Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
22-03-2022, 10:17
Ermənistanın müharibə xərclərinin yarısı beynəlxalq ianələr hesabına ödənilib

Cəmaləddin Quliyev


Ermənistanın müharibə xərclərinin yarısı beynəlxalq ianələr hesabına ödənilib

Ermənilər arasında “Himnadram” kimi tanınan Hayastan Ümumerməni Fondu 1992-ci ildə Ermənistanın iqtisadi inkişafına dəstək olmaq üçün pul toplamaq naminə diasporu "ana ölkə" ilə əlaqələndirmək məqsədi ilə yardılıb. Mövcud olduğu müddət ərzində təxminən bir milyon Ermənistan vətəndaşı toplanmış 400 milyon dollara yaxın vəsaitdən müəyyən mənada faydalanıb.
“Himnadram” 2020-ci ilin payızında Azərbaycanla münaqişəyə girmiş Ermənistanın dadına yetişdi. Fond 200 milyon dollara qədər vəsait toplamaqla tarix rekorda imza atdı. ABŞ, Avropa, Avstraliya və digər ölkələrdə 750.000-ə yaxın şəxs Azərbaycana qarşı müharibədə ermənilərə yardım etmək üçün fonda töhfə verdi. Fondun nizamnaməsində Ermənistan hökumətinin birbaşa vəsait alıcısı ola bilməyəcəyi açıq-aydın göstərilsə də, toplanan məbləğin təxminən 60 faizi “təcililik” səbəbindən birbaşa dövlət büdcəsinə köçürülüb.
Müharibə bitəndə isə yüksək emosionallıq öz yerini rasionallığa verdi və donorlar 200 milyon dolların necə və hansı formada xərcləndiyini bilməyə çalışdılar. Ermənistanın hazırkı hökuməti siyasi rəqibləri, xüsusən də keçmiş prezident və “Himnadram” idarə heyətinin üzvü Robert Köçəryan tərəfindən maliyyəni israf etməkdə və mənimsəməkdə ittiham olunur.
Mübahisəyə son qoymaq üçün Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan “Himnadram”dan müstəqil audit tələb edib və yoxlama zamanı pozuntu aşkar edilərsə, bütün ianələri geri qaytarmağı təklif edib. Fondun icraçı direktoru Haykak Arşamyan bu qətnamə ilə razılaşıb. Bununla belə, yekun auditin məzmunu hələ ictimaiyyətə açıqlanmayıb…
"Himnadram"ın siyasətlə heç bir əlaqəsi olmadığını iddia etməsinə baxmayaraq, yarandığı gündən siyasətlə məşğul olub. Fondun ilk rəhbəri ovaxtkı prezident Levon Ter-Petrosyanın çoxdankı dostu və müttəfiqi Manuşak Petrosyan olmuşdu. Fonda rəhbərlik etdiyi altı il ərzində birtəhər topladığı sərvət, dəbdəbəli evlərin, mağazaların və restoranların çeşidi ilə yadda qalmışdı. Fonddan ayrıldıqdan sonra o, "Spektrum" adlı tikinti şirkətini qurdu..
Milliyətçi Daşnak Partiyasının Kaliforniyadakı gənclər federasiyasına rəhbərlik edən diaspor ermənisi Raffi Ovannisyan fondun yeni icraçı direktoru təyin olunanda ona Ter-Petrosyanın dövründə diaspor daşnakları ilə Ermənistan hökuməti arasında pisləşmiş münasibətləri düzəltmək tapşırılmışdı. 1999-cu ildə "Azg Daily"-yə verdiyi müsahibədə Hovanissian "Himnadram"ın siyasiləşməsini etiraf edirdi...
"Himnadram" daim hakimiyyətdə olanlara xüsusi xidmətləri ilə diqqət çəkirdi. Məsələn, 2007-ci ildə Göycə gölünün çimərliklərində yerləşən Kaputak Sevan kurort kompleksində külək sörfü mərkəzinin tikintisini maliyyələşdirib. Kurort “təsadüfən” keçmiş prezident Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryana məxsusdur. Obyekt üçün tələb olunan avadanlıqların alınmasını da fond ödəyib.
… Fondun 2013-cü ildə keçirdiyi illik telemarafondan sonra məlum olub ki, Qarabağda Ermənistanın dəstəklədiyi separatçı rejim üçün dəbdəbəli xidməti avtomobillər alınıb, bu rejimə bağlı şəxslərin şəxsi bank kreditləri ödənilib. "Himnadram"-ın digər icraçı direktoru Ara Vardanyan 2018-ci ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən maliyyə mənimsəmələrində şübhəli bilinərək həbs edilib. Vardanyan onlayn qumar oyunları üçün 20 milyon dram limiti olan Himnadram kredit kartından istifadə etdiyini etiraf etmişdi..
Fond daim çirkli pulların yuyulması ilə də gündəmə gəlir. İllik qara bazarı təxminən 300 milyon dollar olan Ermənistan və onilliklər ərzində beynəlxalq yoxlamanın qeyri-mümkün olduğu boz zona olan Qarabağ uzun müddət “Himnadram”-ın genişmiqyaslı əməliyyatları üçün təhlükəsiz sığınacaq olub. “Himnadram”-ın on altı ölkədəki filialları xeyriyyə təşkilatının bir hissəsi olduğuna görə vergidən azaddır. Uzun illərdir ki, bəzi erməni oliqarxları bu vergidən azad statusdan geniş şəkildə istifadə ediblər.
….”Himnadram” Ermənistan və Qarabağı birləşdirən iki magistral yolun tikintisini maliyyələşdirib: biri azərbaycanlıların sıxışdırılıb çıxarıldığı Şuşa və Laçın rayonlarından, digəri isə Kəlbəcərdən keçir. Qarabağda bir sıra digər yollar da asfaltlanıb, o cümlədən Araz çayının ən cənub sahillərini Ermənistan Respublikası ilə birləşdirən Şimal-Cənub yolu və əvvəllər əsasən narkotik və silah ticarəti üçün istifadə olunub.
Bu yollar həm də Ermənistan və Qarabağın faktiki olaraq vahid iqtisadi məkanda birləşməsini təmin etmək üçün nəzərdə tutulmuşdu.
…1994-cü ildə Ermənistanın birinci Dağlıq Qarabağ müharibəsində qələbəsindən sonra müharibə zamanı çoxsaylı maddi-texniki çətinliklərlə üzləşən Ermənistan silahlı qüvvələri nəzarəti altında olan ərazilərdə ilk növbədə hərbi təyinatlı yolların tikintisinə başladılar. Həmin yolların əksəriyyətini məhz Himnadram maliyyələşdirdi: fondun ikinci, üçüncü, beşinci, altıncı, yeddinci, on altıncı və on yeddinci telemarafonlarının hamısı yol tikintisi üçün vəsait toplamağa həsr olunmuşdu..
Himnadramın Qarabağdakı fəaliyyəti təkcə yol tikintisi ilə məhdudlaşmır. “Artsax kəndlərinin yenidən məskunlaşdırılmasi” layihəsi çərçivəsində Qarabağa qanunsuz köçürülməyə sponsorluq edib.
“Himnadram”ın Qarabağda onilliklər ərzində göstərdiyi səyləri - faktiki olaraq Ermənistanın hərbi işğalını gücləndirmək və beynəlxalq səviyyədə dəstəklənən sülh təkliflərinin həyata keçirilməsinə mane olmaq məqsədi daşıyan - fondun 2020-ci il Qarabağ müharibəsi zamanı toplanmış ianələrinin məhz necə xərcləndiyini soruşmaq ağlabatandır. Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, Himnadramın Ermənistan hökumətinə etdiyi ianələr hökumətin müharibə xərclərinin təqribən yarısını ödəyib – yenə də şübhəli fəaliyyətdir, bu, birbaşa fondun nizamnaməsinə ziddir.
…. Əgər Ermənistanın müharibə xərclərinin “təxminən yarısı” beynəlxalq ianələr hesabına ödənilibsə, o zaman bunun bir hissəsi çox güman ki, təkcə hərbi texnikanın alınmasını deyil, həm də müharibə zamanı Azərbaycan şəhərlərini hədəfə almış erməni artilleriyasının saxlanmasını əhatə edirdi….
Xeyriyyə pullarının hərbi fəaliyyətləri maliyyələşdirmək üçün istifadə edildiyi sübut olunarsa, “Himnadram”ın vergidən azad statusu sual altına düşə bilər. İllərlə aparılan araşdırmalar ABŞ-da yerləşən xeyriyyə təşkilatlarının fərdləri necə aldatdığını və hətta terror təşkilatları üçün ianə topladığını ortaya çıxarıb. Ermənistan Fondunun vergidən azad statusunun müxtəlif maraq qruplarına müxtəlif ölkələrdə, ilk növbədə ABŞ-da yaşayan insanlardan yoxlanılmadan pul almasına və son nəticədə həm də oliqarxiyanı dəstəkləmək üçün istifadə edilməsinə imkan verdiyini söyləmək heç də yanlış olmazdı (tərcümə edilmiş mətn)..
22-03-2022, 09:56
Moskva məktəbində müharibəyə qarşı çıxan azərbaycanlı müəllim qovulub
Moskva məktəbində müharibəyə qarşı çıxan azərbaycanlı müəllim qovulub

