Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
16-09-2023, 17:21
HAQQ YOLUNUN YOLÇUSU...

Yubiley

HAQQ YOLUNUN YOLÇUSU...

Mehman Eynulla oğlu Fərzullayev... İndi hamı ona “Hacı” deyə müraciət edir. Mən onu 1994-cü ildə “Hərbi nəşriyyat”ı yaratdığı vaxtlardan “Hacı” kimi tanımışam.
Həcc ziyarətində 1999-cu ildə olub.
İnsanpərvərliyi, ağlı, zəkası, xeyirxahlığı, əxlaqı, əqidəsi, vətəndaş təəssübkeşliyilə elə anadangəlmə Hacıdır. Ömür yoluna nəzər salsaq, bunların şahidi olarıq. 75 illik ömür yolunu yaza bilsəm, bir dastan alınar.
Hacı Mehman poliqrafiya sahəsində və həyatda özünə ustad saydığı Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərovun devizilə işləyib: “İşi görmək istəyən vasitə axtarır, görmək istəməyən bəhanə”...
Orta məktəbdə əla oxuyub. Həkim olmaq istəyib. Lakin həmin il orta məktəblərdə onuncu və on birinci siniflərin buraxılışı eyni ilə düşdüyündən ali məktəblərdə sıxlıq olur. Mehman həkim ola bilmir. Kəndlərində tərəvəzçilik sovxozunda işə başlayır. Diribaş, işgüzar, zəhmətkeş oğlan tez fərqlənir. Gənclərə rəhbərlik üçün komsomol təşkilatının katibi seçilir. Kommunist Partiyası sıralarına namizəd olur. Ordu sıralarına kommunist kimi yola düşür. Hərbi hissənin qəzetində 3 onluğa vuran bir əsgər barəsindəki yazı qəzet redaktorunun diqqətini cəlb edir. Yazı yazmaq məharəti uşaqlıqdan olmuşdu. 10-cu sinifdə oxuyandan Lənkəranda çıxan yerli qəzetdə və respublika mətbuatında çıxış edib. Sıravı əsgərin yazmaq qabiliyyətini görən “Boevaya zvezda” qəzetinin redaktoru ona hərbi hissənin qəzetinin mətbəəsinə keçməsini təklif edir. Üç ay sonra, hərbi təlimlər vaxtı səhra şəraitində əl və ayaq gücünə işləyən çap maşınında dörd rəngli vərəqə “Boevoy listok” çap etdiyi üçün mətbəənin müdiri təyin olunur. Rəhbərlik etdiyi mətbəə SSRİ Müdafiə Nazirliyinin eyni dərərcəli mətbəələri arasında birinci olur. Burada xidmət etdiyi vaxt Hərbi Dairə qəzeti “Leninskaya znamya” qəzetində mütəmadi yazıları çap olunur. Dairə Partiya aktivində iştirakı zamanı SSRİ müdafiə nazirinin birinci müavini, ordu generalı Sokolovla görüşür. Şəkli böyük ölçüdə “Leninskaya Znamya” qəzetində çap olunur.
Komandanlıq Anasına minnətdarlıq məktubu göndərir.
Mehman hərbi xidmətin bütün təlimlərində yüksək nümunə göstərir. Xidməti bitəndə komandanlıq ona Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun hazırlıq şöbəsinə qəbul olunmaq üçün göndəriş verir.
Kəndə qayıdıb bu xəbəri atasına sevincək bildirəndə ata - Bakıda institut yoxdur, Moskvaya gedirsən? - deyib razı olmur. Oxuduğu Kərgəlan kənd orta məktəbinin direktoru da atanın fikrini təsdiqləyir.
Bakıya gedir, Azərbaycan Dövlət Universitetinin mətbəəsində işə düzəlir. Sənədlərini o zaman yeganə universitet olan ADU-nun jurnalistika fakültəsinə verir və qiyabi şöbəyə qəbul olunur. Yazı-pozuyla uşaqlığından məşğul olduğundan, ordu sıralarında mətbəə işini öyrəndiyindən bir növ hazır kadr kimi müəllimlərinin sevimlisinə çevrilir. Müəllimlərinin - Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Seyfulla Əliyev, Əliş Nəbili, Nurəddin Babayev, Tofiq Rüstəmov, Mahmud Mahmudov, Akif Rüstəmov, Cahangir Məmmədli, Nəriman Zeynalov və başqalarından hər zaman xoş xatirələr danışır. Mir Cəlal müəllimin böyük insanpərvərliyini unuda bilmir. Yuxarı kurslarda sırf ixtisas üzrə işləmək tələb olunduqda Sumqayıt radiosunda diktor-müxbir kimi işə başlayır. Bu ştatı tutmaq üçün Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci katibi Kamran Bağırov gənc kadr Mehman Fərzullayevi qəbul edir.
Sumqayıt radiosunda fəaliyyəti zamanı Azərbaycan Televiziya Komitəsinin aparıcı işçiləri olan Ənvər Qafarlı, Valid Sənani, Nuhbala müəllimlə dostlaşır. Uzun illər Azərbaycan Televiziyasının sədri olmuş Elşad Quliyevlə münasibətlərini xoş xatirələrlə anır. Bakı-Sumqayıt yolunun uzaqlığı səbəbindən belə xoş münasibətli mühitdən ayrılmalı olur.
“Yeni Kitab” mətbəəsinin direktoru olan Şəddat Cəfərova müraciət edir. Mehman Fərzullayevi yığım sexinə müdir göndərir. Planı 70 faizdən artıq ödəyə bilməyən mətbəə ilk ayda 120 faizi ötüb keçir. Sonrakı aylarda 170-180 faizə çatdırılır. Qızlara ikiqat əmək haqqı verməklə axşam növbəsində işləməyə cəlb edir. Bu uğurların qazanılmasında Şəddat Cəfərovun xidmətlərini minnətdarlıqla xatırlayır. Söyləyir ki, Şəddat müəllim hər bir təşəbbüsümü dəstəkləyirdi. Yeni texnologiyalar bizim sexdə tətbiq olunurdu. Yığımın perfolenta ilə həyata keçirilməsi, linotip maşınındakı bu yenilik yığım sürətini xeyli artırdı. İkinci növbədə işləyən qızlar üçün avtobus ayırdı.
Bir haşiyə: Şəddat Cəfərov haqqında “İlk poliqrafçı alim” kitabını yazdığımdan bir fakta da mən aydınlıq gətirim: SSRİ Mətbuat Komitəsinin sədri Boris Stukalin “Yeni Kitab” mətbəəsinə Cəfərovu direktor təyin edəndə mətbəə acınacaqlı vəziyyətdə imiş. Hər zaman işin ağırından yapışan poliqrafçı alim işləri elə yoluna qoyur ki, 11 aydan sonra mətbəə SSRİ mətbəələri arasında I yerə çıxır. Buna inana bilməyən Stukalin Keçici Qırmızı Bayrağı mətbəəyə təqdim etmək üçün Azərbaycana gəlir və Bayrağı şəxsən özü Şəddat müəllimə təqdim edir.
Planın ikiqat yerinə yetirilməsində yığım sexinin payı çox olduğundan Stukalin təqdimatdan sonra sexə gəlib işlərilə tanış olur. Həmin günün sevinci fotolarda öz əksini tapıb.
Mehman Fərzullayev “Yeni Kitab”dan köçürmə yolu ilə “İşıq” nəşriyyatına gedir. Əvvəldə dediyim kimi, hər yerdə ustadı Şəddat Cəfərovun iş metodundan istifadə edir.
“Azərbaycan miniatürləri” albomu 7 il əvvəl Moskvada çapa hazırlansa da, heç bir məsul şəxs nəşri imzalamağa cürət etmir. Nəşriyyatın işçıləri 10 il idi, əmək haqqını vaxtında ala bilmirdilər. Moskvaya gedir. 20 gün Moskvada qalır. Müəyyən xərclər sərf etməklə və səlahiyyəti öz üzərinə götürməklə kitabı çapa imzalayır və kitabın yüksək səviyyədə çapına nail olur. Böyük tirajdan 100 nüsxə kitabla Azərbaycana qayıdır. “Azərbaycan miniatürləri” kitabı Azərbaycan KP MK-nın I katibi Heydər Əliyevə təqdim olunur. Heydər Əliyev kitabı çox bəyənir. Və satışa verilməməsini, yalnız gələn qonaqlara bağışlanmasını tapşırır.
Kitab beynəlxalq sərgidə 2-ci mükafata – gümüş medala layiq görülür. “İşıq” nəşriyyatının işçilərinə 38 min mükafat ayrılır.
Mehman Fərzullayevin işləri düzgün qurması, qənaətcilliyi, SSRİ-nin müxtəlif yerlərində yaşayan poliqrafçı dostlarıyla şəxsi münasibəti hesabına nəşriyyatın işləri yoluna düşür. Digər nəşrlər: “Arxitektura Azerbaydjana”, “Arxitektura Baku” açıqca dəstləri böyük tirajla çap olunur. 30 il əlyazma şəklində istifadə olunan Fikrət Əmirovun “Sevil” operası, Cövdət Hacıyevin “Təntənə”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” və digər not ədəbiyyatlar Moskvada yığılaraq Bakıda çap olunur. Vaxtında əmək haqqı almayan kollektiv mükafat, hətta 14-cü maaş da alır. Mehman Fərzullayevin adıyla bağlı olan bu uğur Komitə sədrinin xoşuna gəlmir. Mükafatlandırılmalı olan işdən getməli olur və mənzil növbəsi batır.
Həzrəti Əlidən (Ə.) soruşurlar ki, düşmənin kimdir? Söyləyir, əlimin yaxşılığı. Bu yazını Hacının yubiley yaşına yazdığımdan söz vermişdim ki, ağrılı yaşantıları qələmə almayım. Amma birmi, beşmi?.. Yan keçmək mümkünsüzdü.
Şəddat Cəfərovun rəhbər olduğu “Kommunist” (“Azərbaycan”) nəşriyyatına gedir. Sinkoqrafiya sexində işə başlayır. Bilik və bacarığı sayəsində sexə yeniliklər gətirir.
Burada ona şilda istehsalı tapşırılır. Maşınlar və bütün avadanlıqlar üçün istifadə olunun bu etiket əvvəllər Saratov və Yaponiyadakı zavodlara sifariş verilirdi. Bunun həllini tapandan sonra nəinki nəşriyyat qazanır, eləcə də respublikaya xeyli gəlir gətirir. O vaxt qəzet çapında istifadə olunan çox qiymətli metallardan hazırlanmış bimetal lövhələr kilosu 20 qəpiyə Sibirə təkrar emala göndərilirdi. Şilda istehsalında istifadə olunan bu tullantı hesab edilən materialın hər kilosundan 20 manat təmiz gəlir əldə olunurdu. 10 adamla 20 min manat qazanc əldə olunurdu. Fəhlələr 700 manat maaş alırdılar. Buradakı istehsal üsulu sex rəisinin özünün tapıntısı idi.
İstehsal sahəsini başqasına tapşırıb sexi köçürürlər. İki ay sonra istehsal dayanır. Respublika müəssisələri yenə Saratova üz tutmalı olurlar. Həm qiymətli metal əldən çıxır, həm də pul başqa ölkəyə axmaqla insanlar üçün problem yaranır.
İş adamı dayanmır, yeni sahələr, üsullar tapır.
Azərbaycan rəssamlarının işlərinin metala köçürmə üsulunu tapır. Bir rəngdən dörd rəng alır. Əslində bir rəng olur, amma dörd çalarlı. Maral Rəhmanzadənin, Mikayıl Abdullayevin... əsərlərini satışa verir.
Bunu da dayandırdıqdan sonra klişe ilə məşğul olur. Burada da haqsızlıqla üzləşdikdə “Kommunist” (“Xalq qəzeti”) qəzetinin redaktoru Rəşid Mahmudovun yanına gedir. Qəzetdə buraxıcı yeri boş olduğundan redaktor Mehmanı o yerə təyin edir. O vaxta kimi Rəşid müəllimlə tanış idi. Birgə iş fəaliyyətlərindən sonra ömrünün sonuna kimi dost olurlar. Rəşid müəllimin vəfatından sonra haqqında kitab tərtib edərək redaktə edib. Ümumiyyətlə, Hacı Mehman uşaqlığından ağsaqqallarla oturub-durmağı sevib. Əməkdar jurnalist Kazım Ələkbərov, ömrü boyu yüksək vəzifələrdə çalışmış Sadıq Murtuzayev, akademik Mirməmməd Cavadzadə, Tofiq Aslanov, Azad Talişoğlu, Kamran Hüseynov, İqrar Əliyev, Ənvər Nəzərli və digərləri ilə dostluq münasibətlərində olub.
Bir qədər sonra Rəşid Mahmudov Mətbuat Komitəsinin sədri təyin olunur. Sədr Təchizat və satış idarəsinə Mehman Fərzullayevi müavin göndərir.
Çətin illərdə, material qıtlığı dövründə poliqrafiyanın əsas canı olan kağız gətirmək qayğısına qalır. SSRİ-nin əksər kağız kombinatlarının rəhbərləriylə dost olduğundan bu işin həllini tapır. İnsanlığına, düzlüyünə, qabiliyyətinə görə bütün qapılar üzünə açıq olur. Özü kombinatdan çıxmamış, pulu ödənmədən kağız vaqonlara yüklənib yola salınırdı.
Qarşısına da hər zaman özü kimi xeyirxah adamlar çıxır. Lənkərandan olan bəstəkar, ilk Azərbaycan rekviyeminin müəllifi Arif Mirzəyevin SSRİ Dövlət Plan Komitəsində yüksək vəzifədə çalışan həyat yoldaşı Tamara Anatoliyevnanı minnətdarlıqla xatırlayır. Onun bir zəngi, tapşırığıyla bütün qapılar üzünə açıq olur. Özünün şəxsi təşəbbüsü və imzasıyla 4000 ton kağızı ölkəyə gətirir. Buna da qısqananlar tapılır. - Bu qədər kağızı biz harda saxlayacağıq? - deyib onu gözümçıxdıya salanlar da olur. Lakin bir qədər sonra kağızın tonu 130 dollardan 700 dollara qalxanda “sağ ol” deyən olmur.
“Panorama Azerbaydjana” qəzetinin çap məsələsi xeyli vaxt idi yubanırdı. Nazirlər Sovetinin qərarı ilə qəzet 4 dildə çıxmalı idi. Nə səfirlik, nə başqa təşkilatlar işi yoluna qoya bilmirlər. Mehman Fərzullayev bu işin təşkili üçün Moskvaya ezam olunur. Hələlik yalnız rus dilində çıxacaq qəzeti çapa hazırlayır. Son anda arvadı erməni olan baş mühəndis: “Mən nə qədər burdayam, bu qəzet burada çap oluna bilməz!” “Pravda” nəşriyyatının direktor müavini Əli Əli oğlu Novruzovla dost olduğundan ona müraciət edir. Əli Əli oğlu direktor Leontyevə məktubu imzalatdırmaqla məsələ yoluna düşür.
Qəzet üçün 26 ton kağızı da Juravleva familiyalı xanım hədiyyə kimi bağışlayır. Ertəsi gün qəzet 80 qramlıq ofset kağızında 4 rəngdə çap olunur və “Pravda” qəzetinin arasına 10 nüsxə yerləşdirib baş mühəndisin stoluna qoyulur. Erməni yeznəsi dəli olur.
Qəzetin yayım məsələsində də Bakılı bir erməni: “Nə qədər ki, mən burdayam...” İşi Allah düzüb qoşursa milyon erməni gəlsin. Mehman Fərzullayev SSRİ Rabitə nazirinin birinci müavini ilə görüşür və hər şey bir saatda həllini tapır. 30 min tirajla çıxan qəzet dünyanın çox yerinə yayılır.
Qəzetin yayım məsələsində də Bakılı bir erməni: “Nə qədər ki, mən burdayam...” İşi Allah düzüb qoşursa milyon erməni gəlsin. Mehman Fərzullayev SSRİ Rabitə nazirinin birinci müavini ilə görüşür və hər şey bir saatda həllini tapır. 30 min tirajla çıxan qəzet dünyanın çox yerinə yayılır.
Mehman müəllim qəzetin işilə bağlı il yarım Moskvada qalır. Qəzetin ingilis dilində abunəsini 3 minə çatdırır. Həmin vaxt Azərbaycanın nəşriyyatları üçün şəxsi nüfuzu sayəsində yüz tonlarla kağız və digər poliqrafik materiallar ehtiyatı göndərir. Onun Bakıya qayıtmağı ilə iş yarımçıq qalır. Qayıtdıqdan sonra min əziyyətlə Bakıdan aldığı RAF maşını səfirliyin həyətindən oğurlanır və qəzet fəaliyyətini dayandırır.
Qəzetin baş redaktoru Fərhad Ağamalıyev səfirliyin mətbuat xidmətinin katibi təyin olunur.
Moskvada işlədiyi dövrdə diaspor təşkilatı ilə də, Azərbaycanın haqq işinin təbliğiylə də məşğul olur. Sankt-Peterburq, Kiyev, Alma-Ata şəhərində Azərbaycan diasporunun yaranması və formalaşmasında xüsusi səy göstərir.
Moskvadan qayıdanda ölkənin ağır vaxtı idi. 20 Yanvar yaraları, Xocalı faciəsi ürəkləri göynədirdi. Hərbi nəşriyyat yaratmaq təklifi alır. Əlaqədar təşkilatlara müraciət edir. 11 nazirin və Bakı şəhər İcra hakiminin imzası və razılığı ilə təsdiqlənən sənədlər nəhayət hazır olduqdan sonra Nazirlər Kabineti qərar çıxarır. Nəşriyyat işə başlayır. İşlər uğurla gedir. Həmin illərdə “Hərbi nəşriyyat” ən “bərkgedən” poliqrafik müəssisələrdən idi. Bizim “Söz” jurnalı da bir neçə il “Hərbi nəşriyyat”da işıq üzü görüb.
Mehman müəllim yaratdığı nəşriyyata 6 il yarım rəhbərlik edir. Bu müddətdə 550 adda nizamnamə, hərbi-texniki, məxfi, tam məxfi xidməti və hərbi vətənpərvərlik mövzusunda kitabın çapına nail olur.
Nəşriyyat 2 beynəlxalq sərgidə iştirak edərək mükafata layiq görülüb.
Mehman müəllim məhz həmin dövrdə Həccə gedib, müqəddəs yerləri ziyarət edib.
Sonra “İslam” nəşriyyatını yaradıb. Müəyyən səbəblərdən nəşriyyatın fəaliyyəti yarımçıq qalıb.
Dörd il Ədliyyə Nazirliyində “Qanunçuluq” jurnalının böyük redaktoru kimi fəaliyyət göstərib. Burada Ədliyyə tariximizdə 4 cap vərəqi həcmində araşdırması, Demokratik Cümhuriyyət və sonrakı dövrlərdə yaşayıb SSRİ məkanında, eləcə də xaricdə çalışan görkəmli Ədliyyə xadimlərimiz haqda məqalələri çap olunmuşdur.
Sonra yaradıcılığa qayıdıb. Neçə ləyaqətli ömrü sözlə əbədiləşdirib.
Hacının yetmişində “70 hələ bir bahardır” yazmışdım. 75-də də o ovqatda gördüm.
Deyir, Allahımdan çox razıyam. Sağlamlığım yerində, övladlarımdan razıyam. Hər namazda Vətənimizə, Ali Baş Komandana, ordumuza, şəhidlərimizə, qazilərimizə, yaxşı adamlara, ailəmə dua edə-edə şükr edirəm.
Hacı Mehman doğulduğu Lənkəran rayonunun Kərgəlan kəndindən lap cavan yaşlarında çıxıb. Bakıda hər hansı qızla və ya o zaman dəbdə olan başqa millətdən olan qızla ailə qura bilərdi. Amma burda da ustadı Şəddat Cəfərovun metodu ilə gedib. Öz həmkəndlisi, ailədə 9 bacının dördüncüsü – Bəsti xanımla ailə qurub 44 illik birgə ömürdə 4 övlad böyüdüb, 9 nəvənin sevincini yaşayırlar.
İlk övladları Xəyyam Neft Akademiyasını bitirib. Dünyaya təhsili və işiylə bağlı səfərləri Amerikadan başlayıb. Müsabiqələrdə I yeri tutaraq Amerikada dünyaca məşhur olan Geofizika İnstitutunda bir il ixtisasartırma kursunda, sonra Norveçdə magistratura təhsili alıb. Daha sonra AMEA-nın Geologiya İnstitutunun aspiranturasında təhsil alıb. Təhsili başa çatmamış iş təklifləri gəlib. Bir müddət London, Bakı, London, Kanada, Dubay, Malaziya, Dubay, Tümen, Rumıniya, daha sonra Omanda çalışıb. Hazırda Kanadada yaşayır. İxtisası üzrə mühəndis işləyir. Oğlu Yusuf birinci sinifdə, qızı Naima hazırlıq qrupunda oxuyur.
Xəyyam 20 ildən artıq müddətdə Vətəndən uzaqlarda yaşasa da, əsl Azərbaycançıdır. Diaspor təşkilatlarının ən fəal üzvüdür. Hər hansı ölkədə yaşamasından asılı olmayaraq, bütün milli bayramlarımızda işlədiyi şirkətin hesabına Azərbaycanlı ifaçıların iştirakı ilə konsertlər təşkil etməyə nail olub.
Bir neçə alətdə ifa edə bilir. Azərbaycandan gedəndə özüylə apardığı tarını bütün dünyada gəzdirir. Həm tələbəliyində, həm işlədiyi dövrdə özü çalmaqla yanaşı, başqalarını da bu işə - mədəniyyətimizin təbliğinə cəlb edir.
Jalə Rəssamlıq Akademiyasını qırmızı diplomla bitirib. Nübar nəvəsi olan Fatimə Hacının anasının adını daşıyır. İbrahim Elşən oğlu Fatimənin qardaşıdır. Şəbnəm də Texniki Universiteti qırmızı diplomla bitirib. Həyat yoldaşı Hikmətlə Araz, Məryəm, Ayan adlı övladlarını böyüdürlər.
Hacının çox sevimli nənəsinin adını daşıyan Bahar qızı Xəzər Universitetini bitirib. Fenomen səsə malikdir. Xəzər Universitetində dərs deyən Konservatoriya müəlliminin diqqətini cəlb edir. Bahar eyni dövrdə bir il Konservatoriyada təhsil alır. Onun ifasında “Sevil” operası hazırlanır. Yeni səs Xalq artisti Xuraman Qasımovanın da marağına səbəb olmuşdu. Baharın televiziyanın fondunda xeyli lent yazıları var. İfa görüntüdə başqasının, səs isə Baharındır. Bahar həyat yoldaşı Cəfərlə Cahan və Canel adlı qızlarını böyüdür... Uşaqların hər ikisi Musiqi İncəsənət Kollecində təhsil alırlar.
Hacının nəvələrinin dördü dünyanın müxtəlif ölkələrində ali təhsil alırlar. Məktəbli olanları da əla oxumaları, ictimai fəallıqları ilə ailəyə hər zaman başucalığı gətirirlər.
Hacı Mehman haqqında yubiley yazısını başladığım anda haradansa Yaşar Nuri Öztürkün bu fikirlərini oxudum. Nöqtə, vergülünə dəymədən bu fikirlər sanki Hacı Mehmanın boyuna biçilib.
“Sizi dinlə aldatmaq istəyənlərə aldanmayın. Dinin rəmzi saqqal, hicab deyil. Əxlaq, ədalət, ağıl və elmdir”.
Onlarla kitaba redaktor, tərtibçi, tərtibatçı, naşir olan, 50-dən çox kitaba “Ön söz” yazan, bir neçə kitab müəllifi olan Hacı Mehman Fərzullayevin indi ən çox oxuduğu müqəddəs “QURAN”dır. Quranın, bütövlükdə islamşünaslığın, eləcə də digər səmavi kitabların hansı hissəsindən sual versən, Hacının mükəmməl, izahlı cavabları hazırdır.
Hacı Mehmanın 75 illik ömür yolunun çox az məqamlarını gətirdim yazıya. Həyatda üzləşdiklərilə tanış olanda düşünürəm ki, tarix boyu zəka, düşüncə, ağıllı başlar nadanlığın qurbanı olub. Fəqət ürəyində Allah eşqi, həyat eşqi güclü olanlar həmişə qalib gəlirlər. Hacı həmişə müqəddəs, saf əməllərilə kara gəlir, yardımçı olur, xeyirxahlıq edir, insanları haqqa, doğru yola çəkir. Bu işlərin davamı üçün Allahından sağlam və uzun ömür diləyir.
Elə mən də Hacı Mehmanın bu arzularının gerçəkləşməsi və 80 illiyində yeni bir təbrik yazmaq arzusuyla yazıma nöqtə qoyuram.

Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru











8-09-2023, 09:19
Tariximizə ehtiram əlaməti olaraq repressiya qurbanlarına abidə ucaldılmalıdır


Tariximizə ehtiram əlaməti olaraq repressiya qurbanlarına abidə ucaldılmalıdır

Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində 1937-ci ildə və sonrakı dönəmlərdə repressiyalara məruz qalan, təqib edilən şəxslərlə bağlı xeyli tədqiqatlar apardıq.
Bu dəfə uzun illər Dövlət Ədəbiyyat və İncəsənt Arxivində müxtəlif vəzifələrdə çalışan, Azərbaycanda repressiya qurbanlarının ən geniş tədqiqatçısı “Arxivlərdən gələn səslər” və digər dəyərli kitabların müəllifi Aslan Kənanla söhbət etdik. Azərbaycan Milli Elmlər Akademiyasında baş tutan görüşümüz zamanı Aslan müəllim çox maraqlı mətləblərə toxundu.
Tədqiqatçı Aslan Kənan Azərbaycanın ilk dissidentlərindən biri olan Gülhüseyn Hüseynoğlu haqqında danışdı: “ Mən tədqiqatları əsasən Dövlət Ədəbiyyat və İncəsənt Arxivindən, DTX arxivindən yararlanaraq davam etdirmişəm. Bu sahədə bir sıra kitablarım, xeyli sayda məqalələrim çap olunub. Mən ortalığa atılan əsassız replikalara, mənbəyi bəlli olmayan fikirlərə deyil, daha çox faktlara və elmi mülahizələrə önəm vermişəm. Gülhüseyn Hüseynoğlu haqqında onu deyə bilərəm ki, Azərbaycanın ilk dissidentlərindən biri olub. Gülhüseyn Hüseynoğluya öncə ölüm cəzası verilir. Həmin illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir. O, Sibirə sürgün edilir. Nəhayət, Stalin öləndən sonra bir çox məsələlər kimi bu işə də yenidən baxmağa qərar verilir və Gülhüseyn Hüseynoğlu azadlığa çıxır. 1955-ci ilin mayında "İldırım" təşkilatının bütün üzvləri evlərinə qayıdırlar".
Aslan Kənan qeyd edir ki, sonralar mən dəfələrlə Gülhüseyn müəllimlə görüşüb repressiya tarixini, bəzi gizli məqamları öyrənməyə cəhd etdim. Hətta bir dəfə kiçik diktafon tapdım. İstəyirdim onunla səmimi söhbət edim, bütün bildiklərini gizli də olsa diktafona yazım. Azərbaycan Milli Elmlər Akademiyasının qabağındakı parkda görüşdük. Sanki Gülhüseyn müəllim hiss etmişdi. Mən onu çox söhbətə tutdum ki, bizim bilmədiklərimizi danışsın. O, qəti şəkildə repressiya ilə bağlı heç bir şey danışmayacağını bildirdi. Elə bil onda sovet KQB-sinin, o dövrün qorxusu, xofu vardı. Əlqərəz Gülhüseyn Hüseynoğlu bir çox sirləri özü ilə qəbirə apardı.
Həmin dövrün ziddiyyətli prosesslərinə toxunan tədqiqatçı Aslan Kənan daha sonra qeyd edib: “Mən Mircəfər Bağırovu ziddiyyətli şəxs hesab edirəm. Onun müsbət tərəfləri ilə bərabər çox ziddiyyətli tərəfləri olub. Çox günahsız insanlar qurban gedib. Bəziləri deyir Mikayıl Müşfiqi xilas etmək istəyi olub. Ümumiyyətlə, repressiya tarixi ilə bağlı əsası olmayan replikaları, belə varinatları mən qəbul edə bilmirəm. Bağırov bir çox günahsız ziyalılarımızı xilas etmək imkanı olub. Amma o, bunu etməyib. Qaldıkı M. Müşfiqlə bağlı onu demək olar ki, 1937-ci ildə Müşfiq doğum gününə bir gün qalmış həbs edilir, 1938-ci ilin yanvarın 5-dən 6-na keçən gecə onu güllələyirlər. Onun harada basdırıldığı haqqında heç bir sənəddə yazılmayıb. Cəsədlərin dəfninə gəldikdə, NKVD-nin xüsusi kimsəsizlər yeri olub, bir qəbirdə bir neçə şəxs dəfn edilirmiş. Çünki onları basdırmağa elə bir vaxt da yox idi. Bir güllələnmə hökmü vermək 15-20 dəqiqə çəkirdisə, onları basdırmaq da elə bu şəkildə olurdu. Məsələn, Böyükağa Talıblı ilə Əhməd Cavad bir vaxtda güllələnib. Məgər onların hər birini ayrılıqdamı basdırıblar? Xeyr! Bir neçə güllələnmiş şəxs üçün dərin xəndək qazılır, onları ora atırdılar. Təbii ki, təmtəraqla dəfn olmayacaqdı. Müşfiq Müsavatın gənclər təşkilatının üzvü olub, onun üzərində 1926-1930-cu illərədə bir neçə əksinqilabçı ilə əlaqədə olmaq “günahı” var idi. Bir gündə 3-4 nəfəri birdən güllələyirdilər, hər biri üçün ayrıca qəbir qazmayacaqdılar ki? Biz nə qədər Müşfiqi sevsək də, onun belə dəfn edilməsini qəbul etmək istəməsək də, bu reallıqdır”.
Aslan müəllim Nəriman Nərimanovun 1925-ci ildə Moskvada öldürülməsi və yaxud öz əcəli ilə ölməsi məsələsinə aydınlıq gətirərək bildirdi ki, Nəriman Nərimanovun zəhərlənməsi və ya başqa formada öldürülməsi ilə bağlı əlimizdə heç bir tutarlı fakt yoxdur. Bu barədə danışılanları, replikaları məndə təsdiqləyəcək faktlar yoxdur. Ümumi mülahizələr isə yetərli deyil.
Tədqiqatçı alim onu da bildirdi ki, tariximizə ehtiram əlaməti olaraq repressiya qurbanlarına abidə qoyulmalıdır. Ölkə hüdudlarından kənarda dəfn olunmuş repressiya qurbanlarının, totalitar rejimin təqiblərindən didərgin düşən çox tanınmış simaların, Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun və digərlərinin nəşinin Azərbaycana gətirilməsi məsələsi üzərində düşünməliyik. O dahi şəxsiyyətləri gənc nəsil daha yaxşı tanımalıdır.
Tanınmış tədqiqatçı Aslan Kənanla kifayət qədər müzakirələrimiz oldu. Həmin söhbətin çox az bir hissəsini təqdim etdik.

Araşdırma Qrupu
16-08-2023, 17:05
Sovet rejimi haqq aşığını niyə qətlə yetirdi?

Sovet rejimi haqq aşığını niyə qətlə yetirdi?

Tarixin müxtəlif dönəmlərində o cümlədən 20-ci əsrdə repressiya və terror aktlarına daha çox xalqın intellektual mülkiyyət sahibləri məruz qalıb.
Bu proses 1937-ci ildə sürətlə davam edib. Biz araşdırmalarımız və Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində Azərbaycanın çox tanınmış simaları ilə bağlı maraqlı faktlarla rastlaşdıq. XX əsrin çox tanınmış simalarından biri, saz-söz sənətini zirvələrə qaldıran insandan söhbət açırıq.
Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov 1872-ci il mart ayının 12-də Şamaxı qəzasında Qəşəd kəndində anadan olmuşdur. Mənbələrdə göstərilir ki, o, ilk təhsilini Molla Xasının məktəbində, sonra isə Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Burada o, ərəb-fars dillərini kamil öyrənmiş, klassik poeziyaya dərindən bələd olmuşdur. Şamaxı ədəbi mühiti – "Beytül-səfa" və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini isə dövrünün nəhəng muğam ustadı Mirzə Məhəmməd Həsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla davamçılar yetişdirmişdir.

Aşıq Mirzə Bilal böyük nüfuz sahibi olmaqla bərabər Xalq Cümhuriyyəti dövründə (1918-1920) Şamaxı qəzasının əmniyyət müdiri vəzifəsində çalışmışdır. Onun repressiya qurbanı olmasının səbəblərindən biri də məhz budur. Aşıq Mirzə Bilalın repressiya olunmasının digər əsas səbəbi isə onun, yaradıcılığında və aşıqlıq fəaliyyətində sovet rejimininin qoyduğu qadağalara riayət edə bilməməsi olmuşdur. 1928-ci ildə Bakıda Azərbaycan aşıqlarının birinci qurultayının nümayəndəsi olmuş və qurultayda bütün aşıqlar adından çıxış etmişdir.
Şirvanlı Aşıq Mirzə Bilal 1937-ci il iyun ayının 17-də həbs edilmiş, həmin ilin noyabr ayının 26-dan 27-nə keçən gecə xalq düşməni adı altında güllələnmişdir. Aşıq Mirzə Bilalın külliyyatı yəni, şeir və dastanlarının böyük bir hissəsi, NKVD tərəfindən əmlakı müsadirə olunaraq məhv edilmişdir.
Uzun illər keçdikdən sonra SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası 12 oktyabr 1955-ci ildə Mikayılov Bilal Mustafa oğlunun işinə yenidən baxaraq onun haqqında olan Azərbaycan SSR XDİK üçlüyünün 10 noyabr 1937-ci il tarixli qərarını ləğv etdi. Azərbaycan Respublikası prokurorluğunun 28 oktyabr 1993-cü il tarixli qərarı ilə Bilal Mustafa oğlu yenidən bəraət almışdır.
Mirzə Bilal aşıq sənətini məna və məzmunca yeni inkişaf mərhələsinə yüksəltmiş, zəngin musiqi xəzinəsi olan Şirvan aşıq məktəbinin əsasını qoymuş, "Şirvan Aşıqlarının Atası" titulunu qazanmış nəhəng bir sima olmuşdur.
1937-ci ildə totalitar rejim olan sovet repressiyasının qurbanı olmuş aşıq haqqında uzun müddət danışmaq yasaq olunmuşdu.
Aşıq Mirzə Bilalla bağlı musiqi tədqiqatçısı, qocaman xanəndə Ağakərim Nafizin fikirləri belə oldu: “Seyid Əzimin məktəbini uğurla başa vuran Bilal dostları arasında Mirzə Bilal adı ilə tanınır. O, ustadı Seyid Əzimdən ərəb və fars dillərini öyrənir, eləcə də klassik poeziyaya dərindən bələd olur. Ona aşıqlıq sənətində ustadlıq edən Aşıq İbrahim olur. Ustadı Aşıq Bilalda aşıqlıq sənəti ilə bərabər xanəndəlik qabiliyyətini gördükdən sonra Şirvanın məşhur xanəndəsi Mirzə Məhəmməd Həsəndən muğam sənətinin sirlərini öyrənməyi tövsiyə edir. O, hər iki ustadından dərs alaraq həm bənzərsiz aşıq, həm də 35 ildən artıq məşhur xanəndə kimi bütün Qafqazda şöhrət qazanır. Aşıq Mirzə Bilalın sənət dostları və şagirdləri çox olub. Aşıq Abbas Söhbətov və digərləri onun sənətini uğurla davam etdirirlər”.

Onu da qeyd edək ki, Mirzə Bilal 1918-ci ildə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım zamanı Şamaxı qəzasının Qəşəd kəndində əhalinin xilası üçün çalışıb, kəndin könülləri ilə birlikdə xeyli insanı təhlükəsiz məkanlara çatdırıb. 1918-ci il soyqırımları zamanı kənd ermənilər tərəfindən yandırılıb, əhalinin bir hissəsi isə qətlə yetirilib. Onu da qeyd edək ki, Mirzə Bilal Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxı İcraiyyə Komitəsinə üzv seçilib, 6-7 kəndə nümayəndə təyin edilib.
Faktlar var ki, Aşıq Mirzə Bilal totalitar sovet rejiminə, həmin quruluşun yaratdığı kolxozlaşma sisteminə ironiya ilə baxırmış. Hətta onun yaradıcılığında da bu məqamlar özünü göstərib. Ehtimal olunur ki, bu amillər böyük ustadın sovet cəza sisteminə düçar olmasının səbəblərdən biri ola bilərdi.

Araşdırma qrupu
15-08-2023, 23:08
Aşıq Əkbər -90


Aşıq Əkbər -90

İllərin səltənətindən adlayıb bugünümüzə gəlib çatmış Aşıq poeziyasından söhbət açarkən ilk olaraq Aşıq Qurbani yada düşür, sonra da bu sırada Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Molla Cuma, Aşıq Valeh, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Aşıq Əmrah Gülməmmədov, Aşıq Hüseyn Saraçlı, Aşıq Kamandar Əfəndiyev, Aşıq Şakir, Aşıq Pənah, Aşıq Bəylər, Aşıq Mikayıl Azaflı, Aşıq İmran Həsənov və Aşıq Əkbər Cəfərov da yer tutr. Bu ustad aşıqlar uzaq-yaxın tariximizin sənət fədailəridir – hər birinin özünəməxsus sənət yolu, öz yaradıcılıq dəsti-xətti olub...
Təbii ki, Aşıq sənətinin ucalıqlarından bəhs edərkən Tovuz Aşıq məktəbinin görkəmli davamçısı, saz-söz sənətinin ölməz dühası Aşıq Əkbər Cəfərovun zəngin yaradıcılığından söhbət açmaya bilmirsən. Əslində, məqsədimiz bu günlərdə 90 illik yubileyi olacaq, yaddaşımızda artıq bir məktəbə çevrilmiş Əkbər Cəfərov - böyük sənəti ilə daim diqqət mərkəzində olmuşdur. Məqsədimiz misilsiz ozan haqda söhbət açmaq, onun yaradıcılığı barədə yazı yazmaq, dəyərli sənətini bir daha Aşıq poeziyasını sevənlərə təqdim etməkdir.
Məlum olduğu kimi, görkəmli saz, söz ustası Aşıq Əkbər Cəfərovun 90 illik yubileyi ilə əlaqədar hazırlıq işləri gedir. Bu mövzuda bir neçə dəfə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə görüşüb söhbət etdik. Məhərrəm müəllim söhbət əsnasında bildirdi ki, Aşıq Əkbərin 90 illik yubileyi həm boya-başa çatdığı Tovuz rayonunda, həm də Bakı şəhərində çox yüksək səviyyədə qeyd olunacaq. Bu günlərdə Şəmkirdə yaşayan bir dostumdan eşitdim ki, Tovuzda Aşıq Əkbər Cəfərovun 90 illik yubileyi münasibətilə hazırlıq işləri görülür...
Aşıq Əkbər Cəfərov yaradıcı aşıqdır. Onun həm ifaçılıq bacarığı, həm də yaradıcı ruhu aşıq sənətinə misilsiz töhfədir. Onun kimi bir ozan haqqında istəkli oxucularımıza məlumat verməyi özümə borc bilirəm.
Aşıq Əkbər Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində Zərbəli kişinin ocağında dünyaya gəlmişdi. Erkən yaşlarından el-obanın toy şənliklərində aşıqlara qulaq asmış, məşhur zurnaçı Lələni, balabançı İbrahimi, dəfçi Mikayılı dinləmiş, onların ifaçılığına vurulmuş və onlardan çox şey əxz etmişdir. Beləliklə, balaca Əkbər ilk sənət ruhunu yastı balaban çalmaqla başlamışdır. Balabanın qəlbinə yatan sehrli sədaları onu Aşıq sənətinin ecazkar dünyasına yaxınlaşdırmışdır. Sonra ustad aşıqların yanında şəyirdliyə başlamışdır. Aşıq Əkbərin ilk ustadı Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olmuşdur.
Əkbəri el şənliklərində aşıq formasında görən insanlar - Ayə, bu, bizim balabançı Əkbərdi ki... - deyirmişlər. Aşıq Mirzə Bayramov, Aşıq Yusif Yusifov, Aşıq Mikayıl Azaflı kimi ustadlar gənc Əkbərə öz xeyir-dualarını veriblər. Ustadı Aşıq Qədir İsmayılov isə ömürünün sonuna qədər Aşıq Əkbər Cəfərovdan ayrılmayıb.
Mən Azərbaycan aşıq sənətinə kifayət qədər bələd olan bir insan kimi, Aşıq Əkbərin sənətə gəlib, bu meydanda necə “at oynatdığına”, hörmət-izzətlə qarşılanıb, hər ifasından sonra sürəkli alqışlarla qarşılanmasına dəfələrlə şahid olmuşam. Aşıq Əkbərin el şənliklərində, toyda-nişanda ifa zamanı vurduğu zəngulələr, oxuduğu müxtəlif havacatları yerli-yerində ifa etməsi hələ də onun pərəstişkarlarının yaddaşından silinməyib.
Aşıq Əkbərin anası Gədəbəy rayonunun Şınıx mahalının Hacılar kəndindəndir. Əkbərin Şınıx mahalına olan sevgisi "Şınıxa gəlsin" qoşmasında da özünü aşkar büruzə verir:

...Əkbər də çox görüb cavan yaşında,
Kəklik ötür hər xınalı daşında.
Kimin meyli varsa, bulaq başında
Çiyələk dərməyə Şınıxa gəlsin.


Şınıx camaatını, bu mahalı yaxından tanıdığı üçün sakinlər Aşıq Əkbər Cəfərova xüsusi rəğbət bəsləyir və onun əvəzsiz səsinin vurğununa çevrilirlər. Beləliklə, Aşıq Əkbər, Aşıq Əlxan və balabançı Müseyib üçlüyü bu mahalda düzənlənən toyların yaraşığı olur.
Aşıq Əkbər həm respublika daxilində, həm də kənarda keçirilən müxtəlif festivallarda fəal iştirak etmiş, Azərbaycanın Aşıq sənətinə uğurlar qazandırmışdır. O, 1956-cı ildə Azərbaycanda keçirilən I Ümumittifaq Xalq Yaradıcılığı Festivalında qızıl medala və I dərəcəli laureat adına layiq görülür. 1957-ci ildə Moskvada keçirilən VI Ümumdünya festivalına dəvət alır və qızıl medalla təltif olunur. Festivalda qazandığı uğura görə 1967-ci ildə ona Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Azərbaycan SSR-in Əməkdar Mədəniyyət İşçisi" fəxri adı verilir.
Aşıq Əkbər Cəfərov 1975-ci ildə I Ümumittifaq Folklor Festivalının laureatı, 1977-1979-cu illərdə gənc aşıqlar festivalının laureatı, 1984-cü ildə Polşada keçirilən XI Beynəlxalq Folklor Festivalının laureatı, 1987-ci ildə Almaniyada keçirilən Aşıqlar Festivalının qalibi olur. Qazandığı dörd qızıl medalı da bu uğurların sırasına daxil etmək olar.
Bir neçə gün əvvəl Azərbaycan televiziyasının "Mədəniyyət" kanalında Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının növbəti verilişi Aşıq Əkbər Cəfərovun 90 illik yubileyinə həsr edilmişdi. Verilişə Əkbərsayağı oxuyan orta və gənc nəslin aşıqları dəvət olunmuşdu. Tamaşa etdikcə bəlli oldu ki, onlar çox yüksək səviyyədə Aşıq Əkbərin yolunu mənimsəyiblər və təbliğ edirlər. Həmin verilişdə Məhərrəm müəllim çox doğru olaraq qeyd etdi ki, Aşıq Əkbərə el arasında "Zilxan" təxəllüsü verilmişdi, o, nadir aşıqlardan idi ki, hər üç (zil, bəm, orta) köklərdə həm çalır, həm də oxuyurdu...
Aşıq Əkbər Cəfərov dediyimiz kimi, həm də yaradıcı aşıq idi. O, Aşıq şeirinin bütün janrlarında qələmini sınamışdır. Onun yazdığı qoşma, gəraylı, təcnis, divani, müxəmməs aşıqların dilinin əzbəridir. Bu da Aşıq Əkbər Cəfərovun Aşıq sənətinin bütün incəliklərinə bələd olduğunu təsdiqləyir.

Gözümü açanda, ağlım kəsəndə,
Yurdumuz uçurdu qəmi, - dedilər.
Doğuldum Kür üstə, seyr etdim Kürü,
- Suyun üzündədir gəmi, - dedilər.

Sancıldım yurduma, göstərdim, bitdim,
Boy atdım, böyüdüm, məclisə getdim.
Mən sazı özümə havadar etdim,
- Asıq, bizə çal "Kərəmi", - dedilər.

