Türkiyəylə Ermənistan arasında növbəti addım - İnternet əlaqələri quruldu
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün aparılan proses davam edir və Ankara bu məsələdə səmimidir. Bu barədə “TRT Haber”ə diplomatik mənbələrdən bildirilib. Qeyd olunub ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində növbəti addım kimi internet əlaqələri qurulub. İndiyə kimi Türkiyə ərazisindən internet vasitəsi ilə Ermənistan mənbələrinə girişə qadağa var idisə, artıq bu maneə aradan qaldırılıb. Nəticədə Ermənistana səyahət etmək istəyən Türkiyə vətəndaşları üçün viza prosesi də asanlaşdırılıb. "Ermənistanda da internet bütün Türkiyə üçün bağlı idi. İndi açıqdır. Konsulluq işləri çox yaxşı gedir. Bəzi humanitar addımlar da atılır", - deyə diplomatik mənbədən qeyd olunub. Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yenidən normallaşması üçün aparılan ilk danışıqlardan bir il ötür, iki ölkə arasında birbaşa uçuşların bərpası, birbaşa hava yük ticarəti qarşısındakı maneələrin aradan qaldırılması kimi addımlar atılıb. Ankara və İrəvan iki ölkə arasında normallaşma danışıqları üçün xüsusi nümayəndələr təyin edib. Dialoq prosesi çərçivəsində Vaşinqtondakı keçmiş səfir Serdar Kılıç Türkiyənin xüsusi nümayəndəsi, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan isə İrəvan administrasiyasının xüsusi nümayəndəsi təyin olunub. Xüsusi nümayəndələrin təyin olunmasından sonra səfir Kılıç və Rubinyan 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada iki ölkə arasında münasibətlərin normallaşması məsələsini müzakirə etmək üçün ilk görüşü keçirib. Moskvada keçirilən görüşdə iki ölkə arasında münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqların ilkin şərt olmadan davam etdirilməsi razılaşdırılıb. Xüsusi nümayəndələr arasında ikitərəfli danışıqlar başlayan kimi Türkiyə ilə Ermənistan arasında birbaşa uçuşların bərpasına qərar verilib. Müvafiq olaraq, İstanbul və İrəvan arasında birbaşa uçuşlar 2 fevral 2022-ci il tarixindən bərpa edilib. Kılıç və Rubinyan 24 fevral 2022-ci ildə Avstriyanın paytaxtı Vyanada ikinci görüşü keçiriblər. Normallaşma danışıqlarında daha bir ümidverici addım 2022-ci ilin martında atılıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatiya Forumunda iştirak edib. Xarici işlər naziri Mövlud Çavuşoğlu və həmkarı Mirzoyan martın 12-də Antalyada görüşüb. Bu, Türkiyə ilə Ermənistan arasında təxminən 9 ildən sonra xarici işlər nazirləri səviyyəsində keçirilən ilk görüş kimi qeydə alınıb. Xüsusi nümayəndələrin üçüncü görüşü 2022-ci il mayın 3-də yenidən Vyanada keçirilib. Görüş zamanı konkret irəliləyiş üçün mümkün addımlar müzakirə olunub. Xüsusi nümayəndələr Kılıç və Rubinyan arasında dördüncü görüş ötən il iyulun 1-də Vyanada keçirilib. Görüşdə Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşları üçün ən qısa zamanda açılması və birbaşa hava yük ticarətinə ən qısa zamanda başlanması razılaşdırılıb. Prezident Rəcəb Tayyib Ərdoğan isə oktyabrın 6-da Avropa Siyasi Birliyinin (AST) iclasında iştirak etdiyi Çexiyanın paytaxtı Praqada Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. Diplomatik mənbələr qarşıdakı danışıqlarda bəzi digər məsələlərin, xüsusilə də iki ölkə arasında qarşılıqlı ticarətin başlanmasının müzakirə oluna biləcəyini bildiriblər. Mənbələr hələlik beşinci normallaşma danışıqlarının tarixinin olmadığını, bunun keçirilməsi üçün müəyyən qarşılıqlı addımların atılmasının lazım olduğunu, növbəti danışıqların isə ya Türkiyədə, ya da Ermənistanda olacağını bildiriblər.
Xocavənddə baş verən partlayış insan ölümüylə nəticələndi
Xocavənd rayonu ərazisində sursat partlayışı nəticəsində bir nəfər ölüb. DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə bu gün rayonun Ağburun qəsəbəsi ərazisində baş verib. Ərazidə heyvan otaran 1971-ci il təvəllüdlü Elşən Hümbətov yerdən partlayıcı sursat tapıb. Həmin sursat E.Hümbətovun əlində partlayıb. Hadisə nəticəsində E.Hümbətov yerindəcə dünyasını dəyişib. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.
Tanınmış rejissorun ölkədən çıxışı məhdudlaşdırıldı
Tanınmış rejissor və aktyor Aqil Quliyev məhkəməyə verilib. Onun barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi xüsusi icraat qaydasında iddia qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsinə göndərilib. İddiaya əsasən, aktyor Aqil Quliyev vergi borcunu bir müddətdir ödəmir. Bu səbəbdən adı çəkilən dövlət qurumu məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edir. Şikayətə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Aqil M.Quliyev isə açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib: “Sənədləşmə işlərində problem yaranıb. İllərdir işləmirəm. Vergi borclarım toplanıb. Bu barədə başqa söz demək istəmirəm”.
İki ölkə arasındakı danışıqları alqışlayırıq - İran XİN
İran İslam Respublikası Suriya və Türkiyə arasında danışıqları alqışlayır. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian cümə günü Beyrutda livanlı həmkarı Abdullah Həbiblə birgə mətbuat konfransında deyib. “Suriya ilə Türkiyə arasında gedən dialoqdan məmnunuq və iki ölkə arasındakı problemlərin həlli üçün istənilən danışıqları alqışlayırıq”, - nazir bildirib. “Biz hesab edirik ki, Astana formatı Suriyanın prosesdə iştirakına icazə verməklə mövcud problemləri həll etmək üçün gücləndirilməlidir”, - o, əlavə edib. Qonşularla münasibətlərə toxunan Abdullahian deyib ki, İran heç vaxt müsəlman dövlətləri ilə əlaqələri kəsmək üçün ilk addımı atan ölkə olmayıb.
“Dağlıq Qarabağın regionda hansı statusa malik ola biləcəyinə Fransa qərar verməməlidir”. Bunu yanvarın 13-də İrəvanda Ermənistan parlamentinin sədri Alen Simonyanla keçirdiyi mətbuat konfransında Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pive fransalı jurnalistin sualını cavablandırarkən deyib.“Bizim mövqeyimiz aydındır, biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq və statusu Fransa müəyyən etməməlidir. O, beynəlxalq hüquq çərçivəsində müxtəlif xalqlar, xüsusən də münaqişənin müxtəlif tərəfləri tərəfindən müəyyən edilməlidir”, - Yael Bron-Pive bildirib. Fransa Milli Assambleyasının spikeri Laçın yolu ilə bağlı sualı insanların gediş-gəlişinə maneənin aradan qaldırılmasının vacibliyini qeyd edib. Yael Bron-Pive siyasi danışıqların Laçın yolunin bağlı olduğu şəraitdə davam etdirilə biləcəyi ilə bağlı suala belə cavab verib: “Bəli, mən dialoqa inanan adamam və hesab edirəm ki, bundan heç vaxt imtina etmək olmaz, sülh naminə hər zaman danışıqlara cəhd etmək lazımdır”. Fransız spiker deyib ki, bu gün tərəflər arasında dialoqa qayıtmaq vacibdir. "Minsk Qrupu mövcud dialoq platformalarından biridir. Təbii ki, bu, tək deyil, çox vacib platformadır. Və bu gün çox vacibdir ki, bütün iştirakçı tərəflər bu dialoqa qayıtmağa razı olsunlar. Biz parlamentarilər də Minsk Qrupu çərçivəsində dialoqa qayıtmağa çağırırıq”, - Yael Bron-Pive bildirib.
Ermənistan parlamenti Laçın dəhliziylə bağlı sənədi qəbul etmədi
Ermənistan parlamenti müxalifətin təklifi ilə müzakirəyə çıxarılan Laçın dəhlizi barədə sənədi qəbul etməyib. Layihəni “Hayastan” blokundan olan deputat Andranik Tevanyan təqdim edib və o, müzakirələrdən sonra layihəni üzərində çalışmaq üçün geri götürdüyünü bəyan edib. Hakim "Mülki Müqavilə" partiyasının deputatı Mariya Karapetyan parlamentin dekabrın 14-də artıq bu mövuzda bəyanat yaydığını bildirərək iqtidarın layihəni dəstəkləmədiyini açıqlayıb. Parlamentin xarici əlaqələr üzrə komissiyasının sədri Eduard Aqacanyan isə öz növbəsində sənədin qəbulunun həlledici rol oynayacağını güman etməyi sadəlövhlük hesab edib. O, müxalifətin Ermənistan və Azərbaycan hakimiyyətinin mövqelərinin üst-üstə düşməsi ilə bağlı ittihamlarına da münasibət bildirib. Aqacanyan müxalifəti yalnız Azərbaycanın müdafiə etməli olduğu tezisləri irəli sürməkdə gühanlandırıb. Xatırladaq ki, Laçın-Xankəndi yolunda dekabrın 12-dən başlayaraq faydalı yataqların qanunsuz istismarına etiraz olaraq azərbaycanlı QHT nümayəndələri tərəfindən aksiya keçirilir.
“Rusiya prezidenti Vladimir Putinin başı Ukraynadakı işğalçı müharibəyə qarışıb. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əleyhinə səsləndirdiyi açıqlamalarına Rusiya prezidentinin sözçüsü Dmitri Peksov və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova cavab veriblər”. Bunu Nikol Paşinyanın son günlərdəki anti-Rusiya açıqlamalarını şərh edən politoloq Elxan Şahinoğlu bildirib. Siyasi şərhçi xatırladıb ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova son mətbuat konfransında Kremlin Paşinyana mesajını təxminən bu şəkildə göndərib: “Bizimləsən, yoxsa Qərbləsən?”. “Paşinyan bu suala konkret cavab verə bilmir. Əlbəttə, Paşinyan daxilən Qərblədir, ancaq Ermənistanın və erməni separatizminin reallıqlarını nəzərə alaraq Rusiyadan qopmanın ağır nəticələrini də proqnozlaşdırmağa çalışır. Paşinyan eyni zamanda iki stulda otura bilməyəcək, Zaxarovanın təbirincə desək, seçimini etməlidir. Seçim Paşinyanın mətbuat konfransında elan etdiklərinin reallaşdırmasından keçir: 1. Ermənistan KTMT-yə üzvlükdən imtina etməli; 2. Kremldən Rusiyanın Ermənistandakı hərbi bazasının ləğvini istəməlidir”.
Macarıstanın baş naziri Viktor Orban Almaniyanı tənqid edib. Orbanın tənqidi Rusiyaya qarşı sanksiyalarla bağlı olub. "Almaniyanın siyasəti və Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin addımları məndə mədəni şok yaradıb. Alman praktikliyi haqqında mif dağıldı. Sanksiyalarla bağlı hesablamalar səhv aparılıb, onlar uğursuz olub", - deyə baş nazir söyləyib. Qeyd edək ki, Macarıstan baş naziri Avropa məkanında Rusiyayönümlü olmaqda tənqid edilən siyasətçidir.
Bu məqsədlər üçün 750 milyon manat ayrılacaq - Sahil Babayev
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibə verib. QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən verilən məlumata görə, nazir S.Babayev açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sosial müavinətlər, təqaüdlər və əməkhaqlarının artırılması ilə bağlı bugünkü sərəncamları 800 mindən çox insanı əhatə edəcək. Nazir əlavə edib ki, cari il üçün nəzərdə tutulan islahat paketi isə 1 milyon 900 min insanı əhatə edir: “Bu məqsədlər üçün dövlət büdcəsindən əlavə olaraq 750 milyon manat vəsait ayrılacaq”. Sərəncamların icrasına cari aydan başlanılacaq.
İranın hüquq mühafizə orqanlarının etirazçılara qarşı qəddar davranışı yeni növ etiraz aksiyasının yaranmasına səbəb olub. Tehrandakı çoxmərtəbəli binaların sakinləri evlərinin işıqlarını söndürərək eyvana çıxır və “Diktatora ölüm”, “Qadınlara azadlıq”, “Rədd olsun islam dövləti” şüarları səsləndirirlər. Etirazçıların bu taktikasının mahiyyəti daha az insanın həbs edilməsinə nail olmaqdır. Qaranlığa qərq olan böyük yaşayış komplekslərində etirazçıların səsi bütün Tehrana yayılır. Təhlükəsizlik qüvvələri belə aksiyanın qarşısını almaqda çətinlik çəkirlər. Hər gecə təkrarlanan bu aksiya ictimaiyyətin hakimiyyətlə barışmayacağını göstərir. Aksiya iştirakçılarına qarşı repressiya, həbs və edamlar insanları rejim əleyhinə daha genişmiqyaslı etirazlara sövq edib. Ötən gecə Tehranda, İsfahanda, Bəndər-Abbasda, Kirmanda, Zəncanda və digər böyük şəhərlərdə aksiyalar keçirilib və polislə qarşıdurma yaranıb. Bununla yanaşı, Böyük Britaniya, Fransa, Almaniya və Avropanın başqa şəhərlərində İran diasporunun nümayəndələri də aksiyalar keçirib, beynəlxalq ictimaiyyətdən edam və həbsləri dayandırmağı tələb ediblər. Sosial şəbəkələrin İran seqmentində qeyd olunur ki, insanlar tələblərinin nəzərə alınmayaraq onlara “xarici dövlətlərin casusu” adı verilməsi gərginliyi daha da artırır. Bütün bunlardan başqa, beynəlxalq təcridin daha da artması və yeni sanksiyaların tətbiqi İran hakimiyyətini dalana dirəyib. Çıxış yolunu xarici dövlətləri ittiham etməkdə görən rejim baş örtüyü qadağasını nisbətən yumşaltsa da, sabitliyi hələ də bərpa edə bilmir. Artıq İran ictimaiyyətinin hakimiyyətdən tələbi tam siyasi xarakter daşımağa başlayıb. İnsanlar nəinki belə quruluşda yaşamaq istəmir, eləcə də hakimiyyətin ideoloji xəttini də qəbul etmirlər.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!