisinizmi?
- Çəkilmişəm. “Sarı gəlin”də də rolum var. “Cavad xan” filmində erməni generalını oynayıram. “Həzi Aslanov” fılminin basqısı o qədər böyükdür ki, o biriləri kölgədə qoyur. Bir də ki, çox aktyor var, onlarla fılmə çəkilir, lakin biriylə şöhrətlənib məhşurlaşır. Mənim sənət taleyimə də Həzi Aslanovu yaşatmaq düşməliymiş.

- Ramiz müəllim, aktyor olmaqdan başqa həm də, qələm adamısınız. Ən maraqlısı odur ki, yazdıqlarınız əsasən müharibə mövzusundadır.
- Mövzunu zaman özü verir. Heç zaman yazı xətrinə yazmıram. Mövzu məni ağrıdanda, dincliyimi alanda yazıram. Ürəyimi kağızlara boşaldanda, elə bilirəm, dərdimi kiməsə danışdım. Gəncə Dram Teatrında uzun zaman oynanılan “At ilinin birinci ayı” pyesim yanvar hadisələrindən bəhs edir. Akademik Milli Dram Teatrının bu gün də repertuarında olan “Hələ sevirəm deməmişdilər” pyesimm də Qarabağ hadisələrindən bəhs edir.
- Söhbətimiz Böyük Vətən Müharibəsinin qələbəsinin 75 illiyi vaxtına təsadüf etdi. O gün olsun ki, Qarabağ döyüşlərimizin qələbəsinin bayramını da qeyd edək. İlk müsahibim də siz olasınız.
- İnşallah. Mən inanıram ki, o gün uzaqda deyil.

Sevda ƏLİBƏYLİ,
“Söz” jurnalının baş redaktoru


Paylaş



Bölmə: Müsahibə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!