"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
15-06-2023, 22:12
İsrail Moskvanın Tehrandan silah almasından narahatdır


İsrail Moskvanın Tehrandan silah almasından narahatdır

İsrail hökuməti Moskvanın Tehrandan silah sistemləri almasından narahatdır. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetin (parlament) Xarici Əlaqələr və Müdafiə Komitəsinin iclasında bildirib. O qeyd edib ki, Ukrayna ətrafında baş verən hadisələr fonunda İsrail və Rusiya “sakit dialoq”u davam etdirir, tərəflər hazırkı vəziyyəti açıq şəkildə müzakirə edirlər. Netanyahu əlavə edib ki, hökumət ənənəvi kursu davam etdirir, İsrail Kiyevə humanitar yardım edir, lakin silah verməkdən çəkinir. Yerli mətbuat yazır ki, Moskva İsrailin Ukraynaya yardımı artırmasından, İsrail isə Rusiya Federasiyası ilə İran arasında əməkdaşlığın güclənməsindən narahat olduğunu bildirib.
15-06-2023, 21:35
İsrail Avropa ölkələrinə ilk dəfə yerli istehsal tanklarını satacaq


İsrail Avropa ölkələrinə ilk dəfə yerli istehsal tanklarını satacaq

İsrail adı açıqlanmayan Avropa ölkələrinə ilk dəfə yerli istehsal "Merkava" tanklarını satmağı planlaşdırır. Bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb. İsrail Müdafiə Nazirliyindəki mənbələr tankların alıcılarının adlarını çəkməkdən imtina ediblər. Mütəxəssislərin fikrincə, müqavilənin məbləği bir neçə on milyonlarla dollara çata bilər. Razılaşmanın yekun mərhələdə olduğu deyilir.
15-06-2023, 21:29
Milli həmrəylikdən milli qurtuluşa

Milli həmrəylikdən milli qurtuluşa

Milli həmrəylikdən milli qurtuluşaMüasir Azərbaycan tarixinin ən ziddiyyətli və gərgin dövrlərindən biri olan 1993-cü ilin iyun hadisələrinə təkcə lokal olaraq Gəncədə baş vermiş hadisə kimi deyil, regional siyasi kontekstdə baxmaq lazımdır.
Müstəqilliyin əldə olunması ilə siyasi idarəetmə yeni yanaşma tələb etməyə başlamış, amma hakimiyyətdə olanlar bunu edə bilmədiyi üçün ölkədə hakimiyyət böhranı yaranmışdı. Bir tərəfdə öz hakimiyyətini qoruyub saxlamaq istəyən "köhnələr" - Ayaz Mütəllibov və komandası, digər tərəfdə isə nəyin bahasına olursa-olsun, hakimiyyəti ələ almağa çalışan "cəbhəçilər" bu böhranın daha da dərinləşməsi üçün öz "töhfələrini" verməkdə idilər.

Zaman keçdikcə qütbləşmə və qarşıdurma kəskinləşirdi. Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz bu qarşıdurmanın nəticəsi oldu. Nəhayət, 1992-ci ilin mayında "cəbhəçi bəylər" hakimiyyəti ələ keçirdilər. Bu naşı komandanın hakimiyyətdə olduğu qısa müddətdə nələr baş verdiyi barədə geniş yazmağa ehtiyac yoxdur. Amma onu qeyd etmək lazımdır ki, "bəylər" vəziyyəti o həddə gətirib çıxardılar ki, 1993-cü ildə Azərbaycan dövlətinin taleyi sual altına düşdü. Gəncədə qiyam baş verdi, qardaş qırğını törədildi. Gəncə hadisələri şəxsi maraqlarını dövlətçilik mənafeyindən üstün tutan AXC-Müsavat iqtidarının xəyanəti idi.

Xalq bu vəziyyətdə bütün siyasi qüvvələrdən imtina edərək, ümidini böyük şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevə bağladı. Mövcud vəziyyəti idarə edə bilməyən, geosiyasi məsələlərdən baş çıxarmayan "bəylər" də öz həyatlarının təhlükədə olduğunu anlayaraq, məcburiyyət qarşısında qalıb üzlərini Naxçıvana tutdular. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider vəziyyəti ustalıqla təhlil edərək, böhrandan çıxış yollarını müəyyənləşdirdi.
Zaman keçdikcə Heydər Əliyev fenomeni tarixi gerçəkliklər fonunda daha da qabarıq şəkildə üzə çıxır. İyun hadisələri Azərbaycan tarixinin həm dönüş nöqtəsi, həm də milli qurtuluşa gedən yoldur. Bu hadisələr zamanı əsas missiyanı həyata keçirən Heydər Əliyevin ən gərgin emosional durumda soyuqqanlılıqla ən vacib tarixi qərarlar qəbul etməsi, xalqın bütövlüyünü təmin etməsi hər siyasi liderə xas olmayan səciyyəvi cəhətdir.

Gəlin həmin tarixi şəraitə bir daha nəzər salaq. Heydər Əliyev fenomeni ilə üzləşmək istəməyən rəqibləri onu siyasi səhnədən uzaqlaşdırmağa çalışırdılar. Bu çirkin ənənə SSRİ rəhbəri M.Qorbaçov tərəfindən həyata keçirilməyə başlamışdı və ümid edirdi ki, o, bu təcridetmə siyasəti ilə böyük dövlət adamını siyasi meydandan uzaqlaşdırmağa nail olacaq. M.Qorbaçova yaxın olan erməni lobbisi Heydər Əliyevin sovetlər birliyinin rəhbərliyindən getməsi ilə Azərbaycana qarşı iddialarını həyata keçirmək istəyirdi. Belə də oldu. Heydər Əliyevin Siyasi Bürodan istefasından 20 gün sonra akademik Aqanbekyan Fransada Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı ilk fikrini geniş ictimaiyyətə bildirdi.

