25-04-2023, 17:00
Sərhəd-buraxılış məntəqəsinin yeni görüntüsü yayıldıAzərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsinin yeni görüntüləri yayılıb. Kadrlarda məntəqənin artıq hazır vəziyyətdə olduğu görünür. Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
25-04-2023, 16:30
Tərtər rayonunun Talış kəndinə marşrut xətti açıldı
“Böyük Qayıdış” proqramı çərçivəsində Tərtər rayonunun Talış kəndində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək üçün sözügedən istiqamətdə avtobus marşrutu fəaliyyətə başlayıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobus marşrutunun açılması ilə bağlı araşdırma aparıb və marşrutun mövcud vəziyyətdə fəaliyyətə başlaması imkanlarını təhlil edib. Kəndə avtobus marşrutunun açılması qərara alınıb. İlk mərhələdə marşrut “Şıxarx” qaçqın şəhərciyindən başlamaqla Talış kəndi istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, Avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda sərnişinlərə bir kiçik tutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün ərzində 2 reys həyata keçirilir. Rayon mərkəzindən 29 km məsafədə, dağlıq ərazidə yerləşən Talış kəndində hazırda 20 ailə olmaqla 90 nəfər məskunlaşıb. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin əsas məqamlarından biri də Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə öz doğma torpaqlarında yenidən məskunlaşmasının ən qısa zamanda təmin edilməsidir.
25-04-2023, 16:00
2027-ci ilə qədər qaz tədarükünü iki dəfə artıracayıq - PrezidentBiz 2027-ci ilə qədər təbii qazın tədarükünü iki dəfə artırmağı planlaşdırırıq. Bunu Sofiyada çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycandan Gürcüstana, Türkiyəyə, Bolqarıstana, İtaliyaya qaz tədarük edilir, bu il Rumıniyaya tədarüklərə başlanacaq. Prezident bildirib ki, bütün sistemlərarası qaz kəmərləri uğurla işləsə, qaz ilin sonuna kimi Macarıstan və Slovakiyaya çatdırılacaq. İlham Əliyev vurğulayıb ki, Azərbaycan qaz tədarük etdiyi ölkələrin sayını 6-dan ən azı 10-a çatdıracaq.
25-04-2023, 15:30
Türkiyə istehsalı təlim təyyarəsi ilk uçuşunu həyata keçirdiTürkiyənin yerli istehsal reaktiv mühərrikli təlim təyyarəsi ilk uçuşunu həyata keçirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarənin uçuş görüntülərini yayımlayıb. "İlk yerli və milli pilotlu səsdən sürətli reaktiv təyyarəmiz "Hürjet" ilk uçuşunu uğurla həyata keçirib", - Ərdoğan qeyd edib. TUSAŞ şirkəti tərəfindən hazırlanan təyyarə sınaqlardan sonra kütləvi istehsala başlayacaq. Təyyarə əsasən qırıcı pilotlarının təlimi üçün istifadə ediləcək.
25-04-2023, 15:00
Bayden 2024-cü il seçkilərində namizəd olacağını bəyan etdiABŞ Prezidenti Co Bayden 2024-cü il seçkilərində namizəd olacağını rəsmən açıqlayıb. O, bu barədə 3 dəqiqəlik videomüraciət yayımlayıb. Bayden vəzifədə başladığı “işi bitirmək” üçün seçicilərdən ona daha çox vaxt vermələrini istəyib: “Dörd il əvvəl prezidentliyə namizədliyimi irəli sürəndə demişdim ki, biz Amerikanın ruhu üçün mübarizə aparırıq və hələ də mübarizə aparırıq... Gəlin bu işi bitirək". 80 yaşlı Co Bayden yenidən prezident seçilərsə, 86 yaşında ikinci səlahiyyət müddətini başa vuracaq.
25-04-2023, 14:30
Rusiya Volkovu Qarabağdan geri çağırdıRusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırmaq qərarına gəlib. Bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb. İddialara görə, Volkovu əvəz edəcək yeni komandirin rütbəsi general-polkovnikdir. Adı açıqlanmayan komandan Rusiya ordusunun tərkibində müharibədə iştirak etmiş zabitdir və Müdafiə Nazirliyinin rəhbərliyinin etimadını qazanıb. Məlumatda bildirilib ki, Volkovun xələfi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı kadrlarından biridir. Onlar uzun illər birlikdə çalışırlar. "Volkov artıq getməyə hazırlaşır. Güman edilir ki, yeni komandir yaxın günlərdə gələcək", - "Hraparak" yazıb. Qeyd edək ki, Andrey Volkov 11 yanvar 2022-ci ildə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə komandan təyin edilib. General-mayor Andrey Volkov Rusiyanın Kostroma vilayətində Ali Hərbi Komandanlıq Kimyəvi Silahlardan Müdafiə Məktəbində təhsil alıb. Şimali Qafqaz Hərbi Dairəsinin qərargahında xidmət edib. Volkov 1986-cı ildə Əfqanıstanın Künduz şəhərində zabit kimi xidmətə başlayıb. Əfqanıstanda xidmət etdikdən sonra Andrey Volkov Qroznı ətrafında yerləşən özüyeriyən artilleriya alayında xidmətə başlayıb. 201-ci motoatıcı diviziyasının və Baqlan əyalətində Puli-Xumridə yerləşən motoatıcı alayın komandiri olub. O, bir müddət Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisi vəzifəsində çalışıb. 2000-ci ildə ona müddətdən əvvəl polkovnik hərbi rütbəsi verilib və “Şücaət” ordeni ilə də təltif edilib. Andrey Volkov 2017-ci ildə Suriyada xidmətə göndərilib.
25-04-2023, 14:00
Bolqarıstanda SOCAR-ın açılışı olduAprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər.
25-04-2023, 13:30
Sabahın hava proqnozuAzərbaycanda aprelin 26-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
25-04-2023, 12:30
ABŞ Rusiyanı Sibir Birləşmiş Ştatlarına bölmək istəyir - Medvedev"Rusiyanın raketləri, mərmiləri və tankları tükənməyib, müdafiə sənayesi istənilən problemi həll etməyə hazırdır". Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev deyib. "Rusiya Federasiyasının hərbi-sənaye kompleksi yükün öhdəsindən gəlir və ordunun ehtiyaclarını ödəməyə hazırdır. ABŞ-da Rusiya Federasiyasını Sibir Birləşmiş Ştatlarına və digər ayrı-ayrı ölkələrə bölmək və onları idarə etmək istəyirlər. Rusiya G20-ni başqa ölkələrlə birlikdə yaradıb və indi “məşhur” dost olmayan dövlətlər onu oradan qovmağı təklif edirlər", - Medvedev söyləyib. "Bütün ölkələr yeni genişmiqyaslı qlobal münaqişənin başlanmasının qarşısını almaq üçün səy göstərməlidir", - o əlavə edib.
25-04-2023, 12:00
İlham Əliyev Bolqarıstanda işgüzar səfərdədirAprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfərə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Bolqarıstanın Baş nazirinin iqtisadi siyasət üzrə müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev, Prezidentin xarici əlaqələr üzrə katibi Roussi İvanov və digər rəsmi şəxslər qarşılayıblar.