Milli həmrəylikdən milli qurtuluşaMilli həmrəylikdən milli qurtuluşaMüasir Azərbaycan tarixinin ən ziddiyyətli və gərgin dövrlərindən biri olan 1993-cü ilin iyun hadisələrinə təkcə lokal olaraq Gəncədə baş vermiş hadisə kimi deyil, regional siyasi kontekstdə baxmaq lazımdır.
Müstəqilliyin əldə olunması ilə siyasi idarəetmə yeni yanaşma tələb etməyə başlamış, amma hakimiyyətdə olanlar bunu edə bilmədiyi üçün ölkədə hakimiyyət böhranı yaranmışdı. Bir tərəfdə öz hakimiyyətini qoruyub saxlamaq istəyən "köhnələr" - Ayaz Mütəllibov və komandası, digər tərəfdə isə nəyin bahasına olursa-olsun, hakimiyyəti ələ almağa çalışan "cəbhəçilər" bu böhranın daha da dərinləşməsi üçün öz "töhfələrini" verməkdə idilər.
Zaman keçdikcə qütbləşmə və qarşıdurma kəskinləşirdi. Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz bu qarşıdurmanın nəticəsi oldu. Nəhayət, 1992-ci ilin mayında "cəbhəçi bəylər" hakimiyyəti ələ keçirdilər. Bu naşı komandanın hakimiyyətdə olduğu qısa müddətdə nələr baş verdiyi barədə geniş yazmağa ehtiyac yoxdur. Amma onu qeyd etmək lazımdır ki, "bəylər" vəziyyəti o həddə gətirib çıxardılar ki, 1993-cü ildə Azərbaycan dövlətinin taleyi sual altına düşdü. Gəncədə qiyam baş verdi, qardaş qırğını törədildi. Gəncə hadisələri şəxsi maraqlarını dövlətçilik mənafeyindən üstün tutan AXC-Müsavat iqtidarının xəyanəti idi.
Xalq bu vəziyyətdə bütün siyasi qüvvələrdən imtina edərək, ümidini böyük şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevə bağladı. Mövcud vəziyyəti idarə edə bilməyən, geosiyasi məsələlərdən baş çıxarmayan "bəylər" də öz həyatlarının təhlükədə olduğunu anlayaraq, məcburiyyət qarşısında qalıb üzlərini Naxçıvana tutdular. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider vəziyyəti ustalıqla təhlil edərək, böhrandan çıxış yollarını müəyyənləşdirdi.
Zaman keçdikcə Heydər Əliyev fenomeni tarixi gerçəkliklər fonunda daha da qabarıq şəkildə üzə çıxır. İyun hadisələri Azərbaycan tarixinin həm dönüş nöqtəsi, həm də milli qurtuluşa gedən yoldur. Bu hadisələr zamanı əsas missiyanı həyata keçirən Heydər Əliyevin ən gərgin emosional durumda soyuqqanlılıqla ən vacib tarixi qərarlar qəbul etməsi, xalqın bütövlüyünü təmin etməsi hər siyasi liderə xas olmayan səciyyəvi cəhətdir.
Gəlin həmin tarixi şəraitə bir daha nəzər salaq. Heydər Əliyev fenomeni ilə üzləşmək istəməyən rəqibləri onu siyasi səhnədən uzaqlaşdırmağa çalışırdılar. Bu çirkin ənənə SSRİ rəhbəri M.Qorbaçov tərəfindən həyata keçirilməyə başlamışdı və ümid edirdi ki, o, bu təcridetmə siyasəti ilə böyük dövlət adamını siyasi meydandan uzaqlaşdırmağa nail olacaq. M.Qorbaçova yaxın olan erməni lobbisi Heydər Əliyevin sovetlər birliyinin rəhbərliyindən getməsi ilə Azərbaycana qarşı iddialarını həyata keçirmək istəyirdi. Belə də oldu. Heydər Əliyevin Siyasi Bürodan istefasından 20 gün sonra akademik Aqanbekyan Fransada Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı ilk fikrini geniş ictimaiyyətə bildirdi.
O hadisələri Heydər Əliyev ürək ağrısı ilə izləyirdi. Həmin dövrdə Azərbaycana rəhbərlik edən Ə.Vəzirov isə Azərbaycanda "Əliyevşina" adı ilə Heydər Əliyevə qarşı kampaniya aparırdı. Müti qul kimi SSRİ rəhbərliyinin tapşırıqlarını həyata keçirən Azərbaycan rəhbərliyi milli azadlıq hərəkatına qarşı çıxır, xalqın azadlıq istəyini hərbi yolla boğmağa çalışan SSRİ rəhbərliyini müdafiə edirdi. Nəticədə 20 Yanvar hadisələri kimi faciə yaşandı. Bu faciə Heydər Əliyevi siyasi səhnəyə qayıtmağa məcbur etdi. O, Moskvada Azərbaycan nümayəndəliyində keçirdiyi mətbuat konfransında həyatını riskə ataraq 20 Yanvar faciəsinə görə SSRİ rəhbərliyini ittiham etdi.
Bundan sonra Heydər Əliyev Azərbaycana qayıtmaq qərarına gəldi. Lakin Heydər Əliyevin Azərbaycana gələrək siyasi həyata qoşulması Ayaz Mütəllibovu narahat edirdi. O, bütün cidd-cəhdlə Heydər Əliyevin Azərbaycana gəlməsinin qarşısını almağa çalışırdı. Hətta bu niyyətini gerçəkləşdirmək üçün terror etməkdən belə çəkinmədi. Heydər Əliyevin Azərbaycana gəlməsi üçün çalışan dəyərli ziyalı Əjdər Xanbabayevin terrora məruz qalması Heydər Əliyevin gəlişinin qarşısını almağa hesablanmışdı. Bu da mümkün olmadıqda A.Mütəllibov Heydər Əliyevin Bakıdan uzaqlaşdırılması məsələsini özü üçün taktiki manevr kimi qiymətləndirərək Ulu Öndərin paytaxtda qalmasına mane oldu. Ancaq xırda hisslərlə yaşayan bu adamlar böyük şəxsiyyətlərin böyüklüyünü anlayacaq idraka malik deyildilər. A.Mütəllibov Heydər Əliyevi siyasi səhnədən tamamilə uzaqlaşdrımaq məqsədilə 26 iyun 1991-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında qanun qəbul etdirdi. Qanun sırf Heydər Əliyevin prezident seçkisinə qatılmasının qarşısını almağa hesablanmışdı. Qanunun 1-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının o vətəndaşı seçilə bilər ki, yaşı 35-dən aşağı və 65-dən yuxarı olmasın, beş il Azərbaycan Respublikasında daimi yaşamış olsun və bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək hüququna malik olsun".
Təəssüf ki, demokratik şüarla siyasi həyata qatılan hərəkat iştirakçıları A.Mütəllibovun bu çirkin oyunundan öz xeyirlərinə yararlanmağa çalışdılar. Beləliklə, Heydər Əliyevə qarşı yönəlmiş təcridetmə siyasəti "uğurlu" taktiki manevr kimi bir-birinə zidd olan bütün siyasi qüvvələrin yeganə istinadgahına çevrildi. Onu da qeyd etməliyik ki, adıçəkilən hər iki şəxs - Ə.Vəzirov və A.Mütəllibov gənc yaşlarında Heydər Əliyev tərəfindən vəzifə pillələrində irəli çəkilmiş şəxslər idi. Onlar Heydər Əliyevin onların həyatında oynadığı həlledici rolu şükranlıq hissi ilə qiymətləndirmək əvəzinə keçici vəzifəpərəstliklərinin qurbanı oldular. Siyasi karyeralarının gələcəyini M.Qorbaçovun, Heydər Əliyevin təbirincə desək, ikiüzlü siyasətində tapdılar. Nəticədə antimilli ünsürə çevrildilər. Azərbaycan xalqı tərəfindən etimadlarını itirdilər.
Lakin siyasi dialektik qanunauyğunluq Heydər Əliyev fenomenini bu cür ucuz manevrlərlə gizlətməyin mümkün olmadığını sübut etdi. Dahi Səməd Vurğunun təbiri ilə desək,
"Günəşi örtsə də qara buludlar,
Yenə Günəş adlı bir qüdrəti var!"
1992-ci ildə AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi, bir il ərzində səriştəsizliklərini sübut etdikdən sonra ölkədə yaranmış xaos və vətəndaş qarşıdurmasının qarşısının alınması üçün yeganə yolun Heydər Əliyevdən keçdiyini anladı. "Azərbaycan xalqının 95 faizi bizim əleyhimizə getsə belə biz öz siyasətimizi davam etdirəcəyik" söyləyən siyasi uğursuzlar çıxılmaz duruma düşdülər. Bu həmin dövr idi ki, Azərbaycan xalqı və o cümlədən milli vətənpərvər gənclik müstəqilliyimizin qorunmasının yalnız böyük Heydər Əliyevdən keçdiyini gün kimi anlayırdı.
