Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
30-03-2025, 16:54
Məscidi Cənnətə bənzədən mələk

Məscidi Cənnətə bənzədən mələk

Bibiheybət ziyarətində olarkən balaca qızın sevincək halda anasına "- Ana, bura Cənnətə oxşayır" dediyini eşitdim...

Məscidi Cənnətə bənzədən mələk
Burada insanlar qəlbin açıbdır...
Duayla isinən nə qədər ürək,
Allah hüzurunda əlin açıbdır...

Sənin gözlərində fərqlidir dünya
Təbiət donunda rəngli görülür..
Üzündə gülüşlə, işıqla, nurla,
Ümiddən özünə çələng hörülür...


Şirin arzularla, xoş dualarla
Cənnəti məscidə oxşadan mələk...
Nağıla boyanan sənin dünyanda,
Məscidin özü də Cənnətmiş demək...
2023
Aytac Mübarizqızı (Babayeva)
UNEC-in I kurs MBA magistr tələbəsi
29-03-2025, 20:56
Vətən müharibəsi və mən


Vətən müharibəsi və mən

Ölüm, insanın hər an qarşılaşa biləcəyi, ancaq zaman-zaman unutduğu bir gerçəklikdir. Mən ölümün bu qədər yaxın, ani ola biləcəyini məhz müharibə dövründə anladım. Onda mən Malıbəyli məktəbinin 10-cu sinfində oxuyurdum.
27 Sentyabr, həmin gün bacımın Şuşa rayon üzrə ən yüksək, 664 balla “ADA” Universitetinin hüquq fakültəsinə qəbul olmasını bütün yaxın qohumlarımızla, üzərimizdə əməyi olan insanlarla birlikdə babamgildə qeyd edirdik, hamı çox sevincli görünürdü, bütün ailə birlikdəydik. Həmin gün internet kəsilmişdi. Birdən televizorda verilən xəbərlə ani bir sükut oldu və xəbərə diqqətlə qulaq asmağa başladım, aparıcı deyirdi ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın ərazilərimizə olan hücümunun qarşısını almış və əks-hücüm əməliyyatına başlamışdı, ordumuz irəliləmiş və bir neçə yaşayış məntəqəsini azad etmişdi. Bu xəbərə atam da qulaq asırdı, atam ehtiyyatda olan zabit olduğundan müharibənin nə olduğunu, bizi nələrin gözlədiyini hamımızdan daha yaxşı anlayırdı, atama sual verməyə çəkindim, çünki artıq qismən səfərbərlik elan olunmuşdu və onun da müharibəyə çağırılacağı hissi ürəyimə dammışdı. Axı atam Rəşad 1993-cü ildən 2004-cü ilədək 1-ci Qarabağ müharibəsində əsgər kimi Vətənin müdafiəsinə qalxmış, baş zabit-mayor rütbəsində ehtiyyata göndərilmişdi. O, kəşfiyyatçı idi. Tərtərin, Ağcakəndin müdafiəsində iştirak etmiş, dəfələrlə düşmən arxasına digər kəşfiyyatçılarla birgə keçərək ermənilərin niyyətlərini öyrənmiş, bacarıqlı kəşfiyyatçı olduğuna görə hərbi rütbəsi yüksəldilmişdi. Ehtiyyata göndəriləndə N saylı hərbi birləşmənin kəşfiyyat rəisinin müavini idi.
Xəbər aparıcısı müharibəni xalqa ən aydın şəkildə çatdırmağa çalışırdı, orada Azərbaycan Ordusunun Ermənistana aid olan döyüş texnikasının məhv etdiyi kadrlar da göstərilirdi, bunları görmək mənim üçün çox fəxrli anlardan biri idi, çünki 30 ilə yaxın düşmən tapdağı altında qalmış, öz balalarını görmək üçün yanıb tutuşan torpaqlarımızı bu işğaldan azad etmək hər birimiz üçün çox müqəddəs bir iş idi. Atam müharibəyə çağırılmasını arzu edirdi, çünki o da hər bir azərbaycanlı kimi doğma torpağını azad etmək üçün can atırdı.
6 Oktyabr, atamın telefonuna zəng gəldi, müharibə başlayandan tikan üstündəydim, çünki əvvəl-axır atamı çağıracaqlarını bilirdim, gələn zəng hərbi komisarlıqdan idi, atama “siz müharibəyə göndəriləcəksiniz, sənədlərinizi gətirib təqdim edin” deyildi, həmin an özümü itirdim, gözüm qaraldı, ancaq heç kimə bildirməmək üçün divanda oturub başımı əllərimin arasına aldım, həmin an gözümdən düşən yaşları saxlaya bilmədim. Atam, anam, bacım mənə baxırdılar, bacımın mənim ağlamağıma dayana bilməyib ağladığını, anamın isə doluxsunduğunu gördüm, özümü toparlamağa çalışırdım, ancaq alınmırdı.
7 Oktyabr, səhər tezdən komissarlığın qarşısına getdik, atam, anam, bacım, əmilərim, atamın əmisi və dayım da gəlmişdi. Atamı necə qucaqladımsa ürək döyüntülərini hiss etməyə başladım, mənə baxıb “narahat olma, hər şey yaxşı olacaq” dedi, ancaq qəhərini hiss etməmək mümkün deyildi, komissarlığın maşını atamla bərabər 3 nəfəri də aparmaq üçün gəlmişdi, atam maşına minənə qədər özümü saxladım, ancaq maşına minib uzaqlaşanda dayana bilmədim, ürəyimdəki qəhər tez çıxsın deyə dayanmadan ağlamağa başladım. Müharibənin qızğın vaxtında elə olurdu ki, atama zəng çatmırdı, belə hallarda ağlıma pis fikir gətirməmək üçün əlimdən gələni edirdim, ancaq nə olursa olsun səsini eşitmədən yatmırdım, atamın qoxusu mənim üçün ən əziz şey olduğundan onun yastığından ayrılmırdım, hər gün şəklinin qarşısında oturub ona dualar oxuyurdum.
Atamın qəzaya düşməsi xəbəri gəldi: həmin gün səhər bacım qabırğasının dəhşətli şəkildə ağrıdığını və içində pis bir hiss olduğunu demişdi. Bir neçə saat sonra atamla əlaqə saxlayıb onları döyüş bölgəsinə aparan maşında qəzaya düşdüyünü, möhkəm əzildiyini və yeriməkdə çətinlik çəkdiyini öyrəndim. Dəhşətli ağrıları olmasına baxmayaraq, atam daha ağır vəziyyətdə olan müharibə iştirakçılarının olduğunu deyərək hərbi hospitala yerləşdirilməkdən imtina etmişdi. Bunu eşidəndə ona olan məhəbbətim, rəğbətim və hörmətim daha da artdı. Hər gecə atamın da içində olduğu yuxular görürdüm, buna görə də oyanmaq istəmirdim, çünki o indi yanımda deyil, böyük, bizim üçün mqəddəs və dəhşətli bir müharibənin tam ortasında idi. Müharibə dövründə hər gün yaxınlarımız gəlirdi, bizimlə söhbət edirdilər, ancaq, əlbəttə, heç kim atamın yerini doldura bilməzdi.
Atam üçün çox darıxmışdım, artıq şəkilləri, yastığı bəs etmirdi, atamı görmək istəyirdim, qəzada ağır yaralandığı üçün çox narahat idim. Anam zəng vurub mənim çox darıxdığımı, mümkündürsə, yanına gətirmək istədiyini dedi, atam bunun mümkün olduğunu deyəndə qanadlanıb uçacaqdım. Həmin gün səhəri necə etdim bilmədim, tez durdum, hazırlaşdım, dayım, bacım, anam və babamla birlikdə atamı görməyə getdik.
Atamı görəndə göz yaşlarımı tuta bilmədim, çünki çox arıqlamış və gücdən düşmüşdü, ancaq bunu ona bildirməmək üçün qucaqlaşanda özümü sıxdım. Anam müharibə zamanı hazırlanması çətin olan yeməklər götürmüşdü. Yemək boyunca mən əlimi stola uzatmadım, atamın yemək yeməyinə baxırdım, həmin anda ağlımdan bir çox fikirlər keçirdi, “ona bir şey olsa nə edərdim?” tez bu sualı beynimdən sildim, amma gözümü atamdan ayırmırdım, orda olduğumuz müddətdə ağır artilleriyanın səsi aydın eşidilirdi, atam dedi ki, bu bizim ordumuzun silahlarının səsidir, narahat olmayın. Ordan gələnə qədər bir an belə atamın yanından ayrılmadım, atam qolundan saatını açaraq mənə verib: “Məndən sənə yadigar qalsın”,- dedi. Həmin saatı hələ də ayrıca bir yerdə saxlayıram.
7 Noyabr, bütün gün atama zəng çatmırdı, gecə saat 2-də atamın telefonuna zəng çatdı, atam telefonunu açıdı, silah səsləri hər tərəfi bürümüşdü, mən təlaş içində idim. Atam dedi ki, indi yüksəkliyə qalxmışıq, ona görə şəbəkə tutur. Mən təşvişlə atamdan harada olduğunu soruşanda dedi “darıxma sabah sən gözəl bir xəbər eşidəcəksən”.
8 Noyabr, doğma yurdum, Şuşa işğaldan azad edildiyi, televizorda prezident, Silahlı Qüvvəllərin Ali Baş Komandanı İlham Əliyev tərəfindən elan olunduqda mən anamın üzünə baxırdım, o donub qalmışdı, olanlar ona bir yuxu kimi gəlirdi, anamı qucaqladıqda gözlərindən düşən yanaqlarından süzülüb çiynimdə hiss etdiyim yaşlar onun 30 illik həsrətə verdiyi reaksiya idi. Mən anamı ilk dəfə bu qədər qarışıq duyğular içində görürdüm, həmin gün bütün Azərbaycan xalqı bayram edirdi, küçələrdə mahnı çalıb oynayan insanları, onların hərbiçilərimizə olan dəstəyini görmək həm də bizim həmrəyliyimizdən xəbər verirdi.
9 Noyabr, müharibənin bitməsi xəbərini eşidəndə gecə saat 2 idi, yerimdən necə durdum, necə anamın yanına qaçdım bilmirəm, tək yadımda qalan hadisə atama zəng vurub bu xəbəri onunla bölüşməyimiz idi, mən də həmin vaxt atamın yanında olub onu qucaqlamaq üçün hər şeyimi verərdim.
Prezident və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fərmanı ilə müharibə iştirakçıları medallarla təltif edilirdi, mən də siyahılarda atamın adını axtarmağa başladım və atama “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, müdafiə nazirinin “Şücaətə görə” medallarına layiq görüldüyünü öyrəndim. Bu məni çox sevindirdi və bütün layiq görüldüyü medalları zəng edərək atama çatdırdım, o da mənə artıq polkovnik-leytenant rütbəsinə yüksəldiyini bildirdi.
31 dekabr, atama zəng etdim, danışığından maşında olduğunu başa düşdüm, hara getdiyini soruşanda əvvəl cavab vermədi, sonra narahat olduğumu başa düşüb “sənə sürpriz edəcəkdim, evimizə gəlirəm” dedi, mən tez xəbəri qaçıb babamgilə dedim, səhərə qədər yatmadıq, müharibə dövründə yanımızda olan bütün hər kəsi zəng edib çağırdıq. Atama qurban kəsdik, dünyanın ən xoşbəxt insanı idim.

