Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 2-11-2024, 06:12
Bədii zövqün radial simmetriyası...


Bədii zövqün radial simmetriyası...

Qrupumuzun Universitetdə ilk dərs günü "Qəzet laboratoriyası" adlanan otaqda olmuşdu. Onda Jurnalistika fakültəsi üçüncü mərtəbədə yerləşirdi (əsaslı təmirdən sonra dördüncü və beşinci mərtəbəyə dəyişdi). Professor Akif Rüstəmov "Jurnalistikaya giriş" fənnindən mühazirə deyirdi. İkinci dərs günü də həmin fənnin tədrisi eyni otaqda keçirildi. Laboratoriyada müəllim və tələbələrdən savayı kimsə yox idi. Akif müəllim otağın tən ortasındakı oval stolun yuxarıbaşında, tələbələr də ətrafında əyləşmişdilər. Laboratoriyada bir-birinə baxan iri kitab şkaflarının yanında müəllimlərin iş masaları yerləşirdi. Otağın sol küncündə pəncərəyə bitişik yazı stolu vardı. Məni maqnit kimi özünə çəkən həmin iş masası Akif Rüstəmovun idi. Jalüzün arasından stola düşən günəş şüaları altında Akif müəllimin sanki xəttat dəqiqliyilə işlənən yazıları gözümə dəydi. Maraqlıdır ki, hər masada xüsusi qələm və kitab-dəftər qoymaq üçün hissə vardı. Dəyirmi masanın ətrafındakı stulların kürək hissəsi də setkalı idi.
Əlqərəz. Sonradan yerimi rəhmətlik Ayaz Musayevin iş masasına dəyişdim. Ayaz müəllimin yazı-pozu stolundakı səliqə-sahman çox diqqətimi çəkdi. Ümumiyyətlə, Ayaz Musayev oturuşu-duruşu ilə seçilən, geyimi həmişə yerində olan ziyalı alim, tədris etdiyi sahənin kamil bilicisi idi. Sağda Diləfruz Şahbazovanın iş masası yerləşirdi. O, iş stolunda kompüter və klaviatura, dəftər və qələmdən eyni anda istifadə edir, klassika ilə müasirliyin vəhdətin yaradırdı. Üzbəüzdə gözəl pedaqoq, yüksək ləyaqət sahibi, xanım-xatınlığı ilə seçilən, abır-həyalılığı ilə nümunə olan Rəhilə Kəsəmənlinin iş masası yerləşirdi. Düzünü desəm, müəllimlərimin iş masasında əyləşmək çox xoş və qürurlu idi. Mən Akif Rüstəmovun "Jurnalistikaya giriş" fənninin mühazirəsini dinləyə-dinləyə xəyal gücümü işə salır, gözlərim önündə şəkillərdə gördüyüm, yaradıcılığını sevərək oxuduğum Nəsir İmanquliyevi də canlandırmağa çalışırdım. Bir vaxtlar bu fənnin tədrisini həm də Nəsir müəllim edərmiş. Hər zaman Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında nəhəng söz, fikir adamları çalışıb və çalışmaqdadırlar. Onlardan biri də kafedra müdiri Ustad Cahangir Məmmədlidir. Və Ustadın otağı "Qəzet laboratoriyası"ndan solda yerləşirdi.