Qarşıladım neçə-neçə yazları,
Yaş ötdükcə təzələdim sazları.
Dünən əmi dediyimin qızları,
Bu gün mənə - "Əkbər əmi", - dedilər.


Və yaxud başqa bir qoşmasında ustad Aşıq yazır:

Saz sənəti eşqim təki təmizdi,
Hərbə-zorba qıfılbəndlə əkizdi,
Deyən olsa "Misri", "Cəngi" qəlizdi,
Bu meydanda sən Əkbəri nişan ver.


Aşıq Əkbərin zəngin yaradıcılığı onun ərsəyə gətirdiyi "İşıqlı tellər" və "Saz danışanda" kitabları öz əksini tapmışdır.
Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 24 avqust 1990-cı ildə - 57 yaşında bu fani dünyaya “əlvida” deyib ulu Tanrının dərgahına qovuşdu. Yaradıcılığının coşub-daşan, bulaq kimi çağlayan vədəsində dünyadan köç etdi. Amma böyük bir irs qoyub getdi. O, öz səsinin sədaları altında - "Laylamı sən çalarsan, ay Mirzə dayı" avazının müşayiəti ilə Bozalqanlı kənd qəbiristanlığında ustadı Aşıq Qədir İsmayılovun yanında torpağa tapşırıldı.
Allah rəhmət etsin, ruhu şad olsun!
Unutmamalıyıq ki, Azərbaycan Aşıq sənətini zənginləşdirən ozan, yaradıcı – şair aşıqlardan idi Aşıq Əkbər. Onun bir neçə Azərbaycan filmində obrazlaşdırılması sənət üçün örnək addımdır və nə yaxşı ki, o filmlərdə Aşıq Əkbərin şaqraq-məftunedici səsi bu gün də pərvaz edir.
Dövlətimizə minnətdaram ki, görkəmli saz-söz fədaisi, ustad ozan Aşıq Əkbərin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb. Bu, olduqca təqdir olunası haldır və Aşıq Əkbərin fonunda bütün Aşıq sənətinə verilən misilsiz dəyərdir.
Bəli, hələ bundan neçə əsr sonra da Aşıq Əkbər yaradıcılığı, Aşıq Əkbər səsi könülləri fəth edəcək. Buna şübhəm yoxdur...

Hüseyn İsaoğlu (Məmmədov),
AYB və AJB-nin üzvü.


14-08-2023, 19:36
ƏLLİ YAŞIN İŞIĞINDA


ƏLLİ YAŞIN İŞIĞINDA

Araz Yaquboğlu ilə “Dədə Ələsgər – 200” whatsApp qrupunda tanış oldum və Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş “Gülüstan” sarayında keçirilən tədbirdə üzbəüz görüşdük, bir masa ətrafında əyləşdik. Görünüşü, danışığı, duruşu-oturuşu ilə mənə çox xoş təsir bağışladı. Sanki bu sadə, səmimi insanı uzun illərdir ki, tanıyırdım. Dağ adamlarına məxsus arıq, ancaq sağlam və uca boyu, boyuna uyğun mütənasib bədən quruluşu, tutamlı əlləri ilk baxışdan diqqətimi çəkdi. Açıq, geniş alnı, bədəninin ümumi simmetriyasını tamamlayan iri, qırışsız, mülayim çöhrəsi, hiyləgərlikdən kənar, uzaqlara dikilən xəyallı gözləri bu şəxsin zahiri görünüşünü, portret cizgilərini tamamlayırdı. Sifətinə baxan kimi, səsini eşidən kimi insanın daxilən də saf, sadə olduğunu, bu saflıqla, sadəliklə bərabər, həm də dolğun, zəngin olduğunu yəqin etdim. Belə insanlar yaşayır, işləyir, yaradırlar, ancaq nəyinsə aludəsi, kiminsə buyruqçusu olmurlar, təbiətən təmənnasız olurlar. Keyti dağı, Çalmalı dağı kimi əzəmətli, bir sifətli, bir görünüşlü insanlarla ünsiyyət, münasibət heç vaxt ziyan gətirməz. Dostluqları da mərdanə olar, düşmənlikləri də.
Araz bəylə aramızda ilk andan yaranan isti münasibətlər davam etməyə başladı. Mənim Aşıq Ələsgər haqqında yazdığım bir yazını “goyce.az” saytında çap elətdirdi. Müəyyən məsələləri dəqiqləşdirmək, müəyyən məlumatları öyrənmək üçün ona nə vaxt müraciət etdimsə, “yox” demədi, işinin azlığına, çoxluğuna baxmadan müraciətimə canıyananlıqla cavab verdi.
“Dədə Ələsgər Ədəbi Məclisi”nin üzvü Maksim Sarıqayanın vəfatının bir illiyi ərəfəsində onun şeirlərini toplayıb “Göyçə həsrətli bir ömür” (“Elm və təhsil”, 2023) adı altında nəşr etdirdilər. Kitaba “Gec tapıb, tez itirdiyim dostum” adlı bir ön söz yazdım. Etiraf edim ki, kənddə yaşadığımdan, əlimdə müasir yazı avadanlıqları olmadığından Araz müəllim mənimlə bərabər, bəlkə də məndən ikiqat artıq əziyyət çəkdi.
Göyçə ədəbi mühiti ilə bağlı müəyyən kitabların, o cümlədən Şair Məmmədhüseynin, şair Sərraf Şiruyənin kitablarını mənə göndərməsini Araz bəydən verilən ən dəyərli hədiyyə hesab edirəm.

Araz Yaquboğlunu bir qədər də yaxından tanımaq marağı mənə onun əsərləri ilə daha dərindən tanış olmağa vadar etdi. Öyrəndim ki, Araz Yaqub oğlu Hacıyev 1973-cü il avqust ayının 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirmiş, ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda almışdır. İxtisasca dəqiq elm sahəsinin mütəxəssisi olsa da, təbiət, xarakter, ruh etibarilə humanitar sahəyə daha çox həvəs göstərmiş, şeirlər, publisistik məqalələr yazmış, saz-söz sənətinə aid tədqiqatlar aparmışdır. Ona qədər kitabın müəllifi, “Qızıl qələm” media mükafatçısıdır. Deməli, istər-istəməz belə bir qənaət hasil olur ki, Araz bəyin ədəbi aləmə meyl və marağı onun canından, qanından, mənsub olduğu ailənin genindən irəli gəlir. O, Bərdə rayonunda doğulub boya-başa çatsa da, əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Gözünü həyata açandan, ağlı kəsən bir gündən Göyçə ilə bağlı söz-söhbətləri, əfsanələri, rəvayətləri, dastan və hekayətləri dinləyib. Göyçə həsrətli bayatılarla yuxudan oyanıb, Göyçə qoxulu laylalarla yuxuya gedib. Öz fikri, öz əqidəsi formalaşanda, öz düşüncələrini araya-ərsəyə gətirəndə görüb ki, onun ürəyi də, beyni də, dili də Göyçədən danışır, Göyçə deyib, Göyçə eşidir. Beləcə əlinə qələm alır, gördüklərini, eşitdiklərini, tələsmədən, aramla kağıza köçürür.
Araz bəyin əmisi şair Sərraf Şiruyənin yazdığı bir qoşmasını bir zamanlar məlahətli səsi, gözəl ifa tərzi olan Məhəbbət Kazımov oxuyur, oxuduqca mənalı sözlər xoş avaz qarışıq ürəklərə sərin su səpirdi:

Ayırmaz elimdən kin-küdrət məni,
Mən el balasıyam, elə bağlıyam.
İncitməz hər giley, hər qeybət məni,
Qırılmaz kəmərə, belə bağlıyam.

Bu şeir Araz üçün yazılmayıb, ancaq bu şeir sanki Arazın boyuna biçilib. Arazın doğma dədə-baba yurdu Daşkəndə, ulu Göyçə mahalına “qırılmaz kəmərlə” bağlı olduğu şübhəsizdir. O, öz şeirləri, publisistikası, araşdırmaları ilə həqiqətən “elə bağlı bir el balası”, el oğlu olduğunu sübut etmişdir.
2023-cü ili Araz Yaquboğlu üçün uğurlu illərdən biri hesab etmək olar. Onun bu il nəşr olunmuş “Daşkənddən Yeni Daşkəndə” adlı sanballı tədqiqat əsəri uzun illərin gərgin zəhmətinin uğurlu bəhrəsi hesab edilməlidir. Göyçə mahalının ən qədim kəndlərindən biri olan Daşkənd kəndindən 1953-cü ildə əhalinin deportasiya olunması, onların Bərdə rayonu ərazisində boş bir sahədə min bir əzab-əziyyətlə məskunlaşması, hər şeyi sıfırdan başlayaraq yeni abad bir kənd yaratmaları, o kəndə də Göyçədəki kəndlərinin adını vermələri – bir sözlə, yeni bir həyata qəhrəmancasına başlamaları bu kitabda öz əksini tapmışdır. Bir kəndin insanlarının iqtisadi, maddi həyat məsələlərindən tutmuş onların nəsil, kök şəcərəsinə, mənəvi həyat tərzinə – folkloruna, söz-sənət dünyasına qədər hər şeyi əhatə edən bir kitab ərsəyə gətirmək əslində böyük bir elmi kollektivin görə biləcəyi işlər olmalıydı. Ancaq bu qədər ağır, məsuliyyətli bir işin öhdəsindən Araz Yaquboğlu təkcə gələ bilmişdir. “Halal olsun”, “eşq olsun!” – deyə bilərik.
2023-cü il avqust ayının 1-də Göygöl rayon Poçt şöbəsinin işçisi iş otağıma bir balaca bağlama gətirdi. Bağlamanı açdım, içindəki kitabı görəndə gözüm-könlüm açıldı. Vəfalı dost, sədaqətli qardaş hesab etdiyim Araz Yaquboğlu özünün yenicə çapdan çıxmış kitabının bir nüsxəsini mənə göndərmişdi: “Sazın-sözün sorağında”. Kitabı vərəqlədim, bütünlüklə oxuyub haqqında bir məqalə yazmaq qərarına gəldim. Göygöl Rayon Mərkəzi Kitabxanasında keçirilən “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” tədbirinə getdim. Axşamüstü bir təsadüf nəticəsində öyrəndim ki, bu gün Araz bəyin doğum günüdür, həm də nə az, nə çox, düz əlli yaşının tamam olduğu gündür. Sevindim, zəng edib təbrik etdim, eyni zamanda düşündüm: Həyatda təsadüfi hesab etdiyimiz şeylər çox olur. Bəlkə, həyatda təsadüfi heç nə yoxdur. Hər bir təsadüfi hesab etdiyimiz işin, hadisənin kökündə, məğzində bir zərurət var: Araz Yaquboğlunun ad günü ilə əlifba günümüzün, Azərbaycan dili günümüzün üst-üstə düşdüyü kimi, eyni günə təsadüf etdiyi kimi. Öz imkan və qabiliyyəti daxilində ana dilinin keşiyində dayanan, onun “sazının-sözünün sorağında” olan bir şəxsin ad günü ilə “Azərbaycan dili günü”nün üst-üstə düşməsində bir təsadüfiliklə bərabər bir zərurət də var.
Onu da qeyd etməliyik ki, Araz Yaquboğlunun “Sazın-sözün sorağında” kitabında müəllifin müxtəlif vaxtlarda yazdığı elmi, publisistik, xatirə yazıları cəmlənmişdir. Bu yazıların, məqalələrin böyük bir qismi Göyçə aşıq mühitinin nümayəndələrinə, bir qismi isə el şairlərinə həsr olunmuşdur. Kitabın üçüncü bölməsi isə “Xatirələr işığında” adlanır. Hər üç bölmədə çap olunan məqalələr sadə, aydın, axıcı bir dildə yazılmışdır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabın maraqla qarşılanacağına inanırıq.
Daşkənd kəndi sınaqlı ocaqlar, ağır seyidlər yurdudur. Seyid Bayram ocağına etiqad, inam bəsləyən insanların sayı minlərlədir. Daşkənd kəndi Aşıq Hacı kimi dastanlarımızı yaşadan, gələcək nəsillərə ötürən ustad sənətkarlar yurdudur. Daşkənd kəndi Şair Məmmədhüseyn, Həsən Xəyallı, Sərraf Şiruyə, Aqil İman kimi söz adamlarının Vətənidir. Bu insanların haqqında yazmaqla, onların xatirəsini yaşatmaqla Araz Yaquboğlu özünə də, öz ömrünə də bir əbədiyaşarlıq haqqı qazandırıb.

ARAZA ÇATAR

Ey el üçün ölən kəfən, gorsuzlar,
Bizim ürək, sizin kəfən, gor sızlar.
Yamanca çoxalıb arsız, gorsuzlar,
Namus aza çatar, ar aza çatar.

Bilən də var: nədir əzəl, son – axır,
Kimin damarından halal qan axır.
Çox şair, aşıqlar haqqına, axır,
Araz keçmişləri arasa, çatar.

Salman, Ağan qılınc çəkdi bir əlli,
Qoy səni tutmasın Tanrı birəlli.
Əllisi üstünə gəlsin bir əlli,
Nə xoş arzum varsa, Araza çatar.


ARAZA BAXAR

Bir-birindən gözəl o üz, bu üzü,
Tanrı verib Kürə, Araza baxar.
Qanı bir, canı bir həsrət qardaşlar,
O üzdən, bu üzdən Araza baxar.

Qüssə-qəm içində keçdi ömür, yaş,
Ürəyim od oldu, ayaqlarım yaş.
Mənim gözlərimdən axar qanlı yaş,
Bulanar, lillənər, Araz ab axar.

Olsa da evində pul, gəvə, xalı,
Nadan ürəklərə salıbdı xalı.
Çox adam namusdan, şərəfdən xali,
Qeyrət aza baxar, ar aza baxar.

Salman düz əməli, düz ünü seçmək,
Yurdun dağ-dərəsin, düzünü seçmək.
Sazı-sözü bilib, düzünü seçmək,
Daşkəndli Hacıyev Araza baxar.

(Bu gün Yaquboğlu Araza baxar)
02.08.2023


P.S. Mənim 50 yaşım tamam olanda “Əlli yaşın kölgəsində” adlı bir lirik poema yazmışdım. İndi Araz bəyin 50 yaşına həsr etdiyim bu yazını həmin adla təqdim etmək istədim. Ancaq sonra gördüm ki, xeyr, Araz bəy 50 yaşın kölgəsində dincəlmir, 50 yaşın işığında yazır, yaradır. Daha bir 50 də yaşamasını arzu edirəm.

Salman Qaralar (Balakişiyev),
Şair, publisist









10-08-2023, 18:09
Bu gün Yusif Bəhramoğlunun dünyasını dəyişməsindən 12 il ötür


Yusif Bəhramoğlunun dünyasını dəyişməsindən 12 il ötür

Yusif Bəhramoğlu mənim qardaşımdır. Yaşca məndən kiçik olduğundan elə bilirdim məni son mənzilə Yusif yola salacaq, haqqımda xatirələri Yusif yazacaq...
7 günlük mərasim başa catdı. Gedib-gələnlərin sayı azaldı. Ümid qaldı xatirələrə… Darıxdırıcı gecələrin birində ciyərparası (sözün həqiqi mənasında) Aytənindən şeirlərinin qalıb-qalmadığını soruşdum. "Necə qalmayıb? Özü də bir sandıq" deyəndə elə pərt oldum ki... Elə bilirdim, yalnız dəvət olunduğu məclislər üçün yazır. Hər bir istedadlı gəncin üzünə açıq olan "Söz" jurnalında cəmi dörd dəfə, hər dəfə bir şeir olmaqla şəkilsiz-filansız dərc olunmuşdu. Şeirləri Aytən vermişdi. Sergey Yesenindən "Mənim bir sonuncu əyləncəm qalıb" başlıqlı tərcüməsini isə özü. Elə-belə oxumağım üçün. Bitkin tərcümə olduğu üçün "Söz"də dərc elədim.
Oxunası güclə mümkün olan saralmış vərəqlər. Bəziləri səliqəli, bəziləri səliqəsiz. Bitmiş şeirlər də var, bitməmişlər də. Həyatda ömrü bitib. Bu vərəqlərdə, dəftərçələrdə isə diridir, üzüntülü gecələri davam edir. Lap səsini də eşidirəm:
Gəlib gördüm yamanlığın,
Yamanlığın şeytanlığın,
Gəlişimin peşmanlşğın
Bildim ağlaya-ağlaya.
Ürəyimdə var hövsələ,
Mən gəlmişəm gülə-gülə.
Bu dünyaya gəldim belə
Gəldim ağlaya-ağlaya.
Ürəyimi açdım yelə,
İstəyir dünya sökülə.
Məni basdır gülə-gülə,
Öldür ağlaya-ağlaya

Yəqin ki bu şeirləri oxuysnlar istedadlı bir insanın ömrünün qısalığına, itkisinə təəssüflənəcək, onu qocalda bilməyəcək qoca dünyada həmişə cavan - 43 yaşında qalacağına heyfslənəcəklər.
Şeirlərində sevincdən çox, məruz qaldıqları sıralanıb. Ona məhz bu sarsıntılar, bu göynərtilər, bu yaşantılar doğma olub. Ürəyinin vadar etdiyi ağrı-acılı duyğular onu belə yazmağa məcbur edib:
Ümid elədim sabaha,
Şeytan çəkir hey günaha.
Əlimi açdım Allaha
O da əlimdən gizlənir.

Öz içində məni olan, lakin mənəm-mənəmliyi olmayan bir şəxsin qələmindən çıxan şeirlərdir yazdıqları. Fələk yazdıqlarının sevincini yaşamağı çox görüb ona. Şeirləri dəfə-dəfə oxuyuram. Bir qismi Füzuliyanə, bir qismi Sabiranə. Bir az böyük çıxsa da, deyərdim ki, bütövlükdə Yusifanə.
Qəmxarım qəm, qılma qəm kəm, qəm kifayətdir mənə,
Qəm mənim qəmsizlİyimdən qəmli qiymətdir mənə.
Açığı, bu beyti oxuyanda bi az şübhəli qaldım. Düşündüm, bəlkə Füzulidən götürüb təxmis yazacaq.
İstedadına və savadına inandığım şair Ağamir Cavada zəng vurdum. Dedi, arxayın ol, Yusifin öz fikirləridir.
Aparası deyiləm mən özümlə,
Acı-acı axar şirin sözümdən.
Damcı-damcı düşüb gedər gözümdən
Həyat belə, dövran belə, gün belə.
Şeirlərində ölüm haqqında düşüncələr özünə yer alsa da, dilində zarafatları əskik olmazdı. Zarafatları qəzəllərində özünə daha çox yer alıb.
Bizləri işlədərək pul yerinə vəd verilir,
Yığmışıq vəd yerinə xeyli qənimət, ay Hacı.
Yaxşı ki, verdiyiniz maaş badımcana çatır,
Görürük şükür ola hərdən yuxuda ət, ay Hacı.
•••
Çoxlar qocalanda demə ağsaqqal olurlar,
Yusif kimi bir kimsə cavankən pir olmadı.
Yusif hər zaman elə mövzulardan yazıb ki, onların " sandıq ədəbiyyatı" olmaq qorxusu yoxdur. Bütün şeirlərində sabaha inam var, işıqlı bir ümid var. Bu fikirləri şeirlərə baxandan sonra Xalq şairi Fikrət Qoca da söylədi, "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri Fərqanə Mehdiyeva da. Hər ikisinin ruhu şad olsun. Fikrət Qoca yazırdı ki, Yusif Bəhramoğlunun əlyazmaları qarşımdadır: qoşmalar, qəzəllər, sərbəst şeirlər.Bəzisi tam şeirlərdir, bəzisi də öz ömrü kimi yarımçıq qalıb. Ömür-gün yoldaşı Aytən xanıma deyirmiş ki, qocalanda yenidən bu şeirlərə qayıdacağam, işləyjib cap etdirəcəyəm. Amma sən saydığını say, gör fələk nə sayır. 43 yaşında eləcə cavan qaldı. Onun zamanı dayandı.
Fərqanə xanım yazır: "Yusif Bəhramoğlu gənc yaşlarından yaradıcılıqla məşğul olub. Amma şeirlərini heç yerə təqdim etməyib. Bunu özü istəməyib. "Özüm üçün yazıram. Qismət olsa, qocalanda dərc elətdirərəm", deyib. Şeirlərini oxudum. Hər misrasında yarımçıq qalmış bir taleyin izlərini gördüm:
Başım üstə bir azğın əjdahadı,
Bu torpaq da nə azğın iştahada.
Həyat mənə ölümdən də bahadı,
Ölüm kimi heç nə ucuz görünməz.
Və yaxud:
İncimə, bəlkə mən gedəsi oldum,
Mən gedim, sonra sən ağla dalımca.
Üzünə, gözünə təbəssüm çilə,
Nə qədər burdayam saxla doyunca.
Neyləyək ki, Yusif Bəhramoğlu qocala bilmədi. Cavan getsə də, həyatda iz qoydu”.
Ruhun şad, məzarın nurlu olsun, qsardaşım mənim, sirdaşım mənim.