Vətən müharibəsi polkovnik-leytenantı Rəşad İbrahimovun oğlu,
BDU Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi İbrahimli Əlisahibin gözü ilə.
29-03-2025, 20:02
Eluca Atalı görüşünüzə gəlib

Eluca Atalı görüşünüzə gəlib

Əziz Bütöv Azərbaycançılar, sizləri İsveçdə yaşayan Asif Ata Ocağının evladı, tarixi əsərlər müəllifi və animalist yazıçı kimi tanınan, Güney Azərbaycan mücadiləsinə "İran Hizbullah zindanında" kimi dərdlərimizə tərcüman olan bir əsər bəxş etmiş filosof Eluca Atalının görüşlərinə dəvət edirik:
7 aprel 2025-ci il saat 11:00-da Nərimanov rayon Mərkəzi Kitabxanasında,
8 aprel 2025-ci il tarixində saat 11:00-da Səbayıl rayon Mərkəzi Kitabxanasında,
10 aprel 2025-ci ildə saat 15:00-da Neftçala rayonundakı Heydər Əliyev Mərkəzində görüşləri olacaq.

13-17 apreldə yazarımız balaca tamaşaçılarla birgə Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində "Odunçunun nağılı" və Naxçıvan Dövlət Kukla Teatrında "Ənqa quşu" tamaşalarını izləyəcək. Həmçinin Naxçıvan Mərkəzi Kitabxanasında "Ağ Göyərçin", "Əgər quşlar olmasaydı" və "Bir cüt göz" kitablarının təqdimatı və Naxçıvan Dövlət Universitetində görüşü keçiriləcək.
22 aprel 2025-ci ildə saat 15:00-da Ağstafa rayon Mədəniyyət Evində,
24 aprel 2025-ci il tarixində saat 14:00-da Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində görüşü olacaq.
Yaradıcılığında insan və onu əhatə edən dairədən bəhs edən yazarımızın qələmə aldığı mövzular rəngarəng və bədii təhlilləri dərin olduğundan oxucularını öz təsir dairəsinə salmağı bacarır. "Ənqa quşu" romanını oxuduqda özümüzü yerdə yox, səmada hiss etdiyimiz kimi.
İnanırıq ki, oxucuları müəlliflə görüşdən zəngin təəssüratla dönəcəklər.
Sizləri bu görüşlərdə suallarınızla birgə gözləyirik.


27-03-2025, 21:42
İlahənin təbəssüm təəssüratı

İlahənin təbəssüm təəssüratı

“TƏBƏSSÜM YARAT” komandası Sahil qəsəbəsindəki “Müşviq Əlil Uşaqlara Yardım İctimai Birliyində”
Könüllü İlahə öz təəssüratlarını bölüşür.

Sahil qəsəbəsində məhdudiyyətsiz həyat necə başladı? Autizmli, daun sindromlu və neçə-neçə fərqli uşaqlar üçün mərkəz yaradan Validə Abbasovanın həyat hekayəsi həm duyğusal, həm də uğurlu təşəbbüslərə yol açdı... Onun 18 illik həsrətinin hekayəsi vərəqlərə süzüldü. Süzüldü ki, insanlıq adına görülən iş könül ovsunlasın.

Validə xanımın söylədikləri və əsasən də uşaqlar üçün göstərdiyi təmənnasız xidmət təqdirəlayiqdir. Çünki o, yalnız əməli ilə deyil, əqidəsi, daha dəqiq desək bütün varlığı, ruhu ilə xidmət göstərir. Onu dinlədikcə insanlığın dəyəri, qiyməti artır insan gözündə.
Bu mərkəz düz 25 ildir ki, fəaliyyət göstərir. Validə xanımın 18 illik həsrətinin vüsala qovuşması ilə burda neçə - neçə yeniyetmə birləşdi. Xüsusi istedada malik olan hər yeniyetmənin ruhuna uyğun otaqlar düzəldildi, işıqlar, rəngarəng oyuncaqlar və izahlı təqdimatlar yaradıldı ki, hər biri məhz onları kəşf etmək üçün idi. Və beləcə, hər bir istedad kəşf edilib üzə çıxarıldı.
Deyəsən Validə xanımın həyat hekayəsindən bir qədər uzaqlaşdıq. Nə az, nə çox, düz 18 il idi ki, Validə xanım ana olacağı günü gözləyirdi. Əslində o, neçə-neçə körpənin anası idi. Hər birini öz balası kimi əzizləyir, nəvaziş göstərirdi. Amma içində düyünlənmiş ümid qarışıq bir ağrı vardı. Bir gün o ümidin işığa, nura çevriləcəyinə inanırdı. Elə o inamla da əllərini göylərə açdı, niyyət etdi ki, uca Tanrı ona bir övlad bəxş eləsin. O, uşaq əlil belə olsa, qayğısını çəkəcəyini dilə gətirdi. Təki bir övladı olsun, - deyib niyyət etdi ki, uşaqlar üçün bir mərkəz açacaq. Və illər sonra o həsrət bitdi. Onun qarşısında artıq həsrətdən xoşbəxtliyə doğru yol uzandı. O, əllərini açaraq qucağını böyütdü. Qucağında neçə uşaq üçün ana sevgisi daşıdı.

Validə xanımın övladı da hazırda o mərkəzdə anasının bənzərsiz həyat hekayəsini davam etdirir. Onun getdiyi yol çətin və keşməkeşli olsa da, köməyinə içindəki ümidləri çatdı. Ümidi sevgini, sevgisi fədakarlığı, fədakarlığı isə qəhrəmanlıq hekayəsini yazdırdı ona.
Bu gözəl hekayə tamamlanmayacaq, çünki bu hekayə sonsuza qədər davam edəcək. Ona görə də, uşaqlara qarşı olan əngəlli və məhdudiyyətli ifadələri yerinə, fərqli və fərqindəlik ifadələri işlədilsə nə gözəl olar. Onda biz də dünyanı fərqli görərik. Onlarda saf sevgi və eşq var! Bir-birlərini qucaqlayır, öpür, küsəndə nazlarını çəkib necə də tez barışırlar. Onlar orada birlikdə böyüyür - dərdləri bir, sərləri bir...

Hələ neçə-neçə uşaq, yeniyetmə gələcək onların yanına... Onların hər birinin öz dünyası var, bəlkə də qismən də olsa təcrid olunmuş fərqli bir dünya... Ora gedən yolun məsafəsi qısa olsa da, ora çatmaq, onlarla eyni məkanda olmaq çox zaman tələb edir. Bu yolu da asan edən Sevgidir. Axı dünyanı sevgi xilas edəcək.
İlahə Həbib
26-03-2025, 12:04
Urmulular girov müqabilində buraxılıb

Urmulular girov müqabilində buraxılıb

Əmir İbrahimli, Əli Vəlizadə, Suheil Deyri, Milad Muxtari, Hüseyn Əlizadə və Tahir Qeybi, 25 mart 2025-ci il, çərşənbə axşamı günü girov vərəqi verildikdən sonra Urmu Mərkəzi Həbsxanasından azad edilib. Bu fəallara qarşı “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və sövdələşmə” ittihamı irəli sürülüb. Qərbi Azərbaycan vilayətinin polis komandiri Rəhim Cahanbəxş martın 22-də Urmu xalqının antiterror əyləmi ilə bağlı 22 nəfərin həbs olunduğunu təsdiq edərək, onları “separatçılıq” və “nifrət yaymaq”da ittiham edib.
Qeyd edək ki, kürd terror qruplaşmalarının keçirdiyi mitinqlərdə qondarma Kürdüstan bayrağı açılsa da və separatçı şüarlar səsləndirilsə də onlardan heç kəs həbs edilməyib.


25-03-2025, 21:14
Xankəndidə iftar çadırları qurulub

Xankəndidə iftar çadırları qurulub- FOTO

Xankəndidə "Nargis" Fondu tərəfindən iftar çadırları qurulub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ramazan günləri ilə əlaqədar olaraq martın 25-dən 27-dək təşkil olunan iftar süfrəsində bölgə sakinləri və ziyarətçilər müxtəlif təamlardan dadıblar.3 gün ərzində hər gün qonaqlara yüksək keyfiyyətli iftar menyusu təqdim edilir.

Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar süfrəsinin qonağı olacaq. Bundan əlavə, iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün iftar payları birbaşa yaşadıqları ünvanlara göndərilir.

Xankəndi şəhərində "İftar çadırları" layihəsi "Port Baku" , "Unibank", "Kolin",
"Coca-Cola" şirkətlərinin sponsorluğu ilə gerçəkləşib. Təşkilati dəstəyi isə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Dövlət Reklam Agentliyi verib.

Qeyd edək ki, "Nargis" Fondu tərəfindən "İftar çadırları" layihəsi 2019-cu ildən etibarən Ramazan ayında həyata keçirilir. Layihə çərçivəsində xüsusi hazırlanmış Şərq üslublu çadırlarda qonaqlar bir araya gələrək iftar sevincini birlikdə paylaşırlar.


23-03-2025, 19:44
Güney Azərbaycanda kürd kartı

Xaqani Cəfərli


Güney Azərbaycanda kürd kartı

İranın fars-molla rejiminin Güney Azərbaycanda kürd kartını gücləndirməsinə qarşı Urmiyada Azərbaycan türkləri ayağa qalxıb. Urmiyada keçirilən aksiyalarda yarım milyon soydaşımız iştirak edib. Aksiya iştirakçıları “Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb!”, “Azərbaycan yurdumuz, Urmiya boz qurdumuz!” və “Azərbaycan oyaqdır, kürdlər bizə qonaqdır” şüarlarını səsləndiriblər. Etiraz aksiyalarından yayılan görüntülər soydaşlarımızın doğma Azərbaycanın hər bir qarışını müdafiə etməkdə qətiyyətli olduqlarını göstərir.
Güney Azərbaycanda belə bir vəziyyətin yarana biləcəyi ilə bağlı aylar öncəsi Youtebe kanallarında, xüsusilə də Pressklub TV-də Kamran Həsənlinin qonağı olarkən dəfələrlə xəbərdarlıq etmişdim. Bu xəbərdarlığım səbəbsiz deyildi. Milli kimliyini və çoğrafi Azərbaycan faktorunu önə çəkən Məsud Pezeşkianın prezident seçkilərində qələbəsinin fars-molla rejiminin sinir mərkəzlərini hərəkətə keçirəcəyini proqnozlaşdırmaq çətin deyildi.
İndi fars-molla rejimi kürdləri təxribatlara sövq etməklə bir zamanlar Moskvanın Quzey Azərbaycanda oynadığı erməni kartının kürd variantını Güney Azərbaycanda oynamağa çalışır. Erməni kartı ilə Quzey Azərbaycanı istiqlaliyyət və demokartiya uğrunda mübarizədən yayındırmağa çalışan Moskvanın senarisinin eynisini fars-molla rejiminin sinir mərkəzləri Güney Azərbaycanda kürdlərin əli ilə oynamağa başlayıb. Suriya və İraqdakı bir sıra kürd millətçiləri də bu prosesdə vaxtilə Zori Balayan(lar)ın oynadığı rolu oynayırlar. İranda Azərbaycanlıların sayını azaltmağa, kürdlərin sayını artırmağa çalışan bu şəxslər ermənilər kimi uydurma tarix də yaratmağa çalışırlar.

Halbuki, dünyada doğma dili ən çox olan 100 dili müəyyənləşdirmək üçün 1996-cı ildə aparılmış və 1999-cu ildə yenilənmiş “Etnoloq: Dünya Dilləri” (Ethnologue: Languages of the World) araşdırması zamanı İranda 24 364 000 nəfərin doğma dilinin Azərbaycan dili (Cənub ləhcəsi) olduğu müəyyən edilib. Həmin araşdırmanın nəticələrinə görə, 1999-cu ildə İranda fars dillilərin sayı Azərbaycan dillilərdən 84 000 nəfər az olaraq, 24 280 000 nəfər təşkil edib. Yəni, İranda Azərbaycan türkləri çoxluq təşkil edirlər.
Həmin araşdırılmanın aparıldığı 1999-cu ildən bəri İranın əhalisi 23.29 milyon nəfər və ya 36 faiz artaraq 2023-cü ildə 87.76 milyon nəfərə çatıb. Soydaşlarımızın da təxminən 36 faiz artdığını qəbul etsək, bu o deməkdir ki, 1999-cu ildə sayı 24 364 000 nəfər olan Azərbaycanlıların sayı 8 771 040 nəfər artaraq, 2023-cü ildə 33 135 040 nəfər olub.
Qeyd edim ki, elmi tədqiqat olan “Etnoloq: Dünya Dilləri” araşdırması zamanı ana dili 7 milyondan çox olan xalqların sayını müəyyən edib. Həmin araşdırmaya görə, kürd dilini ana dili hesab edənlərin 7 milyon olduğu ölkə yalnız Türkiyədir. İran, İraq və Suriyada kürd dilini ana dili hesab edənlərin sayı az olduğu üçün siyahıya daxil edilməyib.
İranla bağlı ən dəqiq məlumatlara malik olan İsrailin dövlət adamları İranda azərbaycanlıların sayının 35 milyonla 45 milyon arasında olduğunu və İran əhalisinin ən azı 40 faizindən çoxunu təşkil etdiyini qeyd edirlər. İndi isə kürd millətçiləri erməni və rusların bir vaxtlar yaydıqları məlumatı təkrarlayaraq İranda Azərbaycan türklərinin cəmi 17 faiz olması ilə bağlı yalanları tirajlayırlar.

İkinci Dünya Müharibəsindən sonra formalaşmış və Azərbaycan xalqının həyati maraqlarına qarşı olan dünya nizamı artıq dağılıb. Yeni dünya nizamının formalaşmağa başladığı bu günlərdə Azərabyacn xalqının bir gözü Güney Azərbaycanda, bir gözü Şimal torpaqlarımızda (Dərbənd) baş verənləri izləməlidir. Ən azı qarşıdakı 75-100 ilin düzənini müəyyən edəcək proseslərin getdiyi bir zamanda bizim ilk vəzifəmiz məhz budur. Əks halda yeni dünya düzəninin formalaşması zamanı xalqımızım həyati maraqlarını təmin etmək mümkün olmayacaq.
23-03-2025, 00:15
BİR ÖMRÜN SALNAMƏSİ


Cəlal ALLAHVERDİYEV,
filologiya üzrə fəlsəfə doktoru, dosent

BİR ÖMRÜN SALNAMƏSİ

Həyatımda çox insanlarla rastlaşmışam, çox hadisələrin şahidi olmuşam. Yaxşılıq da görmüşəm, yamanlıq da. Həmişə düşünmüşəm ki, dünya yaxşılığın üzərində bərqərar olur. Xeyirxah və işıqlı insanların əməlləri ilə gözəlləşir, nəsillər bir-birini əvəz etdikcə xeyirxah və ürəyi nurlu insanlar yaddaşlara köçür, acılı-şirinli xatirələrin işığında bizi dünənimizə qaytarır, yaddaşımızı təzələyir. Bu mənada, ömrünü vətən övladlarının elmə, təhsilə yiyələnməsinə həsr edən böyük şəxsiyyətlərin adı isə həmişə hörmət və ehtiramla çəkilir. Belə tanınmış şəxsiyyətlərdən biri də Qərbi Azərbaycanda milli maarifimizin inkişafında mühüm yer tutan, azərbaycanlı müəllim kadrların yetişdirilməsində böyük rol oynayan, xalqımızın mənəvi təkmilləşməsinə, milli yüksəlişinə xidmət edən tanınmış, fədakar ziyalılarımızdan biri də Baba Mehrəli oğlu Məmmədov olmuşdur. Onun bu sahədəki xidməti həyatlarını İrəvanda xalqımızın savadlanması, maariflənməsi yolunda əvəzedilməz işlər görmüş Mehdi Kazımov, Əşrəf Bayramov, Mustafa Hüseynov, Əhməd Əhmədov, Əkbər Rzayev, Cəfər Əhmədov, Həbib Məhəmmədzadə kimi əsl milli maarif mücahidlərimizin nəcib əməlləri ilə yanaşı duracaq dərəcədə mühüm olmuşdur.

Baba müəllim 1937-ci ilin dekabr ayında Ağbaba mahalının Göllü kəndində anadan olmuşdur. Baba müəllim Ağbaba mahalının sayılıb-seçilən və böyük tarixi ənənəsi olan, bölgədə nəcib və xeyirxah əməlləri ilə böyük nüfuz qazanmış dərzililər tayfasından idi. Stalin repressiyasının vurduğu ağır yaralar, çəkdiyi çalın-çarpaz dağlar bu ailədən də yan keçməmişdir. Babası Dərzili Məmməd “kulak” adı ilə Qa¬zaxıstana sürgün edilmişdir. Stalin vəfat etdikdən sonra geri qayıdıb, bir neçə il yaşadıqdan sonra vəfat etmişdir. Amma bu ağrılara, acılara, çətinliklərə baxmayaraq, təhsil almaq Baba müəllimin ən böyük arzularından idi. O vaxtlar Göllü kəndində məktəb olmadığından Baba müəllim hər gün kilometrlərlə yol qət edib, orta təhsilini qonşu kəndlərində tamamlamışdır. Onun böyük arzularından biri də İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində ali təhsil almaq idi. Amma taleyin qisməti ilə Baba müəllim Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olur. Universiteti bitirdikdən sonra öz doğma kəndinə qayıdır.
1959-cu ildə ilk pedaqoji fəaliyyətinə Göllü kənd yeddillik məktəbində başlayır. Qısa zamanda öz pedaqoji fəaliyyəti, bilik və bacarığı, yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən Baba müəllim 1963-cü ildə Göllü kənd 8 illik məktəbinə Azərbaycan dili və ədəbiyyatı, 1964-cü ildə məktəbin tədris hissə müdiri, 1969-cu ildə isə direktoru vəzifəsinə təyin olunur. Həmin illərdə Göllü kənd orta məktəbində qaynar və şəffaf bir ab-hava hökm sürmüşdü.
Baba müəllimin fəaliyyət dairəsi təkcə onun pedaqoji fəaliyyəti ilə məhdudlaşmır. O, pedaqoji fəaliyyətlə yanaşı Amasiya rayonunun ictimai həyatında da aktiv iştirak etmiş, həmçinin kolxoz ilk partiya təşkilatının katibi vəzifəsində də çalışmışdı. Mövcud dövrün tələbləri baxımından bu sahəyə xüsusi siyasi savad tələb olunurdu. Baba müəllimin dərin biliyə və erudisiyaya malik olması onun bir sıra sahələrdə uğurlu fəaliyyətinə zəmin yaratmışdır.
1970-ci illərin əvvəllərində kənd sovetinə ali təhsilli kadrlar yerləşdirərkən Qara Namaz və Göllü kəndlərini birləşdirən Qara Namaz kənd sovetinə sədr seçilmiş, uzun müddət bu vəzifədə ləyaqətlə çalışmışdır. Onun milli və siyasi iradəsi sayəsində həmin sovetliyə daxil olan kəndlərin içməli su məsələsi, kəndlərarası yolların təmiri, klub-kitabxana işinin qaydaya salınması, kəndlərdə kino qurğlarınınu qoyulması, gənc azərbaycanlı ailələrinə yaşayış evlərinin tikilməsi üçün torpaq sahələrinin ayrılması və bir çox məsələlərin həll edilməsində böyük xidmətləri olmuşdur.
1970-ci illərdə Amasiya rayonunda mövcud olan problemlərdən biri kəndlərin rayon mərkəzi ilə gəliş-gedişini təmin etmək üçün nəqliyyat probleminin aradan qaldırılması idi. Bu problemin aradan qaldırılması hər zaman Baba müəllimi dərindən düşündürmüş, onun təşəbbüsü, səyi və bacarığı sayəsində Qara Namaz-Göllü- Sultanabad-Təpəköy-Amasiya nəqliyyat marşrutu açılmışdı. Həmin nəqliyyatdan Düzkənd, Çaybasar, Balıqlı kəndlərinin əhalisi də yararlanırdı.

Baba müəllimin milli ictimai zəminə söykənən fəaliyyəti haqqında çox danışmaq olar. Onun milli təəssübkeşliyi, ömrü boyu xalqına bağlılığı və xidməti barəsində olan bir sıra məqamlardan birini xüsusi qeyd etmək istərdim. Bir dəfə Amasiya rayonunun birinci katibi büro iclaslarının birində rayondakı tarixi abidələrin qorunması haqqında söhbət açarkən, o vaxt Qara Namaz kənd sovetinin sədri işləyən Baba müəllim söz alıb danışmaq istədiyini bildirir. O, hər bir kəndin söykəndiyi dağda olan qalaçalardan danışıb, əsl tarixi abidələrimizin elə qəbirstanlıqlar olduğunu büro üzvlərinin diqqətinə çatdırır. Kənd¬lərin qəbiristanlıqlarının əksəriyyətinin yol kənarında olduğunu və mal-qaranın onların içindən keçdiyini bildirərək, sovetliklərin büdcəsi hesabına qəbiristanlıqların ətrafına çəpər çəkilməsi təşəbbüsünü irəli sürür. Çox çəkmədən Baba müəllim bu təşəbbüsünü gerçəkləşdirərək Qara Namaz və Göllü kəndlərindəki qədim qəbiristanlıqlara paslanmayan metal torla çəpər çəkdirir. Onu da qeyd edək ki, Göllü qəbiristanlığında əski qarapapaq qəbirləri də vardır və Qaçaq Yusifin də qəbri həmin məzarlıqda yerləşirdi.

Uzun müddət direktoru olduğu Göllü kənd 8 illik məktəbin 10 illik tam orta məktəbə çevrilməsi də Baba müəllimin iradəsi və qətiyyəti sayəsində olmuşdur. Çünki şagirdlərin tam orta təhsil alması üçün qonşu kəndlərə gediş-gəlişi qış aylarında çox böyük çətinlik törədirdi. Sədri olduğu sovetliyin inzibati-ərazi vahidliyinə daxil olan kənd məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxana fondlarının yeni kitablarla zənginləşdirilməsi və digər məsələlərin həll edilməsi hər zaman onun diqqət mərkəzində olmuşdur. Baba müəllim səmərəli pedaqoji-ictimai fəaliyyətinə görə “Əməkdə fərqlənməyə görə”, “Əmək veteranı” adına, bir sıra fəxri fərman və mükafatlara layiq görülmüşdür.
Erməni şovinizmi əhatəsində Baba müəllimin bu fədakar, milli təəssübkeşlik fəaliyyəti heç də asan olmamışdır. Erməni şovinist dairələrinin təqib və təzyiqlərinə baxmayaraq, Baba müəllim azərbaycanlı kəndlərinin ictimai-mədəni, sosial həyatının yüksəldilməsi üçün var qüvvəsi ilə çalışmışdır.
Ermənilərin mənfur siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı kimi Baba müəllim də dədə-baba ocağından, əzəli və əbədi yurdundan zor gücünə deportasiya olundu. Bakıda məskunlaşmağa məcbur oldu. Doğma yurd yerlərinin həsrətini çəkə-çəkə burada da dünyasını dəyişdi. Bu günlərdə bir ömürlük yaşamı ilə xatirələrə çevrilən Baba müəllimin dünyasını dəyişməsinin ildönümüdür. Nəcib və xeyirxah əməlləri ilə böyük bir mahalın, elin, obanın yaddaşına, mənəvi və ictimai tarixinə daxil olmuş Baba müəllim bu gün də minnətdarlıqla yad edilən böyük ziyalılarımızdan və şəxsiyyətlərimizdəndir. Onun xeyirxah, nəcib əməllərini, işıqlı yolunu bu gün fəxr və qürur duyduğumuz övladları ləyaqətlə davam etdirirlər.
21-03-2025, 19:52
Azərbaycanda 20 mart nədən Novruz bayramı günü sayılır?