Heydər Əliyev 15 iyun 1993-cü ildə Milli Məclisdəki çıxışında bu hadisələri belə xarakterizə etmişdir: "1991-ci ilin fevral ayında bu salonda, bu tribunadan çıxış edərkən demişdim. Mən Azərbaycana xalqımla bir yerdə olmaq və xalqımın bu ağır günündə ona kömək olmaq üçün respublikaya qayıtmışam. Onda məni qəbul etmədilər. Ondan sonra da dəfələrlə demişəm. Mən heç bir vəzifə tutmaq iddiasında deyiləm. Bu gün də deyirəm. Bu dəqiqə burdan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən zalda oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni hiddətləndirir. Mən heç kəsə heç bir qarantiya vermirəm, mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün, vətəndaş kimi, Ali Sovetin deputatı kimi, Ali Sovetin Sədrinin müavini kimi, əgər etimad göstərsəniz, baxmayaraq ki, mən bunu istəmirəm, Ali Sovetin Sədri kimi fəaliyyət göstərməyə hazıram. Mən bu yola ancaq xalqın ağır vəziyyətdən çıxmasında müəyyən fəaliyyət göstərmək üçün gedirəm, başqa məqsədim yoxdur. Burda danışan adamların bəziləri ancaq məqsəd üçün bura gəliblər. Ona görə də mən heç kəsə heç bir qarantiya vermirəm. Ancaq hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır. Millətimizdə böyük potensial var, hamını birləşdirib bu vəziyyətdən çıxmaq olar".
Heydər Əliyevin bu tarixi çıxışı tarixçilər tərəfindən ciddi tədqiq edilməlidir. Məsələlərə təkcə siyasi-hüquqi kontekstdən deyil, həmçinin tarixə baxış bucağından baxmaq lazımdır. Yaxın keçmişimizdə baş verən bu hadisələri, təəssüflə qeyd etməliyəm ki, başqa cür yozaraq Heydər Əliyevin fəaliyyətinə kölgə salmaq və həqiqəti təhrif etmək istəyən konyunkturaya meyilli qüvvələr su bulandırmaqla məşğul idilər. Heydər Əliyev bu çıxışında xalqın müxtəlif təbəqələrindən ona olan müraciətləri qeyd etməklə bərabər, Azərbaycan prezidenti başda olmaqla, bütün rəhbərliyin onunla danışıqlar apararaq, təkidli xahişi ilə Bakıya dəvət etdiklərini onların üzünə deyir. Sonradan "Heydər Əliyev hakimiyyətə can atırdı" ifadələrinin müəlliflərinin heç biri Heydər Əliyevin fikirlərinə qarşı söz deməyə cürət etmədilər.
Heydər Əliyev Azərbaycan siyasi həyatında ən parlaq siyasi nümunələrin müəllifidir, bu, onun nitqində öz əksini bariz şəkildə tapmışdır. Ulu Öndər bütün çıxışlarında sistematik olaraq Azərbaycan xalqını tarixi varisliyə, Azərbaycanın istiqlalına və müstəqilliyinə, ərazi bütövlüyünün bərpa edilməsinə, milli birliyə, həmrəyliyə və demokratik dəyərlərə və qanunun aliliyinə ehtiramla yanaşmağa çağırmışdır.
1993-cü il iyunun 15-də Heydər Əliyev Milli Məclisdə dövlətçiliyimizin gələcəyini təmin edən daha bir tarixi çıxış edir. Bu çıxış onun həmin auditoriyada olan əvvəlki çıxışlarının məntiqi davamı idi.
7 mart 1991-ci il tarixdə Heydər Əliyevin Ali Sovetdə çıxışı zamanı milli birlik və həmrəyliklə bağlı fikirlərinə diqqət edək. O deyir: "Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır. Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm".
Heydər Əliyev bütün çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin qorunmasını əsas vəzifəsi hesab etdiyini vurğulayır. Ulu Öndər vəziyyətin gərgin, emosional olmasına baxmayaraq, 15 iyun 1993-cü ildə Milli Məclisdəki çıxışında soyuqqanlı və müdrikcəsinə ən mühüm zəruri məsələlərə toxunmağı vacib hesab edir. Heydər Əliyev tarixi məsuliyyət məsələsinə toxunaraq bildirir: "Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm".
Tarixi varislik kontekstində müstəqilliyə münasibət
Heydər Əliyevin tarixi varislik və dövlət müstəqilliyi ilə bağlı bu fikirləri müdriklik və cəsarət nümunəsidir: "Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Keçmiş Sovetlər İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu fikirləri rədd etməyə dəvət edirəm. Respublikanın qarşısında çox böyük və ağır vəzifələr durur. Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır".
