Aprel döyüşlərində Azərbaycana vurulan ziyan açıqlandı .....                        Bakıdakı ermənilərin növbəti məhkəməsində yeni faktlar açıqlandı .....                        Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər .....                        "Qarabağ" "Səbail"i darmadağın etdi .....                        BMT əməkdaşı öldürüldü .....                        Tağıyevin nəticəsi illər sonra üzə çıxdı .....                        İstanbulda qara görə dərslər dayandırıldı .....                        Azərbaycanda USAİD-in fəaliyyətinə yer yoxdur! .....                        Türkiyə Suriyaya qadağanı ləğv etdi .....                       
21-01-2025, 13:55
Tehranda İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının iclası keçirilir


Tehranda İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının iclası keçirilir

Bu gün (21 yanvar) Tehranda İran və Azərbaycanın Birgə İqtisadi Komissiyasının 16-cı iclası start başlayıb.
Bunu İranın Yol və Şəhərsalma Nazirliyinin beynəlxalq məsələlər üzrə idarəsinin direktoru Əmin Tərəffo yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, 3 ildən sonra yenidən keçirilən iclasın ilk günündə mütəxəssislər və ekspertlər iki ölkə arasında iqtisadiyyat, ticarət, mədəniyyət, nəqliyyat, turizm, elektrik, enerji və digər iqtisadi sahələri araşdıracaq və fikir mübadiləsi aparacaqlar.
Tərəffo bildirib ki, 22 yanvarda İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə ekspertlərin iclasının yekunu olaraq anlaşma memorandumu imzalayacaqlar. Bu iclasın iki ölkənin münasibətlərinin inkişafı üçün çoxlu nəticələr əldə olunacağına ümid edilir.
Nazirlik rəsmisi qeyd edib ki, iclasda İran və Azərbaycan arasında nəqliyyat sahəsində ən önəmli layihələrdən biri olaraq Azərbaycanı İran vasitəsi ilə Naxçıvana quru yol və dəmiryolu ilə birləşdirən “Araz Dəhlizi”nin təkmilləşdirilməsi ilə bağlı tikinti işləri, yeni sərhəd terminalları və körpülərin istifadəyə verilməsi müzakirə olunacaq.
Tərəffo qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində İran və Azərbaycanın müştərək sərhədləri yükdaşıma istiqamətində region ölkələri üçün əhəmiyyət kəsb edir. Ümid olunur ki, bu iclasda iki ölkənin əməkdaşlığı istiqamətində ehtimal olunan maneələr aradan qaldırılacaq və iki ölkənin nəqliyyat sahəsində münasibətlərinin inkişafı üçün lazımi tədbirlər görüləcək.
21-01-2025, 13:02
Doğum günün mübarək oğlum!

Doğum günün mübarək oğlum!

Övlad sahibi olmaq ana üçün böyük dəyərdir. Ağıllı, savadlı, düzgün bir övlada sahib olmaq ikiqat bayramdır. Allah mənə bu gözəlliyi nəsib edib. Oğlum haqqında yazmaqla bitməz. Yaxınlarda oğlumun doğum günüdür. Avtandil yetkin bir şəxsiyyətdir. Çox savadlı, tərbiyəli, əqidəli, intellektual, dünyagörüşlü, kiçik-böyük yerini bilən biridir. Nə qədər ali səviyyəli uşaq olsada sakit təmkinli, mutəvazi, etibarlı olmağı bir ana kimi ona olan inamımı daha da yüksəldir. Mən övladımla hər zaman fəxr etmişəm. Başımı hər zaman uca etdiyi üçün ona təşəkkürümü bildirirəm. Bir dəfə də olsa Avtandildən narazı olmamışam. Onun hədəfləri böyükdür. Mənim ona dəstəyim böyük və tükənməzdir. Biz həm də ana-bala deyil, dost, sirdaş kimi həyata baxışımız eynidir. Hələ irəlidə böyük, enişli-yoxuşlu yollar bizi gözləyir. Hər zaman uğurla irəliləməyə doğru. Doğum günün mübarək canım oğlum!
Bəyaz Ağazadə.


Redaksiyadan: Ana müqəddəsdir, Vətən üçün layiqli övlad böyüdən ana isə ikiqat müqəddəsdir. Belə analar öz adlarını Vətən adı ilə qoşalaşdıran- Ana Vətənləşdirən analardır. Onların arzuları da çin olar. Biz də Bəyaz xanımın təbrikinə, arzularına qoşuluruq. Qoşuluruq ki, Avtandil balamız Bütöv Azərbaycanın adını ucaldan, şərəfləndirən və şərəfini qoruyan bir övlad olsun!
21-01-2025, 12:42
USTA QƏLƏM ADAMI  ŞƏRİF KƏRİMLİ

