Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sazişi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan bu addımı liderin siyasəti adlandırıb. “Cənab Putinlə biz liderin siyasətinin ehtiyaclarını yerinə yetirdik. Təbii ki, bir-birimizə inam olmasaydı, biz bu addımı ata bilməzdik və edə bilməzdik. Özünə inam və bir-birimizə hörmət də bizi belə addımlar atmağa sövq edir”, - prezident deyib. Ərdoğan, həmçinin nüvə enerjisilə bağlı birgə addımlardan da danışıb: “Nüvə enerjisi sahəsində aramızda olan həmrəylik və bundan sonra Sinopda nüvə enerjisində yeni bir addım, müdafiə sənayesi istiqamətində atdığımız addımlar, bunlar da təbii ki, bir-birinə hörməti təşviq edir. Ona görə də biz bu tədbiri uğurla başa vurduq. Biz indi izləyiciyik”.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın cənubunda yerləşən Xerson şəhərinə həyata keçirilən əks-hücumla əlaqədar qoşunlara Dnepr çayının qərb sahilindən geri çəkilməyi əmr edib. Bu barədə Ukraynadakı Rusiya qoşunlarına rəhbərlik edən komandan Sergey Surovikin məlumat verib. O bildirib ki, Xerson şəhərini təchiz etmək artıq mümkün deyil. "Biz əsgərlərimizin həyatını və bölmələrimizin döyüş qabiliyyətini xilas edəcəyik. Onları sağ (qərb) sahildə saxlamaq məqsədəuyğun deyil. Vəziyyəti hərtərəfli qiymətləndirərək, Dnepr çayının sol sahilində müdafiəyə çəkilməyi təklif edirəm. Qoşunların bəzilərindən başqa cəbhələrdə də istifadə oluna bilər", - deyə Surovikin qeyd edib.
ABŞ-da seçki ianələri rekord həddə çatıb - Siyasi qütbləşmə artır
ABŞ-da Konqresə keçirilən aralıq seçkilər təkcə siyasi deyil, həm də maliyyə analitiklərinin marağına səbəb olub. Partiyalar və onların donorları tərəfindən açıqlanan məlumatlara görə, bu il aralıq seçkilərdə ümumi ianələr 9,3 milyard dolları ötüb. Bu barədə partiyaların, namizədlərin və donorların hesabatlarını təhlil edən “OpenSecrets” tədqiqat təşkilatı məlumat yayıb. 2018-ci ildə keçirilən aralıq seçkilərdə ianələrin məbləği 7.1 milyard dollar olub. Ekspertlər builki rekord nəticəni ABŞ-da siyasi qütbləşmənin kəskinləşməsi ilə izah edir. Cari seçki dövründəki xərclər 2020-ci ildə Konqres seçkilərinə xərclənən 9,9 milyard dollardan bir qədər az olub. Həmin il Konqres seçkiləri prezident seçkiləri ilə eyni vaxtda keçirildiyi üçün xərclər daha çox olub. Bu seçkidə əsasən milyonçu və milyarderlər tərəfindən edilən böyük fərdi ianələr də rekord həddə çataraq 881 milyon dollar təşkil edib. 2018-ci ildə belə ianələrin həcmi 611 milyon dollar, 2014-cü ildə isə 232 milyon dollar olub. Bu il böyük fərdi ianələr edən iyirmi milyonçu və milyarderdən 14-ü Respublikaçılar partiyasını, qalanı Demokratları dəstəkləyib. Cari seçki dövrünün əsas siyasi donoru uzun illər Demokratları dəstəkləyən Corc Soros olub, hazırda onun sərvəti təxminən 6,7 milyard dollardır. Soros bu il 128 milyon dollar ianə edib.
Bakıda keçirilən dünya çempionatında kişilər arasında +90 kq J1 çəki dərəcəsində mübarizə aparan Azərbaycan paracüdoçusu İlham Zəkiyev gümüş medal qazanıb. O, finalda braziliyalı rəqibi A.Villiyam ilə qarşılaşıb. Həlledici görüşdə uduzan İlham Zəkiyev dünya ikincisi olub. Bununla da millimizin Dünya Çempionatında qazandığı medalların sayı 4-ə çatıb (1 gümüş, 3 bürünc).
Rusiyanın Qafqaz planı - Zaxarova yeni layihədən söz açdı
Rusiya Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının ortaya çıxarılması üçün konkret layihələrin həyata keçirilməsi üzərində işləyir. Bunu bu gün keçirilən mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. XİN rəsmisi qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi Üçtərəfli İşçi Qrup regionda kommunikasiyaların açılması üçün xeyli iş görüb. “Rusiya tərəfinin fəal iştirakı ilə Azərbaycan və Ermənistan xalqları arasında etimadın möhkəmləndirilməsi istiqamətində addımlar atılır”, - deyə Zaxarova bildirib.
Amerikalı aktyor Şon Penn Ukraynanın qələbəsinə inam rəmzi olaraq “Oskar” heykəlciyini prezident Volodimir Zelenskiyə təhvil verib. Bu barədə Ukraynanın Prezident Aparatı məlumat yayıb. Bildirilib ki, “Oskar” Ukraynada müharibə bitənə qədər qalacaq. Zelenski Pennə III dərəcəli “Xidmətə görə” ordenini təqdim edib, ona “səmimi dəstəyə və Ukraynanın dünyada məşhurlaşmasına verdiyi mühüm töhfəyə görə” təşəkkür edib.
“Qarabağ” klubu Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının 2022/23 mövsümünün startında ardıcıl 13-cü qələbəsini qazanıb. Ağdam klubu bunu III turdan təxirə salınan “Turan Tovuz”la səfər matçında rəsmiləşdirib. 2:0 hesabı ilə qalib gələn “Qarabağ” ölkə çempionatlarının 30 illik tarixində ən uzun start qələbəsinin müəllifi olub. Bunadək rekord “Neftçi”yə məxsus idi. Bakılılar 1992-ci ildəki ilk çempionata 12 qələbə ilə başlasa da, 13-cü oyununda Sumqayıtda “Xəzər”dən üç cavabsız qol buraxıb – 0:3. “Qarabağ” da “Neftçi” kimi 12 qələbədən sonra səfərə yollanıb, amma Tovuzda büdrəməyib. Üç gün əvvəl paytaxt təmsilçisinin rekordunu təkrarlayan Qurbanovun komandası bu dəfə mütləq göstəricini rəsmiləşdirib. Qeyd edək ki, “Qarabağ” 14-cü qələbəsini qazanmaq üçün noyabrın 13-də “Sabah”la səfər görüşündə də qalib gəlməlidir.
“2023-cü il üçün Ukraynaya 18 milyard avroluq dəstək paketi təklif edirik”. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə yazıb. O bildirib ki, Avropa İttifaqı Ukrayna ilə həmrəyliyini davam etdirir. “Avropa İttifaqına üzvlük yolunda irəliləyən Ukraynanın yenidən qurulması üçün zəmin hazırlayırıq”, - Ursula fon der Lyayen qeyd edib.
Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib. Butov.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. XİN rəsmisi qeyd edib ki, rəsmi Moskva hazırda inkişaf edən reallıqları nəzərə alaraq görüşün keçirilməsinə razılıq verə bilər.
Bir ildən çoxdur Ukraynada saxlanılan soydaşlarımız − Misir Qasımlı və Sübhan Quliyevlə bağlı hələ də məhkəmə qərarı verilməyib. Butov.az xəbər verir ki, Kiyev vilayəti Obuxovski rayon məhkəməsində keçirilən növbəti prosesdən sonra Misir Qasımlı Baku TV-yə açıqlama verib. Həbsdə olan Qarabağ qazisi bildirib ki, onlar haqqında irəli sürülən ittihamlar yalandır. “Bütün hüquqlarımız apellyasiya məhkəmələri tərəfindən pozulur. 8 aydır bizi heç bir məhkəməyə aparmırlar. Tərcüməçisiz, vəkilsiz məhkəmələr keçirirlər”, - deyə o əlavə edib. M.Qasımlı nə Xarici İşlər Nazirliyindən, nə Ombudsman Aparatından, nə də səfirlikdən vəkillərinin müraciətlərinə cavab verilmədiyini qeyd edib.