Göründüyü kimi, Heydər Əliyev dövlət müstəqilliyinin qorunması və ərazi bütövlüyünün təmin olunmasını Azərbaycanın əsas strateji hədəfi kimi göstərir. Heydər Əliyevin başqa bir fikrinə diqqət yetirək: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir.
Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozulmasına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir sənə bundan öncə başladığı yola davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam".
Heydər Əliyev bu tarixi çıxışında da əvvəlki nitqlərindəki konsepsiyaya sadiq qalaraq Azərbaycanın dövlət müstəqilliyini xalqımız üçün bir nömrəli məsələ hesab edir. Siyasi plüralizm, qanunun aliliyi, demokratik dəyərlərə hörmət, insan haqlarının təmin olunmasının önəmini vurğulayır.
Xarici siyasət prioritetlərinin müəyyən edilməsi
İyun hadisələrinin gərginliyi fonunda Heydər Əliyevin ali kürsüdən çıxış edərək Azərbaycanın yaxın və uzaq tarixi üçün çox mühüm istiqamətləri müəyyən etməsinə heyrət etməyə bilmirsən. Xarici siyasət kursunu müəyyən edərkən Heydər Əliyev müstəqillik kursunun qorunmasını çox vacib sayaraq vurğulayır: "Xarici siyasət sahəsində keçən bir il müddətində çox iş görülüb. Ancaq görüləsi işlər daha da çoxdur. Güman edirəm ki, Azərbaycan Respublikası demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmalıdır. Hansı dövlətin daxili quruluşu, daxili siyasəti hansı istiqamətlə getməsindən asılı olmayaraq, biz normal münasibətlər yaratmalıyıq. Birinci növbədə, bizim yaxın qonşularımızla lazımi mədəni, iqtisadi, dövlət münasibətləri yaradılmalıdır".
Türkiyə ilə münasibətlərə böyük önəm verən Heydər Əliyev bildirir ki, Türkiyə Cümhuriyyəti ilə olan əlaqələr, şübhəsiz ki, respublikanın əhalisi tərəfindən bəyənilir. Ulu Öndər deyir: "Qonşu İran İslam Respublikası ilə bizim münasibətlərimiz yaxşılaşdırılmalıdır, inkişaf etdirilməlidir. Rusiya çox böyük dövlətdir, bizim şimalda olan qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha da yaxşı, daha da geniş, səmərəli olmalıdır. Keçmiş Sovetlər İttifaqına daxil olan, indi müstəqil dövlət olan bütün dövlətlərlə - Ukrayna, Belarus, Gürcüstan, Orta Asiya dövlətləri, Qazaxıstan, Pribaltika dövlətləri, Moldova ilə biz daha geniş qarşılıqlı əlaqələr yaratmalıyıq. Bizim üçün bu çox lazımdır. Çünki bu dövlətlərlə bizim iqtisadi əlaqələrimiz, mədəni əlaqələrimiz, insani əlaqələrimiz uzun illər, yüzilliklərlə çox yaxın olub".
Göründüyü kimi, Heydər Əliyev türkdilli xalqlarla münasibətlərə xüsusi önəm verir. Bu isə onun gələcəkdə Türk Dövlətləri Birliyinin qurulması ilə bağlı fəaliyyətinin təsadüfi olmadığını sübut edir.
Heydər Əliyev xarici siyasət prioritetlərini müəyyən edərək bildirir: "Şübhə etmirəm ki, məhz belə siyasət Azərbaycan Respublikasının müstəqil dövlət kimi formalaşmasına və inkişaf etməsinə kömək edəcəkdir. Azərbaycan Respublikası artıq ümumi dünya miqyasına çıxıbdır. Azərbaycan Respublikasına Amerika Birləşmiş Ştatları tərəfindən son zamanlar müsbət münasibətlər hamımızı sevindirir və güman edirəm ki, bu münasibətlər daha da genişlənib inkişaf etdirilməlidir. Bütün Avropa ölkələri ilə bizim əlaqələrimiz genişlənməlidir. Xüsusən İngiltərə, Fransa, Almaniya və başqa Avropa ölkələri ilə. Bütün müsəlman ölkələri ilə, ərəb ölkələri ilə, türkdilli ölkələrlə bizim əlaqələrimiz daha da sürətlə inkişaf etməlidir".