O hadisələri Heydər Əliyev ürək ağrısı ilə izləyirdi. Həmin dövrdə Azərbaycana rəhbərlik edən Ə.Vəzirov isə Azərbaycanda "Əliyevşina" adı ilə Heydər Əliyevə qarşı kampaniya aparırdı. Müti qul kimi SSRİ rəhbərliyinin tapşırıqlarını həyata keçirən Azərbaycan rəhbərliyi milli azadlıq hərəkatına qarşı çıxır, xalqın azadlıq istəyini hərbi yolla boğmağa çalışan SSRİ rəhbərliyini müdafiə edirdi. Nəticədə 20 Yanvar hadisələri kimi faciə yaşandı. Bu faciə Heydər Əliyevi siyasi səhnəyə qayıtmağa məcbur etdi. O, Moskvada Azərbaycan nümayəndəliyində keçirdiyi mətbuat konfransında həyatını riskə ataraq 20 Yanvar faciəsinə görə SSRİ rəhbərliyini ittiham etdi.

Bundan sonra Heydər Əliyev Azərbaycana qayıtmaq qərarına gəldi. Lakin Heydər Əliyevin Azərbaycana gələrək siyasi həyata qoşulması Ayaz Mütəllibovu narahat edirdi. O, bütün cidd-cəhdlə Heydər Əliyevin Azərbaycana gəlməsinin qarşısını almağa çalışırdı. Hətta bu niyyətini gerçəkləşdirmək üçün terror etməkdən belə çəkinmədi. Heydər Əliyevin Azərbaycana gəlməsi üçün çalışan dəyərli ziyalı Əjdər Xanbabayevin terrora məruz qalması Heydər Əliyevin gəlişinin qarşısını almağa hesablanmışdı. Bu da mümkün olmadıqda A.Mütəllibov Heydər Əliyevin Bakıdan uzaqlaşdırılması məsələsini özü üçün taktiki manevr kimi qiymətləndirərək Ulu Öndərin paytaxtda qalmasına mane oldu. Ancaq xırda hisslərlə yaşayan bu adamlar böyük şəxsiyyətlərin böyüklüyünü anlayacaq idraka malik deyildilər. A.Mütəllibov Heydər Əliyevi siyasi səhnədən tamamilə uzaqlaşdrımaq məqsədilə 26 iyun 1991-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında qanun qəbul etdirdi. Qanun sırf Heydər Əliyevin prezident seçkisinə qatılmasının qarşısını almağa hesablanmışdı. Qanunun 1-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının o vətəndaşı seçilə bilər ki, yaşı 35-dən aşağı və 65-dən yuxarı olmasın, beş il Azərbaycan Respublikasında daimi yaşamış olsun və bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək hüququna malik olsun".

Təəssüf ki, demokratik şüarla siyasi həyata qatılan hərəkat iştirakçıları A.Mütəllibovun bu çirkin oyunundan öz xeyirlərinə yararlanmağa çalışdılar. Beləliklə, Heydər Əliyevə qarşı yönəlmiş təcridetmə siyasəti "uğurlu" taktiki manevr kimi bir-birinə zidd olan bütün siyasi qüvvələrin yeganə istinadgahına çevrildi. Onu da qeyd etməliyik ki, adıçəkilən hər iki şəxs - Ə.Vəzirov və A.Mütəllibov gənc yaşlarında Heydər Əliyev tərəfindən vəzifə pillələrində irəli çəkilmiş şəxslər idi. Onlar Heydər Əliyevin onların həyatında oynadığı həlledici rolu şükranlıq hissi ilə qiymətləndirmək əvəzinə keçici vəzifəpərəstliklərinin qurbanı oldular. Siyasi karyeralarının gələcəyini M.Qorbaçovun, Heydər Əliyevin təbirincə desək, ikiüzlü siyasətində tapdılar. Nəticədə antimilli ünsürə çevrildilər. Azərbaycan xalqı tərəfindən etimadlarını itirdilər.

Lakin siyasi dialektik qanunauyğunluq Heydər Əliyev fenomenini bu cür ucuz manevrlərlə gizlətməyin mümkün olmadığını sübut etdi. Dahi Səməd Vurğunun təbiri ilə desək,

"Günəşi örtsə də qara buludlar,
Yenə Günəş adlı bir qüdrəti var!"

1992-ci ildə AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi, bir il ərzində səriştəsizliklərini sübut etdikdən sonra ölkədə yaranmış xaos və vətəndaş qarşıdurmasının qarşısının alınması üçün yeganə yolun Heydər Əliyevdən keçdiyini anladı. "Azərbaycan xalqının 95 faizi bizim əleyhimizə getsə belə biz öz siyasətimizi davam etdirəcəyik" söyləyən siyasi uğursuzlar çıxılmaz duruma düşdülər. Bu həmin dövr idi ki, Azərbaycan xalqı və o cümlədən milli vətənpərvər gənclik müstəqilliyimizin qorunmasının yalnız böyük Heydər Əliyevdən keçdiyini gün kimi anlayırdı.

Heydər Əliyev 15 iyun 1993-cü ildə Milli Məclisdəki çıxışında bu hadisələri belə xarakterizə etmişdir: "1991-ci ilin fevral ayında bu salonda, bu tribunadan çıxış edərkən demişdim. Mən Azərbaycana xalqımla bir yerdə olmaq və xalqımın bu ağır günündə ona kömək olmaq üçün respublikaya qayıtmışam. Onda məni qəbul etmədilər. Ondan sonra da dəfələrlə demişəm. Mən heç bir vəzifə tutmaq iddiasında deyiləm. Bu gün də deyirəm. Bu dəqiqə burdan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən zalda oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni hiddətləndirir. Mən heç kəsə heç bir qarantiya vermirəm, mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün, vətəndaş kimi, Ali Sovetin deputatı kimi, Ali Sovetin Sədrinin müavini kimi, əgər etimad göstərsəniz, baxmayaraq ki, mən bunu istəmirəm, Ali Sovetin Sədri kimi fəaliyyət göstərməyə hazıram. Mən bu yola ancaq xalqın ağır vəziyyətdən çıxmasında müəyyən fəaliyyət göstərmək üçün gedirəm, başqa məqsədim yoxdur. Burda danışan adamların bəziləri ancaq məqsəd üçün bura gəliblər. Ona görə də mən heç kəsə heç bir qarantiya vermirəm. Ancaq hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır. Millətimizdə böyük potensial var, hamını birləşdirib bu vəziyyətdən çıxmaq olar".

Heydər Əliyevin bu tarixi çıxışı tarixçilər tərəfindən ciddi tədqiq edilməlidir. Məsələlərə təkcə siyasi-hüquqi kontekstdən deyil, həmçinin tarixə baxış bucağından baxmaq lazımdır. Yaxın keçmişimizdə baş verən bu hadisələri, təəssüflə qeyd etməliyəm ki, başqa cür yozaraq Heydər Əliyevin fəaliyyətinə kölgə salmaq və həqiqəti təhrif etmək istəyən konyunkturaya meyilli qüvvələr su bulandırmaqla məşğul idilər. Heydər Əliyev bu çıxışında xalqın müxtəlif təbəqələrindən ona olan müraciətləri qeyd etməklə bərabər, Azərbaycan prezidenti başda olmaqla, bütün rəhbərliyin onunla danışıqlar apararaq, təkidli xahişi ilə Bakıya dəvət etdiklərini onların üzünə deyir. Sonradan "Heydər Əliyev hakimiyyətə can atırdı" ifadələrinin müəlliflərinin heç biri Heydər Əliyevin fikirlərinə qarşı söz deməyə cürət etmədilər.

Heydər Əliyev Azərbaycan siyasi həyatında ən parlaq siyasi nümunələrin müəllifidir, bu, onun nitqində öz əksini bariz şəkildə tapmışdır. Ulu Öndər bütün çıxışlarında sistematik olaraq Azərbaycan xalqını tarixi varisliyə, Azərbaycanın istiqlalına və müstəqilliyinə, ərazi bütövlüyünün bərpa edilməsinə, milli birliyə, həmrəyliyə və demokratik dəyərlərə və qanunun aliliyinə ehtiramla yanaşmağa çağırmışdır.
1993-cü il iyunun 15-də Heydər Əliyev Milli Məclisdə dövlətçiliyimizin gələcəyini təmin edən daha bir tarixi çıxış edir. Bu çıxış onun həmin auditoriyada olan əvvəlki çıxışlarının məntiqi davamı idi.

7 mart 1991-ci il tarixdə Heydər Əliyevin Ali Sovetdə çıxışı zamanı milli birlik və həmrəyliklə bağlı fikirlərinə diqqət edək. O deyir: "Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır. Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm".

Heydər Əliyev bütün çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin qorunmasını əsas vəzifəsi hesab etdiyini vurğulayır. Ulu Öndər vəziyyətin gərgin, emosional olmasına baxmayaraq, 15 iyun 1993-cü ildə Milli Məclisdəki çıxışında soyuqqanlı və müdrikcəsinə ən mühüm zəruri məsələlərə toxunmağı vacib hesab edir. Heydər Əliyev tarixi məsuliyyət məsələsinə toxunaraq bildirir: "Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm".

Tarixi varislik kontekstində müstəqilliyə münasibət

Heydər Əliyevin tarixi varislik və dövlət müstəqilliyi ilə bağlı bu fikirləri müdriklik və cəsarət nümunəsidir: "Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Keçmiş Sovetlər İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu fikirləri rədd etməyə dəvət edirəm. Respublikanın qarşısında çox böyük və ağır vəzifələr durur. Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır".

Göründüyü kimi, Heydər Əliyev dövlət müstəqilliyinin qorunması və ərazi bütövlüyünün təmin olunmasını Azərbaycanın əsas strateji hədəfi kimi göstərir. Heydər Əliyevin başqa bir fikrinə diqqət yetirək: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir.

Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozulmasına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir sənə bundan öncə başladığı yola davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam".
Heydər Əliyev bu tarixi çıxışında da əvvəlki nitqlərindəki konsepsiyaya sadiq qalaraq Azərbaycanın dövlət müstəqilliyini xalqımız üçün bir nömrəli məsələ hesab edir. Siyasi plüralizm, qanunun aliliyi, demokratik dəyərlərə hörmət, insan haqlarının təmin olunmasının önəmini vurğulayır.

Xarici siyasət prioritetlərinin müəyyən edilməsi

İyun hadisələrinin gərginliyi fonunda Heydər Əliyevin ali kürsüdən çıxış edərək Azərbaycanın yaxın və uzaq tarixi üçün çox mühüm istiqamətləri müəyyən etməsinə heyrət etməyə bilmirsən. Xarici siyasət kursunu müəyyən edərkən Heydər Əliyev müstəqillik kursunun qorunmasını çox vacib sayaraq vurğulayır: "Xarici siyasət sahəsində keçən bir il müddətində çox iş görülüb. Ancaq görüləsi işlər daha da çoxdur. Güman edirəm ki, Azərbaycan Respublikası demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmalıdır. Hansı dövlətin daxili quruluşu, daxili siyasəti hansı istiqamətlə getməsindən asılı olmayaraq, biz normal münasibətlər yaratmalıyıq. Birinci növbədə, bizim yaxın qonşularımızla lazımi mədəni, iqtisadi, dövlət münasibətləri yaradılmalıdır".

Türkiyə ilə münasibətlərə böyük önəm verən Heydər Əliyev bildirir ki, Türkiyə Cümhuriyyəti ilə olan əlaqələr, şübhəsiz ki, respublikanın əhalisi tərəfindən bəyənilir. Ulu Öndər deyir: "Qonşu İran İslam Respublikası ilə bizim münasibətlərimiz yaxşılaşdırılmalıdır, inkişaf etdirilməlidir. Rusiya çox böyük dövlətdir, bizim şimalda olan qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha da yaxşı, daha da geniş, səmərəli olmalıdır. Keçmiş Sovetlər İttifaqına daxil olan, indi müstəqil dövlət olan bütün dövlətlərlə - Ukrayna, Belarus, Gürcüstan, Orta Asiya dövlətləri, Qazaxıstan, Pribaltika dövlətləri, Moldova ilə biz daha geniş qarşılıqlı əlaqələr yaratmalıyıq. Bizim üçün bu çox lazımdır. Çünki bu dövlətlərlə bizim iqtisadi əlaqələrimiz, mədəni əlaqələrimiz, insani əlaqələrimiz uzun illər, yüzilliklərlə çox yaxın olub".

Göründüyü kimi, Heydər Əliyev türkdilli xalqlarla münasibətlərə xüsusi önəm verir. Bu isə onun gələcəkdə Türk Dövlətləri Birliyinin qurulması ilə bağlı fəaliyyətinin təsadüfi olmadığını sübut edir.
Heydər Əliyev xarici siyasət prioritetlərini müəyyən edərək bildirir: "Şübhə etmirəm ki, məhz belə siyasət Azərbaycan Respublikasının müstəqil dövlət kimi formalaşmasına və inkişaf etməsinə kömək edəcəkdir. Azərbaycan Respublikası artıq ümumi dünya miqyasına çıxıbdır. Azərbaycan Respublikasına Amerika Birləşmiş Ştatları tərəfindən son zamanlar müsbət münasibətlər hamımızı sevindirir və güman edirəm ki, bu münasibətlər daha da genişlənib inkişaf etdirilməlidir. Bütün Avropa ölkələri ilə bizim əlaqələrimiz genişlənməlidir. Xüsusən İngiltərə, Fransa, Almaniya və başqa Avropa ölkələri ilə. Bütün müsəlman ölkələri ilə, ərəb ölkələri ilə, türkdilli ölkələrlə bizim əlaqələrimiz daha da sürətlə inkişaf etməlidir".

Həmrəyliyə çağırış

Heydər Əliyev həmin gərgin dövrdə Azərbaycan xalqını birləşdirə biləcək yeganə şəxsiyyət idi. Məhz onun çağırışı ilə milli birlik yarana bilərdi. Heydər Əliyevin siyasi opponentləri belə artıq bunu dərk edirdi. Heydər Əliyevin həmin anda emosional və təsirli çıxışı Azərbaycan xalqına məlhəm kimi gəldi. Xalqın gözlədiyi müdrik ağsaqqal xalqı birliyə, bütövlüyə çağıraraq deyirdi: "Mən burada Milli Məclisin iclasında, bu tribunadan üzümü bütün Azərbaycan vətəndaşlarına tuturam, bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza tuturam və müraciət edirəm və bildirirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir. Ona görə bütün daxili iğtişaşlar, daxili didişmələr kənara qoyulmalıdır. Mən müraciət edirəm bütün Azərbaycan xalqına, mən Gəncə əhalisinə, Azərbaycan Respublikasının deputatı Surət Hüseynova müraciət edirəm, onun silahdaşlarına müraciət edirəm və onların hamısını müdrikliyə, insani münasibətlərə dəvət edirəm. Bizim respublikamızın indi buna çox böyük ehtiyacı var və onlar da bilməlidir, bütün xalq da bilməlidir ki, indi biz hamımız bir olmalıyıq.

Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və ya ictimai təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq. Güman edirəm ki, Gəncə əhalisi, Gəncənin ətrafındakı rayonlarda yaşayan insanlar mənim bu səsimi eşidəcəklər, buna səs verəcəklər. Surət Hüseynov mənim bu səsimi eşidəcək, özünü müdrik aparacaq və biz bu bəladan tamamilə qurtula biləcəyik. Mən sizin hamınızı da bu sahədə fəaliyyət göstərməyə, birləşməyə dəvət edirəm".

Xırda hisslərə qapılmayan böyük lider

Uzun müddət Heydər Əliyevə qarşı qarayaxma kanpaniyası aparmış şəxslər onun qayıdışından təlaş keçirdilər. Heydər Əliyev isə onlara böyük olmağı öyrədərək demişdir: "Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı gələr. Kimin kiminlə nə haqq-hesabı var, sonra edər. İndi bunun vaxtı deyil. Bununla əlaqədar olaraq bir məsələyə də toxunmaq istəyirəm. Bəzi dairələrdə mənim haqqımda belə söhbətlər gedir ki, Heydər Əliyev əgər yenidən Azərbaycanda bir vəzifəyə gələrsə, kimdənsə qisas alacaq. Kimsə onun əleyhinə vaxtilə olub, yaxud kimsə ona pis münasibət göstərib, ona qarşı pis münasibət göstərəcək. Mən sizin qarşınızda tam məsuliyyətlə deyirəm və bütün Azərbaycan xalqına elan edirəm ki, ümumiyyətlə, mənim təbiətimdə qisasçılıq hissiyyatı yoxdur. Bunu sadəcə olaraq ayrı-ayrı adamlar süni surətdə yaradıblar və görsənir ki, bir mənə ləkə vurmaq üçün yox, ümumiyyətlə, bizi parçalamaq üçün. Sizə söz verirəm ki, heç vaxt qisasçılıq hissiyyatına qapılmayacağam. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam. Mən özümü o hisslərin səviyyəsinə heç vaxt salmamışam və salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən belə bir vəzifəyə gəldim. Yox. Mən sadəcə bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət aparmaq, qısas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və istəməyəcəyəm. Ancaq vəzifə çərçivəsində, şübhəsiz ki, biz hamımız nizam- intizama tabe olmalıyıq, biz hamımız qanuna tabe olmalıyıq, biz hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolla şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm".

Müstəqilliyimizi gözlənilən təhlükələrdən qoruyan Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev varislik ənənələrinə sadiqliyini əməli ilə təsdiqləyir. Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan zəfərimizin müjdəsini Ulu Öndər Heydər Əliyevə, bütün dünya azərbaycanlılarına qürurla çatdırdı: "2020-ci ilin 8 noyabrı tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!" Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı".

Hazırda Ulu Öndərin azad görmək istədiyi Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini yaratmaqla, orada Azərbaycan bayrağını qaldırmaqla müstəqilliyimizin sarsılmazlığını, ərazi bütövlüyümüzün bərpasının əbədiliyini dünyaya bəyan edən Prezident İlham Əliyev dövlət başçısı kimi xalqın etimadını doğruldur, varislik missiyasını ləyaqətlə davam etdirir.

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
15-06-2023, 20:29
Ermənistanın təxribat xarakterli addımları sülhə maneədir - Kamran Əliyev


Ermənistanın təxribat xarakterli addımları sülhə maneədir - Kamran Əliyev

“Ermənistanın təxribat xarakterli addımları bölgədə sülhün bərqərar olmasına maneədir”. Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov və Ermənistanın baş prokuroru Anna Vardapetyan arasında baş tutan üçtərəfli görüş zamanı deyib. Onun sözlərinə görə, bu ilin aprel ayında Naxçıvanda hərbi qulluq keçən iki Azərbaycan əsgəri əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşərək Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Kamran Əliyev bildirib ki, əsir götürülən Azərbaycan hərbçilərinə qarşı saxta sübutlarla cinayət təqibi aparılıb. Baş Prokuror iyunun 15-də Ermənistanın silahlı qüvvələri tərəfindən terror-təxribat-provokasiya əməllərini növbəti dəfə davam etdirilməklə müxtəlif çaplı odlu silahlardan ölkəmizin suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən DSX-nın hərbi qulluqçularına atəşlərin açıldığını, nəticədə 1 nəfər hərbi qulluqçumuzun yaralandığını diqqətə çatdıraraq, bu kimi təxribat xarakterli addımların bölgədə sülhün bərqərar olmasına maneə olduğunu bildirib.
15-06-2023, 19:20
Prokurorların rəhbərliyi ilə keçirilən üçtərəflu görüş başladı


Prokurorların rəhbərliyi ilə keçirilən üçtərəflu görüş başladı

Rusiyanın Sankt-Peterburq şəhərinin Taurid sarayında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov və Ermənistanın baş prokuroru Anna Vardapetyan arasında üçtərəfli görüşü başlayıb. Görüşdə çıxış edən İqor Krasnov deyib ki, tədbir 2021-ci ildən bəri analoji formatda keçirilən beşinci görüş olub. Əvvəlki üçtərəfli görüş 2022-ci ilin dekabrında Moskvada keçirilib və bu görüş zamanı Azərbaycan, Rusiya, Ermənistan prokurorluqlarının rəhbərləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Peşəkar dialoqun davam etdirilməsi üçün qarşılıqlı hazırlığı yüksək qiymətləndirən İqor Krasnov gələcək əməkdaşlığın qurulmasına konstruktiv yanaşmaya görə hər iki tərəfə təşəkkür edib. “Bildiyiniz kimi, bir aydan az əvvəl dövlətlərimizin başçılarının növbəti görüşü oldu. Görüşdə Azərbaycan, Ermənistan və Rusiya liderləri sərhəd bölgəsinin həyat təminatının normallaşdırılması ilə bağlı bir sıra aktual məsələlər üzrə qarşılıqlı məqbul həllərin işlənib hazırlanması barədə razılığa gəliblər. Bu baxımdan, bizim daimi təmaslarımızı davam etdirməyimizi, regionda sülhün, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, Azərbaycan-Ermənistan münasibətlərinin sabitləşdirilməsi vəzifələrinin yerinə yetirilməsi üçün əldə edilmiş razılaşmaların həyata keçirilməsi kursunu izləməyimizi son dərəcə vacib hesab edirəm. Şəxsən mən və bütün tabeliyində olanlar, o cümlədən sərhəd bölgəsində dislokasiya olunmuş hərbi prokurorlar Azərbaycan və Ermənistan tərəfləri arasında konstruktiv qarşılıqlı fəaliyyəti təmin etmək üçün bundan sonra da lazımi köməklik göstərəcəyik. Eyni zamanda, gərginliyin artmasının qarşısının alınmasını əsas vəzifə kimi görürəm. Əminəm ki, birgə səylərlə biz regionun ahəngdar inkişafı və orada yaşayan hər kəs üçün layiqli həyat üçün təhlükəsiz şərait yarada biləcəyik”.
15-06-2023, 18:54
Azərbaycan və Pakistan Anlaşma Memorandumu imzaladı


Azərbaycan və Pakistan Anlaşma Memorandumu imzaladı

İqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, energetika naziri Pərviz Şahbazov və Pakistandakı səfirimiz Xəzər Fərhadov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə iki dost ölkə arasında əlaqələrin qarşılıqlı etimad şəraitində möhkəmləndiyi, müxtəlif sahələrdə münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Görüşdə Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrimizin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Ticarət Nazirliyi arasında ticarət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd iki ölkə arasında ticarət əlaqələrinin dərinləşdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi məsələlərini əhatə edir.
15-06-2023, 18:32
Prezident və Pakistanın Baş naziri mətbuata bəyanatla çıxış etdi


Prezident və Pakistanın Baş naziri mətbuata bəyanatla çıxış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Baş nazir, hörmətli Qardaşım.
Xanımlar və cənablar, Azərbaycana xoş gəlmisiniz.
Mən çox şadam ki, əziz Qardaşım Azərbaycanda səfərdədir. Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir. Bizim Baş nazirlə təmaslarımız müntəzəmdir. Biz ötən il müxtəlif beynəlxalq tədbirlər çərçivəsində iki dəfə görüşmüşük. Mən minnətdaram ki, cənab Baş nazir dəvətimi qəbul edib və ölkəmizə rəsmi səfərə gəlib. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir, buna görə mən minnətdaram. Bu gün mən cənab Baş nazirə Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində hazırda gedən danışıqlarla bağlı məlumat verdim. Bu sazişin imzalanmasının perspektivləri var, sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!
Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi. Bu gün biz ikitərəfli gündəliyimizə daxil olan bir çox məsələləri, eyni zamanda, regional prosesləri, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Bizim irəliyə getməyimizlə bağlı tam aydın təsəvvürümüz var. Biz razılığa gəldik ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir. Biz, eyni zamanda, razılığa gəldik ki, ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərək. Biz bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq və məhsulların siyahısı üzərində işləyəcəyik ki, həmin siyahı bizim ticarət dövriyyəmizin artırılmasına xidmət edəcək. Əlbəttə ki, enerji sahəsində böyük perspektivlər var, istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində. Biz, eyni zamanda, razılığa gəldik ki, şəhərlərimiz arasında uçuşların sayını artıracağıq, xüsusilə də paytaxtlar arasında. Bu isə görüşümüzün, bu səfərin yaxşı nəticəsi olacaqdır. Biz bununla yanaşı, təhsil sahəsində böyük potensialı görürük. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Yəni, biz daha çox pakistanlı qardaşlarımızı burada görmək istəyirik. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər. Eyni zamanda, biz müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdik. Artıq qeyd etdiyim kimi, birgə hərbi təlimlərin sayının artırılması məsələsini müzakirə etdik, buna ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır. Bildiyiniz kimi, Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü bərpa etdi. Bu, danışıqlar və ya hər hansı bir vasitəçilik hesabına baş vermədi. Əksinə, həmin vasitəçilik səyləri vəziyyətin dondurulmasına gətirib çıxarmışdı. Biz bununla qəti razı olmadıq. Biz ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı 3 min övladımızı şəhid verərək döyüş vasitəsilə aldıq. Biz görürük ki, beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox. Biz hər ikimiz bunu yaxşı bilirik. Ona görə, ərazi bütövlüyü, təhlükəsizlik və firavanlıq, əlbəttə ki, Sizin ölkənin iqtisadi və hərbi gücü ilə bağlıdır. Bütün bu məsələlərdə bizim qarşılıqlı tam anlaşmamız var. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük. Cənab Baş nazir, səfərə gəldiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Mən Sizinlə görüşlərimizi hər zaman məmnunluqla xatırlayıram və biz bütün məsələləri müzakirə edirik. Eyni zamanda, Pakistan xalqını da təbrik etmək istəyirəm ki, Sizin kimi böyük təcrübəyə və siyasi baxışlara malik olan insanı hakimiyyətə gətirib. Siz ölkənizin inkişafına bağlı olan insansınız və onun müstəqilliyini gücləndirmək üçün səy göstərirsiniz. Əminəm ki, Sizin rəhbərliyinizlə Pakistan və qardaş Pakistan xalqı daha da böyük uğurlar, nailiyyətlər əldə edəcəkdir. Sizə və xalqınıza firavanlıq, xoşbəxtlik və sülh arzu edirəm. Təşəkkür edirəm.

Sonra Pakistanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir Məhəmməd Şahbaz Şərifin bəyanatı

- Əziz Qardaşım, cənab Prezident Əliyev.
Əvvəlcə onu qeyd etmək istəyirəm ki, biz gözəl ölkənizə ötən axşam gəldiyimiz andan etibarən hər bir məqamda mən çox yaxşı mənada təəccüblənirəm. Mənim qardaşım Nəvaz Şərif o vaxt mənə demişdi Bakıya gedəndə sən bunu görəcəksən ki, nə qədər gözəl şəhərdir. Ötən gün biz Bakıya axşam saatlarında gəldik. Bu gün səhər mən Sizin böyük atanız Heydər Əliyevə hörmətimi ifadə etmək üçün Fəxri xiyabanda oldum. Hesab edirəm ki, Siz onun layiqli oğlusunuz. Fəxri xiyabanı ziyarət etmək mənim üçün böyük şərəf idi. Əminəm, dahi atanızın ruhu şaddır ki, Sizin rəhbərliyinizlə gözəl ölkəniz və xalqınız inkişaf edir. Eyni zamanda, biz Şəhidlər xiyabanında da olduq. Orada bu ölkə uğrunda həyatını qurban verənlərin də ruhuna ehtiramımı bildirdim. Əziz Qardaşım, buraya gələndə yolboyu gördüklərim məndə çox dərin təəssürat yaradıb. Sizin gərgin əməyiniz və rəhbərliyiniz sayəsində ölkənizdə böyük işlər görülüb. Mən İslamabada qayıtmamışdan öncə Sizdən bir neçə xahiş edəcəyəm. Bizim şəhər planlaşdırılması və yaşıllaşdırma sahəsində sizin təcrübənizə ehtiyacımız var. Şəhəriniz son dərəcə təmizdir, tullantıların emalı məsələsi, yəni, bu sahələrdə bizim sizin təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edib. Cənab Prezident, biz bu gün çox səmərəli danışıqlar apardıq. Əlbəttə kamera qarşısında demək istəyirəm ki, bizim ikitərəfli danışıqlarımızda da bütün məsələlər üzrə qarşılıqlı anlaşma hökm sürür, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə mövqelərimiz üst-üstə düşür. Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Təyyarə Bakı hava limanına enərkən mən gördüm ki, orada Pakistan bayrağı dalğalanırdı, hətta hava limanından kənarda da. Nümayəndə heyətinin üzvü mənə dedi ki, cənab Baş nazir, baxın, kənarda belə Pakistan bayrağı dalğalanır. Bu, Azərbaycanda Pakistana olan münasibətdir və eyni dərəcədə Pakistan xalqı da Azərbaycan xalqını sevir, qardaş və bacı olaraq. Siz də uzaqgörən lider olaraq bu işə öz töhfənizi vermisiniz. Tam səmimi olaraq deyə bilərəm ki, əsrlər boyu davam edən bu münasibətlər çox güclüdür. Amma təəssüflər olsun ki, bu gün bizim ticarətimiz və sərmayə yatırımlarımız həmin o münasibətlər səviyyəsində deyil. Qarşılıqlı əməkdaşlıq sahəsində daha çox işlər görə bilərik və bilirəm ki, cənab Prezident, Siz bunu artırmaq niyyətindəsiniz, biz də onun əzmindəyik. Cənab Prezidentlə bu gün görüşdə biz xüsusi sahələrdə bu münasibətləri daha da inkişaf etdirmək məsələsini müzakirə etdik. Azərbaycan zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz sərvətlərinə malikdir. Bizim, əlbəttə, bu sahədə sıxıntımız var. Biz çox bahalı idxala bağlı olan ölkəyik. Bu, bizim üçün çox baha başa gəlir. Ötən il biz bu sahəyə 27 milyard ABŞ dolları xərcləmişik. Yəni, əziz Qardaşım, biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik. İnflyasiya, idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi səbəbindən bizim ölkəmiz böyük təzyiqlə üz-üzədir. Təsəvvür edin, ona görə biz enerjiyə 27 milyard ABŞ dolları xərcləmişik. Maşallah, Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik. Biz Səudiyyə Ərəbistanının “Aramco” şirkəti ilə danışıqlar aparırıq və çox şad olarıq ki, Azərbaycan da bu məsələyə qoşulsun və bizim həmin bu sahəyə xərclədiyimiz pulun bir hissəsini sərmayə olaraq öz üzərinə götürsün. Bizim Günəş enerjisi sahəsində potensialımız var. Biz arzularımızı gərgin əmək sayəsində həyata keçirə bilsək, əziz Qardaşım Sizi inandırıram ki, biz çox bahalı olan bu xərci, yəni, nefti idxal etmək məsələsini Günəş enerjisi vasitəsilə mübadilə edə bilərik. Biz hətta bu enerjini ixrac edə bilərik, bu mümkündür. Çünki bizim bu sahədə potensialımız 10 min meqavata bərabərdir. Sizi də dəvət edirəm. Siz də bu məsələyə çox müsbət rəy verdiniz ki, bu sahədə də Azərbaycan iştirak edə bilər, sərmayə qoya bilər. Biz də hər cür dəstək göstərməyə hazırıq ki, Azərbaycan bu sahəyə daxil olsun. Əlbəttə ki, Pakistan Azərbaycana düyü ixrac edən ölkədir. Mənim nümayəndəm buradadır, o da bu işdə çox intensiv çalışır ki, biz düyü ixracını artıra bilək. Sizə və Hökumətinizə təşəkkür edirəm, hər cür rüsumları aradan qaldırdınız ki, Pakistan düyüsü Azərbaycan bazarına maneəsiz ixrac edilsin. İnşallah, Pakistanın Basmati düyü brendi də Azərbaycanda supermarket şəbəkələrində təqdim olunacaq. Nəqliyyat sahəsi, biz bu məsələni yenidən müzakirə edəcəyik. Eyni zamanda, biz turizm sahəsini də inkişaf etdirmək istəyirik. Mən çox məmnuniyyətlə qeyd edə bilərəm ki, “Azərbaycan Hava Yolları” – AZAL tezliklə Bakıdan İslamabada uçuşlara başlayacaq. Əlbəttə, “Pakistan Beynəlxalq Hava Yolları” da əməkdaşlıq edəcəkdir. Mənim bildiyimə görə, Kəraçi və Lahora da reyslər açıla bilər. Mən Azərbaycanın nəqliyyat nazirini də Pakistana səfərə dəvət edirəm ki, bu məsələləri müzakirə edək və bu sahədə turizmi inkişaf etdirək. Bununla yanaşı, digər sahələr də var ki, biz orada daha sıx əməkdaşlıq edə bilərik. Sizi əmin edirəm ki, biz Sizinlə sıx şəkildə işləməyə hazırıq və bütün məqsədlərimizə nail ola bilərik. Təşəkkür edirəm Sizə, cənab Prezident, Siz Kəşmir məsələsində hər zaman bizim bacı-qardaşlarımızın yanında olmuşunuz. Son 70 ildən artıq bir dövrdə biz Hindistanın terror aktlarına, misilsiz zorakılığına məruz qalmışıq. Orada hər cür pozuntular baş veribdir. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri hətta o dərəcədə kobud şəkildə pozulmuşdu ki, vaxtilə - ötən əsrin 50-ci illərində cənab Nehru öz parlamentində söz vermişdi ki, Hindistan öz vədlərinə əməl edəcəkdir. Amma təkcə o vəd deyil, ondan sonra bir sıra öhdəliklər tarixin zibilliyinə göndərilmişdir. Onların törətdiyi vəhşilik minlərlə kəşmirli bacı-qardaşımızın həyatına son qoymuşdur, onlar şəhid olmuşdur. Hətta iki-üç yaşlı uşaqlar belə qətlə yetirilmişdir. Hər gün həmin ərazidə mülki insanların cəsədlərini görmək mümkündür. Cənab Prezident, Sizə mənəvi dəstəyə görə təşəkkür edirəm. Bu, bizim üçün çox dəyərlidir və bizi, kəşmirli bacı-qardaşlarımızı ruhlandırır ki, onlar özlərinin müqəddəratlarının təyin edilməsi məsələsinə də bir gün nail olacaqlar, İnşallah. Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Biz Qarabağ üzərində Azərbaycanın hüququnu hər zaman birmənalı dəstəkləmişik. Sizin Ordunuz çox cəsarətlə döyüşərək Qarabağı azad etmişdir, ölkənizin ərazi bütövlüyünü bərpa etmişdir. Pakistan Azərbaycanı hər zaman dəstəkləmişdir. Bu, bizim qardaş olaraq vəzifəmiz, borcumuz idi və biz bunu həyata keçirdik. Məmnunam ki, Ermənistanla sülh sazişi üzərində artıq danışıqlar gedir. Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir. Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik. Əziz Qardaşım, bizim çox böyük imkanlarımız var. Bu əməkdaşlıq nəticəsində idxal-ixracımız da çox kəskin şəkildə artacaqdır. Hesab edirəm ki, Azərbaycan təbii olaraq elə bir ölkədir ki, Pakistanla münasibətlərdə mühüm rol oynaya bilər. Qonşuluğumuzda Əfqanıstan var, İran var, Çin var. Çin daha mühüm bir oyunçudur. Yəni, Pakistan bu baxımdan Azərbaycan və Türkiyə ilə birlikdə qardaş ölkə olaraq hərəkət edə bilər. Pakistan, Azərbaycan, Səudiyyə Ərəbistanı yenə də qardaş ölkələrdir. Pakistan, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri qardaş ölkələrdir. Pakistan, Azərbaycan, Qətər qardaş ölkələrdir. Yəni, baxın nə qədər böyük işlər görmək olar. Biz Pakistan olaraq səylərimizi bir balaca artırmalıyıq. Biz daha fəal, daha çox enerji ilə işləməliyik. Sizi əmin edirəm ki, biz bu məsələdə bir yerdə irəliləyəcəyik. Biz müdafiə sənayesi sahəsində də tərəqqiyə nail ola bilərik. Heç şübhəm yoxdur ki, bizim əməkdaşlığımız bu sahədə də inkişaf edəcəkdir. Burada heç bir sirr yoxdur, biz heç nəyi gizlətmirik. Çünki nəticə etibarilə bu, regionda sülhün təmin edilməsinə xidmət edir, bu, təcavüz üçün istifadə edilmir. Biz öz hüquqlarımızı qoruyuruq. Biz bu regionda sülhü təşviq edirik ki, xalqlarımızın mənafelərini qoruya bilək. Biz bu sahədə də əməkdaşlığı səbirsizliklə gözləyirik. Sizin nümayəndə heyətinizi İslamabadda məmnuniyyətlə qəbul edəcəyəm ki, bu sahədə daha intensiv əlaqələr yaradıla bilsin. İqtisadiyyat, kommersiya, ticarət, aviasiya sahələrində də nümayəndə heyətinizi gözləyirik. Biz, eyni zamanda, enerji sahəsində də Sizin nümayəndə heyətinizi gözləyirik ki, bu sahəyə, neft, neft-kimya və Günəş enerjisi sahələrinə sərmayə cəlb edə bilək. Sizi əmin etmək istərdim ki, bu, ən şəffaf münasibətlər olacaq, proses sürətlə gedəcək, biz vaxt itirməyəcəyik və bütün bürokratik maneələri aradan qaldıracağıq. Biz bu məsələlərdə də sübut edəcəyik ki, budur iki qardaş ölkə, biz xalqlarımızın mənafeyi naminə birlikdə daha böyük nailiyyətlər əldə edə bilərik. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm, cənab Prezident, gözəl ölkənizdə olmağa şadam. Bu imkanı bizə yaratdığınız üçün Sizə bir daha təşəkkür edirəm. Mən şəxsən Sizin bütün nailiyyətlərinizin şahidi oldum, Sizin rəhbərliyinizlə bu ölkədə nə işlər görülüb, onu da öz gözlərimlə gördüm. Mən bu fürsətdən istifadə edərək, cənab Prezident, Sizi Pakistana səfərə dəvət edirəm. Mən artıq Xarici İşlər Nazirliyinə göstəriş vermişəm ki, tarixlərlə bağlı danışıqlar aparılsın və böyük məmnuniyyətlə Sizi İslamabadda görməyə şad olacağam, İnşallah. Diqqətinizə görə təşəkkür edirəm.

15-06-2023, 18:09
Zəngilan istiqamətində ağır döyüşlər gedir - Ermənistan PUA-lardan istifadə edir


Zəngilan istiqamətində ağır döyüşlər gedir - Ermənistan PUA-lardan istifadə edir

Hazırda Zəngilan istiqamətində ağır döyüşlər gedir, düşmən artilleriya qurğularından istifadə edir. Bu barədə “Caliber” məlumat yayıb. Bildirilib ki, döyüşlər Azərbaycan sərhəd zastavasının atəşə tutulmasından sonra başlayıb. Məlumata görə, Ermənistan tərəfi artilleriya qurğularından və zərbə PUA-larından istifadə edir.
15-06-2023, 18:03
Bizim Ukrayna Silahlı Qüvvələrində “quşlar koalisiyası” da olacaq - Reznikov


Bizim Ukrayna Silahlı Qüvvələrində “quşlar koalisiyası” da olacaq - Reznikov

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov NATO-nun mənzil-qərargahında müttəfiqləri ilə bugünkü danışıqların nəticələrindən ürəkdən razı olduğunu bildirib. Bu barədə "Novaya Gazeta Europe" yazıb. “Bu gün döyüşçü koalisiyası ilə bağlı mühüm xəbər eşitdim. Biz partnyorlarımızla F-16 təliminin başlayacağına dair razılaşma əldə etmişik və lider olaraq Niderland və Danimarka ilə konsorsium quracağıq. Digər ölkələr də qoşulacaq”, - Reznikov NATO-nun baş katibi Yens Stoltenberqlə birgə bəyanatında bildirib. “Bizim tank koalisiyamız, hava təhlükəsizliyi, artilleriya və MLRS koalisiyamız var. Ona görə də mən tam əminəm ki, bizim Ukrayna Silahlı Qüvvələrində “quşlar koalisiyası” da olacaq”, - nazir əlavə edib.
15-06-2023, 17:51
Pakistanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı


Pakistanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 15-də başa çatıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş nazir Məhəmməd Şahbaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!