Sevda Əlibəyli
28-07-2023, 23:26
“Malibo”nun “Qəzər”i


“Malibo”nun “Qəzər”i

"Malibo" MMC Tikinti şirkəti aldatdığı müştəriləri necə şantaj edir?
Əziz oxucular, bu yaxınlarda Aslanova Narxanım adında müəllimə al qan içində redaksiyamıza üz tutub. Məlum olub ki “Malibo” MMC adlanan “Tikinti şirkəti”nin rəhbərləri vətəndaşı o qədər süründürməçiliyə, get gələ salıb aldadıblar ki, axırda canından bezərək özünə qəsd etmək qərarına gəlib.
Məsələnin təfərrüatına varanda hiss olunur ki, adamları rahatlıqla aldatmaq üçün əvvəlcə vətəndaşla ədəb ərkanlı, qanunauyğun müqavilə bağlayırlar. “Malibo” MMC ilə Narxanım Aslanovanın arasında bağlanan kimi:
18 iyun 2018- ci il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016 və Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 280 saylı tarixli, 86 saylı 03 noyabr 2017-ci il tarixli sərəncamını əsas tutaraq, bir tərəfdən öz nizamnaməsinə əsasən fəaliyyət göstərən "Malibo" “Tikinti şirkəti” adlandırılacaqdır və digər tərəfdən "Əmlak mülkiyyətçisi"adlandırılacaq Bakı şəhəri, Nəsimi rayonu, R.Rza 101 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi Aslanova Narxanım Şami qızı bir yerdə "Tərəflər"adlandırılacaqlar, aşagıdakı şərtlərlə bu müqaviləni bagladılar.
1.1."Tərəflər" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1.3. maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərlərinə öhdəlik götürürlər:
1.1.1."Əmlak mülkiyyətçisi" bu müqaviləyə əsasən öz mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 101 ünvanında yerləşən 15,0 kv.m.(faktiki sahə 35,3 kv.metr) ibarət yaşayış sahəsini sökülmək üçün "Malibo" MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "Tikinti şirkəti" tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür.
1.1.1.1 "Tikinti şirkəti" söküləcək mənzilin 35,3 kv.metr olan hissəsinə nəzərdə tutulmuş 20% əlavə edilərək 42,4 kv.metr təşkil edir.
1.1.1.2 "Tikinti şirkəti" tərəfindən "Əmlak istifadəçisi"-nə 27,6 kv.metr hədiyyə olunur.
1.1.2."Tikinti şirkəti" Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 101 ünvanında yerləşən "Əmlak mülkiyyətçisi"-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada 70,0 kv.metr, təmirli mənzili "Əmlak mülkiyyətçisi"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür.
1.2."Tikinti şirkəti" inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və " Əmlak mülkiyyətçisi"- ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə "Əmlak mülkiyyətçisi"- nə kompensasiya şəklində aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda1(bir) dəfə ödəyir. "Əmlak mülkiyyətçisi"-nin kommunal borcları oldugu halda "Tikinti şirkəti" həmin məbləğləri ona veriləsi kirayə haqqlarından tutaraq ödənişlərini təmin edəcəkdir.
Müqavilənin şərtlərinə baxdıqda çox humanist görünür. Hətta “Malibo” qarşı tərəfə hədiyyə vəd edir. Bəs əslində vəziyyət necədir? N. Aslanova niyə canına qəsd edir? Gəlin özündən eşidək:
"Əmlak mülkiyyətçisi "olaraq Nəsimi rayonu Rəsul Rza küçəsi 101 də olam mənzilim bütün əşyalarımla birlikdə sökülərək, yerlə- yeksan olunmuşdur. Beləliklə onlar mənim mülkiyyətçi hüququmu ilk işə başlayan gündən pozmuşdular. Azərbaycan Respublikasının Konstitusiyasına görə Mülkiyyət toxunulmazdır və hər cür qəsdlərdən qorunur. Qeyri- qanuni müdaxilələrdən qorunmasına dövlət tərəfindən təminat verilir. Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin"Malibo” MMC-şirkəti vətəndaşların hüquqlarını pozaraq onları aldadır. Mənə gəlincə isə son dəfə müqavilədə göstərilmiş 70 kv.metr sahəsi olacaq evimin yerini öyrənmək üçün 05.07.2023- cü il tarixində S.Əsgərova 97 ünvanında yerləşən “Malibo” MMC şirkətinin ofisinə getdim ki, mənə məxsus olan mənzilin yerini göstərsinlər. Mən dəfələrlə mənzilimin yerini onlardan şoruşduqca mənə həmin binada veriləcəyini deyərək aldadıblar. Çünki mənim mənzilimin yeri yüksək qiymətə olduğu üçün kənar şəxslərə satılır, mənə isə həmin binada yer vermirlər.
Müqavilədə 24 ay müddətinə tikintisinin başa çatdırılması nəzərdə tutulan binanın tikintisi 5 ildir davam edir.
Həmin bu “Malibo” şirkətinin ofisində oturan Namiq adlı şəxsin özbaşınalıqlarını, qanunsuzluqlarını gördükdə 37 il iş təcrübəsi olan bir müəllim kimi, onların qarşısında çarəsiz qalıb ölümü seçərək özümə qəsd etmək qərarına gəldim. Damarlarımı kəsdiyim üçün təcili tibbi yardım çağırıldı. 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıldım. Qoluma 20 tikiş qoyuldu. 21- ci polis bölməsindən polis əməkdaşları çağırıldı, sabahı günü Nəsimi rayon prokurorluğuna çağırılaraq hadisənin necə baş verdiyini danışdım. Lakin nə mənim pozulan hüququm bərpa olundu, nə də hüquq pozanlar cəzalandırıldı.
Öz adamları olan Namiq adlı şəxs vətəndaşların hüquqlarını kobudcasına pozaraq onları aşağılayır. Mənə və övladlarıma hədə qorxu gələrək şantaj edir. İş yerlərimizə böhtan dolu məktublar yazaraq əmlakımızdan imtina etməyə təhrik edir. Mən yol ilə gedərkən çox qorxu hissi keçirirəm ki, onlar mənim və övladlarımın həyatına son qoya bilərlər. Çünki bunlar özlərini qoçu kimi aparırlar. Hər kəsə müxtəlif vasitələrlə təsir edirlər. Əgər mənim və ailəmin başına bir hadisə gələrsə bilinsin ki, səbəbkarı yuxarıda adı çəkilən "Malibo" şirkətinin sahibi, keçmiş millət vəkili olan Əsabil və onun qardaşı Vüqar Qasımovlardır.
Şikayətlə bağlı əməkdaşımız “Malibo”nun ofisində Mamiqlə görüşüb. Həqiqətən vətəndaşın müqavilədə nəzərdə tutulan hüququnun pozulduğunun və əməkdaşımızı da aldatmağa cəhd etdiklərinin şahidi olub.
Əminik ki, aidiyatı olan dövlət orqanları vətəndaş Narxanım Aslanovanın pozulmuş əmlak hüququnun bərpasına yardımçı olacaq, vətəndaşlara qarşı haqsızlıq edənlər öz yerlərini biləcəklər.

“Bütöv Azərbaycan” qəzeti
28 iyul 2023
22-07-2023, 09:18
Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq

Ekoloji fəal və tədqiqatçı:
Proqnozlara görə, Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq
İranda ekoloji məsələlər üzrə tədqiqatçı Maşallah Rəzmi bildirib ki, proqnozlara görə, Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq.
Mənbə: https://www.aa.com.tr/fa/2949203 ایران/فعال-و-پژوهشگر-محیط-زیست-طبق-پیش-بینی-ها-دریاچه-ارومیه-تا-آخر-تابستان-کاملا-خشک-می-شود/
İstanbul/Anadolu xəbər agentliyi

İranda etnik və ekoloji məsələlər üzrə tədqiqatçı Maşallah Rəzmi Anadolu xəbər agentliyinə müsahibəsində Urmiya gölünün kritik vəziyyətinə toxunaraq bildirib ki, proqnozlara görə bu göl son nəfəsini verəcək və bu yayın sonuna qədər tamamilə quruyacaq.
O, Urmiya gölündə təbii halda 33 milyard kubmetr suyun olduğunu və dünyada ikinci duzlu su gölü hesab edildiyini bildirərək demişdir ki, bu göl hazırda tamamilə quruyur və içindəki su təxminən bir milyard kubmetrə qədər azalmışdır.
Onun sözlərinə görə, Urmiya gölünün bərpasına nəzarət edən Şərif Texnologiya Universitetinin dərc etdiyi son araşdırmaya əsasən, Urmiya gölü son 60 ildə ən aşağı səviyyədədir və təcili tədbirlər görülməsə, bu yayın sonuna qədər tamamilə quruması gözlənilir.
M.Rəzmi Urmiya gölünün qurumasının əsas səbəbi kimi Urmiya gölünə axan çaylar üzərində 40 böyük bəndin tikilməsini göstərib və qeyd edib ki, bu bəndlər 20 il əvvəl gölə gedən 22 çayın üzərində tikilib və beləliklə də suyun gölə daxil olmasının qarşısı alınıb. Həm də əhalini ərzaq məhsulu ilə təmin etmək bəhanəsi ilə gölün su hövzəsində əkin sahəsini ikiqat artırıblar və gölün ətrafında minlərlə dərin su quysu qazıblar.
Ətraf mühit məsələlərinin tədqiqatçısı M.Rəzmi ötən illərdə insanların etirazı ilə bağlı bəzi bəndlərin tikintisinin dayandırıldığını bildirib və eyni zamanda əlavə edərək deyib: Amma indi Urmiya gölü tamamilə quruduğundan, İranın energetika naziri “Nazlı Çay” və “Bərandüz Çay” üzərində yeni bəndlərin tikintisinə icazə verib.
O, 2016-cı ildə ictimai rəyin təzyiqi ilə İran hakimiyyətinin Şərif Texnologiya Universitetinin nəzarəti altında “Urmiya Gölünün Bərpası Qərargahı” yaratdığını bildirərək dedi: “Bu gölün on il ərzində əvvəlki ekoloji səviyyəsinə çatması və bərpası nəzərdə tutulurdu. Lakin əməli addımlar atmaq əvəzinə bərpa qərargahı yüzlərlə konfrans və komitələr təşkil etdi. Qərargahın yaradılmasından 7 il sonra göl indi son nəfəsini verir. Əslində bütün bu reklam və təbliğatlara baxmayaraq, göldə heç bir canlanma baş verməyib və kiçik Zab çayının suyu da gölə çatmayıb. Gölün bərpasına ayrılan böyük büdcələr də yeyilib”.

Urmiya gölünün tamamilə quruması ilə göl ətrafında 15 milyon insanın həyatının ciddi təhlükə altına düşəcəyini vurğulayan Rəzmi əlavə etmişdir: “Küləklər və duz fırtınaları 500 km radiusda bütün bölgədə həyat imkanlarını məhv edəcək və ölkənin ətraf mühitin mühafizəsi təşkilatının keçmiş rəsmisinin sözlərinə görə, yaxın gələcəkdə 3 milyonluq Təbriz şəhərində yaşayış mümkün olmayacaq.”
Göldən yayılan duzların hazırkı vəziyyəti ilə bağlı ekoloji tədqiqatçı deyib:
“Bu barədə çox araşdırma aparılmayıb, lakin duzlar indi kristal şəklində ətraf ərazilərə yayılıb və zamanla toz halına gətiriləcək. Bundan sonra tufanlar, tornadolar o duzları asanlıqla Tehrana və Kərəcə yayacaq və dediyim kimi, indiki tendensiyanın davam etməsi ilə İranın paytaxtında sağ qalmaq çox çətin olacaq. Hazırda Urmiya gölünün ətrafındakı 40 kənd bu məsələyə görə boşaldılıb və orada artıq əkinçilik etmək imkanı yoxdur. Bu proses xüsusilə kristal duzların toz halına salınması ilə getdikcə daha böyük radiusa çatacaq və ehtimal ki, beş-on il davam edəcək, ətraf mühit və həmin radiusdakı ərazilərin sakinləri üçün çox təhlükəli vəziyyət yaranacaq.”
O, Urmiya gölünün bərpası ilə bağlı təcili həll yolları haqqında təklifləırini də verib:
“Bu regional ekoloji fəlakətin qarşısını almaq üçün İran hakimiyyəti, beynəlxalq qurumlar, o cümlədən BMT-nin Ətraf Mühit Departamenti ən qısa zamanda ciddi və təcili tədbirlər görməlidir. Bəndlərin arxasındakı su dərhal buraxılmalı və bütün çaylardan gölə su təmin edilməlidir. Həmçinin yeni bəndlərin, eləcə də Nazlı çay və Barandüz çay bəndlərinin tikintisinin davam etdirilməsinin qarşısı alınmalıdır”.
20-07-2023, 10:25

ANAM HAQQINDA

ANAM HAQQINDA

Həyatda sevincini, dərdini böldüyün ən doğma insanının ANAnın əbədiyyətə qovuşmasının kədərini yaşamaq ağırdı. Ana insanın sığındığı ən məlhəm ünvandı... Yoxdur onun sevgisinin qarşılığı, əvəzi. Sonsuz kədərimi və nisgilimi bu sətirlərə tökməklə özüm-özümə təskinlik verirəm. Anam haqqında...!
Anam Zeynəb Əli qızı Vəkilova 1941-ci ildə Arpa çaıyının sahilində yerləşən Şərur rayonunun Danzik kəndində dünyaya göz açıb. 1948/1955-ci illərdə Danzik kənd orta məktıbini bitirib. Həmin dövrlərdə 7 illik orta təhsili başa vuran şəxslər orta məktəbdə müəllim kimi fəaliyyət göstərirdilər. Atası Əli Qurbanəli oğlu Hüseynov zəngin folklor daşıyıcısı olan Nağılbazlar soyundandır. Anam özü də folklor daşıyıcısı idi. Çoxlu bayatılar, atalar sözləri bilirdi söylədiyi bayatılar Naxçıvan folkloru antalogiyasına daxil edilib. Kəndin dəyirmanını işlətdyi üçün atasına Dəyirmançı Əli, pəhləvanlıq etdiyi üçün isə Pəhləvan Əli də deyirmişlər. Anası Nargilə Şərur-Dərələyəz mahalının Amağu kəndindəndir. Anası Nargilə xanımın bütün nəsli mart soyqırımının qurbanı olmuşdur. Anam Nargilə nənəmin nisgilini belə dilə gətirirdi: “Elə bir gün olmazdı ki, anam gözləri önündə nizəyə taxılan qardaşları Yusif və Abuzər dayılarımı yada salıb ağlamasın, anamın gözlərinin güldüyünü heç vaxt görmədim, anamın göz yaşları kədər çeşməsi idi, ömrü boyu bir gözü ilə qardaşı Yusifə o biri gözü ilə qardaşı Abuzərə yas tutdu. Ermənilərdən bu qisas alınmayınca bizim də gözlərimiz gülməməlidir!”
Nargilə nənəmin şahidi olduğu Amağu kəndində baş verən soyqırımı anamın yaddaşında daşlaşmışdı. Anam Zeynəb Vəkilova baş vermiş soyqırımı haqqında Nargilə nənəmin şahidliyi ilə milli faciəmizin təfərrüatları haqqında söyləyirdi:
“Silahsız kənd camaatını tələyə salıb tutan ermənilər mülki əhalini bir yerə yığıb günlərlə ac-susuz saxlayırlarmış. Anası Fatimənin döşlərindən süd əmən 3 yaşlı Abuzəri erməni zorla anasının əlindən alıb əvvəlcə nizəyə taxmış sonra isə anasının və görpə Nargilənin gözləri önündə divara çırpmışdır. 3 yaşlı körpə Abuzərin qanı anası Fatimənin və hələ ətrafda olub bitənləri anlamaqda çətinlik çəkən körpə Nargilənin üzünə sıçramışdır. Qardaşı Yusifin faciəsi də Nargiləyə və anası Fatiməyə eyni həyəcanları yaşatmışdır. Onların artıq susuzluqdan ürəkləri parçalanırdı. Nargilənin anası Fatimə qardaşın Yusifin əlindən, tut xəlvətcə bulaqdan su içib gəlin söylədi. Nargilə qorxa-qorxa qardaşının əlindən tutub həyəcanla o tərəf bu tərəfə baxaraq yaxınlıqda heç kimin görmədiyini fikirləşib Yusiflə birlikdə bulağa tərəf getdi. Bulağa çatmağa az qalmışdı ki, ermənilər uzaqdan Nargilə ilə Yusifin bulağa tərəf gəldiklərini gördülər. Atı bulağın başına sürən ermənilər Nargilə və Yusifin bulaqdan su içməyinə imkan vermədilər. Nargilə qorxusundan əsirlərin saxlandığı yerə tərəf qaçmağa başlayanda ermənilər Yusifi göyə tullayıb nizəyə taxdılar. Nargilə qaça-qaça anası Fatiməgilin əsir saxlandığı yerə yaxınlaşdı. Ermənilər Yusifi nizəyə taxdıqdan sonra atı Nargilənin dalınca sürdülər. Nargilə anası Fatiməyə tərəf getsə ələ keçəcəyini hiss edib yerdə olan meyyitlərin arasına uzandı. Ermənilər gəlib meyitlərə çatdılar və kiminsə sağ qala biləcəyini yaxud bulaqdan qaçan uşağın meyitlərin arasında olacağı ehtimalını yoxlamaq üçün yerdəki meyitləri bir-bir nizələməyə başladılar. Növbə Nargiləyə çatdı nizə ilə Nargiləni də vurdular. Nargilə qorxusundan heç bir reyaksiya vermədi və ermənilər onu da ölmüş bildilər. Beləliklə erməni nizəsinin izlərini bir ömür bədənində, qardaşları Yusif və Abuzərin ölümünü isə gözlərində daşıyan Nargilə nənəm sağ qaldı!”.
Anam bu hadisələrə heç vaxt şəxsi ailə faciəsi kimi baxmırdı. O, bu hadisələri milli faciəmiz hesab edirdi. Anam mükəmməl qadın idi. Böyük düşünürdü. Birinci Qarabağ savaşı başlayanda oğlanlarına üzünü tutub dedi:
“Gedin vətəninizi qoruyun!” Bu həmin dövr idi ki, Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi. Ordumuz formalaşmamışdı. Müharibəyə getmək risk tələb edirdi. Çox adamlar müxtəlif üsullarla müharibədən yayınmağa, hətta rüşvət verib yalançı xəstəlik sənədləri çalışırdılar. Təəssüf ki bu bizim yaşadığımız acı gerçəkliklərdi. Böyük qürür hissi ilə söyləyirəm ki, anam Zeynəb xanım belə bir şəraitdə canından əziz bildiyi öz doğma balalarını müharibəyə səslədi. Bunu ancaq böyük düşünən mükəmməl Azərbaycan qadını edə bilərdi. Böyük qardaşım Əhməd Sabunçu Batalyonunun tərkibində Ağdamın Güllücə kəndində ağır döyüşlərdə iştirak edəndə anam Bərdədə İmirli kəndində əraziyə yaxın olduğu üçün atışma səsləri açıq-aydın gəlirdi. Həmin gecə anamın həyəcandan dodaqları parçalanmışdı. Uzun illər sonra maraq üçün anamdan soruşdum ki, əgər bilsədin ki, oğlanların şəhid olacaq razı olardınmı müharibəyə getsinlər? Gözləri doldu, dedi,- razı olardım. Sonra isə üzünü mənə tutub dedi ki, bəs o şəhid olan oğulların anaları ana deyil? Vətəni qorumaq hamının borcudur.
Yeri gəlmişkən qeyd edim ki, ailəmizin iki üzvü qardaşlarımız Əhməd və Mobil Qarabağ nüharibəsinin veteranıdır. Onu da qeyd etməliyəm ki, hər ikisi də müharibəyə könüllü qatılıb. Onların hər ikisinin fikiri də anamın müharibə çağrışı ilə səsləşirdi. Sonralar mənə də Allah nəsib etdi Füzuli-Cəbrayıl istiqamətində 1998-ci ildə (Lələ Təpə) döyüş bölgəsində xidmət etdim. Anam yenə də eyni ürəklə bizi vətənimizi sevməyə və qorumağa səsləyirdi.
Mükəmməl qadın idi anam. Çox da səbrli. Bir dəfə bir qadının sözündən incimişdi. Düz otuz il sonra həmin qadına bir xatırlatma etmişdi. Yadındadır mənə belə demişdin “arzuların” öz timsalında çiçək açdı.
Bayatıları çox sevirdi. Atası Əli babamdan yaddaşına həkk etdiyi bu bayatını böyük nisgillə söyləyirdi. Həm də babama ittihaf edirdi bu bayatını. Əli babamın yaşantılarını bu bayatıda hiss edirdi.
Fələyəm başdan mən,
Yemərəm hər aşdan mən.
Nə atam var, nə anam,
Yaranmışam daşdan mən.

Bir də bizdən incik qalanda bu bayatını söyləyirdi.

Bala dadı, bal dadı,
Bala adamı aldadır.
Şirini şirin olur,
Acısı da bal dadır.


Doğulub böyüdüyü Şərur torpaqlarını Arpa çayını müqəddəs sayırdı. Ötən il Naxçıvandan Asabu-Kəfdən, Arpa çayından və Batabatdan anama su gətirmişdim. Anam bu sulara Zəm-Zəm kimi baxırdı. Arpa çayının suyu bulanıq idi, ona görə dedim ana Batabatla , Asabu-Kəfdən gətrdiyim suyu iç Arpa çayının suyunda isə əlini yuyarsan.Bir neçə gündən sonra dedi ki, Arpa çayının bulannıq suyunu da içdim qoy məni öldürəcəksə Arpa çayının suyu öldürsün....
İndi artıq anam xatirələrdən və məzar daşından bizə baxır.... Bir də ölümünə həsr etdiyim bu bayatıdan.

Sevincimi kədərimi böldüyüm,
Ağlayanda ağladığım, gül deyəndə güldüyüm,
Ana səni yoxlamağa gəlmişəm
Gül üzünü qoxlamağa gəlmişəm.


Səməd VƏKİLOV
19-07-2023, 07:12
ŞUŞADAN QAYITMIŞAM!..


ŞUŞADAN QAYITMIŞAM!..

Görən, bu sözləri yazan mənəmmi?! Yaşımdan, həyatı anlayandan həsrətində olduğum bir məkana qovuşdum. Qaçqın şuşalıların həsrəti 30 il çəkdisə, mənimki 60 il oldu. Hisslərimi, duyğulaımı yazıya almağa hələ acizəm. Bu hisslərin izahı, izharı yoxdur. Yazı-pozu adamları mənim halımı yaxşı dərk edərlər. Elə sevgilər var ki, sözlə əks olunmur. Mən bir ŞUŞA sevdalısı olaraq həmin haldayam. Təkcə onu deyirəm ki, Şuşadan heyrət içində qayıtmışam. Azərbaycan əsgərinin cəngavərliyinə heyrət içində...

O zirvəsi buludlara dəyən dağlarda, sıldırım qayalarda, dərin dərələrdə düşmənə qalib gələn Azərbaycan əsgərinin şücaətinə heyrətlənirəm. Dünyanın mətbuat nümayəndələrini heyrətdə qoyan - bir çiynində yaralı döyüşçü, bir çiynində avtomat tutan əsgərin şücaəti ağlasığmazdır. Məzarın əbədi nurludur, şəhid əsgər, ömrün uzun olsun, qazi balalarımız, döyüşən balalarımız. Vətən eşqi gənc yaşlarınızda bütün eşqlərinizə üstün gəldi.
Var ol, Ali Baş Komandan, "Sən azadsan, Şuşa!" dediyin şəhərə bizi qovuşdurduğuza görə ömürlük Sizə borcluyuq. Yüz yaşayın Mehiban xanım - dünyamızın sülh məramlı səfiri. Məni ata-baba yurdum ŞUŞAYA qovuşmaqda təşkilatçı olan Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi sizə də minnətdaram.
Adına "Vaqif Poeziya Günləri" keçirilən Molla Pənah, ruhun şad olsun! Şuşa heyrətimi zaman-zaman yazıb izləyicilərimlə bölüşəcəyəm.
Gələn görüşlərədək!

Sevda Əlibəyli



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!