Həmrəyliyə çağırış
Heydər Əliyev həmin gərgin dövrdə Azərbaycan xalqını birləşdirə biləcək yeganə şəxsiyyət idi. Məhz onun çağırışı ilə milli birlik yarana bilərdi. Heydər Əliyevin siyasi opponentləri belə artıq bunu dərk edirdi. Heydər Əliyevin həmin anda emosional və təsirli çıxışı Azərbaycan xalqına məlhəm kimi gəldi. Xalqın gözlədiyi müdrik ağsaqqal xalqı birliyə, bütövlüyə çağıraraq deyirdi: "Mən burada Milli Məclisin iclasında, bu tribunadan üzümü bütün Azərbaycan vətəndaşlarına tuturam, bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza tuturam və müraciət edirəm və bildirirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir. Ona görə bütün daxili iğtişaşlar, daxili didişmələr kənara qoyulmalıdır. Mən müraciət edirəm bütün Azərbaycan xalqına, mən Gəncə əhalisinə, Azərbaycan Respublikasının deputatı Surət Hüseynova müraciət edirəm, onun silahdaşlarına müraciət edirəm və onların hamısını müdrikliyə, insani münasibətlərə dəvət edirəm. Bizim respublikamızın indi buna çox böyük ehtiyacı var və onlar da bilməlidir, bütün xalq da bilməlidir ki, indi biz hamımız bir olmalıyıq.
Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və ya ictimai təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq. Güman edirəm ki, Gəncə əhalisi, Gəncənin ətrafındakı rayonlarda yaşayan insanlar mənim bu səsimi eşidəcəklər, buna səs verəcəklər. Surət Hüseynov mənim bu səsimi eşidəcək, özünü müdrik aparacaq və biz bu bəladan tamamilə qurtula biləcəyik. Mən sizin hamınızı da bu sahədə fəaliyyət göstərməyə, birləşməyə dəvət edirəm".
Xırda hisslərə qapılmayan böyük lider
Uzun müddət Heydər Əliyevə qarşı qarayaxma kanpaniyası aparmış şəxslər onun qayıdışından təlaş keçirdilər. Heydər Əliyev isə onlara böyük olmağı öyrədərək demişdir: "Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı gələr. Kimin kiminlə nə haqq-hesabı var, sonra edər. İndi bunun vaxtı deyil. Bununla əlaqədar olaraq bir məsələyə də toxunmaq istəyirəm. Bəzi dairələrdə mənim haqqımda belə söhbətlər gedir ki, Heydər Əliyev əgər yenidən Azərbaycanda bir vəzifəyə gələrsə, kimdənsə qisas alacaq. Kimsə onun əleyhinə vaxtilə olub, yaxud kimsə ona pis münasibət göstərib, ona qarşı pis münasibət göstərəcək. Mən sizin qarşınızda tam məsuliyyətlə deyirəm və bütün Azərbaycan xalqına elan edirəm ki, ümumiyyətlə, mənim təbiətimdə qisasçılıq hissiyyatı yoxdur. Bunu sadəcə olaraq ayrı-ayrı adamlar süni surətdə yaradıblar və görsənir ki, bir mənə ləkə vurmaq üçün yox, ümumiyyətlə, bizi parçalamaq üçün. Sizə söz verirəm ki, heç vaxt qisasçılıq hissiyyatına qapılmayacağam. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam. Mən özümü o hisslərin səviyyəsinə heç vaxt salmamışam və salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən belə bir vəzifəyə gəldim. Yox. Mən sadəcə bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət aparmaq, qısas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və istəməyəcəyəm. Ancaq vəzifə çərçivəsində, şübhəsiz ki, biz hamımız nizam- intizama tabe olmalıyıq, biz hamımız qanuna tabe olmalıyıq, biz hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolla şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm".
Müstəqilliyimizi gözlənilən təhlükələrdən qoruyan Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev varislik ənənələrinə sadiqliyini əməli ilə təsdiqləyir. Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan zəfərimizin müjdəsini Ulu Öndər Heydər Əliyevə, bütün dünya azərbaycanlılarına qürurla çatdırdı: "2020-ci ilin 8 noyabrı tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!" Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı".
Hazırda Ulu Öndərin azad görmək istədiyi Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini yaratmaqla, orada Azərbaycan bayrağını qaldırmaqla müstəqilliyimizin sarsılmazlığını, ərazi bütövlüyümüzün bərpasının əbədiliyini dünyaya bəyan edən Prezident İlham Əliyev dövlət başçısı kimi xalqın etimadını doğruldur, varislik missiyasını ləyaqətlə davam etdirir.
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri