Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 7-11-2024, 14:53
ULULARDAN, BABADAĞDAN SORAQ ALDIM


MUSA ASLANXANLI

ULULARDAN, BABADAĞDAN SORAQ ALDIM
(HİSSƏLƏR)
Katalikos Abasın rəhbərliyilə keçirilən dini yığıncaq Çola ətrafında hərbi toqquşmaların tez-tez baş verdiyini nəzərə alıb, Alban xristianlıq mərkəzinin Çoladan köçürülməsi haqda qərar qəbul etdi. Nəhayət, Alban xristianlıq mərkəzi başkənd Partava-Bərdəyə köçüruldü. O vaxtdan hər il keçirilən xristianlıq bayramları da, dini məclislər də Albaniyanın baş kəndi Partavda, adətən, qonaq-qaralı keçirilirdi.
Yenə elə günlərdən biri idi. Səhhətinə, yaşına görə işləməsinə çətinlik yarandığından Abasın yerinə Albaniyaya katolikos seçməli idilər. Bu məqsədlə də yepiskoplar başkəndə toplanmış, əlavə qonaqlar da dəvət edilmişdi.
Beyləqandan gələn yepiskop Vironun adaylığı irəli sürüldü. Abasın Viro sarıdan ürəyi sakit idi. “Bacarıqlı, iradəli, fikri aydın bir şəxsdi. Dini yanaşmalarda, iqtisadi, siyasi məsələlərdə də uyarlı, əsaslı fikirləri var. Əsas, Vətənini, xalqını düşünən bir din xadimidi.”
Yepiskoplar çıxış edir, Vironun aday kimi müsbət cəhətlərini qeyd edirdilər, ona uğurlar arzulayirdılar. Məhin Banu da bu məclisdə çıxış edib, Viroya uğurlar arzuladı.
-Mən Kuti elinin Kərkük şəhərindən dəvətli bir qonaq kimi gəlmişəm. Qardaşımız Viroya gələcək işlərində uğurlar arzulayıram. İnanıram ki, bacarıqli dini rəhbər kimi elimizin, yurdumuzun özgürlüyünə çalışacaq, bu yolda uğurlar qazanacaq. İstərdim, Bizansın, bir qədər gizli, ilk baxışda sezilməyən dini pərdə altında yurdumuzun, elimizin bütövlüyünü pozacaq əməllərinin qarşısı alınsın. Bizim ulu babalarımızın adlarından biri Qordu, bilirsiniz. Qor həm də günəş ilahəsinin adı olub. Biz ocaq yerində qalan közə də qor demişik. Ocağımızı da, ocaqda qorumuzu da qorumalıyıq. Elimizin inancına görə, qut, qutluq, uğur oddan, ocaqdan, Günəşdən gəlir. Bundan yana elin ulu ağsaqqallarına zaman-zaman Qorqut adını da verdik .
Biz türk olaraq qədimdən Günəş işığıni, odu, ocağı müqəddəs bilmişik.
Bu düşüncədə olub, Günəşə tapınmışıq, səcdə etmişik. Bu, bir gələnək, qan yaddaşımizdı...
Qədim əsatirdə,Yunan şairi Esxilin əsərində Prometeyin odu İskitlər, yəni türklər ölkəsindən oğurlayıb insanlara gətirdiyi yazılıb. Bir daha təsdiq olunur ki, ilkin od-ocaq yurdu Qafqazdı. Elə o yerlərdən biri bizim Azığ mağarasıdı. Od-ocağı bizdən aparan ellər azdımı? Ən qədim od-ocaq yeri, yaşayış yeri bizim Azərbaycandadı. Ər saklar, kutlar, şumerlər- kimerlər, qipçaqlar yurdu olan Azərbaycan.
Xristianlıq bizim qonşu dövlətlərlə anlaşmamıza, dinc çevrədə yaşamımıza yardım edirsə, əlbəttə, çox yaxşıdı. Xiristianlığı bir din kimi qəbul etməyimiz də bundan yana olsun, ancaq elimiz, yurdumuz daha önəmlidi. Xristianlığın müharibələri durduracağını da deyə bilmirəm. Hər bir halda babalarımızın ruhu, günəşin işığı, Tanrımız qardaşımız Viroya kömək olsun.