Rusyada yaşayan 28 yaşlı azərbaycanlı coğrafiya müəllimi Kamran Manaflı dövlət propaqandasına etiraz etdiyinə görə Moskvanın mərkəzində işlədiyi məktəbdən xaric edilib.

Bu barədə ‘BBC News’ reportaj hazırlayıb və Kamran Manaflı ilə bağlı məqaləni əsas xəbər bölümündən verib. Hadisə ilə bağlı Kamran Manaflı ‘Instagram’ hesabından bu fikirləri paylaşıb:
“Elə yaşamalıyıq ki, vicdanımız bizə əzab verməsin. Bu yaxınlarda məktəbdə mənə dedilər: “Sənin dövlətin mövqeyindən başqa heç bir mövqeyin ola bilməz”. Yaxşı, mənim öz fikrim var! Tək mənim yox, bir çox müəllimlərin öz fikirləri var. Və bilirsən nə? Dövlətin mövqeyi ilə açıq şəkildə üst-üstə düşmür. Mən dövlət təbliğatının güzgüsü olmaq istəmirəm. Fəxr edirəm ki, indi bu haqda yazmaqdan çəkinmirəm, fəxr edirəm ki, müəlliməm! Vicdanım məni narahat etmir. Keçmişdə, indi və gələcəkdə olan bütün şagirdləri sevirəm”.
Azərbaycanlı müəllim sosial media Rusiyada məhdudlaşdırılmamışdan bir neçə gün əvvəl bu fikirləri yazıb. O, Moskvanın mərkəzində yerləşən orta məktəbində keçirilən iclasda ona və həmkarlarına öz şagirdləri ilə Ukraynadakı vəziyyətlə bağlı necə danışmaq, hökumətin mövqeyindən kənara çıxmamaq barədə deyiləndən sonra post yazmağa məcbur olub.
Yazandan iki saat sonra məktəbin direktoru ona zəng edərək paylaşımını dərhal silməyi və ya işini tərk etməsini söyləyib.
“Mən onu silmək istəmədim. Mən dərhal anladım ki, mübahisə etməyin mənası yoxdur, ona görə də istefa verməyi ən yaxşı seçim hesab etdim”, – K.Manaflı BBC-yə açıqlamasında deyib.
Ertəsi gün əşyalarını götürüb istefa ərizəsini imzalayaraq məktəbə gələndə ona binaya giriş qadağan edilib.
“Uşaqlar mənə dəstək olmaq, sağollaşmaq üçün küçəyə çıxmağa başladılar”
“Dedilər ki, məni içəri buraxmamaq əmri var. Uşaqlar mənə dəstək olmaq, sağollaşmaq və s. üçün küçəyə çıxmağa başladılar. Sonra kimsə polisə zəng edərək icazəsiz aksiya təşkil etdiyimi dedi”.
BBC tərəfindən görülən videolarda uşaqların Kamran müəllimin ətrafına toplaşaraq alqışladıqları, gülümsədikləri və sağollaşdıqları görünür.
Nəhayət, ertəsi gün o, əşyalarını geri ala və məktəbin direktoru ilə görüşə bilib. Direktor ondan sosial mediada niyə siyasi fikirlər paylaşdığına dair rəsmi izahat istəyib. Məktəb rəhbərliyi Manaflının istefa verəcəyini hiss edib və ona işdən çıxarılacağı bildirilib.
“İki gündən sonra mənə məlumat verildi ki, işdə əxlaqsız davranışa görə xaric edilirəm. Mənim üçün ən qəribəsi odur ki, şəxsi fikrin ifadəsini “əxlaqsızlıq” hesab edirlər”, – deyə Kamran Manaflı bildirim.
Məktəb direktoru məsələ ilə bağlı açıqlama verməkdən imtina edib. Lakin BBC tərəfindən görülən WhatsApp mesajlarında məktəb rəhbərliyi valideynlərə deyib ki, Kamran Manaflının sosial mediadakı paylaşımlarına görə əmək müqaviləsini pozub və buna görə işdən çıxarılıb.
21-03-2022, 13:58
Azərbaycanla birgə işləyəcəyik - Bayden
"Azərbaycanla birgə işləyəcəyik"

Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir.
Bu ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə və Azərbaycan xalqına Novruz bayramı münasibətilə təbrikində yer alıb.
“Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”.
20-03-2022, 22:52
“QHT ziyarətləri” adlı yeni layihənin icrasına başlanılıb
“QHT ziyarətləri”


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT ziyarətləri” adlı yeni layihənin icrasına başlayıb.
Agentliyin mətbuat xidmətindən bildiriblər ki, layihənin məqsədi qeyri-hökumət təşkilatlarını və imkanlarını daha yaxından öyrənmək, həmin qurumların işçi heyəti və fəalları ilə görüşmək, həyata keçirdikləri layihə və proqramları yerində nəzərdən keçirmək, habelə onları qayğılandıran məsələləri və vətəndaş cəmiyyətinin gələcək inkişaf perspektivlərini birgə müzakirə etməkdir.
Layihənin qısa müddətdə həm paytaxt, həm də regionlarda fəaliyyət göstərən QHT-ləri əhatə etməsi nəzərdə tutulur.
İlk ziyarət Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi, “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinə edilib.

Adları çəkilən QHT-lərin rəhbərləri Novella Cəfərova, Səadət Bənənyarlı və Səidə Qocamanlı qonaqları salamlayıblar. Azərbaycanda ilk dəfə belə bir ideya ilə çıxış edildiyinə görə ziyarətin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər, qonaqları rəhbərlik etdikləri təşkilatların fəaliyyəti ilə ətraflı tanış ediblər. Onlar QHT sektorunun inkişafı istiqamətində qarşıya çıxan problemləri və onların həlli üçün bir sıra təkliflərini səsləndiriblər.
Görüşdə iştirak edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova və Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı ziyarət olunan təşkilatlarla bağlı onları maraqlandıran sualları cavablandırıblar. Qonaqlar hər 3 vətəndaş cəmiyyəti qurumunun maraqlı ideyaları ətrafında müzakirələr apararaq təklifləri dinləyib və müvafiq tövsiyələr veriblər.
Daha sonra “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinə ziyarət təşkil olunub. Qonaqlara 86 mindən çox üzvü olan təşkilatın fəaliyyəti barədə geniş məlumat verilib və onları mərkəzi aparatın iş şəraiti ilə tanış ediblər. İctimai birliyin sədri Füzuli Rzaquliyev və qurumun digər rəhbər heyəti veteranları qayğılandıran bir sıra məsələlər barədə fikirlərini bölüşərək konkret təkliflər səsləndiriblər.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin qiymətləndirilməsi baxımından belə səfərlərin əhəmiyyətini qeyd edib.
19-03-2022, 08:21
Kiyev bunun tərəfdarıdır, Moskva da etiraz etmir - Çavuşoğlu
Nə Kiyev, nə də  Moskva etiraz edir

Ukrayna Türkiyənin mümkün təhlükəsizlik təminatçıları sırasına daxil edilməsinin tərəfdarıdır.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Lvovda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlardan sonra deyib.
Çavuşoğlu qeyd edib ki, Rusiya da Türkiyənin təhlükəsizlik təminatçısı olmasına etiraz etmir:
“Bu müharibədə axan qanı tez bir zamanda dayandırmaq lazımdır. Türkiyə rəhbərliyi bu istiqamətdə fəal səylər göstərir”.
19-03-2022, 08:12
Rusiya ordusu Ukraynada nəyi və niyə bacarmadı?
Rusiya ordusu Ukraynada nəyi və niyə bacarmadı?

Rusiya Ukraynaya müdaxilə edərkən ciddi səhvə yol verdi.
Bu sözləri ABŞ müdafiə naziri Lloyd Ostin CNN-ə müsahibəsində deyib.
O bildirib ki, ruslar istədikləri sürətlə hərəkət edə bilmirlər:
“Onların logistika ilə bağlı problemi var və mən taktiki kəşfiyyatdan yaxşı istifadə və aviasiya ilə yerüstü manevrlərin inteqrasiyasına aid sübut görmürəm. Bəzi şeylər var ki, onları müşahidə edəcəyimizi gözləyirdik, ancaq bu baş vermədi”.
Ostinin sözlərinə görə, Ukrayna Rusiyanın ölkənin əhəmiyyətli hissəsini, o cümlədən Kiyevi işğal etmək planlarının qarşısını almağı bacarıb:
“Fikrimcə, Rusiya hesab edirdi ki, onlar sürətlə hərəkət edəcəklər və qısa müddətdə Kiyevi tutacaqlar. Ancaq onlar bunu bacarmadı”.
19-03-2022, 07:39
Fərqli qəzet köşkləri

Bu “Azadlıq” metrosunun girişindəki 127 nömrəli qəzet köçküdür.
Fərqli qəzet köşkləri

Köşkdə fevral ayı boyunca qəzet düzümü dəyişmədi. Martın 16-da olan dəyişikliyə də özünüz baxın! Gözə dəyən o iki qəzeti də ilim-ilim itiriblər! Mikroskopla axtarmaq lazımdır.



Bu isə Elmlər Akademiyası metrosunun qarşısındakı 155 nömrəli köşkdür. Satıcı Orxan Dəmirov saat 11-ə qədər qəzetlərin çoxunu satıb. Gün ərzində bütün qəzetləri satıb qurtarır. Çünki Orxan işinə məsuliyyətlə, vicdanla yanaşır.
19-03-2022, 07:16
Zaur Ustac yazır: "Ruhu duru, sözü bütöv Əsgər Ordubadlı"

Zaur Ustac yazır: "Ruhu duru, sözü bütöv Əsgər Ordubadlı"

Azərbaycanın ən qədim yurd yerlərindən biri olan Ordubad qədimliyi qədər də təbiəti və insanı ilə olduqca unikaldır. Ərazicə elə də böyük olmayan Ordubad əslində sözün tam mənası ilə sanki elə bütöv Azərbaycandır. O Azərbaycan ki, onu Araz ikiyə bölməyib. Əksinə birləşdirib. Ordubad bütün təbiəti, tarixi, insanı, dili ilə vahid, bütöv Azərbaycanın kiçik modelidir mənim üçün. Ordubad insanı bir başqadır. Tamdır. Bütövdür! Sizi bu ecaskar yurdun qəlbi təmiz, ruhu duru, sözü bütöv şair oğlu Əsgər Ordubadlı ilə tanış etmək istəyirəm.
Əsgər Ordubadlı - Əliyev Əsgər Ramazan oğlu 1995 - ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Dəstə kəndində anadan olub. Təxəllüsü Əsgər Ordubadlıdır. 2001-ci ildə Ordubad rayon Dəstə kənd 1 nömrəli tam orta məktəbinə daxil olub və 2012 - ci ildə oranı bitirib. 2012-ci ildə hərbi xidmətə gedib. Uşaq yaşlarından ədabiyyata maraq göstərib, elə həmin vaxtlardan da bədii yaradıcılığa başlayıb. "Bizim məhəlləmiz" adlı ilk şeirini 2006 cı ildə yazıb. Mətbuatda ilk çap olunan şeiri "Xocalı soyqırımı " (“El Həyatı” qəzeti. 2010) . Bundan sonra dövrü mətbuatda şeir və məqalələri, eləcə də onun haqqında yazılar dərc olunub. Məktəb illərində dəfələrlə Ordubad və Naxçıvan müəllif şeir müsabiqələrində uğurla iştirak edib. Naxçıvan dövlət televiziyasının verlişlərində qonaq olub.
"Qələm nə danışır"(2009) ,"Axırda peşman sən olacaqsan"(2010) kitabçalarının, "Zülmətdən doğan işıq" (2021) şeirlər kitabının müəllifidir. Bir sıra qəzetlərdə və "Telli Sənəm", "Yazarlar", "Xəzan" jurnallarında şeir, məqalə və hekayələri çap olunub. Telli Sənəm jurnalının "Bölgə müxbiri" (2021) olub. "Yazarlar" jurnalının Ordubad bölgə təmsilçisi, YİNŞ - nın Ordubad rayon üzrə sədridir. AKİVİ-nin "Qızıl Qələm ", “Yazarlar”-ın "Ziyadar" və bir çox digar mükafatlara layiq görülüb. Müəllifin kitablarından əlavə "Gözüm yolda könlüm səsdə", "Qələbəyə gedən yol", "Gəlirik Qarabağ ", "Kimlərə qaldı dünya, Nizami Gəncəvi 880", "Həyat bizi səsləyir", "Sevgilim, yuxunu dənizə danış" Poeziya Antologiyalarında şeirləri çap olunub. Hazırda Ordubad rayonunun Dəstə kəndində yaşayır. Subaydır.
Özü haqqında belə qısa arayışdan sonra sözü ilə tanış olaq:

KEÇDİ ÖMRÜN İLLƏRİ

Keçdi ömrün illəri
Ən xoş bir xatirətək.
Xatirəyə aldanıb
Ömrü verməzdik gərək.

Yel qanadlı illəri
Buraxmazdıq boş keçə.
Dünyamız seyrələcək
İnsanlar köçə-köçə?

Yox onların yerinə
Yeni nəsil gələcək.
Qış gedəndə nə olar
Başqa fəsil gələcək.

… Mən bir bahar fəsliyəm
Doğulmuşam baharda
Baharda çiçək açıb
Boğulmuşam baharda.

Əsgər çəkmə bu qəmi
Vaxtsız gələn dərd keçər.
baxma mənə ey gözəl,
yoxsa ala gözlərdən
Mənə məhəbbət keçər.

Bu ən ağır xəstəlik.
Dərmanı yox üstəlik.
Dərmansız dərd mən bilən
Tez keçsə də sərt keçər…


GEDİR

Yox, mən bu dünyaya bel bağlamaram.
Görürsən həyası, arı da gedir.
Payızın yağışı əbədi deyil
Yaz gəlir dağların qarı da gedir.

Zərrəcə qalmayıb düzlük, etibar,
Bəzən sənin olmur səni sevən yar.
Bu gün əllərindən bərk-bərk tutanlar
Sabah səni qoyur yarıda gedir.

Əsgər var-dövlətə aldanma, qəti,
Gördüm sahibi yox neçə şirkəti.
Sonunda ağ kəfən olur qisməti
Dövləti də gedir, varı da gedir.

BƏXTİM GƏTİRMƏDİ SEVGİDƏ

Əzab imiş bu həyatın hər yanı,
Məcnun olub hey axtardım Leylanı.
Min yol oldum o gözlərin qurbanı,
Mənim bəxtim gətirmədi sevgidə.

Sevgi verdim, əvəzində nə gördüm?
Öz dərdimi misralara keçirdim.
Şeir oldu, vərəqlərə köçürdüm
Mənim bəxtim gətirmədi sevgidə.

Hey əl açdım əllərinə çatmadı,
Əl açdığım əllərimdən tutmadı.
Sevən könlüm xoşbəxtliyi dadmadı,
Mənim bəxtim gətirmədi sevgidə.

Doğma idi, özgələşdi yad oldu,
Yad ürəkdən ona sevgi doğuldu.
Arzularım gözlərimdə boğuldu,
Mənim bəxtim gətirmədi sevgidə.

Əsgər bəlkə sevdi deyə suç etdi?
“Ömrüm” deyən həyatımı puç etdi.
Özgəsinin əlin tutdu, quc etdi,
Mənim bəxtim gətirmədi sevgidə.

