"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər İctimai Birliyi"ndən
Butov.az-a verilən məlumata görə, noyabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi tibb xidmətinin ilin yekunlarına həsr olunmuş toplantısında iştirak edib.
Toplantı iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın foyesindəki büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Toplantını giriş sözü ilə açan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyev son bir il ərzində qoşunlarda şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraitinin səviyyəsinin yaxşılaşdırılması, eləcə də hərbi tibb müəssisələrinin müasir avadanlıqla təchiz edilməsi barədə məlumat verib.
İdarə rəisi vurğulayıb ki, müayinə və müalicə işinin təkmilləşdirilməsi, hərbi qulluqçuların, onların ailə üzvlərinin sağlamlıq vəziyyətinin qorunması və tibbi təminatının müasir tələblərə uyğun təşkil edilməsi dövlət və ordu rəhbərliyinin daim diqqətdə saxlanılır.
Müdafiə naziri general-polkovnik Z.Həsənov toplantıda çıxış edərək Silahlı Qüvvələrin döyüş qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə aparılan irimiqyaslı quruculuq işlərinin ölkə rəhbərliyinin, şəxsən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu xüsusi qeyd edib.
2017-ci tədris ili üçün qarşıda duran vəzifələrdən danışan nazir bu gün dövlət rəhbərliyinin əsas məqsədinin Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da gücləndirilərək torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsinin yerinə yetirilməsindən ibarət olduğunu vurğulayıb. Məhz bu sahədə tibb xidməti zabitlərinin də üzərinə düşən məsuliyyətin artırılmasını, hər bir hərbi tibb müəssisəsi rəhbərliyinin xidmət etdiyi hərbi bölmənin döyüş qabiliyyətinin möhkəmləndirilməsinə töhfə verməsini diqqətə çatdırıb.
Görüşün sonunda Müdafiə naziri zabitləri maraqlandıran sualları cavablandırıb və bir sıra məsələlərə aydınlıq gətirib.
Hərbi xidmətdə fərqlənən bir qrup zabitə medallar təqdim olunduqdan sonra Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalı ərazisində Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin yeni inşa edilən binasında görülən işlərlə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.