USTA QƏLƏM ADAMI
ŞƏRİF KƏRİMLİ


“Əkinçi”dən başlayan Azərbaycan mətbuat tarixinin yaşı və yaddaşının miqyası elədir ki, burada inkişaf da, tərəddüdlər də, müəlliflərin və yazıların obrazları da aydın görünür. Dünəndən bugünə cəmiyyətin intellekt zümrəsinin elə bir nümayəndəsi yoxdur ki, onun tərcümeyi-halında mətbuatın adı keçmə-sin. Bir gerçək ondan ibarətdir ki, ictimai-siyasi, elmi, ədəbi-mədəni düşüncənin meydanı, hədəflərinin formalaşması, təsirləri və ümumiyyətlə, ziyalılığın özü mətbuata birbaşa bağlıdır. Bu mənada Şərif Kərimli həm mətbuatda formala-şan, həm də mətbuatın zamana görə formalaşmasında xidməti olan ziyalıdır.
90-cı illərədək BDU-nun jurnalistika fakültəsi ölkədə bu sahədə ixtisas verən yeganə məktəb olub. Bu ixtisas da qəzet, radio-televiziya, nəşriyyat üzrə alt qruplara bölünüb. Fakültədə jurnalistikanın nəzəri-praktiki, tarixi, dil-nitq mədəniyyətinin böyük bilici alimləri çalışıblar. Mir Cəlal Paşayev, Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Famil Mehdi, Qulu Xəlilli, Şamil Qurbanov, Seyfulla Əliyev, Əliş Nəbili, Tofiq Rüstəmov, Mahmud Mahmudov, Zinyət Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov... Onların hamısının adlarını sıralasaq, iri bir siyahı alınar. Bu gün mətbuat və digər sahələrdə az-çox tanınan, özünə yüksək mövqe-status qazanan jurnalistika fakültəsinin tələbələri həmin müəllimləri şükranlıq hissi ilə xatırlayırlar.
Şərif Kərimli də məhz hərəsi özlüyündə bir məktəb olan həmin müəllimlərin yetirmələrindən biridir. O yetirmələrdəndir ki, istedadı, fəaliyyəti ilə adını mət-buat tarixinə yazdıra bilib. Ancaq nə dərəcədə onların xidmətləri qiymətləndiri-lib, bu, ayrı söhbətin mövzusudur. Çünki o, işində, xidmətində iddialardan çox, səmimi ictimai məsuliyyətə, vətəndaş töhfəsinə üstünlük verib.
Şərif Kərimli 1977-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 47 ildir ki, müxtəlif mətbuat orqanlarında çalışır. “Yazıçı” və “İşıq” nəşriyyatlarında re-daktor, şöbə müdiri, “Gənclik” (“Molodost”) jurnalında ədəbi işçi, məsul katib, redaktor müavini vəzifələrində işləyib. Bu məsələdə də ona Tanrı lütfünü əsir-gəməyib. Ustad müəllimlərdən dərs aldığı kimi, Əjdər Xanbabayev, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı kimi mütəfəkkir sənətkarlar yanında özü də, qələmi də ustalaşıb.
Şərif Kərimlinin iş təcrübəsində qəzetçilik xüsusilə mühüm yer tutur. Onun qəzetçilik fəaliyyətinin əsas önəmi və şansı odur ki, fəaliyyəti müstəqillik döv-rünə düşüb. İlk müstəqil mətbuat orqanı olan “Azərbaycan” qəzetində 1989-92-ci illərdə məsul katib, baş redaktor müavini və sonra isə baş redaktor olub. 1992-ci ildə bu qəzet 31 nəfər jurnalistin Milli Məclisə ünvanladığı məktub əsa-sında Cümhuriyyət dövrünün parlament orqanı olan “Azərbaycan” qəzetinin hüquqi varisi olaraq fəaliyyətə başlayıb və Ş.Kərimli orada baş redaktor müavini, baş redaktor vəzifəsini tutub.
90-cı illərin önləri nə qədər ziddiyətli dönəm olsa da, böyük tarixi əhəmiyyə-ti odur ki, xalqın, ölkənin azadlıq, müstəqillik arzularının mücadilə meydanla-rında gerçəyə çevrilməsi mərhələsidir. Ən böyük acımız isə, doğma torpaqları-mıza – Qarabağa və Qərbi Azərbaycandakı qədim tarixi torpaqlarımıza qarşı erməni təcavüzünün baş qaldırmasıydı.
Bir yandan da Gürcüstanda Z.Qamsaxurdiyanın hakimiyyəti dövründə qə-dim yurd yerlərimizə ərazi iddialari, tarixi saxtalaşdırmaq cəhdləri, Borçalıda soydaşlarımızın hüquq və azadlıqlarına sayğısızlıq, milli-etnik təsirlərə məruz qalması, onlara qarşı separatizm həmlələri, milli-ayrıseçkilik meylləri özünü göstərirdi. Proseslərin faktoloji mənzərəsi, ictimai fikir təsdiq edir ki, o dövrün acıları isə xoşluğundan ağır idi. Dövlət müstəqilliyinə gedən yolun mahiyyəti də elə bundaydı ki, çətinliyi nə qədər ağırdısa, hadisələrə baş vurmaq üçün tələb olunan cəsarət ondan da artıq idi.
Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” sözləri o müstəqillik yolunun keçilməsi üçün impulsiv dürüst bir ictimai qənaət, düşüncədir.
Şərif Kərimli belə bir ziddiyətli zamanda ilk müstəqil qəzet olan “Azərbay-can”da kollektivlə birlikdə əsgər əhval-ruhiyyəsində, ovqatında çalışırdı. Bəzən hərbi geyimdə də redaksiyada görünürdü. Tez-tez qaynar nöqtələrdən reportaj-lar, ictimai diskussiyalar hazırlayırdı. Qəzetdə Sabir Rüstəmxanlının atdığı irə-liçi, demokratik təməl sonradan Şərif Kərimlinin redaktorluğunda özünəməxsus şəkildə davam elədi. Qəzet nəinki günün nəbzini tuturdu, o həm də nəbzi idarə edə bilirdi. Onda başqa yeni mətbu nəşrlər də yaranmışdı və onların arasında “Azərbaycan” qəzetinin lokomotiv imici, öz yeri, çəkisi vardı. Əminliklə deyi-rəm ki, yeni dövr Azərbaycan publistikasının ən parlaq nümunələri ”Azərbay-can” qəzetində olduğu kimi, heç bir nəşrdə dolğun təfərrüatla yer almayıb.
1988-1989-cu illərdə tələbə olarkən mənim də yazılarım “Azərbaycan” qəze-tində dərc olunub. Biz yeni nəsil jurnalistlər ən yüksək tirajla və peşəkarlıqla çı-xan o qəzetdə işləməyi arzulayardıq. Düzdür, 1991-ci ildə BDU-nun jurnalisti-ka fakültəsini bitirərkən ilk iş yerim başqa qəzet olub, amma sonrakı mərhələdə uzun illər “Azərbaycan”da işləmişəm, qəzetçiliyi öyrənmişəm, təcrübəm orada formalaşıb. Elə olub, redaksiyada gündəlik “letucka”larda yazıların keyfiyyətini məsuliyyətlə, mətbəədə petiit, nonparel (qəzetlər o zaman linotipdə yığılırdı) şriftləri ilə metal çərçivə üzərində qəzetin görünüşünün effektivliyini müzakirə eləmişik. Komendant saatlarının qadağası ilə gecələri nəşriyyat dəhlizlərində az keçirməmişik. Cəbhə bölgələrində gözlərimiz, qəhrəmanlıq da, ölüm də görüb...
1992-ci il, günlərin birində mətbəədə qəzetin növəti nömrəsini çapa hazırlayırdıq. O zamanlar gənclik həvəsiylə hər həftə işlədiyim “Fəryad” qəzetində publisistik yazılarım dərc olunurdu. Onda “Azərbaycan”ın bir neçə işçisi də mətbəədə idi. Onlardan biri mənə yaxınlaşıb, iş-gücdən, yazı-pozudan söz salıb soruşdu:
-Bizim qəzetdə işləmək istəyirsən? – cavab gözləmədən əlavə elədi: – Redaktor Şərif Kərimli səni görmək istəyir. Deyəsən, qəzetə işə dəvət etmək fikri var. Sabah tezdən gəl.
Doğrusu, gözləmədiyim, amma qəzetin adına, nüfuzuna görə dəyərləndiril-məli təklif idi. Razılaşdım, getdim və sabahı gündən etibarən yeni məşhur kol-lektivlə işləməyə başladım. Şərif müəllim olduqca tələbkar redaktor idi. Bir də görürdün, işin axırı çağırdı ki, hazırlaş, sabah ezamiyyətə gedirsən. Bəhanə-fi-lan da qəbul olunmazdı. İş təcrübəmin ilk çətin mərhələsini mən o qəzetdə jur-nalist məsuliyyəti, riski və operativliyinin gərginliyi altında keçmişəm. Bu təcrübə sonrakı fəaliyyətimdə maneələrin, çətinliklərin aşılmasında ən böyük dəs-təkçi olub.
Ş.Kərimlinin yazar kimliyi haqqında ən etibarlı mənbələr onun araşdırma yazıları, ictimai-siyasi publistikası, sənədli bədii əsərləridir. O, reportyor, pub-lisist, qəzetçi-yazar kimi zamanında məşhurluğun nə olduğunu görən, amma bundan zərrəcə sui-istifadə etməyən usta qələm adamıdır. Onu yaxından tanıdı-ğımdan, yaradıcılığına, vətəndaş, ictimai mövqeyinə yaxşı bələd olduğumdan, tərəddüdsüz qeyd edirəm ki, Şərif Kərimlinin publisistikası mövzusuna, xarak-terinə, ideya-estetik tərzinə görə bütünlüklə milli, ictimai və mətn texnologiyası etibarilə isə fərqli mahiyyətə malikdir.
Şərif Kərimlinin publistikasının mahiyyətində həm mənbəli xəbər, həm fakt, həm analitik münasibət, həm də çağdaşlığı, ictimai nəbzi yansıtmaq imkanı və qabiliyyəti qabarıq görünür. Eyni zamanda, dil-təhkiyə cazibəsi ilə bədii təsvir vasitələri iç-içə təzahür edir. Elə bu da Şərif müəllimin publisist kimi orijinallı-ğıdır – “Ötən illərin harayı” adlı dörd cildliyi və “8712 nömrəli əsir”, “Gürcüs-tan: ikili standart siyasətinin yeni qurbanı” kimi...
Akademik Nizami Cəfərovun “O yaşadıqlarından danışır…” adlı məqaləsin-də oxuyuruq:
“Şərif Kərimli siyasi, elmi və bədii fəaliyyətini bir-biri ilə uyğunlaşdırmağı və onları bir istiqamətə yönəltməyi bacaran ziyalıdır. O, yaradıcılığının yarısını əhatə edən Borçalı problemini mətbuat vasitəsilə, eyni zamanda ən yüksək rəsmi səviyyələrdə diqqətə çatdırmış, Azərbaycan və Gürcüstan prezidentləri ilə görüşmüş və bu məsələ ilə bağlı soydaşlarımızın arzu və istəklərini ifadə edən təkliflər vermişdir. Şərif Kərimlinin redaktorluğu ilə çıxan qəzetlər ictimai-siyasi hadisələrə heç vaxt birtərəfli şəkildə yanaşmayıb, həmişə problemi tam ay-dınlığı ilə cəmiyyətə təqdim edib. Bu mətbu orqanlarda ictimai və dövləti işlər-də tanınmış, torpaqlarımızın müdafiəsində rəşadət göstərmiş gürcülər və ingi-loylar barəsində də obyektiv, maraqlı yazılar yer almış, onların ictimai, sosial və digər problemləri muxtəlif səviyyələrdə gündəmə gətirilmişdir.”
Şərif Kərimli idman jurnalisti deyil, amma idman jurnalistləri arasında daha çox tanınmışlardan, adı qalıcı olan yazarlardandır. Onun jurnalist qələmində bir yazıçı təfəkürü, tərzi vardır. Və onun idman jurnalistlərindən fərqi ondadır ki, o, çağdaş dövrümüzdə el pəhləvanlarından yazan yeganə yazıçı-publisistdir. Azərbaycan pəhləvanlarının yaşamı, fəaliyyəti, möcüzəvi səhnə nümayişləri onun qələmində bitkin, cazibəli halda obrazlaşıb. Gələnəksəl türk xalq pəhlə-vanlığı (və pəhləvanlar) haqqında çox sanballı bədii-publisistik məqalələr, sə-nədli povestlər yazmaqla, onların adlarını yazılı tarixin yaddaşına ötürüb – “Rəşid Pəhləvan”, “Sali Süleyman”, “Pəhləvan Müsəllim” kimi...
“Pəhləvanın taleyi” tarixi-sənədli romanı müəllifin hələ sıradan son əsəridir. Əsər ağır atletika sahəsində, sirk səhnəsində misilsiz xidmətlər göstərmiş milli pəhləvanlığın görkəmli nümayəndələrindən olan, uzun illər Gürcüstan Milli Filarmoniyasında çalışmış Məhəmmədəli Qazaxlı haqqındadır. 2023-cü ildə nəşr edilən romanda məşhur Məhəmmədəli Qazaxlının vətəndaş, pəhləvan kimi ömür yolu və fəaliyyəti barədə bir-birindən maraqlı anlar, anılar yer alıb. Müəl-lifin bu kitabını çağdaş dövr qəhrəmanlıq əsərlərinin dəyərli nümunəsi hesab etmək olar.
Şərif Kərimli 1954-cü il iyunun 22-də Borçalıda, Gürcüstanın Marneuli ra-yonunun Baydar kəndində anadan olub. Yaradıcılığında qabarıq görünən mo-tivlərdən biri də vətənə, yurda bağlılıqdır. Onun yazılarına doğulduğu yurdun torpağının ətri, insanlarının comərd həyatının ritmi-yaşantısı, təbiətinin rəngi-səfası hopub. Bəhs etdiyi mövzularda qoyulan problem və qayğılara milli dü-şüncə, ictimai-sosial münasibət, soy-kök, dil, mədəniyyət baxımından ziyalı-və-təndaş yanaşması vardır. “Böyük fəlakətin astanasında”, “Bakıdan Borçalıya nə yaxınmış”, “Bir köç qayıdır geri”, “İflasa uğramış siyasət və gerçəklik”, “Ha-ra gedirsən, ay evi yıxılmış?!”, “Mən qurban verildim”, “Borçalı ağrıları”, “Gül verdik, güllə aldıq”, “Borçalıdan Bakıya bir köç gəlir - qaytarmalıyıq!..”, “İtiri-lən nəslin harayı” əsərləri günün olaylarının, insan qayğılarının termoanalizi ki-midir.
Şərif müəllimin yaradıcılıq trayektoriyasının özəyində Borçalı-Bakı yolu, vətəndən vətənə səfər təəssüratlarının təsirləri durur. Bu yol milli kimlik, ömür, məsuliyyətli yaradıcılıq yoludur. Yazılarının birindəki qeydləri bu fikri yetərin-cə dolğun əsaslandırır:
“Həyatımda elə bir il olmayıb ki, mən doğma Borçalıma baş çəkməyim. Ba-kı-Borçalı arasında getdiyim yolları əgər bir-birinə calasaydılar, bəlkə də Yer kürəsinin belinə kəmər kimi dolamaq olardı. Hələ bu yollarda yaşadıqlarımdan, qazandıqlarımdan və itirdiklərimdən danışmıram… Mənim üçün dünyanın bü-tün düyünləri, bütün ağrıları, bütün arzuları, bütün sevincləri, bütün kədərlə-ri… bu yollardadır. Bu yolların o başında doğuluruq, yola çıxırıq, yolun sonu-na çatar-çatmaz bir daha geri qayıdırıq və gördüklərimizi, yaşadıqlarımızı təzə doğulanlara danışa-danışa ölürük… Nə etməli, biz belə olmuşuq, elə belə də olacağıq – üzü Altaydan, Yeniseydən bəri didərgin ruhlarımızın sorağıyla dün-yanı fırlana-fırlana gəlib, Xəzərlə Qara dəniz həndəvərində ilişmişik. Ayağımızı hara basırıqsa, əcdadlarımızın iniltisini eşidirik: “Sən Vətəndəsən! Vətən sən-sən! Vətən səndədir!”
Borçalıdan söz düşmüşkən: Gürcüstanda Z.Qamsaxurdiyanın prezidentliyi dövründə yaranan qarşıdurma meylləri, soydaşlarımıza qarşı kriminogen hərə-kətlər, təhsil, mədəniyyət haqlarının pozulması, qədim tarixi yer adlarının də-yişdirilməsi ziyalılarımızın haqlı narazılıqlarına səbəb olmuşdu. Millətçi-şovi-nist qrupların içində ermənilər əsas katalizator rolunda çıxış edirdilər.
O illərdə müəyyən sosial, milli yönümlü təxribatlara, təhdidlərə, hüquqsuzluğa reaksiya verənlərdən, mətbuatda etiraz səsini qaldıranlardan biri də Şərif Kərimli idi. 1989-cu ildə qeydiyyatdan keçirdiyi “Borçalı”, 1992-ci ildə təsisçisi olduğu “Sabah” qəzetləri bütövlükdə Borcalı məsələlərinə istiqamətlənmişdi. Redaktoru olduğu “Azərbaycan” qəzetində isə, hər həftə Borçalı haqqında silsi-lə materiallar, vətəndaş məktubları, siyasi icmallar əksini tapırdı.
Və nəhayət, Borçalı əsilli ziyalıların yurd təəssübkeliyi səyləri nəticə etibari-lə 1993-cü ildə Bakıda “Borçalı” cəmiyyətinin yaranmasına gətirib çıxardı ki, qurumun təsisçilərindən biri də Şərif Kərimli idi. Bu gün də onun ictimai fəaliy-yəti bu yöndədir, 2016-cı ildə dövlət qeydiyyatına alınmış “Borçalı” İB-nin 2024-cü ilədək sədri olub.
Dövrün milli mücahidi, “Azərbaycan” qəzetinin ilk baş redaktoru, xalq şairi Sabir Rüstəmxanlı yazır: “Mən Şərif Kərimlini 1978-ci ildən – təyinatla “Yazıçı” nəşriyyatına gəldiyi gündən tanıyıram. O zamandan onun bütün həyat və fəaliyyəti mənim gözlərim önündə cərəyan edib.
1989-cu ildə Şərif Kərimli ilə ilk müstəqil mətbuat orqanı olan “Azərbay-can” qəzetində birgə fəaliyyət göstərmişik. Ona görə də inamla deyə bilərəm ki, onun peşəkar qəzetçi kimi öz işinə məsuliyyətli münasibəti, Azərbaycanın yeni qəzetçilik məktəbinin yaradıcılarından birinə çevrilməsi və müstəqil mətbuatın inkişafındakı rolu danılmazdır.
Şərif Kərimli həyatının və yaradıcılığının əsas leytmotivinə, qayəsinə, məna-sına çevirdiyi Borçalı və Azərbaycan-Gürcüstan dostluğu ideyasını və mehri-ban əməkdaşlıq münasibətlərini təkcə bu iki ölkənin mətbuatında deyil, eyni za-manda, dünyada tanınmış, nüfuzlu, “Novoe russkoe slovo” (ABŞ-da çıxır), “Nezavisimaya qazeta” (Rusiya), “İslami Birlik” (İran), “Sabah” (Turkiyə) kimi qəzetlərdə təbliğ etmiş və indi də bu fəaliyyətini davam etdirir.”
90-cı illərin önlərində Borçalı ilə bağlı mətbuatda və ictimai rəydə müəyyən narahatlıqlar özünü göstərirdisə, burada perspektiv üçün ziyalı ümidi, inamı da nəzərə çarpırdı. Gürcü və Azərbaycan xalqları arasında münasibətlərin pozulması daim ermənilərin marağında olub. Şərif Kərimli də məqalələrində həmişə erməni təxribatından narahatlığını ön plana çəkir: “Başqa millətlərdən fərqli olaraq, tarixən gürcülər və azərbaycanlılar arasında ciddi ədavətə səbəb ola biləcək müharibə və münaqişələr olmayıb. Ümumiyyətlə, Azərbaycanla Gürcüs-tan arasında münasibətlər həmişə əməli səciyyə daşıyıb. Ermənilər daim bu iki dövlət və xalq arasında nifaq salmağa çalışmış və bundan faydalanmaq istəyin-də olmuşlar.”
Ardınca da düşüncəsindəki ümidi ifadə edir: “Etiraf etmək lazımdır ki, Eduard Şevardnadze və Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onların şəxsi səyi və təşəbbüsü nəticəsində Gürcüstan dövlətinin hüquq-mühafizə orqanlarının Borçalıda və ona bitişik ərazilərdə fəallığı artdı və burada hökm sürən kri-minogen özbaşınalığa qarşi ciddi əməliyyatlar həyata keçirildi...”
Yenə də üzdə olan həlli vacib problemləri deməkdən qalmır: “Lakin E.Şevardnadze zamanında da borçalılara qarşı gizli şəkildə təzyiqlər olunur, onların işlə təmin olunmasında əngəllər törədilirdi. Gürcüstan azərbaycanlılarının ən böyük problemi olan torpaq problemi də məhz E.Şevardnadzenin vaxtında yaradılmışdır.”
Və ardınca gələcəyə yönəlik inamını təsdiqləyir: “Nəhayət, 1996-cı ildə müs-təqil dövlətin rəhbəri kimi Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana işgüzar səfəri ilə iki ölkə arasında münasibətlərin yeni – üçüncü mərhələsi başlandı.”
Gürcüstandakı tarixi vətənlərində yaşayan soydaşlarımızın bugünkü və gələcək fəaliyyətində dil, ədəbiyyat, təhsil məsələlərinin aprıcı təsirə malik amil olduğu gün kimi aydındır. Bu gün vətəndən kənarda yaşayan azərbaycanlıların dil, mədəniyyət, təhsil haqları dövlətimizin siyasətinin başlıca diqqətindədir. Amma yenə də vətəndaş, ziyalı təklifi, təşəbbüsü həmişə yardımçı statusda çıxış etməlidir. Şərif Kərimli Borçalıda yaşayan soydaşlarımızın vətəndaş haqlarının vəziyyəti və səviyyəsi ilə bağlı fikirlərini, təkliflərini belə qeyd edir:
“İndi Borçalıda Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən yaşı 60-dan aşağı olan müəllim tapmaq çətindir. Bu müəllimlərin savadına mənim şüb-həm yoxdur. Lakin zamanın danılmaz dialektikası var: canlı aləm cavanlaşmasa, həyat cansıxıcı olar. Müəllimin cavanlaşması təkcə onun yaşı ilə bağlı deyil: həyat dəyişir – insanların dəyişən mühitə, zamana uyğun olaraq bir-birinə münasibəti də dəyişir, yeni insanın fikir və duyğularını yeni ədəbiyyata gətirən şair və yazıçılar, alimlər, dilçilər yeni ədəbiyyat yaradır, dil zənginləşir, yeni sözlər yaranır, yeni sözlər yeni insanlarda yeni-yeni təfəkkür tərzi, yeni dünyagörüşü, həyata yeni yanaşma incəlikləri formalaşdırır. Və bütün bunları cəmiyyətə məhz müəllim çatdırır. Gürcü dilini öyrənmək vacibdir, hətta o dildə təhsil almaq da olar, lakin ana dilimiz həmişə başımız üzərində dayanmalı və onu bütün dillərdən uca tutmalıyıq. Bu isə təkcə borçalıların problemi olmamalıdır.”
Şərif Kərimli təkcə jurnalistliklə kifayətlənməyib, jurnalistikanın tədrisi ilə də məşğul olub. Mətbuatdan ayrılmadan, Odlar Yurdu, Avrasiya, Slavyan uni-versitetlərinin jurnalistika fakültələrində 10 ildən artıq pedaqoji fəaliyyət göstərib, gənc jurnalistlərə çağdaş jurnalistikanın problemlərindən dərs verib. Hazırda isə, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin “Əqli Mülkiyyət” jurnalının ədəbi redaktorudur. Bu qurumda işlədiyi son beş ildə “Azərbaycan milli musiqi alətlərinin patentlə mühafizəsi”, “Azərbaycan brendləri”, “Haaqa sistemi” adlı elmi-praktik kitablar nəşr etdirib.
Şərif Kərimli yaradıcılığının ümdə əhəmiyyəti ondadır ki, mövzuca geniş spektrlidir, məzmunca ictimai aktuallıq kəsb edir, mətndə təhkiyə-təsvirə görə dil zənginliyinə, üslub özəlliyinə, fikir konkretliyinə malikdir. Bu əlamətlərlə o, media gəlişiminə önəmli töhfələr vermiş bir yazardır.
Yaradıcı insan üçün ömrün, zamanın həddinin nisbi olması barədə fikirlə ra-zıyam. Yaradıcılıq potensialına, həvəsinə görə, təqvim olmasaydı, bəlkə Şərif Kərimli 70 yaşına çatrdığını heç özü də qəbul etməzdi.
Hələ 70 yaşında da fəaliyyətinin tempini saxlayan, zövqlə çalışan, öz yaz-dıqlarından və yaxşı yazılardan zövq alan yazar həmişə həyatdan xoş sürpriz-lər, etibar gözləyir – özü həyata, həyatdakı missiyasına etibarlı olduğu kimi...

Dəyanət OSMANLI
Yanvar 2024

21-01-2025, 12:37
İlham Əliyev Latviya Prezidenti ilə görüşüb


İlham Əliyev Latviya Prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Prezidenti Edqars Rinkeviçs ilə görüşüb.
Edqars Rinkeviçs dövlət başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb.
Latviya Prezidenti bugünkü görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.
Edqars Rinkeviçs təyyarə qəzasında həlak olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib.
Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev də öz növbəsində bugünkü görüşün əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmini vurğulayıb.
21-01-2025, 11:51
Tramp ABŞ-nin xarici ölkələrə yardımını dayandırdı


Tramp ABŞ-nin xarici ölkələrə yardımını dayandırdı

ABŞ prezidenti Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan sonra bütün xarici yardım proqramlarını 90 gün müddətinə dayandıran sərəncam imzalayıb.
Bu barədə Associated Press (AP) məlumat yayıb.
Sərəncama əsasən, göstərilən yardımın yeni administrasiyanın siyasi məqsədlərinə uyğun olub-olmadığını müəyyən etmək üçün araşdırma aparılacaq.
“Heç bir xarici yardım Birləşmiş Ştatlar Prezidentinin xarici siyasətinə tam uyğun gəlməyən şəkildə verilməyəcək”, - Tramp vurğulayıb.
ABŞ-ın müxtəlif ölkələrə ayırdığı maliyyə və digər yardımların ümumi məbləği ABŞ büdcəsinin 1%-dən çoxunu təşkil etmir. Ancaq istisnalar var - məsələn, Ukraynaya hərbi yardım. Dövlət Departamentinin son məlumatlarına görə, Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Kiyevə dəstək üçün təxminən 66 milyard dollar, 2014-cü ildən isə təxminən 70 milyard dollar ayrılıb.
ABŞ-dan yardımın digər əsas alıcıları arasında İsrail (ildə 3,3 milyard dollar), Misir də var (1,5 milyard dollar) və İordaniya (1,7 milyard dollar) da ver. Eyni zamanda, bu ölkələrə yardım Konqres tərəfindən təsdiq edilmiş uzunmüddətli proqramlar çərçivəsində ayrılır, ona görə də Trampın sərəncamının hansı məbləğdə maliyyələşməyə təsir edəcəyi hələlik bəlli deyil.
Daha əvvəl dövlət katibi vəzifəsinə təyin olunmuş Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsinin üzvlərinə demişdi ki, “xərclədiyimiz hər dollar, maliyyələşdirdiyimiz hər proqram” üç suala cavab verməlidir: “Bu, Amerikanı daha təhlükəsiz edirmi? Bu, Amerikanı daha güclü edirmi? Bu, Amerikanı daha firavan edirmi?”.
21-01-2025, 11:39
Gəncədə "şortik" davası qanla bitdi


Gəncədə "şortik" davası qanla bitdi

Gəncədə qanla nəticələnən mübahisə baş verib.
Mübahisə “şortik” üstündə düşübmüş.
Belə ki, şəhərin Adelxan Ziyadxanov küçəsində yerləşən yataqxanada kirayə yaşayan 54 yaşlı Samux sakini İlimşah Şahvələdov axşam saatlarında zivəyə paltar asarkən həyətdəki gənclər onunla “şortik” geyindiyinə görə mübahisə ediblər.
Daha sonra ona bıçaqla xəsarət yetirilib.
Hadisə şahidi Xəyalə Rzayeva bildirib ki, hücum edən şəxslər içkili olublar:
“Bıçağı çıxarıb kişinin üstünə qaçdı. Bıçağı boğazına çəkəcəkdi, kişi arxaya çəkildiyi üçün kürəyinə vurdu. Kişi şalvar geyinmişdi, sadəcə aşağısını qatlamışdı. Dedilər ki, çölə niyə belə çıxmısan?! Bizim də evimizdə uşağımız var, qorxudan qapını kilidləyib evdən çıxmırıq”.
DİN-in əməkdaşı Eşqin Qasımov bildirib ki, kişiyə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Emin Quliyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
21-01-2025, 10:14
Türkiyədə 12 mərtəbəli otel yandı: 10 ölü, 32 yaralı


Türkiyədə 12 mərtəbəli otel yandı: 10 ölü, 32 yaralı

Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində 12 mərtəbəli oteldə yanğın baş verib.
Hadisə nəticəsində 10 nəfər ölüb, 32 nəfər yaralanıb.
Vəfat edənlərdən ikisi hündürlükdən atladıqları üçün ölüb.
Hazırda oteldə qalanların təxliyəsi davam edir. Bolu valisi Abdülaziz Aydın oteldə təxminən 234 qonağın qaldığını, yanğının restoran olan hissədə başladığını bildirib. Yaralıların ümumi vəziyyəti qənaətbəxşdir.
Hadisə yerinə şəhər mərkəzi, ətraf kəndlər və qonşu vilayətlərdən çox sayda yanğınsöndürən, AFAD, UMKE və təcili tibbi qruplar, eləcə də helikopterlər göndərilib.
Ehtiyat tədbiri olaraq yaxınlığındakı oteldə qalanlar da təxliyə edilib. Yanğınla mabarizə davam edir.
Yanğının söndürülməsi davam etdirilir.
20-01-2025, 18:16
Trampın andiçməsi: arvadı, uşaqları və dostları... - FOTO


Trampın andiçməsi: arvadı, uşaqları və dostları... - FOTO

Bu gün ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.
Andiçmə mərasimi əvvəlki illərdən fərqli olaraq Kapitoli binasının daxilində baş tutacaq.
Tramp, birinci xanım Melaniya Tramp və vitse-prezident Vans Lafayette meydanının qarşısındakı kiçik, sarı kilsədə dua edəcəklər.
Trampın iki övladı - İvanka Tramp və Erik Tramp ada andiçmə mərasimində iştirak edirlər. Qonaqlar arasında aşağıdakı şəxslərə də var:

- Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson

- Hindistanlı milyarder Mukeş Ambani

- "Meta" şirkətinin sahibi Mark Zukerberq

- "Apple" şirkətinin icraçı direktoru Tim Kuk

- "Amazon.com""un qurucusu Cef Bezos və sevgilisi Lauren Sançez

- "Tesla" və "SpaceX"in sahibi Elon Musk.



20-01-2025, 17:43
Prezident tapşırıq verdi: İranda saxlanılan Fərid Azərbaycana gətirildi


Prezident tapşırıq verdi: İranda saxlanılan Fərid Azərbaycana gətirildi

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə mətbuat məlumatı yayıb.
Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.
20-01-2025, 17:34
Parisin keyfiyyətsiz medal qalmaqalı: Türkiyədə də araşdırma başladı


Parisin keyfiyyətsiz medal qalmaqalı: Türkiyədə də araşdırma başladı

Ötən il Parisdə keçirilən Yay Olimpiya Oyunları ilə bağlı qalmaqal yaşanıb. Belə ki, “Paris-2024” XXXIII nda qazanılan medallardan 100-dən çoxu keyfiyyətsiz olduğu üçün geri qaytarılıb.
Olimpiadanın başa çatmasından altı ay keçməmiş medalların geri qaytarılmasının əsas səbəbi onların zədələnmiş olması və paslanmasıdır. Medallar arasında bürünc olanların daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir.
Qeyd edək ki, bu barədə ilk narazılıqlar Olimpiya Oyunlarının başlamasından dərhal sonra ortaya çıxıb. Keçən ilin yayında amerikalı skeytbordçu Nicah Hustonun medalının keyfiyyətsiz olmasına dair videosu sosial mediada xeyli müzakirə edilib.
Olimpiadadan bir neçə gün keçməsinə baxmayaraq, medal olduqca köhnə görünürdü. Daha sonra bir çox idmançı eyni problemlə üzləşdiyini açıqlayıb. Son olaraq isə fransalı üzgüçü Klement Sekki medalının timsah dərisinə oxşadığını bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin məsələ ilə bağlı açıqlamasında zədələnmiş medalların istehsalçı “Monnaie de Paris” tərəfindən sistemli şəkildə əvəzlənəcəyi, prosesə yaxın həftələrdə başlanacağı bildirilib. Qeyd edək ki, Fransanın tanınmış zinət əşyaları brendi “Chaumet” tərəfindən dizayn olunan medallar Eyfel qülləsindən götürülmüş dəmir hissəciklərlə zənginləşdirilib.
Artıq Azərbaycan idmançılarına da verilən medalların keyfiyyətsiz olması faktları aşkarlanıb. Bəs Türkiyədə vəziyyət necədir?
Mövzu ilə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) milli təhsil, mədəniyyət, gənclər və idman komissiyasının katibi Mehmet Emin Özlə açıqlama verib.
O bildirib ki, sözügedən mövzu ötən həftələrdə Türkiyə mediasında da gündəm olub. Deputatın sözlərinə görə, Türkiyə idmançılarına verilən medalların keyfiyyətsiz olması, boyasının silinməsi ilə bağlı məlumatlar yayılıb.
"Hələlik bununla bağlı qərar verilməyib. Mən indicə cənab nazirlə danışdım, bildirdi ki, bununla bağlı yoxlamalar aparılır. Sonda qərarın nə olacağı isə yoxlamaların nəticəsindən asılı olacaq”, - Mehmet Emin Öz qeyd edib.
Xatırladaq ki, Paris Olimpiadasında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Türkiyə qızıl medal qazanmasa da, yarışı 8 medalla başa çatdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!