Katalikos Abas Məhin Banuya təşəkkür etdi.
-Xanım, son vəziyyət necədir sizə yaxın bölgələrdə?
- Mən elə Ərman vilayəti haqda da danışmaq istəyirəm. Bir az da o ərazinin tarixi haqda danışım... Bilirsiniz, ər saklar, qıpçaq eli, onlar özlərini tatar da adlandırırlar, eyni eldi, cəsur, döyüşkən. Buna görə o igidlər Ərmən, ərazi də ərmən vilayəti adlanıb. Biz Sasanilərlə tərəfdaş olsaq da, bildiyiniz kimi, dinclik yoxdu, qarşıdurmalar, müharibələr səngimir. Ərman türkmandı, türk oğludu, ancaq son vaxtlar, nə aci ki, bizim Ərmən vilayəti təklənir, gah Sasanilərin, gah da Bizansın əlinə keçir. Unudurlar ki, Ərman adlanan o ərazi, o vilayət Turan ərazisidi, Parfiyanın Ər Sak elindən olan Sanatürkün ölkəsidi. Bu, bəlli tarixdi. Xatırlayaq ki, Parfiya bizim Turan dövlətinin varisidi. Tur, Turan, Alp, Alp Ər tarixi el oğullarımızdı.
İsa peyğəmbərin havvarilərindən Faddey ora-Ərdaş, ya Artaş adlanan əraziyə gəlib, xristianlığı təbliğ edərkən öldürülüb. Bu, kədərli bir tarixdi. Mən də maraqlanmışam bu hadisənin səbəbi ilə. Deyildiyi kimi, Sanatürk bir türk hökmdarı olaraq, vətən, yurd sevgisi öndə olmayan dini söhbətləri qəbul etməyib. Faddeyin bizim ərsaklar, ərmənlər, ərdaşlar, turxanlar, alp ərlər yaşayan yerdə xristianlığı təbliğ etməsi uğursuz olub. Sanaturk də Faddeyin dediklərini zərərli hesab edib. Bunu türk düşmənləri tərəfindən hazırlanmış bir hiylə kimi qiymətləndirib.
Faddey milli kimliyi nəzərə almadan, dini bağlılığı daha üstün tutduğu üçün öldürülüb. Faddey o ərazilərin qədim Turan dövlətinə aid olduğunu, bu dövlətə qarşı zaman-zaman kənardan saldırıların olduğunu nədənsə nəzərə almayıb, birtərəfli şəkildə sülh, sülh deyib, kilsələr inşa edin təbliğatını aparıb, ancaq qəbul edilməyib.
Katalikos Abas:
-Xanım, siz tarixdən, tarixi yazılardan, hadisələrdən məlumatlısınız. Bu, çox yaxşıdı. Türk ellərinin yaratdığı dövlətin- Azərbaycanın Həmədandan sonra başkəndi Mədaindi, indi sasanilər idarə edir. Daha neçə böyük Turan şəhərləri var, bilirik. Xatırlayaq, Turan hökmdarları nəslindən olan Turxanın idarə etdiyi Dvin də Ər Saklarin şəhəridi. Turanın varisi kimi yaranan Parfiya dövlətinin şəhəri. Gələcəkdə o şəhərlərə, türk soy-adına, Ər Sak adına, Ər Man adına neçələri şərik çıxacaq, bilmirik. Məlumatlar üçün sağ olun! Bölgədəki vəziyyəti dediniz, təklifləriniz nədi?
-Azərbaycanın maddi-mənəvi irsinə sahib çıxmaqla tarixi torpaqlarımızı yadların dağıdıcı təsirindən xilas etməliyik. Vahid Azərbaycanın sözçüsü olan şəxsiyyətləri yetişdirmək, o şəxsiyyətləri qorumaqla buna nail ola bilərik.
Bitikçi də söz aldı:
-Mən də bu çətin yollarda əzizimiz Viroya uğurlar arzulayıram.
Parçalanan, təriqətlərə, məzhəblərə bölünən din birliyi zəiflədər, fəsadlara yol açar, bu sarıdan ehtiyatlı olmalıyıq. Turan dövləti də elə bu və digər təhlükələrdən qorunmaq üçün dəyərlərdən, dünyagörüşdən, bəlli həyat tərzindən qaynaqlanan türk dilli ölkələrin birliyindən yaranmışdı. Məhin Banu xanım tarixə nəzər saldı. Əlbəttə, buradan Batıya döğru, böyük ərazilərə yayılmış qədim türk əlifbası ilə yazılmış gil lövhələri, yazılı daşları, qayaları dəyərləndirmək lazımdır. İskit əlifbası, Göy türk əlifbası ilə yazılmış deyilir, bu, bizim qədim əlifbamızdı. Daha qədimdən bu ərazilərdə məskunlaşan, yazısı olan, ilk şəhərlər salan bizim elimizdi. Türk dilində olan o yaziları oxuyan, araşdıran varmı? Necə ola bilər, Bizansın bunlardan xəbəri olmasın. Troyalıların da türk olduğunu bilməsin. Sərf eləmir. Yeni ərazilərə göz dikirlər. Bizim elimizi, at belində olan türk tayfalarını bəzən barbar adlandırsalar da, həmin tayfalardan bir çox sənət sahələrini, dövləti idarə etməni öyrəniblər. Mən araşdırmışam, yunan xalq yaradıçılığı, qədim ədəbiyyatları türklərin təsiri ilə formalaşıb. Türk yönümlüdü. Hətta miflərindəki Afrodita da türk, türk təəssübkeşidi. Qurd südü əmən Romul, Ramin deyilən uşaqlar türk əsillidi, Roma şəhərinin qurucularıdı.
Böyük tarixçi Heredot yazır ki, yunanlar zəif bir millət olub, ancaq kimmerlərlə, oğuzlarla, ər saqlarla- türk tayfaları ilə qarışdıqdan sonra böyük millət halına gəliblər. Məhin Banu xanımın xatırlatdığı o tarixi hadisə də başa düşüləndi. O ərazi- ərmən vilayəti adlanan o ərazi də Turan torpağıdı, hökmdarı da ər sak soyundan Sanatürkdür. Sanatürk Turan dövlətinə qarşı olan qısqanclığı, düşmənçiliyi bilən, bu təhlükələrdən qorunmağa çalışan hökmdardı. Qədim türk inancına bağlı hökmdardı. O hadisədən bir az əvvəl türklərə qarışmalarla formalaşan romalılar Romada turanlıları qətlə yetirmişdilər. Əlbəttə, Sanatürk mövcud təhlükələri nəzərə almalı idi.
Türklər qadına bəy ana deyib. İlahə adıdı. İndi Bayan deyirik. Bu, böyük mədəniyyətdi. Türk xanımı, türk anası döyüşdə, barışda söz sahibi olub, layiqli, qürurlu, Vətən, yurd sevən övladlar böyüdüb.
O məclisdə Viro yepiskopların səs çoxluğu ilə Albaniyanın katalikosu seçildi. Viro çıxış edənlərə, təklif verənlərə diqqətlə qulaq asırdı. Sonda da iştirakçılara, ona uğur deyənlərə təşəkkür etdi.
Viro Məhin Banunun katalikos Abasın yaxın qohumu olduğunu bilirdi, Abas ona danışmışdı. Məclisin sonunda Katalikos Viro Məhin Banuya təşəkkür etdi, qardaşı qızını- Şirini xəbər aldı:
- Qızımız Şirin necədir? Kərkükdədi, yoxsa Mədaində?
-Hazırda Mədaindədi. Ər sakların arasında. Xosrovla münasibətləri yaxşi olsa da, hələ ailəli deyillər. Xosrovun sevgisinə inandı. Gənclik havası öz sözünü dedi, ancaq mən də Şirinə sözümü demişəm. Alp ər elindən olduğunu bilsin gərək. Xosrovun da həqiqi, dərin sevgisi varsa, Şirinə ciddi, sayğılı münasibəti olmalıdı.
-Niyə də olmasin? Şirin ağıllı qızdı. Xosrov da ağıllanar. Salamımı deyərsiniz.
-Sağ olun.


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!