Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 21-05-2015, 12:25
Mən 1 yaşımın taleyini yaşayıram…
Tariyel Ümid – 70
Redaksiyadan:1yaşındakən doğma yurdu- Cənubi Azərbaycandan didərgin salınan Tariyel Ümidin 70 yaşı tamam oldu. Onun yubileyi İranlı Mühacirlər Cəmiyyətində təntənə ilə qeyd edilib. Yubilyarın ünvanına ürək dolusu xoş sözlər deyilib, hədiyyələr verilib. Yubiley tədbirində çəkilən fotoları və Hikmət Məlikzadənin yubilyar haqqında yazısını təqdim edirik:
Tale insan ömrünün qapısıdır; çox vaxt bağlı olduğundan, insan onu saran həqiqətlərə real səbəb kimi baxa bilmir. Əslində, onun doğru sandığı gerçəklər yalan kimi əks olunur. Bu mənada, tale, vaxtın – zamanın duracağı günə qədər insanın həyat amilinə təsirini göstərir…
Dədələrimiz də taledən gileyləniblər, babalarımız da. Gözlərimizi açanda, atalarımızdan da bu məqama pərişan meyllər görmüşük. Demək, tale gerçək mənada bağlı qapıdır və onun açarı elə taleyin özüdür…
Yazımın qəhrəmanı da tale maraqlısıdır. Atası ona Tariyel adını qoyub, özü isə Ümid təxəllüsünü seçib. Yəni atasının verdiyi addan özünün seçdiyi təxəllüsə qədər çox şeyin (bəlkə də hər şeyin) tale düzəni olduğuna inanır. Bu inam onu bağlı qapılar arxasından çox qurtarıb, lakin taleyin özünün bağlı qapı olması faktı onu bir çox mühüm məqamlarda gözləməyə məcbur edib…
Dəyərli jurnalist Tamxil Ziyəddinoğlu məndən bir tale adamı ilə həmsöhbət olmağımı istəyəndə, elə bildim, məhz həmin şəxslə - yazımın qəhrəmanı Tariyel Ümidlə görüşəcəm. Sanki hansısa bir hiss məni bu bağlı qapı arxasında dayanmış, abır-həya dolu gözlərini hələ də ata-baba yurduna zilləmiş gerçək tale adamına sarı dartırdı. Səhəri gün redaksiyada qarşılaşanda, zənnimin məni yanıltmadığı qənaətinə gəldim. Qarşımdakı 70 yaşlı, (maşallah olsun!) son dərəcə gümrah, həm də çöhrəsi nurlu ziyalını dərhal da min illərin ağrı-acılarına mərd-mərdanə sinə gərmiş, taleyin sərt amansızlıqları ilə çarpışmış bir tale adamı kimi xarakterizə etdim. Və bunun həqiqət olduğunu gördüm.
Mən 1 yaşımın taleyini yaşayıram…

