9-11-2022, 17:15
BMT-dən Azərbaycan xalqına təbrikBMT-nin Azərbaycandakı Nümayəndəliyi 9 Noyabr - Bayraq Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bununla bağlı BMT Nümayəndəliyi "Twitter"də paylaşım edib. "BMT-nin Azərbaycandakı Nümayəndəliyi Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir. Biz Azərbaycan ilə tərəfdaşlığımızı qiymətləndiririk və sülh, firavanlıq və davamlı inkişafa nail olmaq üçün birlikdə işləməyə hazırıq. Dövlət Bayrağı Gününüz mübarək!", - təbrikdə qeyd olunub.
9-11-2022, 17:00
Niaqara şəlaləsi bayrağımızın rənglərinə büründüAzərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin təşəbbüsü ilə ABŞ və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə mavi, qırmızı və yaşıl rənglər ilə işıqlandırılıb. Bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyi məlumat yayıb. Qeyd edilib ki, 8 noyabr tarixinin ölkəmizdə Zəfər Gününə təsadüf etməsi, eləcə də, ABŞ və Azərbaycan arasında vaxt fərqini nəzərə alaraq, şəlalənin məhz bu tarixdə işıqlandırılması üçün Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Niaqara Şəlaləsi Dövlət Parkının rəhbərliyinə müvafiq müraciət ünvanlanıb və Park rəhbərliyi tərəfindən sözügedən müraciət ilə bağlı müsbət qərar qəbul edilib.
9-11-2022, 16:55
Rusiyada yük qatarı relsdən çıxdıRusiyanın Başqırdıstan Respublikasında çınqıl daşıyan qatar qəzaya uğrayıb.
Butov.az-ın məlumatına görə, bu gün səhər saatlarında baş verən qəza nəticəsində qatarın dörd vaqonu relsdən çıxıb. Hadisə zamanı xəsarət alanların olmadığı deyilir. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
9-11-2022, 16:19
Füzulidə partlayış olub - Xəsarət alanlar varFüzuli rayonunun Arayatlı kəndində evdə partlayış olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ümumi sahəsi 208 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən otaqların pəncərə çərçivələri dağılıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 53 m² olan talvar yanıb. Hadisə zamanı 2 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
9-11-2022, 16:17
Ermənilərdən növbəti təxribat - Sülhməramlılar yenə göz yumduErmənilərin Azərbaycan Ordusuna qarşı təxribatları davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
9-11-2022, 16:16
Türkiyədə dəhşətli hadisə - 9 nəfər yanaraq öldüTürkiyənin Bursa vilayətində dəhşətli yanğın olub. Hadisə nəticəsində azı doqquz nəfər ölüb.
Butov.az xəbər verir ki, yanğın şəhərin Yıldırım rayonunda yerləşən üçmərtəbəli yaşayış binasında qeydə alınıb. Hadisə ilə bağlı Bursa valisi Yakup Canbolat açıqlama verib. Bildirilib ki, yanğın binanın orta mərtəbəsində suriyalı ailənin yaşadığı mənzildə baş verib. İlkin məlumata əsasən, yanğında doqquz nəfər ölüb. Bir ailənin üzvü olduqları ehtimal edilən bu şəxslərdən səkkizi azyaşlı, biri isə qadındır. Qadının uşaqların anası olduğu ehtimal edilir. Yanğının səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.
9-11-2022, 16:14
Ermənilər Kəlbəcər və Tovuzu atəşə tutdularNoyabrın 8-i saat 18:40-dan noyabrın 9-u saat 02:20-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Yuxarı Zağalı və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı, Yellicə, Zəylik, Zağalı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
9-11-2022, 15:14
Tanınmış meyxanaçı qonşusunu qətlə yetirdiTanınmış meyxanaçı Rəşad Dağlı (Rəşad Əmirov) qonşusunu qətlə yetirib.
Butov.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib. Məlumata görə, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb. R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən fakt təsdiqlənib. Faktla bağlı araşdırma aparılır.
9-11-2022, 15:11
Rusiya İrandan PUA-ları necə alıb? - Sensasion iddiaRusiya Ukraynaya hücum etmək üçün istifadə etdiyi pilotsuz uçuş aparatlarına (PUA) görə İrana 140 milyon avro nağd pul ödəyib. Bu barədə Britaniyanın "Sky news" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, İrana yalnız pul vəsaiti verilməyib. Moskva PUA-ların müqabilində müharibədə ələ keçirdiyi bir sıra Qərb silahlarını Tehrana təhvil verib. Bunlara əsasən Britaniya və Amerika silahları daxildir. Britaniya telekanalı 20 avqust 2022-ci ildə Tehranda iki İl-76 təyyarəsinin hərəkətini əks etdirən görüntülər əldə edib. Ukraynada ələ keçirilən silah nümunələrinin məhz bu təyyarələrdə daşındığı iddia edilir. Məlumata görə, Rusiya İrana Britaniyanın NLAW tank əleyhinə raketini, Amerikanın “Javelin” tank əleyhinə raketini və “Stinger” zenit raketini verib. Telekanalın mənbəsinin məlumatına əsasən, son günlər İran və Rusiya arasında 200 milyon avro dəyərində PUA-ların gələcək tədarükü haqqında razılıq əldə olunub.
9-11-2022, 15:08
Azərbaycanda Dövlət Bayrağı Günüdür Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Bu il artıq ikinci dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur.