İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
1-02-2025, 14:52
Almaniyanın keçmiş prezidenti vəfat etdi


Almaniyanın keçmiş prezidenti vəfat etdi

Almaniyanın 9-cu prezidenti Horst Köhler 81 yaşında vəfat edib.
Almaniya Rəyasət Heyətindən verilən açıqlamaya görə, 2004-2010-cu illərdə Almaniya prezidenti vəzifəsini icra edən prezident Horst Köhler bu gün səhər saatlarında ağır xəstəlikdən dünyasını dəyişib.
Horst Köhler 23 may 2004-cü ildə Almaniyanın 9-cu prezidenti seçilib və 2009-cu ildə keçirilən seçkilərlə vəzifəsini davam etdirib. Lakin o, 2010-cu il martın 31-də səhhətində yaranan problemlə əlaqədar tutduğu vəzifədən istefa verib.
1-02-2025, 14:36
FİKİRLƏR HAQQINDA BİR NEÇƏ SÖZ


FİKİRLƏR HAQQINDA BİR NEÇƏ SÖZ

“Hürriyyət” qəzetinin (03.12.2024-cü il) sayında hörmətli kimyaçı professorumuz Eldar Məmmədbəylinin məqaləsinə rast gələndə maraqla oxumağa kökləndim. Məqaləni həmkarı kimyaçı alim Rəsul Rəxşanlı haqda yazmışdı. Yazı həmkarının kimya sahəsindəki işlərinə həsr olunmamışdı. “Fikirlər, düşüncələr, deyimlər” adlı yazısında professor onu fərqli baxımdan oxucuya təqdim edirdi. Həqiqətən də yazıya marağım bir az da artdı.

Hansı səbəbdən?
Bu səbəbdən ki, Rəsul müəllim haqqında nələrsə bilirdim. Kimyada yeni reaksiyalar aparıb, təzə maddələr sintez edib. Kimya tarixi sahəsində onilliklərlə apardığı axtarışlarla sübuta yetirib ki, ilk kimyaçı alimimiz Avropada təhsil almış, alimlik dərəcəsinə layiq görülmüş Möhsün bəy Xanlarov olub. Yusif Məmmədəliyev isə ilk azərbaycanlı sovet kimyaçı alimimizdir. Lüğətşünaslıqdakı yenilikləri nəzəri cəhətcə mümkün olan bütün istiqamətlərdə praktiki surətdə tərcü-məyə imkan verən lüğətlərin tərtibi üsulunu yaratmaqdan ibarətdir. Bir neçə üçdilli lüğətlərin beləsini tərtib edib və göstərib ki, onlar altı ədəd ikidilli lüğəti əvəz edə bilir. Onların nəşrini həyata keçirib. Üstəlik də universal terminoloji lüğətlər adlandırdığı bu cür lüğətlərlə bağlı hesablamaları aparmaqdan ötrü iki riyazi tənlik təklif edib. Kimya, riyaziyyat, məntiq sahələrinin qaydalarıni tətbiq etməklə idman elmində uğurlar qazanıbdır. İdman masaüstü intellektual oyunlar ixtira edib və patentlər alıb. Azərbaycana idman aləminə oyunlar vermiş ölkə adı qazandırıb. Qərb dünyasında üç və daha artıq sahədə həqiqi uğurlar əldə etmiş şəxslərə diqqət ayrılır və belələri polimat adlandırılır. Bizdə isə təəssüflər olsun ki, indiyədək bu anlayışa diqqət və əhəmiyyət verilməyir.
Eldar müəllimin bu yazısında bambaşqa məqama toxunulurdu. Deyilirdi ki, Rəsul müəllim ətrafında baş verənlərə, gördüklərinə, eşitdiklərinə diqqətlə yanaşır, onları araşdırır, ümumiləşdirir, nəticələr çıxarır və fikirlər, düşüncələr, deyimlər halında rəylər söyləyir.
Məsələn, məlumdur ki, Qərb ölkələrindən fərqli olaraq Sovet İttifaqında alimlərin uğursuzluqlarından yazmağa, danışmağa yol verilmirdi. Gənc tədqiqatçi Rəsul Amerikanın və Qərbi Avropanın elmi jurnallarında maraqlı yazılara rast gəlir. Əcnəbi alimlər hansısa reaksi-yaları aparmaqda uğursuzluğa düçar olmaları, hansısa maddələri sintez etməyi bacarmadıqlarını açıq etiraf edirdilər. Bizim gənc həmin məqalələri diqqətlə oxuyaraq onların səhvini tapmışdı. Əcnəbilər universitetdə aldıqları təhsillə kifalətləndiklərindən nəzəri kimyanın son nailiyyətlərindən xəbərsiz qaldıqlarından səhvə yol vermişlər. Daim nəzəri kimyanın yeni nailiyyətlərini diqqətdə saxlayan gənc isə həmin reaksiyaları digər şəraitdə aparır. Yəni nəzəri kimyanın son naliyyətləri əsasında. Reaksiyaların gedişi də, nəzərdə tutulan məqsədli maddələrin sintezi də uğurla bitir. Üstəlik də gənc tədqiqatçımız belə qənaətə gəlir:
– Kimya elə elmlərdəndir ki, daim yeni nəzəri biliklərə yiyələnmədən heç də həmişə istənilən praktiki tədqiqatda uğur qazanmaq mümkün olmur.
Bu fikrə etiraz edənlər olmadı, razılaşanlarsa tapıldı. Bəziləri isə duşündü ki, onlar da bu fikri və məhz beləcə deyə bilərdi. Bəs bu nədən irəli gəlirdi? Deməli, onlar söylənmiş fikirlə razıdır və həm də fikrin səmimi söylənməsi onlara xoş gəlmişdir. Onun düşüncəsi doğru, deyimi təbii görünür.
Ömrünün yarım əsrini kimyaya həsr etmiş Rəsul müəllim elm haqda, onun həyatda, inkişafda yeri haqda da düşünmüş, bəzi qənaətlərə gəlmişdir. Belələrindən ikisinə diqqət yetirək.
– Elm ölkənin ali təcəssümüdür, bu da xalqın arzusunu həyata keçirməkdə əmək və ədalət dərəcəsində bazisdir.
– İstehsalat imkanı daxilində bu günün tələbatını ödəmək üçün işləyir, elm sabahın daha zəngin və gözəl olmasına görə axtarışlar aparır.
Bu qənaətlərdə müşahidələr güclüdür, məntiq var, fikrin ifadəsi anlaşılandır.
İlk sovet kosmonavtının uçuşuna yeniyetmə Rəsul da sevinmişdi, iftixar hissi keçirmişdi. Eyni zamanda ürəyindən keşmişdi ki, yaxınlarda azərbaycanlı kosmonavtımız da göylərə yüksələcək. Düşünürdü ki, hansı sovet respublikası xalqının nümayəndəsinin kosmosa buraxılmasına növbə üzrə riayət ediləcək. Belə olmadı. Sonrakılar da ruslardan, slavyanlardan ibarət idi. Kosmonavtların uçuşa buraxılmasıyla əlaqəli düşündü, lakin yaxşı, ümidverici nəsə tapa bilmədi. İzləməkdə isə davam etmişdi, əvvəlkitək ehtirasla, inamla olmasa belə. Sonrakı on səkkiz il ərzində yalnız slavyan olan vətəndaşlar kosmonavtlığa seçildi. 1969-cu ildə bir neçə peyk buraxıldı. Hərəsində neçə kosmonavt uçmuşdu, hamısı da eyni xalqdan. Həmin ilədək buraxılan kosmonavtlar da onlardan idi. Kosmonavtlarla bağlı düşüncələri daha da genişləndi, dərinləşdi. Belə tədbir, planlaşma təsadüfi ola bilməzdi. Deməli, kosmonavtların belə seçilməsində məq-səd güdülür. Deyilən, yazılan sovet xalqları arasındakı bərabərlik işdə, əməldə yoxdur. Göstəriş isə yuxarı dairələrdən gəlir. Yuxarılar haqda da gəncdə düşüncələr yaranır. Düşüncələr çulğalaşır, dairəsi genişlənir, dərinləşir və bununla bitir:
–Babalardan qalmış torpaqdakı doğma vətənə olan məhəbbəti birləşdirilmiş torpaqlardan yaradılmış süni ölkəyə bəsləmək olmur, nə təbliğatla, nə də güclə.
Məgər vətənpərvər gəncdə oyanmış bu real fikrə etiraz etmək mümkündürmü? Axı bu böyüklükdəki, bu miqyasdakı bu dərəcədəki acı fakt deyilənə əsas vermirmi?