Salamlaşdıq. Yaz qarı ağlığında saçlarından qopan həyat hənirtiləri, yumşaq əllərindən sıçrayan mülayim isti, çöhrəsində var-gəl edən utancaq təbəssüm məni həyatın bütün səmtlərinə boylanmağa məcbur etdi. Bir anlıq elə bildim, taleyin keçilməz yollarındayam və kimsə məni sınağa çəkir.
Sakit otaqda hənirtili bir anın fövqünə vara-vara Tariyel Ümidlə söhbətləşdik. Portfelindən çıxardığı varaqları uzadıb dedi ki, burada haqqımda çox şey var. Əyani vəsait kimi götürün. Həmin varaqlarda onun tərcümeyi-halı əks olunmuşdu. Lakin mən bu tale adamının içindəki yanğılara su səpmək üçün onunla fikir mübadiləsi aparmaq qərarında israrlıydım. O da, sağ olsun, yorğun gözlərini rəğbət qığılcımları ilə doldurub söhbətə hazır olduğunu dedi.
Açığı, otağa daxil olanda yorğun gözlərim həmsöhbətimin işıq saçan gözlərinə sataşdı və bir anlıq orada dərin bir kədər yığını gördüm. Başlanğıc olaraq mövzunu bu məğz üstündə qurmaq istəmədim. O da elə bil anidən bu hissə tuş gəldi, dedi ki, 1 yaşında olarkən ailəliklə Cənubi Azərbaycandan Şimali Azərbaycana – Ağdama köçmüşük… Sanki bu ifadədən utandı. Azca susdu. Və sonra da israr etdi ki, tərcümeyi-halı ilə varaqlardan tanış olum…
Maraqlı idi. Tariyel müəllim həyatı əks olunan ağ varaqların başlanğıcına filologiya elmləri üzrə fəlsəfə doktoru Sabir Nəbioğlunun bir fikrini hopdurmuşdu: «Dünyada heç bir qüvvə insanların qəlbində alovlanan vətənə sevgi atəşini söndürə bilməz». Əslində, bu fikir onun taleyi və həyatı ilə bağlı çox mətləbləri əks etdirirdi. Lakin bunun fərqinə varmadan onun həyat tarixçəsinə göz atdım.
Mən 1 yaşımın taleyini yaşayıram…
Qısa tərcümeyi-hal:
Tariyel Ümid (Pərdəşünas) Cəfər oğlu 1945-ci ildə Cənubi Azərbaycanın Əhər şəhərinin Dürmüşganlı kəndində kəndli ailəsində doğulub. 1946-cı ildə (yəni onun 1 yaşı olanda) ailəsi Şimali Azərbaycana – Ağdam şəhərinə köçüb. O, burada orta-texniki təhsil alıb. 1964-cü ildə təhsilini davam etdirmək üçün Bakıya gəlib. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) nəqliyyat şöbəsini, 1989-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 14 yaşından şeir yazır. 36 il istehsalatda çalışa-çalışa yaradıcılıqla da məşğul olub. Şeirləri vaxtaşırı respublika mətbuatında dərc olunub.
Tariyel Ümid 1968-ci ildən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsi komissiyasının üzvüdür. «Ağ günümün qanadları» («Yazıçı», 1986), «Bu da bir taledi» («Şirvannəşr», 2012) və «Mənim Gülüstanım» («Şirvannəşr», 2012) kitabları işıq üzü görüb. «Çinar pöhrələri», «Şəhriyar», «Parçalanmış millətin harayı», «El məhəbbəti» və s. adlı almanaxlarda da şeirləri verilib. Onun əsas yaradıcılığı Azərbaycan Demokrat Firqəsinin və İranlı Mühacirlər Cəmiyyətinin orqanı olan və ərəb əlifbası ilə nəşr olunan «Azərbaycan» ruznaməsində (qəzetində) təbliğ olunub. Bu fəallığa görə o, 2010-cu ildən Azərbaycan Demokrat Firqəsinin komissiya üzvüdür. Həm də «İranlı Mühacirlər» ədəbi birliyinin sədridir. Haqqında xalq şairi Balaş Azəroğlu 1973-cü ildə «Ədəbiyyat və İncəsənət» qəzetində «Uğur olsun!» yazıb. Həmçinin xalq şairi Söhrab Tahir onun haqqında «Ulduz» jurnalında «Uğur olsun!» yazıb. O, hər iki şairi özünün ustadı hesab edir…
Bu məqamda sanki hansısa bir hiss Tariyel Ümidə cəsarət verdi. Dedi ki, mən Azərbaycanın bütün şair və yazıçılarını sevir, imkan daxilində mütaliə edirəm.
Mən 1 yaşımın taleyini yaşayıram…

Səmimi israrla onun üzünə baxdım. O da elə bil hansısa sualımı cavablandırırmış kimi dedi ki, məqsədim bütöv Azərbaycanı daim müstəqil və azad görməkdir! Həm də çox arzulayıram ki, Qarabağ tezliklə düşmən tapdağından azad edilsin! Mən Cənubi Azərbaycanda doğulmuşam, amma Ağdam mənim doğma vətənimdir. Orada babalarımın, doğmalarımın ruhları dolaşır…
Sehirdimi, tilsimdimi, bilmirdim, elə bil otaqda yanğı doğuran bir hənirti vardı. Həmsöhbətimin gözlərinə baxdıqca kövrək olurdum. İlk dəfə gördüyüm bir insanın yurd həsrətindən bu qədər təsirlənmək olardımı?!
Tariyel Ümid də sanki mənim təsirləndiyimi duymuşdu, söhbətinə ara vermirdi. Onun danışdıqlarında iki əsas fikir diqqətimi çəkdi. O, dedi ki, mən bütün yaradıcılığım boyu Pişəvəri Milli Hökumətinin (Hərəkatının) ideyalarına sadiq qalmışam. O, həmin ağır illərdə Cənubi Azərbaycanı tərk edən ailələrə deyirdi ki, biz burada hökumət quracağıq və siz yenidən buraya qayıdacaqsınız…
Titrək nəzərlərlə onu süzməyə macal tapmamış, dedi:
Vətənimə, xalqıma
vermişəm ürəyimi.
Halallıqla qazandım,
Ruzumu – çörəyimi…

Bir anlıq düşündüm ki, Tariyel Ümid 1 yaşında da köçkünlük həyatı yaşayıb, Ağdama pənah gətirdikdən sonra da – yəni Ağdam işğal olunanda da təkrar bu həyatı yaşayıb. Bu, sadəcə, bir təsadüfdümü?! Yaxud hansısa bir zərurətdən qaynaqlanır?! İçimdə çarmıxa çəkdiyim bu suala o, özü cavab verdi. Dedi ki, bu hal mənim taleyimin real anıdır. Bütövlükdə mənim taleyimdir: nə təsadüfdür, nə zərurət…
İllərin sınağında var-gəldə olmuş Tariyel Ümid 70 yaşına qədəm qoyub. Yəni ömrünün 70-ci mərtəbəsində qərar tutmuş bu maraqlı tale yiyəsi taleyə bağlı qapı kimi baxır da, baxmır da… Baxır, o səbəbdən ki, yaşadığı illər onu bir həsrətin acısında tükədir. Bu səbəbə deyir ki, mən 1 yaşımın taleyini yaşayıram… Baxmır, o səbəbə ki, həyatı Allahın insana neməti kimi qavrayır.
Bəli, mənə elə gəlir ki,Tariyel Ümid vətəndə vətən həsrəti çəkir…
Mən 1 yaşımın taleyini yaşayıram…

- Azərbaycan bizim idealımızdır. Biz öz arzumuza çatmışıq. Babalarımız çalışdılar ki, Cənubi Azərbaycanda belə bir dövlət qursunlar, fəqət buna nail olmadılar. Lakin mən şimallı qardaşlarıma minnətdaram ki, bütün dünyaya görk ola biləcək bir dövlət qurublar və bu dövlətin qoynunda yaşamaq bizə də nəsib olub, - deyən Tariyel Ümid əlavə olaraq vurğuladı ki, bu gün Azərbaycan çox güclü şəkildə inkişafdadır. Belə bir dövlətin qurulması əlbəttə ki, ağır zəhmətlər hesabına başa gəlib. Bu dövləti quranlara və bu gün də yaşadanlara eşq olsun!
Tariyel Ümidə dedim ki, min şükür, dünyanın hətta həsəd apardığı Azərbaycanda bu gün həyat da, tale də öz missiyasını çox uğurla yerinə yetirir. Elə bunun nəticəsidir ki, şəxsən mən (mənim timsalımda milyonlar) rahat bir şəraitdə tale ilə baş-başayam və nigarançılıqdan uzağam.
Bəlkə də çöhrəmdəki xoşbəxtlik ifadəsini sezdiyi üçün o da rahat danışırdı və içindəkiləri rahat şəkildə ortaya qoya bilirdi.
Tariyel Ümid Azərbaycan ədəbi mühiti barədə də yüksək fikirdədir. Yaradıcılığa başladığı çağlarda Səməd Vurğun, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Şəhriyar, Söhrab Tahir, Balaş Azəroğlu, Əli Tudə və s. kimi görkəmli şairlərin ruhuna salavat çevirib, onların şeiriyyətindən bəhrələnib.
…Arada ah çəkən adam təsiri bağışlayırdı Tariyel Ümid. Səbəbini soruşmaq məqamında ikən özü dedi ki, Ağdamda 25 yaşında Qafar adlı bir qardaşı uyuyur. Maşın qəzasında həlak olmuş o cəngavər cüssəli Tanrı bəndəsinin məzarı düşmən tapdağındadır… Səbr dilədim. - Bu da bir taledir, - dedim. O, yaşarmış gözlərini razılıq əlaməti kimi sağa-sola gəzdirdi və bir anlıq başını aşağı dikdi. Az keçmədi ki, dodaqlarının arasından bir yarpaq şeir süzüldü:
Anam elə Vətən deyir,
Ayrılığa düşəndən.
Vətən necə şirin imiş…
Mən düşmüşəm gözündən.
Mən 1 yaşımın taleyini yaşayıram…

Yəni demək istədi ki, Vətən həsrəti anasının gözündə daha alidir…
Tariyel Ümid ağsaqqaldır. Ömrünün müdrik çağında yetişən nəsillərə də tövsiyə verdi. Dedi ki, gənclər ilk növbədə analarını, Vətəni tanımalı, sevməli və dərk etməlidirlər. Sonra da özlərini tanımalıdırlar. Əgər belə olarsa, Vətən heç zaman sarsılmaz. Məhz filologiya elmləri üzrə fəlsəfə doktoru Sabir Nəbioğlunun bir fikri burada həqiqət kimi yerinə düşür: «Dünyada heç bir qüvvə insanların qəlbində alovlanan vətənə sevgi atəşini söndürə bilməz». Bax, bu sevgi gənclikdən başlayır…
Söhbətimizin sonunda dedim ki, «Ümid» təxəllüsü nələrə işarədir? Dedi ki, Azərbaycan hələ bütöv deyil. İnşallah, Cənubi Azərbaycanın da arzularının çağlayacağı gün olacaq! O zamana, o vaxta bir inam verir mənə bu təxəllüs. Bu təxəllüsdə Vahid və bütöv Azərbaycan missiyası durur.
Bəli, taleləri bağlı qapılara bənzətməkdə bəlkə də haqlıyıq. Tariyel Ümidin - 70 yaşlı bu ağsaqqal ziyalının, gözləri hələ də doğulduğu yurda çəkən bu şairin içindəki Vətən ahını da elə tale dağıda bilər. Bizim isə onu ömrünün bu müdrik çağı - 70 yaşı münasibətilə ürəkdən təbrik etmək, ona səbr, dözüm arzulamaq gücümüz var.
Butov.az


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!