123 nəfər müəllim adını qazandıMədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri elan olunub.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsahibələrdə 237 namizəd keçid balını toplayıb, onlardan 123 nəfərin müəllim vəzifəsinə təyinatları ilə bağlı qərar qəbul edilib.
Bu ilin iyun ayında Dövlət İmtahan Mərkəzi ilə birgə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi keçirilib. Test imtahanında iştirak edən 856 nəfərdən 317-si tələb olunan keçid balını toplayaraq müsahibə mərhələsində iştirak hüququ qazanıb. 5-8 avqust tarixlərində keçirilən müsahibə mərhələsində isə 300-ə yaxın namizəd iştirak edib.
Musiqi, incəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən müvəffəqiyyətlə keçərək təyinat almış namizədlər 5 sentyabr 2024-cü il tarixinədək aidiyyəti təhsil müəssisələrində qeydiyyatdan keçməli və işə qəbul üçün zəruri olan sənədləri təqdim etməlidirlər. Ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər növbəti yerləşdirmədə vakansiya seçimində iştirak edə bilərlər. Növbəti yerləşdirmənin tarixi barədə Mədəniyyət Nazirliyinin informasiya resurslarında əlavə məlumat veriləcək.
Qeyd edilib ki, Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sistemli islahat yönümlü işlər həyata keçirilir. Bu il ilk dəfə olaraq təşkil edilən təhsilalanların qəbulunun, müəllimlərin işə qəbulunun vahid elektron sistem üzərindən aparılması, təhsilin məzmunu ilə bağlı yeniliklər, məktəb şəbəkəsinin optimallaşdırılması mədəniyyət təhsili müəssisələrinin perspektivi ilə bağlı nikbin düşünməyə imkan verir.