17-08-2022, 21:20
Güləşçimiz dünya çempionu olduAzərbaycan güləşçisi Cəbrayıl Qadjıyev dünya çempionu olub.
Butov.az xəbər verir ki, Qadjıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə U-20 dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda yapon idmançısı üzərində tuşe ilə qələbə qazanıb.
17-08-2022, 21:17
Azərbaycan BMT-yə məruzə təqdim etdi
Avqustun 15-16-da Cenevrə şəhərində BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 107-ci sessiyası çərçivəsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı keçirilib. Bu barədə XİN-dən məlumat verilib. Tədbirdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib. Təqdimat zamanı nazir müavini Azərbaycan Respublikasının BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Azərbaycanın multi-etnik ölkə olduğu diqqətə çatdırılıb, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin ölkədə multikultiralizm dəyərlərinin təşviqi, mədəni, dini və linqvistik müxtəlifliyin qorunub saxlanılması sahəsində səmərəli fəaliyyəti barədə məlumat verilib. Nazir müavini qeyd edib ki, Ermənistanın etnik təmizləmə apararaq Azərbaycan ərazilərini onilliklər ərzində işğal altında saxlaması Konvensiyanın həyata keçirilməsinə əsas maneə olub. Vətən Müharibəsində əldə edilmiş Zəfər ilə münaqişəyə son qoyulduqdan sonra məcburi köçkünlərin öz evlərinə qayıtması və həmin ərazilərdə multi-etnik icmaların bərpa olunması üçün Azərbaycan tərəfindən görülən işlər barədə məlumat verib, bu ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsinin bu istiqamətdə prioritet vəzifələrdən olduğunu bildirib. Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırılmış iş üzrə Məhkəmənin müvəqqəti tədbirlərə dair qərarında Ermənistanın bir çox müraciətinin rədd olunduğu vurğulanıb, Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia üzrə analoji işdə irqi nifrətin qızışdırılması və təşviqinin qarşısının alınması üçün Ermənistan tərəfindən tədbirlər görülməsinin Məhkəmə tərəfindən tələb olunduğunu qeyd edilib. Komitə tərəfindən Ermənistanda nifrət nitqi ilə bağlı məsələlərin Ermənistan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı zamanı nəzərə alınacağı bildirilib. Nümayəndə heyəti rəhbərinin təqdimatından sonra konstruktiv və qarşılıqlı anlaşma şəraitində interaktiv dialoq aparılıb və Komitə üzvləri tərəfindən qaldırılan suallar cavablandırılıb. Komitə üzvləri Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülük dəyərlərinin qorunub saxlanılması istiqamətində həyata keçirilən ardıcıl tədbirləri müsbət dəyərləndirib.
17-08-2022, 21:13
Rusiya ABŞ-ın məşhur brendinin adını dəyişdiUkraynada müharibə başladıqdan sonra Rusiya bazarını tərk edən ABŞ-ın məşhur “Starbucks” qəhvə şirkətinin əvəzinə Moskvada yeni obyektlər açılacaq. Bu barədə "Moskva 24" agentliyi məlumat yayıb. Bildirilir ki, Rusiyada "Starbucks" brendi "Stars coffee" adlanacaq və loqoda su pərisi əvəzinə kokoşnikli qız olacaq. Moskvada yeni qəhvəxanalar sabahdan fəaliyyətə başlayacaq.
17-08-2022, 21:09
Snayperlərimiz ustalıqlarını nümayiş etdirdi
“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində müxtəlif epizodlar icra olunur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan snayperləri birinci mərhələnin daha iki çalışmasını uğurla yerinə yetiriblər. Hərbi qulluqçular müxtəlif mövqelərdən 300-600 metr məsafədə yerləşən xüsusi hədəfləri məhv etməklə öz ustalıqlarını nümayiş etdiriblər.
17-08-2022, 21:06
Dənizdə artilleriyadan atəş açıldı
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində hərbi dənizçilər “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Dəniz hədəfi üzrə artilleriya atışı” epizodu üzrə tapşırıqları yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Epizodun şərtlərinə əsasən 3000 metr məsafədə yerləşən kiçik ölçülü dəniz hədəflərinə artilleriya atışları yerinə yetirilib. Hədəfin məhv edilməsi üçün artilleriya qurğularının heyətlərinə 40 ədəd mərmi verilib. Tapşırığın icrası zamanı dəniz hədəfi kimi xüsusi quraşdırılan gəmi lövhəsindən istifadə olunub.
17-08-2022, 21:03
Xaçmaza yanğın qatarı gətirildi Azərbaycanın şimal və şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların söndürülməsi tədbirləri davam etdirilir. Bu barədə FHN məlumat yayıb. Məlumata görə, hazırda Qəbələ, Şabran və Xaçmazda yanğınların nəzarətə götürülərək soyudulması işləri aparılır. Xaçmazda yanğınsöndürmə işlərinin effektli aparılması üçün su ehtiyatını təşkil etmək məqsədilə əraziyə yanğın qatarı gətirilib. Bu saata olan məlumata görə, respublika üzrə 110 yanğına çıxış qeydə alınıb ki, onun da 32-si Şimal bölgəsinin payına düşür. Qeyd edilib ki, yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və yaşayış yerlərinin yaxınlığındakı ərazilərdə həyata keçirilir. İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsinə mane olur. Yanğınla mübarizə tədbirlərinə hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və xüsusi texnikası, FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub. Yanğınsöndürmə əməliyyatları davam etdirilir.
17-08-2022, 21:00
Qara Dəniz Donanmasına yeni komandan təyin edildi
Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasına yeni komandan təyin edilib. Bu barədə Rusiyanın "RİA Novosti" informasiya agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Rusiya tərəfindən ilhaq edilmiş Krımda yerləşən Qara dəniz donanmasına Viktor Sokolov rəhbərlik edəcək. Sokolov artıq Sevastopol limanında donanmanın hərbi şurasının üzvlərinə təqdim olunub. Yeni komandan Krım yarımadasında Rusiyaya məxsus hərbi bazalara ard-arda endirilən zərbələrdən sonra təyin olunub. Rusiyaya məxsus xəbər agentliklərindən biri mənbələrə istinadən yazıb ki, Rusiyanın Ukraynada "xüsusi hərbi əməliyyat" apardığı bir vaxtda təyinatın ictimaiyyətə açıqlanmaması “normal” hesab olunur. Rusiyada mötəbər tarixə malik Qara Dəniz Donanması müharibə zamanı bir neçə dəfə ağır itkilərə məruz qalıb. Aprel ayında donanmanın flaqman gəmisi hesab edilən "Neptun" raket kreyseri məhv edilib. Donanmanın Krımda yerləşən Saki aviabazasına ötən həftə ağır hücum olub. Bazada olan 10-a yaxın təyyarə məhv edilib. Qara Dəniz Donanması Ukraynanın donanmasından qat-qat böyükdür. 1783-cü ildə Böyük İmperator Yekaterinanın dövründə yaranan donanma Rusiyada "milli qürur mənbəyi" hesab edilir.
17-08-2022, 20:58
Çin Rusiyaya qoşun göndərir - Səbəb açıqlandıÇin Rusiyada keçiriləcək "Vostok" hərbi təlimləri üçün bu ölkəyə qoşun göndərəcək. Bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb. Hindistan, Belarus, Monqolustan, Tacikistan və digər ölkələrin birgə hərbi təlimlərdə iştirak edəcəyi gözlənilir. Nazirlik bildirib ki, Çinin birgə təlimlərdə iştirakı mövcud beynəlxalq və regional vəziyyətlə əlaqəli deyil. Çinin Müdafiə Nazirliyi təlimlərdə iştirakın Rusiya ilə davam edən ikitərəfli əməkdaşlıq sazişinin bir hissəsi olduğunu bəyan edib. “Məqsəd iştirakçı ölkələrin orduları ilə praktiki və dostluq əməkdaşlığı dərinləşdirmək, iştirakçı tərəflər arasında strateji əməkdaşlığın səviyyəsini yüksəltmək və müxtəlif təhlükəsizlik təhdidlərinə cavab vermək bacarığını gücləndirməkdir”, - deyə məlumatda qeyd olunub.
17-08-2022, 20:55
Rusiya-Ukrayna müharibəsində kəskin hadisələr baş verəcək - Kəşfiyyat xəbəriYaxın vaxtlarda Rusiya-Ukrayna müharibəsinin bütün cəbhələrində kəskin hadisələr baş verəcək. Bunu Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov milli telemarafonun efirində bildirib. O qeyd edib ki, Ukraynanın Silahlı Qüvvələri işğalçıların zəbt etdiyi bütün əraziləri nəzarətə götürəcək. Yusovun sözlərinə görə, genişmiqyaslı hücum Rusiyanı prezident Putinin qarşıya qoyduğu qlobal məqsədlərə nail olmaqdan getdikcə daha da uzaqlaşdıracaq. "Bütün təmas xətti boyunca biz aktiv döyüş hərəkətlərini görürük. Rusiya Ukrayna ərazisindən öz qoşunlarını danışmağa hazır olmadığı halda çıxaracaq, düşmən tərəfindən ələ keçirilən bütün ərazilər azad ediləcək. Yaxın gələcəkdə bütün cəbhədə kəskin hadisələr olacaq”, - Yusov bildirib. Ukrayna Müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, hərbi kəşfiyyat avqust və sentyabrın bütün cəbhədə hərbi əməliyyatların gələcək inkişafı üçün son dərəcə vacib dövrlər olacağını çoxdan bəyan etmişdi. Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, hazırda Rusiya rəhbərliyi Ukraynaya qarşı müharibə üçün 115 batalyon-taktiki qrup toplayıb. Bu, 135 min nəfərə qədər hərbçi deməkdir, lakin onların hamısı peşəkar əsgər deyil.
17-08-2022, 20:47
[b]“Qalaaltı”da son vəziyyət: FHN helikopter göndərdi[/b]Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermis yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Yanğının mürəkkəb relyefli dağlıq ərazidə baş verməsi yanğın nöqtəsinə yanğınsöndürmə texnikasının və şəxsi heyətin birbaşa müdaxiləsini imkansız edir. Bu səbəbdən yanğının söndürülməsinə FHN-in 4 ədəd yanğınsöndürmə avtomobilindən başqa bir ədəd helikopteri də cəlb edilib. Yanğının “Qalaaltı” İstirahət Mərkəzinin ərazisinə keçməməsi üçün Nazirliyin yanğısöndürmə qüvvələri əməliyyat şəraitinə uyğun olaraq operativ qaydada qabaqlayıcı tədbirlər həyata keçirir. “Qalaaltı” İstirahət Mərkəzinin baş verə biləcək yanğından mühafizə edilməsi məqsədilə su hidratlarının effektiv tətbiqi üçün lazımi avadanlıqlar hazır vəziyyətə gətirilib, müdafiə xətləri qurulub. “Qalaaltı” İstirahət Mərkəzinə yaxın olan meşəlik ərazidə yanğın istiqamətində soyutma işləri davam etdirilir.