Zaman ötəcək professor Cahangir Məmmədlinin mətbuat janrları, praktiki fəaliyyətin beynəlxalq prinsipləri, qəzet istehsalında standartlara yaradıcı münasibət və digər məsələləri özündə əks etdirən olduqca sanballı “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” dərsliyini imzalı şəkildə ən böyük mənəvi hədiyyə kimi müəllimimdən qəbul edəcəkdim. Bir mərtəbə aşağıda "İnternet jurnalistikası" auditoriyası, ondan öndə sağ tərəfdə Zaur Babayev və Mirakif Babayevin iş otağı yerləşirdi. Kiçik otaq tələbələrin ən doğma məkanı idi. Və hər iki müəllimimiz darısqal otaqda yüksək səmimiyyət və mehribanlıqla çalışırdılar. Bu doğmalıq və soyadların eyniliyindən o zaman belə bir qənaətə də gəlmişdim: elə bilirdim, müəllimlərim doğmaca qardaşdırlar. Bu təəssüratlardan sonra yenidən qayıdaq "Qəzet laboratoriyası"na.
Beləcə, ilk qırx beş dəqiqənin tamamında laboratoriyanın şam ağacından olan parlaq laklı qapısı ehmalca açıldı. Qapının kandarında zabitəli xanım göründü. Xüsusi kübarlıqla Akif Rüstəmovdan içəri keçməsi üçün izin istəyən xanım sonradan bizim müəlliməmiz olacaqdı. Özü hiss etdirməsə də, anladıq ki, Gülnarə Sadıqova dərsin gedişatını pozmamaq üçün yarıdakı fasiləni gözləyibmiş. Əvvəlcə özünün yazı masasına əl gəzdirdi. Sonra otağa nəzər yetirdi. Pencəyimi stulun söykənəcəyindən asıb, köynəyimin qolunu dirsəyəcən çırmalayıb, ovcumla yanağımı dirsəklənib tutmuşdum. Gülnarə Sadıqova otaqdakı havasızlığı hiss edib, jalüz pərdəni yuxarı qaldırdı. Ağ rəngli plastmas pəncərəni açdı. İçəri dolan təmiz hava tələbələrin üzünə dəyərək onlara toxtaqlıq gətirdi. Tədrisin ikinci günü özünü dərsə güclə yetirən qrup yoldaşlarımdan birinin beyninə oksigen çatandan sonra "dili açıldı" və boynunu mənə tərəf buraraq, sanki özünü Sartrın "Bağlı qapılar arxasında"kı kimi hiss edərək Estelfason sual verdi:
"Bizi nəyə görə bura yığıblar?" Tələbə yoldaşımın "əndirəbadi" sualına həmin gün heç cürə cavab tapa bilmədim. Yadıma hindlilərin "kanjus makkhiçus" ifadəsi düşdü. Yoxsulluğun maddi tərəfini anlamaq olar, vay o gündən ki, mənəvi tərəfdən boşluğun, kasadlığın ola. Dərd ondadır. Ancaq tələbədən fərqli olaraq pəncərə önündəki iri yarpaqlı, qırmızı reyhana bənzəyən gül gündoğana tərəf boylanırdı. Üzərində asılı qalan nübar qönçəsi sağa-sola yellənərək, elə bil səbəbkara təşəkkürünü bildirirdi. Dibçəkdəki güllər də, laboratoriyadakı tələbələr də ciyərlərinə hava çəkdikdən sonra dərsin ikinci yarısı başladı. Akif müəllim yazı bacarığımızın inkişafı üçün esse yazmağı tapşırmışdı. Yoxladığı yazılarda hansı nöqsanlarımızın olduğunu bir-bir qeyd etdi. Mövzu "Mənim ilk müəllimim" idi. Akif Rüstəmov yazımı bəyənsə də, ancaq mövzudan kənara çıxdığımı xüsusi vurğuladı. Dərsin gedişində Gülnarə Sadıqova əvvəlcə üzünü Akif Rüstəmova tərəf tutdu:

-Üzr istəyirəm, Akif müəllim, dedi. Sonra sözünə əlavə etdi: -Görəsən, indiki tələbələr vaxtilə fakültədə dərs demiş müəllimləri tanıyırlar? Sualdan sonra otaqda yaranan sakitliyi pozdum. -Bəli, müəllimə, tanıyıram, -dedim. Düzü Gülnarə Sadıqovanın tələbələrə ünvanlı sualına hədsiz sevindim. Çünki dərs mövzusu olaraq tapşırılan essedə məhz Gülnarə Sadıqovanın dediyi müəllimlərdən -Qulu Xəlilov, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Famil Mehdi, Əliş Nəbili... yazmışdım. Sonra zaman ötəcək və biləcəkdim ki, müəlliməmiz Gülnarə Sadıqovanı Bakı Dövlət Universitetinə uzun illərin doğmalığı bağlayırmış. O, gənclik illərindən, fakültədə təhsil aldığı müddətdən ta bu günədək elmi, yaradıcı fəaliyyətlə məşğuldur. Elə ilk gündən hiss etmişdim ki, Gülnarə Sadıqova özünə və başqalarına münasibətdə hədsiz tələbkar, işində səliqəli, məsuliyyətli, həm də güzəştsizdir. Sözdə və əməldə bütöv olduğu kimi, ona verilmiş sözün də arxasında dayanmağı istəyir. Dərs müddətində istisna halları çıxmaq şərtilə tələbəyə güzəştə getmir. İki dəfə fakültəmizin ənənəvi Quba səfərində müəllimimiz Gülnarə Sadıqovayla yol-yoldaşı olmuşam. O zaman tələbəyə valideyn qayğısını, doğma münasibətini görmüşəm. Onda anladım ki, müəllim-tələbə tam başqa, müəllim-dost bir başqa. Rusların "cлужба" və "дружба" məsəli kimi.
Gülnarə Sadıqovanın tədris metodikası fərqli və maraqlıdır. Fərqli ona görə ki, dərs situasiyasını təlim-tədris prosesinin tərkib hissəsi hesab edir. Dərsin ümumi gedişatında müəllim nüfuzundan istifadə eləmir. Tələbənin potensialının tam üzə çıxması üçün münbit şərait yaradır. Maraqlı ona görə ki, dərs müddətində hansısa tələbə vaxt azlığına görə kənarda qalmır. Ümumi gedişat, aparılan sorğu-sual kifayət edir ki, tələbənin dərsə münasibəti, hazırlıq səviyyəsi müəyyənləşsin. Bu gedişat həm də görkəmli pedaqoq Mehdi Mehdizadənin "Müasir dərs" haqqında söylədikləri ilə tam uyğun gəlir ki, dərs müddətindəki tələbə fəallığının əsas amillərindən biri diqqətin eyni nöqtəyə yönləndirilməsindən ibarətdir. Ancaq bu nöqtədə hər bir tələbənin şəxsi düşüncə, mülahizə aparmaq, yeni fikir ortaya qoymaq bacarığı olmalıdır. Gülnarə Sadıqova bu mənada görkəmli pedaqoq Adolf Disterveqin, psixoloq və ədəbiyyatşünas Lev Semyonoviç Vıqotskinin nəzəriyyəsinə -təfəkkürü ön plana çəkməyin vacibliyinə əsaslanır. Tələbənin şablon cümlədən, çeynənmiş ifadələrdən istifadə etməsinə heç vaxt güzəştə getmir.
Yadımdadır: onlayn dərsdə tələbə yoldaşlarımızdan biri müəllif fikirlərini öz qələm məhsulu kimi ortaya qoymaq cəhdinin qarşısını Gülnarə Sadıqova anındaca alır və bunun bütün hallarda yolverilməz olduğunu bildirir. Həmin onlayn günlərin birində dərs mövzusu kimi, iki esse yazmışdım. Bu onun səbəbi idi ki, müəllim dərsi bütün gücü ilə öyrədir və sevdirirdi. Həm də Gülnarə Sadıqova rus və yerli ədəbiyyatı, həmçinin milli və xarici jurnalistikanın nəzəri tərəflərini yaxşı bildiyi üçün ondan nəyisə gizlətmək çətin məsələdir. Bir də ona dərs deyən nəhəng müəllimləri də nəzərə alsaq, o zaman məsələ lap müşkülə çevrilir.

Gülnarə Sadıqova çalışır ki, tələbənin yaradıcı təfəkkürü, tədqiqatçılıq qabiliyyəti tərəqqi etsin: qələmə alınmamış kəlmələr yaratmağa, çeynənmiş ifadələrdən saqınaraq yeni sözlər axtarışına yönəlsin. Tələbə kiçik də olsa öz fikir məhsulunu ortaya qoysun, beləcə, Uşinskinin yaradıcılığındakı şəxsiyyət obrazını öz yetirmələri üzərində inkişaf etdirsin. Əbəs yerə deyildi ki, onun bir çox tələbələri zaman ötdükcə televiziya, radio, qəzet və jurnal materialı üzərində işləyərkən vaxtilə bu səpkidə yazıların hazırlanması üsulunu öz müəllimlərindən öyrəndiyini qeyd edirlər. Düşündüm ki, vaxtilə bizə yazı qaydalarını öyrədən müəllim haqqında bu dəfə tələbəsi olaraq əlimə qələm götürüb ürək sözlərimi yazım. Yazını hazırladıqca gözlərim önündə Gülnarə Sadıqovanın rəsm əsərləri canlandı. O, həqiqətən də yaradıcı insandır: ruhu və cismi ilə. Kağız üzərində qələmi ilə söz xalısı yaradan Gülnarə Sadıqova, həmçinin parça üzərində muline saplarla sənət əsəri toxuyur. Bədii zövq duyğuların, hisslərin tərənnümçüsünə çevrilir. Bu yaradıcılıq nümunələrində həssaslıq, təxəyyül və səbirlə bərabər, həm də elm görünür. Çünki rənglərlə işləməyin özü də bir elmdir. Leonardo da Vinçinin dediyi kimi, "rəsm köklü mədəniyyət" və "metod üzərində çalışmaq" deməkdir.
Gülnarə Sadıqovanın tələbələrə öyrətdiyi elm bizlər üçündürsə, ərsəyə gətirdiyi yaradıcılıq məhsulu bütün bəşəriyyətə xidmət edir. Bu əsərlər "dil açıb" dünyanı və insanı təmizliyə çağırır. Azərbaycan qadınının mənəvi ucalığından "danışır". Biz bu ucalığı fransız yazıçı Dümanı şahmat taxtası arxasında zəkası ilə mat qoyan Qarabağ xanlarının nəslindən olan şairə Xurşudbanu Natəvanın əl işlərində görmüşük. Şairə ikinci dəfə Aleksandr Dümanı öz əli ilə tikdiyi pul kisəsini bağışlamaqla heyran qoyur. Gülnarə Sadıqovanın yaradıcılığı onun daxili dünyasının, saf mənəviyyatının təzahürüdür. Çünki onun sözü və fırçası təkcə kağız və parça üzərində gözəllik yaratmır, o, həmçinin həyatda da hər işi həssaslıq və təmizliklə görür. Bunu ən azından əyani şəkildə anamın anasında görmüşəm. O, ixtisasca həkim olmağına baxmayaraq, həmçinin kətan parça üzərində rəsmlər çəkir, ipək saplarla rəsmlər ərsəyə gətirirdi. İlk baxışdan estetik görünsə də, mahiyyət tikmə sənətinin yaşadılması idi.
Bu gün Gülnarə Sadıqova bütün fəaliyyətilə ərsəyə gətirdiyi işləri fonunda milliliyi və kübarlığı qoruyur. Gül-çiçək rəsmləri bizə Tanrının cənnətini, zamanın yaxşılıq axarını, kainatın paklıq rəmzini xatırladır. Əl işlərindəki başlıca amil rəng ahənginin incəliyidir. Bu incəlik, ələlxüsus rəng həllindən asılıdır. Musiqidə qamma üzərində işləmək nə qədər vacibdirsə, rəsmdə də rəng qammasını yaratmaq bir o qədər əhəmiyyətlidir. Burada da muline sapların birləşməsi ahəngdar rəng qamması yaradır. Bu ahəngdarlıqda bəzən bizim təbiətdə müşahidə etmədiyimiz rəng çalarları gözə dəyir və ən əsası da Gülnarə Sadıqovanın bədii təxəyyül yaradıcılığındakı hər məqam onun yaşam tərzindəki kimi, riyazi sintezə, simmetriyaya, təmizliyə və günəşli günlərə - səadətə və sədaqətə bağlıdır.

Əsgər İSMAYILOV


Paylaş



Bölmə: Mədəniyyət / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!