2021-ci ilin başa çatmasına sayılı günlər qalıb. Başa çatmaqda olan il ərzində bir sıra siyasətçilər, məşhurlar, məmurlar müzakirələrə səbəb olan açıqlamaları ilə yadda qaldılar.“Qafqazinfo” onlardan bir neçəsini təqdim edir:
Sözsüz ki, ictimaiyyətdə ən çox müzakirələrə səbəb olan açıqlama Allahşükür Paşazadəyə məxsusdur. Şeyxin “Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” deməsi günlərlə sosial şəbəkələrdə müzakirə edildi, mediada bununla bağlı yazılar dərc olundu, ona qarşı əks fikirlər səsləndirildi.
2021-ci ildə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də müzakirələrə səbəb olan açıqlama ilə yadda qaldı.
Millət vəkilinin “Ev işlərinin, ailə üzvlərinə qulluqla bağlı haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür. Bu haqqı zəhmət çəkib kişi ödəməlidir. Çünki əgər evdə qadın olmasa, kişi bu işi görmək üçün kimisə tutmalıdır” deməsi qadınların ürəyincə olsa da, bəzi kişilər deputatın bu fikri ilə razılaşmadı.
Teleaparıcı Lalə Azərtaşın isə təbii qazın qiymətlərinin qalxması ilə bağlı efirdə səsləndirdiyi fikirlər geniş müzakirələrə yol açdı:
“Günahkar bəllidir. Bu, koronavirusdur. Son bir ildə bütün dünya bazarlarında ərzaq məhsulları davamlı şəkildə artdı. İndi soruşuram: qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz ən çox mürəbbə bişirməyə gedir. Bunları gecə edərsiniz ki, ağzınız kimi, cibiniz də dada gəlsin”.
Təndiqlərdən sonra aparıcı açıqlama yayaraq, qalmaqallı çıxışına “sarkazm” dedi.
Deputat Tahir Kərimli isə Milli Məclisdə Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi haqqında layihənin müzakirəsi zamanı səsləndirdiyi fikirlə gündəm oldu:
“Hər birimizin içində kədər var. Bu, onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burada hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb. Polisin həddində idimi ki, deputatın səlahiyyət həddini aşıb-aşmadığını qiymətləndirsin? Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur”.
Spiker Sahibə Qafarova isə deputata sərt reaksiya verərək, “Bu nə deməkdir ki, deputatın, Milli Məclisin yiyəsi yoxdur? Milli Məclisin yiyəsi xalqdır” demişdi.
Aparıcı İlqar Mikayıloğlun isə Avro-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən Belçika - Rusiya matçı zamanı şərhi müzakirələrə səbəb olmuşdu. Şərhçinin matç zamanı Rusiya komandasının əvəzedici heyəti ilə bağlı ardıcıl dediyi “kimimiz var hücumçulardan”, “ehtiyatda yarımmüdafiədə kimlərimiz var orda” ifadəsi birmənalı qarşılanmamışdı.
Hətta sosial şəbəkələrdə onun Rusiya millisinə xitabən “bizimkilər” ifadəsi işlətməsi barədə məlumatlar yayıldı. Telekanal isə açıqlama yayaraq, şərhdə “bizimkilər” sözünü tapana İTV-dən hədiyyə vəd etdi.
Deputat Siyavuş Novruzovun isə suyun vedrəylə ölçülməsi barədə dediyi fikirlər müzakirə olundu:
“Naxçıvan dövrü idi. Mövqesiz adamlardan biri Heydər Əliyevə yaxınlaşdı. Ondan soruşdu ki, hər şeyin ölçüsü var. Məsələn işıq amperlə, su vedrəylə ölçülür. Litrlə də yəni. O biri kiloyla, tonla ölçülür. Bəs bu sədaqətin, vəfalılığın da ölçüsü varmı? Özü sədaqətsiz adam idi. Heydər Əliyev dedi var ki var, o zamandır. Zaman göstərir ki, kim sədaqətlidir, kim sədaqətsiz”.
Müzakirədə iştirak edənlər deputatın dilindən belə bir yanlış fikrin səsləndirilməsini tənqid etdilər.
Milli Məclisin deputatı Eldar Quliyevin isə feministlərlə bağlı səsləndirdiyi fikirlər müzakirələrə yol açdı:
“Bakıda qadınlar aksiyası keçirməklə dünyada bizi biabır edirlər. Ayıb deyil zınqırovları da bağlayıb deyirlər ki, bizim namusumuzu küçəyə qoyublar, qadınların öldürülməsi siyasidir?! Heç görmüsünüz, hansısa qadın siyasi səbəbdən öldürülsün?! Bu yaşa gəlmişəm, Azərbaycanda hansısa qadının siyasi motivlə öldürülməsi faktı ilə rastlaşmamışam. Belə hadisələr qeyrət-namus üstündə, məişət problemləri zəminində, təəssüf ki, baş verə bilir, amma siyasi olduğunun şahidi olmamışam. Bilirsiniz ki, əslən Bakı kəndindənəm, bizim tərəflərdə bunun üstündə adam öldürürlər. Bəs haradadır bunların valideynləri, ailə tərbiyəsi?! Mənim 70 yaşım var, 2 nəfər arasında söhbət edəndə qızarıram, bunlar necə utanmırlar?!”.
Eldar Quliyevin müzakirələrə səbəb olan daha bir açıqlaması isə benzinin bahalaşması ilə bağlı idi:
“Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğu qədər milyardlarımız yoxdur. Nəzərə almaq lazımdır ki, 15 qəpiklə heç kim kasıblamaz ,amma dövlətin digər xərclərini ödəmək mümkündür”.
Bütöv.az