Azərbaycanda 20 mart nədən Novruz bayramı günü sayılır?

Türküstan - Orta Asiyadan Balkanlara, İran, Qafqazdan Pakistana qədər milyonlarla insan əsrlər boyu martın 21-ni təzə təqvim ilinin başlanğıcı - rəsmi təqvimin ilk günü (yəni 1 yanvar kimi) kimi bayram edib, hər zaman sevinclə, coşqu ilə qarşılayıb.
2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT Baş Assambleyasının 2010-cu ildə keçirilən 64-cü sessiyasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
https://azertag.az/xeber/21_mart___beynelxalq_novruz_gunudur-3472699
Novruz bayramı Türkmənistan, Qırğızıstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Əfqanıstan, İraq, İran və digər yaxın, uzaq ölkələrdə məhz martın 21-22-də qeyd edilir.
https://www.yenisafak.com/nevruz-bayrami-bugun-21-mart-mu-nevruz-nedir-ne-zaman-ve-kimler-kutlar-2025-nevruz-bayrami-hakkinda-bilgiler-h-4686537
Saytlarda, sosial mediada qonşu, dost türk, islam ölkələrində 21 martda Novruzun toy-bayran əhavli-ruhiyyəsi ilə qarşılanması barədə xəbərlər yayılır.
https://azertag.az/xeber/gurcustanin_dovlet_ve_hokumet_baschilari_marneulide_novruz_senliyinde_istirak_edibler-3473139
Bizim əziz Vətənimizdə isə 20 mart “Azərbaycanda Novruz bayramıdır”
https://azertag.az/xeber/azerbaycanda_novruz_bayramidir-3471999 20.03.2025 [08:00].
“2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır”.
https://nk.gov.az/az/azerbaycan/bayramlar.
İstinad olunan əsaslandırma isə budur: “Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a bildirilib ki, yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olub. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Beləliklə, həmin andan Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq”.
https://azertag.az/xeber/azerbaycana_yaz_fesli_qedem_qoydu-3472015
On illərdir Qafqaz Müsəlmanları İdarəsi Ramazan fətvası ilə necə ki Ramazan bayramını 1 milyard müsəlmanın qeyd etdiyi eyni gündən dala-qabağa çəkib Azərbaycanda çaşqınlıq yaratdığı kimi, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası da Novruz gününü saat, saniyə, metr, santimetrlə hesablayıb gətirib salır 18, 19, 20 marta, daha düşünmürlər ki, bu ölçüb biçmənin nəticələri ancaq bir qrup astrofizik üçün maraqlı ola bilər, və təbii ki, həmin cihazlardan digər ölkələrdə də var və orada heç kimin xəyalına da gəlməz ki belə absurd elmi “fətva” verələr: “martın 20-si saat 13:01-də gecə ilə gündüz bərabərləşir...”.
Bu “elmi” yanaşmalar nəticəsində uzun illərdir Novruz bayramı münasibətilə paytaxtımızda ən yüksək səviyyədə keçirilən ümumxalq şənlikləri də heç zaman təzə ilin qismətinə düşməyib, köhnə ilin - 18, 19, 20 martın ayağına yazılıb.
https://azertag.az/xeber/prezident_ilham_eliyev_martin_19_da_novruz_bayrami_munasibetile_bakida_kechirilen_umumxalq_senliyinde_istirak_etmisdir-11037
Unuduruq ki, Ramazan, Qurban bayramı, Həcc ziyarəti kimi hər təqvim ilində günü dəyişən dini bayramlardan fərqli olaraq, Novruz min illərdir sabit, konkret, dəqiq, dünyanın mühüm bir hissəsində rəsmən qəbul və təsbit olunan gündür - 21 martdır. İnsanlara çox sayda acı sorunlar yaşadan qarlı, şaxtalı soyuq qışın sona yetməsini, baharın gəlişini – sanki ölünün yenidən dirilməsi kimi donmuş təbiətin və insan ruhunun da oyanmasını, təzələnməsini qədim dövrlərdən çox sayda xalq bayram kimi içdən gələn mərasimlərlə cani-könüldən qutlayıb, hələ türksoylular üçün bu bayrama sevgidən yaranan Ergenekon - Ərgənəqon dastanı kimi mifik təvayətləri, müqəddəsləşdirmələri də nəzərə alsaq görərik ki Novruzu islam dini ilə birləşdirmək cəhdləri əsassızdır. Eləcə də Novruzdan əvvəlki 4 çərşənbə ilə bağlı elmi əsası olmayan ərəb-fars düşüncəsindən qaynaqlanan uydurmalar, bir çox ayinlər də sonradan tər-təmiz Novruz qutlamalarına, adət-ənənələrimizə pərçim edilib və artqıq suveren Azərbaycanın humanitar siyasətinə rəhbərlik edənlər bu kimi məsələlərə diqqət yetirməlidir.
https://report.az/elm-ve-tehsil-xeberleri/meherrem-qasimli-tarixen-od-su-kulek-torpaq-cersenbeleri-adlari-olmayib/
Bu gün 21 martdır, telefon kontaktlarımda, feysbukda olan dost-tanışların hamısından artıq təbrik mesajları almışam, təbrik etməyə kimsə qalmayıb. Yaxın-uzaq türk, müsəlman ölkələri Novruzu – təzə ilin ilk 21 mart gününü təmtəraqla qeyd edir. Can Azərbaycanımız isə dünya türklərini, Türk Dilli Dövlətlər Təşkilatını, müsəlman ölkələrini birləşdirən bu birlik, bərabərlik bayramını, min illərin içindən süzülüb gələn bu əziz Novruz günümüzü də ümümtürk, bir milyard insanı birləşdirən islam nəhrindən ayırırıq, təzə ilimizi köhnə ildə kutlama vərdişimizdən ayrıla bilmirik, M.Ə.Sabir demişkən, hər işimiz belədir: “Çırmanarıq keçməyə çay gəlməmiş, Başlayırıq qızmağa yay gəlməmiş...”
Bu sətirlərin müəllifi ötən illərdə də bu barədə yazmışdı və sadə həqiqət cəmiyyətin düşünər qismində anlayışla qarşılanmışdı.
https://zengezur.com/index.php/kh-b-rl-r/250-21-mart-beyn-lkhalzh-novruz-zhunudur-bayram-n-z-mubar-k
Bu il də təzə - yeni günümüzü artıq köhnənin gözünə vurub rahatlanmışıq, hələ 7-8 gün də tv ekranlarından dadı-duzu çıxarılan şit verilişlərə baxa-baxa də şəkərbura, paxlava, boyat aşla baş-başa qalacağıq...
İnanırıq ki, növbəti il hökumətimiz bu yanlışlığı düzəldəcək, 21 martın - Novruzun halal haqqını özünə qaytaracaqdır. Qüsurumuzu bağışla, NOVRUZ!
Quzey, Güney Azərbaycanımızın və Dünya Türklərinin 21 mart Novruz bayramı - əziz günü mübarək!

Hacı Nərimanoğlu,
tarix üzrə fəlsəfə doktoru
21-03-2025, 16:45
"Kəlbəcərdə o heykəli ucaldın"


"Kəlbəcərdə o heykəli ucaldın"

Kəlbəcər sakini İlham Əliyevdən çox maraqlı xahiş edib...

Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakultəsinin müdavimi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı İlqar Vəliyəddin oğlu Misirzadə Prezident İlham Əliyevə müraciət edib.
İlqar Misirzadənin Prezidenə müraciətində bildirilir:
“Möhtərəm Prezident!
Sizi və ailənizi xalqımızın əsrlərdən süzülüb gələn milli-mənəvi dəyəri olan Novruz bayramı münasibəti ilə təbrik edirəm!
Azərbaycan xalqının böyük oğlu,Türk dünyasının görkəmli şəxsiyyəti, dahi siyasi xadim ümummilli lider Heydər Əliyev öz çıxışlarında qətiyyətlə vurğulayırdı: “...Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri ili Laçında, o biri ili Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik!”
Belə də oldu, dahi siyasətci Heydər Əliyev bu günləri xalqına yaşadacaq İlham Əliyev şəxsiyyətinə, siyasi iradəsinə tamlıqla əmin olduğu üçün xalqına da onun ətrafında birləşməyi tövsiyə etmişdir və qeyd etdiyi kimi: “...Özüm qədər inanıram”, - nəsihəti bu gün bizə tarixi zəfərimizə şahidlik etməyi nəsib etmişdir.
Cənab prezident!
Mərhum atam Vəliyəddin İsmayılovun Ulu Öndərin 100 illiyinə həsr etdiyi “Nəsillərə örnək insan” kitabındakı bir tarixi faktı qeyd etmək istəyirəm. Ulu öndər Heydər Əliyev 1997-ci il aprelin 2-də Kəlbəcərin işğalının anım günündə Nərimanov rayonunda kəlbəcərli məcburi köçkünlərlə görüşündə qeyd etmişdi.
“...Mən bu gün eyni zamanda kəlbəcərlilərdə öz xalqına, torpağına məhəbbət hissi olduğunu sübut edən, nümayiş etdirən faktları yada salmaq istəyirəm. Bu gün burada yenə dedilər ki, gəlinlər özlərini qayadan atdılar. Bu, Azərbaycan qadınının nə qədər yüksək mənəviyyata, namusa, qeyrətə malik olduğunu sübut edən faktdır. Mən keçən dəfə demişdim, bu gün də deyirəm, Kəlbəcərin Ermənistan işğalından azad olacağı gün gələcək. Biz sizinlə Kəlbəcərə qayıdacayıq, orada kəlbəcərlilərin qəhramanlığını əbədiləşdirən abidələr yaradılacaq, lakin ən birinci abidə özünü qayadan atan həmin gəlinlərin abidəsi olmalıdır. Bu abidə qoyulmalıdır!”
Cənab Ali Baş Komandan!
Mən bir Azərbaycan vətəndaşı, bir kəlbəcərli kimi əminəm ki, Siz Ulu Öndərin - Bu abidə qoyulmalıdır, - tövsiyəsi, nəsihəti və arzusunu yerinə yetirəcək və Türk dünyasının, Azərbaycan xalqının əzəmət simvolunu ucaldacaqsınız. Bu mənəviyyat abidəsi Türk dünyasının dünyaya açılan qapısının qürur mənbəyi olacaqdır və əsrlər keçəcək Siz hər zaman böyük Azərbaycan xalqının QÜRUR MƏNBƏYİ OLACAQSINIZ!
Bir daha Sizi səmimi qəlbdən təbrik edirəm və Sizinlə Kəlbəcərdə görüşmək arzusu ilə...
Allah Sizi və ailənizi qorusun!”

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!