Digər fikirlərə, düşüncələrə, deyimlərə nəzər salaq.
– Güclülər “hər kəs öz marağını qorumalıdır”, zəiflərsə “ədalət hər şeydən ucadır və hamı onun keşiyində durmalıdır” prinsipinə üstünlük verir.
–Xalqların atalar sözləri, müdriklərin gəldikləri qənaətlər həyatın, yaşamaq elminin qanunları əvəzidir. Onları öyrənib riayət etmək çətinlikləri aradan qaldırmaqda, uğurları artırmaqda, həyatı gözəlləşdirməkdə yardımçı ola bilər.
– Kiminsə dediyi kimi həyat təkcə uğursuz evlənənləri deyil, həm də uğursuz məmurları olan ölkədə yaşayanları filosof eləyir.
Bunlarda bir zəiflik, pürçüklük axtarılsa tapıla bilərmi? Ağıla aksioma sözü gəlir. Orta məktəbdən bilirik, isbata ehtiyacı olmayan həqiqətlərə deyilir. Elə bu fikirlərin hər biri də sankı aksiomadır, çünki ölcübbiçəndə, sadəcə desək toplayanda, çıxanda, vurub böləndə bunlar alınmırmı?
Real həyatdan götürülmüş, sanki hər bir düşüncəli insanın ağlına gələ bilməsi mümkün olacaq kimi görünən bir fikirmi, düşüncəmi, deyimmi də var. Ona da nəzər yetirək.
–Beyinin xoş düşüncələri və dilin onları aydın ifadə etməsi başın ucalığı üçün nə qədər dəyərlidirsə, beyinin düşündüyü halda belə dilin bəzən susması başın salamatlığı üçün daha vacibdir.
Müəllif sanki başına gəlmişləri təhlil etmiş və ağlına gəlmiş düzgün-doğru düşüncəsini sözlə ifadə etmişdir. Elə ifadə etmişdir ki, hər bir adam üçün aydın olsun. Buna əks getməyə, bunun düzgün olmadığını söyləməyə kimsə cəsarət edərmi?
Məqalədə oxucuya təqdim olunan digər fikirlər, düşüncələr, deyimlər də təbii görünür, etiraz, inkar etməyə hər hansı səbəb tapmaq asan görünmür.
Daha bir deyimi misal göstərək:
–Deyirlər ki, məhəbbət gözəllik yaradır. Razıyam, di gəl ki, nifrət də gözəllik yaratmaq qabiliyyətinə malikdir. Məgər nifrətdən gözəl əsərlər qələmə alınmayıb, fırçadan çıxmayıb, bəstələnməyib? Yaxşı olmayana nifrət təbii gücdür və o da yaradandır.
Etiraz etmək olarmı? Necə? Hansı faktla? Bəs təsdiqlənməsini necə? Cəhd olunsun. Hitlerə, faşizmə nifrətdən neçə-neçə əsərlər yarınıb? Bədii ədəbiyyatda, kino sənətində, rəsm əsərlərində. Məgər bunları birlikdə xatırlamağı bacarmarıqmı? Hələ sonrası da var. Sovet hakimiyyəti çöküb dağılanda bolşevik kommunistlərin törətdikləri dəhşətlər haqda az gözəlliklər yazılıb, çəkilib? Məgər bunlar insan nifrətinin yaratdığı gözəlliklər deyil?
Yuxarıda söylənənlərlə yanaşı hər halda ilk oxunuşdan qəbul edə bilmədiyim deyimə də rast gəldim. Bəlkə də şəxsən mənə yaxın olmayan sahədən olduğundan belə təsir bağışlamışdı. Əlbəttə, ola bilər. Deyim belədir:
– Əgər müxtəlif uşaq idman intellektual oyunları yaradılması sahəsində işlər davam etdirilərsə və onlar üzrə çempionatlar və turnirlər keçirilərsə çoxlu ağıllı uşaqlar tərbiyə edəcəyik. Zaman ötdükcə belələrinə ehtiyac artır.
Maraqlandım. Özüm üçün aydınlaşdırmağa çalışdım. Hamı övladlarının intellektli böyüməsini istəyir. Bu təbiidir. Lakin hər valideyn də buna düzgün bildiyi yolla nail olmağa çalışır. Bəs elm, alimlər nə deyir? Hələ XIX əsrin pedaqoq və psixoloqları deyib ki, uşaqların intellektli böyüməsindən ötrü onlar əyləncəli oyunlar oynamalıdır. Dövrümüzün uşaqları da belə oyunları oynayır. Bir əmma var. Heç də hamısı həvəs göstərmir belə oyunlara. Səbəbi belədir ki, bu fərqli dəstədən olan uşaqlar əyləncəli oyunlarda motivasiya görmürlər. Onlar da oyunlarda iştirak edərkən uğurlarına görə müvafiq medallar almaq istəyirlər, lap elə böyüklər kimi. Uşaqlar üçün isə təəssüflər olsun ki, məxsusi idman oyunları indiyədək yaradılmayıb. Bu da “uşaqlar bizim gələcəyimizdir, hər şeyin ən yaxşısı onlar üçündür” deyən böyüklərin səhvidir. Yəni uşaqlar arasında müxtəlif miqyaslı çempionatlar və turnirlər keçirilməsindən ötrü idman oyunları yoxdur. Kimyaçı alim bu boşluğu aradan qaldırmağa cəhdlər göstərib. İxtiralar edib, patentlər alıb. Ölkə, qitə, dünya çempionatlarında, turnirlərində medallar almaqdan ötrü balacalar dərindən düşünməli olacaqlar. Məhz dərin düşüncələrdə intellektin inkişafı da güçlü olur. İndi isə, bizim günümüzdə belə oyunlar var. Deməli, yarışlar təşkil etmək mümkün olacaq. Daha intellektli balaların böyüməsinə real imkan yaranmışdır. Digər tərəfdən isə həqiqətən də zaman ötdükcə mürəkkəbləşən həyatda, texnika-texnologiya mühitində daha ağıllı uşaqlara ehtiyac artmaqdadır.
Beləliklə, mənim xəbərsiz olduğum məqamlara aydınlıq gətirildi, məlumatlandım. Bunu da qəbul etdim. Bu da belə bitdi.
Hə, sonda ədalət naminə etiraf etməliyəm ki, professor E. Məmmədbəylinin məqaləsini oxumağımdan məmnun qaldım. Rəsul Rəxşanlı haqda isə düşünməyə həvəsli olan insan fikri ortaya çıxdı. Oxuduqlarım, tanış olduqlarım “Fikirlər” haqda bir neçə söz də mən demək istədim.

Səyyad BAYRAMOV,
AMEA.Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi.Dr.Dosent.
"Ziya" İnsan hüquqlarının Müdafiə Mərkəzinin sədri,
Azərbaycan Rəssamlar İttifaqının üzvü,
Azərb aycan Kinematoqrafiya İttifaqının üzvü,

Azərbaycan Profesional Kinorejiissyorlar Gildiyasının üzvü.
Respublika Ağsaqqallar Şurasının Nəsimi rayon şöbəsinin idarə heyəti üzvü.
1-02-2025, 13:51
Qubada meteoroloji dopler radar quraşdırıldı - FOTO


Qubada meteoroloji dopler radar quraşdırıldı - FOTO

Quba rayonunun II Nügədi kəndi ərazisində yeni quraşdırılan meteoroloji dopler radara baxış keçirilib.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Erkən Xəbərdarlıq Sisteminin vacib elementi olan dopler hava radarı atmosfer proseslərini izləməyə və erkən xəbərdarlıqların hazırlanmasına imkan verəcək və 100-150 km radiusda gözlənilən dolu-leysan prosesləri ilə bağlı bir neçə saat öncədən məlumat almaq mümkün olacaq.
"Eyni zamanda, dopler radar vasitəsilə, Böyük Qafqazın cənub - şərq yamacı çaylarında baş verə biləcək sel və daşqınlar barədə erkən xəbərdarlıqlar da tərtib ediləcək”.
Xidmət rəisi qeyd edib ki, radar sisteminin idarə olunması fasiləsiz olaraq avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək.


1-02-2025, 13:17
Babək prospekti təmir işləri ilə əlaqədar bağlandı


Babək prospekti təmir işləri ilə əlaqədar bağlandı

Nizami rayonu, Babək prospekti, ( Baku Medical Plazanın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə yenidən məhdudiyyət qoyulub. Nəqliyyatın hərəkəti köməkçi yolla təşkil edilib.
1-02-2025, 13:17
Babək prospekti təmir işləri ilə əlaqədar bağlandı


Babək prospekti təmir işləri ilə əlaqədar bağlandı

Nizami rayonu, Babək prospekti, ( Baku Medical Plazanın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə yenidən məhdudiyyət qoyulub. Nəqliyyatın hərəkəti köməkçi yolla təşkil edilib.
1-02-2025, 13:17
Babək prospekti təmir işləri ilə əlaqədar bağlandı


Babək prospekti təmir işləri ilə əlaqədar bağlandı

Nizami rayonu, Babək prospekti, ( Baku Medical Plazanın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə yenidən məhdudiyyət qoyulub. Nəqliyyatın hərəkəti köməkçi yolla təşkil edilib.
1-02-2025, 12:33
Oğurluqda şübhəli bilinən 2 nəfər saxlanıldı


Oğurluqda şübhəli bilinən 2 nəfər saxlanıldı

Binəqədi rayonu ərazisində yerləşən mağazaların birindən 1200 manat, noutbuk və 2 ədəd quruducu aparatın oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Y.Ziyadov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Xəzər rayonu ərazisində yerləşən evlərin birindən 2000 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən 42 yaşlı S.Eminovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.
1-02-2025, 12:22
Yol polisindən sürücülərə duman xəbərdarlığı


Yol polisindən sürücülərə duman xəbərdarlığı

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə dumanlı hava ilə bağlı xəbərdarlıq edib.
Qurumdan hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava müşahidə olunduğu, xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşdığı bildirilib:
“Qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur”.
O da qeyd edilib ki, piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdır.
1-02-2025, 11:52
Əli Vahid Çaylı yazır:

Əli Vahid Çaylı

Əli Vahid Çaylı Azərbaycan poeziyasının tanınmış simalarından biridir. Əslən Şamaxı rayonunun Çaylı kəndindəndir. Azərbaycan Texniki Universitetini bitirib. Hazırda Azərbaycan Nəşriyyatında çalışır. "Ulu Məkan" qəzetinin təsisçisi və baş redaktorudur. Bir neçə kitab müəllifidir. Bir neçə gün əvvəl Respublika Onkologiya mərkəzində əməliyyat olunub. O, əməliyyatdan əvvəl və sonra yazdığı bir neçə şeirlə oxucularımızın qonağıdır.
MƏN
Bilməm rəbbimdəndi, yoxsa sözümdən,
Hər zaman, hər yerdə duyulmuşam mən.
Dost taniş içində, məclis başında,
Başa çəkilmişəm, sayılmışam mən.
***
Günlərim ötsədə kədərlə, ünlə,
Şükür ki, görüşdük sevincli günlə,
Dillərdə dolaşan şeirlərimlə,
Hər yanda oxunub, yayılmışam mən.
***
Bir ömrü sevsəm də, Məcnun halında,
Gördüm bəhrəsini qeyrü-qalında,
Enişli, yoxuşlu həyat yolunda,
Nə qədər əzilib döyülmüşəm mən.

***
Çaylının qulağına gəldi səs-səmir,
Allah deyəni də, bəndələr demir.
Bu necə həyatdı, bu necə ömür,
Elə bil yuxudan ayılmışam mən.

BAHAR, YAZ AĞLAR

Yaşadım bu yaşa qədər bəsimdi,
Köksümdə közərənodum, köz ağlar.
Kövrək duyğularım incə səsimdi,
Qorxuya düşməsin kəlməm, söz ağlar.
**
Kef içində, keflə yaşadım ömrü,
Keçdiyim illərin vuruldu möhrü.
Gələn günlərimin tükənsə səbri,
Qaşımla, kipriyim altda göz ağlar.

**
Altımışla beşi vurmuşam başa,
Yetmişlə səksənim olacaq paşa.
Doxsanı yüz elə, kişi tək yaşa,
Özü ata olan, oğul-qız ağlar.
**
Əl-Vahidəm, gəzdim çölü, çəməni,
Dərdim gülü, dərdim mən yasəməni.
Qoca bilmədi, heç sevənlər məni,
Həsrətin çəkdiyim bahar, yaz ağlar.
Həsrətin çəkdiyim bahar, yaz ağlar.

GÜCÜMÜ DİZİMƏ
QAYTAR

Bir arzum var, yaradandan,
Özümü özümə qaytar.
Yeri, Göyü sirr yaradan,
Gücümü dizimə qaytar.

El, oba keçib gəlmişəm,
Ab-kövsər içib gəlmişəm.
Ağ libas seçib gəlmişəm,
Çitimi bezimə qaytar.

Yetmiş ildi yol gəlirəm,
Desəm sirdi, -- ol gəlirəm.
Ocaqdı, pirdi gəlirəm,
İzimi izimə qaytar.

Gəlişim gedişə əyyan,
Adətim vərdişə bəyan.
Oğulsan, gülüşə oyan,
Xoş üzü, üzümə qaytar.

Əməllərim, yaxşılığım --
Müsbət olub qarşılığım.
Mənim "Sizlə" danışdığım
Söhbəti, sözümə qaytar.

Əl-Vahidin xoşdu sözü,
Qiymətində beşdi özü.
Ayparadı, qaşdı-gözü,
O nuru gözümə qaytar.
Özümü özümə qaytar.

KÖHNƏ KİŞİLƏR
Kişi çörək verər, çörək itirməz,
Sirr açmaz, sirr verməz əslin danana.
Dərdi olsa, dərd üstə dərd gətirməz,
Əsli kişi olan, köhnə kişilər.

Oğurluğu sevməz, doğru olanlar,
Gözündən tanınar oğru olanlar.
Özünə, sözünə bağlı olanlar,
Əsli kişi olan, köhnə kişilər.


Sözdən söz anlayar, fikir eyləməz,
Sözü üzə deyər, zikir eyləməz.
Susuz torpaqlarda əkin eyləməz,
Əsli kişi olan, köhnə kişilər.

Dostu dosta, mərdi mərdə dəyişməz,
Ah-naləyə, qəmi dərdə dəyişməz.
Borc alar, borc verər, əhdi dəyişməz,
Əsli kişi olan köhnə kişilər.

Çaylıyam, sözümdə olmaz yalanım,
Düz deməsəm, yanım, közdə qalanım.
Budu doğru-düzü, üzdə olanım,
Əsli kişi olan, köhnə kişilər.

EYLƏDİ
Şeytan ki, haqqın
minbərin dar eylədi,
Ulu tanrı xalqı
yoxdan var eylədi.

Mən ki, öz içimdə
çəkərdim dərdimi,
Kim gəlib gördü
ki, aşikar eylədi.
Dünyaya gəldiyim
anların zamanı,
Vaxtında dövrünü
tələbkar eylədi.

Gizli saxlayardım
əhdimi pünhana,
Allaha eşqimi
səbəbkar eylədi.

Alıb oynatdılar
çismi- əhvalımı,
Qismət ürfanıma
sehirkar eylədi.


Ömür, həyat, yeddi
adda,yeddi misra,
Yeddi qatda
səma,
hüsünkar eylədi.

Alan aldı, satan
satdı,insan oğlu,
Milyonlardan birin
sənətkar eylədi.

Düşün Əli Vahid -
çətindi yolların,
İNSANLIQ sahibin
ədəbkar eylədi…

BƏSİMDİ
Gedirsən qəmi də,
özünlə apar,
Bircə kəlmə sözün
qalsa, bəsimdi.
Həsrətimi çəkənlərə
can qurban,
Bircə yol xəyala
dalsa, bəsimdi.

***
Bağımdan gül-çiçək
dərmərəm sənsiz,
Ağlaram hər gecə,
gülmərəm sənsiz.
Vermərəm ömrümü,
vermərəm sənsiz,
Bircə can sağlığı
olsa, bəsimdi.
***
Baxıram yollara
gələnim yoxdu,
Xəstəyəm dərdimi
bilənim yoxdu.
Ürəkdən üzümə
gülənim yoxdu,
Gözümdə bir işıq
varsa, bəsimdi.
***
Solubdu bağımda
açan güllərim,
Uçub yuvasından
xan bülbüllərim.
Hayif ki, dostlara
çatmır əllərim,
Kimsə salamımı
alsa, bəsimdi.
***
Gedəni yolundan
saxlamaq olmaz,
Boşalan boşalıb
yenidən dolmaz.
Əlvahid, bu dünya
sənə də qalmaz,
Oğlum məni yola
salsa, bəsimdi…

MÜQƏDDƏS OLARSAN
Allahın müqəddəs
olduğuna inan,
Sən də paklaşarsan,
müqəddəs olarsan.!
Dünyanın cəhənnəm
yoxluğuna inan,
Əhdə qatlaşarsan,
müqəddəs olarsan.!

***
Düşünmə korluğu,
həqiqət varlığı,
Saçların ağlığı, bəsirət
darlığı.
Cavanlıq sağlığı, qocalıq
barlığı,
Dərdlə daşlaşarsan,
müqəddəs olarsan.!
***
Dartdırıb özünü, uydurma
sözünü,
Axtarıb taparsan
"Quran"-da özünü.
Piləyib ocağı qaldırma
közünü,
El barışdırarsan,
müqəddəs olarsan.!

***
Quranın altı min iki yüz
ayəsi var,
Minlərlə mollası, axund
dayəsi var.
İnsanlıq adının məhşur
qayəsi var,
Halal yaşayarsan,
müqəddəs olarsan.!
***
Əl Vahid, yandırıb yaxma,
özünü,
Hər an söyləmisən sözün
düzünü.
Dəqiq toplamısan,
yüzün yüzünü,
Həqiqət önündə
müqəddəs olarsan.!


1-02-2025, 11:44
AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ


AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
(Yusif Nəğməkarın “Ələsgər zirvəsi” poeması haqqında düşüncələr)

Gah çıxaram göy üzünə, seyr edərəm aləmi,
Gah enərəm yer üzünə, seyr edər aləm məni.

Qul Nəsimi.

Aşıq Ələsgər Sözü, poeziyası alnına Tanrının möhür qoyduğu kamil insan təxəyyülünün, təfəkkürünün ifadə edə biləcəyi gözəlliklə, nurla, hikmətlə, müdrikliklə nəfəs alan sirli, müəmmalı, sehrli, möcüzəli, tilsimli bir poeziya ümmanıdır! Bu ümmanın dərinliklərinə baş vurduqca hətta poeziyanı az-çox bilən, onu sevən insan Ələsgər dühasının düşüncə, fikir tərzinin poetik-fəlsəfi ifadəsini bütövlüklə başa düşmək qarşısında aciz qalır.
Həyatında Aşıq Ələsgər yaradıcılığının heç olmasa bir qoşmasını oxumuş, ürəyi poeziya ilə döyünən hər bir insanın bu xəzinəyə biganə qalmayaraq onun dərinliklərinə can atacağına, baş vurmaq cəhdinə əminəm. Bu mənada Aşıq Ələsgər poeziyasının nurlu çeşməsindən su içmiş müasir ədəbiyyatımızın ünlü korifeyləri tərəfindən bu fenomenin, sirrlərlə dolu yaradıcılığın sehrini açmağa, təhlil və tədqiq etməyə, onun haqqında fikir söyləməyə, dəyər verməyə yönəlmiş ciddi monoqrafiyaların, elmi, publisistik məqalələrin yaranması, ona saysız-hesabsız poemalar və şeirlər həsr edilməsi təsadüfi deyildir.
Aşıq Ələsgər şəxsiyyətinə və yaradıcılığına həsr edilən hər bir yeni əsər, istər elmi-tədqiqat, istər bədii, istərsə də publisistik xarakter daşıyan yaradıcılıq nümunəsi, onun müəllifinin qarşısında böyük məsuliyyət qoyur.
Şair Yusif Nəğməkarın bu yaxınlarda işıq üzü görmüş epik-lirik-dramatik “Ələsgər zirvəsi” poeması ilk növbədə onun ozan-aşıq sənətinə sevgisini və bağlılığını, klassik aşıq poeziyasının görkəmli nümayəndələrinin, o cümlədən, şəksiz, tərəddüdsüz bu poeziyanın zirvəsi, peyğəmbəri sayılan Dədə Ələsgərin həyatı və yaradıcılığı ilə dərindən tanış olduğunu, əsər boyu onları öz oxucusuna poetik sözün gücü ilə bacarıq və məharətlə nümayiş etdirir.
Poema məzmun və ideya baxımından Aşıq Ələsgərin “vəhdəti-vücud” fəlsəfəsi və saz-söz sənəti vasitəsilə insanlıq dəyərlərini tərənnüm etməsinə, yalnız bir şair və sənətkar kimi yox, həm də irfani və mistik bir şəxsiyyət kimi dəyərləndirilməsinə yönəlmişdir. Yusif Nəğməkar Dədə Ələsgərin bədii obrazını həm ənənəvi, həm də yenilikçi, novator yanaşmalarla təqdim edərək, onun möcüzəli, Allah, kainat və insan arasındakı mənəvi bağlarını təsvir edən, Allahın kamilliyinə şahidlik edən “batini mənalar” üzərində qurulan yaradıcılığını poetik dildə öz oxucusuna çatdıra bilmişdir.
İlk növbədə qeyd etmək istərdim ki, “Ələsgər zirvəsi” poeması mövzusu ilə bağlı olaraq milli folklorumuza, aşıq sənətinə və yaradıcılığına mənsub olan dastan xarakteri daşıyır və təsadüfi deyil ki, əsər “Ustadnamə əvəzi” olan “Ən ön ün”lə başlayır. Poema klassik poemalardan fərqli quruluşa, struktura malik olaraq, proloq və epiloq əvəzinə “dəyər ünü”, “ən ön ün”, “ön ün”, “ünləmə”lər, “dönərək”lər, (ricətlər) və “son ün” kimi bölmələrdən ibarətdir. Şairin istifadə etdiyi bu “ün”lər Dədə Qorquddan üzü bəri dastanlarda və klassiik ədəbiyyatda müəllifin əsərin girişi, gedişi və sonuyla bağlı Tanrıya müraciəti, səsi, duası kimi də səciyyələndirilə bilər. Şairin tətbiq etdiyi bu poetik struktur öz oxucusunu maraqda saxlamaqla bərabər, həm də yeni poeziya formatı yaradaraq poeziyamızda yeni bir quruluş, struktur nümunəsi təqdim edir.
Şair Ələsgər bilicilərinin və sevdalılarının fikir və mülahizələrindən aforizm biçimli nümunələr verərək, poemada hansı dühadan, poeziya və şəxsiyyət fenomenindən, şairdən, övliyadan söhbət gedəcəyinin məsuliyyətini özü öz qarşısına qoymaq və bu ağır vəzifəni yerinə yetirmək iqtidarındadır:

Könül, bulaq üstə salavat çevir,
Batində nə dərdi-sərin var, devir.
Dua et ki, o saf zikri ruh sevir,
Könlündəki havacatı telə yaz.
– Ələsgərdən yazırsansa, belə yaz...

...Elə sanma hər mətləbi duyarsan,
İçib qaynar çeşməsindən doyarsan...
Sərraf olub sözü sözdən ayırsan,
Oxu, öyrən, düşün, bilə-bilə yaz,
Ələsgərdən yazırsansa, belə yaz...

…O kimdir ki, Allaha qul, bir ağa?
Bənzər sənət meydanında o dağa.
O kimdir ki, balı qatmış qaymağa?
Döndəribdir hər kəlamı lələ, yaz,
Ələsgərdən yazırsansa, belə yaz.

Hələ uşaqikən ilk şeirini Aşıq Ələsgərə həsr etmiş, hələ o zamanlarda Ulu Göyçəni bucaq-bucaq gəzmiş, təbii gözəlliklərindən zövq almış, dağ döşündən axan bulaqlarından saf su içmiş, Göyçə gölünün mavi sularında xəyala dalmış, yaylaqlarda aşıqların dastanlarına, havacatlarına qulaq asmış şair Yusif Nəğməkarın Dədənin doğulduğu, bu gün düşmən tapdağı altında doğma insanlarına həsrətdən əzab çəkən, Dədənin ruhuyla bizləri qoynuna çağıran qədim, Ulu Göyçənin, onun sadə, mərd, qürurlu insanlarının, saz-söz sənəti xiridarlarının təsviri olduqca təsirli, həyəcanlı, duyğusaldır:

Qədim Oğuz yurdum, türk elim, Göyçəm,
Şəninə min rəngli kəlmələrim var...
Qələm əyirəsi neçə sirr-düyçəm,
Neçə vurulası ilmələrim var...

Göyçə gölündəndir Göyçənin adı,
Suları gömgöydür “Gövçə dənizin”.
“Gövçə tengiz”in də mənası odu,
Göy olmuş rəngi də ilkin dan üzün...

...Zamanla uzanan sənətin halı,
Başlamış o Miskin Abdal Fəhmindən.
Göyçədə yetişən Ağ Aşıq, Alı,
Tapmış Ələsgəri Rəbbin rəhmindən!

Əsərdə dramatik səhnələr və təsvirlər diqqət çəkir. Ələsgərin sevgisi, təbiətlə harmoniyası, onun xalqın ruhuna nüfuz edən şeirlərindən ilham alınaraq yazılmış təsvirlər əsərin dramatik gərginliyini artırır.
Poemada gənc Ələsgərin poetik istedadına təkan vermiş nakam, həyatında dərin iz qoymuş, yaddan çıxmaz Səhnəbanı sevgisinin:

İlk məhəbbət Tanrıdan
Qəfil hökm-əmrlik.
Ocağı səngisə də,
Közü qalır ömürlük.

Aşıq Ələsgərin qardaşı oğlu, bənzərsiz poetik istedada malik, bədbəxt taleli, şeirlərilə qəlbləri riqqətə gətirən Növrəs İmanla söhbətinin təsviri, Dədənin onun şeirlərinə qulaq asdıqdan sonra gəldiyi qənaət də
…Bu kürlüklə sınıq telsən,
Cavan ikən ağlar dilsən.
Ərsən, ədəblisən, mərdsən,
Dəliqanlısan, qoçaqsan.
Özün özünü yandırıb
Sozalası bir ocaqsan…

duyan oxucu qəlbində kədərli duyğular, hisslər yaradan səhifələrdir. Növrəs İmanın taleyi ilə bağlı Dədə Ələsgərin görücülüyü, onun el-oba arasında dəfələrlə sınanmış vergili şəxsiyyət olmasını Yusif Nəğməkar poetik şəkildə qabarda bilmişdir.
Aşıq Ələsgər ömrü boyu öz el-obasıyla, sadə, əməksevər, mərd, qürurlu insanları ilə bir olmuş, onların sevincini və dərd-sərini bölüşmüş, onların ərənlərini, xalqına xeyirxah əməlləriylə xeyir verən, onların haqqını müdafiə edən görkəmli şəxsiyyətlərini öz şeirlərində tərənnüm etmişdir. Yusif Nəğməkar poemada onların bir çoxunun adını çəkmiş və şücaətini vəsf edərək, Ələsgər yaradıcılığında dastan şəkli almış xalq qəhrəmanı Dəli Alıya bir neçə səhifəlik poetik sətirlər həsr etmişdir:
O, qoçaq, o, qaçaqdı,
Ərdi, amalı haqdı.
Özü sıx ormanlara,
Yolu çöllərə düşüb.
Hər obada, hər eldə,
Adı dillərə düşüb.

Göyçənin Çaxırlı kəndindən olan katta Böyükağanın məkrli məqsədlə qurduğu məclisdə, el-oba arasında, aşıqların dilində cürbəcür variantlarda məşhur olan ustad və şəyirdin – Aşıq Alı ilə Ələsgərin deyişmə səhnəsini şair Yusif Nəğməkar dramatik kulminasiyaya qaldıraraq, o ağır səhnənin sonunu belə təsvir edərək

…Alı öydü Ələsgəri,
(Qısqanclıq sənətə yaddır.)
Dedi: – Mənim bu şəyirdim
Şükr, özü şah ustaddır.
O, hələ çox sənətkardan
Meydan açıb bac alacaq.
Onunla saz sənətimiz
Zirvələrə ucalacaq…

…Vəcdə gəlibən Ələsgər
Sanki bir tufan eylədi.
Üz tutub məclis əhlinə
Görəlim, o, nə söylədi:
– Canım sənə fəda, Qadiri-Sübhan!
Sənin dərgahında bax damar-damar.
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə ağ damar-damar...

hər iki Ustadın, Söz xiridarının mənəvi varlığını, insani keyfiyyətlərini onların layiq olduğu yüksəkliyə, zirvəyə qaldırmağa nail ola bilmişdir.
Dədə Ələsgər yaradıcılığı onun kainatın yaradıcısına olan sonsuz məhəbbəti, təbiətin ilahi mənaları və insanın əxlaqi, mənəvi kamilliyi üzərində qurulması zəminində “Ələsgər zirvəsi” poemasında irfani düşüncə dominant olaraq, əsər boyu qırmızı xətt kimi keçir, Aşıq Ələsgərin “Ələstüdə “bəli!” deyən ruh” kimi təsvirləri poetik fəlsəfəni ön plana çıxarır. Aşıq Ələsgərin “vəhdəti-vücud” fəlsəfəsi poetik bir tərzdə izah edilir.
Kim? Ələstdən “bəli!”, – deyən o bəlli,
Pak ruhuyla Qalu-bəla təməlli.
Ərki olan Şahi-Mərdan o Əli
– Ələsgərdi, Ələsgərdi, Ələsgər.


Həm irfandır, həm təsəvvüf, həm sufi,
Həm arifdir, həm maarifdir, həm şafi.
Həm hürufi, sidqi məqbul, həm kafi,
Ələsgərdi, Ələsgərdi, Ələsgər.

“Vəhdəti-vücuda” ünvan alan qət,
On-on mərtəbələr, məqamlar, əlbət
– Şəriət, təriqət, mərfət, həqiqət,
Ələsgərdi, Ələsgərdi, Ələsgər.

Məlumdur ki, Dədə Ələsgər yaradıcılığı köksündə dinimizi və dilimizi, lirikanı və hikməti, tarixi və fəlsəfəni, adət və ənənələrimizi, təbiəti və gözəlliyi, elmi və ürfanı bəsləyərək yalnız özünəməxsus olan çoxşaxəli obrazlı, poetik təxəyyülüylə daim Həqiqət adlanan varlığın sirlərini bəşər övladına açmağa, göstərməyə səy etmişdir. Yusif Nəğməkar “Ələsgər zirvəsi” epik poemasında Aşıq Ələsgər poeziyasının bu məna dəyərini bədii, obrazlı şəkildə ifadə etməyə nail olmuşdur:
Sözlər, səslər nizamlı,
Könül səsi – Ələsgər.
Həqiqəti mizanlı,
Haqq pərdəsi – Ələsgər.


Ruhuyla təzə-tərdi,
Kəlməsi kərəm zərdi,
Mənalar əsgərlərdi,
Sərkərdəsi Ələsgər.

“Şahi-Mərdan” hikmətindən “pünhan” dərs almış Dədə Ələsgər ömrünü haqqa, ədalətə sərf etmiş, məqaləmizin epiqrafında Qul Nəsiminin söylədiklərinə rəğmən, sanki gah “göy üzünə” qalxar, oradan “aləmi” seyr edərək “müəllim”indən dərs alar, Həqiqəti anlayar, sonra “yer üzünə” enər, övliyalığı, vergili şəxsiyyəti ilə, poetik Sözünün gücüylə onun sirlərini bəşər övladına çözələyər, onları heyran qoyardı.
Müəllifin dili zəngin, poetik və axıcıdır. Obrazlar dərinliklə işlənib, təsvirlər güclü poetik vasitələrlə zənginləşdirilib. Ələsgərin təbiət sevgisi, vətənpərvərliyi və Allah eşqi müəllifin poetik üslubu ilə harmonic şəkildə uzlaşır. Şeirlərdə istifadə edilən epitetlər, bənzətmələr, təşbehlər, metaforalar və klassik irfani mətnlərdən alınan istinadlar, sitatlar əsərə dərin mənəvi qatlar əlavə edir.
Bu epik-lirik-dramatik əsərdə hər bir məqam, nüans müəllif tərəfindən ölçülüb, biçilmişdir. Nümunə üçün, əsərdə müntəzəm olaraq ayrı-ayrı monoqrafiyalardan, elmi məqalələrdən gətirilmiş istinadlar, sitatlar müəllifin Dədə Ələsgər dühasına, fenomeninə poetik baxışını bu yaradıcılığın dərinliyini, alt qatlarını açmağa yönəlmiş elmi təhlillərlə müşayiəti Dədənin hərtərəfli, ucalığına məxsus olan real obrazını yaratmaq məqsədinə yönəlmişdir. Bu mənada, poemanı yalnız bir nəzm əsəri kimi deyil, eyni zamanda Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş dərin tədqiqat işi kimi də qiymətləndirmək olar.
Aşıq Ələsgərin vətənə, təbiətə, insanlara olan sevgisi əsərin əsas mövzularından biri kimi təbiətin təsvirləri, insanın əxlaqi dəyərləri, mənəvi aləmi ilə əlaqəsi poemada çox təsirli şəkildə qələmə alınıb:

Mərdliyin, saflığın canlı timsalı,
Burda insanlar da qürur nişanlı,
Yerlər də saflığın canlı timsalı,
Yerlər də göylərtək nur kəhkəşanlı.

Dədə Ələsgər dühasıyla, fenomeniylə onun həyatı və yaradıcılığı vasitəsilə tanış olub, onun haqqında elmi, publisistik, poetik söz deyən hər bir yaradıcı insan bu sirli, sehrli, möcüzəli ümmanın dərinliklərinə tam baş vura bilmədiyindən, ona olan sevginin tükənməzliyindən bu yaradıcılığa dönə-dönə qayıtmaq məcburiyyətində qalır. Şair Yusif Nəğməkarın poemanın “Ən son ün”də, “Sonu sonsuz ün”ümün ifadəsində etdiyi etirafı da bu həqiqətin təsdiqi, sübutudur:
Tükənməyir qələmimin həvəsi,
Payızı yox hər yarpaqda xəzəlin...
Təngiməsin diləyimin nəfəsi,
Axırına çıxammıram əzəlin.


Ta Ələstdən “bəli”mizə büləndik,
Bələnmişəm ruhsal dolu sevgiyə.
Könül-könül, misra-misra ələndik,
Nöqtə qoymaq olmur ulu sevgiyə...

Zəngin milli ədəbiyyatımızın bütün dövrlərində Nizami, Xaqani, Nəsimi, Füzuli, Sabir və s. kimi uca zirvələri mövcuddur. Dağlar qoynunda həyata göz açmış, böyümüş, misilsiz poetik şedevrlər yaratmış Dədə Ələsgər dünyanın ən yüksək dağ zirvələrinə bənzər, saydığımız zirvələr içərisində öz dühasına layiq, bənzərsiz, əlçatmaz poeziya zirvəsi fəth etmişdir.
İlhamı nur mələk, pəri...
Qorqud, Xətai-Şəhpəri.
Nəsimilər bərabəri,
Füzuli təni, Ələsgər.

Məhz buna görə Yusif Nəğməkarın bu əsərini “Ələsgər zirvəsi” adlandırması diqqəti cəlb edir, təqdirə layiqdir, önəmlidir. Şairin yazdığı kimi, bu möhtəşəm Dağ Zirvəsinin yalnız ətəyinə qalxmaq, çatmaq mümkündür:
Ancaq yetmək çətindir,
Bir zirvə yetəyinə.
O, Ələsgər zirvəsi
– Qalx görüm ətəyinə!

Şair Yusif Nəğməkar poemasının “Son ün”ünü Aşıq Ələsgərin Bakıda ucaldılmış heykəlinə həsr edərək, onun Qərbə tərəf yönələn bu möhtəşəm abidəsinin bu günkü ictimai-siyasi durumda mədəni həyatımızın əlamətdar hadisəsi olmasını nəzərə alaraq, Dədənin ruhuyla bizləri Qərbi Azərbaycana, onun doğma yurdu Göyçəyə çağırır:
O, sirrimiz, ofsunumuz,
Avazında süslər bizi.
Saf kökümüz, ulusumuz,
Ulu yurda səslər bizi.

Şair Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabı bir çox nəzər nöqtəsindən – həm poetik, həm elmi, həm də mənəvi baxımdan çağdaş ədəbiyyatımıza, ələsgərşünaslığa töhfə olan, xüsusi əhəmiyyət kəsb edən dəyərli, yeni, sanballı bir poeziya nümunəsidir. Şair Aşıq Ələsgər həyatını və yaradıcılığını, onun zəngin çalarını öz oxucusuna poetik dillə təqdim etməklə, onu yeni poetik baxışla oxuyub təhlil edir və müasir dövrdə bu irsin aktuallığını ön plana çəkir.
Bu əsər Aşıq Ələsgər poeziyasını sevənlər, bu dühanın, poeziya fenomeninin sirlərinə maraq göstərənlər və ədəbiyyat tədqiqatçıları üçün əvəzsiz bir töhfə, ədəbi-bədii mənbədir. Əminəm, Aşıq Ələsgərin həyatı və yaradıcılığı haqqında geniş məlumatlar və zəngin təsvirlərlə dolu olan, həm milli, həm də universal səviyyədə poeziyanın gücünü göstərən bu əsər həyatını Dədə Ələsgər yaradıcılığına həsr edən alimlərimizin, eyni zamanda Ələsgər sevdalı geniş oxucu kütləsinin dərin marağına səbəb olacaq.

Ələddin Allahverdiyev,
Professor, Moskva.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!