TARİX YAZAN QƏHRƏMANIM
(İntiqam Abdullayevin əziz xatirəsinə)

Tarix yazan qəhrəmanım
Tarixini yazıb gəlir.
“Köçkün” adın, “qaçqın” adın
Alnımızdan pozub gəlir.

Milyonların sevgisindən,
inamından güc alıb o.
Ucalardan uca olan
Pak məqama ucalıb o.

O, can verib, O, qan verib,
Qoy yaşasın ana torpaq.
Ana torpaq yaşadıqca
Öz oğlun da yaşadacaq!

Yox, İntiqam ölməmisən
Ürəklərdə adın sağdır.
Şəhidliyə ucalanlar
Daima sağ qalacaqdır!

QÜRURLA OXU
(Ölməz qəhrəman şəhidimiz Xudayar Yusifzadənin ifasından təsirlənərək)

Oxu, mərd döyüşçüm, qürurla oxu!
Ana vətən gur səsini eşitsin.
Vətənin yol çəkən aranı, dağı
Qoy Xudayar nəğməsini eşitsin.

Bitsin bu gün həsrət adlı dünənin,
Yadın deyil, bu mənimdir, bu sənin.
Xəbər yayın hər yanına vətənin
Öz oğlunun gəlməsini eşitsin.

Yağı düşmən qaça bilməz əlindən,
Hamımıza əziz olan bu vətən
Sizin kimi oğulların dilindən
“Sən azadsan! ” kəlməsini eşitsin.
QƏHRƏMAN OĞLUM
(Vətənin adından Qənbərli Vüsal İlkin oğlunun əziz xatirəsinə)

Uyu məzarında nurlar içində
Ey vətən sevdalı qəhrəman oğlum.
Xalqın ürəyində, xalqın dilində
Adın yaşayacaq hər zaman, oğlum.

Tarix oxumadın, yazdın bir başa.
Yeni həyat verdin torpağa, daşa.
Dedin:- Azərbaycan müstəqil yaşa!
Ey vətən eşqindən yaranan oğlum.

Düşmənin başına odlar ələdin,
Məhv etdin yağını, qana bələdin.
Yalandan vətənə canım demədin,
Sən onun yolunda verdin can, oğlum.
EŞQ OLSUN!
(Yenilməz ordumuzun şanlı Zəfərinə)
Ön cəbhədə tarix yazır durmadan
Ordumuzun zəfərinə eşq olsun!
Düşmənini hər addımda qorxudan
Azərbaycan əsgərinə eşq olsun!

Ver komandir daim müjdə xəbəri,
Səndə qalıb milyonların nəzəri.
Hər gün yeni kənddə açır səhəri
Ordumuzun zəfərinə eşq olsun!

Keç Arazın sahilindən sırayla,
Zəngilandan qardaşları harayla.
Dəstək verir bax Arazdan o tayda
Qardaş deyən dillərinə eşq olsun!

İrəli get, səninlədir qayıdış.
Ata-baba torpağıdır hər qarış.
Bu millətin ordusuna min alqış,
Yenilməyən rəhbərinə eşq olsun!


Ümidvaram ki, ünün bütün Azərbaycana yayılacaq, Əsgər. Bütöv Azərbaycanın tanınmış söz adamı, sözü bütöv şairi olacaqsan. Yolun açıq, uğurların bol olsun!

Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.
18-03-2022, 19:25
Şahnaz Kamal: "Novruz müəllimin qızıyam”
Şahnaz Kamal: "Novruz müəllimin qızıyam”

Dədəm mənim üçün hamıdan hündür, hamıdan ağıllı, hamıdan ucadır.

Ağlım kəsəndən bəri onun qızı olmağımla həmişə fəxr etmişəm, Novruz müəllimin qızı olduğumu fəxrlə dilə gətirmişəm.
İkinci sinifdə oxuyurdum. Kəndin klubuna həmişə yaxşı kinolar gəlirdi. Mən də rəfiqəmlə kinoya gedərdim. Bir dəfə yenə kino gəldi. Bilet almağa plum yox idi. Dədəm də rayona getmişdi, məktəbdə olanda belə vaxtlar üstünə yüyürərdim. Dədəm onda məktəbimizin direktoru idi. Nə isə, evə gedib pul gətirməyə də ərindim. Rəfiqəm kinonun günorta seansına bilet aldı. Qapıdan keçəndə bilet yoxlayan onu buraxdı, məndən bilet istədi:
-Biletim yoxdur- dedim.
-Onda, içəri girmək olmaz.
-Mən Novruz müəllimin qızıyam.
O vaxta qədər dədəmin direktor olmasında heç sui-istifadə etməmişdim. Nə öz ağlıma gələrdi, nə o özü imkan verərdi. İndi niyəsə onun adından istifadə etdim. Gülümsəyib, “Keç” dedi qapıçı.
Sonra bu “hünərimi” dədəmə danışmışdı. Demişdi, uşaq elə şəstlə “Novruz müəllimin qızıyam” dedi, xoşuma gəldi. Mən direktorun qızı olmağımdan çox məhz Novruz müəllimin qızı olmağımla fəxr etmişəm hər zaman. Hər zaman və hər yerdə. ,
On il öz məktəbimizdə oxudum. Onbirinci sinifi dədəm məni rayon mərkəzinə gətirdi. Dedi, burada hazırlaş, yaxşı universitetə gir. Həm məktəbə gedirdim, həm hazırlığa.
Məktəbdə ilk günlərim idi. Jurnalda ad-soyadları oxuyan informatika müəllimi mənə çatdı:
-Kamalova Şahnaz.
-Buradayam.
Gözlüyünü aşağı salıb üstündən mənə baxdı:
-Kamalov Novruzun nəyisən?
-Qızıyam.
Səs tonumun elə o ikinci sinifdə oxuyan qızcığazın səs tonu kimi qürurlu olduğunun fərqindəydim.
Məni rayona gətirəndə çoxları demişdi neynirsən aparıb, elə kənddə öyrəndikləri ilə harasa girə biləcək. Neynirsən qız uşağına bu qədər pul tökürsən, əziyyət çəkirsən. O, deyilənləri eşitmədi.
Universitetə sənəd verəndə niyyət etdim ki, qəbul olunub, ilk təqaüdümdən dədəmə bir köynək alacağam. Elə də etdim. Təqaüdü alıb yaxınlıqdakı paltar mağazasına girdim. Satıcı dədəmin köynək ölçüsünü soruşdu.
-Bilmirəm,- dedim- amma çox hündür bir kişidir.
Güldü:
-Bütün qızların gözündə ataları hamıdan hündür, güclü və yaxşıdır,-dedi.
Amma dədəm doğrudan da hündürboyludur. Satıcı bir köynək seçib verdi, böyük olsa, gətir dəyişim, dedi.
“Böyük olmaz!” dedim.
Evə gələndə köynəyi əmimə göstərdim. Dedi, get sabah dəyiş, bir ölçü balacasını al. Dədən belə kök deyil.
Dədəm mənim üçün hamıdan hündür, hamıdan ağıllı, hamıdan ucadır.
Sankt-Peterburqda işləməyə başlayanda həyatımda rolu, önəmi olan insanlara maaşımdan hədiyyələr aldım. Üç “Parker” qələmi almışdım. Bu qələmi çox sevdiyim, dəyər verdiyim, güvəndiyim insanlar üçün almışdım. Yayda gedəndə dədəmin qələmini verdim. Kövrəldi.

Bu gün onun yubileyidir- 70 yaşı tamam olur!
Mən, əslində, indi onun yanında olmalı idim. Nə qədər “ mən yaş-filan keçirməyəcəm” desə də, bilet almışdım. Hədiyyə də almışam. Köynək almışam ona, bu dəfə ölçüsünü düz seçərək
Amma gedə bilmədim, olmadı, bağladılar yolumu. O günü necə gözlədiyimi, nələr planlaşdırdığımı bir Tanrı bilir. Olmadı.
Pis olduğumu görür, təsəlli verməyə çalışır, gələndə nə istəsən edərsən, deyir. Amma mən bu gün onun yanında olmaq istəyirdim.
Ad gününü, doğum gününü, adınla bağlı olan Novruz bayramını təbrik edirəm, dədə!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!