30-09-2022, 16:05
Belaruslu nazir Nensi Pelosinin səfərinə etiraz etdi - Ermənistanı qəzəbləndirdiBelarusun xarici işlər naziri Vladimir Makeyin ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərinə etirazı Ermənstanda narazılıq doğurub.
Butov.az xəbər verir ki, Belarusun İrəvandakı səfiri Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Daha əvvəl Vladimir Makey ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin mövcud münaqişələri daha da gərginləşdirdiyini bildirib.
Bununla əlaqədar Belarusun Ermənistanda səfiri Aleksandr Konyuku Xarici İşlər Nazirliyinə dəvət esən rəsmi İrəvan nazirin yuxarıda qeyd olunan bəyanatı ilə bağlı erməni tərəfinin narahatlığı və şərhlərini ona çatdırıb. Xatırladaq ki, Nensi Pelosi sentyabrın 17-dən 19-dək Ermənistanda olub.
30-09-2022, 16:02
Apteklərdə yod qıtlığının səbəbi açıqlandıSon günlər Azərbaycan ərazisində apteklərdə yodun çatışmazlığı barədə media və sosial şəbəkələrdə xəbərlər yayılır. Vətəndaşlar bir aya yaxındır ki, bu dərmanı əldə etməkdə çətinlik çəkdiklərini bildirirlər. Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitələrinin niyə yoxa çıxmasına aydınlıq gətirib. Mərkəzin İdxal-İxrac şöbəsindən bildirilib ki, son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib:“O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Hazırda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq. Qeyd edək ki, AEM-də olan məlumata görə, əsasən Rusiya (Yaroslavl farm fabrik), Ukrayna (Fitofarm) və Türkmənistanda (Sağlık Ezcaciliq Muessesi) istehsal edilən yod məhlulu Azərbaycan Respublikasında qeydiyyatdan keçib. Xatırladaq ki, nə Səhiyyə Nazirliyi və onun qurumları, həmçinin Analitik Ekspertiza Mərkəzi dərman təminatı ilə məşğul deyil. Bu fəaliyyət özəl şirkətlər tərəfindən həyata keçirilir”.
30-09-2022, 16:00
Ukraynanın bu əraziləri Rusiyanın xəritəsinə daxil ediləcək - Peskov“Donets və Luqansk xalq respublikaları”, Xerson və Zaporojye vilayətləri Rusiya Federasiyasının suveren ərazisinə çevriləcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib."Əlbəttə, onlar Rusiya Federasiyasının ayrılmaz hissəsi və suveren ərazisinə çevriləcəklər", - Peskov jurnalistlərin sualına cavab olaraq deyib."Müraciət olacaq, Rusiya Federasiyası Prezidentinin çıxışı - bir daha deyirəm, həcmli çıxış - sonra sənədlərin imzalanması mərasimi olacaq. İmzalanma mərasimində “DXR” rəhbəri Denis Puşilin, “LPR” rəhbəri Leonid Paseçnik, Zaporojye vilayətinin başçısı Yevgeni Balitski, Xerson vilayətinin başçısı Vladimir Saldo iştirak edəcək. Yeni subyektlərin Rusiya Federasiyasına qəbulu ilə bağlı dörd saziş imzalanacaq”, - deyə Peskov bildirib. Onun sözlərinə görə, iki prezidentin bu yaxınlarda Soçidə baş tutan danışıqlarının gündəmində referendumlar mövzusu olub. Bazar ertəsi Rusiya Federasiyası və Belarus liderləri Soçidə danışıqlar aparıb, Qərbin sanksiyaları və onlara qarşı müqavimət mövzusuna toxunublar.
30-09-2022, 15:58
Mədəsindən 63 qaşıq çıxdıHindistanın Şimalında yerləşən Müzəffərnəqar bölgəsində qeyri-adi hadisə baş verib.
Butov.az-ın verdiyi məlumata görə, şiddətli mədə ağrısı ilə xəstəxanaya üz tutan şəxs tibb işçiləri tərəfindən dərhal tibbi müayinə olunub. Nə yemək yeyə, nədə ki su içə bilən 32 yaşlı xəstənin mədə ağrısının səbəbini müəyyən etmək üçün rentgen və tomoqrafiya edilib. İlkin olaraq həkimlər şişdən şübhələniblər. Lakin müayinə zamanı aydın olub ki, kişinin mədəsində yad maddə mövcuddur. İki saatdan çox keçən əməliyyatdan sonra həkim baş verənin 35 illik peşə həyatının ən nadir tibbi hadisələrindən biri olduğunu qeyd edərək bunları əlavə edib: “Əməliyyat zamanı xəstənin mədəsində materialı poladdan olan 63 ədəd qaşıq olduğunu aşkar etdik. O, qaşıqların baş hissələrini qıraraq, tutacaqlarını udub.”
30-09-2022, 15:56
Xüsusi təyinatlılarımız Türkiyədə təlimdə iştirak ediblərAzərbaycan Ordusunun xüsusi təyinatlıları Türkiyənin paytaxtı Ankarada "Sonsuzadək qardaşlıq" təlimlərində iştirak ediblər. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlərdə Azərbaycan, Türkiyə, Qətər, Qazaxıstan, Pakistan və Özbəkistan xüsusi təyinatlıları iştirak ediblər.
30-09-2022, 15:54
Prezidentlər arasında təkbətək görüş olubSentyabrın 30-da Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə təkbətək görüşü olub.
Butov.az xəbər verir ki, dövlət başçıları əvvəlcə rəsmi foto çəkdiriblər.
30-09-2022, 15:52
Məhkumlara videogörüşlər keçirmək hüququ verilir
Azərbaycanda məhkumların videogörüşlər keçirməsinə dair layihə I oxunuşda qəbul edilib. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Cəzaların İcrası Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə sənəd məhkumlara videogörüşlər keçirmək hüququnun verilməsini, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısamüddətli görüşlər telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur. Digər dəyişikliklə Məcəlləyə yeni 84.1-1-ci maddə əlavə edilir. Yeni maddədə qeyd edilib ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçiriləcək. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunacaq. Müzakirələrdən sonra Məcəlləyə dəyişikliklər I oxunuşda qəbul olunub.
30-09-2022, 15:50
Bayrağa hörmətsizlik edən vəzifəli şəxs şəhid övladıdır - Rəsmi“Bərdə Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılmış Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı Aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir”. Bunu Bərdə Rayon İcra Hakimiyyəti hadisə ilə bağlı yaydığı məlumatda qeyd edib. Bildirilib ki, hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb:“Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib”.
30-09-2022, 15:48
Prezidentin Sofiyada rəsmi qarşılanma mərasimi olubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 30-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinin Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.
Butov.az xəbər verir ki, Azərbaycanın və Bolqarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyevi Bolqarıstan Prezidenti Rumen Radev qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Hərbi orkestrin ifasında Azərbaycanın və Bolqarıstanın Dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev Bolqarıstan əsgərlərini salamlayıb. Bolqarıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Rumen Radevə təqdim olunub. Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçib.
30-09-2022, 15:46
Oktyabrın ilk gününə olan hava proqnozuSabah, oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 29-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-21° isti olacaq.